16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

PROFESSOR NƏCMƏDDİN ƏRBAKANIN HƏYATI


TÜRKİYƏ RESPUBLİKASININ SABİQ DEPUTATI,
ƏFSANƏVİ BAŞ NAZİR, MÜHƏNDİS,
AKADEMİK, SİYASƏTÇİ VƏ MİLLİ GÖRÜŞ LİDERİ


Nəcməddin Ərbakan 1926-cı il 29 oktyabrda Sinopda doğulmuşdur. Atası Adananın Kozan və Saimbəyli bölgəsində yaşamış Kozanoğullarından Məhəmməd Səbri Ərbakandır.

Ağır cəza rəisi olan atasının müxtəlif yerlərdə vəzifəyə təyin olunması səbəbindən uşaqlığı ayrı-ayrı şəhərlərdə keçən Ərbakanın anası da Sinopun tanınmış ailələrindən birinin qızı olan Qəmər olmuşdur.

Nəcməddin Ərbakan ibtidai sinfə "Kayseri Cümhuriyyət İbtidai Məktəbi”ndə getməyə başladı. Atasının Trabzona vəzifəyə təyin edilməsinə görə ibtidai təhsilini burada əlaçı olaraq tamamladı.

Ərbakan xocanın ilk mənəvi təsirlənməsi hələ 3 yaşında ikən Kayseridə qaldıqları evin qarşısındakı tarixi Laləli Camesində verilən azanlar və qılınan camaat namazları ilə başlamışdır. Onun uşaqlıq illəri bu camenin eyvanında keçmişdir. Ələlxüsus 1928-ci ilin sonunda bu camedə qılınan bir cənazə namazından olduqca təsirlənmişdir.

Çox kiçik yaşlarda namaza və oruca başlayan Ərbakan daha sonralar yenə atası Məhəmməd Səbri bəyin təqaüdə çıxıb məskunlaşdığı İstanbul Fatehdəki İskəndərpaşa Came imamı Məhəmməd Zahid Kotku həzrətləri kimi dövrün önəmli elm və ürfan əhlindən istifadə etmiş və mənəvi kamilləşmə mərhələsində bu böyük şəxsiyyətlərin tərbiyəsində yetişmişdir.

1937-ci ildə ibtidai təhsilini tamamladıqdan sonra həmin il "İstanbul Oğlan Liseyi”ndə orta təhsilinə başladı. Məktəbdəki çalışqanlığına görə dostları tərəfindən ona "Dərya Nəcməddin”, – deyə müraciət edilirdi. Məktəbdə "Sıfırçı Avni” olaraq tanınan fizika müəllimindən ilk dəfə 10 alan şagird olmuşdur.

Bütün sinifləri iftixarla keçən Nəcməddin Ərbakan "İstanbul Oğlan Liseyi”ni 1943-cü ildə əlaçı olaraq bitirdi. O dövrlərdə liseyi əlaçı olaraq qurtaranları universitetlərə imtahansız qəbul edirdilər. Lakin Nəcməddin Ərbakan imtahansız daxil olmağı rədd edərək girdiyi imtahanda böyük bir müvəffəqiyyət göstərincə "İstanbul Texniki Universiteti”nin ikinci kursundan ali təhsilinə başladı. İbtidai sinfə altı yaşında, universitetə də ikinci kursdan başladığına görə özündən iki yaş böyük olanlarla eyni kursda təhsil aldı. "Texniki Universitet”dəki kurs yoldaşları arasında Süleyman Dəmirəl və Turqut Özal vardı.

Universitet illərində universitet tələbələrinin namaz qılması üçün məscid açılması məsələsində böyük cəhd göstərmiş və açılan məsciddə həm namaz qılmış, həm də elmi və dini söhbətlər etmişlər.

1948-ci ilin yayında "İstanbul Texniki Universiteti”ndən böyük müvəffəqiyyətlə məzun olan Ərbakan həmin ilin iyununda "Maşınçılıq Fakültəsi Motorlar Kursu”nda assistent olaraq vəzifəyə başladı. 1948–51-ci illər arasındakı bu 3 illik assistentlik dövründə o zaman doktorluq dissertasiyasının yerini tutan qabiliyyət dissertasiyasını hazırladı. Siniflərdə dərs demək dosent və professorların səlahiyyətində olmasına baxmayaraq özü assistent olduğu halda, dərs deməsinə izin verilmişdir. Qabiliyyət dissertasiyasındakı müvəffəqiyyətinə görə universitet tərəfindən 1951-ci ildə Axen Texniki Universitetində[1] elmi araşdırmalar aparmaq, elm və təcrübəsini artırmaq üçün Almaniyaya göndərilən Ərbakan alman ordusu üçün araşdırma aparan "DVL Araşdırma Mərkəzi”ndəki araşdırma ilə məşhur olan və V1 və V2-ləri inkişaf etdirən professor Şmit ilə birlikdə çox uğurlu çalışmalar apardı. Axen Texniki Universitetində çalışdığı il yarımda, biri doktorluq dissertasiyası olmaqla 3 dissertasiya hazırlayan Ərbakan Almaniya universitetlərində keçərli olan "Doktor-Mühəndis” (Dr. İng.) adını aldı.

Almaniya İqtisadiyyat Nazirliyi üçün mühərriklərin daha az yanacaq yandırmaları mövzusunda araşdırmalar apararaq məruzə edən və bu arada da dosentlik dissertasiyasını hazırlayan Ərbakanın "Dizel mühərriklərdə püskürdülən yanacağın necə yandığını” riyazi olaraq izah edən bu dissertasiyası alman elm dairələrində böyük əks-səda doğurdu. Dissertasiya elmi məcmuələrdə nəşr edildiyi üçün o tarixdə Almaniyanın ən böyük motor fabriki olan və dünyada mühərrikin ilk istehsal olunduğu Doyç motor fabriklərinin baş direktoru Professor Dr. Flaç tərəfindən Leopard tanklarının mühərrikləri ilə əlaqədar araşdırmalar aparmaq üçün bu fabrikə dəvət edildi.

Almaniya İqtisadiyyat Nazirliyinin Ruyr[2] sahəsindəki fabriklər üzərində araşdırma aparmaq üçün vəzifələndirilən heyətdə onun da iştirak etməsi istənildiyinə görə 15 gün Ruyr bölgəsindəki bütün ağır sənaye fabriklərini gəzib araşdırma fürsəti əldə etdi.

II Dünya Müharibəsindən sonra Almaniya universitetlərində doktorluq edən ilk türk elm adamı olan Ərbakan 1953-cü ildə dosentlik imtahanı vermək üçün İstanbula gəldi. İmtahan nəticəsində 27 yaşında Türkiyənin ən gənc dosenti olma müvəffəqiyyətini qazanan Nəcməddin Ərbakan araşdırmalar aparmaq üçün təkrarən Almaniyanın Doyç fabriklərinə getdi. Burada 6 ay müddətində mühərrik araşdırmaları üzrə baş mühəndis olaraq alman ordusu üçün aparılan araşdırma fəaliyyətlərinə qoşuldu.

1953-cü ilin noyabrında "İstanbul Texniki Universiteti”nə qayıdan Ərbakan 1954-cü ilin may ayı ilə 1955-ci ilin oktyabr ayı arasındakı zamanda əsgərlik vəzifəsini yerinə yetirdi. İstanbul Kağıthanədəki 6 aylıq ehtiyat zabit təlimindən sonra Halıcıoğlundakı istehkam nəzarət bölüyündə 6 ay kiçik-leytenant, 6 ay da leytenant olaraq maşınların nəzarət və təmir hissəsində xidmət etdi.

Bu xidmət əsnasında hər il Amerikadan alınan təchizatın siyahısını hazırladı. Hazırladığı bu siyahı Amerikan yardım heyətinin diqqətini çəkmiş və bir amerikalı polkovnik bu siyahını hazırlayan şəxslə görüşmək istədiyini məktəbin komandiri Şərəf Özdiləyə bildirmişdir. Məktəbin komandiri də polkovniki Ərbakanın yanına gətirmiş və polkovnik: "Siz bu günə qədər Amerikadan yardım olaraq gizləmə toru, bel, külüng və s. kimi şeyləri istərkən bu il nəzarət bölüyü üçün iş maşınlarının təmir olunması əsnasında emal edilməsi lazım olan müxtəlif hissələrin emalatı üçün dəzgahlar istəmisiniz. Necə olur ki, bu dəzgahları istəyirsiniz?” – şəklində danışınca Ərbakan Amerikan ordusu quruluş təlimatnaməsini açaraq: "Bizim işi görən Amerikadakı həmin birliklərdə bu dəzgahlar var, bizdə nə üçün olmasın?” – deyə cavab verincə amerikalı polkovnik deyəcək söz tapmamış və bir sözlə, dəzgahlar gəlmişdir.

Əsgərlik xidmətindən sonra təkrarən universitetdəki işinə qayıdan Nəcməddin Ərbakan "İstanbul Texniki Universiteti Motorlar Laboratoriyası”nda 100 ədəd yerli ilk motoru düzəltdi və 1956-cı ildə Türkiyədə ilk yerli motoru davamlı halda emal edəcək 200 ortaqlı (şərikli) "Gümüş Motor Səhmdar Cəmiyyəti”ni qurdu. Ərbakanda belə bir fabrik qurma fikri Almaniyada işlədiyi əsnada "Türkiyə Aqrar Təchizat Təşkilatı”nın sifariş verdiyi mühərrikləri görüncə oyanmışdı. Vətənə qayıtdıqda bu fəaliyyətə başladı. Bu gün "Pancar Motor” adı altında işləyən fabrikin təməlini 1 iyul 1956-cı ildə atdı. "Gümüş Motor” fabrikində davamlı istehsal 1 mart 1960-cı ildə başlamışdır.

O dövrün baş naziri rəhmətlik Adnan Menderes 1960-cı illərin əvvəllərində fabriki gəzərkən: "Mən də fermerəm, bu motorlardan özüm də istifadə etmişəm. Bunun nə qədər böyük bir addım olduğunu çox yaxşı bilirəm. Türkiyədə bunların icra edildiyini görmək, məni son dərəcə məmnun etmişdir. Kaş ki mən bu fabriki 1960-cı ildə deyil, 1950-ci ildə görəydim. O vaxt Sümərbankın bir çox fabriklərini özəl sektora satar, ondan aldığım pul ilə Türkiyədə ağır sənaye fabriklərini qurardım”, – deyərək hisslərini dilə gətirmişdir. Menderes həmçinin fabrikin ehtiyacı olan 1. 300000 dollarlıq valyutanı da bir gündə təxsis etdirmişdir.

"Gümüş Motor Fabriki”, digər adı ilə "Pancar Motor Fabriki” 1960-cı ildən bəri 40 ildən çox bir vaxtda Türkiyənin torpaqlarını sulayan, inşaat maşınlarını, kiçik traktorları, dəniz qayıqlarını və kiçik gəmiləri hərəkətə gətirən motor ehtiyacını təmin etməkdə və həmçinin Suriya, İran, Pakistan və Sudan kimi qardaş ölkələrə motor ixrac etməkdədir.

1960-cı ildə Ankarada keçirilən Sənaye Konqresində "Gümüş Motor”un emalatlarını təqdim edən Ərbakan "Yeni hədəf avtomobillərin Türkiyədə istehsal olunmasıdır” – fikrini ortaya atmış, o zaman rəhbərlikdə olan hərbçilər tərəfindən rəvac tapan bu fikir üzərinə "Əskişəhr Dəmiryollar CER” emalatxanasında "İnqilab avtomobili” adı ilə ilk yerli avtomobil emal edilmişdir. Hərbi rəhbərlik "Gümüş Motor Fabriki”ni gəzmiş, fabrik onlarda böyük maraq və həyəcan oyandırmışdır. Buna görə Nəcməddin Ərbakan "Milli Müdafiə Nazirliyi”nin konfrans salonunda 200-ə yaxın general və üst rütbəli zabitə "Sənaye Konfransı” vermişdir. 1965-ci ildə professor olan Ərbakan, 1966-cı ilin fevralında "Odalar Birliyi Sənaye Dairəsi Sədarəti”nə gətirildi. Daha sonra Baş Katib olan Ərbakan, 1968-ci ilin mayında "Odalar Birliyi İdarə Heyəti” üzvü, 1969-cu ilin mayında isə "Odalar Birliyi”nin sədri oldu. O zamankı Dəmirəl hökuməti hər cür qanuni hökmləri heçə sayaraq Ərbakanı polis gücü ilə vəzifəsindən uzaqlaşdırdı.

Xoca Türkiyə "Odalar Birliyi Sənaye Dairəsi” sədri olduğu zaman tanış olduğu, həmin qurumda işləyən, iqtisadiyyat məzunu, yaxşı ingiliscə, kifayət qədər almanca və fransızca bilən, ölkə və dünyadakı hadisələri yaxından izləyən əxlaqlı, anlayışlı, ağırbaşlı və cazibədar bir xanım-xatın olan Nərmin Ərbakanla 1967-ci ilin yanvarında evləndi. 1967-ci ilin sonlarında böyük qızları Zeynəb və 1974-cü ilin oktyabrında Əlif, 1979-cu ildə yeganə oğulları Məhəmməd Fateh dünyaya gəldi.

Sənayeyə lazımi diqqət göstərilmədiyinə görə siyasətlə məşğul olma qərarına gəldi və deputatlığa namizəd olmaq üçün "Ədalət Partiyası”na müraciət etdi. Burada veto edilən Ərbakan 1969-cu il seçkilərində Konyadan müstəqil olaraq namizədliyini irəli sürdü və iki deputat seçdirəcək qədər səs yığaraq Məclisə daxil oldu.

1970-ci il 24 yanvarda Ərbakan tərəfindən "Milli Görüş Hərəkatı”nın qurulan ilk partiyası olan "Milli Nizam Partiyası” 1971-ci il aprel ayında çevriliş üsul idarəsinin də təzyiqi ilə antidemokratik bir şəkildə Konstitusiya Məhkəməsi tərəfindən bağlandı. Ərbakan istirahət və müalicə üçün bir müddət İsveçrəyə getdi.

Daha sonra 11 oktyabr 1972-ci ildə qurulan "Milli Səlamət Partiyası” (MSP), Süleyman Arif Əmrənin rəsmi rəyasətində, Ərbakan xocanın isə təbii liderliyi ilə iştirak etdiyi seçkilərdə, 12 səslə 48 deputat və 3 senator yeri qazanaraq 51 deputatla Məclisə daxil olub qrup yaratdı.

1974-cü ildə MSP-CHP koalisiyasında Baş Nazir köməkçisi və İqtisadi Qurum Sədarəti vəzifələrini öhdəsinə götürən Nəcməddin Ərbakan beləcə Türkiyənin maddi və mənəvi inkişafı yolundakı fəaliyyətlərini felən başlamış oldu.

1977-ci il 5 iyun seçkilərindən sonra qurulan 3 tərəfli koalisiyada da bu vəzifəni davam etdirən Ərbakan liderliyindəki MSP, beləcə cəmi 4 il müddətində hökumət ortağı oldu.

1974–1978-ci illər arasında qurulan 3 hökumət dövründə də Baş Nazir köməkçisi və Nazirliklərarası İqtisadi Qurum Sədarəti vəzifəsini icra edən Prof. Nəcməddin Ərbakan bu dövrdə Kipr Zəfərinin qazanılmasında böyük rol oynamış, Kipr Barış Hərəkatından sonra adanın hamısının ələ keçirilməsi fikrini müdafiə etmiş, böyük tarixi "Ağır Sənaye Kampaniyası”nın həyata keçirilməsi və müvəffəqiyyətlə davam etməsinə rəhbərlik etmiş, Türkiyənin İslam Konfransına tam üzv olmasını təmin etmiş, yeni nəsillərin milli və mənəvi dəyərlərə bağlı olaraq yetişməsində böyük önəm daşıyan "İmam-Xətib Məktəbləri”nin açılmasında və yayılmasında önəmli xidmətlər etmişdir.

Bu dövrdə rant iqtisadiyyatı[3] yerinə real iqtisadiyyatı tətbiq etmiş, milli qaynaqlara dayanaraq Anadolunun bütünü ilə inkişafı və sənayeləşməsi yönündə müvəffəqiyyətli addımlar atmışdır. Türkiyənin iqtisadi inkişafını və güclənməsini özləri üçün uyğun görməyən xarici düşmənlərin təsiri ilə koalisiya ortağı "Ədalət Partiyası”ndan 11 şəxsin müxalifət partiyasına daxil olması və nazir qoyulmaları hadisəsi ilə TBMM-də iqtidarın çoxluğu qalmayınca bir müxalifət partiyasının lideri olaraq parlament çalışmalarında böyük təsir göstərmişdir.

1978-ci ilin əvvəlindən 1980-ci ilin 12 sentyabrına qədər müxalifətdə qalan və MSP-nin sədrliyini edən Nəcməddin Ərbakan 12 sentyabr çevrilişinin gətirdiyi antidemokratik tətbiqat və yasaqlarla 1987-ci ilin sentyabrına qədər siyasətdən rəsmən uzaqlaşdırıldı.

1987-ci ilin sentyabrında keçirilən referendumda yenidən siyasi haqlarını əldə edən Ərbakan, 1983-cü il 19 iyulda qurulan "Rifah Partiyası”nın 1987-ci il 11 oktyabrda keçirilən tarixi qurultayında yekdilliklə təkrarən sədrlik məqamına oturdu. 1991-ci il 20 oktyabr seçkilərində yenidən deputat seçilən Ərbakan daha sonra bələdiyyələr inqilabını həyata keçirmiş və nəhayət, 1995-ci il ümumi seçkilərdə böyük bir müvəffəqiyyət qazanaraq "Rifah Partiyası”nı birinci partiya məqamına gətirmişdir. Buna görə də 28 iyunda hökuməti qurma vəzifəsini alaraq 7 iyulda referendumla Türkiyənin Baş Naziri olmuşdur. Prof. Nəcməddin Ərbakan 54-cü T. R. Baş Naziri olaraq 1996-cı il 28 iyundan 1997-ci il 2 iyula qədər 1 illik hakimiyyət dövründə uğurlu addımlar atmışdır. Faiz və borc spiralları içərisində pərişan bir vəziyyətə düşən türk iqtisadiyyatını 6 aylıq qısa bir müddət içərisində daxili və xarici borc almadan, qiymətləri artırmadan tamamilə milli qaynaq paketlərini hərəkətə gətirməklə düzəltmiş, Türkiyəni iqtisadi krizlərdən xilas etmiş, milli qaynaqlardan dövlətə 30 mlr. dollardan çox qaynaq təmin etmişdir. Şirin reseptlərlə kəndli, fəhlə, məmur, tacir, təqaüdçü, dul və yetimlərə qısa zamanda görülməmiş orta rifah artımı gerçəkləşdirmişdir. Etdiyi müxtəlif islahatlar arasında ictimai təşkilatlar arasında "Hovuz sistemi”nin qurulmasını da göstərmək olar.

Atdığı bu addımlarla iqtisadiyyatı gücləndirən Ərbakan 1997-ci il büdcəsini balanslaşdırılmış büdcə olaraq formalaşdırmağa müvəffəq olmuş və bu büdcəni yanvar və fevral aylarında balanslaşdırılmış büdcə olaraq idarə etmişdir. Xalqın dəstəyini alan bu çox əhəmiyyətli nailiyyətlərin yanında, beynəlxalq sahədə də inkişaf etməkdə olan 8 ölkənin əməkdaşlığına liderlik edərək böyük bir cəhdlə bir il kimi qısa bir müddətdə D8[4] təşəkkülünü meydana gətirməsi önəmli bir dünya hadisəsidir.

Xalqdan alınan vergilərin və milli imkanların haqsız bir rant iqtisadiyyatı ilə kiçik bir zümrəyə ötürülməsi, beləcə milyonların əzilməsi, fəqirləşməsi və milli iqtisadiyyatın təxribata uğraması siyasətinə son qoyan Prof. Dr. Nəcməddin Ərbakanın bu tətbiqatı rant iqtisadiyyatı ilə dolanan bir ovuc rantçı zümrənin xoşuna gəlməmiş, bu zümrə 1997-ci ilin yanvarından etibarən əlindəki mətbuat və sərmayə gücü ilə 54-cü hökumətin müvəffəqiyyətli addımlarına təsir etmək üçün müxtəlif yollara baş vurmuşdur. Müxtəlif təsirlərlə koalisiya ortağı "Doğru Yol Partiyası”nın deputatlarının hökumətdən dəstəklərini çəkməyə məcbur edilməsi fəaliyyətləri qarşısında bir ilin sonunda bir dəyərləndirmə aparılmış, 550 şəxslik parlamentin RP+DYP+BBP-dan meydana gələn 278 nəfərlik deputatın imzası ilə məclisdə çoxluq olaraq ən qısa müddətdə seçkiyə gedilib, daha güclü olaraq gəlmək şərti ilə hazırlanmış "Yenidən Böyük Türkiyə” layihəsinin istiqrar və hüzur içində təmin olunmasına qərar verilmişdir.

Koalisiya Protokolunun tələbinə əsasən seçkiyə qədər baş nazirlik vəzifəsini icra edəcək olan Prof. Dr. Nəcməddin Ərbakan bu vəzifəni dünyada bənzəri olmayan bir nümunəvi davranışı ilə DYP sədri Prof. Dr. Tansu Çillərə vermək istəmişdir. Prezident Süleyman Dəmirəlin daha öncə siyasi həyatı boyunca uğrunda mübarizə apardığı demokratik prinsipləri bir tərəfə qoyaraq, yanlış bir tətbiqat ilə uğursuz bir vəzifələndirmə aparması, 1997-ci ilin iyulundan etibarən Türkiyəni 4 il boyunca xalqın maddi və mənəvi çətinliklər çəkdiyi bir dövrün içinə salmışdır.

Laiklik (sekularizm və dünyəvilik) və Atatürkçülük mübahisələri nəticəsində post-modern çevriliş ilə Ərbakan istefa vermək məcburiyyətində qaldı. 1997-ci il 21 mayda Ali Məhkəmə Respublika Baş Prokuroru Vural Savaş, RP-nın bağlanması üçün Konstitusiya Məhkəməsinə müraciət etdi və partiya bağlandı. Qurucusu olduğu "Milli Görüş Hərəkatı”nın 2001-ci ildə bölünməsindən sonra Ərbakanın da dəstəklədiyi Milli Görüşçü qanad Rəcai Kutan rəhbərliyindəki "Səadət Partiyası”nı qurdu. Daha sonra partiyanın sədrliyini icra etdisə də, siyasi fəaliyyətinə yasaq qoyulduğu üçün işindən əl çəkdi və cəzası qurtardıqda da səhhətində yaranan problemlərə görə vəzifəsinə qayıda bilmədi.

2010-cu il 17 oktyabrda təkrarən "Səadət Partiyası”nın sədri seçildi. Səhhəti gedərək pisləşdiyi halda vəfat etdiyi günədək qərargahları ilə partiya və ölkə məsələləri haqqında görüşmələrinə davam etmişdir.

19 yanvar 2010-cu ildə ayağında yaranan damar iltihabı rahatsızlığı səbəbi ilə xəstəxananın reanimasiya şöbəsində bir müddət müalicə olunub xəstəxanadan çıxmışdır. Sonra tənəffüs və ürək çatışmazlığı rahatsızlığına görə Ankaradakı "Güvən” xəstəxanasında reanimasiya şöbəsində aparılan müalicələrə baxmayaraq tənəffüs çatışmazlığına bağlı ürək və çoxlu orqan çatışmazlığı səbəbi ilə 27 fevral 2011-ci il saat 8:50-də həkimlərinin müayinəsi əsnasında arteriyaların rahatsızlığı nəticəsində şüurunu itirərək koma vəziyyətinə düşmüş, saat 11:40-da həkimlərin bütün müdaxilələri ilə həyati funksiyalarının dəstəklənməsinə baxmayaraq həyatını itirmişdir.

Vəsiyyətinə əsasən rəsmi dövlət mərasimi təşkil olunmamış və 1 mart 2011-ci il cərşənbə axşamı günü zöhr namazının ardınca Fateh Camesində qılınan cənazə namazından sonra Zeytunburnu Mərkəzəfəndi Qəbiristanlığında dəfn edilmişdir. Qəbrinə, sevənləri tərəfindən Türkiyənin müxtəlif bölgələrindən gətirilən torpaqlarla bərabər Qüds, Şimali Kipr Türk Respublikası (ŞKTP), bosniyalı lider Aliya İzzətbeqoviçin qəbrindən gətirilən torpaqlar səpilmişdir.

Cənazə mərasimində Prezident, Milli Məclisin Sədri, Baş Nazir, partiya sədrləri, nazirlər, deputatlar, TSQ (Türk Silahlı Qüvvələri) mənsubları, səfirlər, bələdiyyə sədrləri, partiyaların yanı sıra 60 ölkədən camaat və hərəkat liderləri ilə təmsilçiləri iştirak etmiş, cənazə namazı iki milyondan çox şəxs tərəfindən qılınaraq, nəşi ailə qəbiristanlığının yerləşdiyi Mərkəzəfəndi Qəbiristanlığında dəfn edilmişdir.

Məkanı Cənnət olsun! AMİN!

[1] Axen Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətində bir şəhərdir.

[2] Ruyr bölgəsi Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətində yerləşən, 5,3 milyon əhalisi olan və 4,435 kv.metr sahəsi

ilə Almaniyanın ən böyük metropol yaşayış mərkəzidir.

[3] Haqsız qazanca dayanan iqtisadiyyat. Rant əziyyət çəkmədən, layiq olmadan qazanılan mülk, pul, yəni əməksiz qazanc deməkdir.

[4] Divelənmənt 8; İnkişaf etməkdə olan 8 ölkə




  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun