16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

ƏSHABƏLƏRİ SÖYMƏK VƏ LƏNƏTLƏMƏK HARAMDIR

(3-cü müsahibə)

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

Livanlı şiə rəhbər Seyid Mühəmmədhüseyn Fəzlullah öz bəyanatlarında Peyğəmbər (ə)-ın əshabələrini və möminlərin analarını (Peyğəmbərin zövcələrini) söyməyin haram olduğunu qeyd edərək dedi ki, söyüş söymək əsl İslam xəttindən sapmanın bariz bir nümunəsidir. Seyid Fəzlullah açıq şəkildə sünni və şiəni dialoqa çağırdı, çünki bu, fikri və əqli dialoq üçün nəfsi tərbiyənin ən əsas səbəblərindən biridir. Cənab Fəzlullah təqiyyə məsələsinə toxunaraq bildirdi ki, minlərlə kitabların nəşr olunduğu bir vaxtda bunun təqiyyə prinsipindən qaynaqlanması əsla mümkün deyil.

ƏSHABƏNİ SÖYMƏK

Əbdüləziz Qasım:Cənab Fəzlullah, reportajımın bu bölümünü şiələr və sünnilər arasındakı ayrılığın əsasını təşkil edən bir mövzu ilə başlamaq istəyirəm. Bu mövzu Həzrət Peyğəmbərin əshabəsinə lənət oxumaq və onları söymək mövzusudur. Allah onların hamısından razı olsun. Siz içində Əbubəkr, Ömər və Aişənin – Allah onlardan razı olsun! – olduğu əshabələrə lənət oxumağı və onları söyməyi necə dəyərləndirirsiniz?

Seyid Fəzlullah:Hansı əshabə[1] olursa-olsun mən onlara lənət oxumağı haram bilirəm, çünki Allah bu insanlar haqqında belə buyurur:"Mühəmməd əleyhissəlam Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə nişanəsidir. Bu, onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxartmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur!”[2] Lakin imamət və xilafət haqqında danışsaq, bu barədə fikrimiz bilindiyi kimidir. Söymək[3] məsələsinə gəlincə hər hansı bir müsəlmanın belə söyülməsi haramdır. Məndən bu barədə fitva soruşulduqda:"İçində raşidi xəlifələrin də olduğu əshabələrin hər hansı birini söyməyimiz haramdır!”– şəklində fitva verərək bu fikri qüvvətli şəkildə müdafiə edirəm. Mən onlara Əli əleyhissəlamın Siffinə gedərkən bir qrup iraklının şamlıları söydüyünü eşitdiyi zaman dediyi sözləri nəql edirəm. Əli onları tənqid edib buyurdu:"Mən sizin söyüşcül olmağınızdan xoşlanmıram, lakin onların etdiklərini vəsf edirsinizsə və hallarını xatırlayırsınızsa, ən doğru olaraq və üzr baxımından ən keçərli olaraq deyəcəyiniz söz bu olmalıdır; onları söyməkdənsə, belə deyin: "Allahım, onların da canını, bizim də canımızı qoru. Bizimlə onların arasını düzəlt. Onları sapqınlıqdan xilas et ki, haqqı bilməyən onu tanısın, sapqınlıqda inad edən şəxs ondan vaz keçsin, ayrılsın”[4].

Bu danışdığım hadisə "Nəhcülbəlağə”də vardır. Yenə bu müstəvidə İmam Əlidən şiə əqidəsinə görə onu haqqından məhrum etmiş digər xəlifələr ilə əlaqədar bunları nəql etmək istəyirəm. "Nəhcülbəlağə”də Misir xalqına yazdığı məktubunda belə deyir:"Məni insanların filankəsin (yəni Əbubəkrin) yanına axışıb ona beyət etmələri qədər heç bir şey qorxutmadı. Əlimi çəkdim. İnsanların dindən döndüklərini, Mühəmmədin dinini batil etməyə qalxdıqlarını, xalqı buna çağırdıqlarını görənədək dözdüm. Qorxdum ki, İslama və müsəlmanlara yardım göstərməsəm (yəni əks, etiraz mövqeyində dayansam), onda (İslamda), bir yarıq açılar və o yıxılar və bu müsibət[5] mənim üçün sizə əmirlik etməyi itirməkdən daha böyük olardı. Onsuz da az bir vaxt sürüb sonra yox olan ilğım kimi, yaxud tez dağılan duman kimi bu əmirlik də bitəcəkdir. Bu hadisələr zamanı ayağa qalxdım. Batil yox olub getdi. Din olduğu kimi qərar tutdu və rahatladı”.

Buna görə də biz xəlifələr məsələsində Əli ibn Əbutalibin davrandığı kimi davranmağı lazım bilirik. Əli ibn Əbutalib daim onlarla dialoq[6] aparır, müşavirə edir və onlara yardım göstərirdi. Burada İmam Sadiqdən nəql olunan və bəzi şiə müsəlmanlara müraciətdən ibarət olan hədisi sizin nəzərinizə çatdırırıq:"İnsanların sizdən razı olmasının ən asan yolu dilinizi onlar barəsində qapalı tutmaqdır”. İmam həmişə deyərdi:"Əbubəkr məni iki dəfə dünyaya gətirmişdir”[7]. Möminlər anası Həzrət Aişəyə[8] gəlincə Cəməl döyüşü məsələsində xətaya yol vermiş olsa da belə, biz onu söyməyin haram olduğuna fitva verir və deyirik ki, ona Peyğəmbərə hörmət edildiyi kimi hörmət edilməlidir. Yenə bu mövzuda yüz il bundan əvvəl vəfat etmiş şiə alimindən bir beyt göstərmək istərdim. Onun adı höccətülislam Mühəmmədbaqir idi.

Ey Humeyra, səni söymək haramdır,

Çünki dost tutulacaq göz, ehtiram edən gözdür.

Buna görə də biz möminlərin analarına (yəni Peyğəmbərin zövcələrinə)[9] və əshabəyə lənət oxumağı və çirkin sözlər söyləməyi haram bilirik. Belə fitva verdik və bu fitvalarımız dünyanın hər yerinə yayılıb.

ETİRAZ, YOXSA İMAN?

Əbdüləziz Qasım:Cənab Fəzlullah, danışdıqlarınızdan çox açıq şəkildə görünür ki, əshabələrə lənət oxumağa və onlar haqqında çirkin sözlər söyləməyə qarşı çıxırsınız. Əcəba, sizin bu sözləriniz əshabənin uca məqamına olan imanınızdan qaynaqlanır?

Seyid Fəzlullah:Bu, bizim iman gətirdiyimiz əsl islami dəyərlərdən və xətdən qaynaqlanır. Hər hansı bir müsəlmanı, ələlxüsus əshabələri söymək icazəli deyil. Söyüş söymək əsl İslam xəttindən sapmanın bariz bir nümunəsidir.

Əbdüləziz Qasım:Cənab Fəzlullah, biz şiə məzhəbinin ağıl sahibləri ilə əshabə haqqında danışarkən:"Əshabəni lənətləyənlər məzhəbimizin içərisindəki ifratçı qruplardır (yəni qulatlardır), əsasən məzhəbimizdə belə şeylər yoxdur!”– deyirlər, lakin şiə məzhəbinin Şeyx Mofid, Seyid Mürtəza Ələmulhüda, Tusi, İbn Tavus, Helli və s. kimi böyük şəxsiyyətlərinin əsərlərində əshabəyə xor baxıldığını görürük. Həmçinin şiə məzhəbinin bütün əqidə kitablarında yazılır ki, Cənnətə girməyə səbəb olan iman Əli (ə)-ın imamlığına və onun məsumluğuna iman gətirmədən düzgün və səhih ola bilməz. Bu fikrə əsasən həqiqi iman Əbubəkr, Ömər, Osman və digərlərindən uzaqlaşmış olur. Əcəba, bu böyük şiə alimlərini ifratçı qrup (qulat) olaraq qəbul etmək mümkündürmü?

Seyid Fəzlullah:Təbii olaraq tarixi prosesdə yaranan belə emosional ab-hava bu mövzuya hissi yaxınlaşmalara səbəb olmuşdur. Bu insanların (yəni adı çəkilən o alimlərin) Əhli-Beyt ilə olan dərin əlaqələri və xilafət məsələsini Əhli-Beyt baxımından bir haqsızlıq məsələsi kimi görmələri bu hissi yaxınlaşmalara gətirib çıxarmışdır, lakin bu mövzuya anaxronik bir baxışla şəxsi emosionallıqlarla yaxınlaşmaq düzgün deyil. Bu məsələdə söymək və lənət oxumağa bəraət qazandıran (yəni haqq qazandıran) bəzi şiə alimlərinin olduğunu gördüyümüz kimi, bəzi əhli-sünnə qardaşlarımızın da şiəni təkfir etdiyini görürük. Hətta mən onların bəzilərinin"Yəhudilər və xristianlar şiədən daha fəzilətlidir, çünki onlar kitab əhlidir, lakin şiələr müşrikdirlər!”– dediyini belə eşitmişəm.

Biz bu tarixi çöküntüləri təmizləməliyik. Buna görə də həmişə deyirəm ki, islami vəhdət üçün islami mənada bir dialoq qurmalıyıq. Bu dialoq "Biz aramızdakı problemləri həll edə bilər və maneələri aradan qaldıra bilərik” – anlayışını qəbul edərək hərəkət etməklə həyata keçərsə, nəticə verə bilər. Bu yalnız görüşmək və bir araya gəlmək yolu ilə ola bilər, çünki bu metod kitablar vasitəsi ilə təxribatçı bir üslubdan istifadə edərək hərəkət etməkdən daha qurucu bir metoddur. Görüşlər problemi öncə şəxsi mənada həll etdiyi kimi, əqli və fikri mənada da həll edir.

Əbdüləziz Qasım:Cənab Fəzlullah, siz mənə mümkün olduğu qədər hər şeyi açıq-aşkar söyləməyi məsləhət bildiniz və nə qədər açıq olursa-olsun dialoqu alqışla qarşıladığınızı etiraf etdiniz. Buna görə mən məzhəblərin yaxınlaşması nöqtəsində şiə və əhli-sünnə arasındakı əsas məsələnin əshabə məsələsi olduğu fikrindəyəm. Mən bir sünni olaraq və əshabənin uca və müqəddəs məqamına inanan bir insan kimi onlar haqqında söyüş və lənəti qəbul edən bir şəxsə yaxınlaşmağı düşünə bilmirəm, lakin siz əshabə haqqında onları söyməyin haram olduğunu söylədiyiniz bir halda, imamət və xilafət məsələsində şiə əqidəsində olduğunuzu dediniz. Bu məşhur fikrə görə həmin əshabələr Allah eləməsin hiyləgər, vəfasız və Həzrət Peyğəmbərin vəsiyyətini inkar edən insanlara çevrilmirlərmi? Və Həzrət Peyğəmbərin böyük vəsisi olan İmamı qəbul etməyərək liderlik arzusunda olub İslama iftira edən insanlar olmurlarmı? Cənab Fəzlullah, siz İmam Əliyə hər hansı bir şəxsin lənət oxuduğunu eşitsəniz, nə deyərsiniz?

Seyid Fəzlullah:Açığını desək, mən elmi mübahisələrdə belə bir məqamda qızışdırıcı istilahlarla danışılmasının tərəfdarı deyiləm. Bir şeyin qanuni və qeyri-qanuni olması məsələsi obyektiv elmi mübahisədən asılıdır, yəni əshabələrin belə bir qanuni səlahiyyətləri var idi, ya yox? Xilafəti götürmək məsələsinə gəlincə bunu qanuni bilən bəzi fikirlər olduğu kimi, qanuni bilməyən fikirlər də vardır, lakin bu cür qızışdırıcı istilahlardan istifadə etməyin elmi üslubdan uzaqlaşdıracaq bir yanaşma tərzi olduğu fikrindəyəm. Ən sonda soruşduğunuz Əliyə (ə) lənət etmə məsələsinə gəlincə ona cavab verərik, lakin təkfir etmərik.

Əbdüləziz Qasım:Cənab Fəzlullah, lütf edib şiənin qədim və müasir alimlərindən əshabə ilə toqquşmayan alimlərin adlarını çəkə bilərsinizmi? İstəyirik bunları əshabəyə lənət oxuyanlara və məzhəblərarası yaxınlaşmanı qeyri-mümkün hesab edənlərə göstərək.

Seyid Fəzlullah:Mən adlar haqqında yox, əsaslar və prinsiplər haqqında danışıram. Məsələn, Seyid Şərəfəddinin "Müraciat” əsərini, Seyid Mühsin əl-Əmin və Seyid Mürtəza Əskərinin kitablarını oxusanız, onların elmi və sağlam bir üslubdan istifadə etdiklərini görərsiniz.

BU MƏRHƏLƏNİN AŞILMASI

Əbdüləziz Qasım:Hər iki tərəfdə də ağıl sahibləri "Bu həddi keçib irəli səviyyəyə çata bilərikmi?” – deyə soruşurlar, yəni siz, Cənab Fəzlullah, niyə bir kitabça yazıb şiələr arasında əshabələrin fəzilətlərinin qəbul edilməsinə vasitəçi olmursunuz? Bunun sayəsində ümmət bu parçalanmaya səbəb olan ən önəmli maneəni aşa bilər.

Seyid Fəzlullah:Mənim fikrimcə, bu cür yollarla problem həll edilməyəcək. Problemi həll edəcək meyar eyni zəmində hərəkət etməklə özümüzü tanımağımızdır. Bu zəmin İslam zəminidir. Məsələn, şiə "mən şiə müsəlmanam”, sünni isə "sünni müsəlmanam”, – deyərsə, ortaq olaraq İslam zəminində görüşə bilərlər, yəni əgər məsələləri ortaq bir zəmində mübahisə etsək, təməl əsaslar üzərində və ümumi çərçivədə birləşə bilərik. Yerdə qalan təfərrüat isə həll edilə bilər. Məsələn, İmam Əli "Nəhcülbəlağə”də Ömər ibn Xəttabı və özü ilə döyüşə çıxan Təlhə və Zübeyri xeyirlə yad edir. Ömər şəxsən özünün İran müharibəsində iştirak etməsi haqqında Əli (ə) ilə məsləhətləşdikdə, əvvəldə də dediyim kimi onu bu işdən çəkindirdi[10]. Bunlar hamısı "Nəhcülbəlağə”də vardır, lakin çoxları bunları oxumurlar.

QABIRĞA SÜMÜYÜNÜN QIRILMA HADİSƏSİNDƏ ŞÜBHƏYƏ DÜŞMƏK

Əbdüləziz Qasım:Cənab Fəzlullah, sizin şiə məzhəbinin əsasları ilə belə müxalifətdə olan fikirləriniz var. Məsələn, qabırğa sümüyünün qırılması məsələsində, bəlkə də, şiə tarixində deyilməyən bir hadisə söylədiniz. Şiə tarixində Əmirülmöminin Ömər ibn Xəttabın Həzrət Əlinin evinə zorla daxil olarkən Həzrət Fatimənin qabırğa sümüyünü qapı ilə divar arasında qoyaraq qırdığını iddia edən rəvayət qəbul edilir, lakin siz bu rəvayəti rədd edirsiniz. Bu mövzu ilə bağlı hansı fikirləri söyləyə bilərsiniz?

Seyid Fəzlullah:Mən bu hadisəni tarixi sənəd və tarixi təhlil baxımından araşdırıram. Tarixi nöqteyi-nəzərdən bu barədə nəql olunan rəvayətlərin çoxu zəifdir. O rəvayətlərə əsaslanmaq mümkün deyil, çünki mötəbər (müvəssəq) deyildirlər. Bu məsələni araşdırarkən özümüzə belə bir sual veririk: "Rəvayəti səhih fərz etsək belə, görəsən, xəlifənin təzyiq göstərmək, vurmaq və qabırğasını sındırmaq üçün Zəhraya doğru yönəlməsini zəruri edən şərtlər nə idi? Zəhra xəlifəyə etiraza təzyiq göstərmək üçün başlayan mövqenin hədəfi deyildi (yəni Zəhraya təzyiq göstərmək o dövr üçün o qədər də tutarlı deyildi). Əksinə, Həzrət Peyğəmbərin qızı olması baxımından o dövrdə bütün müsəlmanların ehtiram etdiyi bir şəxs idi. Əvvəla soruşuruq bu məqamda münasibət necə olmalı idi?

İkincisi bu hadisə baş verdyi vaxt Həzrət Əli evdə idi. İslam qəhrəmanı Həzrət Əlinin həyat yoldaşını – bu şəxs eyni zamanda Peyğəmbərin qızıdır – öldürmək istəmələrinə onun seyrçi qalması çox da təbii görünmür.

Üçüncüsü Həzrət Əli evdə tək deyildi. Yanında Bəni-Haşimdən bir çox adamlar vardı. Hətta Zübeyr də onlarla idi. Bəzi rəvayətlərdə deyilir ki, qılıncını siyirərək evdən çıxdı, lakin çöldə onun qılıncını sındırdılar.

Burada başqa bir məqam vardır və o da bundan ibarətdir ki, "Məcməül-Bəyan”ın müəllifi Təbərsinin "əl-İhticac” adlı əsərində bir rəvayət söylənilir. Bu rəvayətdə Ömərdən Əlinin və Zəhranın evini yandırmaqla onları təhdid etdiyinin səbəbini soruşurlar. Ömər də belə cavab verir:"Bunu etdiyimi gördünmü?”Yəni məsələ yalnız təhdiddən ibarət idi. Buna görə də bu mövzunu gözəl bir şəkildə təhlil etdikdə o qədər də tutarlı olmadığını görürük.

Həm də görürük ki, Həzrət Zəhra bu mövzuda heç danışmamışdır. Bəzi rəvayətlərdə Həzrət Zəhranın xilafəti İmam Əlinin haqqı olduğunu anlatmaq üçün mühacir və ənsar arasında gəzdiyini oxuyuruq, lakin həm bu vaxt, həm də məsciddəki xütbəsi əsnasında bu mövzu haqqında danışmadığını görürük. Əgər bu haqda danışsaydı, daha hissi bir ab-hava yarada bilərdi. Həzrət Əli də bu mövzu barədə fikir söyləmir. Bu məsələ yalnız Əlinin deyil, bir yöndən əshabənin də məsələsi idi.

Yəqin ki, deyilsəydi, böyük bir hiddət və qəzəb yaradardı, lakin bu məsələ dilə gətirilmədi. Əslində bu hadisə həm rəvayətlər baxımından incələndikdə, həm də tarixi faktlar baxımından incələndikdə qəbul ediləsi bir şey kimi görünmür. Mən bu məsələnin doğru olduğunu qəbul edən bir çox şəxslərdən: "Hər hansı bir şəxs sənin həyat yoldaşını öldürmək məqsədi ilə ona hücum etsə, nə edərsən? Onu qoruyarsan, ya yox?!” – deyə soruşdum. Əlbəttə, "hər bir kəs öz həyat yoldaşını qoruyar”, – cavabını aldım. Bəs necə olur İslamın aslanı Əli həyat yoldaşını qorumaq üçün hərəkətə keçmir? Buna görə də bu məsələ mənə görə qəbul ediləcək bir məsələ deyil.

Əbdüləziz Qasım:Cənab Fəzlullah, sizi izləyən sünni tədqiqatçılar və alimlər bitərəf davranışınıza görə sizi alqışlamaqdan özlərini saxlaya bilməmişlər, lakin siz məsələni tam şəkildə açıqlamadınız. Sizcə bu hadisə uydurmadır, yoxsa bu barədə bəzi şübhələriniz var?

Seyid Fəzlullah:İbn Qüteybənin nəql etdiyinə görə Ömərin Əlinin evini yandırmaqla təhdid etdiyi barəsində sözlər var. Bu nəqldə Əli (ə) evinin qarşısında toplanan və beyət etmək üçün ona edilən təzyiqə qarşı evindən çıxmadı, lakin sonra evinin ətrafını tüstü əhatə etdikdə evdən çıxdı. Hafiz İbrahim özünün "Ömər qəsidəsi”ndə belə deyir:

"Ömər tərəfindən Əliyə bir söz deyildi ki,

O sözü eşidəni əziz bil, o sözü deyəni böyük bil:

Əgər beyət etməsən, Peyğəmbərin qızı o evdə olsa da,

Evini yandıraram və onu başına uçurdaram.

Ədnan igidi və onun hamisinin qarşısında bu sözü

Ömərdən başqa kim dilinə gətirər?”

Bu mövzu ilə əlaqədar bu və digər buna bənzər şişirtmələr vardır, lakin bu hadisə mənim üçün araşdırma aparmağa dəyən bir mövzu deyil. Mən bu dediklərimi bir fikir olaraq ortaya atdım[11].

İMAMƏT HAQQINDA

Əbdüləziz Qasım:Şiə məzhəbinə görə imamət İslamın əsaslarındandır, lakin Quranda bu məsələ barəsində açıq bir işarənin (nəssin) olmamasına nə deyirsiniz?

Seyid Fəzlullah:Bu mövzuda"Sizin vəliniz (haminiz və himayədarınız) ancaq Allah, Onun Rəsulu və namaz qılıb rüku halında zəkat verən möminlərdir (yəni Əli əleyhissəlamdır)”[12] ayəsi dəlil gətirilir. Bu ayədə haqqında danışılan şəxsin Əli (ə) olduğuna və eyni ilə Həzrət Peyğəmbər kimi ona verilən bir vəlayətin (hakimiyyətin) olduğuna inanılır. Məsələn,"… Döyüşdə (zəfər çalmağa) Allah möminlərə kifayət etdi. …”[13] ayəsi Əli (ə) olaraq yozulmuşdur. Həmçinin"Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə endirilmiş olanı təbliğ et. Əgər bunu etməsən, Allahın risalətini (Sənə həvalə etdiyi elçilik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Allah kafir camaatı düz yola yönəltməz!”[14] ayəsi şiə rəvayətlərində və bəzi əhli-sünnə rəvayətlərində Əli haqqında yozularaq imamətə dəlil kimi göstərilir. Bu və buna bənzər ayələr ətrafında mübahisələr var. Bəziləri bu ayələrdə işarə edilənlərin Əli olduğunu qəbul edir, bəziləri isə qəbul etmir. Qəbul edənlər ümumi olaraq şiələr, etməyənlər isə ümumi olaraq sünnilərdir.

Biz oxumalarımızda şiə və sünni təfsirlərə eyni nisbətdə şans tanımalıyıq. Mən açıq olaraq yüksək səslə dəfələrlə demişəm:"Üsuli-din (dinin əsasları) üçdür!”Bunlar tövhid, nübuvvət (peyğəmbərlik) və məaddır[15]. Kim bunlara iman gətirərsə, müsəlmandır, kim bunlardan birini inkar edərsə, kafirdir. Ədalət məsələsinə gəlincə bu bir tərəfdən şiə və mötəzilə arasında, digər tərəfdən isə əşərilər arasında mübahisə edilən və əsasən pislik və yaxşılığın əqli olması məsələsi ətrafında formalaşan kəlami (teoloji) bir mübahisədir. İmamət məsələsi isə müsəlmanların arasında Həzrət Peyğəmbərin vəfatından sonra başlayan bir qalmaqaldır və o gündən bu günə qədər qəti bir nəticə əldə olunmamışdır. Buna inananlar da olmuşdur, inanmayanlar da. İnananlara isə "imamiyyə” deyilmişdir.

Əbdüləziz Qasım:Siz bu cavabınızda namaz, oruc və ya zəkat kimi çox nəslərdə olduğu formada açıq bir dəlil göstərmədiniz, yəni, Cənab Fəzlullah, mən sizdən Əli barəsində təfsir edilən ayələr haqqında soruşmadım. Qalmaqalı sona çatdıracaq qəti və bu mövzunu açıq bir şəkildə vurğulayan ayələr haqqında soruşdum. Eyni ilə oruc, zəkat və həcc ayələrində olduğu kimi. Əcəba, Quranda bu mövzuda çox açıq bir ayə olmadığını qəbul edirsinizmi?

Seyid Fəzlullah:Biz deyirik ki, Quranda namazın rükətləri və vaxtları ilə əlaqədar müfəssəl məlumat yoxdur. Həcc, oruc və zəkatın təfsilatı ilə də əlaqədar ətraflı məlumat verilməyib, lakin Quranda buyurulur:"… Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. …”[16] Buna görə də biz Əlinin imaməti haqqında danışdıqda hədis kitablarına müraciət edirik. Bu hədis kitablarının içərisində şiə hədis kitablarına əlavə olaraq "Səhihi-Buxari”, "Səhihi-Müslim” və "Müstədrəkul-Hakim” kimi sünni hədis kitabları da var. Yəni İslamda qanuni olan hər şeyi bütün təfsilatı ilə Quranda tapmaq mümkün deyil.

Əbdüləziz Qasım:Cənab Fəzlullah, Həzrət Fatiməyə zor tətbiq edilməsi ilə əlaqədar mövzuda etdiyiniz əqli (rasional) yozum insanı istər-istəməz bunu düşünməyə sövq edir: bu cür əqli dəyərləndirmələr edən Fəzlullah dinlərində sədaqətləri, dünyada zahidlikləri, Allah yolunda cihad və sədəqələri ilə Allahın diqqətini qazandıqları tarixi baxımdan sabit olan, Quran və Sünnədə uca məqamları daha çox olan əshabənin bu uca məqamları ilə təzad təşkil edən və Quranda çox açıq olaraq vurğulanmayan imamət məsələsinin dini olaraq bu qədər böyüdülməsinin əsasına bir əqli tənqid yönəldə bilər.

Seyid Fəzlullah:Əvvəla, Quran əshabə haqqında ümumi olaraq danışmış və tək-tək ad verməmişdir. İkincisi bu cür məsələlər mübahisə mövzusuna daxildir. Çox gözəl bilirik ki, bəzi sünni raviləri nəql edirlər ki, ikinci xəlifə Ömər ibn Xəttab Əlinin evini yandırmaqla onu təhdid etdi. Hətta "Evdə Fatimə vardır”, – deyildikdə "Fatimə də olsa belə!” – şəklində cavab verdiyi nəql edilmişdir, lakin sonra Əbubəkr və Ömərin Həzrət Fatimə xəstə olduqda ondan halallıq almağa gəldikləri də yazılmışdır, yəni mən məsələni tənqid etdikdə tarixi bir hadisə olması baxımından tənqid etmişəm.

İMAMLAR VƏ QEYBİN BİLİNMƏSİ

Əbdüləziz Qasım:Əqidə mövzusunda fikrinizi bilmək istədiyim başqa bir məsələ də var. O da İmamın qeybi[17] bilməsi ilə əlaqədardır. Ümumiyyətlə, alimlərdən daha çox savadsız adamların inandığı bir şey var. O əqidə də budur ki, imamlar göylərdə və yerdə olanı, Cənnətdə və Cəhənnəmdə olanları, insanların içində və bellərində olanı bilirlər. Bu haqda nə düşünürsünüz?

Seyid Fəzlullah:Biz deyirik ki, Allah insanlara məqamlarının tələbi xaricində qeybi bildirməmişdir."Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz. Seçdiyi peyğəmbərdən başqa!”[18] ayəsi isə qeybin Həzrət Peyğəmbərin missiyası ilə əlaqədar olduğu nisbətdə ona bildirildiyinə işarə edir.
"De ki: "… Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim və mənə pislik də toxunmazdı. …”[19]

"De ki: "Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən yalnız özümə gələn vəhyə tabe oluram. …”[20]

Yəni Allah heç kimə qeybin elmini, yaxud təkvini vəlayət vermir. Bəzi elçilərinə ehtiyac duyduqları qədər qeyb elmi verir. Yoxsa müstəqil olaraq zatən hər hansı birini qeybi bilmə qabiliyyətinə sahib olaraq yaratmır.

Əbdüləziz Qasım:Lakin Cənab Fəzlullah, burada "Kafi”[21] kitabından bir şey nəql etmək istəyirəm."Kafinin” bir bölümündə deyilir:"İmamlar olmuş və olacaqların elminə sahibdirlər və onlardan heç bir şey gizli qalmaz”. Başqa bir yerdə isə yazılır:"Əgər imamlar bir şeyi bilmək istəyərlərsə, bu onlara bildirilir”. Bunlar haqqında nə deyirsiniz?

Seyid Fəzlullah:"Kafi” bir hədis kitabıdır. Onun içində səhih və zəif hədislər vardır. Hətta Əllamə Məclisi bu kitabı "Miratul-Üqul” adlı kitabda şərh edərkən:"Mən bu kitabda yalnız beş min hədisin səhih olduğu qənaətinə vardım”, – demişdir

İXTİLAF NÖQTƏLƏRİ

Əbdüləziz Qasım:Cənab Fəzlullah, mən sizdən şiə və əhli-sünnə arasındakı ayrılıq nöqtəsinin nə olduğunu soruşmaq istəyirəm. Sizcə, nədir?

Seyid Fəzlullah:Təbii olaraq əsas ayrılıq nöqtəsi imamət və xilafət məsələsidir. Şiələr imamətin Allah və Rəsulunun bildirməsi ilə əvvəl Əliyə, sonra isə onun övladlarına keçdiyi qənaətindədirlər. Əhli-sünnə isə xilafətin sıra ilə Əbubəkr, Ömər, Osman və Əlinin haqqı olduğunu, daha sonra isə əməvilərə və abbasilərə keçdiyini deyir.
Əlbəttə, bu ümumi çərçivə daxilində bəzi mübahisələr var. Məsələn, mötəzilə[22], əşərilər və imamiyyə arasında pisliyi və yaxşılığı ağlın müəyyənləşdirib-müəyyənləşdirə bilməyəcəyi haqqında aparılan mübahisələr var. Bu mövzuda mötəzilə və imamiyyə ağlın pisliyi və yaxşılığı qəti olaraq ayırd edə biləcəyi fikrindədirlər, lakin əşərilər bu mövzuda onlarla eyni fikirdə deyil. Yaxud"Onun (Allahın) vəchindən (üzündən) başqa, hər şey məhvə məhkumdur. …”[23] və"Xeyr, Onun (yəni Allahın) əlləri açıqdır. …”[24] kimi ayələr üzərində mübahisələr vardır. Bu mövzuda şiə müsəlmanların qənaəti budur ki,"Allahın əli”"Allahın üzü”ifadələri kinayə və istiarə[25] olaraq işlənmişdir, yoxsa Allah bir cisim deyildir.


Əbdüləziz Qasım:İxtilafları bu qədər məhdudlaşdırdığınızı, doğrusu, başa düşə bilmirəm, çünki bizim aramıza maneə olaraq girən bunlardan da böyük problemlər var. Əshabəni söymək, Fatimənin müshəfi və bunlar kimi əqidə ilə əlaqədar müxtəlif mövzularda aramızda ixtilaf var.

Seyid Fəzlullah:Biz söhbətimizdə bu ixtilaflar haqqında danışdıq və ixtilafların islami vəhdət çərçivəsində bitərəf bir baxışla həll edilməsi lazım olduğunu söylədik. Yoxsa meydan oxumalar və sözlə zor tətbiq etmələr nəticəyə aparan metodlar deyil. Yəni, məsələn, qəbir ziyarəti kimi əhli-sünnənin öz içində də həll etmələri lazım olan bəzi elmi problemlər vardır. Bəzi əhli-sünnə alimləri bunu şirk olaraq xarakterizə edib "Haramdır!” – deyirlər. Biz də insanın hər hansı bir peyğəmbər, yaxud imamdan ehtiyaclarını istəməsini haram qəbul edirik, çünki ruzini verən Allahdır. Peyğəmbər və imamlar da ehtiyaclarını Allahdan istəyirdilər. Eyni ilə biz təkvini vəlayəti də qəbul etmirik. Bu, ictihadla əlaqədar bir mövzudur. Peyğəmbərlər bir vəzifə yerinə yetirirdilər, qeybi bilmirdilər."Ya Peyğəmbər! Həqiqətən, Biz səni şahid, bir müjdəçi və bir qorxudan kimi göndərdik! Biz səni Allahın izni ilə ona tərəf çağıran və nurlu bir çıraq olaraq göndərdik!”[26] ayəsi də bu məsələyə dəlalət edir. Biz sünni qardaşlarımıza deyirik ki, siz qəbirlərin ziyarət olunması məsələsində Peyğəmbərdən nəql olunduğunu səhih bildiyiniz hədislərə etimad edir və belə hesab edirsiniz ki, kim buna tabe olmasa, Peyğəmbərlə müxalifətçilik etmişdir. Biz isə deyirik ki, Allah Rəsulundan nəql olunmuş hər hansı bir hədisdə Sünnənin təsdiqlənməsi (etimadlı hesab edilməsi) məsələsi elmi ölçülərə tabedir, yəni hədisin sənədini müzakirə etməyimiz lazımdır. Əgər sən hədisdən bir şey, mən isə başqa bir şey başa düşürəmsə, sənin məni Peyğəmbərlə müxalifətçilik edən bir şəxs hesab etməyin icazəli deyil. Əgər sən bir hədisi sağlam və etimadlı bir hədis görürsənsə, mən isə həmin hədisi etimadlı və sağlam bir hədis bilmirəmsə, sən məni Allah Rəsuluna müxalif olan bir şəxs hesab edə bilməzsən. Belə bir vəziyyətdə məsələ elmi görüşlərlə əsaslandırılmalıdır.

Əbdüləziz Qasım:Cənab Fəzlullah, mən dediklərinizə bir düzəliş etmək istəyirəm. Siz dediniz ki, bəzi sünni alimləri qəbirlərin ziyarət olunmasını şirk hesab edirlər, lakin belə bir fitva verən alimi yadıma sala bilmirəm, əksinə əhli-sünnə qəbir ziyarətinin icazəli və müstəhəb olması məsələsində həmfikirdirlər.

Seyid Fəzlullah:Biz bunu alqışlayırıq, lakin onlar təvəssül məsələsini icazəli bilmirlər. Onlar"Mədineyi-Münəvvərədə edilən ziyarət Peyğəmbər məscidini ziyarətdir, Peyğəmbəri ziyarət etmək deyildir”, – deyirlər, çünki onlar bunu inkar edirlər. Xülaseyi-kəlam məsələnin əsli onlara təvəssül edilib-edilməyəcəyi ilə əlaqədardır ki, Allah bunu onlara ikram etmiş və onlara şəfaət etmə haqqı vermişdir. Bəziləri bunu şirk hesab edir, bəziləri isə etmir. Bu yalnız şiə məzhəbinə aid bir mövzu deyil, eyni zamanda peyğəmbərlərə və övliyalara təvəssül edən sünnilər də vardır.
İMAMLARIN TƏKVİNİ VƏLAYƏTİ[27]

<Əbdüləziz Qasım:Təkvini vəlayət məsələsinə gəlmək istəyirəm. Sizin ən yüksək mərcələriniz bunu qəbul edirlər. Məsələn, İmam Xomeyni "İslam hökuməti” adlı kitabında belə deyir: "İmamın təkvini vəlayətə sahib olması onun Allah nəzdindəki yerindən bir şey əskiltməz və onu rəhbərlik pilləsindəki düşmənləri kimi etmir. İmamın müəyyənləşmiş bir məqamı, yüksək bir dərəcəsi və təkvini (kosmik) bir xilafəti vardır. Və onun bu vəlayətini və hakimiyyətini bu aləmdəki bütün zərrələr qəbul edir”. Siz bu barədə nə deyirsiniz?

Seyid Fəzlullah:Bəziləri imamlardan və Həzrət Peyğəmbərdən nəql olunan doğruluğuna və dəlalətinə inanmadığımız bəzi fikirlərə inana və onu qəbul edə bilərlər.

Əbdüləziz Qasım:Bu çərçivədə tikanlı bir hadisə də vardır. Şiə deyir ki, imamlar peyğəmbərlərdən daha fəzilətlidirlər. Xomeyninin məşhur bir sözü vardır:"İmamlarımızın elə bir məqamı vardır ki, o məqama nə müqərrəb (Allaha yaxın) bir mələk, nə də mürsəl bir peyğəmbər çata bilər!”<

Seyid Fəzlullah:Biz Quran təfsirində və fiqhi fitvalarımızda açıq şəkildə bildirmişik ki, imamların peyğəmbərlərdən daha fəzilətli olması fikri bizə görə sübuta yetməmişdir. Əksinə, nübuvvət məqamı digər bütün məqamların fövqündədir. Bu, bizim əqidəmiz və ictihadımızdır[28].

Əbdüləziz Qasım:Cənab Fəzlullah, burada belə bir problem var; o da sizin bütün alimlərinizin eyni cür düşünməməsidir. Bu zaman sizə belə bir sualla müraciət etmək ehtiyacı hiss edirəm: "Əcəba, sizdən əvvəl və hal-hazırda bu mövzularda sizinlə eyni fikrə sahib olan bir alim varmı?”<

Seyid Fəzlullah:Bu fikirlərə bəzi mütaliələrimdə rast gəlmişəm.

Əbdüləziz Qasım:Cənab Fəzlullah, mən hal-hazırda özümü sanki bir şiə aliminin yox, İmam Mühəmməd ibn Əbdülvəhhabın məktəbinə mənsub olan sələfi bir alimin qarşısında hiss etdim.

Seyid Fəzlullah: (Gülümsəyərək)Qardaşım Əbdüləziz, vəhhabi məktəbini İslamın bir yozumu olaraq qəbul etdyimiz kimi, digər tərəfi də eyni şəkildə qəbul edə bilərik. Allah əhli-kitabla belə bizi vahid bir kəlməyə doğru çağırır.[29] Elə isə nə üçün öz aramızda bunu həyata keçirməyək?

Biz müsəlmanların öz arasında, müsəlmanların xristianlarla və müsəlmanların dünyəvilərlə dialoq qurması lazım olduğuna inanırıq, yəni dialoq ən yaxşı anlaşma yoludur. Bəzi insanlar başqalarını istədikləri kimi başa düşürlər. Önəmli olan onları olduqları kimi başa düşməkdir.

TƏQİYYƏ

Əbdüləziz Qasım:Cənab Fəzlullah, sizdən aldığımız bitərəf və mötədil cavablar məzhəblərarası yaxınlaşmanın mümkün olduğunun bir göstəricisidir, lakin mən sizdən xüsusi əhəmiyyət kəsb edən başqa məsələyə də aydınlıq gətirməyinizi istəyirəm. Sizin cavablarınız qəlbimizə su səpsə də, bu cavabları eşidən bəzi sünni tədqiqatçılar bunu sizin məzhəbinizin əsaslarından olan təqiyyə ilə əlaqələndirirlər. Bu problem şiə-sünni yaxınlaşmasının qarşısındakı əhəmiyyətli problemlərdən biridir.

Seyid Fəzlullah:Biz təqiyyənin can təhlükəsi olan bəzi vəziyyətlərdə icazəli olduğu qənaətindəyik. Məsələn, şiələrin özlərinə məxsus bəzi tətbiq etdikləri qaydalar var; namazda əllərin bağlanmasını müstəhəb bilməmək və geyiləcək geyimə (parça məmulatına) səcdə etməmək. Bunu Peyğəmbər məscidində tətbiq etdikdə təcavüzə məruz qalırlar. Əlbəttə, bunun bir də siyasi tərəfi var. Məsələn, mən müxtəlif ölkələrdə yaşayan sünni qardaşlarımızdan soruşuram: yaşadıqları ölkələrdə siyasi fikirlərini açıq şəkildə ifadə edə bilirlərmi? Bu, əlbəttə, işin siyasi təqiyyə yönüdür.

Mənim 25 cildlik "Min vəhyil-Quran” adlı təfsirim var. Bununla yanaşı başqa kitablarım və mətbuata verdyim bəyanatlarım var. Buna görə də, məncə, təqiyyə ittihamı yersiz və zəif ittihamdır və bunu dilə gətirən şəxs tamam başqa bir məqsədlə söyləyir.

Müsahibə Səudiyyə Ərəbistanı "Ukaz” qəzetinin
reportyoru Əbdüləziz Qasım tərəfindən alınmışdır.
9/10/2008
www. İslamonline.net
Mütərcim: S. M. Fəzlullahın Azərbaycan üzrə vəkili: Xəyyam Qurbanzadə




[1] Lüğətdə "həmişə bir yerdə olan, ünsiyyətli və mehriban” mənasını verən əshabə sözü istilahda Peyğəmbəri görmüş, ona iman gətirmiş və imanla dünyadan köçmüş şəxsə deyilir. İbn Həcər "əl-İsabə” kitabının müqəddiməsində "əshabə” sözünə tərif verərkən belə yazır: "Peyğəmbəri görmüş, ona iman gətirmiş və müsəlman olaraq dünyadan köçmüş şəxs əshabədir. Bu tərifə görə, Peyğəmbərlə ünsiyyətin uzun müddətli, yaxud qısa olmasına, ondan bir söz rəvayət edib-etməməsinə, onunla döyüşdə iştirak edib-etməməsinə baxmayaraq, Peyğəmbəri görə bilən, onunla bir yerdə oturub-durmasa da, onu bir dəfə görən və yaxud korluq kimi bir maneə ucbatından onu görməsə də belə, onunla münasibətdə olan şəxsə əshabə deyilir”.

Lakin məşhur olan bir fikir də budur ki, Peyğəmbəri görmüş, yaxud onun zamanında dünyaya gəlmiş şəxs əshabədir. Buna görə də hicrətin doqquzuncu ili zilqədə ayının sonunda Hiccətül-Vədada ("Vida həcci”) Peyğəmbər Məkkəyə çatmamışdan əvvəl dünyaya gəlmiş Mühəmməd ibn Əbubəkr əshabə hesab olunur. Buxarinin verdiyi tərifdən də həmin məna başa düşülür: "Peyğəmbərlə yoldaşlıq edən və onu görən müsəlman əshabədir”.

[2] "Fəth”, 29

[3] Söyüş söymək və çirkin söz söyləmək məzəmmət və yasaq edilmiş bir davranışdır. Bu davranış alçaq və pis təbiətli olmaqdan qaynaqlanır. Peyğəmbər buyurmuşdur: "Mömini söymək günahdır. Onu öldürmək isə küfrdür (yəni kafir əməlidir)”. ("Mizanul-Hikmə”; c.4, s. 1658. "Kənzul-Ümmal”dan nəql olunub)

Başqa bir hədisi-şərifdə söyləmişdir: "Çirkin sözlərdən çəkinin, çünki Allah çirkin söz söyləyənləri sevməz”. (Hədisi Nəsai və Hakim nəql etmişdir. Hakimə görə hədis səhihdir.)

Peyğəmbər Bədr döyüşündə ölən müşrikləri söyməyi yasaq edərək buyurmuşdur: "Onları söyməyin, çünki sözlərinizdən heç biri onlara çatmaz. Lakin bu sözlərlə həyatda olan şəxslərə əziyyət verirsiniz. Diqqətli olun! Çirkin söz məzəmmət edilmişdir”. (Hədisi Nəsai İbn Abbas yolu ilə səhih olaraq nəql etmişdir.)

Başqa bir hədisində buyurmuşdur: "Çirkin söz söyləyənlərin (söyüş söyənlərin) Cənnətə girməsi haramdır”.

İmam Sadiq buyurmuşdur: "Ədəbsizlik cəfadır (yəni əzab verməkdir). Cəfəkarsa Cəhənnəmdədir”. ("Üsuli-Kafi”; "Babul-Bəza”; 9-cu hədis)

[4] "Nəhcülbəlağə”, 206-cı xütbə

[5] "Müsibət” sözünə diqqət yetirin. Bu söz Əli (ə)-ın İslama məsuliyyətinin böyüklüyünü ifadə edir.

[6] Həzrət Əlinin xəlifələrlə rəftarı haqqında geniş məlumat almaq istəyənlər "Fitrət” jurnalının 2006-cı il 6 (11) buraxılışında nəşr olunmuş "İmam Əlinin islami vəhdət məsələsində xəlifələrlə davranışı” məqaləsinə baxa bilərlər. Müəllif: İsmayıl Daneş: Mütərcim: Heydərəli İbrahimi.

[7] Bununla İmam Cəfər Sadiq demək istəmişdir ki, onun ana babası və ana nənəsi Əbubəkr Siddiqin nəvələridir. İmam Sadiqin anası Ümmü Fərvənin atası Qasım, Hz. Əbubəkrin oğlu Mühəmmədin oğlu, anası Əsma isə Hz. Əbubəkrin oğlu Əbdürrəhmanın qızıdır. İmam Cəfər Sadiqin nəsil şəcərəsinə nəzər saldıqda onun şərəfli nəsildən olduğu açıq-aydın görünür. Elə bu səbəbdən də iki möhtərəm xəlifənin nəslindən olan bu imama "əmudüş-şərəf”, yəni "şərəf dirəyi” deyirdilər. Bu möhtərəm imamın babaları Əli ibn Əbutalib və Əbubəkr Siddiq arasında lap əvvəldən mehribançılıq olmuş, qohum olduqdan sonra bu münasibətlər bir az da möhkəmlənmişdir. Onlar bir-birinin ünvanına kifayət qədər gözəl sözlər söyləmiş, bir-birini tərifləmiş və müsəlmanları Peyğəmbərin ailəsini və əshabələrini sevməyə çağırmışlar.

[8] Hicrətin 36-cı ilində baş verən Cəməl döyüşündə Təlhə, Zübeyr və Hz. Aişənin xətakar olduğunu qeyd edənlər olduğu kimi, bunu bir ictihad olaraq dəyərləndirən və hər iki tərəfi də günahsız sayanlar da vardır. Lakin əksər sünni alimlərinə görə ortada ictihad olsa da belə Aişə, Təlhə və Zübeyr bu mövzuda son dərəcə haqsızdırlar. Necə ki Peyğəmbərimizin Hz. Əliyə "sən əhdindən dönənlərlə savaşacaqsan” buyurması, Bədiüzzaman Səid Nursinin də bu hədisi izah edərkən əhdindən dönənlərin Cəməl döyüşündə iştirak edənlər olduğunu bildirməsi, yenə Peyğəmbərimizin Zübeyr və Aişəyə Hz. Əli ilə haqsız olaraq savaşacaqlarını bildirməsi Hz. Əlinin haqlı olduğunu açıq şəkildə sübut edir.

[9] "Peyğəmbər möminlərə öz canlarından daha yaxındır. Onun zövcələri (arvadları) möminlərin analarıdır. …” ("Əhzab”, 6)

[10] Həzrət Əli Həzrət Əbubəkrin müşaviri və məsləhətçisi olduğu kimi Xəlifə Ömərin də müşaviri və yardımçısı olmuşdur. Şeyx Mofid "İrşad” adlı tarixi əsərində bu mövzu üzərində dayanmışdır. Həzrət Əli bunu belə ifadə edir: "Ömərə də haqqını verdim. Ona itaət etdim, ordusunda döyüşdüm, verdiyi zaman alardım, döyüşə göndərdikdə gedərdim. Onun əmri ilə hüzurunda verilən cəzaları tətbiq edərdim”.[10]

Həzrət Əli həmişə Xəlifə Ömərin məşvərət heyətində yer alardı. Xəlifə Ömər onun fikirlərinə çox etibar edərdi. Bir dəfə iranlılar müsəlmanlara qarşı böyük bir ordu hazırlamışdılar. Həzrət Ömər əshabələrlə məsləhətləşdi. Hər biri bir fikir söylədi. Bəziləri Həzrət Ömərin ordunun başında getməsini istəyirdi. Həzrət Əli (ə) bu fikirlə razılaşmadı. Belə dedi: "Bil ki, bu işə (müsəlmançılığa) yardım etmək, yaxud onu köməksiz qoymaq, nə çoxluqladır, nə də azlıqla. İslam Allahın açıqladığı bir dindir. Ordu da Onun hazırladığı və yardım etdyi Öz ordusudur. Beləcə varacağı yerə varmış, doğacağı kimi doğmuşdur. Biz Allahın vədinə güvənirik. Allah da vədini yerinə yetirəcək və ordusuna kömək edəcəkdir. Hakim və əmir (yəni idarəçi və xəlifə) muncuq düzülən bir ipə bənzəyir. Muncuqlar o ipə düzülür, onları bir yerə o sap yığır. İp qırılarsa, muncuqlar dağılar, sonra onları bir yerə yığmaq heç vaxt mümkün olmaz. Ərəblər bu gün azdırlarsa da, İslamın gücü ilə çox sayılırlar. Birlik sayəsində yenilməz gücə sahibdirlər. Sən dəyirman daşının mili ol, döyüş dəyirmanını ərəblərlə fırlat. Onları döyüş atəşinin içinə sal, lakin özün döyüşə girmə, çünki sən buradan çıxsan, ətrafdakı ərəblər itaətdən çıxarlar. Bu vəziyyətdə geridə buraxdığın təhlükə, yönəldiyin şeydən daha əhəmiyyətli olar (yəni buraları qorumaq, oradakı döyüşdən daha çətin olar). Ərəb olmayanlar sənə baxınca: "Bu ərəbin köküdür. Onu yox etsəniz, rahatlığa qovuşarsınız”, – deyərlər. Bu düşüncə onların sənə daha çox hücum etmələrinə və səni yox etməyə çalışmalarına səbəb olar. Onların müsəlmanlarla döyüşə gələcəklərini deməyinə gəlincə səndən daha çox Allah-Taala onların gəlişini xoşlamır və O bəyənmədiyi şeyi aradan götürməyə daha qüdrətlidir. Onların sayca çox olduğunu deməyinə gəlincə biz bundan əvvəl sayımızın çoxluğu ilə yox, Allahın yardımına güvənərək savaşırdıq”[10].

Həzrət Ömər Həzrət Əlinin bu nitqindən çox məmnun oldu. "Fikir belə olar. Mən də belə düşünürdüm”, – dedi. Digər müsəlmanlar da Həzrət Əlinin təklifinin daha düzgün olduğunu söylədilər. Bu məsləhətləşmə nəticəsində baş verən döyüşdə müsəlmanlar böyük bir zəfər çaldılar.

Yenə Xəlifə Ömər (r.ə), romalılarla döyüşmək haqqında Həzrət Əli ilə məsləhətləşmişdi. Maraqlananlar "Nəhcülbəlağə”nin 134-cü xütbəsini oxuya bilərlər.

[11] Fatiməyə əziyyət verilməsi barəsində başqa hədislər də rəvayət olunmuşdur ki, onların baş verməsi haqqında yəqinliyimiz yoxdur. Evin, doğrudan da, yandırılması, Fatimənin qabırğasının sındırılması, bətnindəki uşağın düşməsi və onun döyülməsi və sillələnməsi haqqındakı rəvayətlər həmin rəvayətlər qisminə daxildir. Başqa tarixi rəvayətlər kimi sənəd və mətn baxımından bu söylənilənlər haqqında da işkallar və suallar vardır. Bəzi qədim alimlər də bu barədə tərəddüddə olduqlarını bildirmişlər. Şeyx Mofid o Həzrətin bətnindəki uşağın düşməsi haqqında, hətta, ümumiyyətlə, belə bir uşağın varlığı haqqında tərəddüd edir. ("İrşad”; c.1, s. 355) Baxmayaraq ki, bizim fikrimizcə, o uşağın varlığı qətidir. Şeyx Mühəmmədhüseyn Kaşiful-Ğita da o Həzrətin döyülməsini və sillələnməsini açıq-aşkar inkar edir.[11] Lakin bizim fikrimizə görə, bu rəvayətlərin nə isbat edilməsi, nə də inkar edilməsi mümkündür, çünki isbat dəlilə möhtac olduğu kimi, inkar da sübuta möhtacdır. Bir çox rəvayətlərdən təvatürlə əldə olunan budur ki, Fatimənin evinə hücum olunması, evinə girməklə ona ehtiramsızlıq edilməsi və evini yandırmaqla qorxudulması qətidir. Bizim fikrimizə görə, bütün bunlar bu böyük cinayətin əhəmiyyətini göstərmək üçün kifayətdir. Bu cinayət o qədər böyük və çirkin bir cinayət olmuşdur ki, hətta onun icraçıları belə sonralar buna görə peşmançılıq çəkmişlər. Buna görə birinci xəlifə vəfat edərkən demişdir: "Əli mənə qarşı hərb elan etsəydi də belə, kaş Fatimənin evinin ehtiramına toxunmayaydım”. ("Nəhcülbəlağənin şərhi”; c. 6, s. 50. "Lisanul-Mizan”; c. 4, s. 189. "Əvalimuz-Zəhra”; s. 417)

[12] "Maidə”, 55

[13] "Əhzab”, 25

[14] "Maidə”, 67

[15] Üsuli-din deyildikdə o həqiqətlər nəzərdə tutulur ki, insan yalnız onlara inanmaqla müsəlman olur və onlardan birinin inkar edilməsi ilə dindən çıxıb kafir olur. Əhli-Beyt məzhəbinə görə üsuli-din üçdür və bunlardan ibarətdir: tövhid, nübuvvət və məad. İmamət (imamlıq) üsuli-dindən yox, üsuli-məzhəbdən (məzhəbin əsaslarından) hesab olunur, çünki imamətə biz inandığımız kimi inanmayan şəxs şiə deyil, lakin müsəlman və mömindir. İmamətə inanmadığı üçün dindən çıxıb kafir olmaz. İmamət dinin və imanın böyük həqiqətlərindəndir. Lakin üsuli-dindən deyildir. Şiə məzhəbinin sabit əsaslarındandır. Ona görə də müsəlman və mömin bir insanın üsuli-məzhəbə inanmadan müsəlman və mömin qalması mümkündür. Lakin imamət həqiqətinə vaqif olduğu halda, onu inkar etməklə cəzalandırılar, xətakar və sapqın olduğu halda heç bir üzrü olmaz.

[16] "Həşr”, 7

[17] "Şəhadət” ("aşkar”) sözünün əksinə olaraq "qeyb” "Gözlə görünməyən, ağıl, hiss və başqa bəşəri bilgi vasitələri ilə bilinməyən varlıqlardan, münasibətlərdən, bir sözlə, insanın hiss və idrakının əhatəsində qərar tutmayan şeylər”dən ibarətdir.

[18] "Cinn”, 26, 27

[19] "Əraf”, 188

[20] "Ənam”, 50

[21] Sünnilərdə altı məşhur hədis kitabı olduğu kimi, şiədə də dörd hədis kitabı tutulmuş, məşhur olmuş və istifadə edilmişdir. Onlar aşağıdakılardır:

– "əl-Kafi fil-üsul vəl-füru”; Bu kitab "Üsuli-Kafi”, yaxud "Kafi” deyə tanınır. Kitabın müəllifi Şeyx Mühəmməd ibn Yəqub Kuleynidir (v. 329/940).

– "Mən la yəhduruhul-fəqih”; Bu kitabın müəllifi Şeyx Səduq adı ilə tanınmış Mühəmməd ibn Əli ibn Babuvəyh Qummidir (v. 381/991).

– "ət-Təhzib”; yaxud "Təhzibul-Əhkam”;

– "İstibsar”; Bu iki kitabın müəllifi "Şeyxut-Taifə” adı ilə tanınan Əbu Cəfər Mühəmməd ibn Həsən Tusidir (v. 460/1068).

Bunlara "Kütubi-Ərbəə” ("Dörd böyük kitab”) deyilir. Bu kitablarda yazılan hədislərin hamısının səhih olduğu və dində dəlil olaraq istifadə ediləcəyi fikri ifratçı bir əxbari qrupa aiddir. Şiənin üsuli xəttinə mənsub olan hədis alimləri bu dörd kitab üzərində müxtəlif çalışmalar aparmışlar. Aparılan çalışmalar nəticəsində "Kafi” kitabı belə dəyərləndirilmişdir: "Kitabdakı 16199 hədisin 5072-si "səhih”, 114-ü "həsən”, 1116-sı "müvəssəq”, 302-si "qəvi” və 9485-i isə zəifdir”.

[22] Mötəzilə məzhəbi hicri tarixinə görə II əsrin əvvəllərində Vasil ibn Ətanın (80-131 h.q.) vasitəsi ilə təsis olunmuşdur. Bu məzhəbin özündən əvvəlki əqidəvi məktəblərlə müqayisədə ən səciyyəvi xüsusiyyəti budur ki, onlar ağıla, əqli dəlillərə və əqli yolla nəticə almağa üstünlük verir, xəbər və rəvayətlərin məfhum (anlayış) və məzmunlarının qəbul olunmasını ağlın qəbul etməsi ilə şərtləndirirlər. Vasil ibn Əta, Həsən Bəsrinin şagirdi idi. ("İslam məzhəbləri ilə tanışlıq”; Mütərcim: Ağabala Mehdiyev)

[23] "Qəsəs”, 88

[24] "Maidə”, 64

[25] İstiarə və kinayə əsasən bədii məcazlardan biridir. Hər hansı bir şey haqqında qüvvətli təsəvvür yaratmaq üçün bunları başqa bir mövzunun və ya hadisənin ayrı-ayrı xüsusiyyətlərini bildirən məcazi ifadə ilə təsvir etməyə istiarə və kinayə deyilir.

[26] "Əhzab”, 45, 46

[27] Təkvini vəlayət (kosmik hakimiyyət) deyildikdə Allahın kainatın və kosmosun bütün işlərinin idarə edilməsi səlahiyyətini Peyğəmbər və onun Əhli-Beytinə verməsi, yaxud o işlərin bəzilərinin idarə edilməsini onlar arasında bölüşdürməsi nəzərdə tutulur.

[28] Bu barədə Seyid Mühəmmədhüseyn Fəzlullaha verilən sualı o, belə cavablandırmışdır:

Sual: Şiə məzhəbi imamların peyğəmbərlərdən daha fəzilətli olduğuna etiqad edirmi?

Cavab: Şeyx Səduqun "Üyuni-Əxbarir-Rza” kitabında nəql olunur ki, bir şəxs İmam Rza (ə)-ın yanına gəlib ondan soruşdu: "Məmun fasiq bir şəxs olduğu halda ondan vəliəhdliyi necə qəbul etdin?” İmam ona dedi: "Mən səndən soruşuram: "De görüm peyğəmbər fəzilətlidir, yoxsa rəsul (elçi)?” Həmin şəxs: "Peyğəmbər!”, – deyə cavab verdi. İmam ona dedi: "Müsəlman fəzilətlidir, yoxsa kafir?” Həmin şəxs, "Müsəlman!” – deyə cavab verdi. İmam dedi: "Yusif peyğəmbər idi və Misirin vəziri isə kafir idi. Buna baxmayaraq Yusif ona dedi: "Məni ölkənin xəzinələrinə məmur təyin et!” Mən isə peyğəmbər deyiləm, vəsiyəm. Məmun isə müsəlmandır. O, məndən vəliəhdliyi tələb etdikdə mən vəsi olduğum halda, onu qəbul etdim. Halbuki Yusif bundan əvvəl bir peyğəmbər idi”.

İmam bu hədisində peyğəmbərlərin vəsilərdən və imamlardan daha fəzilətli olduğunu təsdiq edir, çünki peyğəmbər Allaha bağlanmış və Onun tərəfindən göndərilmiş bir şəxsdir. İmam isə peyğəmbər vasitəsilə Allaha bağlanmış şəxsdir. ("Fikrun və səqafətun” ("Fikir və mədəniyyət”) qəzeti; 607-ci buraxılış, "Əqidəvi məsələlər” bölməsi)

[29] "(Ya Mühəmməd!) Söylə ki: "Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! (O kəlmə budur ki): "Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi Rəbb qəbul etməyək!” …” ("Ali-İmran”; 64)







  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun