16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

"MİLLİ GÖRÜŞ” LİDERİ MƏRHUM PROF. DR. NƏCMƏDDİN ƏRBAKANIN

GƏNCLİYƏ MÜRACİƏTİ


Həyat doğru ilə yanlışın, gözəl ilə çirkinin, faydalı ilə zərərlinin, ədalətlə zülmün mübarizəsindən ibarətdir.

İslam öz içində yalnız müsəlmanlara deyil, bütün dünyaya rahatlıq və sülh gətirəcək dəyərləri daşıyır. Gənclər də bu sülhün təminat yaradanıdır. Sülh, qardaşlıq, sevgi, ədalət və rahatlıq bütün insanlığın ortaq tələbidir. Müsəlman gənclərin də bu dəyərləri daşıması bir məcburiyyətdir.

Daşıdığımız bu məsuliyyətlərin əksinə bu gün bütün insanlıq bir böhran içindədir. Sanki İslam dünyası irqçi imperialistlərin əlində bir qan gölünə çevrilmişdir. Bundan başqa, işsizlik, aclıq, insan haqlarının pozulması ilə dünya gəncliyi böhrana sürüklənir. Böhrandan çıxmanın yolu yalnız və yalnız Milli Görüşlə mümkündür.

Bizim davamızın əsası şəfqətdir. Məqsədimiz bütün insanlığın səadəti üçün var gücümüzlə çalışmaqdır. İnsanlığın səadəti naminə çalışmaq əqidəmizin tələbidir. Dünyanı yönləndirən və tarixə şan verən hərəkatların sövqedici gücü tarixən də gənclər olmuşdur. Çələbi Mühəmmədləri[1] (Mehmedləri) və Fatehləri yetişdirən bu dünya bağrından saysız-hesabsız qəhrəmanlar çıxarmış və yenə də çıxaracaqdır. Bizim hərəkatımızın mühərriki gənclikdir.

Gənc davasının bayrağını ən yüksəyə sancan Ulubatlı Həsənlərin[2] yolu ilə gedən insandır. Gəncliyini insanlığın qurtuluş davasına həsr edən Milli Görüş gəncliyi, dünən olduğu kimi, yeni dövrdə də şahə qalxaraq böyük dastanlar yaradacaq potensiala malikdir. Bu baxımdan Milli Görüş gənci sağlam bir etiqad və əqidəyə sahib olmalı, daxili və zahiri təmizliyinə də diqqət etməlidir. İbadətlərində səhlənkar olmamalı, əxlaq sahibi bir insan olaraq öz nəfsini də tərbiyə edərək bütün insanlığın səadəti üçün çalışmalıdır.

Bunu da unutmamalıyıq ki, istər Səlcuqilər, istərsə də, Osmanlılar min ildən bəri yer üzündə haqqı və ədaləti təsis etdilər. Yalnız çox böyük dövlət adamları, elm adamları olduğu üçün deyil, eyni zamanda hər cəhətdən güclü olduqları üçün yer üzündəki bu böyük xidməti Cənabı-Allah onlara nəsib etmişdir, çünki Anadolunun hər yerində alimlər insanları hidayət edir və gənclərimizə nümunə olurdular. Bu gözəl nümunələri görən gənclərimiz həmin əqidə və imanla tərbiyə olunur, bir Seyid Çavuş belə ortaya çıxırdı. Tariximizdəki bütün zəfərlər silahla və maddi üstünlüklə deyil, yalnız iman, eşq və əzmlə qazanılmışdır. Bir ölkənin gücü onun tankı, topu və pulu deyil, imanlı övladlarıdır. Bunun da əsasının əqidəli, milli və mənəvi dəyərlərinə bağlı ailələr olduğu unudulmamalıdır. Əqidə hər şeyin təməlini təşkil edir və gənclər sağlam bir imana sahib olmalıdırlar.

Dəyərli gənclər, insanların xeyiri və səadəti üçün bütün gücünüzlə çalışın. Hər nəfəsin hesaba çəkiləyəcəyini bilərək, xeyirxahlıq yolunda çalışın. Ömrünüzün sonuna qədər insanlığa xidmət etməyə davam edin.

Həm də əsl hünər yük altında və xidmət əsnasında sadiq və sağlam qala bilməkdir. Yoxsa, çay söhbətlərində və ədəbiyyat kürsülərində qəhrəmanlıq göstərmək çox asandır. Bu baxımdan bir-bir bu deyəcəyim sözlərə qulaq asın. Milli Görüşü və bugünkü hadisələri bilmək üçün mütləq tariximizi yəqinliklə tanımaq məcburiyyətindəyik. Məhz buna görə Milli Görüşün təmsil etdiyi böyük mənaya görə sözlərimə diqqət edin.

Dəyərli gənclər, hər hansı bir şəxs Malazgirddə[3] imanının şahə qalxışını yaşamadan, Kosovada[4], Niqboluda[5] bir qılınc olub parıldamadan, Ulubatlı Həsən olub İstanbulu fəth etmədən, Sultan Fateh olub atını dənizə sürmədən, Qanuni olub şanlı orduları ilə Avropanın içinə yerimədən, Seyid Çavuş olub 250 kq-lıq mərmini "Ya Allah!” – deyərək lüləyə keçirmədən[6], Sakaryanın[7] səngərinə girmədən və Kiprdə düşmən xəndəyinin arasından keçmədən Milli Görüşün nə olduğunu başa düşə bilməz.

Siz bu şüura sahib gənclər olaraq insanlığın səadəti üçün çalışırsınız. Bütün dünyanın sizin bu fəaliyyətlərinizə nə qədər ehtiyacı olduğunu çox yaxşı bilirsiniz. Bu dünyanı inşallah siz xilas edəcəksiniz, çünki yaşadığımız hadisələrin bir dərmanı var, illərdən bəri təcrübələrimizlə izah etdiyimiz kimi bu dərman da yalnız Milli Görüşdür. Bu davanın mühərriki olaraq əzmlə çalışmağınız və fəaliyyətiniz inşallah dünyadakı insanları xilas edəcəkdir. Hamımız savabı da, günahı da olan böyük bir məsuliyyətin altındayıq.

İllərdən bəri bütün insanlara eşitdirməyə çalışdığımız hərtərəfli həqiqətləri qəlbdən-qəlbə nəsillər boyunca daşıyacaq gənclərimizin insanlığın gözlədiyi böyük həmləni ən qısa zamanda gerçəkləşdirəcəklərinə olan inamımız böyükdür.

Bu münasibətlə ölkəmizin (o cümlədən İslam dünyasının) hər yerində canla-başla fəaliyyətdə olan bütün gənclərimizin alınlarından öpür, müvəffəqiyyətlər arzulayıram. Allah hamımızı Cənnətində görüşdürsün!

 

Mütərcim: Xəyyam Qurbanzadə


[1] Osmanlı sultanlarından I Çələbi Mühəmməd (I Mehmed) İldırım Bayəzidin oğludur. 1379-cu ildə anadan olub. Ankara döyüşündən (1402) sonra parçalanmış Osmanlı torpaqlarını yenidən bir idarə altında birləşdirmək üçün qardaşları Süleyman, İsa və Musa Çələbilər ilə mübarizə aparmış və ən son 1413-cü ildə Palçıqlı mövqeyində Musa Çələbi güclərini məğlubiyyətə uğratdıqdan sonra Ədirnədə taxta çıxmışdır. 1421-ci il 26 mayda xəstəlikdən vəfat etmişdir.

[2] Ulubatlı Həsən İstanbulun fəthində bayrağı Bizans qala divarlarına ilk sancan timarlı sipahi olmuşdur.

[3] Malazgird Muş şəhərinin bir rayonudur. Ovası, qalası və tarixi Malazgird Meydan Müharibəsi ilə tanınmış bir rayondur. Malazgird döyüşü səlcuqilər ilə Bizans arasında 1071-ci il avqustun 26-da baş vermiş və səlcuqilərin qələbəsi ilə nəticələnmiş döyüşdür.

[4] Kosova Şərqi Avropada bir bölgədir və eyni zamanda müstəqilliyi mübahisə doğuran bir ölkədir. Kosova I Murad zamanında 1389-cu il I Kosova Müharibəsindən sonra Osmanlı Dövləti torpaqlarına tam olaraq qatıldı. 5 əsrdən artıq Osmanlının idarəsində qalan bölgə 1912-ci ildə I Balkan Müharibəsində Serbiyanın əlinə keçdi.

[5] Niqbolu Bolqarıstanın şimalında Pleven şəhərinin bir rayonudur. Niqbolu Müharibəsi 1396-cı ildə burada baş vermişdir. Niqbolu Müharibəsi 25 sentyabr 1396-cı ildə Osmanlı Ordusunun Macarıstan, Müqəddəs Roma German İmperiyası, Fransa, Polşa, İngiltərə Krallığı, Şotlandiya Krallığı, Köhnə İsveçrə Konfederasiyası, Venesiya Respublikası, Genuya Respublikası, St. Usal Cəngavərləri əsgərlərindən meydana gəlmiş bir xaçlı ordusu ilə Dunay çayı üzərində yerləşən Niqbolu qalası yaxınlarında apardığı və Osmanlının zəfəri ilə nəticələnmiş bir müharibədir. Bu döyüş eyni zamanda Niqbolu Xaç Yürüşü adı ilə də tanınıb Orta Əsrin sonuncu böyük Xaç Yürüşü olaraq da xarakterizə olunur.

[6] Seyid Əli Çabuk və yaxud Seyid Əli Onbaşı (d. sentyabr 1889 – ö. 1939) I Dünya Müharibəsində Çanaxqala cəbhəsində döyüşən Osmanlı əsgəri. 1889-cu ilin sentyabr ayında Balıkəsirin Havran rayonunun Çamlık (Manastır) kəndində doğulmuşdur. Atasının adı Əbdürrəhman, anasının adı isə Əminədir. 1909-cu ildə Osmanlı ordusuna qatıldı. Balkan döyüşündə vuruşdu. I Dünya Müharibəsinin başlaması ilə Çanaxqala cəbhəsində topçu sıravi əsgəri olaraq işə başladı. 1915-ci il 18 martda Müttəfiq Donanması Çanaxqala boğazını keçmək üçün hücuma başladı. Bu vaxt Seyid Onbaşı Rumeli Məcidiyə İstehkamında vəzifəli idi. Türk topçusunun intensiv cavab atəşi və daha öncədən "Nüsrət” mina gəmisinin suya tökdüyü minalar bu hücumu geri çəkilməyə məcbur etdi. Döyüş əsnasında fransız döyüş gəmisi "Buvit” vurularaq hərəkətsiz qaldı və batmağa başladı. Gəmi heyətini xilas etmək üçün yardıma ingilis "Oşn” və fransız "İrizistibl” gəmiləri gəldi. Lakin döyüş əsnasında Seyid Əlinin vəzifəli olduğu topun qaldırıcı kranı xarab oldu. Buna görə də Seyid Əli 250 kq-lıq ağırlığındakı top mərmilərini kürəyinə alaraq topun qundağına yerləşdirdi. Seyid Əli üçüncü atışında ingilis gəmisi "Oşn” gəmisini vurdu. Atılan mərmi gəminin bacasından içəri girərək gəmiyə böyük ziyan vurdu, bu səbəblə heyət gəmini tərk etməyə məcbur oldu. Buna görə də komandir ona kiçik-çavuş (yefreytor) vəzifəsini verdi. Çanaxqala döyüşündən bir gün sonra Seyid Əli Onbaşıdan kürəyində top mərmisi olduğu halda şəklinin çəkilməsi istənildi. Seyid Əli Onbaşı nə qədər güc gəldisə də, top mərmisini qaldıra bilmədi. Seyid Əli Onbaşı "Yenə döyüş olarsa, qaldıraram”, – dedi. Bundan sonra şəkli ancaq taxta bir mərmi ilə çəkildi.

Döyüş sona çatdıqdan sonra 1918-ci ildə kəndinə qayıdan Seyid Əli meşəbəyilik və kömürçülük işlərinə davam etdi. 1934-cü ildə qəbul edilən «Soyadı qanunu» ilə Çabuk soyadını aldı. 1939-cu ildə vərəm xəstəliyi üzündən vəfat etdi.

[7] Sakarya Türkiyənin Mərmərə bölgəsinin Çatalca-Kocaeli Bölümündə yerləşən bir şəhərdir. Sakarya Meydan Müharibəsi Qurtuluş Savaşındakı Atatürk tərəfindən "çox böyük və qanlı döyüş” mənasını verən "Məlhameyi-Kübra” ifadəsi ilə anılan bir müharibədir.




  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun