15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

GÜNDƏLİK DUALAR

BAZAR GÜNÜNÜN DUASI
RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!
Yalnız fəzilətinə (comərdliyinə, alicənablığına) ümid etdiyim, yalnız ədalətindən qorxduğum, yalnız sözünə etimad etdiyim və ipindən tutduğum Allahın adı ilə başlayıram. Zülm və düşmənçilikdən, zamanın dəyişkən hadisələrindən, hüzn və kədərlərin ard-arda gəlməsindən, xoşa gəlməyən hadisələrin baş verməsindən və hazırlıqdan və azuqə yığmamışdan əvvəl ömrün sona çatmasından Sənə sığınıram, ey əfv və razılıq sahibi! Doğrunun və islahatın olduğu hər bir şeydə yalnız Səni rəhbər tuturam, uğur və müvəffəqiyyətlə bərabər olan hər bir işdə yalnız Səndən kömək istəyirəm və Səndən istəyirəm ki, mənə kamil afiyət paltarı geyindirib davamlı əhatəli sağlamlıq və səlamət əta edəsən! Ey Rəbbim, şeytanların vəsvəsəsindən Sənə pənah aparır və Sənin gücünlə (hökmünlə) özümü sultanların zülmündən qoruyuram. Elə isə namazımı və orucumu qəbul et. Sabahımı və ondan sonrakı günlərimi bu saatımdan və günümdən daha fəzilətli qərar ver. Məni qohumlarım və qövmüm içində əziz və hörmətli et. Məni həm yuxuda, həm də oyaq olarkən qoru. Sən ən xeyirli qoruyucu olan Allahsan və Sən rəhimlilərin ən rəhimlisisən!
Allahım, bu günümdə və bundan sonrakı bazar günlərində şirkdən və küfrdən uzaqlaşıb Sənə doğru gəlirəm, dərgahında qəbul olunsun deyə ixlasla Sənə dua edirəm və mükafatlanacağıma ümid etdiyim üçün Sənə itaət edirəm.
Yaratdıqlarının ən xeyirlisi olan və xalqı Sənin haqqına doğru dəvət edən Mühəmmədə salam və salavat göndər və heç bir vaxt alçalmayan izzətinlə məni əziz və hörmətli et, heç bir zaman yatmayan gözünlə məni qoru və işimin Səndə sona çatması və ömrümün bağışlanması ilə möhür vur! Həqiqətən, Sən Ğəfursan, Rəhimsən!
 
BAZAR ERTƏSİ GÜNÜNÜN DUASI
RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!
Bütün həmdlər göyləri və yeri yaratdıqda heç kimi şahid tutmayan, canlıları yaratdıqda Özünə yardımçı götürməyən, ilahlığında şəriki olmayan, birliyində köməyi olmayan, sifətinin sərhədini dillərin vəsf etməyə və mərifətinin künhünü (həqiqət və mahiyyətini) ağılların idrak etməyə gücü çatmadığı, heybəti qarşısında qəddarların və zalımların təvazö ilə əyildiyi, qorxusu qarşısında üzlərin təslim olub zəlil görkəm aldığı, əzəməti qarşısında hər bir əzəmətli varlığın boyun əyib itaətkarlıq göstərdiyi Allaha məxsusdur! Dalbadal, nizamlı, ardıcıl və düzgün həmd Sənə məxsusdur! Onun əbədi, daimi və sonsuz rəhməti və bərəkəti Elçisinə olsun!
Allahım, bu günümün əvvəlini doğruluq, ortasını uğurlu və sonunu isə qurtuluş qərar ver. Əvvəli qorxu, ortası narahatçılıq və kədər, sonu isə ağrı və sancı olan gündən Sənə pənah aparıram. Allahım, nəzir edib vermədiyim hər bir nəzirə, vəd verib xilaf çıxdığım hər bir vədəyə və əhd bağlayıb dönük çıxdığım hər bir əhdə görə Səndən bağışlanmaq istəyirəm. Bəndələrindən hər hansı bir bəndə, yaxud kənizlərindən hər hansı bir kəniz olursa-olsun onlara etdiyim zülmlərə görə Səndən bağışlanmaq istəyirəm. Onun canına, yaxud namusuna, yaxud malına, yaxud da əhli-əyalına və övladlarına zülm etmişəm, yaxud onun qeybətini etmişəm, yaxud əyriliklə, yaxud nəfsin istəklərinə uyaraq, yaxud lovğalıqla, yaxud qəzəblə, yaxud riyakarlıqla və yaxud da təəssübkeşliklə onun haqqında pis fikirdə olmuşam. Onun qaib, yaxud hazır, ölü, yaxud diri olması arasında da heç bir fərq yoxdur.
Etdiyim xətaları düzəldib ondan halallıq almaqda əlim qısa və gücüm azdır. Ey istəklərə sahib olan – ki onlar Onun iradəsi ilə yerinə yetirilər və həyata keçər – Səndən Mühəmməd və Ali-Mühəmmədə salavat göndərməyini və onu istədiyin kimi məndən razı salmağını və nəzdindən mənə rəhmət əta etməyini istəyirəm. Həqiqətən, məğfirət Səndən bir şey əksiltməz və bəxşiş də Sənə heç bir zərər vurmaz, ey rəhimlilərin ən rəhimlisi!
Allahım, hər bazar ertəsi günü mənə Özündən iki nemət bəxş et; Sənə itaət etdiyimə görə əvvəlində xoşbəxtlik, sonunda isə məğfirətinlə bir nemət. Ey tək İlah, günahları Səndən başqa heç kəs bağışlamır.
 
ÇƏRŞƏNBƏ AXŞAMI GÜNÜNÜN DUASI
RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!
Bütün həmdlər Allaha məxsusdur (Əlhəmdulillah!)! Çoxlu həmdə layiq olduğu kimi həmd Onun haqqıdır. Nəfsimin şərindən Ona pənah aparıram. "Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs pis işlər görməyi əmr edər” [1]. Günahıma günah qatan Şeytanın şərindən Ona pənah aparıram. Hər bir facir (günahkar) qəddardan, zalım sultandan və məğlubedilməz düşməndən özümü Ona sığınmaqla qoruyuram.
Allahım, məni Öz ordunun əsgərlərindən qərar ver! Şübhəsiz ki, qələbə çalanlar məhz Sənin ordundur. Məni Öz firqəndən qərar ver! Şübhəsiz ki, nicat tapanlar məhz Sənin firqəndir. Məni Öz vəli bəndələrindən qərar ver! Şübhəsiz ki, Sənin övliya bəndələrin qorxu və kədər nə olduğunu bilməzlər.
Allahım, mənim üçün dinimi (yəni əməlimi) düzəlt, həqiqətən, o mənim qoruyucumdur. Mənim üçün axirətimi düzəlt, həqiqətən, o mənim qərar tutacağım ev və alçaq insanlarla qonşuluq etməkdən uzaq olduğum pənahgahdır. Həyatı mənim üçün hər bir xeyir əməlin artımının əsası, ölümü isə hər bir şər əməldən qurtuluş olaraq qərarlaşdır!
Allahım, peyğəmbərlərin sonuncusu və elçilərin sayının tamamlayıcısı Həzrət Mühəmmədə və onun pak, təmiz ailəsinə və seçilmiş əshabələrinə salavat göndər və çərşənbə axşamında mənə üç şey bəxş et; bütün günahlarımı bağışla, qəmi və kədəri məndən apar, düşməni isə məndən uzaqlaşdır. Adların ən xeyirlisi Allah adı ilə, yerin və göylərin Rəbbi Allahın adı ilə əvvəli Onun qəzəbi olan hər çirkin işi özümdən uzaqlaşdırmağa və əvvəli Onun razılığı olan hər bir gözəl işi isə özümə cəlb etməyə çalışıram. Ey ehsan sahibi, işimi Özündən olan məğfirətlə sona çatdır!
 
 ÇƏRŞƏNBƏ GÜNÜNÜN DUASI
RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!
Bütün həmdlər gecəni örtük, yuxunu rahatlıq, gündüzü də (ruzi qazanmaqdan ötrü) dirilik qərar verən Allaha məxsusdur. Məni yatdığım yerdən qaldırdığına görə Sənə heç bir zaman ardı-arası kəsilməyən daimi və yaradılmışların saya bilməyəcəyi qədər həmd olsun. Halbuki istəsəydin, yatdığım yeri sonsuz və əbədi qərar verə bilərdin (yəni mənim canımı alardın). Xəlq etdiyinə, nizama saldığına, hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini əzəldən müəyyən etdiyinə, hökm etdiyinə, öldürdüyünə, diriltdiyinə, xəstələndirdiyinə, şəfa və afiyət verdiyinə, imtahan etdiyinə, Ərşə yüksəldiyinə və mülkü Öz qüdrət əlində birləşdirdiyinə görə Sənə həmd olsun!
Sənə vasitəsi (vəsiləsi) zəifləmiş, çıxış yolu olmayan, əcəli yaxınlaşmış, dünyada ümidi azalmış, rəhmətinə olan ehtiyacı çoxalmış, səhlənkar davrandığına görə dərdi böyümüş, səhvi və büdrəməsi çox olan və qarşında tövbəsi xalis olan şəxsin duası kimi dua edirəm.
Peyğəmbərlərin sonuncusu Həzrət Mühəmmədə və onun pak və təmiz Əhli-Beytinə salavat göndər və mənə Həzrət Mühəmmədin – Allahın rəhməti ona və ailəsinə olsun! – şəfaətini əta et və məni onunla həmsöhbət olmaqdan məhrum etmə. Həqiqətən, Sən rəhimlilərin ən rəhimlisisən!
Allahım, çərşənbə günü mənə dörd şey əta et; elə et ki, gücümü Sənə itaət etməyə sərf edə bilim, fəaliyyətimi Sənə ibadət etməyə həsr edə bilim, savab verəcəyin işə meyil edim və mənim üçün şiddətli əzabına səbəb olacaq işdən çəkinim. Həqiqətən, Sən istədiyin şeyə qarşı çox mehribansan!
 
CÜMƏ AXŞAMI GÜNÜNÜN DUASI
RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!
Bütün həmdlər Öz qüdrəti ilə qaranlıq gecəni aparan, rəhməti ilə işıqlı gündüzü gətirən və onun işığını mənə paltar kimi geyindirən və mənə nemətini verən Allaha məxsusdur!
Allahım, məni bu günə qədər qoruyub saxladığın kimi digər günlər üçün də qoru. Peyğəmbər Mühəmmədə və onun Əhli-Beytinə salavat göndər. Məni bu gündə, digər gecələrdə və günlərdə haramlara mürtəkib olmaq və günahları yerinə yetirməklə kədərləndirmə, mənə bu günün və onda olanların və ondan sonrakı günlərin xeyirini əta et. Məndən bu günün və onda olanların və ondan sonrakı günlərin şərini uzaqlaşdır.
Allahım, həqiqətən, mən İslama sığınaraq Sənə yaxınlaşır və Quranın hörmətinə xatir Sənə arxalanıram və Mühəmmədi-Mustafa – Allahın rəhməti ona və ailəsinə olsun! – vasitəsi ilə dərgahından şəfaət istəyirəm. İstəyimin onunla həyata keçəcəyinə ümid etdiyim zimmətimi (əhdimi) qəbul et, ey rəhimlilərin ən rəhimlisi!
Allahım, cümə axşamı günündə mənim beş istəyimi həyata keçir ki, onları yalnız Sənin kərəmin çatdıra bilər və onlara yalnız Sənin nemətlərinin gücü çata bilər; elə bir salamatçılıq ki, onunla Sənə itaət edim, elə bir ibadət ki, onunla böyük mükafata layiq olum. Mənə bol halal ruzi ver, qorxu məqamlarında Öz əmin-amanlığınla mənim təhlükəsizliyimi təmin et və nigarançılıqlar və kədərlər mənə doğru gəldikdə məni Öz qalanın içinə al. Mühəmmədə və Əhli-Beytinə salavat göndər və ona olan təvəssülümü qiyamət günündə faydalı şəfaətçi qərar ver. Həqiqətən, Sən, rəhimlərin ən rəhimlisisən!
 
CÜMƏ GÜNÜNÜN DUASI
RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!
Bütün həmdlər yoxdan yaratmamışdan və həyat verməmişdən qabaq Əvvəl, varlıqlar yox olduqdan sonra Axir olan, Onu zikr edəni unutmayan, Ona şükr edən şəxsin nemətini azaltmayan, Ona dua edən şəxsi məyus etməyən və Ona ümid edən şəxsin ümidini kəsməyən Əlim (hər şeyi bilən) Allaha məxsusdur!
Allahım, mən Səni şahid tuturam və Sən şahid olaraq mənə kifayət edirsən. Bütün mələklərini, göylərində sakin olanları və Ərşini daşıyanları, göndərdiyin peyğəmbərlərini və elçilərini və yaratdığın müxtəlif növ varlıqlarını şahid tuturam. Mən şahidlik edirəm ki, həqiqətən, Sən Allahsan, Səndən başqa ilah yoxdur, Sənin şərikin də yoxdur. Sözünə bərabər söz yoxdur, sözündə yalan vəd və dəyişmə də yoxdur. Həqiqətən, Mühəmməd – Allahın salamı ona və ailəsinə olsun! – Sənin bəndən və elçindir və onun çiyinlərinə qoyduğun risaləti bəndələrinə çatdırdı və Allah yolunda əməlli-başlı cihad etdi, haqq olan savabı müjdə verdi və doğru olan cəzadan qorxutdu. Allahım, diri saxladıqca məni dinində sabitqədəm et, məni hidayət etdikdən sonra qəlbimə şəkk-şübhə salma! Mənə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, doğrudan da, Vəhhabsan (bəxşiş verənsən)! Həzrət Mühəmməd və onun ailəsinə salavat göndər və məni ona tabe olanlardan və onun tərəfdarlarından qərar ver və məni onun zümrəsində həşr et (dirilt). Cümələrin vacib əməllərini və o gündə mənə vacib etdiyin itaətləri həyata keçirməkdə və qiyamət günündə onun əhli üçün böldüyün bəxşişləri əldə etməkdə (həyata keçirməkdə) mənə müvəffəqiyyət ver! Həqiqətən, Sən Əzizsən, Həkimsən!
 
ŞƏNBƏ GÜNÜNÜN DUASI
RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!
Sığınanların möhkəm ipi və özünü (bəlalardan) qoruyanların dilinin zikri olan Allahın adı ilə! Zalımların zülmündən və paxılların hiyləsindən Allah-Taalaya pənah aparıram. Ona həmd edənlərin həmdinin fövqündə həmd edirəm.
Allahım, Sən şəriki olmayan Vahid, başqası tərəfindən mülkə sahib edilməyən Məliksən, hökmündə ziddin və mülkündə etirazçın yoxdur. Səndən istəyirəm ki, qulun və elçin olan Mühəmmədə salavat göndərəsən, nemətlərinin şükrü ilə məni razılığının qayəsinə (son həddinə) çatdıracaq şeyə doğru təşviq edəsən, Öz qayğının lütfü ilə mənə Sənə itaət və ibadət etməkdə və savabına layiq olmaqda yardım edəsən, məni diri saxladıqca haram etdiklərindən çəkindirməklə mənə rəhm edəsən və baqi saxladığın müddətcə mənim üçün faydalı olan işdə məni müvəffəq edəsən, Kitabınla qəlbimi açasan, onu oxumaqla günahımı tökəsən, dinimdə və canımda mənə salamatlıq bəxş edəsən, məni tez öldürməklə mənimlə ünsiyyətdə olan insanlara yalnızlıq hiss etdirməyəsən, keçən ömrümdə mənə yaxşılıq etdiyin kimi qalan ömrümü də ehsanınla sona çatdırasan, ey rəhimlilərin ən rəhimlisi!

[1] "Yusif”; 53


  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun