16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

ƏLLAMƏ FƏZLULLAH: "İSLAMIN KAMİL TƏTBİQİ OLMAYIB!”

Fatimə Simadi 2002-05-14

Beyrut. Əllamə Mühəmmədhüseyn Fəzlullah Livanda İslam hərəkatının ilk rəhbərlərindəndir. İnqilaba dəyişikliyin üslubu kimi inanır, necə ki quruluşun daxilindən dəyişdirilməsinə inanır. Əllamə Fəzlullah İslamı bütün təfsilatı ilə mənimsəmiş və bu əsasda da dialoqa dəvət edir. Buna görə o, İslam və xristianlar arasında dərin dialoqlara, habelə milli dialoqlara yol açmışdır. O, dialoqa Quranın üslubuna və başqa düşüncə sahibləri ilə əməkdaşlığa əqidəsinə uyğun çıxış edirdi.

O, Livanda Hizbullah daxilində geniş təsirə malik şəxsiyyət kimi qeyd olunur. Baxmayaraq Əllamə Fəzlullah təkidlə bildirir ki, Hizbullahda, yaxud başqa bir təşkilatda qurucu kimi çıxış etməmişdir, lakin o özü, ümumiyyətlə, ərəb reallığında, xüsusilə də, şiə – İslam reallığında İslam hərəkatının əcdadlarındandır, hətta sünni – İslam ortamında ağır çəkiyə malikdir.

O, siyasi düşüncəsində heç bir atəşkəs elan etmədən, danışıqlara getmədən İslam reallığından çıxış edir. Eyni zamanda o, bütün islami və qeyri-islami hərəkatlara, habelə başqa düşüncə sahiblərinə açıq olan bir dialoqçudur.

Əllamə Fəzlullahla bu dialoq İslamda düşüncə azadlığı və onun sahələrinə, üsula, siyasi İslama, qadının yeri və ona baxış məsələlərinə toxunmuşdur.

Sual: Deyirsiniz ki, "azadlığın müəyyən sahəyə hakim olan düşüncə üçün təhlükəli olması fikri yanlışdır və insanda zəif nöqtələrə təsir edir”. Başqasının düşüncəsindən qorxmaq necə yanlış ola bilər?

Seyid Fəzlullah: Təsəvvür edirəm ki, bir fikir dialoq və müzakirə sahəsində başqa bir fikirlə qarşılaşırsa, o zənginləşir, çünki başqa insanın ortaya qoyduğu düşüncə bu düşüncəyə yeni perspektivlər açır. Belə ki, bir şəxs ortaya öz düşüncəsini qoyduqda, əks düşüncələrlə qarşılaşarsa, öz düşüncəsindəki mövcud nöqsanları kəşf edir. Bu da onu həmin nöqsanları aradan qaldırmaq, yaxud qarşı düşüncə ilə üz-üzə gəlmək üçün daha dəyişik düşünməyə vadar edir. Hesab etmirik ki, başqa düşüncəyə qarşı laqeydlik düşüncəni süquta uğrada bilər. Habelə başqa düşüncəyə təzyiq etmək, xüsusilə, müasir reallıqda onu zəiflətməyə gətirib çıxarmaz. Elə bir müasir reallıq ki, təzyiqə məruz qalmış fikir onu təzyiqə məruz qoyan şəxs üçün onun daşıyıcılarından daha çox problem yaradır, çünki dünyada azadlıq hərəkatı təzyiqə məruz qalmış düşüncəni məşhurlaşdırır. Bu da insanları vadar edir ki, bu şəraitdə qarşı çıxılan düşüncəni daha çox qəbul etsinlər, nəinki problemsiz düşüncəni.

Buna görə də deyirik: "Əgər başqa düşüncə ilə vuruşmaq istəyiriksə, ona azadlıq verməliyik ki, öz təbii həcmini götürsün. Halbuki onu qüvvətləndirmək istəyiriksə, onun azadlığını əlindən almalıyıq”.

Sual: Zəif nöqtələrimiz haradadır? Bu nöqtələr ideoloji varlığımızın daxilindədir, yoxsa varlığımızın xaricindədir? Yəni bizi əhatə edən vəziyyətlərdən qaynaqlanır?

Seyid Fəzlullah: Bizim həyati zəif nöqtəmiz düşüncənin problemləri qarşısında rasionalizmin, düşüncə tərəflərinin müzakirəsindəki, yaxud qarşı düşüncə ilə, yaxud öz aramızdakı dialoqdakı obyektivliyin itirilməsidir. Əziyyət çəkə biləcəyimiz problem dərinə varmağımıza imkan verməyən, bizi müstəvidə saxlayan həssaslıqdır. Bu da insanları təəssübkeşliyə vadar edir. İnanıram ki, təəssübkeşlik elə bir hissi üslubdur ki, problemlərə real şəkildə deyil, hissi şəkildə baxmağa vadar edir. Buna görə də hesab edirəm ki, əlaqələr, reallıq və düşüncə problemləri ilə qarşılaşma müstəvisində bu həssas hissi şərq tərbiyəsi ideoloji varlığımıza hakim olan əsas problemdir. Belə ki, başqa xarici amillər bu düşüncədən qidalanır, çünki bu amillər insanın işlər qarşısındakı duyğu və həssaslığından istifadə edir.

Sual: Deyirsiniz ki, İslam dini əks tərəfdə dayanan insanın üzünə yəqinliklə qənaətə çatma qapısını bağlamamışdır. … Necə?

Seyid Fəzlullah: İslam insan üçün şərait yaradır ki, şübhə etsin. O mənada ki, şübhə insanı ideya daxilində yaşamağa vadar edir. Mövzu ətrafında insanı tədqiqata sövq etmək üçün onun ağlında mədəni həyəcan oyandırır. O tədqiqata başladıqda istər-istəməz yəqinliklə qarşılaşır. Xüsusilə də, ideya dəlil və sübut və s. kimi ünsürlərə malik olduqda. Biz Əhli-Beyt imamlarının birindən – İmam Cəfər Sadiqdən belə rəvayət edirik: "Əgər bəndələr bilmədikləri vaxt dayanarlarsa və inkar etməzlərsə, kafir olmazlar”[1].

Bir şəxs ondan soruşdu: "Biri Allaha şəkk edərsə?” Dedi: "Kafirdir!” Həmin şəxs dedi: "Biri Allah Rəsuluna şəkk edərsə?” Buyurdu: "Kafirdir!” Sonra (küfr sözü ilə nəyi nəzərdə tutduğunu izah edərək) dedi: "Yalnız inkar edərsə, kafir olar!” Yəni o şübhə mərhələsində qalıb həqiqəti axtardıqca kafir olmaz, çünki küfr inkardır. İnsan əks düşüncə qarşısında Quran-kərimin ortaya qoyduğu dialoq üslubunu öyrəndikdə görür ki, hər hansı məsələdə şəkk doğuran üslub dialoq vasitəsi ilə yəqinliyə gətirib çıxarır. Allah-Taala buyurur: "… Doğru yolda olan, yaxud açıq-aşkar azan bizik, yoxsa siz?” [2] Bu o deməkdir ki, mən ya hidayətdə, ya da zəlalətdə olacam. Eləcə də sən ya doğru yoldasan, ya da yanlış. Gəlin itmiş həqiqəti axtaraq. Müsəlman bu yolda gedəndir… Peyğəmbər (ə) və Quran-kərim də bunu göstərir. Həqiqəti axtaran müsəlman şübhəçi deyil. O, öz təcrübəsində şübhəni bir üslub kimi ortaya atır ki, qarşı tərəfi cəlb etsin. Şübhəyə cəlb etsin ki, dialoq ortaq dil olsun. Görürük ki, sual doğuran elmi şübhədə heç bir problem yoxdur. Bu zaman düşüncə hərəkət edir və bütün suallara cavab tapır. Hesab edirik ki, düşüncədə şübhədən hərəkət edərək yəqinliyə çatan insan heç bir mədəni əziyyət çəkmədən fikri götürən insandan daha güclü və daha mətindir.

Sual: İslamda düşüncə azadlığının hüdudları nədir?

Seyid Fəzlullah: Təbii ki, hər hansı bir azadlıq kimi düşüncə azadlığı da insanların beynində mövcud şəkli ləğv etmədən obyektiv şəraitdə hərəkət etməlidir. Düşüncə məsələsi budur ki, insanlara düşünmək imkanı verməlidir. Buna görə də deyirik: "Düşüncə azadlığı ideoloji və mədəni sahələrdə problem deyil, çünki düşünmək imkanına malik ziyalılar digər tərəfin düşüncəsi ilə obyektiv şəkildə tanış ola bilərlər. Onu ya qəbul edəcəklər, ya da inkar edəcəklər. Hiss və duyğunun üstün gəldiyi ümumi sahələrdə müxtəlif ideyaların ortaya atılması daha çox problem yaradır və böyük müsbət nəticəyə gətirib çıxarmır, çünki düşüncə azadlığına sahib olmayan insanlar bu və ya digər düşüncədən, cəmiyyəti çaşqınlığa sala biləcək, ona zərər vura biləcək və hamının beynindəki mövcud şəkli poza biləcək bəzi səthi başlıqlar götürəcəklər”.

Sual: İslamda daxili etiraza yer vardırmı?

Seyid Fəzlullah: Təbii ki, daxili etiraz iki növdür: Biri, İslamı aradan qaldırmaq üçün hərəkət edən etirazdır ki, buna və İslamın quruluşunu təhlükə altına atacaq, cəmiyyəti İslamdan uzaqlaşdıracaq etiraza İslam yol vermir.

Reallığı düzəltmək, hakimlərin zəif nöqtələrini və mənfi cəhətlərini islah etmək istəyən, haqsız olaraq müsəlmanların müqəddəratına ağalıq edən zalım hökmdarı devirməyə çalışmaq, müsəlmanların mənafeyinə zidd layihənin ləğvinə səy göstərən siyasi etiraza gəlincə bu etirazın mövcudluğuna etiraz yoxdur. İslam təcrübəsində var ki, müsəlman insan xəlifə və hakim qarşısında ucadan danışa bilir, hər hansı bir layihəni və davranışı tənqid edə bilir. Biz İmam Əlinin bəzi sözlərini oxuya bilərik: O deyir: "Mənimlə güc sahibləri ilə danışdığınız kimi danışmayın. Qılınc sahiblərindən çəkindiyiniz kimi məndən çəkinməyin. Mənə haqqı deməkdən, ədaləti göstərməkdən çəkinməyin. Haqqı eşitmək, yaxud ədalətin tələb olunması ona ağır gələn şəxsin bu ikisinə əməl etməsi ona çox ağır gələr. Buna görə də haqqı deməkdən, yaxud ədalətli məşvərətdən çəkinməyin! …” 

Bu cümlələri oxuduqda görürük ki, hakim o şəxsdir ki, insanlardan tələb edir ki, ona tənqidi yanaşsınlar, ona haqqı söyləsinlər, ədaləti onunla müzakirə etsinlər. Bu da onu göstərir ki, İslam rejim daxilində etiraz üçün şərait yaradır.

Sual: Bu hal "fəqihin vəlayəti (hakimiyyəti)” nəzəriyyəsinin hakim olduğu bir dövlətdə mümkündürmü?

Seyid Fəzlullah: Bəli, bu, müəyyən şəkildə mövcuddur. Buna görə hesab edirik ki, hazırda mətbuat, habelə dünyəvi mətbuat tənqid etmək azadlığına və bu sahədə irəliləmək hürriyyətinə malikdir. Biz hiss edirik ki, İranda siyasi azadlıq mövcuddur, lakin bir qəzet və ya bir şəxs mühakimə olunursa, bu, onun qanuna və ya quruluşa müxalif olmasından irəli gəlir. Ola bilsin, bəzi insanlar bu qanundan narazıdırlar. Bu halda onlar şura yolu ilə onu dəyişdirməyə çalışırlar. Nə qədər ki, qanun mövcuddur, hamı ona tabe olmalıdır. Əgər qanundan narazıdırlarsa, hüquqi yolla onu dəyişdirməlidirlər, yaxud Ali Məclisə səs vermə yolu ilə qanunun dəyişdirilməsi üçün layihə təqdim olunmalıdır.

Sual: Hər hansı bir mərhələsində İslam kamil şəkildə tətbiq edilmişdirmi?

Seyid Fəzlullah: Mən iddia edirəm ki, heç bir prinsip dünyada kamil şəkildə tətbiq olunmamışdır. İslamın tətbiq olunması üçün hakimiyyətin İslam hakimiyyəti olması yetərli deyil, əksinə insanlar öz xüsusi və ümumi həyatlarında İslam ruhu ilə yaşamalıdırlar. Habelə İslamın tətbiq olunması üçün imkan yaradacaq iqtisadi, ictimai və siyasi şərait də olmalıdır. Biz deyirik ki, İslam Peyğəmbərin, onun əshabəsinin və raşidi xəlifələrin dövründə şəraitin imkan verdiyi qədər tətbiq olunmuşdur, lakin mükəmməl şəkildə tətbiqindən danışa bilmərik, çünki kamil tətbiq məsələsi bu və ya digər sahədə insanların İslamı yaşaması ilə bağlıdır. Haqqında danışmalı olduğumuz məsələ odur ki, müstəmləkəçilik və s. gəlməmişdən əvvəl İslam zaman ərzində islami gedişata hakimlik edirdi.

Sual: İslam fundamentalizmi və siyasi İslam haqqında rəyiniz nədir?

Seyid Fəzlullah: İslam siyasəti öz daxilində bir qayda kimi saxlayır, çünki İslam ədalət hökm sürsün deyə mövcud olmuşdur. Allah-Taala buyurur: "Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik. Biz onlarla birlikdə Kitab və ədalət tərəzisi nazil etdik ki, insanlar ədalətlə rəftar etsinlər” [3].

Siyasətsiz ədalət yoxdur. İstər hakimiyyətin, istər hakimin, istərsə də, qanunun siyasəti olsun. Buna görə biz siyasətdən insanların işlərini idarə edən, onlar barəsində tədbirlər görən, onların yaşayış səviyyəsini qaldıran, problemlərini həll edib həyatlarını nizama salan bir vasitə kimi danışdıqda, həyatın bütün sahələrində şəriətə əsaslanan İslamdan bəhs edirik. Təbiidir ki, müsəlman məlum quruluşa çatmaq və bu quruluşu idarə etmək yolunda siyasətdən istifadə edir.

Fundamentalizmə gəlincə bu istilahın iki mənası var: Qərb istilahına əsaslanan fundamentalizm; bu qarşı tərəfi tanımadan ləğv etmək, dəyişikliyə çatmaq üçün gücü vahid vasitə hesab etmək hərəkatıdır. Bu isə bizim rədd etdiyimiz fundamentalizmdir, çünki İslam qarşı tərəfi tanıyır. Axı, qarşı tərəf əhli-kitabdır. Allah-Taala buyurur: "Söylə ki, ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin!” (O kəlmə budur ki): "Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq. …” [4] Artıq gördük ki, kitab əhli indiyə qədər müsəlmanlarla bərabər yaşamış və İslam onları ləğv etməmişdir. Gücə gəlincə İslam onu əsas saymır, çünki Allah-Taala buyurur: "Yaxşılıqla pislik eyni ola bilməz! Sən pisliyi yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən!” [5]

İslamda güc digər hər hansı bir mədəniyyətdə olan güc kimidir. Bu güc müdafiə və qorunmaq üçündür, başqalarını müsadirə edib onlara işgəncə vermək məqsədini güdən hücum üçün deyildir.

Biz qərb anlayışındakı fundamentalistlər deyilik. Biz başqa mənada fundamentalistlərik. Əsas mənbələrə qayıtmaq mənasında bir qayda kimi bu mənbələrə əsaslanmaq, insanların ehtiyaclarını ödəyəcək hərəkata qoşulmaq istəyirik. Qoy bununla insanlar hiss etsin ki, İslam onların problemini araşdırır və həll edir.

Sual: Livanda tayfa vəziyyətinin çətinliklərinə baxmayaraq, siz müsəlmanlarla xristianlar arasında dialoqa dəvət sahəsində uğur qazanmısınız. Bu təcrübə barədə bizə danışacaqsınız?

Seyid Fəzlullah: Güman edirəm ki, İslamda dialoq islami dəvətin hərəkətverici qaydasıdır, çünki dəvət məsələsi bizi vadar edir ki, qarşı tərəfə xitab edək, onu dinləyək, onun düşüncəsini müzakirə edək, öz düşüncələrimizi ona şərh edək. Quran-kərim də dialoq kitabıdır. O, kafirlərlə, kitab əhli ilə, münafiqlərlə dialoq yaratmışdır. Hesab edirəm ki, ümumi xətt Allahın buyurduğudur: "(Ya Mühəmməd!) İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et. …” [6] Livanda müsəlmanlarla xristianlar arasında dialoq üçün bir qayda yaratmaq üzərində işlədik, çünki onlar ilahiyyat sahəsində ixtilafa varsalar da, vahid bir Allaha etiqadda birdirlər. İlahın şəxsində fikir ayrılığı olsa da, mənəvi-əxlaqi dəyərlərdə ixtilaf etmirlər. Habelə biz Livanda onda ixtilaf etmirik ki, məhəbbət, tolerantlıq, əməkdaşlıq, iqtisadi və siyasi cəhətdən çökdürmək istəyənlərə qarşı durmaq əsasında bir vətən quraq. Buna görə də biz livanlıları xristianı və müsəlmanı ilə, sünnisi və şiəsi ilə, hətta digər millətləri ilə bərabər dialoqa çağırırıq. Hətta dünyəvilərlə islamçıları belə dialoqa çağırırıq.

Güman edirik ki, işçisi, fəhləsi və ziyalısı ilə Livan xalqı bir-biri ilə dialoq etmiş və nəticələr çıxarmışdır. Problem o şəxslərdədir ki, onlar tayfaçılıq mövqeyində dayanır və dialoqu çətinləşdirirlər. İnanıram ki, Livan təcrübəsi başqa təcrübələr üçün açılış ola bilər.

Sual: Dəfələrlə sui-qəsd cəhdinə məruz qalmısınız, nə üçün?

Seyid Fəzlullah: Fikrimcə, mən həyatımı daha çox mübarizə meydanında yaşamışam. İlk başlanğıcdan dünya haqsızlığına, ələlxüsus Amerika siyasətinə, regionda sionist siyasətinə qarşı durmuşam. İslam reallığında gerilik və cəhalət cərəyanlarına qarşı gəlmişəm. İnanıram ki, saysız sui-qəsd cəhdlərinin bəzilərinin arxasında Amerika kəşfiyyatı, bəzilərinin arxasında siyasi cərəyanlar, bəzilərində isə şəxsi məsələlər dayanırdı. Bütün bu cərəyanlar öz xalqı və ümmətinin böyük qüvvələr qarşısında güclənməsini istəyən azad səsə dözə bilmirlər.

Sual: Qadına necə baxırsınız? Hesab etmirsinizmi ki, müsəlman qadının nəzərə alınması vaxtı gəlib çatmışdır?

Seyid Fəzlullah: Mən kişinin insanlıq ünsürlərindən fərqlənməyən müsəlman qadını bütün insanlıq ünsürləri ilə azadlığının carçılarından olmuşam. Quranı oxuduğumuz zaman görürük ki, o, dəyərlər baxımından kişini qadından fərqləndirmir. Baxmayaraq ki, irs, yaxud ailə həyatı barəsində bəzi xüsusiyyətlər haqqında danışmışdır. Bu da tarazlıq, vəzifələrin paylaşdırılması və ailə həyatının tənzimlənməsindən irəli gəlir. Qadın bütün işlərində bağlı olduğu bəzi öhdəlikləri çıxmaq şərti ilə tam kamil və müstəqil bir insandır.

Buna görə də biz deyirik ki, həddi-büluğa çatmış rəşidə (mənfəətini və zərərini başa düşən) qadın evlilikdə azadlığa malikdir. O, müstəqil qanuni şəxsiyyətdir. İstər atası, istər qardaşı, istərsə də, əri bəzi ailə cavabdehlikləri istisna olmaqla heç kim onun üzərində hökmran deyildir. Qadın siyasətdə və cəmiyyətdə öz sözünü demək, həyatın bütün çətinliklərində kişi ilə bərabər iştirak etmək haqqına malikdir. Bu barədə Allah-Taala buyurur: "Mömin kişilərlə mömin qadınlar bir-birinin vəliləridirlər. Əmrun bil-məruf və nəhyün ənil-münkər edirlər. …” [7] Problem ondadır ki, qadın və kişinin geriliyi onların bir-birinə baxışında qarışıqlıq yaradır. Problem qadın problemi deyildir. Problem qadınla kişinin birgə problemidir, bu da gerilik və cəhalət düşüncəsindən irəli gəlir.

Tərcümə: Salman Süleymanov

Təshih: Xəyyam Qurbanzadə



[1] "Üsuli-Kafi”, "Babül-Küfr” 19-cu hədis

[2] "Səbə”, 24

[3] "Hədid”, 25

[4] "Ali-İmran”, 64

[5] "Fussilət, 34

[6] "Nəhl”, 125

[7] "Tövbə”, 71


  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun