16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

İSLAM LİDERLƏRİNİN ŞAHİDLİYİ

ƏSRƏ İSTİQAMƏT VERƏN İSLAM LİDERLƏRİNİN
RƏHBƏRLƏRİ ƏRBAKAN HAQQINDA ŞAHİDLİYİ

2008-ci ildə Orta Şərq Fələstin düşərgələrindən qayıdarkən Suriyada Həmasın lideri Xalid Məşəl bəyi ziyarət etmişdim. Fələstin barədə, oradakı düşərgələr və Orta Şərqin problemləri haqqında danışdıq. Ziyarətimiz sona çatmış, ayrılıq vaxtı gəlmişdi. Xalid bəy Məscidi-Əqsanın böyük bir maketini gətirdi və dedi, Şərafəddin qardaşım, bunu II Əbdülhəmidə aparacaqsan. İlk əvvəl heç nə başa düşmədim. Əcəba, Xalid bəyin Türkiyədə ikinci Əbdülhəmid adında dostumu var? – deyə düşünərkən Xalid bəy sözünə davam etdi:"O, bizə və bütün müsəlmanlara sionizmi və sionizmin hiylələrini başa saldı. Biz sionizmin nə olduğunu ondan öyrəndik. Allah Xocamızdan razı olsun”. Başa düşdüm ki, Ərbakan Xocamız haqqında danışır. Məscidi-Əqsanın bu maketini alıb Türkiyəyə qayıtdım. Ankarada Xocamı ziyarət etdim. Gecə saat on iki idi və o, hələ evində toplantıda idi. Beş dəqiqəlik icazə alıb və hüzuruna daxil oldum. Bildirdim ki, Xocam, Orta Şərqdən gəlirəm. Suriyada Xalid Məşəl bəyi ziyarət etdim. Mənə Məscidi-Əqsanın maketini verdi və dedi ki, bunu II Əbdülhəmidə aparmalısan. Xocam bu sözlərdən təsirləndi və ağlamağa başladı. Orada olanlar da ağladılar. Bir neçə dəqiqədən sonra Xocam dedi:"Kaş Türkiyədəki müsəlmanlar da məni İslam ölkələrindəki müsəlmanlar qədər başa düşə biləydilər”.

Xocam! Sənin qövmün, sənin ölkəndəki müsəlmanlar da səni tanıya bilmədi və səni dünya müsəlmanlarının başa düşdüyü qədər başa düşə bilmədi. Kaş başa düşə bilsəydilər, tanıya bilsəydilər. Bəlkə də, sizin ən böyük hədəfiniz olan yenidən böyük Türkiyə qurulmuş və addım-addım yeni bir dünya nizamının qurulması yolunda sona yaxınlaşmışdı.

Məqamınız Cənnət olsun, Xocam! İnşallah sizin davamçılarınız olan Milli Görüş mücahidləri sizin bu mübarizənizi davam etdirəcək və məqsədlərinə çatacaqlar.


1. Livan "İslami Camaat”ın qurucusu və ilk sədri Fəthi Yəkən

– Möhtərəm Xocam, Ərbakan Xoca və Türkiyə üçün etdikləri haqqında nə deyə bilərsiniz?

– Xocanı və onun yalnız sizin ölkəniz üçün deyil, bütün İslam aləmi üçün etdiklərini tam başa düşmək üçün İslam dinini və tarixini yaxşı bilmək və öyrənmək lazımdır. Ərbakan Xocanı uzun illərdən bəri tanıyıram. Onunla bir yerdə çox olduq. Əslində bu bərabərliyin kökündə bir mənada eyni davaya xidmət etməyimiz və mənim anamın da Osmanlı ailəsindən olması dayanırdı. Sizin yaşınız azdır, o illəri xatırlaya bilməzsiniz. Mən Türkiyədə uzun illər qaldım. İstanbulda evim vardı. 60-cı illər haqqında danışıram. O illərdə Türkiyədə xalqla dövlət arasında bir küskünlük yaranmışdı. Müsəlmanların dövlət rəhbərliyində heç bir söz haqqı yox idi. Dövlətin üst təbəqəsindəki insanlar İslamı və müsəlmanları yalnız seçkilərdə yada salırdılar. Bəzi islami fəaliyyətlər vardı, lakin bunlar ya gizli idi, ya da siyasi deyildi. Türkiyə müsəlmanları Xocanın sayəsində dövlətlə barışdılar, nazir oldular, varlandılar və bələdiyyə sədri seçildilər. O illərdə, yəni Xocanın hərəkatından əvvəl islami mövzuda televiziya və radio verilişləri qura bilməzdiniz. Xoca elm əhli, təqva əhli və imanlı bir insan idi. Sadəcə Türkiyə üçün deyil, bütün müsəlmanlar üçün hədəfləri olan, layihələri olan bir lider idi.

Xoca Türkiyəyə çox şeylər qazandırdı. Türkiyə müsəlmanları bu gün əldə etdikləri bir çox uğurlara görə Xocaya borcludurlar. Lakin başda Xocanın yanında olan bəzi tələbələri olmaqla bir çox şəxslər Xocanı başa düşə bilmədilər, ya da başa düşmək istəmədilər. İslam ölkələrinə baxın. Milli Görüş Hərəkatı Türkiyədə başlamamışdan əvvəl heç bir İslam ölkəsində müsəlmanların siyasi bir təşəkkülü yox idi. Biz Livanda camaat olaraq Milli Görüşdən əvvəl qurulmuş bir camaatıq, lakin siyasi bir təşəkkülümüz yox idi. Digər İslam ölkələrində də vəziyyət belə idi. Xoca partiya qurub məclisə girincə İslam ölkələrindəki islami təşkilatlarla da yaxından görüşlər keçirildi. Toplantılar keçirilərdi və bu toplantılarda iştirak edən ölkələr Xocanın idealındakı İslam ölkələri haqqındakı görüşlərini, layihələrini dinləyər, öz vətənlərinə qayıtdıqdan sonra bu layihələri həyata keçirərdilər. Əlbəttə ki, digər ölkələr Türkiyə kimi deyildi. Xocanın fikirlərinin tətbiq olunmasına bəzi ölkələrdə, ələlxüsus Misirdəki və Suriyadakı diktator rejimlər icazə vermədi.

Möhtərəm Ərbakan Xoca sayəsində müsəlman təşkilatlar bir araya gəlməyi öyrəndi. D8 ölkələri İslam üçün böyük bir layihədir, lakin Qərb, sonra da Türkiyədəki bəzi dairələr buna mane oldu. Xoca 1997-ci ildə iqtidardan salındı. Əgər Xoca bu günə qədər hakimiyyətdə qalsaydı və sadəcə D8 layihəsini həyata keçirsəydi, bu gün müsəlmanlar Qərblə yarışa biləcək vəziyyətdə olardı (May 2008, İstanbul).


2. Livan "İslami Camaat”ın sədri İbrahim Misri

– Möhtərəm Xocam, bu sualım möhtərəm Ərbakanla əlaqədar olacaq. Bir çox İslam ölkəsini ziyarət etdim. Sizin kimi bir çox islami camaat lideri ilə, alimlərlə və önəmli islami şəxsiyyətlərlə görüşdüm. Möhtərəm Ərbakan haqqında söz düşdükdə "O, siyasi İslamın qurucusudur”, – deyirlər. Siz bu haqda nə deyə bilərsiniz? Möhtərəm Ərbakanla heç görüşdünüzmü və ya görüşürsünüzmü?

– Möhtərəm Ərbakanla 1970-ci ildə tanış olmuşam. Bizim siyasi fəaliyyətlərimiz Livanda yeni başlamışdı. Möhtərəm Ərbakan da Türkiyə siyasətində yeni bir şəxsiyyət idi. İcma məni Ərbakanla görüşmək üçün Türkiyəyə göndərdi. İlk görüşümüz Ankarada oldu. Mən o zaman gənc idim, Xoca da gənc idi, lakin yaşca məndən böyük idi. Xocanın adı İslam ölkələrində eşidilmişdi, çünki Xocadan əvvəl siyasi İslam haqqında danışan İslam lideri yox deyiləcək qədər az idi. Ankarada Xocanın evində üç saat davam edən bir görüşümüz oldu. Xoca danışırdı, mən türkcə bilməməyimə baxmayaraq, tərcüməçi Xocanın danışdıqlarını tərcümə etməmişdən qabaq mən artıq onun nə danışdığını başa düşürdüm. Bəzi insanlar vardır ki, danışarkən hal dili (lisani-hal) onun böyüklüyünü, səmimiyyətini anladır. Sizin onun danışdığı dili başa düşməyiniz o qədər də əhəmiyyətli deyildir. Mənim üçün əhəmiyyətli olan Xocanın şəxsiyyəti idi. O danışarkən sanki ümmətin yükünü çiyinlərində daşıyırdı. Türkiyə və ümmət üçün yerinə yetirilməsi lazım olan işlər haqqında danışırdı. İlk görüşümüz belə oldu. Əlbəttə, sonralar Xoca ilə çox görüşlərimiz olub. Seçki fəaliyyətlərinizdə də çox iştirak etdim. Bəlkə də, siz o zaman heç dünyaya gəlməmişdiniz.

Bir xatirəmi danışmaq istəyirəm. Hansı ildə olduğunu dəqiq yadıma sala bilməsəm də, deyəsən, yenə seçkilər vaxtı idi. Seçki fəaliyyəti üçün Kayseriyə getdik. Orada Kayserinin önəmli mənəvi liderlərindən birinin cənazə namazında iştirak etdik. Qəbristanlıq kənddən çox kənarda idi. İnsanlar cənazəni çiyinlərində aparırdı, yol da palçıqlı və uzaq idi. Ərbakan Xocaya yorulmasın deyə maşınla getməyi təklif etdilər. Lakin o, bunu qəbul etmədi və cənazənin arxasınca piyada gedərək camaatla birlikdə qəbristanlığa qədər gəldi. Xoca böyük bir insan idi, alim idi və elminə əməl edən bir şəxs idi. İslam ölkələri daha çox siyasi məsələlərdə Xocadan çox istifadə etdi. Lakin Qərb ölkələri və Türkiyənin bəzi dairələri Xocanı heç sevmədilər. Müsəlmanlar da Xocanı qiymətləndirə bilmədilər. Bu gün ölkənizdə müsəlmanlar bəzi məqamlar əldə edə bildilərsə, bu işdə Xocanın böyük zəhməti oldu. Bunu heç kim inkar edə bilməz. Allahdan istədiyimiz budur ki, onun gücünə güc qatsın, bu çətin yolda yardımçısı olsun. O, əslində çatmaq istədiyi hədəfə çatdı, çünki bizim üçün bir xəritə çəkdi və bu karvan da yolu ilə gedir. İnşallah yeni ədalətli bir dünya qurulana qədər də davam edəcəkdir (Dekabr 2010, Livan/Beyrut).


3. Misir "Müsəlman Qardaşlar Cəmiyyəti”nin sabiq sədri M. Mehdi Akif

– Möhtərəm Xocam, üç gündür ki, sizinlə bir yerdəyəm. Danışıqlarınızda mərhum Ərbakan haqqında söhbət açarkən "Qardaşım Ərbakan” ifadəsindən istifadə edirsiniz. Bizə qardaşınız Ərbakan haqqında danışa bilərsinizmi?

– Allah məqamını Cənnət etsin. Qardaşım Ərbakanla 1974-cü ildə tanış oldum. Bizim Çanaxqalada tələbə düşərgəmiz vardı. Türkiyəyə onun üçün gəlmişdim və ilk görüşümüz İstanbulda oldu. Əlbəttə, daha əvvəllərdən adını eşitmişdim, lakin mən uzun illər həbsdə olduğum üçün Ərbakanla həbsdən çıxdıqdan sonra tanış ola bildim. Onu tələbə düşərgəsinə çıxış etmək üçün dəvət etmişdik. Danışığı sona çatdıqdan sonra düşərgədə iştirak edən hər bir şəxsin üzündə bir xoşbəxtlik, bir sevinc duyulurdu. Tələbələrimizdə sanki illərdən bəri gözlədikləri lideri tapmışlar kimi bir hiss vardı. O gün bizə sionizm və sionizmin müsəlmanlar üçün qurduğu pusqu, Qərb ölkələri və əsasən Almaniya dövləti haqqında geniş bir nitq söylədi.

Belə bir münasibətlə qardaşım Ərbakanla tanış oldum. Hər il müxtəlif mövzularla bağlı bir sıra toplantılarda görüşərdik. Artıq mən onu təqvası, elmi, fikir və layihələri ilə Allahın bu əsrə göndərdiyi bir mücəddidi (novatoru) olaraq tanıdım.

Fikrimin sonunda bunu deyə bilərəm ki, Şeyx Həsən əl-Bənna, Qardaşım Ərbakan və İmam Məvdudi kimi dövrünün İslam liderlərinin İslama və müsəlman dünyasına verdikləri faydaları danışmaqla qurtarmaz. Onların mükafatını yalnız Allah verəcəkdir. Rəbbim məqamlarını Cənnət eyləsin, Peyğəmbərimizə qonşu etsin, bizi də, sizi də onların şəfaətlərinə məzhər etsin. Məqamın Cənnət olsun, ey ümmətin son şəhid mücəddidi (04. 03. 2011, İstanbul).


4. "Qüds İslam Hərəkatı”nın sədri Raid Səlah

– Möhtərəm Xocam, uzun illərdən bəri Türkiyəni ziyarət edirsiniz. Möhtərəm Ərbakan Xoca ilə görüşdünüzmü? Sizcə, Möhtərəm Ərbakan Türkiyə xalqı üçün, ələlxüsus, dünya müsəlmanları üçün hansı işləri görmüşdür? Bu gün İslam dünyasında Ərbakan adı deyildikdə nə başa düşülür?

– Əvvəla bunu demək istəyirəm ki, şübhəsiz, mücahid Ərbakan heç mübahisəsiz Türkiyədə islami hərəkatın rəhbəri və lideri idi. İki ağıllı insan bunun mübahisəsini belə edə bilməz. Möhtərəm Ərbakan böyük bir insan, elm adamı, təqva sahibi və dünya müsəlmanlarının da son lideri idi.

İslam və müsəlmanlar üçün yeni bir yol açmış müasir mücəddid idi. Yaşadığımız əsrin bütün müsəlmanları üçün böyük bir problem olan sionizmi çox yaxşı dərk etmiş, sionizmin başda dünya müsəlmanları üçün hazırladığı planları və ələlxüsus Türkiyə ilə İslam ölkələrinin arasını vurmaq üçün hazırladığı bütün planları fərasəti, dərin düşüncəsi və əsrə uyğun həll yolları ilə çox yaxşı başa düşmüş və ciddi şəkildə yanaşma tərzi ilə sionizmin bu planını pozmuşdur. Mücahid Ərbakan Osmanlıdan sonra pozulan Türkiyə və İslam ölkələri əlaqələrini yenidən inkişaf etdirmiş və Türkiyədəki bütün qurumlarla və müəssisələrlə İslam ölkələrindəki qurum və müəssisələr arasında əməkdaşlıq yaratmışdır. Mücahid Ərbakan cənnətməkan Əbdülhəmiddən sonra Türkiyə müsəlmanlarına unutdurulan Məscidi-Əqsa sevgisini yenidən diriltmiş və bu sevgini dünya müsəlmanları arasında da yaratmışdır. Osmanlıdan sonra pozulan İslam birliyini yenidən yaratmış, bu birliyin mərkəzini Türkiyə olaraq təyin etmişdir. Allaha nə qədər həmd etsəm, yenə də azdır; dünyanın hər tərəfindən gələn İslam elçiləri ilə Türkiyədəki Dünya Müsəlmanları Görüşündə iştirak etməyi mənə nəsib etdi. Bu toplantılarda Afrikadan, Asiyadan, qısacası dünyanın hər yerindən gələn müsəlmanlar iştirak edirdi, müxtəlif dillərdə danışan insanlar bir araya yığışırdı. Möhtərəm Ərbakanın bütün fəaliyyəti və bu toplantılarda söylədiyi nitqləri müsəlmanların itmiş ümüdlərini yenidən dirildir. İslam Birliyinin qurulmasının çox yaxın olduğunu və bunun mümkün olacağını İslam ölkələrindən gələn iştirakçıların beyinlərinə və qəlblərinə öz nitqləri ilə nəqş edirdi. Mücahid Ərbakan baş nazir olarkən əzilən müsəlmanların yanında oldu. Bosnya və Hersoqovina, Çeçenistan və Fələstində görüşlər keçirdi. Sadəcə bunlarla kifayətlənmədi; dünyada əzilən bütün müsəlmanların yardımçısı oldu və beləcə, onun sözləri müsəlmanlarda bir ümid yaratdı. Bu ümid və inam nəticəsində İslam ölkələrindəki müsəlmanlar çox işlər gördülər. Əldə edilən bu nailiyyətlər möhtərəm Ərbakanın nailiyyətləridir (15. 03. 2011, İstanbul).


5. "Dünya Müsəlman Tələbələr Dərnəyi”nin qurucusu və sədri Mustafa Tahan

– Möhtərəm Xocam, biz Milli Görüş Gəncliyi olaraq sizi "Dünya Müsəlman Tələbələr Birliyi”nin sədri olduğunuz illərdən bəri tanıyırıq və Xocamızın "Müsəlman Cəmiyyətlər Birliyi” toplantılarında istisnasız iştirak etdiyinizi və bu toplantılara çox önəm verdiyinizi müşahidə etmişik. Sizin də buyurduğunuz kimi Xocamızı tanıdıqdan sonra yanından heç ayrılmadınız. Möhtərəm Xocamla nə vaxt və necə tanış oldunuz? Sizi Xocamdan ayırmayan və hər zaman onun yanında qalmağınıza səbəb olan amil nə idi? Möhtərəm Xocamız İslam dünyasında necə tanınır?

– Xocamızla 1969-cu ildə tanış olmuşam. Məni Türkiyəyə Xocamızla görüşmək üçün İraklı alim Əbdülkərim Zeydan göndərmişdi. Türkiyədə yeni bir islami hərəkatın başladığını və buna Nəcməddin Ərbakan deyilən bir şəxsin rəhbərlik etdiyini eşitmişdik. Mənim Türkiyəyə gəlib Xocamızla görüşməyimi söyləmişdi. İlk görüşümüz Ankarada oldu. Görüşə Əmin Saraç Xoca ilə birlikdə getmişdim. İlk görüşdə Ərbakan Xoca mənə Milli Görüş haqqında danışdı. Mən də ona Küveyt və Misirdəki islami hərəkatlar barədə məlumat verdim. Küveytə qayıdanda özümü çox xoşbəxt insan hesab edirdim. Xoca haqqında Əbdülkərim Zeydanla danışdım və dedim ki: "Axtardığınız lideri gördüm”. O gündən sonra Ərbakan Xocamızın yanından heç ayrılmadım. Hansı İslam ölkəsinə gedərdisə, məni də dəvət edərdi və biz birlikdə gedərdik. Əlbəttə ki, o illərdə Xoca gənc idi. İslam naminə görmək istədiyi işlərin heç birinin mümkünsüz olduğunu düşünməz və ümidsizliyə də qapılmazdı. Yaratdığı ilk partiya bağlanmış və daha sonra qurduğu partiya Ecevitin partiyası ilə ittifaq etmişdi. O ittifaqda Ecevitlə bir protokol imzalanmışdı. İmzalanan bu protokol Xocanın dahi bir şəxsiyyət olduğunu bir daha sübut etdi. O tarixlərdə bugünkü Nur Camaatı (Nurcular) da Xoca ilə bərabər idi. O protokol sayəsində siyasi məhkumlar həbsdən azad edildi və İmam-Xətib məzunları bütün fakültələrə daxil olma imkanı qazandılar.

Ərbakan Xoca Türkiyə müsəlmanları üçün çox işlər gördü. Sənin yaşın azdır, o günlər yadına gəlməz. Bir zamanlar, yəni Xocanın siyasətlə məşğul olmağa başladığı vaxtlar Türkiyədə bir söz vardı: "Allah Türkiyəni tərk etsin!” – deyirdilər. Sonra Türkiyədə hərbi inqilab (çevriliş) baş verdi. Xoca həbs olundu. Həbsdən çıxdıqdan sonra yenə partiya qurdu. O partiya da bağlandı. Xoca yorulmadı, bezmədi. Əzmlə, inamla yenilərini qurdu. Rifah Partiyası zamanında Türkiyənin birinci partiyası olaraq məclisə daxil oldu. Bu uğur bütün İslam ölkələrini sevindirdi.

Beləcə, Xocanın Türkiyədə İslam naminə göstərdiyi fəaliyyətləri digər İslam ölkələrinə örnək oldu və bu zamanlar "Partiya qurmaq, siyasətlə məşğul olmaq haramdır, yoxsa halaldır?” – deyə bir-biri ilə münaqişə edən islami təşkilatlar, yeni partiyalar təşkil edərək ölkələrində və rəhbərlikdə söz sahibi olmağa başladılar.

Xocanın göstərdiyi fəaliyyəti, çıxışlarını və kitablarının bəzilərini ərəb dilinə tərcümə edərdim. Xocanın gördüyü işlər barədə kitablar da yazdım. Xoca ilə çox yaxın əlaqələrimiz vardı. Xoca bu gün xəstədir. Allah ona şəfa versin! Sabah Xoca vəfat edərsə, İslam ölkələri və ələlxüsus Türkiyə vaxtında qiymətləndirə bilmədiyi və qiymətini ölümü ilə başa düşəcəyi böyük bir lideri itirmiş olacaq. Ərbakan Xoca saleh bir insan, təqva sahibi bir liderdir. Baş nazir olduğu vaxtlarda iş yerində ziyarətinə getmişdim. Məni hər zaman olduğu kimi səmimiyyətlə qarşıladı. Əlimdən tutdu, günorta namazını qılmaq üçün Milli Məclisin məscidinə apardı. Onun təqvası, təvazökarlığı heç bir zaman dəyişmədi. Mən Ərbakan Xocanı böyük qardaşım kimi görürdüm. Küveyt-İrak Müharibəsində Türkiyəyə hicrət etmişdim. O vaxtlar işləmirdim. Ərbakan Xoca öz aylıq maaşından mənə hər ay aylıq pul göndərərdi. Mən o illərdə Fatehdəki evimdə yaşayırdım.

Xoca haqqında onun İslam dünyası və müsəlmanlar üçün gördüyü işlər barədə neçə-neçə kitablar yazsaq da, saatlarla danışsaq da, yenə də azdır. Allah Xocadan razı olsun! Allah ona şəfa versin! Yeni bir kitab yazıram. Xoca ilə olan 42 illik dostluğumuz və bu illər ərzində birgə yaşadıqlarımız, Xocanın İslam və müsəlmanlar üçün gördüyü işlər, nailiyyətlər və layihələr haqqında o kitabda məlumat verməyə çalışacağam (19. 01.2011, Ankara).


6. Mərakeş "İslami Camaat”ın ("İslah və Tövhid Hərəkatı”) sədri Mühəmməd Həmdavi

– Möhtərəm Xocam, uzun illərdən bəri Türkiyəni ziyarət edirsiniz. Möhtərəm Ərbakan Xoca ilə görüşdünüzmü? Sizcə, Möhtərəm Ərbakan Xoca xalqı üçün, ələlxüsus dünya müsəlmanları üçün hansı işlər gördü? Bu gün İslam dünyasında Ərbakan Xocanın adı çəkiləndə nə yada düşür, o, necə tanınır?

– Çox kədərliyəm. İslam dünyasının böyük çinarı yıxıldı. İslamın və müsəlmanların dirəyi qırıldı. Şübhəsiz, o, ümmətin lideri idi. Ümmət öz liderini itirdi. Bütün müsəlmanların başı sağ olsun!

Böyük insanlar axirətə köçərkən özlərindən sonra böyük əsərlər qoyurlar. Və bu əsərlər qiyamətə qədər davam edər. Ərbakan Xoca bizi tərk edərək axirətə köçdü, lakin onun əsərləri, özündən sonra qoyduqları qiyamətə qədər davam edəcək, Ərbakan Xoca əsrimizin müsəlmanlarının lideri idi və bütün müsəlman xalqı Ərbakan Xocamıza beyət etmişdi. Onun açdığı yol bütün dünya müsəlmanlarına nümunə olmuşdur. Onun təcrübələri, layihələri, fikirləri və hədəfləri ümmətin hədəfi olmuşdur.

Türkiyədə başladığı siyasi təşkilatlanma və bu təşkilatlanmadakı fəaliyyəti, sabitqədəmliyi və davamlılığı ümmətə örnək olmuş, daxili və xarici basqılar onu qorxutmamış, doğru, düzgün bildiyi İslam xəttindən heç bir zaman kənara sapmamışdır. Yaratdığı siyasi partiyalar və müəssisələr bağlanmış, dəfələrlə iftiralara məruz qalmış, həbsə atılmış, lakin bütün bunlar Ərbakan Xocanı bezdirməmiş, qorxutmamış və hər bir zaman yeni partiyalarla, yeni həll yolları ilə və yeni ictihadlarla təkrarən mübarizəsinə davam etmişdir.

Onun gördüyü işləri, cəsarəti, əzmi bütün İslam ölkələrini cəsarətləndirmiş, ümmətin Osmanlıdan sonra itirdiyi izzətinə qovuşması üçün sönən ümidləri yenidən işıqlandırmışdır.

Mərhum Xocamız Mərakeşə bizi ziyarətə gəlmişdi. Onun ziyarətindən əvvəl biz mərakeşli müsəlmanlar arasında siyasət halaldırmı, haramdırmı? – deyə bir fikir ayrılığı yaranmışdı. Bizi ziyarəti əsnasında Mərakeşdəki icmamızın qabaqcılları ilə bir toplantı təşkil etdik. O toplantıdan sonra demək olar ki, Mərakeşdəki müsəlmanların İslama baxışı tamamilə dəyişdi. Sonralar biz bir partiya da yaratdıq. O partiya sayəsində bu gün Mərakeşdə müsəlmanlar söz sahibi oldular və İslama xidmət etməyə başladılar. Bu danışdıqlarım sadəcə Mərakeşdə olanlardır. Bütün dünya müsəlmanları, İslam ölkələri üçün etdiklərini siz düşünün. Ərbakan Xoca müsəlmanlar üçün bir ata, bir böyük qardaş, bir lider, bir dövlət adamı, alim, təqva sahibi və mücəddid (yenilikçi) idi. Osmanlıdan sonra unudulmuş İslamı əvvəlcə Türkiyəyə bir daha tanıtdırdı. Ərəb və İslam ölkələri ilə yenidən tanış elədi. Onun insanlığa və müsəlmançılığa etdiyi xidmətləri sevənlərindən əvvəl onu sevməyənlər və düşmənləri etiraf etdilər.

Ərbakanın böyüklüyünü müsəlmanlar sağlığında başa düşdü. Başa düşməyənlər də bunu ölümü ilə dərk etdi. Dünya tarixində belə bir böyük cənazə namazı mərasiminə təsadüf olunmamışdır. Sadəcə Türkiyədə deyil, müsəlmanların yaşadığı bütün ölkələrdə cənazə namazı qılındı. Milyonlarla insan onun üçün ağladı, göz yaşı tökdü və onun üçün dua etdi. Onun dəfni zamanı dünya müsəlmanlarının qəlbi, gözü Türkiyədə idi. Cənazə namazında Türkiyədən dövlət adamları, hərbçilər, dünyəvilər, onu sevənlər, tələbələri və İslam dünyasının təmsilçiləri iştirak edərək mərhum Ərbakanın dünya tarixində əhəmiyyətli rol oynadığını, yerini və dəyərini bir daha təsdiq etdilər.

Bəli, dünya yüksək dəyərli bir insanı və böyük bir liderini itirdi. Hamımızı ağladaraq Haqqa doğru yürüdü. Ərbakan bir məktəb idi. Dövlət adamı yetişdirdi, müsəlman gəncliyi yetişdirdi, dünya müsəlmanlarını bir araya topladı, gücü itmiş zənn edilən İslamın gücünü bütün dünyaya göstərdi. Müsəlmanların itmiş ümidlərini yenidən yaşatdı.

Məqamı Cənnət olsun! Rəbbim onu peyğəmbərlərin, siddiqlərin və şəhidlərin qonşusu etsin! Bizi də, sizi də, bütün sevənlərini də şəfaətinə nail etsin! Amin! (04. 03. 2011, İstanbul).


7. Səudiyyə Ərəbistanı "Əbha” Universiteti İslam Hüququ Fakültəsi Dekanı, "Dünya Quran-kərim və hədis elmləri heyəti”nin sədri Abdullah Müslih

– Sizi uzun illərdən bəri tanıyıram. İslam naminə gördüyünüz işlər, televiziya proqramları və bunlarla yanaşı Ərbakan Xocamızın rəhbərliyi ilə hər il keçirilən "Müsəlman Cəmiyyətlər Toplantısı”nda iştirak edərdiniz. Möhtərəm Ərbakan Xoca ilə nə vaxt tanış oldunuz? Özü ilə və İslam dünyası üçün etdikləri ilə əlaqədar nə deyə bilərsiniz?

– Heç şübhəsiz, mərhum Ərbakan Xoca əsrimizin mücəddidi idi. Peyğəmbərimizin də bir hədisində buyurduğu kimi Allah-Taala hər yüzillikdə bir mücəddid göndərərək dinini yeniləyər. Allah-Taalanın bu son yüzillikdə göndərdiyi mərhum Ərbakan Xocamız Allahın dinini yeniləyən bir mücəddid idi.

Ərbakan Xocam fərasət sahibi, açıq fikirli bir insan idi. Ümmətin bu əsrdəki problemlərini çox yaxşı başa düşmüş, bu problemlərin həll yollarını çox yaxşı təhlil etmiş, bu problemləri həll edə biləcək layihələr hazırlamış və ümmətin başına bəla olan İslam düşmənlərinin də hiylələrini çox yaxşı bilən bir lider idi. Ərbakan Xoca bir İslam dəvətçisi idi. Əsrin islami problemlərini çox düzgün həll etmiş və qılıncdan istifadə etmədən, döyüş meydanlarına enmədən 50 il insanları İslama dəvət etmiş, bu dəvəti və islami cihadı danışıqları, layihələri və müsəlmanların əlində olan maddi gücü hərəkətə keçirərək həyata keçirmişdir.

Ərbakan Xoca dincəlmək nədir bilməyən, görülməsi lazım olan işləri təxirə salmadan, yorulmadan yerinə yetirən, yalnız görüləcək iş qalmadığını öyrəndikdən sonra istirahət edən bir mücahid idi.

O, biz müsəlmanları Qurana və Sünnəyə yaxınlaşdırdı. Vəzifəsini ləyaqətlə icra etdi və aramızdan ayrıldı. Lakin onun qurduğu "Milli Görüş” hərəkatı həmişə davam edəcək və bir gün mütləq Ərbakan Xocanın xəyalı olan İslam Birliyi qurulacaqdır. İki gün əvvəl şərafətli qəbrini ziyarət etdim.

Cənazə namazında burada olmadığım üçün qəbri başında cənazə namazını qıldım və onun üçün dua etdim. Allah məqamını Cənnət etsin! Dünya müsəlmanlarının başı sağ olsun! Böyük bir insanı, əsrin mücəddidini itirdilər (18. 03. 2011, İstanbul).


QƏNNUŞİ: "ƏRBAKAN XOCALARIMDAN BİRİ İDİ”

Tunis "ən-Nəhdə” hərəkatının lideri Raşid Qənnuşi Milli Görüş Lideri Prof. Dr. Nəcməddin Ərbakanı belə dəyərləndirdi:"Möhtərəm Ərbakan mənim yalnız dostum deyildi, eyni zamanda xocalarımdan biri idi. Ərəb dünyasında Türkiyə haqqında danışıldığı zaman mütləq möhtərəm Ərbakanın adı çəkilərdi. Cənazə namazında 1,5 milyon insanın iştirakı, Türk xalqının ona olan sevgisini və sayğısını göstərmişdir. Mənim nəslim Türkiyə haqqında danışdıqda Ərbakanın adı mütləq çəkilərdi. Ona bütün İslam dünyasında olduğu kimi, biz də çox böyük bir dəyər veririk. Türkiyəyə də ölkənizin böyük kədərinə şərik olmaq üçün gəldim. Xocamıza qarşı son vəzifəmi yerinə yetirdim”.


QƏRƏDAVİ: "HƏYATINI İNSANLIĞIN SƏADƏTİNƏ HƏSR ETMİŞDİ”

Dünya müsəlmanlarının qabaqcıl alimlərindən olan, böyük alim Qərədavi mərhum Ərbakanın həyatı boyunca İslama dəvət etdiyini və təbliğə, ümmətin oyanış və dirilişinə böyük xidmətlər göstərdiyini bildirdi. Mərkəzi Londonda olan 400 üzvlük "Dünya İslam Alimləri Şurası”nın sədri Prof. Dr. Yusif əl-Qərədavi və baş katib Prof. Dr. Əli Muhyiddin əl-Qərədavi, Milli Görüş Lideri Prof. Dr. Nəcməddin Ərbakanın vəfatından dərhal sonra şura adından bir bildiriş yayımladı. Şuranın rəsmi internet saytında yayımlanan bildirişdə "Dünya İslam Alimləri Şurası” böyük mücahid Nəcməddin Ərbakanın vəfatını üzüntü ilə dünyaya elan edir”, – deyilir. Bildirişdə bunlar qeyd edilir:

"İslama və müsəlmanlara rəhbərlik etmiş, onların inkişaf etməsi və yüksəlməsi üçün çox zəhmət çəkmişdir. Bütün bu işləri görərkən sadəcə özü deyil, dəyərli dostları və tələbələri də həmin yöndə fəaliyyət göstərmişlər. "Dünya Alimlər Şurası”nın sədri, baş katibi, üzvləri və dünyadakı digər üzvləri ilə birlikdə türk xalqına və müsəlmanlara başsağlığı verərkən, böyük lider və mücahid Ərbakanın vəfat xəbərini eşitdirərkən, Allahdan onu bütünlüklə rəhmətinə qərq etməsini istəyirik”.

Milli Görüş Lideri Prof. Dr. Nəcməddin Ərbakanın ortaya qoyduğu siyasi xəttin özündən sonra da o cür davam etməsini gözlədiklərini bildirən Qərədavi"Özü kimi tələbələrinin də həmin minvalla fəaliyyət göstərməsini gözləyirik. Tələbələri və tərəfdarları onun izi və xətti əsasında fəaliyyətlərini davam etdirərkən onun boşluğunu doldurmaq üçün yeni Ərbakanlar yetişdirməsini gözləyir və bütün müsəlmanlara başsağlığı veririk!”– dedi.


SİDDİQ HƏSƏN XAN: "O, BÜTÜN MÜSƏLMANLARIN LİDERİ İDİ”

Hindistan "İslam Camaatı”nın lideri Siddiq Həsən Xan Prof. Dr. Nəcməddin Ərbakanın bütün müsəlmanların lideri olduğunu bildirdi. Xan"O, sadəcə Türkiyənin deyil, dünya müsəlmanlarının lideri idi. Biz dünya müsəlmanlarının liderini itirdik. O, Milli Görüşü qurdu. İnşallah onun təsiri həmişə davam edəcəkdir. Müsəlmanları iqtisadiyyat və siyasət sahəsində təsirli hala gətirdi. Bunlarla əlaqədar fəaliyyətlər aparmağa təşviq etdi”, – deyə fikrini bildirdi.


SEYİD AZMAN: "ONUN YOLU İLƏ GEDƏCƏYİK”

Malayziya "İslam Partiyası”nın sədri Seyid Azman mərhum Ərbakan Xocanın yolu ilə gedəcəklərini ifadə etdi. Azman dedi:"Xidmətləri ilə yalnız Türkiyədə deyil, bütün dünyada tanınır. Ən böyük mücahid olan Xocamız bütün dünyanın itkisidir. Onun düşüncələri və xidmətləri bütün dünya üçün idi. Onu başa düşmənin ən yaxşı yolu onun getdiyi yol və xətt ilə getməkdir. Biz də o yolla gedəcəyik, inşallah”.


HƏNİYƏ: "ƏHMƏD YASİN KİMDİRSƏ ƏRBAKAN DA ODUR!”

Fələstinin baş naziri İsmayıl Həniyə Qəzzədə Ərbakan üçün qurulan təziyə çadırını Həmas liderlərindən Mahmud Zahar ilə birlikdə ziyarət etdi. Qəzzə şəhərində qurulan təziyə çadırına gələn baş nazir Həniyə Türkiyədən "Səadət Partiyası” sədrinin müavini Təməl Karamollaoğluna zəng edərək başsağlığı vermişdi. Burada qısa bir nitq söyləyən Həniyə "Ərbakan Xocanın vəfatı sadəcə Türkiyədəki qardaşlarımızın deyil, İslam ümmətinin böyük bir itkisidir”, – dedi. İslam aləminin, ələlxüsus fələstinlilərin mübarizəni Ərbakandan öyrəndiyini söyləyən Həniyə "İnsanlar əvvəllər İslamın ev və came ilə məhdudlaşan bir həyat tərzindən ibarət olduğunu zənn edirdilər. Lakin o, İslamın bütün ictimai həyatda necə keçərli olduğunu göstərdi”, – deyərək danışdı. Həniyə dedi: "Fələstinlilər və biz Əhməd Yasini necə görürüksə, Ərbakanı da elə görürük. Əhməd Yasin müsəlmanlar üçün necə bir nümunədirsə, Ərbakan da eyni ilə bir nümunədir”.

Şərafəddin Mollaoğlu

"Anadolugenclik” jurnalı, aprel 2011-ci il, 135-ci buraxılış




  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun