15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

ƏLLAMƏ ƏMİN: BAŞQA İDEOLOGİYALARA AÇIQ METOD
VƏ REALLIQDA DİNAMİK RƏHBƏRLİK

(1867-1952)
Seyid Möhsün əl-Əmin 1867-ci ildə (h. q. 1284) Cəbəli-Amilin Şəqra qəsəbəsində dindar və ziyalı ailəsində dünyaya gəlmişdir. Onun nəsəbi İmam Əli ibn Hüseyn ibn Əbutalibə gedib çıxır. İlk təhsilini Cəbəli-Amildə bir qrup alimdən, xüsusilə Şeyx Musa Şərarədən Quran və qrammatika elmlərini öyrənməklə başlamışdır. 1890-cı ildə (h. q. 1308) çətin şəraitə və atasına göstərdiyi qayğıya baxmayaraq, elmi təhsilini davam etdirmək üçün İraka getmiş, "sütuh” (bakalavr dərəcəsi) və "dərsi-xaric” (bəhsi-xaric, yəni magistr və doktorantura dərəcəsi) oxumağa başlamışdır. Seçmə alimlərdən dərs almışdır. Bəhsi-xaricdə onlardan Seyid Əli ibn Seyid Mahmud, Seyid Əhməd Kərbalai, Şeyx Mühəmmədbaqir Nəcmabadi, Şeyx Fəthullah (Şeyxuş-Şəriə), Şeyx Mühəmmədkazım Xorasani ("Kifayə” kitabının müəllifi), Şeyx Rza Həmədani ("Misbahul-Fəqih” kitabının müəllifi) və Şeyx Mühəmməd Taha Nəcəfin adlarını çəkə bilərik. Sonralar bir çox alimlər ondan təhsil almışlar.
Elmi tədqiqat və Nəcəfi-Əşrəfdəki tədris sona çatdıqdan sonra Seyid Möhsün əl-Əmin əllamə və müctəhid olaraq Dəməşqə qayıtmışdır. Quranın rəhbərliyi altında elmi, ictimai, siyasi araşdırmaların dərinliyinə baş vurmuş və İslamın hərəkat kompası olmuşdur. Reallığı izləmiş, üslub və məzmundakı yenilikçi hərəkata rəhbərlik etmiş, cəmiyyətin reallıqlarını müzakirə edib xəstəlikləri amputasiya (xəstə üzvün kəsilməsi) etmişdir.
Bu baxımdan Hüseyn hərəkatını zülmə etiraz kimi qələmə verməyə, Aşuranı nöqsanlardan təmizləməyə cəhd etmişdir. Qılıncla başa vurmaq, qan tökmək, zəncir vurmaq və s. bunlar Aşura və Kərbəlanın mənasına xələl gətirir. O, bəzi xətiblərin və natiqlərin Hüseyn inqilabının həqiqətləri barədə etdiyi xətalara və bu xətaların onun məzmununa xələl gətirməsinə diqqəti cəlb edərək hesab edirdi ki, bu adətlər bir növ gerilikdir. Buna görə də o, küfr və zındıqlıqda ittiham edilmiş, Hüseynin düşməni adlandırılmışdır. Onun barəsində yalan və böhtanlar deyilmişdir ki, guya o, təziyə məclislərini və matəm mərasimlərini yığışdırmaq, Kərbəla və Aşuranın rolunu azaltmaq istəyir. Onun küfr və zındıqlıqda ittiham olunması barəsində deyilmişdir:
Ey atlı, keçərkən yanından Cilliqin [1]
Oranın zındıq Əmininin üzünə tüpür!
Onun barəsində həmçinin deyilmişdir:
"Allah Hüseynə yas saxlamağı haram edən insanlara lənət etsin!”
Əllamə Əmin öz rəhbərlik dövründə məntiqli addımlar atmış, cəmiyyətinin bəzi problemlərinin həllinə cəhd etmişdir. Qızların məktəbə getməsinə dəstək verənlərdən biri olmuşdur. Həm də elə bir vaxtda ki, qızların təhsil alması qadağan edilir və hesab edilirdi ki, onların rolu ailə həyatı ilə məhdudlaşır. O, "Muhsiniyyə” və "Yusifiyyə” məktəblərini yaratmış və təhsil metodlarına yeni tərbiyə üsulları gətirmişdir. Bu iki məktəbim cəmiyyətin savadlandırılmasında rəhbər rolu olmuşdur. Mütərəqqi səyi sayəsində İslama zərbə vurub, onun dayaq sütununu sarsıtmaq istəyən siyasətlərə qarşı dirənmə gücünə sahib hərəkatçı ziyalı müsəlman bir nəsil yarada bilmişdir.
Əllamə Əminin xüsusiyyətlərindən biri də o idi ki, öz bilik və mədəniyyətində ensiklopedist olmuş və onun yolu sadəlikdə fərqlənmişdir. Bu onun "Cəvahirat Mədənləri” ("Məadinul-Cəvahir”) və "Əyanuş-Şiə” əsərlərindən də görünür.
Seyid Əmin həyatında başqa ideologiyalara qarşı açıq mövqe tutmuş, həyatını mövqe və inkişaf səviyyələrindən asılı olmayaraq bütün insanlara həsr etmişdir. Beləcə insanların vicdanlarına və qəlblərinə yol tapa bilmişdir. İşğalçılığa qarşı mübarizədə örnək götürüləsi bir nümunə olmuşdur. Bu da Suriya və Livandakı milli hərəkat sıralarında ona fərqləndirici məqam yaratmışdır. Öz evindən nümayiş elan etmiş və bu nümayiş Fransa nümayəndəliyi qarşısında 6 ay davam etmişdir.
İşğala kəskin münasibətinə, bu işğalın ölkələrimiz üçün olan təhlükəsini dərk etməsinə baxmayaraq, o, həmişə əks tərəfə, ona müxalif tərəfə obyektib baxmış, əks tərəfin müsbət cəhətlərini heç bir zaman inkar etməmişdir. O, hesab edir ki, bu saksların (german tayfaları) sirri ondadır ki, onlar İslamdan 3 əsas fəzilət götürmüşlər. Bunlar dərin düşüncə, qərarlaşdırılmış əzmkarlıq daimi səbatdır. Onlar yaxşı-yaxşı düşünür, sonra qərar verir və işə yönəlir-yönəlməz məqsəd və məramlarında müvəffəq olmaq üçün öz səbatlarını göstərirlər.
O, həqiqi vəhdətin pioneri olmuş, fransız təhrik və bəxşişləri onu hədəfindən döndərə bilməmişdir. Bütün məqamlarda "Möminlər yalnız qardaşdırlar!” məntiqindən çıxış etmiş, müsəlmanlar arasında dialoqa dəvət etmişdir. Lakin hər zaman qarşı tərəfə qapalı deyil, açıq olmaq, əks tərəfin mənbələrini araşdırmaq, hər cür xurafat, yalan və böhtandan uzaq olmaq şərtini irəli sürmüşdür. İxtilaf yarandıqda isə Qurana əsaslanmışdır.
Dəməşq alimləri ilə bərabər fransız nümayəndəliyinin qoyduğu və şiələrlə sünnilər arasında təfriqə yaradan tayfa qanununa qarşı çıxmış, bu qanuna etiraz olaraq nota göndərmişdir: "Suriya və Livandakı şiə müsəlmanların mənəvi (ruhani) rəhbəri olaraq bu qanuna – müsəlmanlar arasındakı bu təfriqəyə etiraz edirəm, çünki biz vahid bir din üzərində vahid bir ümmətik. Sizə icazə vermərik ki, şiə və sünnilər arasında təfriqə yaradasınız, çünki biz öz İslam problemlərimizdə vahid bir firqəni təmsil edirik!” Bu da fransız hakimiyyətini həmin qanunu ləğv etməyə vadar etmişdir.
Lakin fitnə yaratmağa yönəlmiş fransız cəhdləri kəsilmədi. Onlar başqa yollara əl atmağa çalışdılar. Şiələrin milli şurasını təsis etdilər. Əmini orada Suriya və Livan şiə alimlərinin rəhbəri təyin etdilər. Fransız nümayəndəsi onun yanına gəlmiş və məsələni ona bildirmişdir. O, etiraz edərək demişdir! "Mən bu işə qol qoyub bəli deməyəcəm!” Bəzi insanlar şiələrin müstəqil varlığını və milli şurasını təmsil etdiyinə görə ona edilən bu təklifi rədd etdiyi üçün onu qınamışlar. O, həmin şəxslərə belə cavab vermişdir: "Onlar bu yolla İslam və müsəlmanlara zərər verərək sünni və şiə arasında təfriqə yaratmaq istəyirlər. Biz müsəlmanıq. Bizim lehimizə olan bütün müsəlmanların lehinədir, bizim əleyhimizə olan da bütün müsəlmanların əleyhinədir!” Böyük məbləğdə maaş, yaşamaq üçün ev və maşın təklif edildikdə onun cavabı kəskin olmuşdur: "Mənim Xaliq qarşısında missiyam var. Belə bir şəxs nümayəndəlikdən gələn bir vəzifəni seçə bilməz!”
Fələstin problemi Seyid Əminin fəaliyyətində olduqca böyük yer tuturdu. Bunu Fələstinin milli günü münasibəti ilə verdiyi bəyanatlarda ifadə etmişdir. Bu bəyanatlarda diqqəti Qüdsə doğru cəlb edərək qərbin hücumlarını xatırlatmış və onun Qüds üzərindəki əbədi ağalıq planlarının necə uğursuzluğa düçar olduğunu göstərmişdir. Bildirirdi ki, Qüds ərəb-İslam vətəni olaraq qalacaqdır: "Fələstin həmin fəlakətlərdən zəfərlə çıxmış ərəb vətəni olmaqda davam etmişdir. Onun havadarları bu gün də zəfər və qələbə həyata keçirir və ərəb vətəni olaraq da qalib çıxacaqdır”.
Eyni zamanda diqqətin Fələstinin sionist ovucu içərisində yerləşməsinin təhlükələrinə, buna görə də əhalisinin möhnət, bəla və dağıntı içərisində olmasına cəlb etmiş, onlara dəstək olmağa, bu yolda az da olsa xəsislik etməməyə səsləmişdir. Dəfələrlə kədərlənərək demişdir ki, "Qardaşı acı içində olan şəxs rahat yata bilməz. Ailəsi və yaxınları əziyyət içində olan şəxs üçün həyat xoş ola bilməz. Bəla və həyəcan içərisində yaşamağın nə ləzzəti?! Səmimi dost çətinlikdən şikayət etdiyi bir vaxtda günün necə xoş ola bilər?!”


ƏSƏRLƏRİ
Onun 57-dən artıq əsəri vardır. Bu əsərlər əqidə, tarix, hədis, məntiq, üsul, fiqh, nəhv və sərf haqqındadır. Habelə onun səyahətlər haqqında müxtəlif cavabları və kitabları vardır. Aşağıda bəzi kitablarını qeyd edək:
– "Əyanuş-Şiə”. Bu onun ən vacib əsərlərindəndir və ölməz irsidir.
– "Cəbəli-Amilin Tarixi”.
– "Məntiqə Giriş” kitabının şərhi.
– "Üsul elmində nəzmə çəkilmiş inci”.
– "Ürvətul-Vüsqanın haşiyələri”.
– "Cəvahirat Mədənləri” ("Cəvahirul-Məadin”)
– "Morfologiya elmində yüksəliş”.
– "Əmali” ("İmlalar”)
O, 1952-ci il mart ayının 30-u (4 rəcəb 1371) bazar gecəsi gecə yarısı vəfat etmişdir. Onun cənazəsinin ardınca xalqın müxtəlif təbəqələrindən və görkəmli şəxslərdən ibarət insanlar hərəkət edirdi. Xanım Zeynəbin (ə) yaxınlığında özünün mürəkkəb qabısı və qələmləri ilə birgə dəfn edilmişdir. Müxtəlif ərəb və İslam dünyasının bütün paytaxt və şəhərlərində onun ruhuna fatihələr oxunmuş, yas mərasimləri tərtib olunmuş, şairlər buna mərsiyə qəsidələri yazmış, yazıları ilə onu əbədiləşdirmişlər.
www.bayynat.org.lb

[1] Cilliq Dəməşqin cənubunda bir yerdir. Qassanilər vaxtı ilə orada məskunlaşmışlar. Yezid ibn Müaviyə də oranı bir neçə dəfə ziyarət etmişdir.



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun