16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

"NƏHCÜLBƏLAĞƏ”, 69-CU MƏKTUB

Haris Həmdaninin həyatı

Həmdan Yəməndəki bir qəbilənin adıdır. Haris Həmdani (Haris ibn Abdullah Əvər Həmdani) həmin qəbiləyə mənsub bir şəxsdir. Bu qəbilə Kufədə yerləşmiş və Həzrət Əlinin diqqət və iltifatına məzhər olmuşdur. Haris Həmdani Əmirülmöminin Əli əleyhissəlamın xüsusi əshabələrindən olmuşdur. O, Siffin döyüşündə Həzrət Əliyə yardım etmişdir.

İbn Davudun nəqlinə əsasən Haris tabeindən olub öz zamanının ən böyük alimlərindən və fəqihlərindən idi. Riyaziyyat və şəriət elminə hamıdan daha çox bələd idi və onları Həzrət Əlidən öyrənmişdi. Nəsr ibn Müzahim deyir: "O, Əmirülmöminin Əli tərəfindən camaatı Siffinə tərəf getmək üçün İrak ordusunun düşərgəsi "Nəxliyə”yə çağırmaqla vəzifələndirildi və o da öz vəzifəsinə əməl etdi”. Haris Abdullah ibn Zübeyrin zamanında Kufə şəhərində hicrətin 63-cü və ya 65-ci, yaxud da 70-ci ilində vəfat etdi və Kufə hakimi Abdullah ibn Yəzid Ənsari Abdullah ibn Zübeyr tərəfindən ona cənazə namazı qıldı.

HARİS HƏMDANİYƏ MƏKTUBU

(69-CU MƏKTUB)

"Quranın ipindən yapış və onu özünə nəsihətçi qəbul et. Onun halalını halal və haramını isə haram bil. Keçmişə dair Quranda xəbər verilən həqiqətləri təsdiq et və dünyanın keçmişindən onun gələcəyi üçün ibrət al. Həqiqətən, onun bəzi hissələri bir-birinə oxşayır. Sonu əvvəlinin davamıdır. Hamısı fanidir və insanı tərk edib gedəcəkdir.

Allahın adını uca tut və Onun adını yalnız haqq işdə dilinə gətir. Ölümü və ölümdən sonrakı halları çox düşün və etimadlı bir şərt olmadan ölümü arzulama. Sahibinin özü üçün razı olduğu, lakin bütün müsəlmanlar üçün istənilməyən hər bir əməldən çəkin. Gizlicə yerinə yetirilən və aşkarda insana xəcalət gətirən və onu utandıran əməldən çəkin. Sahibindən haqqında soruşulduqda inkar etdiyi, yaxud üzr gətirdiyi hər işdən çəkin. Namusunu söz oxuna hədəf etmə. Hər eşitdiyini camaata danışma; yalan danışmaq üçün bu sənə kifayət edər. Xalqın sənə danışdığı hər şeyi də rədd etmə. Nadanlıq və cahillik olaraq bu sənə kifayət edər. Qeyzini ud, güclü olduqda günahdan keç, qəzəbləndikdə həlim ol və qüdrətli olmağına baxmayaraq bağışla ki, xeyirli aqibət sənin olsun. Allahın verdiyi nemətlərin qədrini bil, onlardan yaxşı istifadə et. Allahın sənin yanında olan bir nemətini belə zay etmə və Onun sənə nemət olaraq verdiyi şeyin əlaməti və izi səndə görünsün. Bil ki, möminlərin ən fəzilətlisi canından, əhli-əyalından və malından ən fəzilətli şəkildə hədiyyə və ehsan edən şəxsdir. Həqiqətən, qabaqcadan göndərdiyin xeyirin azuqəsi sənin üçün qalar, əsirgədiyin şeyin xeyiri isə səndən başqasınındır. Fikri və rəyi zəif və xətalı, əməli isə xoşagəlməz və çirkin olan şəxslə dostluq etməkdən çəkin, çünki insana dostluq etdiyi şəxslə qiymət verər və dostundan ibrət alıb haqqında hökm çıxararlar. Böyük şəhərlərdə sakin ol, çünki oralar müsəlmanların cəmləşdiyi yerlərdir. Xalqı qafil və cəfakar olan, Allaha itaətdə yardımçısı az olan yerlərdən çəkin. Fikrini səni maraqlandıran və sənə aid olan şeylərlə məşğul et. Bazarların oturacaqlarında oturmaqdan çəkin, çünki oralar Şeytanın hazır olduğu və fitnələrin peyda olduğu yerlərdir. Üstün tutulduğun şəxsə çox bax, çünki bu şükr qapılarındandır. Cümə günü namazda iştirak etməmiş səfərə çıxma, lakin Allah yolunda, yaxud məzur olduğun bir işə görə çıxdığın səfər istisnadır. Bütün işlərində Allaha itaət et. Həqiqətən, Allaha itaət ondan başqa hər şeydən üstündür. İbadətdə nəfsini aldatmağa çalış, onunla yumşaq rəftar et və onu məcbur etmə. Onun boş vaxtını və həvəsli olduğu zamanını haqla, lakin sənə vacib olan işlər istisnadır, çünki vacibatın yerində və zamanında yerinə yetirilməsi lazımdır. Dünyanı istəyərkən Rəbbindən qaçdığın bir halda ölümün sənin başının üstünü almasından çəkin. Fasiqlərlə həmnişin olmaqdan çəkin, çünki şər şərlə əlaqəlidir. Allahı böyük bil, Onu sevənləri sev. Qəzəbdən çəkin, çünki o İblisin ordularından böyük bir ordudur. Vəssəlam!”

Məktubun şərhi:

"Quranın ipindən yapış …” Yıxıldıqda və silkələndikdə özünü möhkəmlətmək istəyən hər bir şəxs bir ipdən yapışdığı kimi Sən də həyatda qarşılaşdığın problemlər və müşküllər müqabilində möhkəm və sabit dayanmaq istəyirsənsə, Quranın ipindən yapış. Allah Rəsulu "Hədisi-Səqəleyn”də Quranı belə ifadə etmişdir: "Mən sizin aranızda iki dəyərli şey qoyub gedirəm ki, əgər onlardan yapışsanız, məndən sonra heç vaxt azğınlığa düçar olmayacaqsınız. Bunlardan biri Allahın Kitabıdır. O göydən yerə qədər uzanmış bir ipdir. İkincisi isə Əhli-Beytim olan sülaləmdir”. Bəli, Quran göydən yerə qədər uzanmış olan bir ipdir, çünki yüksəkliyin göstəricisi olan səmadan gələn vəhydir. Yoxsa Allah-Taalanı göy və yer ehtiva edə bilməz, çünki O zaman və məkanın fövqündə olan bir varlıqdır. İmam Harisə tövsiyə edir ki, Quranı istinad edilən qayda olaraq götürsün, qəlbini Qurana açsın və Qurandan yapışsın.

"… Və onu özünə nəsihətçi qəbul et. …” Yəni bir problem yaşadıqda Qurana nəzər sal və o problemin həll olunmasında sənə necə nəsihət verəcəyinə bax. Bir plan çəkmək, yaxud bir yol tutmaq, yaxud bir şəxsi və ya tərəfi təsdiq, yaxud inkar etmək istədikdə və nəsihət almaq istədikdə ən xeyirli məsləhətçi olan Qurana yönəl və onun bütün ayələrini nəsihətçi qəbul et, çünki bütün nəsihətlər ondadır, bir şərtlə ki, onun üzərində dərindən düşünəsən, yalnız onun ayələrini oxuyan şəxslər kimi ona səthi yanaşmayasan. Allah-Taala Quranda bu barədə buyurur: "Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur?” ("Mühəmməd”, 24)

"… Onun halalını halal və haramını isə haram bil. …”

Quran Allahın kəlamı və şəriətidir. Buna görə də onun halalını halal və haramını isə haram bilməklə Quranın qanunlarına tabe olmalı və Qurandan başqa digər bir şəriətə sığınmamalısan. Allah-Taala buyurur: "Allah və Onun Elçisi bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək yaraşmaz. …” ("Əhzab”, 36)

"… Keçmişə dair Quranda xəbər verilən həqiqətləri təsdiq et və dünyanın keçmişindən onun gələcəyi üçün ibrət al. …” Gələcəyə dair dünyanı başa düşmək istəsən, arxada qoyduğun illərlə dünyaya bax, çünki cəmiyyətin fəaliyyət və gedişatında Allahın yerləşdirdiyi məğlubiyyət, zəfər, uğur, həyat və ölüm kimi tarixi adətlər və qanunlar, Allahın dünyanı onlarla ayağa qaldırdığı sabit və dəyişməz qanunlardır. Buna görə də bəzən bir sıra təfərrüatlarda gələcək keçmişdən fərqlənməsinə baxmayaraq, lakin onlar (yəni keçmiş və gələcək) zaman daxilində insanın hərəkət və fəaliyyətini idarə edən ümumi qaydalardakı vahid qayda-qanundan qaynaqlanır. Allah-Taala "Əhzab” surəsinin 62-ci ayəsində buyurur: "… Sən Allahın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən!”

"… Həqiqətən, onun bəzi hissələri bəzi hissələrinə oxşayır. Sonu əvvəlinin davamıdır. Hamısı fanidir və insanı tərk edib gedəcəkdir. Allahın adını uca tut və Onun adını yalnız haqq işdə dilinə gətir. …” Allahın adını hörmətdən salma və Onun adını andına hədəf etmə. Həqiqətən, Allaha and içmək ən təhlükəli bir işdir, çünki nəql etdiyin xəbərə, yaxud yerinə yetirdiyin işə görə Allaha and içməyin mənası budur ki, sən Onu xəbər verdiyin şeyə şahid göstərmiş olursan. Əgər xəbər verdiyin şey yalan və batil olarsa, Allahı yalana şahid göstərmiş olursan. Əgər sən, səni hörmətdən saldığına və nüfuzuna xələl gətirdiyinə görə özünün yalana şahid gətirildiyini qəbul etmirsənsə, Allahı yalana necə şahid göstərə bilərsən? İstər şahidlik edərkən bir şey haqqında xəbər vermiş olasan, istərsə də adi vəziyyətdə bir şey haqqında xəbər vermiş olasan. Hədisdə deyilir: "Yalandan and içmək şəhərləri viran qoyar!” Bu şəhadət insanın özü və digərləri üzərində mənfi nəticələr qoyur. Sanki sən Allaha and içməklə başqasını Allahın adına görə sənə etimad etməyə məcbur edirsən. Sanki: "Allah şahid olsun ki, mən bu işi görəcəm”, – deyirsən. Əgər o işi görmək istəmirsənsə, Allahın adı ilə əhdini və düşüncəni yerinə yetirməkdə güclü olmaq üçün Allahı necə şahid göstərirsən? Həqiqətən, bu Allahın adına qarşı bir növ sayqısızlıqdır. Hətta bəzi qaynaqlarda deyilir: "Allaha nə doğrudan, nə də yalandan and iç! …”

İmam Zeynulabidin əleyhissəlamdan belə nəql olunur ki, onun Bəni-Hənifə qəbiləsindən bir arvadı var idi. İmamın dostlarından biri o Həzrətə xəbər verdi ki, qadın baban Əmirülmöminin Əlinin düşmənlərindəndir. İmam onun talağını verdi. O qadın mehrini almasına baxmayaraq, yalandan mehr iddiası etdi və əlində dəlili olmadığına görə Mədinənin hakiminə şikayət edib iki yüz dinarın ona verilməsini tələb etdi. Mədinənin hakimi o Həzrətə ərz etdi ki, ya bu məbləği verdiyinizə dair and için, yaxud da onun haqqını verin. İmam oğlu İmam Mühəmmədbaqirə dedi: "Ey oğul, ona iki yüz dinar ver!” Həzrət Mühəmmədbaqir atasına dedi: "Atacan, məgər sən onu inkar etməkdə haqlı deyildin?” İmam cavab verdi: "Haqlı idim, lakin mən Allahın adını, doğrudan belə Ona and içməkdən uca tutdum”. İmam demək istəyir ki, mənə zərər dəyməklə nəticələnsə belə bu qadının iddia etdiyi şeyi inkar etməkdə Allah-Taalanın adını ortaya gətirmək istəmirəm. Mən istəyirəm Allah şahid olsun ki, mən Onun adını əziz tuturam və bu iddiada Onun adını ortaya gətirmirəm.

"… Ölümü və ölümdən sonrakı halları çox düşün və etimadlı bir şərt olmadan ölümü arzulama. …”

İmam bu nəsihətlə bizdən ölməmişdən əvvəl ölməyimizi istəyir? Həyatdan ümidsiz olma halını yaşamaq, yaxud bu gündə-sabahda öləcəyimizi hiss edib həyatın mübarizəsindən və həyatdakı planlardan vaz keçmək üçün hər birimizin öz qəbrini və əcəlini qarşısına qoymasını istəyir?

İmamın sözündən bunu başa düşürük ki, İmam bunu istəmir. İmam bildirir ki, bizə verilən həyata görə biz cavabdehik və həyatı Allahın istədiyi şəkildə qurmaq üçün cavabdehlik dairəsində həyatın içinə atılmalıyıq. Allah da insanı bu hədəfi gerçəkləşdirmək üçün yer üzündə Öz xəlifəsi seçmişdir. İmam buyurur: "Sanki əbədi yaşayacaqsanmış kimi dünya üçün, sabah öləcəksənmiş kimi isə axirət üçün işlə!” Yəni dünya üçün elə işlə ki, sanki orada heç vaxt ölüm olmayacaq, işlərini davamiyyətlilik əsasında planlaşdır və cavabdehliklə dinamiklik arasında tarazlıq yarat. İmam istəyir ki, sən ölümü çox düşünəsən və bununla həyatında cavabdehlik duyğusunu yaşayasan, çünki insan bitib-tükənməyən arzulara qapılıb ölümü unutduqda həyatdakı məsuliyyət və cavabdehlik duyğusunu itirir. Peyğəmbərdən belə nəql olunur: "Sizin üçün qorxduğum şeyin ən qorxulusu iki şeydir: nəfsani istək və bitib-tükənməyən arzular. Nəfsani istək insanı haqdan yayındırar, bitib-tükənməyən arzular isə axirəti unutdurar”.

Peyğəmbər başqa bir hədisində buyurur: "Həqiqətən, qəlblər dəmir paslandığı kimi paslanar”. Dedilər: "Ey Allahın elçisi, onu nə ilə cilalamaq olar?” Buyurdu: "Quran oxumaq və ölümü düşünməklə!” Bütün bunlar həyata bağlı olaraq yaşayan insanın ölümdən sonrakı həyata hazırlaşması üçün lazımdır.

İmam "… Etimadlı şərt olmadan ölümü arzulama …”, – deməklə bu fikri təsdiq edir, yəni psixoloji, hissi, iqtisadi və onun kimi çətinliklər ucbatından ölümü istəmə, əksinə həyatda bütün məsuliyyətlərini kamilləşdirdiyin vaxt ölüm istə. Bütün günahlardan pak və təmizlənmiş paltarla Allahın hüzuruna çıxacağını hiss etdiyin vaxt əməl dəftərinin yaxşılıqlarla dolu olduğunu və sənə: "Oxu kitabını. Bu gün sən özün-özünə haqq-hesab çəkməyə kifayətsən!” ("İsra”, 14), – deyildiyi vaxt pisliklərin əməl dəftərində böyük bir şey təmsil etmədiyini bildiyin zaman ölüm istə. Məhz buna görə Allah-Taala "Cumuə” surəsində yəhudilərə meydan oxuyur, çünki onlar özlərini Allahın dostu və sevimlisi hesab edirdilər. Allah-Taala buyurur: "De ki: "Ey yəhudilər, əgər bütün insanlardan fərqli olaraq özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə və bu iddianızda doğrusunuzsa, onda ölüm diləyin! Halbuki onlar öz əlləri ilə etdikləri pis əməllərə görə heç vaxt ölümü diləməzlər. Allah zalımları çox gözəl tanıyandır!” ("Cumuə”, 6, 7)

İmam Zeynulabidin əleyhissəlamdan nəql olunan "Məkarimul-Əxlaq” duasında deyilir: "Ömrüm sənə itaət yolunda olduğu müddətcə mənə ömür ver. Əgər ömrüm Şeytan otlağı olarsa, qəzəbin sürətlə mənim üzərimə gəlməmişdən, yaxud mənim üzərimdə möhkəmlənmədikcə canımı Özünə doğru al!” Çərşənbə axşamı gününün duasında oxuyuruq: "Həyatı xeyirxahlıqlarımı artırmaq və ölümü isə bütün pisliklərdən rahat olmağım üçün qərar ver!”

"… Sahibinin özü üçün razı olduğu, lakin bütün müsəlmanlar üçün istənilməyən hər bir əməldən çəkin. …” Ola bilsin ki, insan özü üçün müəyyən əmələ razı olur, çünki o əməl həyatda ona müəyyən fürsətlər, qazanclar və mənfəətlər verir, lakin başqa müsəlmanların bunu əldə etməsini istəmir. Bu eqoistlik və xudbinlik insanı öz şəxsi zindanında yaşamağa, arzularında, xəyallarında və özü üçün çəkdiyi hər bir planda özünü müsəlmanlardan ayırmağa məcbur edir. Bu isə müsəlmana yaraşmayan bir şeydir. Hədisdə buyurulur: "Sizdən biri özü üçün sevdiyini qardaşı üçün sevməyənə və özü üçün bəyənmədiyini qardaşı üçün də bəyənməyənədək iman gətirmiş hesab olunmaz”. Əli əleyhissəlam oğlu İmam Həsənə vəsiyyətində deyir: "Ey oğlum! Nəfsini özünlə başqası arasında bir ölçü aləti halına gətir. Özün üçün sevdiyin şeyi başqası üçün də sev, özün üçün bəyənmədiyin bir şeyi başqası üçün də bəyənmə!”

"… Gizlicə yerinə yetirilən və aşkarda insana xəcalət gətirən və onu utandıran əməldən çəkin. Sahibindən haqqında soruşulduqda inkar etdiyi, yaxud üzr gətirdiyi hər bir işdən çəkin. Namusunu söz oxuna hədəf etmə. Hər eşitdiyini camaata danışma; yalan danışmaq üçün bu sənə kifayət edər. …”

İnsan hər gün ünsiyyətdə olduğu insanlardan çoxlu sözlər eşidir, lakin eşitdiyi hər bir söz doğru deyil. Bəzən insanlar sənə yalan da deyə bilərlər. Hətta kütləvi informasiya vasitələri doğru olmayan fikirlər söyləyə bilərlər. Eşitdiyin xəbəri ələkdən keçirməyə çalış və camaata sənin üçün doğruluğu sübuta yetmiş şeyi danış. Hər eşitdiyini danışma, çünki eşitdiyin bəzi şeylər yalan ola bilər və bununla da sənin sözün bəzi hissələri ilə olsa da belə yalan söz olar.

"… Xalqın sənə danışdığı hər şeyi də rədd etmə. Nadanlıq və cahillik olaraq bu sənə kifayət edər. …”

Bəzən camaat sənə siyasi, ictimai, iqtisadi, təhlükəsizlik işləri və s. ilə əlaqədar bir çox məlumatlar verirlər. Bəzi adamlar eşitdiyi hər bir xəbəri dərhal inkar edir. Bu, cahillikdir. Camaatın sənə danışdığı hər şeyin bütünlükdə yalan olması zəruri bir şey deyildir. O danışılanların içərisində bəzi doğru cəhətlər də olur. Sən onların sözlərini araşdırmalısan. O zaman həqiqi olanları görərsən. Ola bilsin ki, o sözlərin içində bəzi yalanların da olduğunu görərsən. Sənin üçün doğruluğu sübuta yetmiş fikri təsdiq etməli, doğruluğu sübuta yetməmiş fikri isə təkzib etməlisən. Eşitdiyin məlumatlar barəsində hökm çıxarmamışdan əvvəl yalanla doğrunu bir-birindən ayırmaq üçün onu dəqiqləşdir. Camaatın sənə danışdığı sözləri də tamamilə təkzib etmə. Ola bilsin ki, o xəbərlərin içində bəzi həqiqi fikirlər də vardır. Hökmündə dəqiq ol.

"… Qeyzini ud …” Çünki bu hisslərinin nəzarətə götürülməsində iradə gücünü təmsil edir. Qeyz sənin daxilində qaynayıb partladıqda səni nəticəsi bəyənilməyən şeylərə doğru sövq edir və sən ağlının yox, hisslərinin təsiri altında hərəkət etməyə başlayırsan, çünki insanın qeyzi hərəkətə gəldikdə ağlı susur və qeyz ağlın açılışına maneçilik törədir. Allah-Taala Quran-kərimdə "qeyzin udulması”nın Cənnət əhlinin sifətlərindən olduğunu qeyd etmişdir: "Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan müttəqilər üçün hazırlanmış Cənnətə tələsin. O müttəqilər ki bolluqda da, qıtlıqda da xərcləyər, qeyzlərini udar, insanların günahlarından keçərlər. Allah ehsan edənləri sevər. …” ("Ali-İmran”, 133)

"… Güclü olduqda günahdan keç, qəzəbləndikdə həlim ol və qüdrətli olmağına baxmayaraq bağışla ki, xeyirli aqibət sənin olsun. Allahın verdiyi nemətlərin qədrini bil. Onlardan yaxşı istifadə et. …”

Allah sənə hər hansı bir nemət əta etdikdə, istər mal, yaxud məqam, yaxud elm, yaxud afiyət olsun, bu neməti qorumağa çalış və ona qarşı səhlənkar davranma, əksinə onların qədrini bil, onları artır və o nemətin bütün ünsürlərini qüvvətləndirmək üzərində işlə.

"… Allahın sənin yanında olan bir nemətini belə zay etmə. …” Əksinə onu qoru, çünki o nemət Allahın sənin üçün olan kəramətini təmsil edir. Ona görə də sən ilahi kəraməti zay etməməlisən, əksinə onu Allahın istədiyi yolda hərəkətə gətirməlisən. Ələlxüsus burada diqqət edilməsi lazım olan bir nöqtə vardır; o da budur ki, Allah hər bir nemətin yanına məsuliyyət və cavabdehlik də qoymuşdur. Allahın fərdə verdiyi hər hansı bir nemət onun yanında camaatın bir əmanətidir, çünki camaat müstəqil bir şey və cəmiyyət də fəzadan asılmış bir şey deyildir. O məndən, səndən və digərlərindən ibarət olan bir varlıqdır. Ümmət də məndən, səndən və digərlərindən ibarətdir. Ümmətin gücü onun fərdlərinin gücündədir. Sən belə hesab etməməlisən ki, Allahın sənə əta etdiyi mal, yaxud iş, yaxud da güc sənin istədiyin kimi istifadə edə biləcəyin mülkündür, əksinə o həm sənin, həm də onun bir hissəsi hesab olunduğun cəmiyyətin mülküdür. Cəmiyyəti elmindən və malının artığından məhrum etməyə ixtiyarın yoxdur. Allah-Taala buyurur: "… Onların (müttəqilərin) mallarında dilənçinin və yoxsulun haqqı vardır. …” ("Zariyat”, 19)

Başqa bir ayədə deyilir: "… Onlara (kölələrinizə) Allahın sizə verdiyi maldan verin …” ("Nur”, 33)

Başqa bir ayədə buyurulur: "Allaha və Peyğəmbərə iman gətirin. Sizi varis etdiyi maldan (Onun yolunda) xərcləyin. Sizdən iman gətirib (mal-dövlətini Allah yolunda) sərf edənləri böyük bir mükafat gözləyir!” ("Hədid”, 7)

Sənin elmin həm sənin, həm də ümmətindir. Sənin gücün həm sənin, həm də ümmətindir. Məqamın da belədir.

"… Onun sənə nemət olaraq verdiyi şeyin əlaməti və izi səndə görünsün. …”

Allah istəyir ki, sən Onun sənə əta etdiyi nemətlərini xatırlayasan, o nemətləri öz həyatında göstərəsən. Allah-Taala buyurur: "Və Rəbbinin sənə olan nemətini xatırla və göstər!” ("Zuha”, 11) Qarun öz zinət və ehtişamı içində qövmünün qarşısına çıxdıqda öz qövmünə qarşı etdiyi kimi digərlərini daxillərində məğlub edəcək özündənrazılıq, təkəbbürçülük və nümayişetdirmə olmadan ilahi nemətlər sənin üzərində təzahür etməlidir. Hansı ki, Qarunun o davranışında qövmündən bəziləri Qarunda olan malın onlarda da olmasını istədilər.

"… Bil ki, möminlərin ən fəzilətlisi canından, əhli-əyalından və malından ən fəzilətli şəkildə hədiyyə və ehsan edən şəxsdir. …” Yəni əhli-əyalından insanlara fayda verəcək ictimai özək yarat. Onları tamamilə xeyir, elm, düşüncə, təqva və doğruluq üzərində tərbiyə et. Həqiqətən, bu Allahın sənə bağışladığı ailə nemətindən ən fəzilətli şəkildə ehsan və hədiyyə etməyinin təzahürüdür, çünki sən ailəndən cəmiyyət üçün onu qoruyacaq və ona fayda verəcək şeyi hazırlamağa görə cavabdehsən. Əgər bu vəzifənə qarşı səhlənkarlıq etsən, cəmiyyətə cinayətkar təqdim etmiş olarsan. Hədisdə deyilir: "Adəm oğlu öldükdə onun gözəl işlərinin davamı kəsilər, lakin üç şey istisnadır: davamlı sədəqə, insanların faydalandığı bir vərəq elm və saleh (doğru) övlad”. Ola bilsin ki, hədisdəki "saleh övlad” ifadəsi "saleh qardaş”, "saleh qohum”, "saleh ər”, "saleh həyat yoldaşı” kimi anlayışları özündə əks etdirə biləcək qədər geniş mənalı bir ifadədir, çünki Allah bizdən ailə özəyini bütün incəliklərinə qədər islah etməyimizi istəyir. Allah-Taala buyurur: "… O kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir, pisliyin qarşısını yaxşılıq etməklə alırlar, onları axirət yurdunun gözəl aqibəti – Ədn cənnətləri gözləyir. Özləri, həmçinin əməli saleh ataları, övrətləri və övladları ora daxil olacaqlar. Mələklər də hər bir qapıdan daxil olub onlara: "Səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdunun aqibəti nə gözəldir!”, – deyəcəklər” ("Rəd”, 22–24) İmam Sadiqin atalarından, onların da Peyğəmbərdən nəql etdiyi hədisdə deyilir: "İsa ibn Məryəm sahibinə əzab verilən bir qəbrin yanından keçdi və dedi: "Ey Rəbbim, mən keçən il bu qəbrin yanından keçdikdə onun sahibinə əzab verilirdi. Sonra bu il onun yanından keçəndə ona əzab verilmədiyini gördüm”. Allah ona belə vəhy etdi: "Ey Ruhullah, saleh bir övlad onun dadına çatdı. Yolu sahmana saldı və yetimə sığınacaq verdi. Oğlunun əməlinə görə onu bağışladım”. ("Biharul-Ənvar”; c. 6, s. 220, h. 15, f.8)

Əhli-əyaldan hədiyyə vermək və ehsan etmək onları cəmiyyətin xeyirli ünsürü olaraq yetişdirmək və tərbiyə etməkdir.

Maldan ən fəzilətli şəkildə ehsan və hədiyyə etmək deyildikdə ondan artıq qalanı möhtac olan şəxslərə xərcləmək nəzərdə tutulur. Allah-Taala onu vacib, bəzən isə müstəhəb haqq olaraq müəyyənləşdirmişdir. Buna görə də İmam əleyhissəlam yüksəkliklərə qalxmaq istəyən insan üçün məsuliyyəti bir yerə yığıb ona deyir ki, uca məqamlara yüksəlmək bütün işlərində insanları hiss etməyinə bağlıdır.

Bu mövzuda İmam Rza əleyhissəlamdan bir hədis nəql olunur. Bir şəxs ondan soruşur: "Güzəranı ən yaxşı olan insan kimdir?” Əgər bu sual bizə verilsəydi, biz: "Evi, arvadı, övladı, vəzifəsi, maşını və sağlamlığı olan şəxs”, – deyə cavab verərdik, çünki biz yalnız maddi məsələlər və şəxsi istəklər barəsində fikirləşirik, lakin İmam buyurur: "Güzəranı ən yaxşı olan insan, güzəranında başqasının güzəranı gözəl olan şəxsdir”. Yəni həyatı ən gözəl olan insan o insandır ki, insanlarla birlikdə yaşadıqda insanlar onun elmi ilə elmlərini, malı ilə mallarını, hərəkəti ilə hərəkətlərini, hürriyyəti ilə hürriyyətlərini və cihadı ilə cihadlarını artırırlar. Belə ki o, həyata daxil olmamışdan əvvəl ümmətin vəziyyəti tam başqa bir şəkildə olur, lakin onun həyata daxil olmasından sonra vəziyyət tərəqqiyə və inkişafa doğru dəyişir. Həmin şəxs İmamdan soruşur: "Bəs güzəranı ən pis olan şəxs kimdir?” İmam buyurur: "Güzəranında başqasının yaşamadığı şəxs!” Yəni özü üçün yaşayan və başqaları üçün yaşamağı bacarmayan eqoist və xudbin.

"… Həqiqətən, qabaqcadan göndərdiyin xeyirin azuqəsi sənin üçün qalar, əsirgədiyin şeyin xeyiri isə səndən başqasınındır. …” Allah-Taala buyurur: "… Özünüzdən ötrü qabaqcadan göndərdiyiniz xeyiri Allahın yanında taparsınız. …” ("Bəqərə”, 110)

"Əsirgədiyin şeyin”, yəni malından əsirgədiyin şeyin qazancı varislərin, zərəri isə sənindir. Bəli, "Əsirgədiyin şeyin xeyiri isə səndən başqasınındır”.

"… Fikri və rəyi zəif və xətalı, əməli isə xoşagəlməz və çirkin olan şəxslə dostluq etməkdən çəkin, çünki insana dostluq etdiyi şəxslə qiymət verər və dostundan ibrət alıb haqqında hökm çıxararlar. …” Sonra İmam bizimlə dostluq etdiyimiz şəxslər haqqında danışmağa başlayır. "Fikri və rəyi zəif və xətalı olan şəxslə dostluq etməkdən çəkin. …” Yəni dostluq etmək istədiyin şəxsin qüvvətli rəyə və dərin fikrə malik olmasına diqqət et, çünki dost dosta təsir edir.

"… Böyük şəhərlərdə sakin ol, çünki oralar müsəlmanların cəmləşdiyi yerlərdir. Xalqı qafil və cəfakar olan, Allaha itaətdə yardımçısı az olan yerlərdən çəkin. Fikrini səni maraqlandıran və sənə aid olan şeylərlə məşğul et. …”

Sən həyatını yaşayan bir insansan və sənin etiqad etidyin əqidənlə, tabe olduğun şəriətinlə, həyatda diqqət etdiyin bilgilərinlə və hədəf və məsuliyyətinlə əlaqədar bütün hadisələrlə bağlı maraqların vardır. Çalış öz fikir və rəyinə diqqət edəsən. Sənin məsuliyyətin daxilində deyildirlərsə, başqalarının işinə qarışmağın zəruri deyildir.

"… Bazarların oturacaqlarında oturmaqdan çəkin, çünki oralar Şeytanın hazır olduğu və fitnələrin peyda olduğu yerlərdir. …” Bazarlar iş yerləridir. Bəzi adamların tacir, yaxud yer sahibi olan bir dostu olur. Baxırsan ki, tacir öz işi ilə məşğuldur və onun dostunun da heç bir işi yoxdur və gəlib onun yanında oturur. İmam deyir ki, bu yerlərdə oturan şəxslər çoxlu problemlər, çəkişmələr və ziddiyyətlərin şahidi olurlar. Bir də görürsən ki, biri digərini söyür, yaxud başqasının qeybətini edir. Bu pis yerlərdə olduqda ola bilsin ki, təsirlənəsən, "çünki oralar Şeytanın hazır olduğu və fitnələrin peyda olduğu yerlərdir”. Çünki Şeytan daxilində problemlər ehtiva edən bütün yerlərdə hazır olur və məhsuldar torpağı bu yerlər olan fitnələrin geniş qapılarından daxil olur.

"… Üstün tutulduğun şəxsə çox bax, çünki bu şükr qapılarındandır. …” Üzərindəki ilahi neməti hiss etmək üçün səndən üstün olan şəxsə yox, səndən aşağıda olan şəxslərə bax ki, özündən üstün olan insanlara baxdıqda, üzərindəki ilahi nemətləri gözündə kiçiltmiş olursan. Bəzi adamların "Allah filankəsə verdi, lakin mənə bir şey vermədi”, – dediyinin və bununla da üzərindəki ilahi nemətləri gözlərində kiçiltdiyinin və hətta onları inkar etdiyinin şahidi olursan. Belə şəxslər bəzən Allahın nemət verdiyi şəxslərə həsəd də edirlər, halbuki üstün tutulduğun şəxsə baxsan, səninlə onun arasındakı müqayisədə Allaha həmd etmiş olacaqsan, Allahın sənə əta etdiyi şeyin ona əta edilmədiyini görəcəksən və bununla da üzərindəki ilahi nemətləri düşünəcəksən. Odur ki, ağlında və ya bədənində, yaxud da bəzi ictimai vəziyyətlərində bəlaya düçar olmuş şəxsə baxdıqda "Başqasının mübtəla olduğu dərddən məni qurtaran Allaha həmd olsun. Əgər istəsəydi, məni də bu dərdə məruz qoyardı”, – demək İslamın adabından hesab olunur. Bununla Allahın öz hikməti ilə bəzi insanları məhrum edib sənə əta etdiyi nemətlərini düşünürsən.

"… Cümə günü namazda iştirak etməmiş səfərə çıxma, lakin Allah yolunda, yaxud məzur olduğun bir işə görə çıxdığın səfər istisnadır. …”

Allah-Taala istəyir ki, müsəlmanlar cümə günündə namazda iştirak etsinlər. Allah cümə namazı kimi heç bir namaza əhəmiyyət verməmişdir, lakin cihada getmək istəsən və cihad vaxtı cümə gününə təsadüf etsə, yaxud məzur olduğun bir işə görə səfərə çıxsan, bu hal istisnadır. Bu zaman Allah səni üzrlü biləcəkdir.

"… Bütün işlərində Allaha itaət et. Həqiqətən, Allaha itaət ondan başqa hər şeydən üstündür. İbadətdə nəfsini aldatmağa çalış. …” Yəni onu cəzadan qorxutmaq və savaba sevindirmək vasitəsi ilə aldadıb şəhvətdən saxla və itaətə vadar et.

"… Onunla yumşaq rəftar et və onu məcbur etmə. …” Yəni müstəhəb ibadətlərdə onu çox çətinliyə salma və öhdəsinə ağır vəzifələr qoyma.

"… Onun boş vaxtını və həvəsli olduğu zamanını haqla, lakin sənə vacib olan işlər istisnadır, çünki vacibatın yerində və zamanında yerinə yetirilməsi lazımdır. Dünyanı istəyərkən Rəbbindən qaçdığın bir halda, ölümün sənin başının üstünü almasından çəkin. …” Qaçan bəndə Mövlasından uzaqlaşan bəndədir. İmam demək istəyir ki, ölüm sənə gəldiyi zaman sən Ona itaət mövqeyində olmalı və O səni dünyanı istəyərək Ondan uzaqlaşmış bir halda görməməlidir. Bu həqiqəti İmam Zeynulabidin belə ifadə edir: "Ömrüm sənə itaət yolunda olduğu müddətcə mənə ömür ver. Əgər ömrüm Şeytan otlağı olarsa, qəzəbin sürətlə mənim üzərimə gəlməmişdən, yaxud mənim üzərimdə möhkəmlənmədikcə canımı Özünə doğru al!”

"… Fasiqlərlə həmnişin olmaqdan çəkin, çünki şər şərlə əlaqəlidir” Məktubun əvvəlində rəyi zəif olan şəxslə dostluq etməkdən çəkindirdiyi kimi burada da Allahın əmrlərinə itaət etməyən, namaz qılmayan, oruc tutmayan, zina edən, qumar oynayan, şərab içən, insanlara zülm edən və günahlara mürtəkib olan fasiq şəxslə dostluq etməkdən çəkindirir. Fasiq öz əxlaqında və davranışında şəri təcəssüm etdirir. Əgər sən onunla dostluq etsən, onun kimi olacaqsan və onun şəri sənə də sirayət edəcək. O şər insan olduğu kimi sən də onun kimi şər insan olacaqsan. Ona görə də deyilib ki, əxlaq əxlaqdan oğurlayır.

"… Allahı böyük bil və Onu sevənləri sev. Qəzəbdən çəkin, çünki o İblisin ordularından böyük bir ordudur. Vəssəlam” Çünki qəzəb yolunun üstündə olan hər bir şeyi yuyub-aparan sel kimidir. İnsan qəzəbləndikdə ağlını əldən verir, hissləri və nəfsindəki şər qalıqları oyanır və bununla da məqsədsiz şəkildə hərəkət etməyə başlayır. İmamın təbiri ilə desək, qəzəb böyük bir ordudur, bəlkə, Şeytanın məmurlarından bir məmurdur. Onu özünə necə hakim edə bilərsən? Vəssəlam.

"NƏHCÜLBƏLAĞƏ”, 69-cu məktub

Tərcümə etdi: Xəyyam Qurbanzadə



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun