15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

ƏLCƏZAİR

Bitməyən zülm və vəhşətin qanlı burulğanında
Şimali Afrikada İslamın yayılmasında çox önəmli ərazini təşkil edən Əlcəzair uzun illərdir həm ictimai, həm də siyasi baxımdan böyük bir böhran vəziyyətini yaşayır. Dünya ictimaiyyətinin xüsusilə son 10 ildə soyqırım xəbərlərini eşitməyə alışdığı Əlcəzairdə münaqişələrin kökü çoxillik tarixə malikdir.


FRANSANIN ƏLCƏZAİRİ İŞĞAL ETMƏSİ
Əlcəzair XVI əsrdən XIX əsrədək Osmanlı hakimiyyəti altında hüzur, barış və təhlükəsiz şəraitdə yaşadı. Osmanlının dağılma ərəfəsində istismarçı qüvvələr İslam torpaqlarını bölüşdürməyə başladılar. Bölüşdürülən bu torpaqlardan biri də Əlcəzair idi. Fransız orduları 1827-ci ildə 37 min əsgərlə bu torpaqlara soxuldu. 3 il sürən hərbi toqquşmaların sonunda Əlcəzair bütövlükdə Fransanın tabeçiliyinə keçdi. Zəngin neft ehtiyatlarına və Ağ dənizdə strateji baxımdan çox əlverişli liman mövqeyinə sahib olan Əlcəzair Fransa üçün son dərəcə dəyərli bir torpaq idi. 1830-cu ildə Fransa torpaqlarına qatılan ölkə 132 il boyunca Fransanın işğalı altında qaldı. İstismar anlayışının tələb etdiyi kimi özlərindən başqa digər millətləri ikinci sinif insanlar olaraq görən fransızlar işğal etdikləri bütün torpaqlarda olduğu kimi, Əlcəzairdə də zülmə və təzyiqə söykənən bir sistem yaratdılar. Bir tərəfdən də köklü bir İslam mədəniyyətini yox etməyə yönələn assimilyasiya (dəyişdirilmə) siyasəti tətbiq edilməyə başladı. Öncə ərəbcə danışmaq və bu dildə təhsil almaq qadağan olundu. Rəsmi danışıq dili yalnız fransız dili qəbul edildi. Bu siyasət xalqın tarixi yaddaşını, mənəvi kimliyini və mədəni irsini unutdurmağa və yox etməyə yönəlmişdi. Fransadan iqtisadi tərəfdən asılı vəziyyətə düşən Əlcəzair tədricən siyasi hakimiyyət baxımdan da bu ölkənin tabeçiliyinə keçdi.
Fransanın 1827-ci ildə başlayan işğalına qarşı Əlcəzairdə ilk müqavimət hərəkatı 1832-ci ildə Maskara əmiri Əbdülqadir tərəfindən yaradıldı. Mücadilə zamanı minlərlə əlcəzairli şəhid oldu. Beləcə, fransızlar ölkəyə tam hakim oldular. Əlcəzairdə xalqın işğalçılara qarşı mübarizəsi davam etsə də, bu mübarizə təmərküzləşən vahid plan əsasında həyata keçirilmədiyindən məğlubiyyətlə nəticələnirdi. XX yüzilliyin ortalarınadək ölkədəki vəziyyət bu şəkildə davam etdi. 2-ci Dünya müharibəsinin başlanması ilə birlikdə Əlcəzairdə yeni bir dönəm yarandı. Nasist Almaniyası öncə Fransanı, ardından da Əlcəzairi işğal etdi. Əlcəzairli vətənsevərlərin bir çoxu nasistlər tərəfindən həbs edildi. Əksəriyyəti isə xüsusi düşərgələrə yerləşdirilərək qətlə yetirildilər. 1942-ci ildə müttəfiq qüvvələrin səyi sayəsində alman işğalına son verməsindən sonra Əlcəzair üçün yeni və demokratik bir mərhələnin başlandığını zənn edən əlcəzairlilər qısa müddətdə yanıldıqlarını anladılar.
1943-cü ildə Fərhad Abbasın rəhbərlik etdiyi bir qrup istismarçılıq dönəminin sona çatması, müharibənin başa çatmasından sonra müstəqil bir dövlət qurulması, yeni bir konstitusiya təşkil edilməsi, əlcəzairlilərin hakimiyyət strukturlarında üstünlük təşkil etməsi və s. bu kimi maddələri özündə əks etdirən təklifi müttəfiq qüvvələrə təqdim etdilər. Almaniyaya qarşı savaşan əlcəzairlilər haqlı tələblərinin müttəfiqlər tərəfindən qəbul ediləcəyini zənn etmişdilər. Lakin hər şey əksinə oldu. Təkliflərin heç biri qəbul edilmədi. Ən dəhşətlisi isə hələ irəlidə idi. Əlcəzair xalqı üçün nəzərdə tutulan soyqırım planı həyata keçirilmək ərəfəsində idi.
1945-ci ilin mayında 2-ci Dünya müharibəsinin sona çatması münasibətilə bayram təbrikləri əsnasında xalq Əlcəzair bayrağını ortaya çıxarınca, ətraf bir anda qan gölünə çevrildi. Fransız əsgərləri bayrağı gəzdirənlərə atəş açaraq 40 kişini amansızcasına öldürdü. Bu vəhşilik bölgədəki digər müsəlmanlar arasında böyük etirazlara səbəb oldu. Fransa isə bunun müqabilində vəhşətin miqyasını daha da artırmağa qərar verdi. Dinc xalqa atəş açıldı. Nəticədə Amerika mənbələrinin açıqladığı rəqəmlərə əsasən təxminən 45 min əlcəzairli müsəlman baş verən bu hadisələrdən əziyyət çəkdi. Tarixə "Sətif” soyqırımı adı ilə düşən bu hadisələrdən sonra fransızlar istismarçı fəaliyyətlərini davam etdirməkdə idilər. Ölkədə mövcud rejimə qarşı bütün siyasi fəaliyyətlərə qadağa qoyuldu. Minlərlə əlcəzairli heç bir əsas olmadan həbs edildi və beləcə ölkə istismarçıların zülmünü acı bir təcrübə ilə yenidən yaşamağa məcbur oldu.
"Sətif” soyqırımından sonrakı 10 ili müstəqillik uğrunda mübarizənin yetkinlik dövrü kimi qiymətləndirmək olar. 1954-cü ilin 1 noyabrında milli müqavimət hərəkatları rəsmi bəyanatla Əlcəzair xalqını azadlıq və hürriyyət uğrunda mübarizəyə səslədi. Həmin il yaradılan Milli Qurtuluş Cəbhəsi və Milli Qurtuluş Ordusu bu mübarizənin önündə gedirdilər. Milli Qurtuluş Cəbhəsi 1958-ci ilin sentyabrında Qahirədə toplanaraq "Müvəqqəti Əlcəzair Hökuməti”ni qurdular. Bu arada Fransa, əlbəttə, zəngin təbii sərvətlərə malik Əlcəzairi itirmək istəmirdi. Üstəlik yeraltı və yerüstü sərvətlərə sahib olan bir müsəlman ölkənin varlığı həm Fransanı, həm də qeyri-İslam ölkələrini narahat etməyə bilməzdi. Belə bir dövlətin Afrikanın digər müsəlman ölkələri üzərində üstünlük təşkil etdiyini və bununla onların ictimai-siyasi həyatına da təsir edəcəyini görən Fransa hökuməti yeni qanlı planlar hazırladı. Əlcəzair müstəqilliyini elan edənədək ölkənin bir çox kənd və qəsəbəsi fransızlar tərəfindən viran edildi. Məktəb və məscidlər yandırıldı. Kənd təsərrüfatı iflic halına salındı. 400 min əkin yeri dağıdıldı, minlərlə heyvan kəsilərək ölkədən kənara aparıldı. İllərlə Əlcəzairi viran qoyub talamaqdan, günahsız insanları, qadınları, uşaqları və qocaları qətl etməkdən çəkinməyən Fransa sonunda Əlcəzair xalqının müstəqillik əzmi qarşısında diz çökdü. Fransanın dövlət başçısı Şarl De Qol 1959-cu ildə BMT-də etdiyi çıxışında Əlcəzairin müstəqilliyinin tanınacağını elan etdi. Tarixə "İvian” sazişi adı ilə düşən müqavilə ilə Milli Qurtuluş Cəbhəsi və Fransa arasında atəşkəs imzalandı. 1962-ci ildə Əlcəzair müstəqilliyinə qovuşdu. İstismarçı Fransa ilə aparılan 7 ildən artıq azadlıq mücadiləsi Əlcəzairə çox ağır itkilər hesabına başa gəldi. Minlərlə əlcəzairli bu mübarizədə şəhid edildi.
Fransanın tətbiq etdiyi bu vəhşətin Allahın bizə Quranda bildirdiyi inkarçı və pozğunluq törədən qövmün təkrarı olduğuna diqqət etmək lazımdır. Bir savaş anında müdafiəsiz xalqın bütün qaynaqlarını yox etmək, gündəlik həyatlarını belə davam etdirə bilməyəcəkləri bir qıtlıq meydana gətirmək, onları yoxluq və səfalət içində buraxmaq, bütün zalım istisçmarçı qüvvələrin tətbiqat mexanizmi olmuşdur. Bu həyat tərzini keçmişdə və gələcəkdə özünə rəhbər qərar verənlərin əlamətlərini Uca Yaradan "Bəqərə” surəsində belə ifadə edib: "O, iş başına keçən kimi dərhal yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli yox etməyə səy göstərər. Allah isə fitnə-fəsadı sevməz”. ("Bəqərə”; 205) Bir məsələ aydındır ki, bu fitnə-fəsadı yer üzündə törədənləri axirətdə böyük əzab gözləyir. Quran-kərimdə iman gətirən müsəlmanlara isə belə müjdə verilmişdir: "Biz axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edərik. Gözəl aqibət təqva sahiblərinindir” ("Qəsəs”; 83).


FRANSIZLARIN ƏLCƏZAİR XALQINA İŞGƏNCƏSİ
Fransız hökumətinin Əlcəzairdə həyata keçirdiyi siyasətin nə qədər iyrənc olduğunu həmin dövrün siyasi məmurlarından biri Jak Massunun sözlərində də sezmək çətin deyildi: "İşgəncə? Əlbəttə, işgəncə tətbiq edirik. Mətbuatın əksəriyyətinin bu mövzunu qabartması bizi bezdirdi. Fəqət başqa necə davranmağımızı istərsiniz?”
"Le kroiks” jurnalının müxbirlərindən biri Jak Düküsnenin söylədiyi faktlar isə daha çox tükürpədici idi: "İşgəncə və insanların yox olması məsələsi hər kəsi davamlı olaraq narahat edirdi. Kişilər, bəzən də qadınlar həbs edilir və onlardan heç bir xəbər almaq mümkün olmurdu. Sonradan cəsədlərinə daş bağlanaraq dənizə atıldığı məlum olurdu. İtkin düşənlərin sayının 3 min nəfər olduğu, bəzi mənbələrdə isə 5 min olduğu söylənilirdi. Lakin zülm və vəhşət bununla bitmirdi. Xəstələrə tibbi müayinə etmək vəzifəsi tapşırılan bir əsgərin dediklərinə görə, qulluq etdiyi hərbi bölmələrin birində hər gün işgəncəyə məruz qalan əlcəzairli vətəndaşları müalicə etməklə məşğul idi. Ən çox istifadə olunan işgəncə metodu bədənlərə elektrik verməklə iflic halına salmaq vasitəsi idi. Digər işgəncə metodları isə daha qorxunc idi. Qarnına güclə su doldurulan, dırnaqları ətindən qopardılan, ayaqları çətinlikdə yerə dəyəcək şəkildə saatlarla biləklərindən asılan və daha başqa vəhşiliklər. Bütün bunları yazmaq asan deyil. Mən bildiklərimin sadəcə bir hissəsini söylədim”.


MÜSTƏQİLLİK NƏYİ DƏYİŞDİRDİ
1962-ci ildə Əlcəzairin müstəqillik qazanması yalnız formal xarakter daşıyırdı. Müsəlman xalq üçün dəyişən heç bir şey olmadı. Müstəqilliyi elan etməklə hakimiyyəti ələ keçirən Milli Qurtuluş Cəbhəsi tam mənasında istismarçı Fransa yönümlü quruma çevrildi. Bu rejim və onun nümayəndələri ölkənin zəngin neft və qaz ehtiyatlarını istədikləri kimi istismar etdilər. Bu isə həmin qurumun nümayəndələrinin böyük sərvət əldə etməsi, varlanması, xalqın isə tədricən yoxsullaşmasına səbəb oldu. 1990-cı illərdə ölkədə işsizlik göstəricisi 70 %-ə gəlib çatmışdı, lakin müsəlman xalqa qarşı həyata keçirilən istismar siyasəti bir tərəfdən də özünün sonunu hazırlayırdı. Hadisələrin bu məcrada davam etməsi Əlcəzair xalqının böyük narazılığına və hakimiyyətə qarşı kəskin etirazlarına səbəb oldu. Təkpartiyalı sistem əleyhinə plüralizm və azadlıq istəyən səslər yüksəldi. Bunun yekununda 1989-cu ildə çoxpartiyalı sistemə keçildi və ardından parlamentə keçirilən seçkilərdə İslami Qurtuluş Cəbhəsi üstünlük qazandı. Ümumi seçkilər 1991-ci ilin 26 dekabrında baş tutdu. Seçkilər 2 turdan ibarət idi. 1991-ci ilin 30 dekabr günü seçkinin nəticələri elan edildi. İslami Qurtuluş Cəbhəsi 232 yerdən 188-ni qazanaraq aşkar üstünlüyə malik oldu. İqtidarı təmsil edən Milli Qurtuluş Cəbhəsi isə yalnız 15 yer qazanmışdı. Seçkilərin 2-ci turu yalnız formal xarakter daşıyırdı. Bu turda da İslami Qurtuluş Cəbhəsinin qalib gələcəyi şübhə doğurmurdu, lakin ölkədəki maraqlı qüvvələr hakimiyyətin xalqın iradəsini nümayiş etdirən qüvvələrin ixtiyarına keçməsinə imkan vermədilər. Baş qərargah komandanı Xalid Nəzzar yaranan qarışıqlıqdan istifadə edərək hakimiyyəti ixtiyarında olduğu hərbi qüvvələr sayəsində zorla ələ keçirdi. Bu hərəkətinə qanuni don geyindirmək üçün ictimaiyyət arasına təxribat xarakterli yalan informasiyalar da atılmışdı. Ölkənin baş naziri seçkinin nəticələri məlum olmadan öncə mətbuata "seçkilər tam demokratik və ədalətli keçdi” kimi ifadələr söyləyincə yekun nəticələr bəlli olduqdan sonra "seçkilər yetərincə demokratik və hiyləsiz keçmədi”, – şəklində bir açıqlama verərək həyasızcasına İslami Qurtuluş Cəbhəsinin seçkilərdə hiylə və hətta zor tətbiq etdiyinə də eyham vurmuşdu. Hadisələrin ardıcıl ssenari ilə davam etməsi bu çevrilişin planlı şəkildə yerinə yetirildiyindən xəbər verirdi. Müsəlmanların buna cavab olaraq mübarizə səsini qaldırmamaları, sülhsevər və seyrçi mövqe tutmaları daha pis nəticələrə gətirib çıxardı. Mövcud hakimiyyət heç bir əsas olmadan İslami Qurtuluş Cəbhəsinin minlərlə üzv və tərafdarını həbs edərək onlara ən ağır işgəncələr verdi. Sonrakı illər isə Əlcəzair xalqı özünə qarşı tətbiq edilən zülmə etiraz səsini yüksəltmədi. Günahsız insanlara qarşı yönələn təxribat xarakterli fəaliyyətlərdən sonra əvvəlcədən hazırlanmış məhkəmələrin çıxardıqları qərar sayəsində müsəlmanlar həbsxanalara atıldı. Başlanğıcda hadisələrə barışçı mövqe nümayiş etdirən İslami Qurtuluş Cəbhəsi və onun tərəfdarları artan təzyiq və zülm səbəbindən mövqelərini dəyişmək və özlərini müdafiə etmək məcburiyyətində qaldılar. Bir qrup insanlar təhlükəsizliklərini qorumaqdan ötrü silahlı toqquşmalara da getməkdən çəkinmədilər. Nəticədə Əlcəzairdə Vətəndaş müharibəsi başladı.


MÜHARİBƏNİN SƏBƏBKARLARI
Əlcəzairdə yaradılan süni Vətəndaş müharibəsində bir hədəf vardı. O da müsəlmanların bütün maddi potensial qüvvələrini yox etmək. Bundan ötrü "anti-terror fəaliyyəti” adı altında ölüm manqaları təşkil edildi. Bu xüsusi manqalar hədəfə aldıqları fəal müsəlmanları öldürürdülər. Əlcəzair polisində fəaliyyət göstərənlərdən birinin dediklərinə görə bu əməliyyatı yerinə yetirənlər hədəfə aldıqları müsəlmanların qapısını döyür, qapını açanı isə atəşə tuturdular. 1984-88-ci illərdə Əlcəzairdə baş nazir vəzifəsini icra edən professor Əbdülhəmid İbrahimi də müsəlmanlara qarşı aparılan soyuq və aşkar savaşın mexanizmini belə izah etmişdi: "1992-ci ilin yanvarında hökumət çevrilişindən bəri aralarında müəllimlər, mühəndislər, vəkillər, həkimlər və tələbələr olan bir çox günahsız insan həbs edildi. İnsanlar mühakimə olunmadan xüsusi düşərgələrə göndərildilər və ya qeyri-insani şərtlər altında həbsxanalara salındılar. Ən dəhşətlisi isə hər gün gənc əlcəzairlilərin heç bir səbəb olmadan edam manqaları tərəfindən öldürülmələri idi. Yeganə səbəb onların rejim üçün potensial bir təhlükə olmaları idi” İngiltərənin "Tru Hiıukmuk” qəzetinin müxbirlərindən biri Con Svuineyin qəzetin 1997-ci il 16 noyabr tarixli nömrəsində yayınladığı "We accuse 80.000 times” (80 min dəfə günahkarıq) başlıqlı məqaləsi də eks baş nazir Əbdülhəmid İbrahiminin sözlərini təsdiq edirdi. Əlcəzair mövzusuna xüsusi diqqət göstərən Svuiney ölkədəki soyqırımlara şəxsən şahidlik edənlərlə görüşdüyü zaman onların həmin soyqıramlar haqqındakı görüşlərini bu şəkildə dilə gətirirdi: "Təkcə dəlillərin çəkisi Əlcəzair dövlətini məhkum edir. Generalların 1991-ci il seçkilərin nəticələrini ləğv edib, xalqı aldatmasından bugünədək 80 min günahsız insan öldürüldü. Nifrət bəslənən Hökumət yalnız avtoritarizm və terrorun hökmranlığı sayəsində hakimiyyətdə qalır. Bir çox insan huquqları təşkilatlarının, Beynəlxalq İnsan Haqları Federasiyasının, Beynəlxalq Jurnalistlər Dərnəyinin və hətta Əlcəzair dövlətinin öz nəzarətində fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin bu vəhşəti və zülmü ifadə edən dəlillərinə baxmaq kifayətdir”.
Əlcəzairli bir polislə apardığı müsahibə ilə bütün dünyada əks-səda yaradan Con Svuiney amansızcasına qətl edilən günahsız insanların ölümlərində başda Fransa olmaqla bir çox qərb ölkələrini də ittiham etməkdə idi, çünki etdiyi reportajlar və apardığı araşdırmalar Əlcəzairdə həyata keçirilən terrorun dövlət dəstəyinə söykəndiyini göstərirdi. Bütün dünyada aşkar olmasına baxmayaraq, heç kim buna "dayan” demir, hətta mümkün olduqca bu mövzudan bəhs etməyi lazım bilmirdilər.


CİNAYƏTLƏRİN GERÇƏK İCRAÇILARI
Con Svuiney bu yazısında üç ayrı qətliam hadisəsindən danışır və müsəlmanlara qarşı yönələn cinayətlərin əsl icraçılarının kim olduğunu bildirirdi. Bu hadisələrdən birincisi 1994-cü ildə baş verdi. "Böyük yeddilər” liderlərinin Napolidə toplandıqları gün yeddi italyan dənizçisi Əlcəzairin "Cencen” limanında iddiaya görə "radikal islamçılar” tərəfindən boğazları kəsilərək öldürüldülər. Qərb mətbuatı dərhal baş verənlərə reaksiya göstərərək "radikal islamçılar”ı kəskin şəkildə tənqid etdilər. Hətta Amerika Birləşmiş Ştatlarının keçmiş dövlət başçısı Klinton da islamçıları qınayan bəyanatla çıxış etdi. Ancaq Əlcəzair polisi Yozef Svuineyin məqaləsində verdiyi müsahibəsində bu hadisə haqda qərb mənbələri kimi düşünmürdü. O, hadisəni törədən qatillərin polislə əlbir olduğunu bildirirdi. Maraqlısı ondadır ki, "Cencen” limanı bu əməliyyatın gerçəkləşdirildiyi əsnada hərbi bölgənin nəzarətində idi və ciddi nəzarət olunan donanma limanı idi. Con Svuiney də hadisə ilə əlaqədar məqaləsində bir sıra detalları qeyd etmişdi: "Donanmaya məxsus əşyalar italyan əsgərlərin öldürüldüyü gəminin lap yaxınlığında idi. Əgər qatillər Qərbin təbirincə desək, islamçı radikallar olmuşlarsa, bu zaman hərbi bölgənin qapısından keçmələri, heç bir maneə olmadan kazarmaya daxil olmaları, italyan matrosları öldürmələri, daha sonra ortadan yox olduğu deyilən 600 tonluq yükü boşaltmaları və sonra yenə də kimsənin gözünə görünmədən barmaq ucları üzərində sakitcə aradan çıxmaları tələb olunurdu”.
Svuineyin məqaləsində toxunduğu ikinci hadisə də birinci qədər maraqlı və gülüncdür: "1995-ci ildə Parisdə dalbadal partlayan bombalar sonrası yenə islamçı qruplaşmalar günahlandırılmış və qərb də buna dəstək vermişdi. Partlatma əməliyyatlarının birbaşa icraçısının Əlcəzairin polis məmurları general Tevfiq və general Smain olduğunu etiraf edən Polis Yozef həmçinin əməliyyatın Əlcəzairin Paris səfirliyi tərəfindən həyata keçirildiyini də bildirirdi. Bu hadisələr sonrası Fransanın həmin zamankı xarici işlər naziri Jan Luis Debreyə ziyafət məclislərinin birində insident səbəbkarlarının Əlcəzairə məxsus gizli polisi olma ehtimalının ola biləcəyi sualı verildikdə, nazir sualı bu şəkildə cavablandırmışdı: "Əlcəzair hərbi strukturu bizi yanlış yola istiqamətləndirmək və beləliklə, onları narahat edənləri aradan qaldırmağımızı təşkil etməyi arzulayırlar”. Sözü gedən məqalədə örnək verilən üçüncü hadisə də son dərəcə əsrarəngiz şəkildə gerçəkləşmişdir. Con Svuiney bu hadisəni belə nəql edir: "1997-ci ildə Əlcəzairin cənubunda 3 böyük miqyaslı soyqırım həyata keçirildi. Hər üç qətliam da hərbi kazarmalarla əhatə olunan və ciddi nəzarət altında olan bir bölgədə həyata keçirildi. Əlcəzair məhkəmələri bu böyük qətliamları törədənlərdən heç birini ittiham etmədi”. Con Svuineyin nəql etdiyi hadisələrdən bir bənzəri "de jeurne Afrique” (Afrika gündəliyi) jurnalında dərc edildi. Jurnal Əlcəzairin Seydi Musa bölgəsində həyata keçirilən və 300 nəfərin qətli ilə nəticələnən amansızlığın canlı şahidlərinin söylədiklərinə istinad edirdi. Bu hadisə Əlcəzair gerçəyini görmək mənasında son dərəcə önəmlidir: "Seydi Musada ordu qərargahının lap yaxınlığında həyata keçirilən və beş saat sürən qətliama heç bir hərbi müdaxilənin edilməməsi diqqət çəkən məqamlardandır. Qətliamdan sağ çıxanların "Yardım üçün bağırdıq. Təhlükəsizlik əməkdaşları yanımızda idi, ancaq səhər saatlarında köməyə ilk gələnlər yanğınsöndürən əməkdaşlar oldu”, – şəklindəki açıqlamaları Əlcəzairdəki soyqırımların arxasında dayanan qüvvələrin kimlər olduğu haqda yetərli bilgi verir. Evlərdən çıxan alov və dumanın, təcavüzkarların istifadə etdiyi avtomat və digər silahlardan yayıldığı atəş səsinin təhlükəsizlik qüvvələrinin diqqətindən yayınması absurd məntiqdir”.
Əslində Əlcəzairdə baş verənlər haqda düşüncələrində Əbdülhəmid İbrahimi və Con Svuiney tək deyillər. Əlcəzairdəki prosesləri yaxından təqib edən bir çox mütəxəssis baş verən qətliamların və terror hadisələrin birbaşa Əlcəzair hökumətinə məxsus "Cunta” qruplaşmaları tərəfindən həyata keçirilməsi mövzusunda həmfikirdirlər. Bu mütəxəssislərdən biri "SİA” şirkətində fəaliyyət göstərən Qraam Füllerdir. Füller Əlcəzairdəki terrorist fəaliyyətlərin, həm də Parisdə partlayışların icraçılarının "Cunta” hərbi qruplaşmalar olduğunu bildirməkdə və məqsədlərini bu şəkildə ifadə etməkdədir: "Dünya ictimaiyyətini çaşdırmaq. Bu məsələdən Qərb beynəlxalq və regional təşkilatları yaxşı agahdırlar. Yanlış məlumatlandırma metodları ilə ictimaiyyətdə rəy formalaşdırmağa çalışırlar”. Digər tərəfdən qətliamlardan məsuliyyət daşıyan "Cunta”lı generalların əksəriyyətinin bir vaxtlar Fransa ordusunda vəzifə sahibi olduqları məsələni tam təfsilatı ilə ortaya qoyur. Sözü gedən generallar Əlcəzairin müstəqillik mübarizəsi dönəmində fransız ordusunda qulluq göstərirdilər. Onlarla əməkdaşlıq edən bu simalar Əlcəzairin müstəqillik qazanmasından çox az bir müddət əvvəl Əlcəzair ordusuna qatıldılar. Məsələn, baş qərargah rəisi Mühəmməd Amari, general Tevfiq və sabiq müdafiə naziri general Xalid Nəzzar da bu zümrəyə daxil olan insanlardandır. Keçmiş baş nazir Əbdülhəmid İbrahiminin "bütün terror hadisələri müsəlmanların üzərinə atılır” sözləri ilə diqqət çəkdiyi bir başqa məqam da var. İbrahimi bu sözlərin ardından Əlcəzairdəki dövlət səviyyəsində həyata keçirilən terrorun birbaşa Fransadan idarə olunduğunu və 1962-ci ildə Əlcəzair müstəqilliyinə qarşı təşkil edilən "OAS” kontur partizan təşkilatının casusları tərəfindən yönləndirildiyini vurğulamışdı. Bu gün isə neft və təbii qaz ehtiyatları ilə zəngin olan müsəlman Əlcəzairdə hələ də hüzur və barış təmin olunmamışdır.
Yekun olaraq məqaləni bu sözlərlə bitirirəm. Dəyərli müsəlman bacı və qardaşlar! Agah olun. Bu gün yer üzündə müsəlmanların məskunlaşdığı bütün ərazilər qərb imperializminin birbaşa və dolayısı ilə təcavüzünə məruz qalır. Biz isə bizə əmanət olan Qurandan ayrı düşərək müqəddəs Kitabımızın dəyərli hökmlərini deyil, özlərini bizə dost və qardaş kimi qələmə verənlərin diqtələrini qəbul edir və onların demokratiya başlığı altında materialist dəyərlərə söykənən təfəkkürdən qaynaqlanan həyat proqramlarını özümüzə rəhbər qərar veririk. Halbuki Uca Yaradan müsəlman ümmətinə "Mənə itaət edin Şeytana deyil. O, sizin açıq-aşkar düşməninizdir”, – deyə bizi xəbərdar edib. Quranın "Mumtəhinə” surəsinin 1-ci ayəsində bu məna bir qədər konkret olaraq izah olunub: "Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun. Onlar (kafirlər) sizə gələn haqqı (Quranı, Mühəmməd Peyğəmbəri) inkar etdikləri halda, siz onlarla dostluq edir, mehribanlıq göstərirsiniz”.
MAHİR CƏBİYEV





  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun