16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

ALİMLƏRİ GÖZDƏN SALMAQ
KİMİN MƏNAFEYİNƏ XİDMƏT EDİR

1433, 23 zilqədə/m. 09.10.2012
Salman Əbdüləla
Yəqin belə fikir söyləyərək mübaliğə etmədən deyə bilərəm ki, IX Papa Qriqorinin XIII əsrin əvvəllərində yaratdığı və "bidətçilik” ittihamı ilə minlərlə alim və mütəfəkkirin qurban verildiyi inkvizisiya məhkəmələri müsəlman dünyasında da mövcud olmuşdur. Hətta onu deyə bilərik ki, bu cür məhkəmələr indiki əsrimizdə də başqa adlarla mövcuddur. Hazırkı vəziyyətə uyğunlaşdırılmış müxtəlif cəza və sürgün vasitələri ilə başqa növ cəlladlarla xristianlıq tarixində mövcud olan formadan öz işlənmə dərəcəsinə, keyfiyyətinə və təfsilatına görə fərqlənsə də, digərlərindən əqidələri və fikirləri barəsində hesab tələb etmək şəklində bu məsələ indi də vardır.
Bəzilərinin: "Bizdə xristianlıq tarixindəki kimi inkvizisiya məhkəmələri yoxdur”, – deməsi heç də lovğalıq olmaz, çünki bu uydurma fəzilətdir. Bunu geniş şəkildə izah edə bilsək, inkvizisiya məhkəmələrinin bizdə də mövcud olduğunu görərik. Lakin bunlar ayrı-ayrı adlar altında fəaliyyət göstərir. Xristianlıq və İslam dinlərinin hər ikisində bu cür məhkəmələrin cəlladları və qurbanları vardır. Öz cəmiyyətlərində adət olmayan fikirlər gətirdiklərinə görə bu gün də müsəlman mütəfəkkir və alimlərindən bir çoxu belə hücumlara və rüsvayçı hərəkətlərə məruz qalmaqdadırlar. Bu nəticə olduqca təbii görünür, çünki hər bir yenilikçi dəvət sahibi cəmiyyətin alışdığı vərdişlərə müxalif olur. Belə olduğu təqdirdə onun haqqında həqiqətə uyğun olmayan söz-söhbətlər, qara piar labud olur, çünki başqalarına təsir etməsin deyə onun yolunu kəsməyə məcbur olurlar. Bu hal bu və ya digər dövrdə yaşamış yenilikçi alim və rəhbərliklərlə məhdudlaşmır, bu həm də peyğəmbərlərin və imamların dövrünə qədər gedib çıxır. Onlar da hər cür əziyyətlərlə, saysız-hesabsız böhtanlarla qarşılaşmışlar. Belələrindən biri də Peyğəmbərimiz Həzrət Mühəmməddir. Onu sehrbazlıq, yalançılıq, kahinlik, dəlilik və s. kimi ittihamlarla günahlandırmışlar. Məqsəd isə insanları ondan uzaqlaşdırmaq və ondan təsirlənməyə imkan verməmək olmuşdur. Habelə görürük ki, imamlar da surətlərinin çirkinləşdirilməsi cəhətdən bir çox ittihamlara məruz qalmışlar. İmam Əli ibn Əbutalibi onda təqsirləndirirdilər ki, guya o namaz qılmır. İmam Həsəni tez-tez boşanıb yenidən evlənən adam olmaqda (mizvac) ittiham edirdilər. İmam Hüseyn əleyhissəlama xarici deyirdilər. Bu töhmətlər gözdən salma və qara piar həmlələrinə məruz qalmış bir çox alimlərin və reformistlərin qarşılaşdığı töhmətlərdən heç də fərqli deyildi.
Qara piar elə bir sənətdir ki, hər kəs onu yaxşı bacarmaz. Bu, xüsusi bacarıq və məharət tələb edir. Bunu yalnız özünü Şeytana satanlar bacarır. Hətta onu da görürük ki, bu sənəti yaxşı bacaranlar onu icra etməklə kifayətlənmir, hətta onu qanuniləşdirir, qara piara qanuni don geyindirirlər. Onlardan birinin Hüseyn (ə) haqqında dediyi kimi: "Hüseyn öz həddini aşdı və babasının qılıncı ilə öldürüldü”. Bəziləri ləkə yaxmaq istədiyi adamın büdrəməsini gözləyir, onun sözlərini təhrif edir, onun haqqında pis düşünür və müxtəlif ittihamlar irəli sürürlər. Belə insanlar qara piara xidmət edən əxlaq düşkünü olanlardan bir vasitə kimi istifadə edirlər. Sonra isə bu iyrənc əməllərə bəraət qazandırırlar ki, guya onlar bu işi dini, etiqadı, hətta Əhli-Beyti zəlalət, təhrifçilik və batilədən qorumaq üçün edirlər. Ən pisi də odur ki, onlar öz əməllərinə haqq qazandırır və onları şəri vaciblik siyahısına daxil edirlər. Hətta bununla da kifayətlənmir və elə təsəvvür yaradırlar ki, sanki bu işlər tərk edilməsi günah olan şərən vacib əməllərdir. Onlardan biri belə demişdir: "O, bu işlərdən bəzilərini şəri vəzifə olduğu üçün yerinə yetirir”. Görürsən ki, başqalarını ittiham edir və onların əleyhinə insanlar arasında müxtəlif rəy yaradır. Bunun səbəbini soruşduqda isə cavab verir ki, bunu yerinə yetirilməsi vacib olan dini vəzifə hesab edir. Mən başa düşə bilmirəm: Bu insanlar öz əməllərini belə işlərdən çəkinməyi əmr edən Əhli-Beyt rəvayətləri ilə necə uyğunlaşdırırlar? Axı İmam Sadiq əleyhissəlam belə buyurmuşdur: "Mömin öz qardaşını ittiham edərsə, duz suda əridiyi kimi, iman da onun qəlbindən silinib gedər!”[1]

İTTİHAMA MƏRUZ QALMIŞ ALİMLƏRDƏN
MÜASİR NÜMUNƏLƏR
Qismətinə müharibə şəraitində yaşamaq və ya sürgün həyatı yazılmış təhqiredici hücumlara məruz qalmış bir çox alimlər vardır. Onların hamısını qeyd etmək istəsək, buna imkanımız çatmaz. Lakin biz onlardan bir neçəsinin – müasir alimlərin – barəsində söz açmaq istəyirik.


SEYİD MÖHSÜN ƏL-ƏMİN: "HÜSEYNİN DÜŞMƏNİDİR!”
Seyid Möhsün əl-Əmin şəhidlərin ağası İmam Hüseyn əleyhissəlam üçün keçirilən matəm mərasimində islahat işləri aparmağa çağırırdı, çünki o, hesab edirdi ki, bu matəm mərasimində bir neçə cəhətdən çatışmazlıqlar və nöqsanlar vardır. Mərasimlərdə Hüseyni xatırladan şəxslərin yalan hədislər oxuması, matəm məclislərində bəzi əməllərin yerinə yetirilməsi və əzadarlığa ləkə gətirən səhvlər buna bir misal ola bilər. Seyid başın uzun bıçaqlar və qılınclarla yaralanmasını, kəfən geyilməsini, təbil və şeypur çalmağı və s. əməlləri tənqid edirdi. Bu fikrinə görə o kafirlik və zındıqlıqda ittiham olundu. Onun haqqında belə bir fikir yarandı ki, o, Hüseynin düşmənidir. Həmçinin başqa töhmətlərə də məruz qaldı. Hətta onlardan biri bir şeir yazmışdı ki, bu da Seyidə qarşı hücuma çağırır və onu zındıqlıqda ittiham edir. O beytlərdən birində deyilir:

"Ey atlı, keçərkən yanından Cilliqin[2]
Oranın zındıq Əmininin üzünə tüpür!”

SEYİD RUHULLAH XOMEYNİ: "KAFİR VƏ NƏCİSDİR!”

Seyid Xomeyni də – Allah ona rəhmət eləsin! – qara piar hücumlarına məruz qalmışdır, çünki o, fəlsəfə və ürfanla maraqlanırdı və İmam Mehdinin qeybətdə olduğu zamanda İslam Dövləti qurmaqla imamlara (ə) müxalif olmuşdur. Təbii ki, onun təqlidçi əleyhdarları ittihamda o yerə çatmışdılar ki, onu təkfir etmiş və onun davamçısı olan oğlu Seyid Mustafanın nəcis olduğuna hökm vermişdilər. Mərhum İmam Xomeyni belə bir cərəyanla üzbəüz olmuşdur. Onlar bəzi xütbələrində onu xal-xal ilana bənzətmiş, həmçinin ona bəzi sifətlər də nisbət vermişlər[3].


ŞƏHİD SEYİD MÜHƏMMƏDBAQİR SƏDR: "BƏƏS PARTİYASININ
AGENTİDİR VƏ DİNİ RƏHBƏRLİYƏ YARAMAYACAQ QƏDƏRHİSSİDİR!”

Birinci Seyid Şəhid Sədrin də bir çox qara piar hücumlarına məruz qaldığını görürük. Bunun səbəbi odur ki, o, hələ kiçik yaşlarında olarkən böyük və tanınmış elmi şəxsiyyət mərhum Seyid Xoyinin qarşısında dini rəhbərliyini ortaya atmış və Elmi Hövzənin irəli sürdüyü metodlarda və elmi-tədqiqat işlərində bir çox yeniliklər etmək istəmişdir. Bu isə onun BƏƏS Partiyasının casusu olmasında ittiham olunması ilə nəticələnmişdir. Həmçinin onun haqqında belə bir fikir də söylənmişdir: "O, hissi adamdır, dini rəhbərliyə və ümmətə başçılıq etməyə layiq deyildir”. Yalnız cinayətkar hakimiyyət tərəfindən yox, əksinə bəzi elmi və hövzəvi dairələr tərəfindən də bu sözün səsləndirilməsi onu zülm və əziyyətə məruz qoymuşdur[4].

ŞƏHİD SEYİD MÜHƏMMƏDSADİQ SƏDR: "BƏƏS PARTİYASININ
AGENTİDİR VƏ DƏLİDİR!”
Seyid İkinci Sədr də Seyid Birinci Sədr kimi islahata (reformaya) dəvət etmiş, "susan və danışan hövzə” (hövzeyi-samitə və hövzeyi-natiqə)-nin olması barədə söhbət açmış, İrak tarixindəki həmin o ağır dövrlərdə cümə namazını qıldırmağa dəvətlə kifayətlənməmiş, Kufə məscidində onu de-fakto qıldırmışdır. O çətin mərhələdə mövcud olan bütün hədələrə baxmayaraq, bu yolda həyatını qurban vermişdir. Lakin onu hörmətdən salmaq və xalqın etibarını azaltmaq üçün edilən həmlələr, habelə BƏƏS zəbanilərinin hücumları onu daim izləmişdir. Qəribə orasıdır ki, o, BƏƏS Partiyasının agentliyində ittiham edilmişdir. Onun barəsində bu cür qeyri-dəqiq və həqiqətə uyğun olmayan xəbərlər yayılmış və bir çox insanlar bunu doğru hesab etmişlər. Baxmayaraq ki, o, zalımlara və BƏƏS-çilərə qarşı var gücü ilə vuruşmuşdur, lakin o, agentlik və dəlilikdə ittiham edilmişdir.

SEYİD MÜHƏMMƏD İBN SEYİD MEHDİ ŞİRAZİ: "MÜCTƏHİD DEYİLDİR!”

Belə hesab edirik ki, Seyid Mühəmməd Şirazi də zülmə və qara piara kifayət qədər məruz qalmışdır. O, bir çox məsələlərdə ittiham olunmuşdur. Onlardan bəziləri bunlardır: O, müctəhid deyildir, bəzi əsərlərini özü yazmamışdır, əksinə başqaları onun üçün yazmışdır, həmin əsərlərin çoxu dərin deyildir və səthilikdə seçilir, o, siyasi rəhbərdir, inqilabi xarakterə malikdir, ondan qorxub çəkinmək lazımdır[5].

SEYİD MÜHƏMMƏDHÜSEYN FƏZLULLAH: "ZƏLALƏT YOLUNDADIR, BAŞQALARINI DA ZƏLALƏTƏ YÖNƏLDİR, ZƏHRANIN DÜŞMƏNİDİR!”

Seyid Mühəmmədhüseyn Fəzlullah – Allah ona rəhmət eləsin! – barədə olan bütün ittihamları, onu gözdən salmaq üçün edilən cəhdləri, ona qarşı irəli sürülən günahları qeyd etməyə çalışsaq, bu mümkünsüz olar, çünki onlar sayca çoxdur. O, elmi və ictihadı barəsindəki şübhələrdən başlayaraq yolunu azmaq, məzhəbdən çıxmaq ittihamlarına qədər olduqca böyük hücumlara məruz qalmış, onun əleyhinə saysız-hesabsız kitablar yazılmışdır. Bir çox xütbələrdə ona qarşı təhriklər olmuş, sapqın olması barədə bir neçə fitvalar verilmişdir.

MÜHÜM MÜLAHİZƏLƏR
Yuxarıda qeyd etdiyimiz alimlərin adlarını və tərcümeyi-hallarını araşdıran hər kəs görər ki, onların hamısının bir sıra oxşar cizgiləri vardır. Onlar hamısı islami dəvətdə rasionallığa və dinamikliyə inanır, susmaq, sükunətdə olmağa və hərəkətsizliyə qarşı çıxırdılar. Buna görə də onlar fitvalar və təqlidi rəhbərliklə nəinki kifayətlənməmiş, hətta sərt siyasi mövqeləri, böyük qurbanları, bir çox sahələrdə aydın və konkret yeni təsir və izlər yaradan çoxsaylı fəaliyyətləri olmuşdur.
Hətta belə görünür ki, onlara qarşı çıxanların da oxşar xarakter və xüsusiyyətləri olmuşdur. Bu xüsusiyyətlərdən ən məşhuru, bəlkə də, odur ki, onlar təqlidçidirlər. Bir-birimizdən: "Seyid Möhsün əl-Əmini zındıqlıq və küfrdə ittiham edənlərin oxşar sifətləri və cizgiləri nədir?” – deyə soruşsaq, görərik ki, bunlar elə digər alimləri zəlalət və yolunu azmaqda ittiham edənlərin söylədiyi eyni fikirlərdir. Bu şəxsiyyətlər müxtəlif zaman və dövrlərdə yaşamalarına baxmayaraq, bir çox keyfiyyət və xüsusiyyətlərdə oxşardırlar və onların məqsəd və məramları da eynidir.
Necə olursa-olsun ağlı və düşüncəsi olan heç kəsdən gizli deyil ki, böhtanın sosial varlığın vəhdətini təhdid edən ciddi və dağıdıcı mənfi təsirləri vardır. Böhtan olduqca ciddi bir amildir, xüsusilə də, bilirik ki, adətən yalnız cəmiyyətdəki şəxsiyyətləri və görkəmli insanları hədəfə alır. Təəssüf ki, məsələn din adamları kimi görkəmli şəxslər daha çox böhtana məruz qalırlar. Çoxu fikir və rəylərində uzlaşa bilmədikləri digər din adamlarına və alimlərə böhtan atmağa can atırlar. Bu, çox təəccübləndirici bir haldır.
Burada İmam Əli ibn Musa Ər-Rzadan nəql olunmuş bu vəsiyyəti yada salmaq yerinə düşər. Ola bilsin ki, böhtanla məşğul olanlar bu vəsiyyətə qulaq asmış olsunlar. İmam Rzanın Əbdüləzim ibn Əbdillah Həsəniyə belə bir tövsiyə verdiyi rəvayət olunmuşdur: "Ey Əbdüləzim, onlara de ki, Şeytanın onlara yol tapmasına imkan verməsinlər. Onlara düz danışmağı, əmanətə riayət etməyi, sükut etməyi, onlara aid olmayan işdə mübahisəni tərk etməyi, bir-birinə dayaq olmalarını və bir-birini ziyarət etmələrini əmr et! Həqiqətən, bu, mənə yaxınlıqdır. Bir-birini didməklə məşğul olmasınlar! And olsun canıma ki, kim bunu edərsə və mənim dostlarımdan birini qəzəbləndirərsə, Allaha dua edərəm ki, onu dünyada ən şiddətli əzabla cəzalandırsın və axirətdə isə onu zərər çəkənlərdən etsin! Onlara bildir ki, Allah onların xeyirxahını (yaxşılıq edənini) bağışlar və günahlarını əfv edər. Lakin Allaha şirk qoşanı, yaxud mənim dostlarımdan birinə əziyyət verəni, yaxud ona pis hisslər bəsləyəni istisnadır. O hissləri özündən uzaqlaşdırmayana qədər Allah onu bağışlamaz və iman ruhu onun qəlbindən qoparılar və bizim vəlayətimizdən xaric olar. Bizim vəlayətimizdən onun heç bir nəsibi yoxdur. Ondan Allaha pənah aparıram!”[6]
Belə bir sual qalır: "Alimlərə böhtan atmaq kimlərin mənafeyinə xidmət edir? Əgər bunun bizim mənafeyimizə xidmət etmədiyini biliriksə, o halda bu təhlükəli təzahürdən qaynaqlanan cəhətlərin müəyyənləşdirilməsində bu suala cavab verməyi hörmətli oxucuya həvalə edirəm”.

Mütərcim: Salman Səfəralı oğlu Süleymanov
Redaktor: Əfruzə Həsən qızı Həsənova




[1] "Kafi”; c. 2, s. 361
[2] Cilliq Dəməşqin cənubunda bir yerdir. Qassanilər vaxtı ilə orada məskunlaşmışlar. Yezid ibn Müavizəyə də oranı bir neçə dəfə ziyarət etmişdir.
[3] "Səhifeyi-İmam” kitabında Seyid Xomeyninin xütbələrinə müraciət edilsin.
[4] "Möhnət İlləri və Mühasirə Günləri”; Müəllif: Şeyx Mühəmmədrza Numani
[5] "İmam Şiraziyə belə zülm etdik” məqaləsi. Müə: Ustad İbrahim Mühəmməd əl-Buşəfi
[6] "İxtisas”; Şeyx Mofid; s. 247


  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun