15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

AŞURANIN KEÇİRİLMƏSİ BARƏSİNDƏ VERİLMİŞ ƏHƏMİYYƏTLİ TƏKLİFLƏR

"SƏFİR” QƏZETİNİN MÜQƏDDİMƏSİ

İKİ MƏQAM VƏ YA İKİ FİKİR (İKİNCİ HİSSƏ)

Birinci mülahizə ondan ibarətdir ki, mən tarixi xatirənin canlandırılmasını qeyri-insani, yaxud qeyri-mədəni bir iş hesab etmirəm, çünki biz bütün dünyanın yollarında fərqlilik olmaqla yanaşı, yüz illərə gedib çıxan döyüşdə vətən, yaxud xalqın zəfəri və qalibiyyəti ilə bağlı xatirəni, yaxud həmçinin 10 illərə və ya 100 illərə gedib çıxan və müəyyən hərbi, yaxud siyasi vəziyyətin nəticəsi olaraq ortaya çıxan qəm və kədərin qeyd etdiyini müşahidə edirik.

Habelə görürük ki, müasir dünyamız heç bir məqamında tarixdən qopmur, ayrılmır. Əksinə, görürük ki, özünü təsdiqləməyə, tutduğu istiqamətdə addımlarını mətinləşdirməyə çalışan insan daim hiss edir ki, tarixdə onun ehtiyac duyduğu məqamlar var. Bu məqamlar hər hansı bir mərhələdə bir növ qaranlığı işıqlandırır. Yaxud görürük ki, tarixin həmin məqamlarında müəyyən bir mərhələ ilə yox, bütün həyatla bağlı bir dərs vardır və bu dərs keçmişə, bu günə və sabaha işıq salır. Yaxud bəzən insan müasir dünyamızda təsirli məqamlar tapa bilmir, onları tarixdən gətirməyə çalışır. Deməli, tarixi bir xatirəni canlandırmaq heç də bəzilərinin düşündüyü kimi qeyri-insani, yaxud qeyri-mədəni bir iş deyildir.          

                                                  QURAN TARİX HAQQINDA DANIŞMIŞDIR

Bəlkə də, Quran-kərim tarixdən danışarkən məsələyə iki istiqamətdən yanaşır:

Birinci istiqamət: "Həqiqətən, onların (yəni peyğəmbərlərin) hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır”[1]. Tarixi hekayənin rolu ağıllı insanların tarixdən ala biləcəkləri bir dərsi təmsil edən ibrət roludur.

İkinci istiqamət: "Onlar bir ümmət idilər ki, keçib getdilər, onların qazandıqları özlərinə, sizinki isə özünüzə aiddir. Onların əməlləri haqda sizdən sorğu-sual olunmaz”[2]. Bu ayə onu göstərir ki, tarix müasir nəslin məsuliyyəti deyildir. Tarix onu yaradanların məsuliyyətidir. Buna görə də biz tarixin məsuliyyyətini daşısaq da, onu özümüzə yükləməməli, onun məsuliyyətini başqalarının üzərinə atmamalıyıq. Bu, tarixin bu və ya digər qrupuna aid bir məsuliyyətdir. Axı mən yaratmadığım bir tarixin məsuliyyyətini daşımamalı, yaxud bu məsuliyyəti, tarixi məsuliyyəti yaratmayanların üstünə atmamalıyam, çünki atalarımızın yaşadığı məhz atalarımıza aiddir. Problem ondadır ki, biz tariximizin məsuliyyətini daşımalı oluruq. "Onlar bir ümmət idilər ki, keçib getdilər. Onların – xeyir və şər olaraq – qazandıqları özlərinə aiddir. Sizin isə – xeyir və şər olaraq – qazandıqlarınız özünüzə aiddir. Onların əməlləri haqda sizdən sorğu-sual olunmaz”. Özünüzü bu tarix qarşısındakı məsuliyyətinizlə məşğul etməyin!

İkinci mülahizədən belə bir nəticə çıxara bilərik ki, biz keçmişdə sünni-şiə arasında mövcud olmuş bəzi mənfiliklərə görə şiələri, yaxud əvvəllər şiələrə qarşı baş verənlərə görə indiki sünniləri qınaya və məsul tuta bilmərik, çünki şiələr və sünnilər bu gün vahid bir əsri və vahid bir mərhələni yaşayırlar. İslamın anlaşılmasında, yaxud onun hərəkətliliyində, yaxud bunun-onun müqəddəsləşdirilməsi ilə bağlı müxtəlif fikir və düşüncələr ətrafında dialoq qura bilərik. Tarixi statistikaya gəlincə bu, bizim məsuliyyətimiz deyil, buna görə bir-birimizlə mübahisə edə bilmərik.

                            HÜSEYNİN MİSSİYAÇILIĞI VƏ YEZİDİN YOLUNU AZMASI

Bütün bunlarla bağlı qeyd edək ki, İmam Hüseyn (ə) vaqiəsi bir çox yönləri olan vaqiələrdəndir. Biz İmam Hüseyni öyrəndikdə Allaha daha çox açılan, İslamı çox dərindən yaşayan, insanlarla sevgi və məhəbbətlə rəftar edən, reallıqda öz hərəkətliliyində islami yönlə bağlı olan vaqiələr xəttində hərəkət edən insani, ruhi və mənəvi dəyəri təmsil edən bir insanı öyrənmiş oluruq. Halbuki Yezid öz tarixi obrazı ilə heç bir cavabdehlik daşımayan şərab içmək, ehtiram edilməsi vacib olan canı öldürmək və s. kimi şərən haram olan işləri yerinə yetirmək, öz hökmündə heç bir ruhi, yaxud əxlaqi, yaxud da insani dəyərə sahib olmayan, eyni zamanda haqqında sünni və şiə arasında ixtilaf olmasına baxmayaraq, heç bir ləyaqətə (məharətə və qüdrətə) sahib olmayan fasiq bir insanı təmsil edir.

Burada iki şəxsiyyət vardır: nümunəvi (ideal) və gözəl ətirli şəxsiyyət və mənfəətçi şəxsiyyət. Bunu Abbas Mahmud əl-Əqqad (Akkad) özünün "Şəhidlərin Atası” ("Əbuşşühəda”) adlı kitabında belə ifadə etmişdir.

Sonra görürük ki, bu, ümumislam reallığı ilə əlaqədar olan bir məsələdir. Belə ki, burada İslam reallığı üzərində təsəvvür olunan bir növ inhiraf və sapqınlıq vardır. Və bu da çəkişmələrin, İslam reallığının xilafətdən uzaqlaşıb zülm səltənətinə çevrilməsinin, bir çox ravilərin, yaxud mühəddislərin bunun və onun üçün müəyyən şəxsin, yaxud məqamın fəziləti barəsində rəvayətlər qondarmasının nəticəsi olaraq ortaya çıxan o anarxiyadan qaynaqlanırdı. Bu sapqınlıq da təsəvvür baxımından anlayışlarda ixtilafla və davranışda isə inhirafla nəticələndi....

                                  AĞLAMAQ MƏDƏNİ İNSANİ DUYĞUDUR

Ağlamaq məsələsi qeyri-mədəni məntiqi təmsil etmir, çünki o, insanların sevdiyi və təzim etdiyi bir insanın həyatındakı faciədən təsirlənən insani bir duyğudur. Ələlxüsus bu məsələ vicdanların ürpəşdiyi şəkildə insan və uşaqlara qarşı vəhşicəsinə qırğınları təmsil edərsə.

Mədəniyyətsizlik zehni amansızlıqda və faciə qarşısında laqeydlik və soyuqluqdadır. Əgər insan tarixən baş vermiş faciələrə laqeyd olarsa, bu günün faciəsinə də laqeyd qalar. Bu da onun reallıqla bağlılığına mənfi təsir edər. Biz təsəvvür etmirik ki, şiələr qeyri-adi ağlamaq tərzi yaşayırlar. Əksinə, onlar özünü, əhli-əyalını və əshabəsini sevdikləri Hüseynə açılırlar. Bu da onların məhəbbətindən qaynaqlanır, çünki onlar özlərini missiya mənasında ona oxşadır, onun inqilabını fikirləşir və ondan ibrət götürürlər. Necə ki insani-mənəvi məzmunda onların göz yaşlarını sel kimi axıdan qəm və qüssəni də yaşayırlar. Şair bu barədə deyir:

                                                     "Gözüm savab üçün deyil, sənin üçün ağlayır!”

                                    KEÇMİŞİN QƏM-QÜSSƏSİ İLƏ BU GÜNÜN İNQİLABI ARASINDA

Sual: Cavab verilməsi vacib olan bir sual ortaya çıxır. Aşuranı qeyd etməyin əsas məğzi bu günü tarixlə bağlamaqdırmı?

Cavab: İmam Hüseyn rəhbərin siyasi kursu haqqında aşağıdakı sözləri buyurmuşdur: "Ey insanlar, Allah Rəsulu buyurmuşdur: "Kim zalım, Allahın haram buyurduğunu halal edən, Onun əhdini sındıran, Peyğəmbərin Sünnəsinə müxalifət edən, Allahın bəndələrilə günah və düşmənçiliklə davranan bir hökmdarı görüb işi və sözü ilə bu işdə bir dəyişiklik yaratmazsa, həmin şəxsi o zalım hökmdarın daxil olduğu yerə daxil etmək Allahın üzərində bir haqq olar. Bilin və agah olun! Bu qövm həmişə Şeytana itaət etdi, Allaha itaəti tərk etdi, açıq şəkildə fəsad törətdi, ilahi hədlərin tətbiq olunmasında səhlənkarlıq etdi, hərb olmadan əldə edilən qənimətləri (feyi) mənimsədi, Allahın haramını halal, halalını haram etdi. Mən bunu dəyişdirməyə daha çox haqqı olan bir şəxsəm”[3].

Bütün bunları bir araya gətirdikdə görürük ki, bugünkü günümüzdə reallıqda bu iki şəxsiyyətlə (Hüseyn və Yezid şəxsiyyəti ilə) əlaqəsi olan bütün nümunələrdə Yezid şəxsiyyəti ilə qarşılaşdıqda İmam Hüseyn şəxsiyyətindən kömək ala bilərik. Elə bu yolla da o dövrdəki İslam cəmiyyətinin təsviri və əməli sapqınlıqları ilə bu dövrdəki cəmiyyətimizi müqayisə edə bilərik. Sonra müsəlmanların "hərəkati xətdə rəhbər necə olmalıdır və sapqın, zalım rəhbərə qarşı inqilab məsələsi necə təşkil edilməlidir?” – deyə fikirləşdikləri rəhbərlik xəttini başlamalıyıq.

Bizim bütün siyasi və ictimai-islami reallığımızla bağlı olan bu başlıqların Əhli-Beytin qanı ilə birləşdiyini və insani faciəni təmsil edən faciəli vəziyyəti göstərdiyini mülahizə etdikdə, bunları hər hansı bir insan nəslinə göstərsək, onlar bundan təsirlənər və bu kimi nümunələr əsasında öz daxilini inqilabla doldurar.

Biz həmişə qeyd edirik ki, biz qəm-qüssəyə adət etməli və qəm ünsürünü hissi və müvazinətli üslublarla qoruyub saxlamalıyıq, çünki vaqiə qəm və kədərlə qarışdıqda onun insan ruhuna təsiri daha dərin olur. Kərbəladakı kədərin yaradılması bu gün də faciənin bütün yaradıcılarının əleyhinə inqilab formalaşdırır.

İslami məsələyə gəlincə mənim əqidəm budur ki, sünni İslam xətti ilə danışığa girdiyimiz zaman görürük ki, biz Bəni-Üməyyə hekayəsinin hər hansı bir sünni müqəddəsliyi təmsil etdiyinə etiqad etmirik. Bəni-Üməyyə haqqında sünni müsəlmanların rəyi şiənin rəyindən fərqlidir. Lakin biz inanırıq ki, həqiqətən, məsələ burada müsbət müqəddəsliyi və orada mənfiliyi təmsil edən xilafət hadisəsindən uzaqlaşdıqda, həqiqətən, islami tarixin davamı (qalığı) hər hansı bir islami müqəddəsliyə toxunmadan onun haqqında müsbət, yaxud mənfi olaraq verilmiş hökmdə hər hansı bir ictihada tabe olur. Buna görə də biz hesab etmirik ki, Yezid sünni İslam dəyərini təmsil etsin ki, ta onun inkarı dəyərə zidd hesab olunsun. Bu baxımdan Aşuranın anılması heç bir islami və mədəni mənfiliyi təmsil etmir. Ola bilsin ki, Aşuranın təsirindən istifadə edən bəziləri həssas məsələlərə toxunurlar. Biz də buna etiraz edir və bununla mübarizə apararaq imkanımız çərçivəsində onu düzəltməyə çalışırıq.

                                            İNKAR OLUNAN YALAN

Sual: Cənab Seyid, belə bir ifadə var: "İnsanların göz yaşlarını doğru və yalan sözlə çıxarırıq!” Söhbətin əvvəlini biz elə bu mövzu ilə başladıq. Sizin əvvəlki cavabınızda bu ifadə izah olunmuşdur. Lakin şəri baxımdan belə bir sual yaranır: "Bu məqamda yalan icazəlidirmi?”

Cavab:Yalan ən böyük hədəfləri qorumaq istisna olmaqla bütün məqamlarda haramdır. Mən həmişə deyirəm: Düşmən məndən xalqımla bağlı siyasi, iqtisadi sirləri, yaxud hərəkat və müqavimət sirlərini öyrənmək üçün böyük Allaha and içməyimi istəyərsə, bu halda yalan danışmaq vacibdir və doğru danışmaq haramdır. Əgər günahsız mömin bir şəxsi və ya bir çox günahsız şəxsləri təqib edirlərsə və məndən onların yerini deməyimi tələb edirlərsə, burada məşhur bir islami ifadə ortaya gəlir: "Allaha yalandan and iç və qardaşını ölümdən xilas et!”[4] Lakin faciə ilə nəticələnsə, tarixin saxtalaşdırılmasında yalan danışmaq icazəli deyil.

                                   XATİRƏNİN MƏNFİ VƏ MÜSBƏT ARASINDA YAŞADILMASI

Sual: İllərdən bəri Aşuranın qeyd edilməsi yolları inkişaf etmişdirmi?

Cavab: Hesab edirəm ki, burada iki istiqamət var. Müsbət inkişaf odur ki, Aşuranın qeyd edilməsinə mədəni ünsür daxil olmuşdur. Belə ki, alimlər, mütəfəkkirlər və ziyalılar Aşura ilə insanların problemlərini həll etməyə çalışırlar. Habelə onlar Hüseyn vaqiəsinin təhlili üzərində işləyərək daha dərin şəkildə ondan istifadə etməyə və Aşura məclislərinin insanların şüurunun artırılmasına çevrilməsi üzərində çalışırlar.

Hesab edirik ki, bu müsbət əlamətdir, çünki Aşuranı qeyd etmək tarixi oyatmaqla reallığı zənginləşdirir. Bunu İrandakı İslam İnqilabında gördük. İmam Xomeyni – Allah ona rəhmət eləsin! – öz hərəkatının uğrundakı canlı elementlərə işarə edərək deyirdi: "Bizdə nə varsa, Aşuradandır!” Habelə inanırıq ki, düşmənə qarşı müqavimət üçün gənclərin səfərbərliyində Aşuranın böyük rolu vardır.

Mənfi tərəflərə gəlincə qılıncla baş yarmaq, zəncirlə kürəyə vurmaq və s. kimi gerilik elementlərinin üzə çıxmasıdır. Bunların belə məclislərdə icra edilməsini gerilik elementi hesab edirik.

                                                MƏRASİM KEÇİRMƏYİN ŞƏRİLİYİ

Sual: Aşuranın illik qeyd olunması aşkar şəri mətnə söykənirmi?

Cavab: Əhli-Beyt imamlarından hədislər vardır ki, bu məclislərin keçirilməsinə səsləyir. Ola bilsin ki, onlar özləri də bu məclisləri keçirirdilər ki, bu xatirə həmişə yaşasın və əsl islami xətt canlı qalsın. Bunu bəzi hədislərdə də görürük: "İşimizi (və ya əməlimizi) canlandırın. İşimizi canlandıranlara Allah rəhm eləsin!” Bu hədislər bu mərasimlərin keçirilməsinə işarə edir. Bilirik ki, Əhli-Beyt imamlarının İslamdan uzaq xüsusi bir əmri olmamışdır, əksinə onların işi bütünlüklə İslama bağlıdır.

Sual: Hüseyn məclislərinə qulaq asmaq, yaxud o məclislərdə iştirak etmək müstəhəbdir, yoxsa vacib?

Cavab: Bu, vacib üçün işlənən şəri mənada vacib deyil, lakin bir çox islami başlıqları təqdim etmək, yaxud onları müsəlmanların daxilində dərinləşdirmək üçün bu məclislərdə iştirak etmək əhəmiyyətli bir işdir. O, imamlardan nəql olunan bəzi sözlərə qulaq asmağı və onları dinləməyi formalaşdırır. Buna görə də deyə bilərik ki, bu məclislərdə iştirak etmək müstəhəbbi-müəkkəddir (yəni ciddiyyətlə tövsiyə olunmuş müstəhəbdir).

                                                      YENİ ADƏTLƏR, CANA ZƏRƏR VURMAĞIN HARAMLIĞI

Sual: Bildiyiniz kimi ictihad daim inkişafdadır. Aşuranın canlandırılması ilə əlaqədar qədim ictihadla yeni ictihadı müqayisə edə bilərsinizmi?

Cavab: Təsəvvür edirik ki, keçmişdə və bu gün keçirilən anım arasında ortaq məxrəc var. Bu da təziyə məclislərinin keçirilməsidir. Habelə keçmişdə özünü vurma var idisə, bu, hüznü ifadə edən sakit bir şəkildə icra edilirdi. Lakin qılıncla baş yarmaq, zəncirlə kürəyə vurmaq kimi bəzi xalq adətlərinin heç bir fiqhi ictihada söykənəcəyi yoxdur. Bu kimi adətlər xalqın özündən gəlmiş, insanların duyğusunu oyatmaq üçün təqlid edilmişdir. Sonra bu adət getdikcə daha dərin kök salmışdır. Belə ki, o dərəcədə müqəddəsləşdirilmişdir ki, alimlər belə buna qarşı çıxmağa cürət etmirlər. Hətta bu adətlərə qarşı çıxanlar Hüseyn və Əhli-Beyt düşmənləri və bu xatirəni ləğv etmək istəyən insanlar kimi qələmə verilmişdir.

Bu cəmiyyət, hətta bəzi alimlər "ət-Tənzih fi əmalit-təşbih” adlı kitabında bu adətləri qadağan etdiyi üçün dini rəhbər Seyid Möhsün əl-Əminə qarşı çıxmışdılar. Ona görə də başı çox ağrılar çəkdi, hətta təhqirlərə məruz qaldı, haqqında həcvlər yazıldı.

Lakin çox böyük müctəhidlər və mühəddislər vardır ki, 50-60 ildən bəri bu əməllərin halallığına fitva verərək bildirmişlər ki, əgər təhlükə ilə nəticələnməsə, bu adətlər öz-özlüyündə haram deyildir.

                                                 HALAL-HARAM ARASINDA

Burada belə sual ortaya çıxır: Bu fitvalar nə üçündür? Bu məsələ fiqhi mübahisədən doğmuşdur. Bu da ondan ibarətdir ki, əgər zərər insanın öz əlini, yaxud başını, başqa bir yerini yaralaması kimi böyük olmazsa, yəni onun həyatı üçün təhlükə yaratmazsa, insanın özünə zərər verməsi qadağandırmı? Yəni zərər öz-özlüyündə haramdır, yoxsa təhlükə, yaxud ciddi sağlıq problemi ilə nəticələnən zərər haramdır?

Bu məsələ ilə bağlı iki ictihadi rəy vardır:

Bəziləri qeyd edirlər ki, prinsipiallıq baxımından cana zərər vermək haramdır. Lakin daha mühüm məsləhətin olduğu hallar istisnadır. Məsələn, insan maddi, yaxud mənəvi gəlir əldə etmək üçün səfərdə, yaxud gecə yuxusuz qaldıqda özünü zərərə məruz qoyur. Burada zərərdə fəsad və məsləhət arasında mizan (tarazlıq) var. Bu insani bir işdir və "məsləhət fəsaddan daha qüvvətli olarsa, o fəsadı dondurur” mənasını verir. Şəri baxımdan bu, "Babut-Təzahüm” ("Təzahüm (bir-birini sıxışdırma) Fəsli”) adlanır, yəni hər hansı haram hökm ilə vacib, yaxud caiz hökm arasında rəqabət yaranarsa, buradakı məsləhət oradakı fəsaddan daha qüvvətli olarsa, haram hökm dondurulur, yəni qüvvədən düşür. Buna əsasən (yəni prinsipiallıq baxımından cana zərər verməyin haramlığına əsasən) onlar deyirlər ki, insanın özünü yaralaması istər hüznün, istərsə də məhəbbətin ifadəsi olsun yenə də haramdır.

Alimlərdən çoxunun qəbul etdiyi digər ictihadi rəy ondan ibarətdir ki, zərər böyük və ağır səhhət xəsarətinə, yaxud təhlükəyə gətirib çıxarmasa, insanın özünə zərər verməsi qadağan deyil. Bunun işığında həmin alimlər hüzn, yaxud qəm-qüssə əlaməti olaraq başa qılınc vurmağın öz-özlüyündə haram olmadığına fitva vermişlər. Onların fikrinə görə belə qənaətə gəlmək olur ki, zərər yalnız təhlükə ilə nəticələndikdə haramdır.

Bəzi alimlər isə daha ehtiyatla yanaşaraq bunu ünvani-əvvəli, yəni prinsip baxımdan bunu caiz, ünvani sanəvi olaraq bunu qadağan hesab edirlər. Bu, qılınc və zəncir vurmaq haqqında soruşulduqda mərhum böyük dini rəhbər Seyid Əbülqasım Xoyinin verdiyi cavabdır. O, belə cavab vermişdir ki, bu iş təhqirə və rüsvayçılığa gətirib çıxararsa, icazəli deyildir. İkinci dəfə bu barədə "Təhqir və rüsvayçılığı necə izah edə bilərsən?” – deyə soruşulduqda belə cavab vermişdir: "Xalqın nəzərində zillətə və məzhəbin zəifləməsinə gətirib çıxaran bir şeydir!”

Mövzu ilə bağlı bizim rəyimizə gəlincə biz onun haramlığına fitva vermişik, çünki biz zəruri hallar istisna olmaqla digər hallarda insanın özünün özünə zərər vurmasını haram hesab edirik. Buna görə də demişik ki, başa qılınc vurmaq, yaxud kürəyə zəncir vurmaq, hətta təhlükəli zərər olmasa da, insana zərər dəyməsinə səbəb olan sərt zərbə də haramdır, çünki biz əlimizdəki şəri mətnlərdən cana zərər verməyin haram olması fikrinə gəlirik. Elə ağıllı insanların həyat tərzinin də bunu tələb etdiyini görürük. İnsanlar riayət baxımdan bu zərərdən daha əhəmiyyətli və daha üstün bir məsələ olmadıqda hər hansı bir insanın özünə zərər vurmasını inkar edirlər. Bundan çıxış edərək belə hesab edirik ki, hüzn və qəm-qüssə əlaməti adı altında olsa da, bu, şərən haram olan bir işdir.

Bu sahədə mənim başqa bir mülahizəm də var. O da bundan ibarətdir ki, başlarına qılınc vuranlar, yaxud kürəklərinə qamçı vuranlar deyirlər: "Biz yaralarında İmam Hüseynin dərdinə şərik çıxırıq, yaxud qamçı ilə vurulmuş Zeynəb və onun bacılarının dərdinə şərik çıxırıq, buna görə də kürəyimizi qamçılayır, başımızı yaralayırıq...”. Lakin mən deyirəm: "Həmdərd olmaq Hüseynin yaralandığı mövqedə yaralanmaqla və Zeynəbin qamçılandığı yerdə qamçılanmaqla təsəvvür oluna bilər. ... İmam Hüseyn cihad etdiyi halda yaralanmışdır. Və buna görə də Hüseynin dərdinə həmdərd olanlar düşmən İsrailə qarşı cihad edən müqavimətçi gənclərdir. Onlar Hüseynin yaralandığı mövqedə yaralanırlar. Xanım Zeynəbə həmdərd olanlar da düşmən zindanlarında qamçılanan şəxslərdir, çünki o, inqilab və vaqiə xətti üzərində olduğu bir halda qamçılanmışdır. Və bu şəxslərin qadın, yaxud kişi olması arasında heç bir fərq yoxdur.

Hesab edirəm ki, bu adətlər şəri baxımdan aradan qaldırılmalıdır, çünki bizim rəyimizə əsasən ünvani-əvvəli olaraq və insan obrazına və dünyadakı şiə İslam obrazına çoxlu mənfiliklər gətirdiyinə görə də ünvani-sanəvi olaraq haramdır. Buna görə də belə qənaətə gəlirəm ki, bütün bunlar geriliyin əlamətidir”.

                                                               AŞURADA AĞLAMAQ

Sual: Son vaxtlar yayılmış bir söz var ki, İmam Hüseynin həyatını camaata oxuyan şəxs (mərsiyəxan, yaxud vaiz) bu tarixi vaqiələrdən təsirlənərək ağlamasa da, insanlara təsir etmək üçün yalandan ağlamalıdır. Bu, doğrudurmu?

Cavab: Bu söz insanların ağlamağa, yaxud ağlaşmağa dəvət olunması haqqında deyilmişdir, lakin yalandan ağlamaq tamaşa deyildir, əksinə qəlbində hüznlə boğulan, amma onu göz yaşları ilə ifadə edə bilməyən insanı təmsil etməkdədir. Yalandan ağlama göz yaşı çıxmayan psixoloji ağlama vəziyyətindən qaynaqlanır. Buna görə də əsas olan hüznün ifadəsidir, onu anlatmağı bacarmaqdır. O, bunu göz yaşı ilə ifadə etməsə də, ağlayan insan surətində bunu ifadə edir.

Sual: Ağlamaq eşidənlər tərəfindən hansı həddə qədər müstəhəbdir?

Cavab: Ağlamaq duyğudur. Buna görə də insanın ağlamasının, yaxud ağlamamasının müstəhəb olması barəsində bir söz deməyimizin elə bir mənası yoxdur. Əlbəttə, insanın faciə qarşısında reaksiya verməsi təbiidir. ...

Sual: Gördüyümüz kimi, bir çox natiqlər və ayrı-ayrı xətiblər Aşuranın qeyd edilməsində Əhli-Beytin məruz qaldığı faciəni önə çəkir, digər müsbət cəhəti unudurlar. O müsbət cəhət kölgəsində yaşadığımız missiyanın qələbəsidir. Bunu sübut edən fakt odur ki, biz Əhli-Beytin qələbəsinin fəziləti sayəsində müsəlman olaraq qalmaqdayıq. ... Belə isə nə üçün bu müsbət cəhəti həmişə unudurlar?

Cavab: Aşura məclislərinin oyandırma tarixi faciə tarixi olmuşdur. Biz daim hadisəyə müsbət tərəfdən baxmağa çağırırıq. Bu hadisədə maddi qələbə olmasa da, mənəvi qələbə var, çünki bu, reallığı qələbə xətti üzərində hərəkətə gətirməsi mümkün olan bir şeydir.

                                                           AŞURADA SƏNƏTİN XİDMƏTİ

Sual: Cənab Seyid, siz Aşuranın səhnəyə və bədii işə cəlb edilməsini təklif etmisiniz. Bununla bağlı başqa təkliflər də varmı?

Cavab: Hesab edirəm ki, müasir insanın tarixin və ya reallığın təsvirində kəşf etdiyi bütün vasitələrdən istifadə etməsi zəruridir. Məsələn, kino, teatr və s. Çünki bu kimi vasitələr bədii baxışlardır və hekayə yazıçısının və ya onun rejissorunun, yaxud da aktyorların canlandırdığı bədii zənginlik Aşuranın özündə əks etdirdiyi böyük mənaları, oradakı faciənin dərinliyini minlərlə vaizdən, xətibdən və mərsiyəxandan daha güclü ifadə edə bilər. Bu vasitələr bütün dünyada öz təsirini göstərə bilər. Habelə görürük ki, "Çağırı” ("ər-Risalə”) filmi bəzi tənqidlərə baxmayaraq, dünya miqyasında İslama dəvət etməyi bacardı. Halbuki bir çox dəvətçilər bu nailiyyəti əldə edə bilmir.

Hesab edirik ki, Aşura vaqiəsini dünyada sərgiləmək istəsək, onu kino, yaxud tamaşa, yaxud da digər müasir ifadə vasitələri ilə geniş şəkildə işıqlandırmalıyıq.

Bəzi insanlar bunu tənqid edirlər ki, guya bu şəriət sərhədlərindən kənara çıxır. Biz isə bildiririk ki, hər bir tamaşa və kino şəriət qaydalarından kənara çıxmamalı, hekayənin keyfiyyəti, rejissorun fikirləri və aktyorların hərəkəti bu sahədə nizamlı olmalıdır.

                                                             XATİRƏNİN VƏZİFƏSİ

Sual: Sizin fikrinizcə, müsəlmanlar hər il Aşuranı qeyd etməklə bu islami missiyanı nə qədər inkişaf etdirə bilmiş və ondan nə dərəcədə ibrət alaraq faydalanmışlar?

Cavab: Hesab edirəm ki, bu xatirənin yaşadığı gözəl təcrübələrdən çıxış etsək, onun bu sahədə işıqlarını və bütün oxşar müasir nümunələri inkar etməkdə insani hissi hərəkətə gətirdiyini görə bilərik. Buna İranda baş verən İslam İnqilabı məsələsində də işarə etmişdik, çünki İran xalqı qədimdən bəri Hüseyn inqilabını yaşayan bir xalqdır. Livandakı İslam Müqaviməti də elə onun nəticələrindən biri hesab olunur.

                                                                                  Livanın "Səfir” qəzeti ilə publisist dialoq

                                                                                                                                 m. 27.5.1996

                                                                                   Mütərcim: Salman Səfəralı oğlu Süleymanov

                                                                                   Müsəhhih: Xəyyam Əliağa oğlu Qurbanzadə



[1]"Yusif”, 111

[2]"Bəqərə”, 141

[3]"Tarixi-Təbəri”, c. 3, s. 307

[4] Hədisdir. "Camiu Əhadisiş-Şiə”, c.19, "Kitabul-İyman və Əbvabuha”, 44-cü hədis



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun