15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək
QURANDA RAMAZAN ORUCU-1

"Ey iman gətirənlər! Təqva (Allahın yasaq etdiyi şeylərdən qorunma) sahibi olasınız deyə oruc tutmaq, sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də vacib edildi! (183)

Oruc sayı müəyyən olan günlərdədir. Sizdən xəstə və ya səfərdə olanlar başqa günlərdə sayı müəyyən olan günləri oruc tutmalıdırlar. Oruc tutmaqda əziyyət çəkən şəxslər miskin (biçarə yoxsul) bir şəxsi yedirməklə fidyə verməlidirlər. Kim daha xeyirli bir işi könüllü olaraq görərsə, bu onun üçün daha xeyirlidir. Oruc tutmağınız – əgər bilirsinizsə – sizin üçün daha xeyirlidir! (184)

(O sayı müəyyən olan günlər) Ramazan ayıdır. Ramazan ayı elə bir aydır ki, insanları hidayət edən və hidayətin və haqla batili bir-birindən ayırmanın açıq-aşkar dəlilləri olan Quran o ayda nazil olmuşdur. Elə isə sizdən kim Ramazan ayında vətənində olarsa (yəni müsafirətdə olmazsa), o ayı oruc tutsun, xəstə və ya səfərdə olanlar başqa günlərdə sayı müəyyən olan günləri oruc tutmalıdırlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər. Məqsəd budur ki, sayı tamamlayasınız və sizi hidayət etdiyinə görə Allahı böyük tutasınız. Bəlkə, şükür etmiş olasınız” (185).

ORUC VƏ ONUN BƏZİ HÖKMLƏRİ BARƏDƏ

Bu kəramətli ayələrdə ibadətlə əlaqədar yeni bir hökm bəyan edilmişdir. Digər ibadətlərdə olduğu kimi bu ibadət hökmü ilə də Allah-Taala qullarından özlərinin ruhi və əməli vəziyyətlərini düzgün qurmaqla Ona ibadət etmələrini istəməkdədir. Allah-Taala insanlara orucu – və digər bütün ibadətləri – bu ibadətlərin məqsədindən qafil olmalarını, ibadətlərin zatı (forma və təbiəti ilə özü) içərisində gömülüb qüdsiyyəti içərisində itmələrini və bunun nəticəsində də həyatdan uzaqlaşmalarını istəyərək vacib etməmişdir. Əksinə, bu ibadətləri insanın Rəbbi ilə əlaqəsini gücləndirmək, bu əlaqənin qulluq və məsuliyyət olduğunu qüvvətləndirmək və insana hər cür pislikdən və riyakarlıqdan təmizlənmiş, hər cür zəiflik və sapqınlıqdan uzaq öz insani şəxsiyyətini idrak etdirmək və onu bu şəxsiyyətə bağlamaq, insanı, həyatını Allahın sevdiyi və xoşnud olduğu forma üzərində quracaq mənalara yaxınlaşdırmaq üçün vacib etmişdir. O, insanın həyat ilə olan əlaqəsini Allah ilə olan əlaqəsinə dayandırmışdır.

Bu çərçivədə islami ibadətlər insanın islami şəxsiyyətini formalaşdırmaqla əlaqəsinin olması etibarilə İslamın təməl nöqtələrindən qəbul edilmişdir. İbadətlərin məqsədi insanın düşüncələri ilə, yerinə yetirdikləri və tərk etdikləri ilə, yaratdığı ümumi və xüsusi əlaqələri ilə, çatmaq istədiyi məqsədləri ilə və bu məqsədə çatmaq yolunda istifadə etdiyi vasitələri ilə islami şəxsiyyəti həqiqətə çevirməsi və həyatı bu şəxsiyyətlə yaşamasıdır.

İslamın ibadətlə əlaqədar hökmlərinin dairəsində bir dəyərləndirmə aparmış olsaq, İslam digər insanlarla yardımlaşma yolunda mal vermə mövzusunu şərh edərkən ibadət nöqtəsindən hərəkət etmiş və mal verməyi ibadət hesab etmişdir. İbadəti həyatın içinə yaymış və halal qazanc yolunda işləməyi də bir ibadət olaraq dəyərləndirmişdir. İnsanı və onun həyatdakı yüksək dəyərlərini müdafiə edib qorumağı ibadət kontekstində izah etmiş və Allah rizası üçün insanlığı və onun yüksək dəyərlərini müdafiə etmək və qorumaq uğrunda savaşmağı, yəni cihadı ibadət olaraq qəbul etmişdir. Bütün bu əməllərin yanında insanın içindəki xalis niyyətə də bir yer ayıraraq insanın xüsusi və ümumi gündəlik işlərində Allahın rizasını düşünüb bunu niyyət etməsini ibadət saymış və bütün bu ibadətləri Allaha yaxınlaşma vəsiləsi kimi qərar vermişdir. Əhli-Beyt imamlarından rəvayət olunan hədislərə əsasən oruc İslamın onun üzərində təşəkkül tapdığı ibadətlərdən biridir. Allah-Taala orucu keçmiş şəriətlərdəki möminlərə vacib əməl hesab etdiyi kimi İslamda da möminlərə vacib etmişdir. "Qamusul-Kitabil-Müqəddəs”də yazılıb: "Oruc tutmaq, ümumiyyətlə, bütün vaxtlarda hər bir tayfa, millət və dində qəm-qüssəli, hər hansı kədərli və ya gözlənilməz digər hadisələr baş verərkən adi bir qayda idi”[1].

Tövratdan da məlum olur ki, Musa qırx gün oruc tutmuşdur. Orada deyilir: "Dağda qırx gün qaldım. Nə çörək yeyir, nə də su içirdim. …”[2]

"Qamusul-Kitabil-Müqəddəs”də yazılıb: "Yəhudilər çox vaxt fürsət düşdükdə acizliklərini etiraf etmək və Allah qarşısında təvazökarlıq etmək üçün oruc tuturdular ki, oruc və tövbə yolu ilə günahlarını etiraf etsinlər və Allahın razılığını qazansınlar”.

"Kəffarə ilə olan daha böyük oruc ehtimal verilir ki, yəhudilər arasında ilin bir gününə məxsus idi. Əlbəttə, Yerusəlimin dağıdılmasının xatırlanması və sair münasibətlə oruc tutmaq üçün başqa müəyyən olunmuş günlər də var idi”[3].

İncildə yazılanlardan da məlum olduğu kimi Həzrət Məsih də qırx gün oruc tutmuşdur: "… İsa qırx gün qırx gecə oruc tutduqdan sonra acdı”[4].

Həmçinin Lukanın İncilindən belə başa düşülür ki, Hz. Məsihin həvariləri oruc tutublar[5]. "Qamusul-Kitabil-Müqəddəs”də deyilir: "Buradan belə görünür ki, həvarilərin möminlərin həyatı ləzzətlərdən uzaqlaşmaq, yorğunluqlar oruc ilə dolu idi”.

Bizdən əvvəlki ümmətlərə öz şəriətlərində vacib edilmiş orucun təbiəti (hansı şəkildə olduğu) haqqında bu ayələrdə müfəssəl açıqlamalar tapa bilmirik. Lakin Quran-kərimin müxtəlif yerlərində bu mövzu ilə əlaqədar bəzi açıqlamalarla qarşılaşırıq. Zəkəriyyanın qissəsində "sükut orucu haqqında danışılır: "Zəkəriyya: "Mənə bir nişanə göstər”, – dedikdə Allah: "Sənin nişanən üç gün ərzində adamlarla yalnız işarə ilə danışmaq olacaqdır. O vəziyyətdə belə Rəbbini çox yada sal səhər-axşam şəninə təriflər deyib şükür et!” – buyurdu[6].

Məryəmin qissəsində deyilir: "Ye, , gözün aydın olsun. Əgər bir adam görəcək olsan, o zaman belə de: "Mən Rəhman yolunda oruc tutmağı nəzir eləmişəm, ona görə bu gün heç kəslə danışmayacağam[7].

Həmçinin bu gün yəhudilərdən xristianlardan ibarət keçmiş dinlərə mənsub olanlar arasında olan bir oruc növü ilə qarşılaşırıq. Onlar ilin bəzi günlərində ət məhsullarından onun kimi müəyyən yeməklərdən çəkinməklə bir növ oruc tuturlar. Bəziləri orucun bizə vacib edildiyi kimi bizdən əvvəlki ümmətlərə də vacib olmasının bizim dinimizdə və bizdən əvvəlki ümmətlərin dinlərində orucun eyni şəkildə olduğuna işarə etdiyini təsəvvür edirlər. Lakin belə bir vəziyyət sabit deyildir, çünki ayədəki təşbih (bənzətmə), orucun hökmünün bizdən əvvəlki şəriətlərdə mövcud olduğu barəsindədir. Ayədə bizdən əvvəlki ümmətlərə vacib edildiyi bildirilən bu oruc barədə məlumatlar geniş təfərrüatı ilə verilməmiş və onları ayıran cəhətlər tam açıqlanmamışdır.

ORUC VƏ TƏQVA

Bu, "Ey iman gətirənlər! … Oruc tutmaq sizə vacib edildi!” kəramətli ayəsindən ilham aldığımız bir fikirdir, çünki siz onu şəri bir ibadət kimi vacib bir vəzifə olaraq yerinə yetirməli, onun vasitəsilə Allaha yaxınlaşmalı onda bir çox ruhi, əxlaqi fiziki faydaları həyata keçirməlisiniz. "Sizdən əvvəlkilərə vacib edildiyi kimi …” Siz bu növ əməli çəkinmənin vacib edildiyi ümmətlərin ilki deyilsiniz, çünki hadisə xüsusi bir şəkildə sizə aid olan xüsusi bir şəraitdəki xüsusi bir vəziyyətdən ibarət deyil, əksinə insan həyatının tarazlaşdırılmasında bəzi şeylərin xüsusi şəkildə tərk edilməsinin əlaqəsi baxımından bütün insanlığa aid olan ümumi bir vəziyyətdən ibarətdir. Necə ki o, həyatın digər istiqamətlərində xüsusi əməli əlaqədən ibarətdir. Ola bilsin ki, oruc ümmətlər arasında təbiəti və təfsilatı ilə fərqlənir, lakin prinsip eynidir. Orucun vacib edildiyini bəyan edən kəramətli ayə Allah-Taalanın "Təqva sahibi olasınız deyə...” sözü ilə nəzərə çatdırılmışdır. Bu, təqvanın (Allahın əzabından qorxub yasaq etdiyi şeylərdən qorunmanın) orucun qayəsi, yaxud nəticəsi olduğuna işarə etmək üçündür, çünki oruc insanın içində bir şəxsi daxili nəzarət meydana gətirir və bu nəzarət onu vərdiş etdiyi bir çox yeməli və içməli qidalardan və digər şəhvani istəklərdən çəkindirir. Təqvanın da təməli budur. İnsanın həmişə Allahın hüzurunda və Onun nəzarətində olduğu şüuru ilə Allahın ondan istədiklərini bütün zəifliklərinə baxmayaraq, yerinə yetirməsi və istəmədiklərini də öz arzularına baxmayaraq, etməməsi təqvanın bir nəticəsi olduğu kimi, eyni zamanda təqvaya doğru aparan yoldur. Bununla da bu kiçik oruc böyük orucun müqəddiməsi olur. Bu, hədisi-şərifdə nəql olunan sözlə uyğunluq təşkil edir: "Çox oruc tutanlar vardır ki, orucundan aclıq və susuzluqdan başqa, heç bir nəsibi yoxdur, çox gecə ibadətinə qalxanlar vardır ki, qiyamından (gecə qalxmasından) yorğunluqdan başqa heç bir nəsibi yoxdur. ...”[8] Bu söz tutduğu orucu ramazan və digər aylarda onu digər haram əməllərdən çəkindirməyən şəxs haqqında deyilmişdir.

"Oruc sayı müəyyən olan günlərdədir. ...”

"... Sizdən xəstə və ya səfərdə olanlar başqa günlərdə sayı müəyyən olan günləri oruc tutmalıdırlar. ...”

Yəni xəstə şəxsin boynunda ramazan ayında oruc tutmaq mükəlləfiyyəti yoxdur. Zahir budur ki – hökm və mövzunun münasibəti baxımından – ayədəki xəstəlikdən məqsəd orucun zərər vura biləcəyi xəstəlikdir, çünki bu, mükəlləf üçün çətinlik hesab olunan cəhətdir. Bu hökm xəstəyə fayda verən, yaxud onun sağlamlığına hər hansı bir zərərli təsir qoymayan oruca şamil edilmir. Bu barədə çoxlu hədisi-şərif nəql olunmuşdur.

Səfərə gəlincə onun ölçüsü şərafətli Sünnədə müəyyənləşdirilmişdir. Bu mövzuda müxtəlif məzhəblər arasında və əhli-sünnə ilə şiə məzhəbləri arasında fikir ayrılıqlarına səbəb olan müxtəlif rəvayətlər söylənilmişdir. Bütün bunlar fiqh kitablarında əks olunmuşdur.

SƏFƏRDƏ ORUCU YEMƏK ƏZİMƏTDİR, YOXSA RÜXSƏT?

Burada xüsusilə diqqət edilməsi lazım olan mühüm bir bölmə vardır. O da bundan ibarətdir ki, səfərdə orucu yemək rüxsətdir, yoxsa əzimət?[9]

Aralarında Əbdürrəhman ibn Ouf, Ömər ibn Xəttab, Abdullah İbn Ömər, Əbuhüreyrə və Ürvə ibn Zübeyr kimi şəxslərin olduğu bir qrup əshabə bunun bir əzimət olduğunu qəbul edir[10].

Əhli-Beyt imamlarından nəql olunan görüş də budur[11].

Allah-Taalanın "Başqa günlərdə sayı müəyyən olan günləri oruc tutsunlar” sözünün keçdiyi kəramətli ayədən də bu məna zahir olur. Ayənin zahiri budur ki, sayı müəyyən olan günlərin orucu müsafir və xəstə olmayan şəxslərə vacibdir. Belə insanların ramazan ayından başqa bir ayda digər günlərdə oruc tutması vacibdir, çünki ifadə üslubu əzimət və vaciblik tərzində işlənmişdir. Lakin əhli-sünnənin əksəriyyəti bunun (yəni orucu yemə hökmünün) rüxsət olduğu fikrindədirlər. Onlar öz nəzəriyyələrini izah etmək üçün ayədə "fəəftərə” ("Əgər orucunu yeyərsə”) ifadəsini təqdir etmişlər (nəzərdə tutmuşlar). Onlar deyirlər ki, ayənin təqdiri belədir: "Sizdən kim xəstə və ya səfərdə olarsa və buna görə orucunu yeyərsə, başqa günlərdə sayı müəyyən olan günləri oruc tutsunlar!” Lakin bu iki cəhətdən zəif bir təfsirdir. Əvvəla, bu təqdir ayənin zahirinə müxalifdir və bu zahirə müxalif olan təqdiri sübuta yetmədən nəzərdə tutmaq olmaz. Ayədə isə bununla əlaqədar heç bir dəlil yoxdur. İkincisi isə bu təqdirin nəzərdə tutulması əzimət hökmünə çatmağa maneə deyildir, çünki deyilmiş bu iki vəziyyətdə iftar (orucun yeyilməsi) haqqında danışılması, ancaq bunun yasağa (təhrimə) qarşılıq caiz olduğu mənasını verir, ilzam (zəruriyyət, məcburiyyət) müqabilində caiz olduğu mənasını vermir (yəni "iftarın məcburi olmaması” mənasını vermir).

(ardı var)

"Təfsirun min vəhyil-Quran”; 

MÜƏLLİF: SEYİD MÜHƏMMƏDHÜSEYN FƏZLULLAH 

MÜTƏRCİM: XƏYYAM QURBANZADƏ 




[1] "Qamusul-Kitabil-Müqəddəs”, s. 427

[2] "Tövrat”, "Səfəri-Təsniyə”, 9-cu fəsil, 9

[3] "Qamusul-Kitabil-Müqəddəs”, s. 428

[4] "Matta”, 4-cü fəsil, 2

[5] "Luka”, 5-ci fəsil, 33-35

[6] "Ali-İmran”, 41

[7] "Məryəm”, 26

[8] "Bihar”; c. 84. s. 339

[9] Lüğətdə "əzimət”, "bir şeyə qəti olaraq yönəlmək, niyyətlənmək” mənasını verir. Fiqh elmində isə "məşəqqət, zərurət və ehtiyac kimi arizə (sonradan əmələ gəlmiş) bir səbəbə bağlı olmadan ilkdən qoyulmuş olan və normal vəziyyətdə hər bir mükəlləfə ayrı-ayrı xitab edən əsli hökm”, – deməkdir. Yəni müxalifət edilməsi icazəli olmayan bir hökmdür. Əzimət vacib və müstəhəb mahiyyətindəki bir davranışın yerinə yetirilməsini, haram və məkruh kimi davranışların da yerinə yetirilməməsini ifadə edən bütün təklifi hökmləri içinə alır. Məsələn, namaz, oruc və həcc başda olmaqla Allahın qullarını mükəlləf etdiyi bütün dini vəzifələr ümumi şəkildə hər bir mükəlləf şəxs üçün qoyulmuş bir əzimət hökmüdür. Həmçinin şərab içmək, donuz əti yemək, zina etmək kimi haram olan işlər də hər mükəlləfə aid ümumi hökmlərdir.

Əzimətin qarşılığı rüxsətdir. Lüğətdə "asanlıq, davamlı olan” mənasını verən rüxsət fiqh elmində "məşəqqət, zərurət, ehtiyac kimi arizə bir səbəbə bağlı olaraq əzimət hökmünü tərk etmə imkanı verən və yalnız haqqında danışılan arizə vəziyyətlə məhdudlaşan yüngülləşdirilmiş və müvəqqəti hökm” mənasını verir.

[10] Belə bir rəvayət edilmişdir ki, Ömər ibn Xəttab səfərdə oruc tutan bir şəxsə orucunu yenidən tutmasını əmr etmişdir.

Yusuf ibn əl-Həkəm deyir: "Mən Abdullah ibn Ömərdən səfərdə oruc tutmaq haqqında soruşdum”. Dedi: "Əgər sən bir şəxsə sədəqə versən və o da sədəqəni sənə qaytarsa, sən qəzəblənmərsən? Səfərdə orucu yemək də Allahın bizə verdiyi sədəqədir”. Əbdürrəhman ibn Ouf deyir ki, Peyğəmbər belə buyurmuşdur: "Səfərdə oruc tutan şəxs vətənində orucunu yeyən şəxs kimidir!” İbn Abbasın belə dediyi rəvayət olunmuşdur: "Səfərdə orucu yemək əzimətdir!” ("Məcməul-Bəyan”; c. 2, s. 493)

[11] İmam Sadiq (ə) buyurmuşdur: "Ramazan ayında səfərdə oruc tutan şəxs həmin ayda öz vətənində orucunu yeyən şəxs kimidir!”

Başqa bir hədisində İmam (ə) buyurmuşdur: "Əgər bir şəxs səfərdə oruclu olduğu halda ölərsə, mən onun namazını qılmaram!”

İmam başqa bir hədisində buyurmuşdur: "Səfərə çıxan şəxs orucunu yeməli və namazını qəsr qılmalıdır. Ov etmək üçün səfərə çıxan, səfəri Allaha üsyan olan şəxs istisnadır”.

İmam başqa bir hədisində buyurur: "Peyğəmbər səfərdə nə müstəhəb, nə də vacib oruc tutardı. Elə ki, zöhr namazının vaxtında Kürraul-Ğəmimdə (Məkkə ilə Mədinə arasında bir yer) bu ayə nazil oldu. Peyğəmbər (ə) içində su olan bir qab istədi və o, suyu içdi. Sonra camaata orucu yemələrini əmr etdi. Bir dəstə adam dedi: "Günortadır, bəlkə, biz bu günümüzü oruc tutaq”. Peyğəmbər (ə) onları üsyankarlar adlandırdı. Həzrət Peyğəmbər vəfat edənə qədər onlar o adla çağırılırdılar”. ("Məcməul-Bəyan”; c. 2, s. 493)




  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun