30 Mart 2020









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

AZAN VƏ İQAMƏDƏ 3-CÜ ŞƏHADƏT HAQQINDA ARAŞDIRMA

Allah Rəsulu buyurmuşdur: "Ümmətimin içində bidətlər meydana gəldikdə alim öz elmini üzə çıxarmalıdır. Kim bunu etməzsə, Allahın lənəti onun üzərinə olsun!” ("Mizanul-Hikmə”; c. 1, s. 321, "Kafi”dən nəql olunub.)
AZAN VƏ İQAMƏDƏ 3-CÜ ŞƏHADƏT[1] HAQQINDA ARAŞDIRMA
Şeyx Yasir Övdət
Biz burada bu məsələni bütün təfsilatı ilə araşdırmaq istəmirik, lakin çox qısa və heç bir nöqsana yol vermədən bu məsələyə toxunacağıq, çünki, təəssüflər olsun ki, 3-cü şəhadət (Əşhədu Ənnə Əliyyən Vəliyyullah) bəzilərinə görə İslam dininin əsas əlamətlərindən hesab olunur və onların fikrincə, onu tərk etmək olmaz. Buna görə onlar bu əlamətin tərk edilməsini (yəni 3-cü şəhadətin deyilməməsini) dindən, şəriətdən və məzhəbdən çıxmaq hesab edirlər. Onda belə bir sual ortaya çıxır: 3-cü şəhadət azan və iqamənin bir hissəsidirmi? Bu barədə, yəni şəri dəlillərdə onun azan və iqamənin bir hissəsi olmasına dəlalət edən faktlar vardırmı? Bu şəhadətin və onun barəsində alimlərin fikirlərinin mənşəyi nədir?
Birincisi öz fəqahəti (fəqihliyi) və biliyi ilə tanınmış heç bir alim deməmişdir ki, 3-cü şəhadət azan və iqamənin tərkib hissəsidir, əksinə bu olduqca qəribəlik kəsb edir. Elə onların sözlərindən də bunu başa düşmək mümkündür. Belə ki, onların heç biri 3-cü şəhadətin nəinki vacib, heç müstəhəb bir hissə olduğunu da bildirməmişlər. Əksinə, son dövr alimləri onu azan və iqamənin tərkib hissəsi kimi yox, müstəhəb zikr olaraq müstəhəb bilmişlər. Alimlərin bir neçəsi "ət-Təsamuh fi ədillətis-sünən” ("Sünnətlərin dəlillərində güzəştə getmək”)[2] qaydasına əsasən onu azan və iqamənin bir hissəsi hesab etmişlər. Bu qayda fəqihlər arasında məşhur olan fiqhi bir qaydadır. Bunun haqqında sonra izah veriləcək. Bizim bir çox alimlərimiz bu məsələyə cavab verib bildirmişlər ki, 3-cü şəhadətin azan və iqamənin tərkib hissəsi olduğunu demək bidətdir, çünki bu fiqhi qayda tənqid qarşısında sübuta yetməmişdir. Dəfələrlə bir çox alimlər o qaydanı araşdırmış, biz də onun haqqında müstəqil bir araşdırma aparmışıq. Həmçinin bu qayda on iki imamçı şiə məzhəbində yayılmış bir çox fasid əqidələrin və geridə qalmış adətlərin yaranmasına səbəb olmuşdur.
Məlum olduğu kimi 3-cü şəhadəti azan və iqamənin tərkib hissəsi hesab etməyin qanunvericiliyə (təşri) ehtiyacı vardır. Qanunvericilik də Peyğəmbər, yaxud Əhli-Beyt imamlarından şəri mətnin varid olmasından (çatmasından) asılıdır. Bu barədə də belə bir şəri mətn yoxdur. ...
İkincisi; Rəvayətlərə nəzər saldıqda 3-cü şəhadətə rast gəlmirik. Bu barədə rəvayətlərin sayı 25-ə çatmışdır, lakin bunların heç birində 3-cü şəhadət qeyd olunmamışdır. Burada onların bəzilərini qeyd edirik. Əbubəkr Həzrəmi və Kuleyb əl-Əsədi İmam Sadiqdən onlar üçün azanı belə dediyini nəql etmişlər:
- Əllahu Əkbər – 4 dəfə
- Əşhədu ən la ilahə illəllah – 2 dəfə
- Əşhədu ənnə Mühəmmədən Rəsulullah – 2 dəfə
- Həyyə ələs-səlah – 2 dəfə
- Həyyə ələl-fəlah – 2 dəfə
- Həyyə əla xayril-əməl – 2 dəfə
- Əllahu Əkbər – 2 dəfə
- La ilahə illəllah[3]
MƏSƏLƏ İLƏ BAĞLI ALİMLƏRİN FİKİRLƏRİNƏ
GƏLİNCƏ BUNLAR DÖRDDÜR
Birinci: Məşhur fikir budur ki, 3-cü şəhadət azan və iqamənin tərkib hissəsi deyil, əksinə onun azan və iqamənin tərkib hissəsi olduğu etiqadı ilə deyilməsi haramdır[4], çünki bu, yeni qanun ortaya çıxarmaqdır. Allahın qoymadığı qanunu qanuna salmaq bidətdir və dində olmayan bir şeyi dinə daxil etmək deməkdir.
İkinci: Şəri qanun olmasına etiqad etmədən 3-cü şəhadətin deyilməsi məkruhdur. Şəri qanun olmasına etiqad edilərək deyilməsi haramdır.
Üçüncü: Azan və iqamənin tərkib hissəsi olmasına etiqad etmədən belə deyilməsi mütləq olaraq haramdır[5].
Dördüncü: Dördüncü fikir Əllamə Məclisinin "Bihar”ın 81-ci cildinin 111-ci səhifəsində irəli sürdüyü fikirdir. O, 3-cü şəhadətin azanda deyilməsinin müstəhəb olmasından ibarət olan məşhur fikrə zidd olaraq onun (yəni 3-cü şəhadətin) azan və iqamənin tərkib hissəsi olduğuna etiqad edir. Hətta bəzi son dövr alimləri bu fikri bəyənmişlər.
Bu dörd fikir "Müstənəd” adlı əsərin 2-ci cild, 486-cı səhifəsində öz yerini almışdır. Aşağıda adları ilə birgə bəzi alimlərin fikirlərini və 3-cü şəhadətlə bağlı sözlərini qeyd edirik:
1. Şeyx Səduq özünün "Mən la yəhduruhul-fəqih” kitabında Əbubəkr Həzrəmi və Kuleyb Əsədinin yuxarıda qeyd olunan rəvayətinə belə bir şərh yazmışdır: "Bu doğru və düzgün azandır. Onu nə artırmaq, nə də azaltmaq olar. Müfəvvizə[6] cərəyanı – Allah onlara lənət etsin! – rəvayətlər qondarıb azana iki dəfə "Mühəmməd və onun ailəsi yaradılmışların ən xeyirlisidir!” cümləsini əlavə etmişlər. Bəzi rəvayətlərində isə Həzrət Mühəmmədə şəhadət verdikdən sonra (yəni "Əşhədu ənnə Mühəmmədən Rəsullullah”, dedikdən sonra) iki dəfə "Əşhədu ənnə Əliyyən vəliyyullah”, – deyilməsini də qeyd etmişlər. Onlardan bəziləri bunun əvəzinə iki dəfə "Əşhədu Ənnə Əliyyən Əmirulmumininə Həqqən” ("Şahidlik edirəm ki, Əli möminlərin haqq əmiridir!”) deyilməsini rəvayət etmişlər.
Şübhə yoxdur ki, Əli (ə) Allahın vəlisidir, möminlərin haqq əmiridir və Həzrət Mühəmməd və onun ailəsi – Allahın rəhməti olsun onlara! – yaradılmışların ən xeyirlisidir, lakin bu, azanın əslində yoxdur[7]. Bunu ona görə qeyd etdim ki, təfvizdə ittiham olunanlar (yəni müfəvvizə) və bizim sıramızda özlərini aldadanlar azan və iqaməyə olunan bu əlavəni bilsinlər. ...”[8]
Əziz oxucu, gördüyün kimi şiə məzhəbinin ən böyük alimlərindən olan Şeyx Səduq deyir ki, bunu (yəni 3-cü şəhadəti) deyən şəxs müfəvvizə cərəyanından hesab olunur. Bildiyin kimi müfəvvizənin müşrikliyinə hökm olunmuşdur. İmam Rzadan nəql olunan rəvayətdə[9] İmam onları Əhli-Beyt xəttinə dürtülmüş, özlərini şiəyə birləşdirmiş, dinlərini saxtalaşdırmış və ona əlavələr etmiş şəxslərdən saymışdır. Bu açıqlamadan sonra 3-cü şəhadətin azan və iqamənin tərkib hissəsi olduğuna inanmayanlar haqqında şübhə qalırmı? Necə ki öz araşdırmalarında elmi üsluba, obyektivliyə və heç bir tərəfkeşlik etmədən həqiqətə tabe olmaları vacib olan və dediklərinə görə Allahın və insanların qarşısında cavabdeh olan təfsirçilərin bəziləri bu fikrə inanır.
2. Şiənin ən böyük alimlərindən biri olan Şeyx Tusi "ən-Nihayə” kitabında yazır: "Əşhədu Ənnə Əliyyən Vəliyyullah” və "Ənnə Mühəmmədən Xəyrul-Bəriyyə” deyə şazz rəvayətlərdə[10] nəql olunanlara azan və iqamədə əməl oluna bilməz. Kim ona əməl edərsə, xətakardır. ...”[11]
Şeyx Tusi özünün "Məbsut” kitabında isə belə demişdir: "Şazz rəvayətlərdə bizə gəlib çatan "Əşhədu Ənnə Əliyyən Vəliyyullah” və "Ənnə Mühəmmədən Xəyrul-Bəriyyə” sözləri azan və iqamədə işlədilə bilməz. Əgər insan onları deyərsə, onda günah etmiş olar. ...”[12]
Gördüyümüz kimi Şeyx Tusi bu sözlərin azan və iqamədə deyilməsini günah və xəta hesab etmişdir, çünki o sözləri deyən şəxs ortaya Allahın qoymadığı bir qanun çıxarmış olur. Belə bir şəxs bidətkardır, hər bir bidət zəlalətdir, hər bir zəlalət də atəşdədir.
3. "əl-Lumuətud-Diməşqiyyə” ("Dəməşq Parıltısı”) kitabının müəllifi Şəhid Əvvəl "əd-Durus” kitabında deyir: "Əli əleyhissəlamın vəlayətinə və Mühəmməd və Əhli-Beytinin yaradılmışların ən xeyirlisi olduğuna şahidlik etmək imanın hökmlərindəndir, lakin azanın cümlələrindən deyildir. Şeyx Tusi "ən-Nihayə” kitabında o sözləri deyənin xətakar olduğunu qəti olaraq bildirmişdir. Böyük alimlərimizdən olan İbn Babuvəyh onu qulatların[13] qondardıqları bir şey olduğunu demişdir”[14]. Şəhid Əvvəl həmin ifadəni "əl-Lumuətud-Diməşqiyyə” kitabında da qeyd etmişdir.
4. Şəhid Saninin "ər-Raudətul-Bəhiyyə” ("Gözəl Bağça”) kitabının 1-ci cildinin 573-cü səhifəsində yazılmışdır: "Azan və iqamədə Əlinin vəlayətinə, Mühəmməd və onun ailəsinin yaradılmışların, yaxud bəşərin ən xeyirlisi olduğuna şahidlik edərək bunun şəriliyinə etiqad etmək icazəli deyildir. Bu məsələ (yəni Əlinin Allahı vəlisi olması, Mühəmməd və ailəsinin yaradılmışların ən xeyirlisi olması) həqiqətdir, lakin hər həqiqətin şərən vəzifəmiz olan və Allah tərəfindən müəyyənləşdirilmiş ibadətlərə daxil edilməsi icazəli deyildir. Bunu ibadətlərə daxil etmək bidətdir və yeni qanun ortaya çıxarmaqdır. Necə ki namaza bir rükət, yaxud təşəhhüd, yaxud bunun kimi ibadətlər əlavə etsə və özü də bu əlavəni, yaxud onlardan birini namazın bir hissəsi olması niyyəti ilə etsə, öz etiqadında günah etmiş olar. ...”
5. Mühəqqiq Ərdəbili özünün "Məcməul-Fəvaid vəl-Bürhan fi Şərhi İrşadil-Əzhan” ("Zehinlərin düzgün yönləndirilməsinin şərhində fayda və sübut toplusu”) adlı kitabında[15] Şeyx Səduqun yuxarıda qeyd olunmuş sözünü nəql etdikdən sonra deyir: "... Onun sözünə tabe olmaq lazımdır, çünki o, haqlıdır”.
6. Şeyx Cəfər Kaşifulğita demişdir: "Əşhədu ənnə Əliyyən vəliyyullah, "Ənnə Mühəmmədən və Aləhu Xəyrul-Bəriyyə” və "Ənnə Əliyyən Əmirulmumininə həqqən” sözlərini iki dəfə demək azandan hesab olunmur, çünki Səduqun dediyinə əsasən bu sözlər müfəvvizə cərəyanının – Allah onlara lənət etsin! – qondarma və uydurma fikirləridir”[16].
7. Mühəqqiq Səbzvari "Zəxirə” ("Ehtiyat”) kitabında yazır: "Ənnə Əliyyən Vəliyyullah və Ənnə Alə Mühəmmədin Xəyrul-Bəriyyə” və bu kimi sözlərin azan və iqaməyə əlavə edilməsinə gəlincə bu ifadələr həqiqət olsa da, şiə fəqihlərinə görə bidətdir, çünki sözün azana daxil edilməsi şəri mətnə bağlıdır və bu da sübuta yetməmişdir”[17].
8. Mərhum Şeyx Mühəmmədcavad Muğniyə "İmam Cəfər Sadiqin Fiqhi” adlı qiymətli kitabında qeyd etmişdir: "Əşhədu ənnə Əliyyən Vəliyyullah deməyin azanın fəsillərindən və hissələrindən olmaması barəsində hamı ittifaq etmişdir. Kim onu azanın bir hissəsi olması niyyəti ilə iqrar edərsə, dində bidət çıxarmış hesab olunar və dində olmayan bir şeyi dinə daxil etmiş olar”[18].
9. Elmi Hövzənin rəhbəri Seyid Əbülqasım Xoyinin – Allah ona rəhmət eləsin! – "Müstənəd” kitabında deyilir: "3-cü şəhadəti azanın bir hissəsi niyyəti ilə demək batil bir bidətdir və haram bir qanunvericilikdir”[19].
10.Seyidimiz Mərhum Mühəmmədhüseyn Fəzlullah açıq şəkildə bildirmişdir ki, 3-cü şəhadət azan və iqamənin tərkib hissəsi deyildir. Hətta onların bir hissəsi olma niyyəti ilə olmasa da belə 3-cü şəhadətin azan və iqaməyə daxil edilməsinə üstünlük verilmir. Ələlxüsus iqamədə, çünki onun namazın müstəhəb bir hissəsi olma ehtimalı vardır.
Yəni sən namaza bir rükət, yaxud ikinci təşəhhüdə "Əşhədu Ənnə Əliyyən Vəliyyullah” sözünü əlavə edə bilməzsən, çünki bu, yeni bir qanun ortaya çıxarmaqdır və qanunvericilik də şəri mətnə bağlıdır. Bizə şəri mətn gəlib çatmadıqca yeni bir qanun ortaya çıxarmaq bidətdir. Eyni ilə iqaməyə də, 3-cü şəhadəti əlavə edə bilməzsən, çünki bu Allah və Rəsulunun qoymadığı qanunu tövqifi ibadətə[20] bir hissə olaraq daxil etməkdir.
Alimlərin mövzu ilə bağlı digər fikirləri də vardır ki, qeyd etdiklərimizdən çoxdur. İnsafla desək, Seyid Həkim kimi onların bəziləri azan və iqamənin tərkib hissəsi olması baxımından yox, bizim də araşdırdığımız "ət-Təsamuh fi ədillətis-sünən” qaydası baxımından ona güzəştə getmişdir.
Sonda alim və möminlərə üz tutaraq demək istəyirəm ki, Əmirülmöminin Əli ibn Əbitalibin ölməz vəsiyyəti üzərində işləsinlər: "Sizə ilahi təqvanı, dünya sizi istəsə də belə onun arzusunda olmamağı, ona aid bir şeyi əldə edə bilmədiyiniz və əlinizdəkini itirdiyiniz üçün təəssüflənməməyi, həmişə haqqı deməyi, mükafat (axirət mükafatı) üçün iş görməyi, zalıma düşmən və məzluma yardımçı olmağı tövsiyə edirəm. Sizin hər ikinizə, bütün övladlarıma, əhli-əyalıma və məktubumun çatdığı hər bir şəxsə ilahi təqvanı, işinizi nizama salmağı və insanlar arasında olan münasibətləri düzəltməyi tövsiyə edirəm. ...” İşlər barəsində hökm verərkən nəfsin istəklərinə və təəssübkeşliyə yox, elmi faktlara söykənmək lazımdır.
Seyid Mühəmmədhüseyn Fəzlullahın müəssisəsi
h. q. 1432, 7 zilqədə
m. 04/10/2011


Müəllif: Şeyx Yasir Övdət
Mütərcim: Salman Səfəralı oğlu Süleymanov
Redaktə və şərhlər: Xəyyam Əliağa oğlu Qurbanzadə
Redaktor: Əfruzə Həsən qızı Həsənova
Korrektor: Məhbubə Hüseynbala qızı Kərimzadə
Operator: Nisə İqor qızı Mirzəyeva
__________________________________________

[1] ƏŞHƏDU ƏNNƏ ƏLİYYƏN VƏLİYYULLAH
[2] Dəlil olma şərtlərini özündə daşımayan və bir əməlin savab, yaxud müstəhəb və məkruh olduğuna dəlalət edən zəif rəvayətə əsaslanaraq o işin müstəhəb, yaxud məkruh olduğuna hökm edə bilərik? Bir qrup alim deyir ki, "Sünnətlərin dəlillərində güzəştə getmək” qaydasına əsaslanıb o işin müstəhəb, yaxud məkruh olduğuna hökm edə bilərik. Qayda müstəhəb hökmə dəlalət edən rəvayətlərin sənədində güzəştə getmək mənasını verir. Yəni müstəhəb hökmü ifadə edən hər bir rəvayətin sənədində xələl olarsa, bu rəvayət tərk olunmamalı və etibardan da düşməməlidir. Bu, həmin rəvayətin mötəbər bir dəlil olması baxımından yox, "ət-Təsamuh fi ədillətis-sünən” qaydasına görədir. Bu qaydanın mötəbərliyini sübut edən rəvayətlərdən birini sizin nəzərinizə çatdırmaq istəyirik:
Səfvanın İmam Sadiqdən nəql etdiyi səhih hədisdə deyilir: "Kimə xeyir bir işə savab veriləcəyinə dair bir xəbər çatsa və həmin şəxs də o xəbərə əməl etsə, Peyğəmbər o sözü deməmiş olsa da, o şəxsə işinə görə mükafat veriləcəkdir”[2]. Rəvayət buna dəlalət edir ki, bir hədisdə müstəhəb bir hökm bildirilsə və insan onu itaət qəsdi ilə yerinə yetirsə, reallıqda hədis öz əhlindən (yəni məsumdan) sadir olmamışdırsa da, bu işi yerinə yetirənə mükafat veriləcək. "Əxbari-mən bələğə” adlanan bu və bunu kimi rəvayətlərin mənası zəif rəvayətlərin tələbi olaraq itaət məqsədi ilə yerinə yetirilən müstəhəb əməlin hökmünü bəyan etməkdən ibarətdir. Bu rəvayətlər sənəd baxımdan zəif olan xəbərin (hədisin) dəlil olması mənasını vermir, əksinə zəif hədis "əxbari-mən bələğə”nin mövzusu olur.
"Təsamuh” qaydası fəqihlər arasında məşhur bir qayda olmasına baxmayaraq, onun barəsində ziddiyyətli fikirlər vardır. Seyid Xoyi deyir: "Təsamuh fi ədillətis-sünən qaydasının heç bir əsası yoxdur, çünki hədislər ona dəlalət etmir, əksinə Allahın bəndələr üzərində olan ehsanına və mərhəmətinə dəlalət edir”. ("Misbahul-Üsul”; c. 2, s. 32)
[3] "Vəsailuş-Şiə” kitabının " Keyfiyyətu Əzan vəl-İqamə” fəslinə müraciət edilsin.
[4] Əksər fəqihlər üçüncü şəhadətin "azan və iqamənin tərkib hissəsi olmaması niyyəti” ilə Allah rizası üçün (qürbət qəsdilə) deyilməsinin daha yaxşı olduğuna fitva veriblər. Deməli, bir şəxs üçüncü şəhadəti azan və iqaməyə onun azan və iqamənin tərkib hissəsi olmaması etiqadı ilə əlavə edərsə, dində bidət çıxarmış hesab olunmaz. Halbuki yenilik gətirməyin və bidət çıxarmağın (ibtida və ihdas) haramlığı haqqında bizə gəlib çatan rəvayətlərin zahiri açıq şəkildə "əməldə bidət”ə dəlalət edir. Necə ki "bidət” sözü də "dinə yenilik gətirmək” mənasını verir. Deməli, müəzzin üçüncü şəhadəti azan və iqamənin tərkib hissəsi olmaması niyyəti ilə deyərsə belə onlarda olmayan bir şeyin əlavə olunması həqiqət tapır, azan və iqamədə olmayan bir söz onlara daxil edilərək yenilik gətirilir. Deməli, azan və iqaməyə sırf nəyinsə əlavə olunması bidət hesab olunur, çünki burada cüziyyət (yəni onun azan və iqamənin tərkib hissəsi hesab olunması) əməli baxımdan meydana çıxır. Buna mütləq diqqət edilməlidir!
[5] Qədin alimlərdən Şeyx Səduq və son dövr alimlərindən Seyid Möhsün Əmin Amili üçüncü şəhadətin deyilməsinin haram olmasına fitva vermişlər. Seyid Möhsün Amiliyə görə şiələr arasında üçüncü şəhadətin deyilməsi Səfəvi dövləti vaxtından rəvac tapmağa başlamışdır. Həmçinin Əllamə Şuştəri "Nucə” kitabında qeyd etmişdir ki, Şeyx Səduqun zamanında müfəvvizə tərəfindən üçüncü şəhadət yalnız azana əlavə olunmuş, iqaməyə isə əlavə olunması sonrakı vaxtlarda həyata keçirilmişdir.
[6] Müfəvvizə qulatın bir firqəsidir. Onlar güman edirlər ki, Allah-Taala Mühəmmədi yaratmış, sonra dünyanın yaradılması və idarə edilməsi səlahiyyətini ona vermişdir (təfviz). O da Allahın müdaxiləsi olmadan dünyanı yaratmış, sonra onun idarə olunması səlahiyyətini Əli ibn Əbitalibə vermişdir. Onlar güman edirlər ki, Allah-Taala Əli ibn Əbitalibin və onun övladlarının ruhunu yaratmış və dünyanın səlahiyyətini onlara vermişdir. Onlar da göyləri və yeri yaratmışlar. Müfəvvizə belə deyir: "Məhz buna görə biz rükuda "Sübhanə Rəbbiyəl-Əzimi və Bihəmdih” və səcdədə "Sübhanə Rəbbiyəl-Əla və Bihəmdih”, – deyirik. Əla (yəni "ən uca”) Əli və onun övladıdır. Böyük ilah (ilahi-əzəm) isə dünyanın səlahiyyətini onlara verən Allahdır”. Həm onlar, həm qulat İmam Hüseynin qətlini inkar etmişlər.
[7] Yəni Peyğəmbər və Əhli-Beyt tərəfindən bizə belə azan öyrədilməmişdir. Nə Peyğəmbər, nə İmam Əli, nə də digər imamlar belə bir azan oxumamışlar.
[8] Şeyx Səduq bu sözü ilə əhli-sünnə alimi Şeyx Abdullah Məraği Misri tərəfindən qələmə alınmış və məşhur olmayan "əs-Sülafə fi əmril-xilafə” kitabındakı iki rəvayətə işarə etmişdir. Rəvayətin birində deyilir: "Salman Farsi Peyğəmbərin zamanında azan və iqamədə Allahın birliyinə və Peyğəmbərin risalətinə şəhadət gətirdikdən sonra Əli (ə)-ın vəlayətinə də şəhadət gətirirdi. Əshabələrdən biri Peyğəmbərin hüzuruna çıxıb belə ərz etdi: "Ey Allahın Elçisi, bu gün əvvəl eşitmədiyim bir şey eşitmişəm”. Peyğəmbər buyurdu: "Nə eşitmisən?” O, belə cavab verdi: "Salman azan deyirdi. Eşitdim ki, Allahın birliyinə və Peyğəmbərinin risalətinə şahidlik gətirdikdən sonra Əlinin vəlayətinə də şahidlik gətirdi”. Diqqət: Bu hadisə hiccətül-vidadan – Qədir hadisəsindən sonra baş vermişdi. Peyğəmbər buyurdu: "Xeyirli bir söz eşitmisiniz!” Yəni Peyğəmbər onların etirazına məhəl qoymamış, Salmanın işini təsdiqləmişdi.
Digər bir ravayətdə deyilir: "Əshabələrdən biri Peyğəmbərin yanına gəlib belə ərz etdi: "Ey Allahın Elçisi, Əbuzər azanda Peyğəmbərin peyğəmbərliyinə şəhadət gətirdikdən sonra Əlinin vəlayətinə də şəhadət verir və deyir: "Əşhədu ənnə Əliyyən Vəliyyullah”. Peyğəmbər buyurdu: "Qədiri-Xum”da dediyim: "Mən kimim mövlasıyamsa, Əli də onun mövlasıdır!” sözümü unutmusunuz? Kim əhd-peymanı pozarsa, yalnız özünə zərər vurmuş olar”.
Bu rəvayətlər həmin kitabda sənədsiz nəql olunmuşdur. Bəzi avam adamlar azanda üçüncü şəhadətin deyilməsinin müstəhəb olmasını sübuta yetirmək üçün bu rəvayətlərə əsaslanmışlar. Halbuki bu rəvayətlərin sənədi düz olsa da və mötəbər bir kitabda nəql olunsa da, – halbuki nə rəvayətlərin sənədi var, nə də kitab mötəbər kitabdır – Şeyx Səduqun bu kimi rəvayətlərin qondarma olmasına şahidlik etməsi ilə o rəvayətlərə uyğun əməl etmək icazəli olmazdı, çünki məşhurun rəyinə əsasən rəvayətin höccət (dəlil) olmasının şərti ona etimad etməkdir (yəni rəvayətin etimadlı olmasıdır). Necə ki Şeyx Ənsari və digərləri də bu fikrə qaildirlər. Şeyx Səduqun rəvayətin qondarma olduğuna şahidliyindən sonra bu kimi rəvayətlərə heç bir etimad qalmır.
Bunlardan əlavə bu rəvayət əsasən mürsəl rəvayətdir (yəni bütün raviləri, yaxud bəzi raviləri düşmüş rəvayətdir) və çox zəifdir. Mötəbər rəvayətlərlə təzad təşkil etməkdədir. Qədim və son dövr alimlərindən heç biri ona uyğun fitva verməmişlər. Deməli, bu rəvayətlər sənədi zəif rəvayətlər olmaqdan əlavə, həm də alimlərin üz çevirib əsaslanmadıqları rəvayətlər hesab olunurlar.
[9] İmam Rza əleyhissəlamdan qulat və müfəvvizə haqqında soruşduqda dedi: "Qulatlar kafir, müfəvvizə isə müşrikdir. Kim onlarla bir yerdə oturarsa, yaxud onlarla dostluq edərsə, yaxud onlarla bir yerdə yemək yeyərsə, yaxud onlarla bir yerdə bir şey içərsə, yaxud onlarla münasibətlərini davam etdirərsə, yaxud onları evləndirərsə, yaxud onlardan biri ilə evlənərsə, yaxud onlara aman verərsə (onların təhlükəsizliyini təmin edərsə), yaxud onlara əmanət edərsə, yaxud onların sözünü təsdiq edərsə və yaxud da sözdə onlara yardım edərsə, Allahın, Onun Elçisinin və biz Əhli-Beytin vəlayətindən xaric olar!” ("Üyunu Əxbarir-Rza”; "Babu ma caə ənir-Rza fi vəchi dəlailil-əimməti vər-rəddi ələl-ğulat vəl-müfəvvizə lənəhumullah”; 4-cü hədis)
[10] Etimadlı şəxsin rəvayət etdiyi və mətni məşhur fikrin müqabilində qərar tutan hədisə "şazz” və "nadir” hədis deyilir. Bu cür rəvayətlər yalan və həqiqət olması məlum olmayan, lakin alimlərin üz çevirdiyi və tərk etdiyi rəvayətlərdir.
[11] "ən-Nihayə”; c. 1, s. 293
[12] "Məbsut”; c. 1, s. 99
[13] "Həddi aşmaq” mənasını verən "qülüvv” ("ğülüvv”) kökündən alınmış "qali” ("ğali”) "həddi aşan, təyin edilmiş həddi keçən” mənasını verir. "Həddi aşanlar” mənasını verən "qaliyyə” ("ğaliyyə”) və ya "qulat” ("ğulat”) İslama mənsub olduqlarını iddia etdikləri halda dinin zəruri məsələlərindən birini və ya bir neçəsini inkar edən və ya inkarla nəticələnən bir tərzdə təvilə (yozuma) sapan qruplara deyilir. Qulatlar əsasən Əli və onun övladları barəsində mübahisə edib həddi aşmış və onları insanlıq mərtəbəsindən çıxarıb Allahlıq mərtəbəsinə qaldırmışlar. İmamlardan hər hansı birini ilaha bənzətdikləri kimi, İlahı da insana bənzətdikləri görünmüşdür. On iki imamçı şiə alimləri imamları ilahlaşdıran qulatların şiə olmasını qətiyyətlə təkzib etmiş və yekdilliklə onların küfrünə fitva vermişlər.
[14] "əd-Durus”; c. 1, s. 16
[15] c. 2, s. 181, 182
[16] "Kəşful-Ğita”; c. 1, s. 275
[17] s. 254
[18] c. 1, s. 167
[19] "Kitabus-Səlat”; c. 2, s. 287
[20] Tövqifi ibadət odur ki, düzgün ibadət işi ayələr və yaxud hədislərə uyğun qurulur və onun həddini aşmır. Tövqifi ibadətə bir şey əlavə etməyə, yaxud onlardan bir şey əskiltməyə heç kimin icazəsi yoxdur.



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun