15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

AŞURANIN KEÇİRİLMƏSİNİN BƏZİ ÜSLUBLARINDA GÖSTƏRİCİ ... TƏTBİR (BAŞA QILINC VURMA) NÜMUNƏSİ

Bəzi dairələrdə "tətbir” ("baltalamaq”) termini ilə ifadə olunan başa qılınc vurma təzahürünə şəri baxış necədir? Bu, bizə nə zaman və haradan gəlmişdir? Bunu müdafiə edənlər nəyə əsaslanırlar? Əllərində tutarlı faktlar varmı? Nəyi sübut kimi göstərə bilərlər? Bu dəlillər qəbul ediləndirmi? Buna etiraz edənlərin dəlilləri nədir?Məhz mövzu ilə bağlı və digər məsələləri aşağıda işıqlandırmağa çalışacağıq.

SONRADAN YARANMIŞ ALINMA ADƏT

Bu adətin necə yarandığı, onu ilk icra edən şəxsin kim olduğu bizə tam aydın olmasa da, imamların – Allahın salamı olsun onlara! – zamanında mövcud olmadığı dəqiq bəllidir. Nə rəvayətlərdə, nə də tarix kitablarında bu barədə heç bir məlumat yoxdur. Müsibətlərə səbir etməyə əmr edən İslam təlimlərinə zidd olan bu cür davranışın müsəlmanlar arasında bir çox səbəbləri vardır. İmamlardan sonrakı əsrlərdə də bu hərəkətə işarə edən hər hansı bir fikrə rast gəlmirik. Bəzi tarixçilər – məsələn, əl-Məqrizi "Xutət” ("Taktikalar”) əsərində, Əbülfəda "Tarix” əsərində – Fatimilər və Büveyhilər dövründə Aşuranın qeyd olunmasından danışarkən belə bir adətin olmadığını göstərmişlər.

Seyid Möhsün əl-Əmin[1]– Allah ona rəhmət etsin! – deyir: "Şiələrdən sadə xalq kütləsindən kiminsə bunu etdiyini, həmçinin bütün İslam ölkələrinin padşahları şiə olduqları əsrlərdə belə şiə alimlərindən kiminsə buna icazə verdiyini heç kim nəql etməmişdir”. Sonra Fatimilər, Həmədanilər və Büveyhiləri misal gətirərək əlavə edir: "Büveyhilər Aşurada təziyə keçirilməsini daha geniş şəkildə yaysalar da, onların dövründə Aşura günü Bağdad bazarları tətil edib yollarda təziyə mərasimləri qurulsa da, baş yarmaq olmamışdır”.

Seyid Haşim Məruf əl-Həsəni hesab edir ki, dəmir zəncirlərlə və qılıncla özünü vurmaq adəti şəriətdə yoxdur, bu, hardansa, gəlmədir. Çox güman ki, bəzi ölkələrə qədim hindli şiələrin o ölkələrə hakim olmasından sonra sızıb keçmişdir. Şəhid Mütəhhəri göstərir ki, bu adət bizə Qafqazın Arzudkes ərazisindən gəlmiş və cəmiyyətimizə quru ota alov yayıldığı kimi yayılmışdır.

Bu adətin Cəbəli-Amildə yayılması haqqında Seyid Möhsün əl-Əmin deyir: "Bu əməllər Cəbəli-Amildə bilinməmişdir. Hər hansı bir şəxsin onu yerinə yetirməsi də nəql olunmamışdır. Bu adət həmin əsrdə Cəbəli-Amilə bəzi yabancı sadə insanlar tərəfindən gətirilmiş və onun geniş şəkildə yayılmasına da ondan faydalanan bəzi şəxslər yardımçı olmuşlar. Hər hansı bir dövrdə Cəbəli-Amil üləmasının birindən ona icazə verdiyi, yaxud ona əmr etdiyi nəql olunmamışdır”.

Bəli, "İlamul-Vəra” ("Xalqın Məlumatlandırılması”) adlı kitabında Mühəmməd ibn Tulun əs-Salehi əd-Diməşqi hicri 907-ci il hadisələri barəsində yazır: "Aşura günü bir qrup avara, iranlı və qələndəri Dəməşqdə toplaşıb üzlərini qanatmaq və s. kimi rafizi qaydalarını nümayiş etdirdilər. Bəzi insanlar onlara qarşı çıxıb valinin müavininə müraciət etdilər. O, bidətkarlara kömək etdi və onlara qarşı çıxanların işini pozdu”. Düzdür, bu mətn başın deyil, üzün qanadılmasından danışır, lakin eyni zamanda bu onu göstərir ki, X əsrdə, bəlkə, ondan da əvvəl bəzi dairələrdə qan axıtmaq hadisəsi yayılıbmış. O, öz mülahizəsində "Rafizi qaydalarını nümayiş etdirdilər”,– ifadəsindən istifadə edir. Bu mülahizədə üzün qanadılması hadisəsinin İbn Tulunun "rafizilər” adlandırdığı şəxslərin adəti olduğuna işarə edilir. Məlumdur ki, "rafizilər” şiələr üçün istifadə olunan bir termindir. Bütün hallarda bu yazı həmin adətin imamların dövrünə qədər gedib çıxdığını sübut etmədiyi kimi, bunun qanuniliyinə də dəlalət etmir. Bütün bunların işığında belə bir adəti müdafiə edənlərin əsaslandıqları cəhətlərə baxmalıyıq ki, ta onu açıqlaya bilək.

DƏSTƏKLƏYƏNLƏR VƏ ONLARIN DƏLİLLƏRİ

Bu adəti dəstəkləyənlər bir neçə dəlil irəli sürürlər:

Birincisi: Bu işin haram olmasını sübuta yetirən heç bir dəlil yoxdur. Bu iş can üçün zərərli olmasına baxmayaraq, lakin zərərin bu miqdarının haram olması sübuta yetməmişdir. Yalnız insanın özünü öldürməsinin, yaxud bədən üzvlərini kəsməsinin və s. haramlığı sübuta yetmişdir. Bundan başqa əməllərə gəlincə üsuli-əməliyyənin tələbi olaraq onların halallığına hökm olunur. Bu fikrin müzakirəsi və haramın dəlilinin bəyanı qarşıda gələcəkdir.

İkincisi: İmam Hüseyn əleyhissəlama ağlamağın və ağlatmağın tələb olunan və müstəhəb bir iş olması barəsində heç bir şübhə yoxdur. Rəvayətlər də bu fikri sübut edir. Ağlamaq, yaxud ağlatmaq da təhrik edici (qızışdırıcı) amilə ehtiyacı olan bir işdir. Qızışdırıcı amil də ya müsibətlərin zikr edilməsi və mərsiyə oxumaq kimi sözlə ifadə olur, ya da başa qılınc vurmaq kimi əməl ilə icra olunur.

Cavab: Ağlamağın və ağlatmağın sevilən bir əməl olmasına dəlalət edən dəlil (fakt) ona adət edilmiş insani yollarla əlaqəlidir, başa qılınc vurma adətindəki vəziyyətdə olduğu kimi hüznün ifadə edilməsində adətdən kənar vasitələrə şamil edilmir. Bu, həmin adətin haramlığı bizim üçün sübuta yetmədikdə belədir. Əgər haram olması bizim üçün sübuta yetərsə, onun (yəni o adətin) ağlamağın və ağlatmağın tələb olunan iş olduğuna dəlalət edən şeydən (faktdan) xaric olması aydın bir məsələ olacaqdır, çünki bir əməlin gözəl bir əməl olduğuna dəlalət edən dəlil belə başa düşülməməlidir ki, o iş hətta haram vasitələrlə belə bəyənilən bir iş hesab olunur. Məgər görmürsənmi ki, məsələn möminin qəlbini sevindirməyin müstəhəbliyinə dəlalət edən dəlil mütləq deyildir, yaxud o dəlilin möminin qəlbini qeybət, yaxud zina, yaxud da bundan başqa şeylərlə sevindirməkdən insirafı və təmayülü vardır?

Üçüncüsü: Həqiqətən, bu əməl – baş qanatmaq – Hüseyn və onun əshabəsinə iqtida etməkdir, Əhli-Beytin dərdinə şərik çıxmaq və başsağlığı verməkdir. Şübhə yoxdur ki, Hüseynə iqtida etmək tələb olunan bir şeydir, Əhli-Beytin dərdinə şərik çıxmaq isə ən böyük yaxınlıqdır.

Bu qəribə sözlərə və mühakiməyə cavab veririk:

Hüseynə iqtida etmək o zaman düzgün olardı ki, onun öldürüldüyü yerdə öldürülək, onun başının yarıldığı yerdə başımızı yaraq. O, yolda gedərkən soyuqqanlı halda özünü yaralamamışdır. O, döyüş meydanında Allah yolunda döyüşərək özünü yaralamış və canını qurban vermişdir. Elə isə düşmənlə üz-üzə, düşmən səngərində başımızı yaralayaq və qan tökək. Hüseynə iqtida budur!

Əhli-Beytin dərdinə şərik çıxmaq və başsağlığı məsələsinə gəlincə o, tələb olunan bir əməldir və müstəhəbbi-müəkkəddir (yəni ciddiyyətlə tövsiyə olunmuş müstəhəb bir əməldir). Lakin bu iş necə olmalıdır? Kimin üçün olmalıdır? "Necə yerinə yetirilməlidir?” – sualına cavab olaraq qeyd edək ki, bu təhrif olunmuş və qəbahətli yollarla deyil, adət edilmiş yollarla olmalıdır. Dostu yaralanıb deyə insanın özünü yaralaması, dostunun kürəyinə qamçı dəyib deyə insanın özünü qamçılaması başsağlığı adətlərindən deyildir ki, ta onu Əhli-Beytin dərdinə şərik çıxmağın müstəhəb olduğuna şamil edək...

Əgər ehtimal etsək ki, bu başsağlığı adətlərindəndir, elə isə bu hərəkətlərlə biz kimə başsağlığı veririk?

Tez-tez təkrar olunur ki, biz göz yaşımız, yaxud sinə vurmağımız, yaxud da başımızı yarmaqla Fatimeyi-Zəhranın, yaxud Peyğəmbərin, yaxud da Əmirülmömininin dərdinə şərik çıxırıq. Bizim bu fikir barəsindəki əsas mülahizəmiz odur ki, bu məqamda başsağlığı anlayışının işlədilməsi şübhəlidir, yaxud da yanlışdır. Axı başsağlığı dostunu, yaxud əzizini, yaxud yaxınını itirdiyinə görə təsirlənmiş, kədərlənmiş və narahat olmuş diri şəxsə onun hüznünü paylaşmaq üçün verilir. Allahın rəhmətinə qovuşmuş ölülərə gəlincə onların dərdinə şərik çıxmağın və onlara başsağlığı verməyin heç bir mənası yoxdur! Düzdür, Peyğəmbər (ə), onun qızı Fatimeyi-Zəhra və onun vəsisi Əmirülmöminin Əli (ə) Allahın yanında sağdırlar və onlara ruzi əta olunur. Lakin o aləmin ölçülərinə uyğun olaraq hüzn və kədərin heç bir mənası yoxdur, əksinə onlar Hüseynlə görüşməyin şövqündədirlər.

Zəhranın dərdinə şərik çıxma məsələsi ilə bağlı Şəhid Mütəhhəri yaxşı qeyd etmişdir: "Bu məsxərəyə səbəb olan bir işdir. Məgər faciənin üstündən 1400 il keçdikdən sonra İmam Hüseynin yanında olduğunu bildiyimiz halda Zəhra (ə) ona başsağlığı verilməsinə möhtacdır? Məgər Fatimə sizin üçün kiçik bir uşaqdır ki, ona başsağlığı vermək və qəlbini ələ almaq üçün 1400 ildən sonra hələ də sinə vurur və ağlayırsınız? Bu, dini zaye edən bir sözdür”.

Dördüncü: Xanım Zeynəbi-Kübra qardaşı Hüseynin başını kəcavəsinin qarşısında nizədə gördükdə alnını kəsavənin önünə vuraraq yarmışdı. Onun örtüyünün altından qan damırdı.

Lakin bu dəlil qəbul edilmir:

a) Çünki bu hadisəni çatdıran rəvayət zəif sənədli bir rəvayətdir. Məclisinin də açıqladığı kimi o rəvayət mürsəl[2]rəvayətdir. O demişdir: "Bəzi mötəbər kitablarda Müslim əl-Cəssasdan mürsəl olaraq rəvayət edildiyini gördüm”. Sonra rəvayəti qeyd edir. Zahir odur ki, Məclisinin ondan nəql etdiyi kitab Tərihinin "Müntəxəb” əsəridir. Habelə Nəqdi bu kitabın Məclisinin yanında mötəbər olduğunu qeyd edir. Lakin bu o demək deyildir ki, o kitabın bütün rəvayətləri Məclisinin yanında mötəbərdir, qalmışdı hələ ondan başqası olsun.

b) Çünki bu işin Xanım Zeynəb tərəfindən yerinə yetirilməsi uzaq bir görüşdür. Ona görə ki, bu əməl qardaşı İmam Hüseynin vəsiyyətinə ziddir. O, Xanım Zeynəbə vəsiyyət edərək demişdir: "Ey mənim bacım, sənə and verirəm və istəyirəm ki, mənim andımı qəbul edəsən. Mənə görə alnını yaralama, üzünü cırma. Mən ölsəm, ahu-zar edib ölüm diləmə”.... Bu rəvayət üzü cırmağı qadağan edən çox rəvayətlərlə uyğunluq təşkil edir. Bəzi rəvayətlərdə üzə vurmaq da yasaq edilir.

Əgər Hüseyn əleyhissəlam ona yalnız üzünü cırmağı qadağan etmişdirsə, o, başını necə qanada bilərdi?! Bu, onu göstərir ki, qan tökmək heç də Xanım Zeynəbin məqsədi olmamışdır. Başını kəcavəyə vurduğu zaman qan axacağını gözləmirdi. Xanımın bu hərəkəti (yəni başını kəcavənin qarşısına vurması) vəsiyyətə zidd deyildir. Bu yönləndirmə hərçənd ziddiyyəti aradan qaldırır, lakin qan tökməyin caiz olduğu sübuta yetməyəcəkdir, çünki təsəvvürə uyğun olaraq bu, onun məqsədi olmamışdır.

Beşincisi:İmam Rzadan nəql olunan bir hədisdə deyilir: "Həqiqətən, Hüseynin günü göz qapaqlarımızı yaraladı və göz yaşlarımızı axıtdı”.

Bu rəvayət qeyri-dəqiq sənədli rəvayət olmaqla yanaşı yuxarıda deyilənə dəlalət etmir. Onun dəlalətlərinə etiraz etmək mümkündür:

a) Göz qapaqlarının yaralanması, göz qapaqları üzərində ağlamağın izinin görünməsindən ibarətdir. Belə ki, sən onun bu səbəbdən qızarmasını da görürsən. Bu yaralamanın zərəri qanın çox axması, ola bilsin ki, özündən getmə ilə nəticələnən başa qılınc vurma həddinə qədər çatmır. Buna əsasən daha yuxarı hədd daha aşağı hədd ilə müqayisə oluna bilməz.

b) Seyid Möhsün əl-Əminin "Tənzih” kitabında qeyd etdiyi kimi göz qapaqlarının yaralanması çox ağlamağın nəticəsində məcburi surətdə yaranır.

Başa qılınc vurmağı dəstəkləyənlərin dediklərimizdən daha zəif başqa dəlilləri də vardır ki, onları qeyd etməyə imkan yoxdur.

ETİRAZ EDƏNLƏR VƏ ONLARIN DƏLİLLƏRİ

Baş yarmağa etiraz edənlər iki istiqamətdən birini götürürlər:

Birincisi:Bu iş açıq-aşkar cana zərər verməkdir və insanın öz canına hər cür zərər vurması da haramdır. Buna (yəni cana zərər vurmağın haramlığına) cana zülm etməyin çirkinliyinə hökm edən ağıl və "heç bir qanuni səbəb olmadan özünü yaralayan və bədənini qanadan şəxsi məzəmmət etmə” prinsipi əsasında qərarlaşmış "ağıllı insanların həyat tərzi”, həmçinin çoxlu şəri mətnlər dəlalət edir. Məsələn imamımız Mühəmmədbaqirdən belə nəql olunmuşdur: "Allah-Taala məxluqatı yaratdı və bədənlərinin nəyin vasitəsilə həyatını davam etdirəcəyini bildi və onu onlara halal etdi və nəyin onlar üçün zərərli olduğunu bildi və onları həmin şeylərdən çəkindirdi”. Qaçılmaz (hökmən olacaq) ölüm həddinə çatmasa da, cana zərər vurmağı qadağan edən başqa rəvayətlər və dəlillər də vardır[3].

Seyid Möhsün əl-Əminin nəql etdiyi kimi fəqihlər ittifaq etmişlər ki, əgər mükəlləf suyun dəstəmazda istifadə edilməsi nəticəsində dəridə kobudluq və çat yaranacağından qorxarsa, onun vəzifəsi təyəmmümlə əvəz olunar və dəstəmaz alması icazəli olmaz. Halbuki bunun zərəri və əziyyəti başı uzun bıçaqla və ya qılıncla yarmaqdan daha azdır. Seyid Möhsün əl-Əmin və Seyid Fəzlullah belə məqamda bu dəlili əsas götürmüşlər. Şeyx Mühəmmədhüseyn Kaşifulğita da bunu etiraf etmişdir.

İkincisi:Güman etsək ki, bu iş ünvani-əvvəli[4]olaraq mübahdır, məzhəbə və bu məzhəbin ardınca gedənlərə utanclıq gətirdiyi, vəhşilik və geridəqalmışlıq rəmzi olduğu üçün ünvani-sanəvi olaraq haramdır. İmamlar bizə əmr etmişlər ki, onlara ziyan gətirəcək heç bir şey etməyək: "Bizim üçün zinət olun, bizim etibarımızı zədələməyin, bizi rüsvay etməyin!”,"Bizi insanlara sevdirin, insanları bizə qarşı qəzəbləndirməyin!”,"Hər cür sevgini bizə tərəf gətirin, hər cür pisliyi bizdən uzaqlaşdırın!”

Seyid Möhsün əl-Əmin, Seyid Fəzlullah, Seyid Xamənəi, Haşim Məruf əl-Hüseyni və Şeyx Mühəmmədcavad Muğniyə kimi bir çox alimlər bu dəlili əsas götürmüşlər. Başqaları da etiraf edirlər ki, əgər bu iş biabırçılığa və məxsərəyə səbəb olarsa, haramdır. Seyid əl-Həkim buna bir misal ola bilər. O, belə fitva vermişdir: "Zərər qorxusu olmadıqca, məsxərəyə və başqası ilə düşmənçilik etməyə təhrik etməyə səbəb olmadıqca bu işi görməyin heç bir maneəsi yoxdur”. Buna oxşar fikri bəzi şəri suallara cavab verərkən Seyid Xoyi də demişdir.

Əlbəttə, Seyid əl-Həkimin ifadə etdiyi kimi biabırçılıq və alçaltmanın, yaxud məsxərənin həqiqət tapmasını yalnız məsələnin dünya reallığında səs salmasından xəbərdar olan şəxslər dərk edə bilərlər. Kütləvi informasiya vasitələrinin bu işə reaksiyasını və bunun başqalarında Əhli-Beyt davamçılarına qarşı mənfi təəssüratlar yaratdığını nəzərdən qaçırmaq lazım deyil. Bəziləri isə belə hesab edir ki, əgər başqasının istehzasına və məsxərəsinə görə bu adəti tərk etmək lazımdırsa, o zaman həcc, namaz və digər ibadətlərdən də əl çəkmək lazımdır, çünki bəzən başqaları bizim həcc ziyarətimizi və cəmrələrə daş atmaq (Şeytanı daşqalaq etmək), yaxud təvaf kimi həcc ziyarətində bəzən qəribə görünən əməlləri, hətta namazımızı və onun rüku və səcdə kimi əməllərini də məsxərəyə qoyurlar.

Cavab:Həqiqətən, namaz, oruc və həcc İslam dininin əsasını təşkil edən ibadətlərdəndir. Başqalarının buna istehza ilə yanaşmasına və ya məsxərəsinə görə onlardan əl çəkməyimiz mümkün deyildir. Məsələn başqaları bizim məsxərəmizə görə öz ibadətlərindən əl çəkmirlər. Lakin başa qılınc vurmaq vacib deyil, bu ən yaxşı halda mübah bir işdir. Mübah bir işin hökmü də biabırçılıq və yaxud ona bənzər ünvanla (başlıqla) tanındıqda olduğu kimi başlıqların və ünvanların dəyişməsi ilə dəyişir və mütləq olaraq vacibdir deyilmir.

Bütün bunlar bu əməl (başa qılınc vurmaq) qürbət və ibadət niyyəti ilə yerinə yetirilmədikdə belədir. Bu əməlin ibadət və Allaha yaxınlaşmaq adı ilə yerinə yetirilməsinə gəlincə – necə ki bu, kənardan belə görünə bilər – onu haram etmək üçün qarşımıza üçüncü bir dəlil çıxır. O da bidət başlığıdır. Xüsusi bir keyfiyyətlə həyata keçirilən hər hansı bir əməlin – istər ibadət olsun, istərsə də şüar olsun – xüsusi bir dəlili yoxdursa, o əməlin həyata keçirilməsi dinə yenilik gətirməkdir və Allahın demədiyi şeyi uydurub Allaha nisbət verməkdir.

BAŞ YARMAQ VƏ MƏSƏLƏYƏ BAXIŞ

Yuxarıda qeyd etdiyimizi təkrar xatırladırıq ki, biz bir adəti davamlı yerinə yetirəcəyimiz Sünnəyə və Hüseynin xatirəsinin yaşadılmasında, yaxud ondan başqa digər münasibətlərdə əhəmiyyət verəcəyimiz və etimad edəcəyimiz əlamətə (şüara, toxunulmazlığa) çevirmək istədikdə, bu vasitənin Hüseyn inqilabına nə qədər xidmət edəcəyi, İslama dəvətdə, başqalarının qəlblərinin Əhli-Beyt qapısına açılması, yaxud ən azı başlarını yararaq bu yolla Aşuranı canlandıran şəxslərin nəfslərinin təmizlənməsində bu metodun təsiri barəsində soruşmaq lazım deyildirmi? Bu adəti müdafiə edənlər onun dini hədəflərimizi həyata keçirməkdəki rolunu qeyd edə bilərlərmi?

Qılıncla baş yarmaq, sonra başı yumruqlayaraq qan çıxarmaq, nəticədə sifətin, başın, əllərin və bütün paltarın qan olması başqalarında nifrət oyadacaq, onların dəhşət və təəccübünə, uşaqların və qadınların qorxusuna səbəb olacaq bir mənzərə deyilmi?! Və beləliklə, Əhli-Beytin xatirəsinin yaşadılması adı altında insanların qəlblərinin onların məktəbinə açılmış qapılarının bağlanmasına bəzən biz özümüz səbəb olmuruqmu?

ALİMLƏRİN BAŞ YARMAĞA MÜNASİBƏTİ

Bəzilərinə demək xoş gəlir ki, baş yarmağın haram olması fikri istisna bir fikirdir və bir çox məşhur alimlər bu fikri mənimsəməmişlər. Lakin bu cür fikirlərin yaranması alimlərin rəyləri ilə az tanışlıqdan irəli gəlir. Alimlərimizin çoxu buna və bundan başqa digər alınma adətlərə qarşı olmuşlar. İmam Xomeyni başın qılıncla yaralanması məsələsinə nəzərən belə buyurur: "Nə biz, nə də heç bir mömin bu məsələni məqbul iş hesab etmir. Əksinə böyük alimlər bu işlərin çoxunu qeyri-caiz hesab etmiş və daim ona mane olmağa çalışmışlar”. Seyid Möhsün əl-Əmin Hüseynin əlamətlərinə və şüarlarına daxil olan bu adətə və öz təbiri ilə desək, bundan başqa münkərlərə (yəni çirkin əməllərə) və bidətlərə qarşı çıxan ən cəsur alimlərdən hesab olunur. O, bu bidətlərlə mübarizədə islahatçı hərəkata rəhbərlik etmiş və onun bu hərəkatında ona başı yarmağın haram olmasına fitva verməklə Seyid Əbülhəsən İsfahani, Seyid Hibətuddin Şəhristani, böyük müctəhid (əl-Müctəhidul-Kəbir) Şeyx Əbdülkərim Cəzairi, həmçinin Əllamə Şeyx Möhsün Şərarə, Seyid Mehdi Qəzvini və başqaları yardım etmişlər.

Şeyx Mühəmmədhüseyn Kaşifulğita bəzi kitablarında bu adəti müdafiə etməsinə baxmayaraq, qaydaların tələbinə uyğun olaraq başı qanatmağın haram olduğunu etiraf etmişdir. Seyid Həkimin bu barədə belə dediyi nəql edilmişdir:"Bədənə vurmaq boğazımızda qəhərdir”.

Başqa alimlər də bu adətə qarşı çıxmışlar. Seyid Haşim Məruf əl-Həsəni bu adəti müstəsna hal hesab etmiş və başqa xalqlardan alınaraq təzahür etdiyini göstərmişdir. O, eyni zamanda bildirmişdir ki, bu adət Hüseyn matəminə və şiəliyə mənfi təsir edən əlavələrdəndir. Şiələrin düşmənləri bu adətdən onları məzəmmət və istehza etmək üçün istifadə etmiş və məhərrəm ayının onuncu gününü avamlar ölkəsi kimi nəzərdə tutmuş və o günü şiələrin dəlilik günü adlandırmışlar. O (yəni Seyid Haşim Məruf əl-Həsəni), əlavə edərək bildirir ki, şübhə yoxdur ki, imamlar bu görüntülərlə razılaşmazlar və bu görüntülərdən uzaq olduqlarını bildirərlər.

Həmçinin Şeyx Abdullah Nemət də bu adəti Aşuranın izzət və calalından uzaq əcaib bir nöqsan hesab etmiş və bildirmişdir ki, bu adət heç bir səbəb və nəsəblə dinə bağlanmır. Bu, şiə cəmiyyətinə xaricdən gəlmiş bir adətdir. Seyid Fəzlullah da cürətlə bu adətə qarşı çıxaraq öz etirazını bildirmişdir. Nəhayət, Seyid Xamənəi də bu adətə qarşı mübarizə aparmağa çağırmış və bildirmişdir ki, o, şiəliyə mənfi təsir göstərir, onun surətini və heybətini pozur. Seyid Xamənəinin bu mövqeyindən sonra onu dəstəkləyən bir çox elmi mövqelər ortaya qoyulmuşdur.

Söhbətə Şeyx Mühəmmədcavad Muğniyənin bir sözü ilə xitam vermək istəyirik. O, bu adətə qarşı alimlərin mövqeyini təsvir edərək belə yazır: "Bütün şiə alimləri istisnasız olaraq bu adəti şiddətlə rədd edirlər. Bu adətə qarşı çıxmayıb susanlar isə bu adəti ticarət və qazanc aləti edən bəzi kütlələrdən qorxduqları üçün susurlar. "Sizi məhz o Şeytan öz dostları ilə qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın! Əgər möminsinizsə, Məndən qorxun!”[5]

Müəllif: Şeyx Xəşən

Mütərcim: Salman Süleymanov

Təshihatçı: Xəyyam Qurbanzadə

Seyid Fəzlullahın müəssisəsi

h. q. 10 məhərrəm 1433, m. 05. 12. 2011

 


[1]Seyid haqqında ətraflı məlumat almaq istəyənlərwww.sabiqun.azveb-saytında getmiş "Başqa ideologiyalara açıq metod və reallıqda dinamik rəhbərlik” "İslam vəhdətinin carçısı və imperializmin düşməni” adlı məqalələrə müraciət etsinlər.

[2]Bütün raviləri, yaxud bəzi raviləri düşmüş rəvayətə mürsəl rəvayət deyilir.

[3]Bu barədə artıq məlumat almaq istəyənlər "Tibbi sağlamlıq fiqhinə dair siqaret çəkmək bir nümunə kimi” yazısında qeyd etdiklərimizə müraciət etsinlər.

[4]"Ünvani-əvvəli” (yəni birinci dərəcəli başlıq) təbii varlığı baxımından mövzunun öz adı üzərində sabit olan bir hökmdür. Məsələn, şərabın haram və suyun mübah (halal) olması. "Ünvani-sanəvi” (yəni ikinci dərəcəli mövzu) isə "Allah dində üzərinizə heç bir çətinlik qoymadı…”("Həcc”, 78) və "Zərər vermək və zərərə zərərlə qarşılıq vermək yoxdur”hökmü kimi müsəlmanların çətinliyini həll etmək üçün qoyulmuş şəri hökmdür. Bu cür qaydalar bəzən (diqqət edilsin – X.Q.) " hökmi-əvvəli”ni (yəni birinci dərəcəli hökmü) dəyişir. Məsələn, şərab içmək haram olmasına baxmayaraq, çarəsizlikdən, yəni insanın nicat tapması onun içilməsinə bağlı olduğu hallarda, nəinki icazəli, bəlkə, vacib olur. Suyun içilməsi də insanın həlakına səbəb olacaqsa, haramdır. İnsanın su ilə dəstəmaz alması vacibdir. Əgər dəstəmaz almaq insan üçün zərərli olarsa, bu halda bu vəzifə onun boynundan düşür. Həmçinin bir çox işlərin yerinə yetirilməsi insan üçün çətinlik yaratdığı üçün həmin işin yerinə yetirilməsi təklifi onun boynundan düşür. Bir sözlə, "ünvani-sanəvi”, hökmü sabit olan bir işin hökmünü dəyişdirən şəri hökm və qaydadır. Hökmi-sanəvi özünə məxsus olan yerlərdə hökmi-əvvəl kimi Allahın hökmüdür. Hər bir yerdə Allahın hökmünə itaət etmək lazımdır.

[5]"Ali-İmran”, 175



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun