15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

ƏLLAMƏ ƏMİNİNİN "ƏL-QƏDİR” KİTABININ MÜTALİƏ

 OLUNMASI VƏ AYƏTULLAH BURQUİNİN

 ONUN BARƏSİNDƏ FİKRİ

Həbsxanada olarkən Əllamə Əbdülhüseyn Əmini Təbrizinin bir neçə il əvvəl oxuduğum "əl-Qədir” kitabını yenidən mütaliə etdim. Səmimiyyətlə və təəssübsüz olaraq deyim ki, "bu kitabda Ağayi-Əmininin işi Qədir hədisinin isnadına yalnız bir necə sənəd əlavə etməkdən ibarət olmuşdur”, – deyənlər doğru demişlər. Bu kitab avam, yaxud az məlumatlı və qeyri-mütəxəssis şəxsləri aldada bilər, amma az-çox məlumatı olan, özü də ədalətli olan insanların yanında o qədər də dəyərli kitab deyildir. Lakin elm əhlinin də təəssübkeşliklə, yaxud avamları aldatmaq niyyəti ilə bu kitabı tərifləməsi və ona hörmət göstərməsi istisnadır. Mənim fikrimcə, ustadımız Ayətullah Seyid Əbülhəsən İsfahani doğru fikirləşirdi. Ondan bu kitabın çap xərclərinin beytülmaldan (vücuhi-şəriyyədən) ödənməsi barəsində icazə istənildikdə razılaşmamış və belə cavab vermişdir: "Şeir kitabı(!!)nın çap olunması üçün imammalından xərcləmək ola bilsin ki, o böyük şəxsiyyəti (yəni İmamı) razı salmasın”.

Bu kitabın bir çox istinadları (sənədləri) İslamın əvvəli ilə möhkəm bağlılığı olmayan etibarsız mənbələrdən götürülmüşdür ki, bu iş təhqiqatçıların nəzərində heç də inanıla biləcək bir səviyyədə deyildir. Onun bəzi ehticacları (dəlil və sübut gətirmələri) da bundan əvvəl cavablandırılmışdır, lakin o utanmadan yenidən onları zikr etmişdir. Güman edirəm ki, elm əhli öz daxilində bilir ki, "əl-Qədir” kitabı ilə məzhəbin xeyrinə mühüm bir iş görmək olmaz. Məhz bu səbəbə görədir ki, bu kitabın bu gün işlərin cilovunu əlində tutan tərəfdarları və məddahları heç bir vəchlə icazə vermirlər ki, farsdillilər tərəfindən istifadə edilməsi mümkün olan Heydərəli Qələmdaranın yazdığı "Şahrahi-İttihad və bərrəsiye-nüsusi-imamət” ("İttihadın ana xətti və imamət mətnlərinin araşdırılması”) adlı kitabı, yaxud Hind yarımmaterikinin şiə alimlərindən olan Mühəmməd Əbdüşşəkur Ləkhnəvi (Lakhnaulu) adlı alimin yazdığı "Baqiyati-Salihat” ("Savabı əbədi qalan saleh işlər”) adlı kitabı, yaxud Şah Vəliyyullah Əhməd Dəhləvinin övladı Əbdüləziz Dəhləvi tərəfindən yazılmış "Töhfeyi-İsnaəşəriyyə” ("On iki imamçı şiə məzhəbinin töhfəsi”) kitabı, yaxud Ağayi-Əbdürrəhman Sərbazinin Qumdakı "Dər Rahi-Həqq və Üsuli-Din” ("Haqq və üsuli-din yolunda”) müəssisəsinə xitabən yazdığı "Razi-Dəliran” ("Qorxmazların Sirri”) adlı müxtəsər kitabçası və mənim tərəfimdən tərcümə olunmuş "Rəhnəmudi-Sünnət dər rəddi Əhli-Bidət” ("Bidət əhlinin rədd olunmasında Sünnənin yol göstərməsi”) kitabı və s. kimi kitablar tərcümə olunsun. Hətta bu kitabların adının  xalq tərəfindən eşidilməsinə belə icazə vermirlər. Halbuki qərəzkar olmasaydılar və haqq tərəfdarı olsaydılar, xalqın həm "əl-Qədir”in, həm də adını yuxarıda çəkdiyim kitabların tərcümələrini oxumasına icazə verərdilər ki, artıq xalq onları bir-birilə müqayisə edə bilsin, alimlərə onların mövzuları barəsində suallar verə bilsin, fikirləri müqayisə etdikdən sonra haqqı batildən ayırsın və ən gözəl fikrə tabe olsun. Yalnız bu surətdə "... ("Ya peyğəmbər!”) Bəndələrimə müjdə ver! O kəslərə ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. ...”[1] ayəsinə əməl etmiş olarlar. Lakin nə özləri belə edir, nə də başqalarına bu cür hərəkət etməyə imkan verirlər. Əksinə bizim kimi düşünən isanların cavabını ya silaha əl atmaqla, yaxud da həbs etməklə verirlər!!

 

ƏLLAMƏ BURQUİNİN USTADLARI

1. Ağayi-Xansari

2. Şeyx Əbdülqasım Kəbir Qummi

3. Hacc Şeyx Mühəmmədəli Qummi Kərbəlai

4. Ağayi-Mirza Mühəmməd Samərrai

5. Ağayi-Seyid Mühəmməd Höccət Kuhkəməri

6. Haci Şeyx Əbdülkərim Hairi

7. Hacc Seyid Əbülhəsən İsfahani

8. Ağayi-Şahabadi və digər alimlər ...

Təhsil aldığı ustadların bir çoxu onun üçün ictihad təsdiqnaməsi yazmışlar. Onlar aşağıdakılardır:

1. Mühəmməd ibn Rəcəbəli Tehrani Samərrai

2. Hacc Böyükağa (Ağabozorg) Tehrani

3. Əbdünnəbi Nəcəfi İraqi Rəfəsi

4. Ayətullah Seyid Əbülqasım Kaşani

5. Seyid Əbülhəsən İsfahani

6. Ağayi-Nəcəfi adı ilə tanınan Şihabəddin Mərəşi

7. Şeyx Əbdülkərim Hairi

8. Ayətullah Seyid Mühəmməd Höccət Kuhkəməri

Bu iki şəxsin (Ayətullah Hairi və Ayətullah Höccətin) icazənaməsinin əslini əsgərlik məsələsində mükəlləfiyyətimi müəyyənləşdirmək üçün o dövrün Mədəniyyət Nazirliyinə təhvil verdim. Məncə, bu iki icazənamə həmin nazirliyin arxiv sənədləri arasında mövcud olmalıdır.

 

ƏLLAMƏ BURQUİNİN FİKİR DƏYİŞİKLİYİNİN

SƏBƏBİ VƏ ONUN HAQQA DOĞRU HİDAYƏT OLUNMASI

Qeyd etdiyimiz kimi Əllamə Burqui öz elmi həyatının əvvəlində əqidə baxımından mövcud on iki imamçı şiə məzhəbinə mənsub olmuş və Quran-kərimin ipindən yapışmağa dəvət edən, ümumi şiə camaatı arasında yayğın olan bidətlərə və xurafatlara, sapqın və azdırıcı əqidələrə qarşı mübarizə aparan böyük, ixlaslı və sədaqətli alimlərdən olmuşdur. Əllamə Burqui qulat şiələrin və bidətkar sufilərin Quran-kərimə müxalif olan fikirlərinə qarşı ciddi mübarizə aparmış və bu bidətlərin havadarları və o fikirləri müdafiə edən saray alimləri və təəssübkeş tərəfdarlar tərəfindən şiddətli toqquşmalar və problemlərlə qarşılaşmış, lakin Quranın üzərində dərindən düşünməklə onlara tutarlı cavablar vermişdir.

Əllamə Burqui özü bəzi yazılarında qeyd edir ki, problemlərimin və müraciət edənlərimin az olmasından çox faydalandım, Quranı daha çox oxumağa və onun üzərində dərindən düşünməyə çox müvəffəq oldum. Bütün bunlar ona gətirib çıxardı ki, artıq mənə aydın oldu ki, bizim şeyxlərimiz və alimlərimiz mövhumat və xurafata qərq olublar, Quranın bir çox təlimlərindən bəhrələnə bilməyiblər. İslamın düzgün əqidələrindən və fikirlərindən uzaqlaşıblar. Bu nəticəyə gəldim ki, din alimləri və onlara tabe olan xalq kütləsi haqq dini dəyişdiriblər, İslamın həqiqətlərindən uzaqlaşıblar, xurafat və məzhəb adı ilə İslama hökmranlıq edirlər.

Bundan sonra Əllamə Burqui ayrı-ayrı kitabçalar yazmağa və kitablar nəşr etdirməyə başlayır ki, nəhayət, sufi qulat şiəliyinin şirkini və küfrünü ortaya çıxara bilsin. "Təftiş” və "Ürfanın Həqiqəti” adlı kitablar yazır. Lakin bu kitabların təlifindən sonra bir çox sufilər və onların müridləri xəbər tutub Əllaməni qətllə təhdid edirlər. Əllamə cavab verir ki, ən yaxşı qoruyucu Allahdır! Onu ölümlə təhdid edən şəxs deyir ki, tezliklə həmin din alimlərinin əli ilə sənə hökm oxunacaqdır. Əllamə yalnız bu cavabı verir: "İstədiyinizi edin!” Sonra fəlsəfəyə və İslamı həqiqətdə Quranın təlimlərindən uzaq olan batil bəşəri fəlsəfi təsəvvürlərlə təfsir etmiş şeyxlərə cavab olaraq "Əql və Din” adlı başqa bir kitab yazır. Həmin şeyxlər sonra Əllamə ilə böyük bir düşmənçiliyə başlayırlar.

Sonra o, "Şeyxiyyənin batil əqidələrinin siyahısı” adlı başqa bir kitab yazır və orada şeyxiyyə firqəsinin batil əqidələrini ifşa edir. Lakin din adı altında xurafat yolu ilə öz dolanacaqlarını təmin edən şəxslər camaatın xurafatdan xilas olmalarına necə razı ola bilərdilər?!

Sonra "Bir vəlayət dərsi” adlı başqa bir kitab yazır. Əllamə Burqui deyir ki, bu kitab bizim müxaliflərimizin birləşməsinə səbəb oldu. Bu kitab kiçik bir kitab olmasına baxmayaraq, şeyxiyyə və sufiyyə şiəliyinin, qulat şiəliyinin və digərlərinin Qurana açıq-aşkar müxalif olan bütün şirkinin üzündən niqabı qaldırdı.

Bu acı həqiqətlərin bəyan olunması din yolu ilə camaatın hesabına dolanan şiə şeyxlərinin düşmənçiliyinə səbəb oldu. Onlar Əllamə Burqui və onun ardıcıllarını nasibi, Həzrət Əliyə və Əhli-Beytə zidd olan şəxslər adlandırıb onlara töhmət vururdular. Töhmət və iftiranın heç bir təsir qoymadığını gördükdə dövləti vasitəçi seçib rejim yolu ilə onları zərərsizləşdirməyə çalışdılar, lakin buna müvəffəq olmadılar. Ağayi-Xosrovşahi bu yolun təsirli olacağından naümid olduqda mərcəi-təqlidlərin yanına getdi, onların əməkdaşlığı ilə geniş və əhatəli bir kitab yazdı, məscidlərin pişnamazları və yalançı vaizlərdən ibarət olan 600 nəfər xurafatçı şeyxdən imza topladı ki, guya Seyid Əbülfəzl Burqui İslamı məhv etmək üçün fəaliyyət göstərən bir yəhudidir və polis vasitəsilə onun üzərinə hücum etdilər. Onun bir qrup dostlarını və həmfikirlərini tutdular və onu da zindana atdılar. Bir müddətdən sonra ondan təəhhüd alıb buraxdılar.

 

ƏLLAMƏ BURQUİNİN ƏQİDƏSİNİN XÜLASƏSİ

1. İslam dini insanın dünya və axirət xoşbəxtliyini təmin edən kamil bir dindir. İslam dini bütün peyğəmbərlərin və ilahi elçilərin dinidir. Peyğəmbərlərdən sonra heç bir kəsin dinin üsullarına (əsaslarına) nəsə əlavə etməyə, yaxud ondan nəyi isə əskiltməyə haqqı yoxdur, istər imam olsun, istərsə də qeyri-imam.

Mövcud on iki imamçı şiə məzhəbi orijinal İslamı yalan xurafi xütbələrlə, qondarılmış bəşəri fikirlərlə və saxta rəvayətlərlə qarışdırmış və onların məcmusundan həqiqətdə Əhli-Beyt üçün rüsvayçılıq olan bir məzhəb düzəltmişdir.

2. İslamda xurafat yoxdur, lakin mövcud şiə məzhəbi isə xurafatlar və mövhumatlarla doludur.

3. İlahi sifətlərdən heç biri peyğəmbərlərdə və övliyalarda yoxdur. İlahi işlərdə onların heç bir şərikliliyi yoxdur. Peyğəmbərlərin – Allahın salamı olsun onlara! – vəzifəsi risaləti çatdırmaq, müjdə vermək (təbşir) və qorxutmaqdır (inzar).

Peyğəmbərlər və övliyalar vahid bir məkanda mövcud olan və o məkana məhdud olan varlıqlardır. Zatları və elmləri də məhduddur. Hər bir məkanda hazır və nazir deyildirlər. Qeybi də bilmirlər. Hər şeyi də əhatə etmirlər.

Lakin şiə kitablarında mövcud olan rəvayətlər və xəbərlər Quran mətnlərinin və səhih Sünnənin əksinə olaraq bütün bu sifətləri və xüsusiyyətləri peyğəmbərlər, övliyalar və imamlar üçün sübuta yetirmiş olur ki, bütün bunlar hamısı yalandır, əsassızdır və İslamın haqq əqidələri ilə heç bir əlaqəsi yoxdur.

4. İslam yaşanılması asan olan bir dindir. Lakin şiə məzhəbinin xurafatçı alimləri İslam dinini çətinləşdirmiş və öz mənfəətlərini təmin etmək üçün dinin üsuluna və füruuna imamət, vəlayət, xüms, İmamın və başqasının haqqı kimi fikirlər əlavə etmişlər ki, bunların heç birinin İslamda yeri yoxdur.

5. İslam dini təlim və təəllüm (öyrətmək və öyrənmək) dinidir. Hər bir müsəlmanın elm öyrənməsi vacibdir. Əllamə Burqui təqlidi şiddətlə rədd edir ki, bu da Əllamənin öz rəyi və nəzəriyyəsidir. Şiə və əhli-sünnə alimləri təqlidi caiz və vacib bilirlər. Əlbəttə, üsuli-dində təqlid etmək olmaz. Yəni o əsasları bilən şəxsin sözünü yalnız o dediyi üçün dəlilsiz olaraq qəbul etmək olmaz. Etiqadi əsaslarda ölçü "elm” və "yəqinlik”dir. Yəni etiqadi əsaslarda elmlə yəqinliyə çatmaq lazımdır.

Füruddinin də zəruri və qəti məsələlərində təqlid etmək olmaz ki, bunlara  "əhkami-musəlləm” (şübhəsiz sabit hökmlər) deyilir.

6. İslam dini müsavat və bərabərlik dinidir. Bu dində əsil-nəsəb əsası üzərində fəqlənmə yoxdur. Lakin şiə məzhəbinin alimləri seyid və qeyri-seyid, imam (pişnamaz) və müqtədi (iqtida edən) arasıında fərq qoymuşlar. İslam dinində bütün bunlar hüquq, vəzifələr və vacibatlar baxımından bərabərdirlər, üstünlük yalnız təqvadadır.

7. Allahdan başqasını çağırmaq (yəni ona dua etmək) və ehtiyacları Ondan yox, başqasından istəmək səbəblərin fövqündə olan qeybi kömək üçün başqasını malik bilmək etiqadı ilə nəticələnir ki, bu da heç bir vəchlə doğru deyildir, bəlkə, Allaha ibadətdə şirkdir. Lakin insan tərəfindən tətbiqi mümkün olan dünyəvi işlərdə və ürfi ehtiyaclarda başqalarından bir şey istəmək heç bir maneə olmadan icazəlidir. Bir şərtlə ki, kömək istənilən şəxs diri və hazır olsun, nəinki ölü və qaib.

8. Peyğəmbərlərin və övliyaların vəfatından sonra dünya ilə heç bir əlaqələri yoxdur, camaatın vəziyyəti haqqında da heç bir məlumata malik deyildirlər. Ölümlərindən sonra heç bir  vəzifələri və işləri yoxdur.

9. İslam dinində xalq üzərində Allahın höccəti (dəlili) yalnız peyğəmbərlər və əqldir. Allah-Taala bu ikisindən qeyri başqa bir şeyi bəndələri üzərində höccət qərar verməmişdir. Həzrət Əlinin, imamların və onların övladları olan şəxslərin Allahın xalq üzərində höccətləri olması məsələsi yeni ortaya atılmış, uydurulmuş bir məsələdir, bidətdir və dinə əlavə olunmuş bir fikirdir ki, Quran-kərimə və Peyğəmbərin Sünnəsinə müxalifdir.

10. İslam dinində hər bir zaman və  məkanda bütün müsəlmanlara vacib hesab edilir ki, onlar üçün bir vəliyyüləmr (müsəlman icmasının rəhbəri) olsun ki, bütünlüklə müsəlmanların işlərinin cilovunu əlində tutsun və İslam cəmiyyətində şəriətin hökmlərini və qanunlarını bərpa etsin. Aydındır ki, vəliyyüləmr daim bu işlər üçün hazır olmalı, camaatın vəziyyətindən xəbərdar olmalı və camaat da onu görüb tanımalıdır.

İslam dinində camaatın gözündən qaib və gizli olan imam və ya vəliyyüləmr yoxdur ki, mötəbər imam olsun, camaat da onu görməsin və ona əli catmasın.

11. Müsəlmanlar üçün zəruridir ki, onların arasında fiqh və islami bilgiləri ondan öyrənə biləcəkləri, xalq arasında İslam hökmlərini tətbiq və icra edə biləcək şəxslər olsun. İstər bu müəllim imam olsun, istərsə də qeyri-imam. Əgər həmin müəllim Əhli-Beyt imamlarından olarsa, hər bir surətdə dinə tabedir, nə üsuli-dinin bir əslidir, nə də füruddinin bir bəndi. Heç kimin icazəsi yoxdur ki, üsuli-dinə imamət adlı bir əsl və ya maddə əlavə etsin. Biz İslam dininə tabe olan, İslam şəriətini bəyan edən hər bir imamı sevirik və həmişə ona ehtiram edirik.

SON

Mütərcim və tərtibatçı:

 Əbuəbdirrəhman Xəyyam Qurbanzadə

 



[1] "Zümər”, 17, 18



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun