15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

QURAN AYƏLƏRİ İŞIĞINDA ÜSULİ-DİN (2)

 

 

ƏQLİ BAXIMDAN ALLAHA VƏ AXİRƏT GÜNÜNƏ

İMAN GƏTİRMƏK VƏ ONUN FAYDALARI

Gərək hər kəs başa düşsün ki, Allaha və axirət gününə iman gətirməyin dünya və axirət üçün çox faydaları vardır. Digər əsaslara iman gətirmək belə deyildir. Çünki bu ikisinə iman gətirmək bəşərin fəsada mübtəla olmasının qarşısını alır, onu zülmdən, sitəmdən və xəyanətdən çəkindirir, çünki Allaha iman gətirir. Hansı Allaha? Bilmək lazımdır ki, Allah İlahdan başqadır. İlah kəlməsi şüursuz və cansız bir büt olmasına baxmayaraq, hər bir məbuda deyilə bilər. Lakin Allah kəlməsi bütün kamalatı (kamillikləri) Özündə cəmləşdirən bir Zat üçün işlənir. Deməli, Allah elə bir varlıqdır ki, hər şeyi zatən bilir, O, hər şeyə qadirdir. Zatən hər şeyi əhatə edir, hər şeyə qalib və qahirdir, hər yerdə hazır və nazirdir, aləmin bütün zərrələrini əhatə etməkdədir, bütün mümkinat (mümkün olan şeylər) Onun nəzarəti altındadır və heç bir məxluqdan bixəbər deyildir. Belə də buyurmuşdur:

"... Biz məxluqatdan da xəbərsiz (qafil) deyilik”[1].

"... Allah sizin etdiklərinizdən, əlbəttə, qafil deyildir!”[2]

Tükü qatıqdan çəkir, hər bir əməl üçün bir cəza təyin etmiş, dəqiq bir savab və cəza müəyyənləşdirmişdir və bəndələrini gözətləmədədir. "Fəcr” surəsinin 14-cü ayəsində buyurulur: "Şübhəsiz ki, Rəbbin gözətləmədədir”.

Əgər bir şəxs hər yerdə hazır olan belə bir Allaha, digər tərəfdən hər bir işin, işarənin və fikrin hesaba çəkiləcəyi və hər bir hərəkət və sükunətinin nəzarət altında olduğu qiyamətə, daimi əzaba, savaba və əzaba iman gətirsə, artıq xəyanət, cinayət və günah etməyə cürət etməyəcəkdir. Deməli, bu iki əsasa (əslə) iman gətirməyin belə bir  təsiri vardır. Lakin bu iki əsasdan qeyrisinə iman gətirməyin belə bir təsiri yoxdur. Məsələn, filan imamın, yaxud filan böyük şəxsiyyətin çox müqəddəs, abid və zahid olduğuna, yaxud filankəsin çox alçaq bir şəxs olduğuna iman gətirməyin və etiqad etməyin nə təsiri vardır? Nə yaxşıların yaxşılığından, nə də pislərin pisliyindən bizim qovluğumuza nəsə yazırlar və bu heç də başqa insandan hər hansı bir şəri və zərəri uzaqlaşdırmır. Şəri və zərəri uzaqlaşdıran yalnız Vahid və Qəhhar Allahdır. Əgər bir şəxs "Quranda mələklərə, kitablara və ilahi elçilərə də iman gətirmək vacib buyurulmuşdur. Deməli, Allaha iman gətirmiş şəxs Ona itaət edib Onun göstəriş verdiyi bu üç əsasa da iman gətirməlidir. Bu əsaslara iman gətirmək üsuli-dindəndir, ya yox?” – deyə soruşsalar, onda belə cavab verərik:

 

QURAN BAXIMINDAN MƏLƏKLƏRƏ,

KİTABLARA VƏ İLAHİ ELÇİLƏRƏ İMAN GƏTİRMƏK

Allah-Taala Quranda mələklərə, kitablara və ilahi elçilərə iman gətirməyin zəruri olduğunu dəfələrlə vurğulamışdır. "Bəqərə” surəsinin 4-cü ayəsində buyurur: "Müttəqilər o şəxslərdir ki, sənə göndərilənə və səndən əvvəl göndərilənlərə iman gətirir və axirətə də şəksiz inanırlar. ...”

Həmin surənin 285-ci ayəsində buyurulur: "Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə iman gətirmiş və möminlər də iman gətirmişlər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və peyğəmbərlərinə iman gətirərək dedilər: "Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. Eşitdik və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla. Dönüşümüz Sənədir!”

Hər bir mömin istər avam olsun, istərsə alim, istər imam olsun, istərsə məmum, hətta Peyğəmbərin özü də bu üç şeyə iman gətirməlidir və bunlara inanmamaq küfrdür. "Nisa” surəsinin 136-cı ayəsində buyurulur: "... Allahı, Onun mələklərini, kitablarını, peyğəmbərlərini və axirət gününü inkar edən şəxs, şübhəsiz ki, yolunu çox azmışdır”. Lakin Allaha və axirət gününə iman gətirməklə, bu üç şeyə iman gətirmək arasında fərq vardır. Allah və axirət gününə iman gətirmək iki müstəqil əsasdır (əsldir), digər üç şeyə iman gətirmək isə asılı və vasitəvi imandır, çünki o ikisinə (tövhidə və məada) iman gətirmək hədəf və məqsəd, digər üç əsasa iman gətirmək isə hədəfə çatmaq vasitəsidir. Belə ki, o üç əsas o iki əsasa doğru istiqamətləndirir, çünki Allaha və axirət gününə iman gətirmək Allahın zatını və sifətlərini əhatə edə bilməyən, Allahın və qiyamətin keyfiyyətini və hüviyyətini (həqiqətini) bilməyən bəşər övladı üçün mümkün deyildir. Lakin hər ikisinin (tövhid və məadın) vəhy vasitəsilə və Allahın Özü tərəfindən öyrədilməsi istisnadır, çünki bəşəri alimlər, hətta peyğəmbərlər belə Allahın zatını əhatə edə bilmirlər və Onun keyfiyyətini bilmirlər. Allah-Taala "Ta ha” surəsinin 110-cu ayəsində buyurur: " ... Onların elmi isə Onu (Allahın zatını) əhatə edib qavraya bilməz!”

"Nəhl” surəsinin 74-cü ayəsində buyurulur: "Allah üçün misallar vurmayın (yəni başqa şeyləri Allaha bənzətməyin), Allah bilir, siz isə bilmirsiniz!”

Allah Rəsulu buyurmuşdur: "Onun necə olduğunu Ondan başqa, heç bir kəs bilmir!”

Əli əleyhissəlam "Nəhcülbəlağə”nin birinci xütbəsində buyurur: "Həmd Allaha ki, öyənlər Onu layiqincə öyə bilməz. Elə bir məbuddur ki, dərin düşüncələr Onu dərk edib başa düşə bilməz və ağıl-fikir dənizinə dalanlar zatının künhünə (əslinə) vara bilməz. ...”

İmam Səccad (ə) "Bazar ertəsi gününün duası”nda buyurur: "Bütün həmdlər ... sifətinin sərhəddini dillərin vəsf etməyə və mərifətinin künhünü (həqiqət və mahiyyətini) ağılların idrak etməyə gücü çatmadığı ... Allaha məxsusdur! ...”

"Zehninizə gətirdiyiniz hər bir şey zehninizin məxluqudur və sizin yaratdığınız bir şeydir”.

Allah Rəsulu buyurmuşdur: "Allahın zatı barəsində təfəkkür etməyin! Kim Onun zatı barəsində təfəkkür edərsə, zindiq (kafir) olar!”

Buna görə də Allah həm Özünü, həm də bu vaxta qədər heç bir bəşərin ağlına gəlməmiş Öz qiyamətini, Öz zatını, sifətlərini və qiyamətinin keyfiyyətini tanıtdırmalıdır. Ondan sonra bəndələrindən Özünü tanımasını və qiyamətini tanımasını tələb edə bilər!

 

ALLAH ÖZÜNÜ İKİ YOLLA TANITDIRMIŞDIR

Biri təkvin (yaradılış və xilqət aləmi) yolu ilə, digəri isə vəhy yolu ilə.  Bu barədə Əmirülmöminin (ə) "Səbah” duasının əvvəlində deyir: "Ey Öz zatına zatı ilə dəlalət edən və Öz məxluqatı ilə həmcins olmaqdan münəzzəh olan!”

Həzrət Səccad "Əbuhəmzə Sumali duası”nda deyir: "Ey Allahım, Sən dediyin kimisən və bizim dediyimizin də fövqündəsən!” Və yenə buyurur: "Ey Məbudum! Sən məni Özünə doğru hidayət etdin və əgər Sənin hidayətin və yolgöstərməyin olmasaydı, Sənin nə olduğunu dərk edə bilməzdim”.

"Ənam” surəsinin 161-ci ayəsində buyurulur: "De: "Rəbbim məni ... hidayət etdi!”

"Əraf” surəsinin 43-cü ayəsində buyurulur: "... Allah bizi hidayət etməsəydi, özümüz hidayət oluna bilməzdik. ...”

"Səbə” surəsinin 50-ci ayəsində buyurulur: "De: "Əgər mən azsam, bunun zərəri ancaq mənə olar. Əgər hidayət olsam, bu da Rəbbimin mənə vəhy etdiyi sayəsindədir. ...”

Deməli, Allahı vəhydə Öz adlarını və sifətlərini tanıtdırdığı şəkildə tanımalıyıq, çünki Allah Özünü bütün bəşəri alimlərdən daha yaxşı tanıyır və daha yaxşı tanıtdırır. Bəşəri alimlərin və filosofların Allahın vəsfi barəsində qondardıqları fikirlərin hamısı batildir və uydurmadır. Belə ki, Həzrət Əmirülmöminin 91-ci xütbədə ("Əşbah” xütbəsi) buyurur: "... Bir də bax gör, Quran Onun sifətləri barəsində sənə nə bildirirsə, ona tabe ol, ey sual verən! ...” Buna görə də araşdırma aparan alimlər deyirlər ki, Allahın sifətləri və adları tövqifidir, yəni vəhyin gəlməsinə bağlıdır. Vəhydən gələn doğrudur, ondan başqa kim nə deyirsə-desin batildir. Allah-Taala "Əraf” surəsinin 180-ci ayəsində buyurur: "Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində əyri yola düşənləri buraxın. ...”

 

ALLAH ÖZÜNÜ NECƏ TANITDIRMIŞDIR

Bilin ki, Allahın əvvəl Özünü tanıtdırması lazımdır. Ondan sonra Özünün tanınmasını istəyə bilər. Özünü tanıtdırması isə bəzən icmaləndir (müxtəsər və xülasə), bəzən isə təfsilən (ətraflı şəkildə).

İcmalən tanıtdırmağa gəlincə səmadakı kürələrdən və kəhkəşanlardan tutmuş, atom zərrələrinə, gül, bülbül, ağaclar və çaylara qədər bütün məxluqatın yaradılması nəzərdə tutulur. Onların gözəl naxışları üzərində düşünməklə əql belə bir nəticəyə gəlir ki, onların tədbirli, hikmətli bir Xaliqi vardır. Habelə əql aləmin nəzmli olmasını görməklə belə bir nəticəyə gəlir ki, onun Nazimi (nizamlayıcısı) vardır. İnsanların bədən üzvlərinin və heyvanların yaradılışındakı nizam və gözəlliyə, dünyanın bütün gücləri və zərrələri üzərindəki nəzarətə diqqət etməklə icmali şəkildə başa düşmək olar ki, onların tədbirli və elmli bir Xaliqi vardır.

Lakin Onun ilahi adlarını və sifətlərini vəhydən öyrənmək lazımdır. Məsələn, O, Həyydir, yəni əzəli və əbədi həyatla daima diridir. Hər şeyə Qadirdir, hər şeyi Biləndir, Vahiddir, yəni birdir, şəriki yoxdur, Fərddir, təkdir, Saməddir, yəni arzu və ehtiyaclarına görə hər bir varlığın Ona doğru yönəldiyi, lakin Özü heç bir şeyə möhtac olmayan varlıqdır, doğmamış və doğulmamışdır, Ona bənzər heç bir şey yoxdur.

Deməli, bəşəri alimlərin və filosofların özlərindən uydurduqları illətül-iləl (səbəblərin səbəbi), yaxud aşiq və məşuq, yaxud sadir (çıxan, özünü göstərən) və məsdər (əsas, söykənəcək) kimi sözlərin və anlayışların hamısı səhvdir, bəlkə, Qurana ziddir və küfrdür. Bu cür adlar və sifətlər səmavi kitablarda və vəhydə gəlməmişdir.

Qiyamətin tanınması ilə bağlı fikirləri də vəhydən öyrənməliyik, çünki heç kim gedib Qiyaməti görməmiş və başqaları üçün də xəbər gətirməmişdir. Hətta Allah Öz Elçisinə buyurmuşdur ki, qiyamətin nə olduğunu və necə olduğunu bilmirsən. "Əraf” surəsinin 187-ci ayəsində Öz Elçisinə buyurur: "Səndən o saat (qiyamət) haqqında soruşarlar ki, nə vaxt gələcək. De: "Onun elmi (yəni onun bilinməsi) ancaq Rəbbimin yanındadır. ...” Deyilənlərə əsasən Allahı və qiyaməti (axirət gününü) vəhy yolu ilə tanımaq lazımdır. Vəhyin vasitələri də üç əsasdan ibarətdir:

1. Mələk

2. Peyğəmbərlər (Rəsullar)

3. Vəhy kitabları

Buna görə də mələklərə, kitablara və ilahi elçilərə iman gətirmək zəruri olmuşdur ki, gərək bu üçü vasitəsilə vəhy öyrənilsin və o iki əsas (əsl), yəni tövhid və məad başa düşülsün. İmanın tanınmasında bu üç əsas (əsl) Mübdi və məada çatmaq üçün yol, dəlalət və yolgöstəricilik rolunu ifa etmiş olur. Bu barədə Həzrət Əmirülmöminin Əli (ə) "Nəhcülbəlağə”nin birinci xütbəsində buyurmuşdur: "... Hər cür eyib və naqislikdən uzaq olan Allah daima yaratdıqlarına şəriət sahibi bir peyğəmbər göndərmiş, yaxud bir kitab nazil etmişdir. ...”

Bütün peyğəmbərlər insanları bu iki əsasa (əslə), yəni tövhid və məada çağırmağa gəlmişlər. Bununla bağlı Həzrət Şüeyb "Ənkəbut” surəsinin 36-cı ayəsində öz qövmünə belə deyir: "... Ey qövmüm! Allaha ibadət edin və axirət gününə ümid bağlayın! ...”

Həzrət Nuh "Hud” surəsinin 26-cı ayəsində deyir: "Allahdan başqasına ibadət etməyin. Mən sizin üçün şiddətli günün əzabından qorxuram!”

Allahın Quranda qeyd etdiyi və onlara iman gətirməyi bəşərdən istədiyi əsaslar (üsuli-din) bunlardır. Heç bir kəsin; nə Peyğəmbərin, nə İmamın, nə də başqa bir ümmətin Quranda qeyd olunan əsaslara nəsə əlavə etməyə, yaxud onlardan nə isə azaltmağa haqqı yoxdur. Məzhəblərin nümayəndələrinin fikirlərindən meydana çıxan düşüncələr bir tərəfə qoyulmalıdır ki, ta ümmətin təfriqəsinə və nifaqına səbəb olmasın və Allahın qəzəbini və əzabını özünə cəlb etməsin.

Əgər bir şəxs "Məzhəb adı altında ədl (ədalət) və imaməti üsula necə daxil etdilər? Qurana görə bu iş necədir?” – deyərsə, belə cavab verərik:

 

ƏDL VƏ İMAMƏTƏ GƏLİNCƏ

Bilmək lazımdır ki, Quran ayələrinə əsasən Allahın yüz adı və sifəti vardır ki[3], Allah bütün o sifətləri Özündə birləşdirən həmin zatın mənasıdır. Allaha iman gətirmək deyildikdə istər Alim, istər Qadir, istərsə də Adil olsun bütün o sifətlərə sahib olan Zata iman gətirmək nəzərdə tutulur. Deməli, kim Allaha iman gətirmişdirsə, Onun bütün kamal sifətlərinə iman gətirmişdir. Əgər Onun sifətlərini üsuli-dinin sırasına qatmaq istəsək, üsuli-dinin sayı yüzü keçər. Biri deyər Allah Adildir. Digəri deyər Allah Alimdir. Başqası da deyər Allah Qadirdir və s.

Ədli (ədaləti) üsuli-dinin sırasına daxil edən şəxs bu nöqtələrə diqqət etməmişdir. Onlar deyirlər ki, əşərilər Allahı zalım bildikləri üçün biz ədaləti onların müqabilində gətirmişik? Belə düşünənlərə bildirmək lazımdır ki, əvvəla, əşərilərin dediklərinin Allaha və Rəsulullaha heç bir aidiyyatı yoxdur. Siz üsuli-dinin əşərilər ortaya çıxmamışdan əvvəl nədən ibarət olduğunu öyrənməlisiniz, nəinki qruplara bölünməklə və firqə yaratmaqla Allahın dininin əsaslarına bir şey artırmaqla. Çünki Quranda buyurulur:

"Sənin Rəbbin bəndələrə zülm edən deyildir!”[4] 

"Həqiqətən, Allah zərrə qədər zülm etməz. ...”[5] 

"Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz. ...”[6] 

"... Rəbbin heş kəsə zülm etməz!”[7]

İkincisi, hər bir dəstə və firqə gəlib bir şey desə və biz də onlara cavab vermək üçün üsuli-dinə bir şey əlavə etsək, üsuli-dinin bəndlərinin sayı yüzü keçər. Məsələn, bir qrup filosof demişdir ki, Allah cüziyyatı (dəyərsiz, əhəmiyyətsiz, ufaq-tufaq (xırda-xuruş) şeyləri) bilmir. Deməli, Allahın cüziyyatı bilməsini üsuli-dinə daxil etməliyik? Başqa bir qrup alimlər və filosoflar "Vahiddən yalnız vahid sadir olar” fikrinə qail olmuş və Allahın bir şeydən artıq heç bir şey yaratmadığını demişlər. Deməli, biz "Allah hər şeyin Xaliqidir!” fikrini üsuli-dinin bəndi kimi qərarlaşdırmalıyıq? Yaxud bir qrup filosoflar Allahı faili-muxtar bilmirlər. Deməli, biz "Rəbbin istədiyini yaradar və seçər”[8] fikrini üsuli-dinin bir bəndi kimi qərarlaşdırmalıyıq?

Buna görə də kim hər nə desə, İslam dininin əsaslarını məzhəb, yaxud qeyri-məzhəb adı altında azalda, yaxud artıra bilmərik, çünki Allah və Onun Rəsulu üsuli-dinə bir şey əlavə edilməsinə, yaxud ondan bir şey çıxarılmasına razı deyildirlər. Əksinə, Allahın dininin əsasları kamildir, ondan nəyi isə azaltmağa və artırmağa ehtiyac yoxdur.

İmamətə gəlincə bilin ki, imam din bölgəsini qorumaq üçündür və müsəlmanların yol göstəricisidir. İmam dinə tabe olmalıdır, nə dinin əslidir, nə də fürusu (yəni imamət üsuli-din və füruüddindən deyildir). Heç bir İmam deməmişdir ki, mən dinin üsuli-dinindənəm və mənə iman gətirmək üsuli-dindəndir. Məsələn, Əmirülmöminin Əli (ə) dəfələrlə buyurmuşdur ki, mən dinə tabeyəm. "Nəhcülbəlağə”nin 205-ci xütbəsində buyurur: "And olsun Allaha ki, xəlifəliyə rəğbətim yox idi, buyruq verməyə ehtiyacım yox idi. Siz məni bu işə çağırdınız, siz onu mənim boynuma yüklədiniz. Bu iş mənə verildikdə də Allahın Kitabına baxdım, bizə nə əmr etmişdirsə, onu hökm etdim, ona tabe oldum. Peyğəmbərin – Allahın rəhməti və salamı ona və Alinə olsun! – bizim üçün Sünnə olaraq qoyub getdiyinə iqtida etdim. ...”

110-cu xütbədə buyurur: "... Peyğəmbərimizin göstərdiyi doğru yola tabe olun, çünki o doğru yol ən fəzilətli bir doğru yoldur. Onun Sünnəsinə tabe olun, çünki onun Sünnəsi sünnələrin ən doğrusudur. ...” Peyğəmbərin Əhli-Beytindən olan imamlar hər yerdə özlərini dinə tabe hesab etmişlər və heç biri məzhəb yaratdığını iddia etməmişdir. Kim onlara bir məzhəb nisbət verərsə, onlara iftira yaxmışdır.

Bəziləri deyirlər ki, ədl və imamət cəfəri məzhəbinin əsaslarındandır. Belələrinə deyilməlidir ki, əvvəla, heç kimin haqqı yoxdur ki, məzhəb yaratsın, hətta Əbuhənifə və Şafei kimi əhli-sünnə imamlarının heç biri məzhəb yaratdıqlarını iddia etməmişlər. Bu məzhəbləri dörd əsrdən sonra onların adı ilə müsəlmanlar yaratmışlar. Əli əleyhissəlam özündən bir məzhəb yaratmışdır? O, zeydi, yaxud ismaili, yaxud da cəfəri idi?! And olsun Allaha ki, yox! Əlavə olaraq onu da deməliyik ki, Allah-Taala Öz Elçisini göndərməklə din və höccəti tamamlamışdır. Allah Rəsulundan sonra heç kimə vəhy nazil olmur, Allah Rəsulundan sonra hec kim höccət deyildir ki, ta məzhəb yaratsın. Allah-Taala "Nisa” surəsinin 165-ci ayəsində buyurur: "Biz peyğəmbərləri müjdə gətirən (mübəşşir) və əzabla qorxudan (münzir) olaraq göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri (höccət) qalmasın. ...”

Əli əleyhissəlam "Nəhcülbəlağə”nin 90-cı xütbəsində (41-ci hissə) buyurmuşdur: "... Peyğəmbərimiz Mühəmmədlə Onun (Allahın) höccəti (dəlili) tamamlandı. ...” Sözü höccət olmayan şəxs Allahın dini adına necə məzhəb yarada bilər?!

Yenə Həzrət Əmir (ə) "Nəhcülbəlağə”nin 133-cü xütbəsində (3-cü hissə) buyurmuşdur: "... Allah onunla (yəni Mühəmmədin peyğəmbərliyilə) vəhyi sona çatdırdı (xətm elədi). ...” Ondan sonra artıq heç kimə vəhy nazil olmayacaq.

Burada qısa şəkildə olsa da, bu deyilənlərlə kifayətlənirik. Allahdan istəyirik ki, xalqı oyatsın, məzhəb dükanı açanların əllərini qırsın ki, ta İslamın və müsəlmanların təfriqəsinə, ixtilafına, zəifləməsinə səbəb ola biləcək amillər aradan götürülsün!

"... Mən yalnız bacardığım qədər sizi islah etmək istəyirəm. Mənim müvəffəqiyyətim yalnız Allahın köməyilədir. Mən yalnız Ona təvəkkül etdim. ...”[9]

SON



[1] "Muminun”, 17

[2] "Bəqərə”, 74

[3] Bizim təsbitimizə görə Quranda Allahın 129 adı qeyd olunmuşdur. (X. Q.)

[4] "Fussilət”, 46

[5] "Nisa”, 40

[6] "Yunus”, 44

[7] "Kəhf”, 49

[8] "Qəsəs”, 68

[9] "Hud”, 88



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun