16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

DÖVLƏT BAŞÇISI OLARAQ HƏZRƏT MÜHƏMMƏD

Prof. d-r İhsan Sürəyya Sırma

Atatürk Universiteti İlahiyyat Fakültəsi, İslam Tarixi Müəllimi


GİRİŞ
İslam dinini Qərb şərqşünaslarının təsiri altında olaraq araşdıran elm adamları, istər müsəlman olsun, istərsə də olmasın, eyni ilə şərqşünaslar kimi, məsələyə dünyəvi (laik və sekularist) və yaxud dinsiz bir gözlə baxdıqlarına görə başqa mövzularda olduğu kimi Hz. Peyğəmbərin dövlət başçılığı və İslam dövləti ilə bağlı mövzuda da müəyyən xətalara yol vermişlər.
Mövzunu ətraflı şəkildə izah etmək və başa düşmək istəyiriksə, Allahın insanları qəflət yuxusundan oyandırmaq üçün göndərdiyi son Peyğəmbərin mübarizə tarixindəki bəzi hissələri üzərində dayanmağımız lazımdır. Bu işi görərkən də əsaslandığımız qaynaqlar onun qurduğu dövlətin təməli olan Quran və Sünnə, bir də mötəbər İslam tarixi qaynaqları olacaqdır.
Heç kim bizdən gözləməsin ki, VII yüzilliyə aid olan bu məsələni həll etmək üçün bizə mədəni olduğu qəbul etdirilməsi istənilən Qərb hüquq qaynaqlarından istifadə edəcəyik. Ümumiyyətlə, təməli Roma hüququna əsaslanan Qərb hüquqlarının belə iki yüz ildən artıq keçmişi yoxdur, çünki Qərb hər kralın özünə xas qanunları ilə idarə olunurdu. Və bu qanunların hamısı bəşəridir və insan istəyinə bağlıdır. İslam dini isə ilahi qanunlara bağlı idi və bu ilahi qanunlara zidd olan bir qanunu Peyğəmbər belə qoya bilməzdi.
Bax, bu ilahi qanuna görə qoyulan qulluq vəziyyəti insanları hər cəhətdən əhatə edir. Başqa sözlə desək, islami qanuna təslim olan şəxs eyni zamanda dünyəvi bir etibara sahib olmur. İslam dini insanları həm maddi, həm də mənəvi cəhətdən əhatəyə aldığına görə müsəlman insan"bu məsələdə İslam hüququna, başqa məsələlərdə isə Roma hüququ və Qərb mədəni(!) hüququna tabeyəm”,– deyə bilməz. Əlbəttə, biz bunu deyərkən bu gün bəzi Qərb meyilli alimlərin bir cəza və diktat üsulu ilə İslamı Qərbə uyğunlaşdırmaq üçün etdikləri cəhdləri nəzərə almırıq.


HƏZRƏT MÜHƏMMƏD PEYĞƏMBƏR SEÇİLİR


Bu qısa girişdən sonra indi də mövzumuzu Həzrət Mühəmmədin apardığı mübarizəni şərh etməklə başlayaq.
İslam tarixçiləri ümumi olaraq "Sirə” ("Peyğəmbərin tarixi və həyat tərzi”) dediyimiz bu nümunəvi mübarizəni iki dövrə ayıraraq izah edirlər:
1. Məkkə dövrü
2. Mədinə dövrü
Hər iki dövrdə baş verən hadisələrin hamısı üzərində dayanmaq, şübhəsiz, mümkün deyil. Ona görə də biz daha çox bir tərbiyə və inkişaf dövrü hesab edilən Məkkə dövrü haqqında çox danışmadan İslamın bir dövlət şəxsiyyətinə büründüyü Mədinə dövrü haqqında söhbət açacağıq. Əgər Həzrət Mühəmmədin İslam yolunda apardığı mübarizə formasını araşdırsaq, qənaətimizə görə mövzuya bir aydınlıq gələcək və onun adi bir qəbilə başçısı yox, nümunəvi bir dövlət başçısı olduğu fikri ortaya çıxacaqdır.

MƏKKƏ DÖVRÜ HAQQINDA QISA MƏLUMAT

Hz. Peyğəmbər (s) İslamı təbliğ etməyə başlayarkən əvvəlcə bu işə əhəmiyyət verməyən Məkkə Dövləti onun qarşısında öz mövqeyini nümayiş etdirməyə başladı. Bununla bərabər Hz. Mühəmmədə qarşı faktiki təcavüzə keçməmişdən əvvəl dövləti təmsil edən nümayəndə heyətini onun yanına göndərərək təbliğatdan əl çəkməsini təklif etməyi məsləhət bildilər. Həmin təklifi əmisi Əbutalibə bu şəkildə çatdırdılar:"Ey Əbutalib! Sənin qardaşın oğlu ilahlarımızı, bütlərimizi inkar etdi, dinimizi və atalarımızı təhqir etdi, atalarımızın sapqın yolda olduqlarını söylədi. Ya onu bu işdən çəkindirməlisən, ya da bizimlə onu baş-başa buraxmalısan, çünki sən də bizim kimi ona inanmırsan”.
Məkkə dövlətinin səlahiyyətli şəxslərinin dediklərinə nəzər salsaq, həqiqətdə vəziyyətin heç də onların dedikləri kimi olmadığını görərik, çünki Hz. Mühəmməd heç kimə pis söz demirdi. O yalnız bütləşdirilmiş, ilahlaşdırılmış bəzi qurumların, ya da şəxslərin Allaha şərik qoşulmamasını, ibadət ediləcək tək məqamın Allah olduğu etiqadını öz yerində yerləşdirmək istəyirdi.
Təmas edilməsi lazım olan başqa bir xüsus da budur:
Məkkə cəmiyyətində İslam dini ilə bərabər bir çox müxtəlif din və etiqad sistemi olmasına baxmayaraq – elə bu gün də olduğu kimi – dövlət yalnız İslamla və onun tətbiqçisi Hz. Mühəmmədlə məşğul olurdu. Bunun mənası budur ki, Məkkə Dövləti özü üçün, yəni rejimi üçün yalnız İslamı təhlükəli görürdü. Necə ki, rejimləri təhlükəyə düşmüş olan bütün dövlətlərin, xüsusilə bəzi qrupların müsəlmanların üstünə düşüb, onları söndürmək istəmələrinin təməlində də bu dayanır.

HİCRƏT VƏ İSLAM DÖVLƏTİNİN QURULMASI
Həzrət Peyğəmbərin Məkkədəki mübarizəsi on üç il davam etməsinə baxmayaraq, İslamı qəbul edən məkkəlilərin (bunlara xarici kölələr də daxildir) sayı mini keçmədi, çünki Məkkə Dövləti qəddar və eyni zamanda heç bir güzəştə yol verməyən bir dövlət idi. İslam dininin təbliğ edilməsinə hər vasitə ilə mane olurdu. Halbuki müsəlmanlar faktiki heç bir fəaliyyət göstərmirdilər. Buna baxmayaraq, Məkkə Dövlətində baş verən terrorların sayı günü-gündən artırdı və müsəlmanlara qarşı işgəncələr daha ağır olmuşdu.
Məkkə Dövlətinin yalnız müsəlmanlara qarşı etdiyi bu dəhşətli təcavüzünün bir izahı vardır: Müsəlmanlar bir gücə, yəni bir dövlətə sahib ola bilməsinlər!...
Buna görə də Məkkədə islami təbliğ mümkün olmadığına görə hicrət etməyə məcbur qalan Peyğəmbər (ə) bunu bildiyinə görə Mədinəyə çatar-çatmaz ilk növbədə dövlət qurdu.
İndi də mövzunu daha yaxşı izah edə bilmək üçün bir az dövlət və onun idarəçiliyi üzərində dayanaq:
Forması nə olursa-olsun, dövlətin funksiyası insanları idarə etməkdən ibarətdir. Tarix boyunca ümumi olaraq insanlar üç şəkildə idarə olunmuşlar:
1. İlahi qanunlarla.
2. Bəşəri, yəni xüsusilə insanların ortaya çıxardıqları qanunlarla.
3. Əslində hal-hazırda olduğu kimi təhrif edilmiş ilahi qanunların bəşəri qanunlarla qarışmış, qarmaqarışıq idarə sistemləri ilə.
Dövlət haqqında danışmağa başlar-başlamaz dərhal qanunlar haqqında söhbət açmağımızın səbəbi dövlətlə qanunun eyni olmasıdır. Başqa sözlə desək, dövlət deyildikdə ilk yada düşən qanunlardır.
Məsələni izah edərkən biz ikinci sistemdən başlamaq istəyirik, yəni cəmiyyəti bəşəri qanunlarla idarə edən dövlət formasından:
Kökü materializmə dayanan, istər kapitalist, istər sosialist, istərsə də faşist olsun, bu sistemlərdə qanunverici qaynaq insandır.
İnsanları idarə etmək üçün qanunvericilik səlahiyyətini əlində saxlayan bu mexanizm bəzən Firon və Nəmrud kimi tək insan, bəzən Roma Senatorluğu kimi bir qrup, kommunist rejimlərdə gördüyümüz tək partiya və Siyasi Büro və nəhayət, aldadıcı demokratiyalardakı (çünki əsl demokratiya heç bir zaman tətbiq oluna bilməmişdir) partiyaların meydana gətirdikləri Milli Məclis üzvləri insanlar şəklində təzahür edir ki, bunlara bəşəri sistemlər deyirik.
Totalitar rejimlər şəklində də tərif etdiyimiz Firon, Nəmrud, Qeysər və Şah sistemlərində tək qanunverici insan krallıq taxtında oturan şəxs sayılır. Dövlət onundur, dövlətinin qanunlarını da o qoyur və o icra etdirir. Kralın yanında olub birinci sinif kölə (əlbəttə ki, bunların rəsmi adları kölə deyil) statusunda işləyənlər bütün hərəkətlərini kralın əmrləri istiqamətində nizamlayırlar.
Birinci sinif kölə dediyimiz bu insanlar dövlətin, yəni kralın məmurlarıdırlar. (Məmur sözü ümumilikdə ölkəmizdə sanki "çox imtiyazlara malik bir təbəqədir” – fikrini yaradır. Halbuki məmur dediyimiz şəxs ona əmr edilən işi "etirazsız yerinə yetirən” deməkdir). Bunlar alt təbəqədəki ikinci sinif kölə vəziyyətində olan və cəmiyyətin əksəriyyətini təşkil edən xalqı kral adına idarə edir və onların ən sadiq kölələr olmasına çalışırlar.
Hər iki kölə sinfinin də düşünməyə və düşündüklərini açıq şəkildə deməyə heç bir haqqı yoxdur. Halbuki məmur dediyimiz birinci sinif kölələr kralın əmri üzərində düşünə bilərlər, hətta düşünməyə məcburdurlar.
Məsələn, Firon məmurlarından birinə: "Mənim üçün ən çətin və ən mürəkkəb olan bir abidə-məzar (movzaley) tik”, – deyə əmr etsə, məmuru, yəni onun qulu olan memar öldürülməmək üçün, yaxud ən azından ikinci sinif kölə vəziyyətinə düşməməkdən ötrü illərlə vaxt sərf edər və bir abidə-məzar olan piramidaları ortaya çıxarar. ...
Belə sistemlərdə hər şey dövlət üçündür, dövlət də başında dayanan şəxsin mənafeyi üçün vardır.
Firon və onun kimi olanların dövləti də məzarı kimi piramida şəklindədir.
Ən başda bütün səlahiyyətləri özündə toplayan Firon onun altında da təmələ doğru genişlənən kölə sinifləri, yaxud kölə təbəqələri yer alır. Başda dayanan nə deyərsə, o olduğuna görə, ondan alt təbəqədə olanların yeganə cəhdi də köləlikdə bir üst təbəqəyə çatmaq üçün köləliyi ən mükəmməl bir şəkildə yerinə yetirmək olacaqdır. Buna görə də həmişə narahatdırlar, elə hey çırpınırlar. Əlbəttə ki, piramida ən başda oturan Tağuta doğru daraldığına görə, yəni üst köləlik məqamlarının kadrları azaldığına görə yuxarı doğru çıxdıqca kölə sinifləri arasında, ələlxüsus bir sinfə üzv kölələr arasında bitib-tükənməyən amansız bir mübarizə davam edir. Və bu mübarizədə üzv kölələr bir-birini yedikdə, ən başda dayanan Tağut kef içərisində istismar rejimini davam etdirir.
Modern demokratik dövlətlər də daxil olmaqla əslində bütün bəşəri sistemlərdə idarə mexanizmi həmin piramida ilə işləyir. Krallıqlarda dövlət piramidasının ən üst təbəqəsi kral, kommunizmdə siyasi-büro, kapitalist rejimlərdə partiya və partiya sədri, nasizmdə, yəni faşist sistemlərdə isə diktatordur.
Piramidanin alt təbəqələrinin hamısı başda dayanan Tağut üçün çalışır və onun üçün vardırlar. Tağut istismar etdiyi insanların məsələyə bu şəkildə baxıb həqiqətləri görməmələri üçün "Dövlət” deyilən bir tabu uydurur və bu dövləti öz şəxsi ilə eyniləşdirir. Beləcə dövlət və əlbəttə, onun başçısı piramidanı meydana gətirən xalq üçün hər şeydir. Və o şərtlərlə yaşayan xalq elə hey qışqırır:Yaşasın Kral! Yaşasın dövlət! Dövlət düşmənlərinə ölüm!
Tarixi seyr içində elm və texnologiya inkişaf etdikcə piramidanın elementləri daha da möhkəmlənir. Başın rəsmi ideologiya halına gətirdiyi bəzi qavramlar (anlayışlar) tabulaşdırıldığına görə tənqid edilməsi belə qeyri-mümkün vəziyyət alır.
Başda dayanıb özünü ilahlaşdıran kral partiya, yaxud da diktator özünü və rejimini qoruyan qanunlar qəbul edərək toxunulmazlıq, tənqidsizlik kimi prinsiplər meydana gətirir və bunları sual verilməz və dəyişdirilmələri təklif belə verilə bilməz bir vəziyyətə salaraq piramidanın alt təbəqələrini özünə bağlayır, onlara dəyərsiz yanaşır və şəxsiyyətlərini əlindən alaraq onları asılı insan vəziyyətinə salır. Bu vəziyyətə düşmüş olan bir insan(!)dan da artıq insanlıq adına heç bir şey gözləmək olmaz. O, yəni insan haqsızlıqlara qarşı üsyan edən ülvi qayəsindən, əşrəfi-məxluqat (yaradılmışların ən şərəflisi) olan şərəfli sifətindən uzaqlaşdırılmış, əhsəni-təqvim (ən gözəl biçimdə yaradılmış) məqamından ayrılaraq itmiş, sanki axtalanmış və yalnız Xaliqə qul olmaq lazım olduğu bir halda başqalarına qul olmuşdur. Artıq o yalnız ona verilən əmri necə yerinə yetirəcəyi barədə düşünür. İnsanı bu şəkildə şəxsiyyətindən uzaqlaşdıran Firon və ona qul olanları Quran belə dilə gətirir:"Beləliklə, (Firon) öz qövmünü yelbeyin yerinə qoydu, onlar da ona itaət etdilər. ...”[1]
Bu piramidavari dövlət quruluşu Başdan o qədər asılıdır ki, kölə vəziyyətinə salınmış piramida üzvləri qımıldanmağa belə qorxarlar, çünki onlara görə Baş müqəddəsdir və ona qarşı olan hər bir hərəkət yolverilməzdir, yaxud da böyük günahdır.
Bəşəri idarə sistemləri barədə bu şəkildə qısaca da olsa, məlumat aldıqdan sonra indi də qanunvericilik gücünü ilahi qaynaqdan alan dövlət formasına nəzər salaq:
İlahi qanunlara dayanan idarəçilərin təsiri, yəni qanunvericilik səlahiyyəti vəhyə, yəni Allahın peyğəmbərləri vasitəsilə göndərdiyi kitablara, sühufa dayanır. Bu cür dövlətlərdə dövlət başçısı olan Peyğəmbər dövləti mələk Cəbrayıl vasitəsilə Allahdan aldığı qanunlarla idarə edir.
Bununla birlikdə dövlət başçısı olan peyğəmbərlərin ilahi vəhylə zidd olmayacaq şəkildə ictihad edib qanun qoyma səlahiyyətləri vardır. Lakin peyğəmbərlərin bəşəri sistemlərdə olduğu kimi nəfsani istəklərinə tabe olaraq qanunlar qoymaları və insanları istismar etmələri barəsində söhbət belə gedə bilməz. Ümumiyyətlə, onların tətbiq etdikləri hər şey vəhy ilə uyğunluq içərisində olmağa məcburdur, yəni əsas olan ilahi qanunlardır.
Bu ilahi qanunları tətbiq etməklə vəzifələndirilmiş Peyğəmbər, yəni dövlət başçısı heç bir şəkildə Allahın verdiyi vəzifələri aşıb ancaq öz mənfəəti üçün insanların üzərinə vəzifələr qoya bilməz və bu istiqamətdə qanunlar çıxara bilməz. Qalmışdı ki, hələ bəşəri sistemlərdə olduğu kimi insanları özünə qul olmağa dəvət etsin! Allah Öz nizamını tətbiq edən Peyğəmbərə belə xəbərdarlıq edir:"Heç bir bəşər övladının Allah ona kitab, hökm və peyğəmbərlik verdikdən sonra insanlara: "Allahı buraxıb mənə qul olun!”– deməsi düşünülə bilməz. ...”[2] Mütləq iqtidar və ixtiyar sahibi Allah Öz əmrlərini insanlara çatdırmaq və onları tətbiq etmək üçün peyğəmbərlər göndərir və onlara bu vəzifəni icra edərkən heç bir güzəşt etmədən yerinə yetirməyi əmr edir.
Həzrət Mühəmməd də bu sistemi idarə etməklə vəzifələndirilmiş son Peyğəmbər olduğu üçün onun ilham aldığı uca qaynaq da tam və mükəmməl olmalı idi ki, bu da Quran-kərimdir.

DÖVLƏTİN KONSTİTUSİYASI YARADILIR

Siyasi baxımdan Məkkədən tamamilə fərqlənən Mədinədə bir dövlət, yəni Məkkədəkinə oxşayan bir idarə sistemi yox idi. Ous və Xəzrəc adlı iki böyük ərəb qəbiləsi şəhərin hakimləri səlahiyyətinə malik idi. Əhalinin təqribən yarısını təşkil edən yəhudilər isə bu iki ərəb qəbiləsindən asılı vəziyyətdə idilər (məvali idilər). Bəni-Qəynuqa, Bəni-Nəzir və Bəni-Qüreyzə adında bu üç böyük yəhudi qəbiləsinin heç bir siyasi təsiri olmadığı kimi bir neçə ailədən ibarət olan xristianların da artıq heç bir funksiyası yox idi.
Həzrət Mühəmməd Mədinəyə hicrət etdikdə şəhərin dini və etnik vəziyyəti belə bir mənzərəyə sahib idi: Əhalisinin sayı 10 min nəfərdən ibarət olan şəhərin 10%-ni müsəlmanlar təşkil edirdi. Ümumiyyətlə, müsəlmanların say baxımdan bir üstünlükləri olmadığına görə Mədinədəki qruplar müsəlmanlara qarşı ortaq bir mövqe tutsaydılar, eynilə Məkkədəkinə bənzər düşmənçiliklə qarşılaşa bilərdilər. Vaxtı ilə Abdullah ibn Übeyy adında bir mədinəli də belə bir təşəbbüs göstərmiş və Mədinənin kralı olmaq istəmişdir.
Ona görə də Həzrət Peyğəmbər hər şeydən əvvəl islami təbliği asanlaşdıracaq və müsəlmanların təhlükəsizliyini təmin edə biləcək bir dövlətin yaranmasına ehtiyac hiss etdi, çünki Məkkəni tərk etmələrinə baxmayaraq, təhlükə hələ tamamilə aradan qalxmamışdı və Məkkə Dövləti hər an müsəlmanlara qarşı təcavüz edə bilərdi. Rəsulullah buna görə tələsdi və əsl qayəsini heç kimə açıqlamadan Mədinədəki ərəb və yəhudi qəbilə rəislərini bir evə toplayaraq onların qarşısına müştərək müdafiə təklifi ilə çıxdı.
Dövlət quruluşu haqqında heç bir bilgiyə sahib olmadıqları kimi işin əhəmiyyətini də çox başa düşə bilməyən yəhudilər və digər qruplar Hz. Mühəmmədin təklifini qəbul etdilər. Lakin o, bu mövzuya səhlənkar yanaşmağın böyük fəsadlarla nəticələnəcəyini bildiyinə görə qruplararası bu sözlü müqaviləni yazdırdı ki, qaynaqlarımızda bu, "kitab” (yazılı müqavilə) olaraq qeyd edilir[3].
Qərb şərqşünaslarının fikrincə, (məsələn, Vellhauzen) 47 maddədən ibarət olan bu yazı Həmidullah Xocanın təsnifatına görə 52 maddədən ibarətdir. 1-25-ci maddələrarası olan Birinci Bölüm müsəlmanlara, yerdə qalan 27 maddə isə yəhudilərə aiddir.
Mövzumuz məhdud olduğu üçün insanlıq tarixinin bu ilk yazılı konstitusiyasını bütün təfsilatı ilə şərh edə bilmirik. Lakin bir-iki məsələ üzərində dayanmalıyıq:
1. Eyni dövləti meydana gətirən müxtəlif cəmiyyətlərin müştərək xarici müdafiəsi, yəni etnik və dini mənsubiyyəti nə olursa-olsun, Mədinə Dövlətinə xaricdən ediləcək hər cür təcavüzə qarşı bütün qruplar bərabər müdafiəyə çıxacaqlar.
2. Hər cəmiyyətin dini, hüquqi və mədəni müstəqilliyi olacaq, heç kim başqasının dininə, ibadətinə, bir sözlə, daxili işlərinə qarışmayacaq.
3. Həzrət Mühəmmədin bu konstitusiyaya görə dövlət başçısı və bu cəmiyyətlərarası qarşıdurmalarda həkəm olmasını bütün qruplar qəbul edəcək. Qrupların qəbul etdikləri qanuna görə onun verəcəyi qərara heç kim etiraz etməyəcək.
4. Konstitusiyanin mətninin dövlət başçısı olan Həzrət Mühəmməd tərəfindən hazırlanmasını bütün qruplar qəbul edəcək.
5. Bu müxtəlif insan qruplarının idarə edilməsi üçün hazırlanan konstitusiya ilahi Qanuna, yəni Qurana zidd olmayacaq.
Tətbiqi olduqca asan, dini və etnik qrupların hər cür azadlıqlarını özündə əks etdirən bu model konstitusiyanı Mədinədəki bütün cəmiyyətlər sevə-sevə qəbul etdilər.
İlahi vəhydən qaynaqlandığı üçün xətasızlığı bir tərəfə qalsın, sistem və rejimlərin bir-biri ilə münaqişə şəraitində yaşadığı mövcud bəşəri sistemlərin hamıya bərabər haqq-hüquq verə bilmədiyi bu vəziyyətdə yalnız müsəlmanların deyil, bütün dünya insanlarının üzərində düşünmələri zəruri olan bu model konstitusiya işlənə bilməsi və insan fitrətinə uyğunluğu baxımından təcrübəsi düşünülə bilən tək model kimi görünür.
Müasir insanlarda tək nümunəvi dövlət rejimi olaraq qəbul etdirilmək istənilən və tarixdə heç bir zaman təcrübə yaşamamış demokratiyanın artıq insanları qane edə bimədiyi, xalq idarəçiliyi deyə tərif verilən bu rejimin də praktikada bəzi siniflərin yaranmasına, idarəçiliyin bu siniflərdən hər hansı birinin əlinə keçməsi nəticəsində də hüquqlarına, dinlərinə, mədəniyyətlərinə, adət-ənənələrinə zidd olsa da, iqtidardakı qrup xaric, qalan bütün qrupları dörd il gözləməlidirlər ki, hər yönü ilə özlərinə yad olan iqtidarı dəyişdirə bilsinlər. İqtidarın bütün siyasi hiylələrdən istifadə edərək və xalqı süni vədlərlə aldadaraq bir daha səslərin 51%-ni qazanması istisnadır! Başqa sözlə desək, demokratiya 51%-in 49% üzərində təhəkkümüdür (yəni hakim olmasıdır). Bu 49%-in nə qanunvericilik, nə də icra mövzusunda heç bir söz haqqı yoxdur. Bu baxımdan demokratiya paradokslarla doludur və ya ən azından iki standartlıdır. Demokratiyaya Qərb patronluq (xocalıq deməmək üçün) etdiyi üçün tətbiqatda ideal (!) demokratiyadan çox Qərbin mənfəətlərini təmin edən bir demokratiya görünür. Yəni Qərb ələlxüsus müsəlmanlara demokratiya təbliğ edərkən insan haqları, yaxud da bütün insanların bərabərliyi kimi bir qayğı ilə hərəkət etmir. Ona görə də "Qərb dəyərlərini rədd edən bir islami-siyasi hərəkat demokratik qaydalar içərisində iqtidara gəlməyi”[4] istəsə, onun bu fəaliyyətinə icazə verilməz. Eyni ilə 1991-ci ilin iyununda Əlcəzairdə baş verən hadisələrin göstərdiyi kimi Qərbin mənfəətini təmin edən hökumət demokratik fikirli olmasına baxmayaraq, bu hərəkata icazə verməyib seçkini ləğv etdi və demokratik yolla iqtidara gəlmək istəyən müsəlmanları küçələrdə güllə yağışına tutdu."Bu hadisədə Qərbin izlədiyi, demokratiyanın bütün qurum və quruluşları ilə yerləşməsi deyil, öz dəyərlərinin tətbiq edilməsidir. Əgər həmin dəyərləri diktator rejimlər qoruya bilirsə, bu vəziyyətdə bu rejimlərə göz yumula bilər”[5].Buna görə də Qərb öz dəyərlərinə zidd olan (bu yalnız islami bir idarəçiliklə mümkündür) demokratik bir rejimdənsə, öz dəyərlərini qoruyan, hətta lazım gələrsə, bu dəyər(!)ləri qorumaq üçün çəkinmədən müsəlman qanı tökən zülmkar rejimlərə üstünlük verməkdədir ki, Orta Şərq bunun ən gözəl nümunəsidir.
Elə bu səbəblərə görə də Həzrət Mühəmmədin hazırladığı Konstitusiya və təcrübəsi üzərində daha çox dayanaraq ona həssaslıqla yanaşırıq. O, Dövlətin mərkəzi olaraq seçdiyi camidə Allahdan aldığı vəhyin işığında insanları tərbiyə edir, ordularını nizama salır və insanlara insanlıq öyrədəcək, ədaləti tətbiq edəcək şəxslər yetişdirirdi. Onun dövlət parolu və beynəlxalq siyasətinin təməli bu idi:"Heç kimə zülm etməyin, sizə zülm edilməsinə də əsla imkan verməyin!”
Bu böyük qanun sözdə qalmamış, nümunəvi dövlət başçısı olan Peyğəmbər tərəfindən tətbiq də edilmişdir.

İTAƏT

Qeyri-müsəlman statusunda olan vətəndaşlar ümumi hökmlərdə və yuxarıda qeyd edildiyi kimi cəmiyyətlərarası qarşıdurmalarda dövlət başçısı olan Həzrət Mühəmmədə itaət etməklə mükəlləfdirlər. Müsəlmanlar isə hər mövzuda ona itaət etməklə mükəlləfdirlər.
Dövlət idarələrində dövlətə aid işləri nizamlı şəkildə qaydaya salmaq, müəyyən sistemlə inkişaf etdirmək, hər sahədə geriləmənin qarşısını almaq üçün ən önəmli ünsürlərdən biri də itaətdir. İtaətin olmadığı dövlətlərə anarxiya və nizamsızlıq hakimdir. Buna görə də Həzrət Mühəmməd bu mövzuya diqqətlə yanaşmış, onun üzərində həssaslıqla dayanmış və əshabə də lazımi itaəti göstərmişdir. Məhz İslam Dövləti də bu şəkildə formalaşmış və bu şəkildə ayaq üstə dayana bilmişdir. İslam Dövlətində dövlət başçısına itaətin aradan getməsilə də xilafət səltənətlə əvəz olundu.
Bir hakimiyyətə itaət etməklə mükəlləf olmaq, yəni itaəti qanunlarla məcburi hala gətirmək yalnız dövlətlərdə mümkündür. Əlbəttə, bunu deyərkən bəzi müvəqqəti təşkilatlanmalardakı itaət məcburiyyətini nəzərdə tutmuruq.
İstər ilahi olsun, istərsə də bəşəri olsun bütün dövlətlərdə iqtidara itaət məcburiyyəti vardır. Başqa sözlə desək, itaətin varlığı elə dövlətin varlığıdır. Heç bir kəsin itaətini təmin etməmiş bir hakimiyyətin dövlət olma faktı müzakirə olunan nəzəriyyədən başqa bir şey deyildir.
Quran-kərimdə itaətlə əlaqədar bir çox ayə vardır. Bu kəramətli ayələrdə Allah insanlardan Öz dövlətinə itaət etməyi istəyir. Özünə olunan itaətin yalnız göndərdiyi son Peyğəmbəri Həzrət Mühəmmədə itaətlə ola biləcəyini əmr edir Quranda. ... Hətta Allahın insanları sevməsini belə Özünün son Peyğəmbərinə, yəni Onun yer üzündəki dövlətini təmsil edən Rəsulullaha (ə) qeydsiz-şərtsiz təslim olmaqda görür Rəbbimiz:"De: "Əgər siz Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Ğəfurdur (Bağışlayandır), Rəhimdir (Rəhimlidir)!”[6]
Rəsulullaha itaət etməyənlərin də kafirlər olduğunu sonrakı kəramətli ayədə Cənabı-Haqq bu şəkildə ortaya qoyur: "De: "Allaha və Rəsula itaət edin! Əgər üz döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri sevməz!”[7]
Həmçinin itaətlə əlaqədar olan bu kəramətli ayə tamamilə siyasətlə və dövlət idarəçiliyi ilə əlaqədardır: "Ey iman gətirənlər! Allaha, Rəsula və özünüzdən olan əmr sahiblərinə itaət edin. Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və axirət gününə (qiyamət gününə) iman gətirmişsinizsə, onu Allaha və Rəsula ərz edin (yəni mübahisəni onların təlimatına görə həll edin). Bu, daha xeyirli və təvil baxımından (yəni nəticə etibarilə) daha yaxşıdır”[8].
Kəramətli ayədəki itaət silsiləsi müsəlman insanın siyasət qanunudur. Bəzilərinin çıxıb bu qanunu qüvvədən salmasına baxmayaraq, əslində bu qanun dəyişdirilməsi mümkün olmayan qanundur.
Diqqət edilərsə, kəramətli ayə möminlərə müraciət edir, yəni kəramətli ayə müsəlmanlar üçün vacib bir vəzifə müəyyənləşdirir. Elə bu baxımdan da müsəlman kimi yaşamağın şərtini ortaya qoyur. Nəticə etibarilə də müsəlmanların siyasətləri, dövlətləri və əlbəttə ki, dövlət başçıları bu dəyişməz qanunla müqəyyəd olub (istisna olunub) müsəlman kimi yaşanacaqsa, bu qanunun dairəsindən kənara çıxıla bilməz!
Kəramətli ayənin ilk müxatəbi və onu müsəlmanlar üzərində ilk tətbiq edən şəxs də dövlət başçısı olan Həzrət Peyğəmbərdir.
Dövlət başçısı olan Həzrət Peyğəmbər bütün tətbiqatlarında Allahın qoyduğu Qanuna tabe olmağa məcbur olduğu kimi müsəlman dövlət başçıları da Həzrət Peyğəmbərin tətbiqatına, yəni Allahın Qanununa tabe olmağa məcburdurlar. Ona görə də Peyğəmbərə (ə) tabe olmamaq Quran tərəfindən küfr olaraq tövsif edilmiş[9], həmin xətaya yol verib həmin küfrə düşməmək üçün müsəlmanlara Allah tərəfindən bu şəkildə xəbərdarlıq edilmişdir:"Ey iman gətirənlər! Allaha itaət edin, Rəsula itaət edin və əməllərinizi puça çıxarmayın! Kafir olanları, (insanları) Allah yolundan döndərənləri, sonra kafir kimi ölənləri, şübhəsiz ki, Allah bağışlamayacaqdır!”[10] Buxaridə "Kitabul-Əhkam”ın ilk fəslindəki bir hədisi-şərifdə Rəsulullah belə buyurur: "Kim mənə itaət edərsə, o, Allaha itaət etmiş olar. Və kim mənə üsyan edərsə, o, Allaha üsyan etmiş olar. Kim mənim təyin etdiyim sərkərdəyə itaət edərsə, o, mənə itaət etmiş olar. Və kim mənim təyin etdiyim sərkərdəyə üsyan edərsə, o, mənə üsyan etmiş olar”.
Rəsulullahın bu hədisini diqqətlə nəzərdən keçirsək, görərik ki, itaət və üsyan kəlmələri tamamilə siyasi mahiyyət daşıyır. Necə ki hədisin mətnindəki əmir (sərkərdə) kəlməsi də tam siyasi bir kəlmədir. Dövlət başçısı olan Rəsulullah özünün təyin etdiyi sərkərdələrə itaət edilməsini istəyir. Həzrət Peyğəmbəri mücərrəd bir din xadimi olaraq görmək istəyənlər, bir müftinin, bir keşişin, ya da rahibin əmrində sərkərdələrin olmadığını çox yaxşı bilirlər. Məgər ki, bunlar din xadimi olmaqla yanaşı dövlət başçısı da olsunlar.
Ümumiyyətlə, insanlığın xilası üçün Allahdan vəhy alan Həzrət Mühəmməd bu vəhyi insanlara çatdıra bilmək üçün başçısı olduğu dövlətdən vasitə olaraq istifadə edirdi.

DÖYÜŞ VAQİƏSİ
Həzrət Mühəmməd (ə) dövlət başçısı olduğuna görə onun həm İslamı təbliğ etmək üçün, həm də İslam Dövləti ilə düşmənçilik edənlərlə zaman-zaman döyüşməsi çox təbiidir, çünki hər bir dövlətin belə döyüşlərə məruz qalmağı labüddür.
Dövlət başçısı olan Həzrət Mühəmməd də Bədr döyüşündə olduğu kimi gözlənilməz hadisələr qarşısında qalaraq, bəzən də Xeybər və Təbuk döyüşlərində olduğu kimi İslamı təbliğ etmək üçün döyüşmüşdür. Bu döyüşlər nəticəsində düşmənlər ya məğlub olmuş, ya da Hüdeybiyyə və Fədəkdə olduğu kimi müqavilələr bağlayaraq sülhə nail olunmuşdur.
Həzrət Mühəmmədin dövlətinin qayəsi İslamı təbliğ etmək və hakimiyyətin bütünlüklə Allaha aid olmasına qədər mübarizə aparmaq[11] olduğuna görə, o yalnız döyüşmür, eyni zamanda qonşu dövlət başçılarına məktublar göndərərək onları İslama dəvət edirdi. Bəzi dövlət başçıları Həzrət Mühəmmədin elçilərini çox gözəl qarşılamalarına baxmayaraq, bəziləri də onlarla çox pis davranırdılar. Hətta bu diplomatik yazışmalar nəticəsində Yəmən kralı Bazan ilə Həbəşistan kralı Nəcaşi müsəlmanlığı qəbul etmişdilər. Bütün bu tarixi hadisələr ən mötəbər qaynaqlarda qeyd edildiyi bir halda, bəzi çağdaş müfəssirlərin sırf modernlik olsun deyə bunları inkar etməsi[12] çox düşündürücüdür və təəssüf hissi yaradan bir hadisədir.
Bu mövzunun dünyadakı ən səlahiyyətli mütəxəssisi olan Prof. Mühəmməd Həmidullah tamamilə elmi məlumatlara əsaslanaraq Həzrət Peyğəmbərin bu məktublarının yazıldığını sübut etdiyi bir halda[13] ancaq kiməsə yaltaqlanmaq üçün belə mənasız sözlər danışmaq nə elmə, nə də elm adamına yaraşır!
Bu məktubların yazılmadığını iddia edən müasir araşdırıcı görün hansı arqumentlə, faktla çıxış edir:"Əgər Peyğəmbərimiz İran, Bizans imperatorluğuna, Misir valisinə məktub yazmışdırsa, bunları hansı dildə yazmışdı? Ərəbcə. Yaxşı, İran, yaxud Bizans İmperatoruna, Misir valisinə ərəbcə məktub yazmağın faydası nədir? Axı onlar ərəbcə bilmirdilər”[14].
Bu necə elmi düşüncədir? Ən kiçik yaşlı bir ibtidai sinif şagirdi belə bilir ki, hər dövlət beynəlxalq yazışmalarda öz dilindən istifadə edir.
Bütün İslam tarixçiləri bilirlər ki, Həzrət Mühəmmədin xanımlarından birinin adı Mariyə idi və Misirdən gəlmişdi. Mariyə anamızın Misirdən gəlişinin səbəbini modern görünmək üçün qanuni və qeyri-qanuni hər bir çarəyə baş vuran araşdırıcı bunu necə görməyə bilər? Hamı bilir ki, Misirdə İskəndəriyyə kralı olan Müqəvqisə Həzrət Mühəmməd bir dövlət məktubu göndərmiş, o da İslam dövlətinin elçisinə böyük iltifat göstərərək Həzrət Mühəmmədə iki cariyə göndərmişdir ki, bunlardan biri Rəsulullahın evləndiyi Mariyədir.
Müasir araşdırıcının dəlillərindən (!) biri də budur: onun fikrincə, Bizans kimi bir super dövlətə Həzrət Mühəmməd təhdidedici bir məktub yaza bilməzdi![15]
"Meydan Laroisse”yə[16] qaynaq kimi əsaslanan bu müfəssir (!) Həzrət Mühəmmədin Muxtar[17] olduğunu, Allahdan başqa heç kimdən qorxmadığını bilmir məgər? Baxmayaraq ki, bu, bir etiqadi məsələdir.
Miladi 7-ci yüzillikdə dünyanı istismar edən İran və Bizansla mübarizəsi yoxdursa, Buxaridə yazılan bir hədisi-şərifində[18] Həzrət nə üçün belə desin:"Kəsra yıxılarsa, ondan sonra Kəsra (İran İmperatorluğu), Qeysər (Bizans və Roma Krallığı) yıxılarsa, ondan sonra Qeysər olmayacaqdır. Mühəmmədin canı əlində olan Allaha and içirəm ki, siz onların xəzinələrini Allah yolunda xərcləyəcəksiniz!”Əgər modernistlər hədisə də inanmırlarsa, daha heç bir söz deyə bilmərik. Biz onlara yalnız bu kəramətli ayəni xatırlada bilərik."Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, Öz nurunu tamamlayacaqdır. Müşriklərin xoşuna gəlməsə də, onu bütün dinlərdən üstün etmək üçün Öz Rəsulunu hidayət və Haqqın dini ilə göndərən Odur!”[19]

NƏTİCƏ

Başa salmağa çalışdığımız bütün bu fikirlər Həzrət Mühəmmədin qurduğu İslam Dövlətinin həqiqətini və onun da Peyğəmbər olmaqla yanaşı həm dövlət başçısı, həm də ordu sərkərdəsi olduğunu göstərmək üçündür. O, Allahdan aldığı vəhylə insanları tərbiyə edən həqiqi bir lider, onları qurtuluşla müjdələyən misilsiz bir Xilaskardır. Mikro planda bütün müsəlmanlara, makro planda isə bütün insanlara çağırışımız budur ki, bu nümunəvi rəhbərin, bu misilsiz dövlət başçısının və nəhayət, Allahın bu son Elçisinin xəbərdarlıqlarına qulaq asaq ki, həm biz, həm də insanlıq xilas olsun!
Müsəlmanlar bunu yaxşı bilməlidirlər ki, onların Həzrət Mühəmmədi nümunə götürən dövlətləri olmadıqca, onlar yerli və xarici istismarçıların zülmü altında əziləcək, bütün güzəştlərə baxmayaraq, xəyal etdikləri islami həyata qovuşa bilməyəcəklər. Başqalarının sizə vəd verdiyi dünya nemətlərinin sizi Allahdan nə qədər uzaqlaşdırdığını başa düşə bilirsinizmi? Əmr sahiblərinizin, Kitab və Sünnəyə görə yox, öz mənfəətlərinə xidmət edəcək bir din təbliğ etdiklərini heç görmürsünüzmü?
Ey ömrü sona yaxınlaşmış olan dünyanın əzilmiş insanları! Nümunəvi insanın nümunəvi çağırışına doğru gəlin! Divarları:"Heç kimə zülm etməyin, sizə zülm edilməsinə də əsla imkan verməyin!”, "Öldürmək istədiyiniz quduz bir it də olsa, ona işgəncə verməyin!”, "Allahı qəzəbləndirib yaltaqlıq edərək bəzi idarəçiləri sevindirənlər bizdən deyildir!” və "Qonşusu ac olduğu halda süfrəyə oturanlar bizdən deyildir!”– qanunları ilə bəzənmiş Milli Məclisinizi qurun ki, nümunəvi insanın nümunəvi qanunları ilə xilas olasınız!


[1] "Zuxruf”, 54
[2] "Ali-İmran”, 79
[3] İbn Hişam, "əs-Sirətun-Nəbəviyyə”, II, 501
[4] Mövzunun ayrıntıları üçün baxın: Əli Bulaç, "Bir Demokratiya Tənqidi”, Kitab Jurnalı, 91-ci il iyul-avqust buraxılışı, 53-54-cü buraxılış
[5] Həmin məqalə
[6] "Ali-İmran”, 31
[7] "Ali-İmran”, 32
[8] "Nisa”, 59
[9] "Mühəmməd” surəsinin 32-ci ayəsində buyurulur: "Şübhəsiz ki, kafirlər (insanları) Allah yolundan döndərənlər və hidayət yolu özlərinə bəlli olduqdan sonra Rəsula qarşı çıxanlar Allaha heç bir zərər verə bilməzlər. Allah onların əməllərini puç edəcəkdir!”
[10] "Mühəmməd”, 33,34
[11] "Ənfal” surəsinin 39-cu ayəsində buyurulur: "Fitnə qalmayıb və bütün din yalnız Allaha məxsus olanadək onlarla vuruşun. ...”
[12] Süleyman Atəş, "Quran-kərimin universal müraciətinə dəvət”, İstanbul, 1990, s. 59
[13] Mühəmməd Həmidullah, "Həzrət Peyğəmbərin altı orijinal məktubu”, Bəyan yayınları, İstanbul, 1990
[14] həmin mənbə, eyni səhifə
[15] həmin mənbə, s. 67
[16] "Sabah” qəzetinin kuponla paylaşdırdığı, üz qabığı qara rəngli olan böyük bir ensiklopediya. 24 cilddir.
[17] Seçilmiş, ixtiyarı əlində olan, müstəqil
[18] "Kitabul-Mənaqib”, f. 122
[19] "Səff”, 8,9



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun