15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

İSLAHATÇI RƏHBƏR SEYİD MÖHSÜN ƏL-ƏMİN:
"İSLAM VƏHDƏTİNİN CARÇISI VƏ İMPERİALİZMİN DÜŞMƏNİ”[1]

Allah-Taala böyük rəhbər Seyid Möhsün əl-Əminə uzun ömür vermişdir. Bu ömrün hamısı islahat (reformizm), təhsil, araşdırma, tədqiqat, kitab tərtibatı, İslam ümmətinin birləşdirilməsi və Allah yolunda cihaddan ibarətdir. O, fəzilətli bir əxlaqa, böyük bir comərdliyə və həmd edilmiş xislətlərə sahib idi. Eyni zamanda çox böyük işlər görmüşdür. Onun yadda qalan məqamları, təşəkkürə layiq cəhdləri və məşhur nailiyyətləri olmuşdur. Bu məqamlardan hər biri geniş bir araşdırma tələb edir.
Kütlənin önündən pərdəni götürmüş bu şəxs haqqında onun həyat yolunu əhatə edən dolğun bir araşdırma təqdim olunmuşdur. Tədqiqatçılar və mütəxəssislər onun həyat yoluna hərtərəfli baş vurmuş, onun islahatçılığına, dəvətinə, siyasətinə, ictimaiyyətçiliyinə, cihadına və vətənpərvərliyinə toxunmuşlar. Yas mərasimlərində, bu görkəmli şəxsiyyətə və əzəmətli insana hörmət əlaməti olaraq ardıcıl keçirilən konfranslarda yuxarıda deyilən cəhətləri nəzmə və nəsrə çəkmişlər. "Əyanuş-Şiə” kitabının axırıncı hissəsində[2] seçmə cəhətlər bir araya toplanmışdır. Əsəri vərəqlədikcə onun haqqındakı məqamları bir-bir oxuyursan: "Tək dini rəhbər”[3], "islahatçı”[4], "böyük təvazökar insan”[5], "zahid”[6], "imperalizmin düşməni”[7], "təəssübkeşliyin düşməni”[8], "milli rəhbər”[9], "islahatçılara nümunə”[10], "nəsillərin tərbiyəçisi”[11], "bütün gözəl xüsusiyyətlər toplusu”[12], "bir fərdə sığmış dünya”[13], "haqqı batildən ayıranların fövqünə yüksəlmiş insan”[14], "bənzərsiz obrazı, xətti və əsəri barəsində”[15], "helm fəzilətlərində alimlərin ən kamili”[16], "birinci müəllim”[17], "məktəbə rəhbərlik edən müəllim”[18], "ölməz”[19], "onun dini nə şan-şöhrət, nə də təəssübkeşlik olmuşdur”[20], "nankorlar ona zülm etmişlər”[21], "elmin və dinin itkisi”[22], "dağ kimi sabit adam”[23], "böyük bir adam”[24], "insan şəklində ensiklopediya”[25], "üstün dahi”[26], "peyğəmbər kimi alim”[27], "şan-şöhrət sahibi”[28], "bidətlərlə və zəlalətlərlə mübarizə aparan şəxs”[29], "insani tərəflər”[30], "tayfaçılığın fövqündə”[31], "kamil bir müctəhid”[32], "səmimi islahatçı”[33], "layiqli yenilikçi”[34] və "vətənpərvərlikdə rəhbər”[35].
Şübhə yoxdur ki, bu xoş münasibətlər və məşhur mənzərələr hamısı əzəmətlidir. Lakin məni heyran edən və məşğul olacağım tərəf onun daimi ciddi cəhdi, ümmətin birləşdirilməsinə, müsəlmanların vəhdətinə, İslam məzhəblərinin yaxınlaşdırılmasına, kor-koranə təəssübkeşliyin köklərini qoparmasına olan böyük marağıdır. Xoşbəxt həyatının bu istiqamətində Seyidin sabit addımları, uzaq dövrələri və geniş araşdırmaları vardır ki, bunlardan bizə məlum olan parçaları seçib götürəcəyik. Bu parçalar isə dənizdən damlalardır.
Bu məqama baş vurmamışdan əvvəl oxucunun diqqətinə çatdırmaq istəyirik ki, bu rəhbərin həyatının böyük bir hissəsi, yəni hicri-qəməri təqvimi ilə 1284-cü ildə (m. 1867) dünyaya gəlişindən 11 rəbiüləvvəl 1341-ci il (m. 1 noyabr 1922) – Osmanlı Dövlətinin ləğvinə qədər məhz Osmanlı Dövlətində keçmişdir. Bu isə həyatının təxminən yarısına bərabərdir. Həyatının son hissəsi isə Suriyada fransız işğalına təsadüf edir. Sonra isə Məlik Feysəlin əmirliyi və nəhayət, müstəqillik dövrü gəlir. Həyatının bu iki hissəsinin hər dövründə məzhəblərarası yaxınlaşdırma və vəhdətçilik tam aydınlığı ilə özünü göstərmiş, onun imperializmlə düşmənçiliyi və vətənpərvər mübarizlərin sırasında mövqe tutması ortaya çıxmışdır. Təfsilatını aşağıda qeyd edirik.
 
HƏYATININ BİRİNCİ HİSSƏSİNDƏKİ
VƏHDƏTÇİ VƏ SİYASİ MƏQAMLARI
Xilafət dövründə Suriyada və Cəbəli-Amildə hakimlərin, ümumiyyətlə, şiə məzhəbinə xüsusilə də, əl-Əminin ailəsinə təzyiqlərinə baxmayaraq, Seyid onlarla gözəl davranır, düşmənçilik münasibəti bəsləmir və ölkə daxilində onlara müxalif olan qüvvələrə qoşulmurdu. O zamanlar ərəb qövmiyyətçiliyinin dirçəlişinə və xilafətin tərkibindən çıxmağa çağıran qövmiyətçilərin sırasına da daxil olmamışdır. Bu hərəkatlara İngiltərədən, Livandakı keçmiş Səlib (Xaçlı) hərəkatı davamçılarından, habelə Ərəbistan yarımadasında başlayan və bu ölkələri parçalayaraq İslam Xilafətindən ayırıb Səudiyyə Krallığının yaranmasına gətirib çıxaran vəhhabi hərəkatından xüsusi dəstək var idi. Sonralar vəhhabi hərəkatını "sələfilik” adlandırdılar. Seyid bu hərəkatın təhlükəsini o zamanlar hiss etmiş və yazılarında bunu işıqlandırmışdır.
Osmanlıların Seyidə münasibətinin mülayimliyi Seyidin onların davranışlarından və əməllərindən razı olduğuna görə, həmçinin ölkədə mövcud olan bu hakimiyyətə qorxaraq və tamahlanaraq boyun əyməsinə görə olmamışdır, əksinə mövcud İslam hakimiyyətini qoruduğu, İslam vəhdətinə, bütün xalqlardan olan müsəlmanların o vaxt İslam torpağının fəsad və naqisliklərini araşdıran, şeytani hiylələri, siyasi və məkrli üslubları və cəlbedici mədəniyyəti ilə İslam xalqlarına nüfuz edən Avropa imperializmi qarşısında tab gətirməsinə kömək etdiyi üçün olmuşdur. Çox təəssüflər olsun ki, müsəlmanlar arasında o yadelliləri sevməyə, onların dəvətini qəbul etməyə və onların yolunu təqdir etməyə başlayan insanlar yaranmışdır.
Osmanlılar dövründə, hətta tələbə olduğu günlərdə bu xoş münasibət Seyiddə təzahür edirdi. Gənc tələbə ikən Cəbəli-Amildə əsgərliyə çağırıldıqda başına gələn bir hadisəni qeyd edək. O zamanlar hökumət bu şəhərlərdəki şiə məktəblərini rəsmi qeydə almır və o məktəblərin tələbələrini hərbi xidmətdən azad etmirdi. Bu da həmin tələbələr üçün müsibət və dərd olurdu.
Onlar ümidsiz olduqları bir halda Surun qazısı olan və özü də əhli-sünnə olan Şeyx Əbülxeyir əl-Xətib Dəməşqi Eynuz-Zitt kəndindəki "Heydəriyyə Mədrəsəsi”ndən – bu vaxt Seyid Əmin də o mədrəsənin tələbələrindən idi – Dəməşqdəki müşavirliyə ərizə ilə müraciət edib, mədrəsənin rəsmiyyətə salınmasını təklif etdi ki, onun tələbələri də qeydiyyata alınsınlar. Xətib əsgərliyə çağırılan tələbələrin adlarını tələb etdi. Ərizəni öz xətti ilə yazdı və Dəməşqdə müşavir Rəcəb Paşaya təqdim etdi. Seyid dedi: "O, əzmli və insaflı adamdır. Təəssübkeş deyil”. Rəcəb Paşa onlara cavab verib bildirdi ki, bu araşdırılmalıdır. Səydadakı birinci zabitə əmr verdi ki, kəndə getsin və "Heydəriyyə Mədrəsəsi”nin olub-olmadığını görsün. Seyid ikinci dəfə etiraf etdi ki, bu zabit xeyirxah insandır və bizə ən yaxın insanlardan biridir və biz də ona ən əziz olan insanlardanıq. Zabit məktəbə gəldi, tələbələri topladı. Onlar hökumətdən qorxduqları üçün kəndlərə dağılmışdılar. Uyğun bir dillə yazdı: "Məktəbə getdim. Oranı tam dolu gördüm. Tələb edilən tələbələrin hamısı orada idilər”. Kiçik leytenant pul götürməyi qəbul etmədi. Bundan sonra müşavirliyin sərancamı çıxdı ki, məktəb rəsmidir və orada olan tələbələr imtahana alınsınlar. Bu hadisə Cəbəli-Amildə əvvəl baş verməmiş yeni bir açılış idi. Bu qanun, yəni məktəbin rəsmi qeydiyyatı Osmanlı Dövlətinin süqutuna qədər qaldı. Görürük ki, Seyid Şeyx Əbülxeyir Xətibi, müşavir Rəcəb Paşanı və Səydada kiçik leytenant olan şəxsi qiymətləndirib təşəkkür etmişdi. Kiçik leytenant haqqında bu sözləri demişdir: "Səydada bu şəxsdən başqa ixlaslı adam yoxdur”. Və demişdir: "Müşavirlikdən əmr gəlməmişdən əvvəl hökumət əsgərliyə çağırışı gücləndirmişdi”.
Söhbətinin sonunda Seyid məqsədlərində onlara kömək etmiş digər hökumət xadimlərinə də təşəkkürünü bildirmişdi. İmtahan zamanı icra məmuru olan Mühəmməd Əfəndi Bəlabeydi onlardan biridir. O, onlarla çox yaxşı davranmışdı. O bildirmişdi ki, Səyda, Sur və digər yerlərin tələbələrinin hamısı uğur qazanmışlar. Bu məlumat qəzetdə də nəşr edilmişdi. Bu da olduqca böyük müjdə idi. Şəhadətnaməni imzalayaraq onlara xeyir-dua verən polkovnikə də təşəkkürünü ifadə etmişdi.
Bununla yanaşı söhbəti əsnasında Muhyiddin adlı türkdən şikayət etmişdi. O, tələbələrə qarşı çox qəzəbli idi. Beyruta yazmışdı ki, bunlar tələbə yox, əkinçidirlər.
İraka gedərkən şiəyə qarşı ifrat təəssübkeşlik nümayiş etdirən digər şəxslərdən şikayət etmişdir.
Bu, ümumiyyətlə, başqaları ilə münasibətdə Seyidin adəti idi. "Əyanuş-Şiə” kitabında insanların tərcümeyi-hallarında göstərilir ki, o xeyiri təqdir edir, bəyənmədiyini isə şiə və ya qeyri-şiə olsun fərq qoymadan rədd edir. Həyat tərzi haqqındakı yazılarında bir çox dəlilləri vardır. Bu da göstərir ki, bu rəhbər fitrətən haqq, ədalət və xeyir tərəfdarıdır. Qohumlarından və öz həmməzhəbləri şiələrdən olsa belə batilə, zülmə və şərə qarşı çıxır. Suriya və başqa yerlərdə yaşayan şiələr arasında yayılmış bidətlərə qarşı apardığı mübarizə bu gözəl xislətin təzahürlərindən biridir. Bu isə Seyidin ən çox gözə çarpan – necə ki, tərcümeyi-halında da bunu bəyan etmişdir – islahatçı əməllərindəndir.
 
HƏYATININ İKİNCİ YARISINDAKI SİYASİ MƏQAMLARI
Osmanlı hakimiyyətindən sonra fransız müstəmləkəçiliyinə olan münasibətinə gəlincə bu suriyalılar üçün apaydındır. Bu barədə siyasət adamları, Suriyadakı yazıçılar, əhli-sünnədən olan din alimləri məlumat vermişlər. Onu təqdir edənlərdən biri də Suriyanın sabiq baş naziri Ustad Lütfi Həffardır. "Vətənpərvərlik Rəhbəri” sərlövhəsi altında yazmışdır ki, bu əcnəbi (fransız müstəmləkəsi) və onun tərəfdarlarına qarşı müqavimət göstərmək üçün müxtəlif siyasi və iqtisadi sahələrdə hər cür cəhdlər gözə çarpırdı. ... Milli hərəkat addım-addım görünməyə başlayırdı. Bir çox münasibətlərdə əks müqavimət başladı. "Əcnəbi”, habelə vətənpərvərlərin sürgün edilməsi ilə yüksələn milli ruhu boğmağa çalışdı. Ardından 1925-1928-ci illərdə Suriya inqilabı baş verdi. Bu, Fransanı öz düsturunu yaradacaq, siyasi, inzibati və maliyyə vəziyyətini müəyyən edəcək təsisçi bir cəmiyyət yaratmaq üçün alimləri dəvət etməyə vadar etdi. Təbii olaraq bu o vaxt baş verdi ki, Fransa milli etirazın şiddətini, enerji gücünü və yekdilliyini hiss etdi. O zaman milli kütlə birləşdi. Bütün Suriya vahid sıra, vahid söz sahibi olub, sadiq rəhbərlərinin arxasınca getməyə başladı.
... Dini öz istək və tamahlarına, hakimiyyətdəki məqsədləri istiqamətində qurban edənlərdən əziyyət çəkirdik. Eyni zamanda əcnəbi ilə əməkdaşlıq edənlərlə mübarizə də çətindir. Bu təhlükəli cərəyanlardan hamı əziyyət çəkirdi.
Şəraitindən və əziyyətindən asılı olmayaraq müharibə və mübarizənin bu dövründə bəzi cahillərdən çəkdiklərimizin, sürgün və ya həbsin əksinə olaraq rəhbər müctəhid Seyid Möhsün əl-Əmindən mənəvi qüvvət, geniş qayğı və faydalı dəvət gördük. İnsanları aldadıb yoldan çıxaran bu müstəmləkə quyruqları bizə əziyyət etdiyi bir vaxtda Seyid əl-Əmin sabit durmağa, iş uğrunda qurban verib sadiq olmağa çağırır, mübarizə aparanları israrla kömək etməyə səsləyirdi.
Zaman-zaman Seyidin ziyarəti üçün darıxırdıq, çünki onun maraqlı söhbətlərində sadiq milli təbliğat, vətən uğrunda cihadı davam etdirməyə, ölkənin hürriyyət və istiqlal amallarının gerçəkləşdirilməsi, İslamın və müsəlmanların şərəfinin müdafiəsi, müxtəlif tayfa və məzhəb arasında həmrəylik, tolerantlıq və ittifaq, kin və küdurətin aradan qaldırılması naminə səy və mübarizəyə təhriklər vardı.
Seyid bizim üçün fəlakət və qaranlıqlarda çıraq, müxtəlif hadisələrə öz işığını saçan bir ocaq idi. İnkar etmirəm ki, biz bu dəstək və yardımı özləri üçün dini və dünyəvi borc sayan müxtəlif məzhəb və tayfalardan olan başqa din xadimlərindən də görürdük. Lakin Əllamə Seyid Möhsünün onu tanıyanlardan aldığı güc və qüvvətlə etdiyi rəhbərlik, Seyidə olan məhəbbət tərəddüdsüz cihad və mübarizə ruhunun gücünü təmsil edirdi. Bizim də iştirak etdiyimiz bütün məclisləri həmrəylik və ittifaqa, kin-küdrəti qovmağa, çirkinliklərdən uzaqlaşmağa dəvət üçün bir məqam idi. İman dolu bir güclə bir çox cəfəngiyyatla mübarizə aparır, müsəlmanları dünya və dinlərində islahat aparmağa imkan verməyən, Allahın nazil etmədiyi adətləri tərk etməyə səsləyirdi, çünki bu dəvət iman və ixlas dolu bir qəlbdən gəlirdi. ...”
Doktor Hüseyn Mərvə "Yüksək Nümayəndəliyin Evini Tanıyan Şəxs” ünvanlı bir yazı yazmışdı: "... Seyid Möhsünün fərqləndiyi iki cəhəti qeyd etmək istəyirəm. Əvvəla o, nə Beyrutda yüksək fransız nümayəndəsinin evini, nə də Dəməşqdə fransız nümayəndəliyinin evini tanıyan yeganə dini rəhbərdir. O, yeganə dini rəhbərdir ki, heç bir fransız sifətini tanımamışdır. Halbuki onu tanımağa cəhd edən saysız üzlər vardı... O, vətənpərvərlik, izzət və səxavətdə zəngin bir şəxsiyyət idi.
Beləcə heç bir hökmdarın nə evini, nə də özünü tanımışdır. Halbuki fransız nümayəndəliyi müqavimət göstərib bir fırtına qopararaq mübarizə aparan bütün vətənpərvərləri yaxşı tanıyırdı. Xatırlayanlar qeyd edir ki, məhz onun qayğısı və göstərişi ilə böhran artdıqca Dəməşqdə milli dərnəklər keçirildi. Bunlar onun fərqləndiyi birinci xüsusiyyət idi.
İkinci xüsusiyyət isə ondan ibarət idi ki, Seyid Möhsün əl-Əmin dində, yaxud elmdə, yaxud da vətənpərvərlikdə insanların ağlına yol tapan hər cür mövhumat, bidət və xurafata qarşı mübarizə aparmışdır. ...”
Bu barədə doktor Əsəd əl-Həkim deyir: "Birinci Dünya Müharibəsi bitər-bitməz dağıdıcı müharibədən sonra parlaq qələbəsi ilə nəticələnmiş böyük cihad mərhələsi başladı. Bu zaman o, insanların iliyinə işləmiş irsi keçən yanlış etiqadlar və kənardan sirayət etmiş bir çox bidətləri dağıtmaq üzərində çox yaxşı işləmişdi. Onun bu cihad mərhələsi fransız nümayəndəliyi ilə mübarizədə də böyük qələbə ilə nəticələnmişdi. Bu nümayəndəlik onu Suriyada tayfaçılıq qanununu qəbul etməyə, bununla da müsəlmanları iki cəbhəyə bölməyə səsləyirdi. Bunları gah hədə-qorxu, gah da mal-mülk və yüksək vəzifələr təklif etməklə həyata keçirməyə çalışırdı. Onun iradəsi heç bir halda sarsılmamış, bütün məqamlarda yalnız bir söz demişdir: "Möminlər yalnız qardaşdırlar!” Xüsusi məlumatlardan aydın olur ki, o, yüksək nümayəndəliyə demişdir: "Mən Allah qarşısında vəzifə daşıyıram, yüksək nümayəndəlik qarşısında vəzifə daşımıram”.
Professor Vəcih Beyzun uzun illər Seyid Əminlə arasında baş verənlər haqqında deyir: "Onun vətənpərvərliyini, təmizliyini və yüksəkliyini göstərən məqamlardan biri budur ki, fransızlar ona yüksək maaşla alimlərin rəhbərliyini təklif etmiş, ona yaşayış üçün ev, xüsusi maşın vəd vermişlər. Beyrutdan Dəməşqə zabit göndərərək onun fikrini öyrənmək istəmişlər. Mən o zamanlar onun tərcüməçisi idim. Zabit onun kiçik ibadətgahına gəlmiş və onunla görüşmüşdü. Zabit bildirirdi ki, onu görmək üçün 3 dəfə cəhd etdikdən sonra bəxti gətirmişdir. Seyid mənə bildirdi ki, zabitin dediklərinə təkzib verim, çünki o, 2 dəfə buna cəhd etmişdi. Mən bu təkzibi zabitə çatdırdıqda dərhal başa düşüb üzr istəmişdi. Sonra zabit nə məqsədlə gəldiyini bildirmiş, hər nə demişdirsə, Seyiddən mənfi cavab almışdı. Seyid ona cavabında belə demişdi: "Mənim Böyük Xaliqim və kainatın Ağasının qarşısında missiyam vardır. Mənim yerimə hər kim olsa, nümayəndəlik qarşısında vəzifə qəbul etməzdi. Nümayəndəliyə mənə etibar etdiklərinə görə təşəkkürümü çatdır. Yüksək maaş, ali mərkəz, rahat ev təkliflərinə gəlincə Allah-Taala qənaətlə məni bunlardan ehtiyacsız etmişdir”. Fransız zabiti təəccüb və heyrət içərisində özünü qınayaraq geri qayıtmışdır”.
Şeyx Mühəmmədcavad Muğniyə Seyid haqqında söhbətində deyir: "Cəbəli-Amil, İrak və Dəməşqdə onu haqqdan başqa bir şey deməyən, sünni və ya şiə olsun, müsəlman və ya qeyri-müsəlman olsun, fərq qoymadan vətənin mənafeyinə xidmət edən bir şəxs kimi tanıyırdılar. ... Seyid öz söhbətində bildirirdi ki, İsa Məsih rus maroni xristian deyil, insan olan xristian istəyirdi. Mühəmməd isə sünni, yaxud şiə müsəlman deyil, yalnız insan müsəlman istəyir. Böyük itki olan Seyid İslamı və imanı belə başa düşürdü.
Bu şüur üçün onun həyatı qarşısında baş əyməliyik. O, bütün xristianlar və müsəlmanlar qarşısında böyük ehtirama sahib idi. ...”
Professor Əli Bəzi "Müstəmləkə Düşməni” adlı söhbətində deyir: "Biz tanıdığımız müstəmləkə din adamlarından saxtalaşdırdığını saxtalaşdırır, saxtalaşdırmağa gücü çatmadığını isə müxtəlif yollar və üsullarla susdurur. Böyük itkimiz olan Seyidi isə müstəmləkə nəinki susdura bildi, heç ona yaxın düşə bilmədi, çünki bilirdi ki, Möhsün əl-Əmin öz elmi, müsəlman mömin qardaşlarının ona olan inamı ilə alınmaz bir qala idi. Ona yer üzünün mal-mülkü verilsəydi belə, o, malik olduğu cah-calaldan bir parçanı belə tərk etməzdi. Böyüklüyün sirrinin almaqda deyil, bağışlamaqda olduğunu gözəl bilən bu böyük şəxsiyyəti var-dövlət necə yoldan çıxara bilərdi?! Özünü, həyatını, qələmini və düşüncəsini insanlara həsr edən bu şəxs küfrə yol aça bilərdimi?! Axı o, həyatı boyunca küfrə qarşı sıyrılmış qılınc olmuşdu.
Dəməşq hələ də onun mübarizədəki saysız məqamlarını xatırlamaqdadır. O, həmkarları kimi cihada sadəcə başçılıq etməmiş, eyni zamanda hər bir vətəndaş kimi ön sırada olmuş, sıraları tənzimləmiş, mübarizəyə güc qatmışdır. Hətta onun Şamdakı evi vətənpərvər rəhbərlərin ziyarətgahına çevrilmişdi. Vətənpərvərlər onun Dəməşqdəki mənzilində ziyarət zamanı fransız rəhbərlərdən birinə dediyi unudulmaz sözü hələ də xatırlayırlar. O demişdir: "Sən evimdə qonaqsan. Yalnız qonağa ehtiram borcu məni saxlayır ki, səni təhqir etməyim. Lakin tarix göstərir ki, güc haqqa əbədi olaraq üstün gələ bilməz. Suriyadakı ərəblər də, nəhayət, öz haqları ilə sizin gücünüzə qələbə çalacaqdır!”
Ey mənim ağam, sən həyatında, eləcə də ölümündən sonra İslam dünyası və ərəblər üçün bir mayak və bəxşiş və Cəbəli-Amildə isə bizim üçün fəxr oldun!
ƏRƏB HÖKMDARI ƏMİR FEYSƏLİN
QARŞISINDAKI MÖVQEYİ
Bütün yuxarıda deyilənlər Seyid əl-Əminin müstəmləkəçilər qarşısındakı mövqeyinin hekayəsi idi. Ərəb hökmdarı Əmir Feysəlin qarşısındakı mövqeyinə gəlincə o, Birinci Dünya Müharibəsindən sonra bir qrup alim və rəhbərlərlə Dəməşqə gəlmiş və Əmir Feysəli təbrik etmişdi. Bu barədə özü belə deyir: "Dəməşqə daxil olub Əmir Feysəli təbrik etdik. Xərab məhəlləsinin bir qrup gənci toplaşıb məndən Feysəli onun üçün tərtib edilmiş ziyarətə dəvət etməyimi istədilər. Onun yanına gedib dedim: "Xərab məhəlləsinin camaatı günorta, yaxud şam yeməyinə qonaq olub onları şərəfləndirməyinizi istəyirlər”. O, şam yeməyinə gəlməyi qəbul etdi. Qürub yaxınlaşırdı. Öz faytonu ilə gəldi. Məktəbin tələbələri onu qarşılamaq üçün yola iki cərgə düzülüb himni oxumağa başladılar. Məktəbə yaxınlaşdıqda piyada hərəkət etməyə başladı. Küçə bəzədilmiş və xalçalar döşənmişdi. Onu qarşılamağa çıxdım. Məktəbə daxil oldu və çox sevindi. Namaz vaxtı gəlmişdi. Məni səslədi, nəhayət, sözünə davam etdi. Süfrə açılmışdı, bizimlə şam etdi, biz də onunla şam etdik. ... Feysəlin tacqoyma mərasimində Dəməşqdə idim. Hökmdar olması münasibəti ilə onu təbrik etdim, birlikdə nahar etdik. Əmir Feysəlin tacqoyma mərasimindən sonra Cəbəli-Amil alimlərindən iki nəfər yaxınlaşdı, onlarla bərabər mənim də ölkə əhalisi qarşısında məsuliyyətli bir yerim olduğu bildirildi. Məlikin yanına girdik. Əmir Feysəlin görüş mərasimləri bitdikdən sonra Cəbəli-Amilə qayıtdıq”.
Fransız nümayəndəliyinin Seyidin yanında Məlik Feysəli təhqir etməsi və onun da qəzəblənib az qala onu evindən çıxaracağı hekayəsi də bizə gəlib çatmışdır.
 
İSLAM MƏZHƏBLƏRİNİ
YAXINLAŞDIRMADAKI MƏQAMI
Bu məsələdə Seyidin müxtəlif düşüncə və söhbətlərindən parçalarla kifayətlənəcəyik. Şiəyə görə əshabə haqqında onun sözü buna bir misal ola bilər. Şiə olmayanların şiələrdə çirkin görüb eyib tutduqları əsas iş onların sələfləri, yaxud əshabə adlanan birini pisləməyə çağırması məsələsidir. Şiə deyir: "Peyğəmbərimizin əshabəsinə ehtiram etmək Peyğəmbərimizə olan ehtiramdan irəli gəlir. Biz Peyğəmbərimizə olan ehtiramımıza görə bütün əshabələrə ehtiram edirik. Bu isə onlar arasında fərq qoymağımıza və Əli əleyhissəlam xilafətə onların hamısından daha çox layiq idi və onların bəzisi səhv etmişdir, – deməyimizə mane olmur”. Belə ki Seyid demişdir: "Aydındır ki, bu cəhətdən şiənin zəlalət yolunda olduğuna və İslam dairəsindən çıxdığına hökm etmək icazəli deyildir və bu, ən əhəmiyyətli məsələdir”. Sonra demişdir: "Hədislərdə, dini mətnlərdə və onların şərhlərində Peyğəmbərin öz əshabəsinə, onların fəzilətinin dərəcələrinə və onların məqamına etiqad etməyi şərt qoyduğunu görmədik. Şiəyə gəlincə isə 12 imamın imamətinə inanmağı əsas götürsələr də, onların imamətini inkar edəni İslamdan çıxmış hesab etmirlər və İslamın bütün hökmlərinin o şəxsin üzərində cari olduğuna inanırlar”.
Rafiinin şiəyə nisbət verdiyi "Əshabələr münafiq olmuşdur”, – sözünə cavab olaraq demişdir: "Şiələr heç vaxt deməmiş və deməzlər ki, əshabələr münafiq olmuşdur. Lakin onlar deyirlər ki, əshabələrin hamısı eyni sifətdə və halda olmamışlar, əksinə onların dərəcələri fərqli olmuşdur. Şiələr Allahın Öz yenilməz Kitabında belə zikr etdiyini demişlər: "... Mədinə əhalisi içərisində bəzi münafiqlər vardır ki, münafiqlikdə məharət qazanmışlar””[36].
Seyid şiənin əshabə haqqındakı fikri barəsində belə deyir: "Şiə deyir ki, əshabənin ədalətdə hökmü onlardan qeyrilərinin hökmü kimidir. Yalnız həmsöhbət olduqlarına, yəni Peyğəmbərlə görüşüb ona iman gətirdiklərinə və müsəlman öldüklərinə görə – necə ki, İbn Həcər "İsabə” kitabında əshabəyə verilən bu tərifi ən doğru tərif hesab etmişdir – ədalətə hökm etmək zəruri deyildir. Bu, insanın günah etməsinin qarşısını alan məsumluğun olmaması barəsində ittifaq edildikdən sonra ədalətin sübuta yetməsində kifayət deyildir. Biz ədalətli olduğunu bildiyimiz şəxsin ədalətinə hökm etmiş, onun rəvayətini qəbul etmiş və Peyğəmbərlə həmsöhbət olma şərəfinə nail olduğuna, İslama yardım etdiyinə və Allah yolunda cihad etdiyinə görə ona təzim və sayğı göstərməyi lazım bilmişik. Ədalətsiz olduğunu bildiyimiz şəxsin isə rəvayətini qəbul etməmişik. Mərvan ibn əl-Həkəm, Müğeyrə ibn Şöbə, Vəlid ibn Uqbə, Bişr ibn Ərtəə, bəzi əməvilər və onların yardımçıları buna bir misal ola bilər. Ədalətdə vəziyyətini bilmədiyimiz şəxslərin rəvayətini qəbul etməkdə isə tərəddüd etmişik. ...” Sonra İbn Həcər və başqaları ilə müzakirələr etmişdir.
Ümumi olaraq peyğəmbərlərin – Salam olsun onlara! – arvadları haqqında şiənin etiqadını bəyan etdikdən sonra Ustad Səid Əfqaninin suallarına cavab olaraq demişdir: "Şiənin Peyğəmbərin arvadları haqqındakı etiqadına gəlincə o, Quran-kərimin dediklərinə uyğundur. Onun nəqli üzərində əhli-hədis də ittifaq etmişdir. (Bəzilərinin təkbaşına nəql etdiyi və zalım hökmdarın əsrində siyasi işlər üçün rəvayət olunub doğruluğu sübuta yetməyən hədislər, yaxud yalnız diqqət çəkən məqamı (dəyəri) olmayan az olan topluluğun nəql etdiyi hədislər istisnadır.) Peyğəmbərin arvadları möminlərin analarıdır. Peyğəmbər xatirinə onlara ehtiram etmək vacibdir və Peyğəmbərdən sonra onlarla evlənmək haramdır. Allah Quran-kərimdə buyurur: "Peyğəmbər möminlərə öz canlarından daha yaxındır. Onun zövcələri (arvadları) möminlərin analarıdır...”[37] Digər bir ayədə buyurulur: "... Sizə Allahın nə Rəsulunu incitmək, nə də ölümündən sonra onun zövcələri ilə evlənmək əbədiyyən halal deyildir. Həqiqətən, bu, Allah yanında böyük günahdır!”[38] Peyğəmbər zövcəsi olmaq günahın cəzasını aradan qaldırmır, əksinə itaətin savabını artırdığı kimi günahın cəzasını da artırır. Allah-Taala buyurur: "Siz ey Peyğəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşkar bir çirkin (günah) iş görsə, onun əzabı ikiqat olar. Bu, Allah üçün asandır! Sizdən hər kim Allaha və Rəsuluna itaət edib yaxşı (saleh) işlər görsə, onun mükafatını ikiqat verərik. Biz onun üçün, bol ruzi hazırlamışıq. Siz ey Peyğəmbərin zövcələri! Allahın yasaq etdiyi işlərdən qorunacağınız təqdirdə siz (başqa) qadınlardan heç biri kimi deyilsiniz. ...”[39] Sonra ikinci suala cavab olaraq bildirmişdir ki, möminlərin anası xanım Aişə hədis ravisi və fiqh bilicisi olmuş, tarixdən də göründüyü kimi bir neçə dəfə Peyğəmbərə qarşı gəlməyə cürət etmişdir. Rəvayət edirlər ki, o, Osmanın qanını tələb edərək Ədalətli İmama (Həzrət Əliyə) qarşı çıxmaqla xəta etmişdir. ...”
İslam məzhəblərinin ardıcılları haqqında demişdir: "Şiə məzhəbinə görə məzhəblərin bütün nümayəndələri İslam üzərindədirlər (yəni müsəlmandırlar), qalmışdı hələ xəlifələr. Evlənmək, miras almaq və dinin digər hökmləri ona (yəni İslama, müsəlmançılığa) əsasən həyata keçirilir. Hətta hənbəli olan bir şəxs Allaha forma verərsə (təcsim), lakin öz sözünün ayrılmaz mənalarına bağlanmazsa, onun küfrünə hökm oluna bilməz”.
Şiənin hədislər haqqındakı fikri barəsində demişdir: "Hədisə gəlincə şiə məzhəbi qeyri-şiə məzhəblərindən olsa belə mötəbər insanların (yalan danışmayan, siqə) hədislərini qəbul etmiş, şiə olsa belə, siqə (mötəbər) olmayan şəxsin rəvayətini qəbul etməmişdir. Etimadlı olduqları üçün sünni adlandırdıqları şəxslərin bir çox rəvayətlərini qəbul etmiş və onların hədisini "müvəssəq hədis” adlandırmış və şiə olmasına baxmayaraq, etimadlı olmayan şəxsin rəvayət etdiyi bütün hədisləri tərk edib o hədisləri "zəif hədislər” adlandırmışlar. Bu onların rical kitablarında, istidlali fiqh kitablarında və hədis kitablarında görünməkdədir”.
Şiələrin elm əxz etmələri barəsində belə demişdir: "Elmə gəlincə onu hər bir şəxsdən öyrənməyə can atırlar. Dilçilik, ərəb ədəbiyyatı, bəlağət elmləri, məntiq və s. sahələrdə tədris etdikləri kitabların çoxu şiə olmayan müəlliflər tərəfindən yazılmışdır. Tarix sahəsində qeyri-şiə olsa da belə etimadlı şəxs tərəfindən rəvayət olunanlara etimad edirlər. Təbəri, İbn Əsir buna bir misal ola bilər. Təəssübkeş olan və tarixi öz nəfsani istəklərinə uyğun olaraq təhrif edən və dəyişdirən şəxslərin tarixi rəvayətlərinə etimad etmədiyinə görə şiəni qınamağın yeri yoxdur.
Şiələrin fiqh kitablarına gəlincə dörd fəqihin (Əbuhənifə, İmam Malik İbn Ənəs, Mühəmməd ibn İdris Şafei, Əhməd ibn Hənbəl) və Əbuhənifənin şagirdi Mühəmməd ibn Həsən Şeybani və b. kimi dörd fəqihdən başqalarının fikirləri ilə doludur. Bəzən hər hansı bir rəydə onlarla razılaşır, bəzən isə razılaşmırlar.
Şiələrin üsuli-fiqhlərinə gəlincə onların hamısı İbn Hacib, Qazı Əduddədin, Sədduddin Təftazani, Amidi və digərləri kimi əhli-sünnə adlandırılanların fikirlərilə doludur. Dəlilə dayananlarla razılaşmış, digərləri ilə razılaşmamışlar.
Yaxın zamana qədər onların kitabları şiə məktəblərində tədris edilməkdə idi”.
İslam məzhəblərini yaxınlaşdırmaq və müsəlmanların vəhdəti barəsində demişdir: "Xüsusən müsəlmanların, ümumiyyətlə, ərəblərin öyrənib tədbirli olmaları vacib olan mühüm bir nəsihət vardır. Bu gün müsəlmanlar 350 milyonluq (indi isə onların sayı 1 milyard 300 milyondur) gücə malikdir. Onlardan 9 milyonu şiə, qalanları isə əhli-sünnədir. Bu isə heç də diqqətə alınmayacaq qədər zəif güc deyildir. Lakin sevgi və birliyin parçalanması, onlar arasındakı rabitənin itirilməsi onların maddi-mənəvi gücünü zəiflətmiş və onlar müstəqilliklərini itirmişlər. Yarımmüstəqil dövlətlər isə hakimiyyətdə müstəqilliyin əsaslarından olan iqtisadi və sənaye müstəqilliklərini itirmiş olurlar. Bütün bunlarla bərabər məzhəb, milli və tayfa ədavətlərinə başları qarışdığı üçün öz işlərinin bu gününü və sabahını dərk etmir, əsas dini vacibatları arxa plana atır, bütün millətlərin istifadə etdiyi mənəvi, dini, ictimai və iqtisadi dəyərləri itirmiş olurlar. Onlardan biri xəyali bir hakimiyyət əldə etdikdə qardaşlarında kin-küdurət yaradır. Mülk, imarət sahiblərinin çoxu başqa adətlərin dalınca gedir, İslam təlimlərinə qarşı çıxırlar. Bu təlimləri zorla yox etməyə çalışır və zənn edirlər ki, dövlət sahibləri onlara meyil edəcək, onlar bununla avropalılara çatacaq və onların gücünü və mədəniyyətini mənimsəyəcəklər”. Nəhayət, deyir: "Siz ey sünni qardaşlar, şiə qardaşlarınıza qarşı çıxdığınız yetər! Bəsdir onları pislədiniz, onlara kin bəslədiniz. Artıq vaxt gəlib çatmışdır, biləsiniz ki, sizi onlardan ayıran 6-cı bəhsdə izah etdiyimiz kimi siyasətdir. Bu gün siyasət sizi və onları məhv etməkdədir. Söz birliyi, düzgün düşüncə və biabırçı təqlidin tərk edilməsi sizə diktə edir ki, onlar sizin din qardaşlarınızdır. Siz ey qələm sahibi olan, ümmətin danışan dili yazıçılar! Nə vaxta qədər şiə qardaşlarınızı haqq və batildə pisləyəcəksiniz?”
Sonra deyir: "Ey şiə qardaşlar, Əhli-Beyt imamı Cəfər ibn Mühəmməd Sadiqin sizə əmr etdiyi kimi sünni qardaşlarınızı ziyarət etməklə onlara sevgi göstərin, onlarla camaat namazı qılın, cənazələrinin dəfn olunmasında iştirak edin, xəstələrinə baş çəkin və qəlblərində sizə qarşı kin yaradacaq hər şeydən çəkinin, ta desinlər ki, Allah Cəfər ibn Mühəmmədə rəhmət eləsin! Gör nə qədər gözəl əshabələr yetişdirmişdir. Əgər onlar bu əxlaqla tanınmasalar, onların bu işi bu sözün deyilməsinə səbəb olmaz.
Ey sünni və şiə qardaşlar, Peyğəmbərinizin hər bir kəslə yumşaq və mülayim davranmaq barəsindəki tövsiyəsini unutmayın, çünki Rəbbiniz sizə təlim etmək və əxlaqınızı paklaşdırmaq üçün Özünün yenilməz Kitabında kəramətli Peyğəmbərinə qeyri-müsəlmanlarla yumşaq və mülayim davranmağı əmr etmişdir: "... Onlarla ən gözəl surətdə mübahisə et. ...”[40] Bundan başqa da açıq-aşkar ayələr vardır. Sizi İslam dairəsinə daxil edən (yəni müsəlman edən) etiqad insafla düşünən şəxsə görə hər birinizin gəldiyi nəticədir[41], haqqında ixtilafda olduğunuz etiqad isə sizin heç birinizin bu dairədən çıxmağınızın səbəbi deyildir və sizi hesaba çəkmək Allaha aiddir. Allah Öz Kitabında Peyğəmbərinə buyurur: "... Onların hesabından sənə bir şey yoxdur. ...[42]”[43] Allah onların hesaba çəkilməsini Peyğəmbərinin öhdəsindən götürüb sizəmi tapşırmışdır? Allahdan istəyirik ki, hamını doğru yola və islahat yoluna çəksin!”
Əgər xətaya yol vermişiksə, yaxud bu nəsihətdə yazdığımıza zidd olan və qəflətdən, yaxud qəzəb və ya hissin coşmasından, yaxud həqiqətin bəyan olunmasının bizi buna məcbur edib əməl üçün olan sözlə müxalifət etməyi bizə aid etməkdən qaynaqlanan bir söz demişiksə, bizim bu yazımızı mütaliə edənlərdən üzr istəyirik. Həqiqətən, insan unutqan və səhv edəndir. Məsum yalnız Allahın qoruduğu şəxsdir. Bizim məqsədimiz yalnız dağınıqlığı bir yerə toplamaq və Allahın istəyi və müvəffəqiyyəti ilə insanlar arasında islahat aparmaqdır. Seyidin müsəlmanların vəhdətinə əhəmiyyət verməsi barəsində bütün qeyd etdiklərimin ən əhəmiyyətlisi onun "Müsəlmanlar arasında dostluq yaratmaq barəsində inkaredilməz həqiqət” adlı qiymətli əsəridir ki, Allah-Taalanın iznilə bu müraciətlə birlikdə onu da konfransa təqdim edəcəyik.
 
TƏƏSSÜBKEŞLİYİ RƏDD EDƏN ÇIXIŞ
Seyid əl-Əmin indi əlimdə olmayan bəzi kitablarında qeyd edir ki, o, Qahirədə əl-Əzhərə getmişdir. Bir şagird ona yaxınlaşmış və soruşmuşdur: "Şiə ilə əhli-sünnə arasındakı fərq nədən ibarətdir?” Seyid ona belə cavab vermişdir: "Şiələr bütün işlərdə Əhli-Beytin yolu ilə gedirlər, sünnilər isə dörd məzhəbə əsasən əməl edirlər”. Həmin şagird soruşub: "Aralarında bundan başqa fərq yoxdur?” Seyid: "Yox!” – deyə cavab verib.
Deyirlər ki, bir nəfər Seyidin yanına gəlmiş və ona demişdir: "Mən cəfəri məzhəbinə daxil olmaq istəyirəm”. Seyid ona şiə və sünni arasında fərq olmadığını izah etdikdə o, qane olmamışdır. Seyid ona demişdir: "De ki, Allahdan başqa ilah yoxdur və Mühəmməd Allahın Elçisidir!” O, bunları dedikdən sonra Seyid ona demişdir: "Sən cəfəri oldun!” Adam təəccüblənmişdir. Başqa bir rəvayətdə deyilir ki, kişi ona demişdir: "Mən bunları əvvəldən də deyirdim”. Seyid ona demişdir: "Sən əvvəldən cəfəri olmusan”.
Müsəlmanların sözünü birləşdirmək və qəlblərini isnişdirmək üçün cihad edənlərdən bir şəxsin: "Artıq xilafət və imamətin mövcud olmadığı bu günümüzdə xilafət və imamətlə bağlı tədqiqatların nə faydası var?” – sualına cavab olaraq demişdir: "And olsun Allaha ki, biz müsəlmanların birləşməsinə, onlar arasında xurafatın yox olmasına çalışmış və çalışmaqda olan ilk insanlarıq. Lakin buna etiraz edənlər yaxşı olar ki, özünü əsrin yazıçısı sayıb "müsəlmanların inkişafı”na çalışan yazıçılara diqqət yetirsin. Onlar müsəlmanların arasına zəhər səpməklə məşğuldurlar. ...” Sonra deyir: "Belə olan halda biz dinimizi və məzhəbimizi, eləcə də qardaşlarımızı əlimizdəki güc və dəlillərlə müdafiə etməyə məcbur deyilikmi?” Seyidin oğlu Həsən əl-Əminin – Allah hər ikisinə rəhmət eləsin! – uzun illər əvvəl atası barədə dediklərinə nəzər salaq. O nəql edir ki, atası belə buyurmuşdur: "Biz başqalarına hücum etmirik və onları öz hallarına buraxırıq. Əgər bizə hücum edərlərsə, özümüzü müdafiə edirik”. Keçmişdə və sonralar şiəyə hücum edənlərə verdiyi cavabları və yazılarının böyük hissəsini "Əyanuş-Şiə” kitabının birinci hissəsinin altıncı mövzusunda çap etdirmişdir. Seyidin öz məzhəbini müdafiə etməsi və məzhəbi barəsindəki iftiraları dəf etməsi yalnız dəlilə əsaslanır. O, hissə qapılıb hücum edənləri təhqir etməmişdir.
 
ƏLLAMƏ SEYİD HƏSƏN ƏL-ƏMİN
Biz rəhbər əl-Əminə həsr olunmuş bu tədbirdə iştirak etdiyimiz bir vaxtda onun böyük oğlu Seyid Həsən əl-Əmin barəsində bildirməliyik ki, Seyid elə bir insandır ki, ona konfranslar həsr edilməlidir. Seyid Həsən əl-Əminə atasnın əsərlərini tamamlamaqda, redaktə edib nəşr etməkdə kömək etməliyik. Ələlxüsus qiymətli "Əyanuş-Şiə” kitabını. Əgər onun güclü əməyi və cəhdi olmasaydı, biz o əsərləri bu gözəllikdə çap etdirə bilməzdik. O, atasının faydalı həyatı boyunca yazdığı bütün əsərlərində ona şərikdir.
İkincisi onun "İslam Kitabxanasına” təqdim etdiyi nəfis qiymətli əsərlərdən ikisi böyük müjdədir. Birincisi, "Əyanuş-Şiənin əlavələri”dir ki, 9-cu hissədə onun haqqında danışmışıq. İkincisi isə vəfatından bir neçə gün əvvəl tamamladığı "Şiə Ensiklopediyası”dır.
"Əlavələr” və "Ensiklopediya” Məşhəd Universitetində Şeyx Tusinin minilliyinə həsr olunmuş konfransdakı iştirakından başlayıb 32 ildən artıq bir dövrdə davam etmiş dostluğun rəmzi olaraq cildbəcild bizə göndərilmişdi. Bu əlaqə ömrünün axırına qədər kəsilməmişdir. Allah ona rəhmət eləsin! Onu atası ilə birgə Öz Cənnətində yerləşdirsin. Amin, ey aləmlərin Rəbbi!
Müəllif: Şeyx Mühəmməd Vaizzadə Xorasani
Mütərcim: Salman Səfəralı oğlu Süleymanov
Müsəhhih: Xəyyam Əliağa oğlu Qurbanzadə
Mənbə: "Risalətut-Təqrib” jurnalı, 37-ci buraxılış, m.2003/h.q. 1424, səh. 37


[1] Ustad Mühəmməd Vaizzadə Xorasaninin Dəməşqdə keçirilən "Rəhbər Seyid Möhsün əl-Əmin” konfransında etdiyi çıxışdır.
[2] c. 10, s. 378-449
[3] s. 387
[4] s. 387
[5] s. 389
[6] s. 391
[7] s. 392
[8] s. 393
[9] s. 393
[10] s. 395
[11] s. 395
[12] s. 396
[13] s. 398
[14] s. 398
[15] s. 400
[16] s. 400
[17] s. 401
[18] s. 401
[19] Məcazi mənada, s. 402
[20] s. 403
[21] s. 404
[22] s. 404
[23] s. 404
[24] s. 406
[25] s. 407
[26] s. 407
[27] s. 408
[28] s. 409
[29] s. 410
[30] s. 411
[31] s. 411
[32] s. 380
[33] s. 382
[34] s. 383
[35] s. 383
[36] "Tövbə”, 101
[37] "Əhzab”; 6
[38] "Əhzab”; 53
[39] "Əhzab”;30-32
[40] "Nəhl”; 125
[41] Yəni imanın əsaslarında fikir birliyi vardır.
[42] "Ənam”; 52
[43] Yəni hər hansı bir şey barəsində onlara görə sən cavabdeh deyilsən və onların etdiklərinə görə sən hesaba çəkilməyəcəksən.



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun