16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

İSLAMDA ƏQLİN YERİ

İlqar İsmayılzadə

(İlahiyyat elmləri doktoru)

"Quran-kərim Elmi Araşdırmalar Mərkəzi”

[email protected]

Açar sözlər: İslam, əql, düşüncə, Quran, hədis

Əql Uca Allah tərəfindən bəşər övladına bəxş edilmiş çox dəyərli və ən üstün olan bir nemətdir. İnsanın digər canlılardan (heyvanlar, quşlar, həşəratlar, ağaclar, bitkilər və s.) üstünlüyü, onu fərqləndirən və ayıran əsas fərq də elə əql adlanan qüvvəyə malik olmasındadır.

İslam təlimlərinə əsasən varlıq aləminin canlılarını aşağıda göstərilən növlərə bölmək olar: 

1. Əql və düşüncəyə malik olduğu halda, nəfsani istəklərdən təcrid olunmuş varlıqlar; Bunun əsas nümunəsi mələklərdir.

2. Əql nemətindən məhrum olan və yalnız nəfsani istək və meyillərə sahib olan canlılar; Bu da ikiayaqlı və dördayaqlıları və s. sürünənlər və digər heyvanları və quşları özündə əks etdirən növüdür.

3. Nəfsani istəklərlə yanaşı əql və dərrakə qüvvəsinə də malik olan varlıq. Bunun əsas nümunəsi isə bəşər övladı olan insandır. İnsan məhz bu xüsusiyyətinə görə bizi əhatə edən aləmin ən üstün və ən dəyərli varlığı sayıla bilər, çünki yalnız heyvani və nəfsani istəklərə malik olmaq kiməsə üstünlük gətirməz. Eyni halda nəfsani istəklərdən məhrum olan əqlli varlıqlar (yəni mələklər) elə də fəzilət sahibi sayıla bilməzlər, çünki onlar zatən malik olmadıqları həvəslərdən birdəfəlik xilas olmuşlar. İnsan isə əql və nəfsani istəkləri arasında özünə mötədil yol seçməklə həm mələklər, həm də heyvanlardan üstün sayıla bilər.

İslami cəhətdən maariflənmə ilə yaxından tanış olan hər bir kəs İslamda əql deyilən ilahi qüvvəyə hansı həddə əhəmiyyət verildiyini çox yaxşı başa düşür. Cürətlə deyə bilərik ki, dinlər arasında heç bir dində İslam dini qədər əql və düşüncəyə xüsusi diqqət yetirilməyib. Həmin diqqət və sayğını İslam dininin iki mühüm və əsas qaynağı sayılan Quran-kərim və Sünnədən əldə etmək mümkündür. Beləliklə də, İslam dinində əqlin yerini və rolunu aydınlaşdırmaq üçün bu yazını qələmə alıb əziz oxuculara təqdim edirəm.

Ümid edirəm ki, bu yazı İslam dinində əqlin yerini bəyan etməklə yanaşı həmin mövzu ilə maraqlanan oxucular üçün faydalı məlumatları təqdim edə biləcəkdir.

 

"ƏQL” SÖZÜNÜN MƏNASI

Burada əqllə bağlı Quran və Sünnənin baxışını təqdim etməmişdən əvvəl "əql” sözünün mənasını aydınlaşdırmaq lazımdır.

"Əql” sözü ərəb sözü olub, lüğətdə "maneə”, həmçinin hər hansı bir şeyi "saxlamaq” və "qarşısını almaq” mənalarını verir[1].

Həmin mənaya əsasən, ərəb dilində həmin sözdən tutulmuş "iqal” ifadəsi dəvənin ayaqlarını bağlayan xüsusi kəndir, "məqil” sözü isə məhbusların qaçmasının qarşısını alan qala və zindan mənalarında işlənir[2].

Əlbəttə, bəzi lüğət kitablarında "əql” sözünün mənası olduğu kimi deyil, əslində onun nəticəsi sayılan "elm”, "cəhalətin ziddi”, "mərifət”, "düşüncə” və "dərk etmək”, həmçinin "xeyirlə şəri tanımaq və onları bir-birindən ayırd etmək” kimi sonrakı mənaları ilə izah edilmişdir[3]. Belə ki, Şeyx Xəlil Fərahidi (vəfatı: 175 h. q.) bununla bağlı yazmışdır: "Əql” cəhalətin ziddidir...”[4]

Şeyx Abbas Qummi isə bu barədə deyilənlərə belə bir açıqlama verir: "Əql” lüğəvi baxımdan "düşünmək” və "bilik” mənasındadır. Bəzi vaxtlar həmin ifadə xeyirlə şəri tanımaq və onları bir-birindən ayırd etmək mənasında da işlənir”[5].

"Qamusul-Quran” əsərində bununla bağlı belə qeyd olunur: "Əql” deyildikdə "düşünmək”, "mərifət” və "dərk etmək” kimi fikirlər nəzərdə tutulur. "Əql” sözü Quranda "düşünmək” və "mərifət” mənalarında işlənmişdir”[6].

Həmçinin "Azərbaycan dilinin izahlı lüğəti” kitabında bu barədə yazılır: "Ağıl is. (ər.) 1. İnsanda düşünmə və dərketmə qabiliyyəti; zəka. // Şüur, idrak... 2. Hafizə, zehin, xatir, yad, yaddaş, fikir...[7]

Lakin əql sözü barədə bu qəbildən olan izahları dolğun və məqbul tərcümə kimi qəbul etmək olmaz, çünki bunlar həmin ifadənin lüğəvi mənasını deyil, əslində onun nəticələrini göstərir. Başqa sözlə desək, bu kimi mənalar həmin sözün əsl lüğəvi mənası deyil, əslində daha çox onun sonrakı nəticələri sayılır. Əvvəlcə qeyd etdiyimiz kimi "əql” sözü ərəb dili lüğətində "maneə”, hər hansı bir şeyi "saxlamaq” və "qarşısını almaq” mənalarını verir.

İnsan malik olduğu əqli ilə özünü xoşagəlməz rəftar və sözlərdən saxladığı üçün ona "aqil” (əql sahibi, əqlli) deyilir. Bütün bunlar sonradan nəticə etibarı ilə "düşünmək”, "mərifət” və "dərk etmək”, həmçinin "cəhalət və nadanlığın ziddi” kimi mənaları özündə ehtiva edir.

Həmin mənalar "əql” sözünün terminoloji mənası kimi təqdim edilə bilər. Belə ki, Rağib İsfahani (vəfatı: 425 h. q.) bununla bağlı yazır: "Əql” ifadəsi elm və biliyi qəbul edən qüvvəyə deyilir. İnsanın batini (daxili) qüvvə ilə faydalandığı elm və bilik də "əql” adlanır”[8]

Həmçinin Əhməd ibn Mühəmməd Fəyyumi (vəfatı: 770 h. q.) bu barədə belə qeyd edir: "Bəziləri deyirlər: "Əql” insanı xitab (söz) mənasını dərk etmək üçün hazırlayan bir qüvvədir”[9].

Bu izahlara əsasən, əql adlanan həqiqətin əsl mənası da aydınlaşır. Əql bəşər övladının malik olduğu ən üstün və ən dəyərli nemətdir. İnsan onun vasitəsilə nalayiq rəftar və sözlərdən uzaqlaşır, cəhalət və nadanlığın əks müqabilində dayanır, həmçinin həyatın hər bir sahəsində bilik, düşüncə və mərifətlə davranır.

Əql mövzusu ilə bağlı araşdırmalarımızı Quran-kərim və hədislər baxımından davam etdirəcək, bu barədə lazım olan izahlar və məlumatlar təqdim olunacaqdır. 

 

ƏQL QURAN-KƏRİM BAXIMINDAN

İslam dini baxımından əqlin yerini aydınlaşdırmaq üçün öncə bu dinin önəmli qaynağı sayılan Quran-kərimə nəzər salmaq lazımdır. Odur ki, məqalənin bu hissəsində əql mövzusunu Quran-kərim baxımından araşdırırıq.

Quran-kərim əql və düşüncə mövzusuna xüsusi diqqət yetirmiş, müxtəlif ayələrdə bu barədə danışmışdır. Bununla bağlı aparılan araşdırmaların ümumi nəticəsi belədir:

1) Müqəddəs Quranda "əql” sözü müxtəlif ifadələri ilə birgə 51 dəfə işlənmişdir.

2) Müqəddəs Quranda "təfəkkür” (düşünmək) sözü müxtəlif ifadələri ilə birgə 21 dəfə işlənmişdir.

3) Müqəddəs Quranda "tədəbbür” (düşünmək, fikirləşmək) sözü 4 dəfə işlənmişdir.

4) Müqəddəs Quranda "Ulul-əlbab” (əql və düşüncə sahibləri) ifadəsi 16 dəfə işlənmişdir.

5) Müqəddəs Quranda "fiqh” (dərk etmək, başa düşmək və düşünmək) sözü müxtəlif ifadələri ilə birgə 19 dəfə işlənmişdir[10].

Bu ayələrdə insanlar müxtəlif mövzularda əqli işlətmək, təfəkkür etmək, şüurlu şəkildə düşünməyə dəvət edilmiş, əql sahiblərinin fəziləti, həmçinin əqlini işlədən (düşünüb anlayan) insanların sayca az olduğundan və həyatda əqlini işlətməyənlərin isə səviyyəsizliyindən danışılmışdır.

Ümumi hesabla müqəddəs Quranda 111 dəfə "əql”, "düşüncə” və "təfəkkür” sözlərindən istifadə edilmişdir ki, bu da az rəqəm sayılmır və eyni halda Quran-kərimin bu mövzuya xüsusi əhəmiyyət verdiyinin göstəricisidir.

Quranda əql və düşüncə ilə bağlı mövcud olan ayələrin sayı çox olduğundan burada onlardan daha önəmli sayılanlarını təqdim edib hər birinin haqqında lazımlı olanların qısa şəkildə izahını qeyd edəcəyik:

 

1. İLAHİ AYƏLƏRİN İNSANLARIN ƏQLLƏRİNİ

İŞLƏTMƏSİ ÜÇÜN GÖNDƏRİLMƏSİ

Müqəddəs Quranın bir sıra ayələrinə əsasən, ilahi ayələrin (Quran-kərimin) nazil olmasında əsas məqsəd insanların onun barəsində düşünməsi və əqllərini işlətməsindən ibarətdir. Bu barədə önəmli ayələr bunlardır:

1. "Allah sizə Öz ayələrini (hökmlərini) bu qaydada aydınlaşdırır ki, əqllərinizi işlədəsiniz”[11]

2. "Həqiqətən, Biz onu ərəbcə (aydın və şəffaf mənaya malik olan) bir Quran olaraq nazil etdik ki, (mənasını) anlayasınız (Quran ayələri üzərində əqllərinizi işlədəsiniz)”[12].

3. "Həqiqətən, Biz əqlinizi işlədəsiniz deyə onu ərəbcə Quran etdik”[13].

4. "Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə, fikirləşəsiniz”[14].

5. "Gör ayələrimizi onlara nə cür izah edirik ki, bəlkə, başa düşsünlər!”[15] 

Həmin ayələrdən nəticə çıxararaq qeyd etməliyik ki, Quran-kərim sonuncu səmavi kitab olaraq yalnız vəfat edən insanların yas mərasimləri və qəbiristanlıqlarda dünyasını dəyişmiş insanlar üçün deyil, əslində dirilər üçün göndərilmiş bir kitabdır. İnsanların bu müqəddəs kitab qarşısında olan ən əsas vəzifəsi onu diqqətlə oxumaq, daim mütaliə etmək, ayələri barədə düşünüb əqllərini işlətməkdən ibarətdir. Təbii ki, bundan sonra həmin ayələrin buyurduqlarını həyata keçirmək və ideal insan həyatına tərəf hərəkət etmək lazımdır. Bu, eyni halda Quran-kərimin əql mövzusuna olan yüksək baxışının göstəricisidir.

 

2. VARLIQ ALƏMİNDƏ ƏQLİNİ İŞLƏDƏNLƏR

ÜÇÜN İLAHİ NİŞANƏLƏRİN MÖVCUDLUĞU

Quranın bəzi ayələrinə əsasən, bizi əhatə edən aləmdə mövcud olan varlıqların hər birində əqlini işlədənlər üçün müəyyən nişanələr vardır. Həmin ayələr aşağıdakılardan ibarətdir:

1. "Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları Onun hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində əqlini işlədənlər üçün (Allahın hikmət və qüdrətinə dəlalət edən) əlamətlər vardır”[16].

2. "O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi (sizin xidmətinizə verdi). Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda əqlini işlədənlər üçün ibrətlər vardır!”[17]

Bu ayələrdə insanların əqllərini işlətməsi və düşünməsi barədə danışılmış, dolayısı yolla varlıqlar aləmində düşünməyə dəvət edilmişdir. Quranın bu kimi ayələrinə əsasən, insanlar varlıq aləminə adət gözü ilə baxmamalı və ətrafda mövcud olanlara (dağlar, düzənliklər, ulduzlar və planetlər, günəş, ay, külək, gecə, gündüz və s.) diqqətlə nəzər salıb əqllərini işlətməli, həmçinin bütün bunların uca və qüdrətli Yaradanını düşünməlidirlər, çünki varlıq aləmi özlüyündə Allahın hikmət və qüdrətinə dəlalət edən ən gözəl və tutarlı sübutdur.

 

3. İLAHİ GÖSTƏRİŞLƏRİ OYUN-OYUNCAQ

SAYMAQ ƏQLİ İŞLƏTMƏMƏYİN NƏTİCƏSİDİR

Quranın söylədiyinə görə, ilahi göstərişlər və həqiqətləri oyun-oyuncaq saymaq əqli işlətməməyin nəticəsidir, çünki insan öz əqli və şüuru ilə ilahi həqiqət və göstərişlər üzərində düşünərsə, onların hansı ülvi hisslər əsasında nazil olduğu və insani keyfiyyətlərə malik olduğunu dərk edəcək, nəticə etibarilə həmin göstərişlərə tabe olmaqla öz səadətini təmin edəcəkdir. Quran-kərimdə oxuyuruq: "Siz (bir-birinizi) namaza çağırdığınız (azan verdiyiniz) zaman onlar (kafirlər və azğınlar) onu oyun-oyuncaq sayarlar. Bu, həqiqətən də, onların əqllərini işlətməyən (anlamaz) bir tayfa olmalarına görədir”[18].

Təqdim edilən ayə inadkar və azğın insanların üzərindən pərdəni götürməklə yanaşı həyatda əql və şüurun işə salınmamasının insan həyatı və səadəti üçün nə qədər acınacaqlı olduğunu da bildirir. Deməli, həmin ayəyə görə əql və düşüncə ilə hərəkət etməmək bəzən insanı küfrə, günah etməyə və azğın yol tutmağa sürükləyir. 

 

4. ƏKSƏRİYYƏTİN ƏQLİ İŞLƏTMƏMƏSİ

Quranda deyilənlərə görə, əksəriyyət və çoxluq haqq və həqiqət meyarı sayılmır, çünki əksər insanlar, adətən öz əqli və düşüncəsi ilə hərəkət etmir, əksinə digər şəxs və dairələrin istəyi və fikri əsasında hərəkətə gələrək müxtəlif mövzularda mövqe nümayiş etdirir.

Quran-kərim dönə-dönə insanları topluma kor-koranə tərzdə itaət etməkdən çəkindirir, əksəriyyəti məzəmmət edərək onların, doğrudan da, haqq yolda olmadığını bəyan edir. Həmin ayələrin birində belə buyurulur: "Həqiqətən, əgər sən (azğın müşriklərdən): "Göydən yağmur endirib quruduqdan sonra onunla yerə təzədən can verən kimdir?” – deyə soruşsan, onlar mütləq: "Allahdır!” – deyə cavab verəcəklər. De: "Bütün təriflər (həmd, səna) Allaha məxsusdur!” Lakin onların əksəriyyəti əqllərini işlətmirlər (dərindən düşünmürlər!)”[19]

Həmin ayəyə əsasən, düzgün yol tutmayan, azğın insanların böyük əksəriyyəti malik olduqları əql və düşüncəni işə salmır və belə məsələlər barədə dərindən düşünmürlər. Bu, eyni halda müxtəlif sahələrdə əqli işlətməyən insanları məzəmmət edərək onları əqllərini işlətməyə və dərindən düşünməyə dəvət etməkdədir.

 

5. ALİMLƏRİN ƏQLLƏRİNİ İŞLƏTMƏSİ VƏ İLAHİ

HƏQİQƏTLƏRİ DÜŞÜNMƏSİ

Bəşər övladının doğru yola yönəlməsi məqsədi ilə nazil olmuş Quran-kərimdə elə bu səbəbdən də bir çox mövzulardan söz açılmış, bədii, elmi, tarixi, əqli və digər müxtəlif mövzulara toxunulmuşdur. Quranın bir ayəsinə görə, bunları yalnız haqq və həqiqəti başa düşən alimlər anlayır və dərk edirlər. Ona görə də buyurur: "Biz bu məsəlləri insanlar üçün çəkirik. Onları yalnız (haqqı) bilənlər anlayarlar”[20].

Bu ayəyə görə Quranda mövcud olan ilahi həqiqətləri yalnız alimlər dərk edirlər. Bunun həmin ayədə alimlərin "əqli işlətməsi” (anlaması və dərk etməsi) ifadəsi ilə bəyan edilməsi Quran-kərimin əqli işlətmək və düşünərək hərəkət etməyə xüsusi əhəmiyyət verdiyini göstərir. Odur ki, həmin ayəyə əsaslanaraq Quran baxımından əql və düşüncənin dəyərini görmək olar.

 

6. ETİKA İLƏ ƏQL ARASINDA OLAN RABİTƏ

İslam dini etika və əxlaq dini olduğundan Quranın bir çox ayələrində əxlaq və ədəb qaydalarından söz açılmışdır. İslam dinini ümumilikdə əxlaq və etika dini adlandırsaq, sözün əsl mənasında səhv etmərik, çünki bu ilahi dinin bütün sahələrdə olan göstərişləri insani dəyərlər və əxlaq normaları çərçivəsində olub insaniyyətə xidmət göstərir. Əlbəttə, tarix boyu İslam dinindən öz maddi və siyasi maraqları üçün sui-istifadə etmiş şəxslər və dəstələrin nalayiq, kobud və qəddar rəftarı heç vaxt İslam dininin dəyərli göstərişləri və baxışları ilə səhv salınmamalıdır.

Quranın bir ayəsində Həzrət Peyğəmbər (s)-ə belə bir xitab edilmişdir: "(Ya Peyğəmbər!) Şübhəsiz ki, səni otaqların arxasından çağıranların çoxusu əqllərini işlətmirlər!”[21]

Əldə olan hədis və rəvayətlərə görə, bu ayə Peyğəmbərlə (s) danışmaq istəyən, amma qapını döymək əvəzinə ədəb-ərkan gözləmədən, etik qaydalara zidd olaraq bayırdan uca səslə Həzrəti (s) səsləyən nadan ərəblər barəsində nazil olmuşdur. Onlar: "Ya Mühəmməd! Ya Mühəmməd! Çıx bayıra! ...” deyə qışqırırdılar...[22]

Bu ayə ədəb və etikadan kənar düşmüş insanları ədəbli olmağa dəvət etməklə yanaşı onların davranış və hərəkətlərindəki ədəbsizliyin əqli işlətməməklə bağlı olduğunu bəyan edir. Həqiqətən də, əqlli insan öz dəyər və səviyyəsinə hörmət edərək buna xələl gətirən hər cür söz və rəftardan çəkinir.

Məlum ayə birmənalı şəkildə ədəbsizliyə yol verənlərin əksəriyyətini əqli işlətməyənlər kimi təqdim etmişdir. Bu isə öz növbəsində ədəb və etika ilə əql arasında mövcud olan xüsusi rabitədən xəbər verir. Həmin ayə eyni halda Quranın əql mövzusuna olan müsbət baxışının göstəricisidir.

 

7. İXTİLAFLARIN ƏSAS SƏBƏBİ ƏQLİ İŞLƏTMƏMƏKDİR

Müsəlmanlar Peyğəmbər (s) həzrətlərinin zamanında daha çox vəhdət və birlik, həm də səfa-səmimiyyət içində yaşayırdılar. Lakin əfsuslar olsun ki, Peyğəmbərin (s) vəfatından sonra bu birlik və səfa-səmimiyyətə ciddi zərbə dəydi. İş o yerə gəlib çatdı ki, vahid ümmət onlarla firqə və məzhəblərə parçalanıb bir-birinin ziddinə çalışdılar. Lakin Quran-kərim dönə-dönə müsəlmanları birliyə dəvət etmiş, bu barədə xüsusi təkid göstərmişdir. Bununla bağlı buyurur: "(Allah tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar”[23].

Digər ayədə oxuyuruq: "Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!”[24]

Təəssüflər olsun ki, Quranın bu qədər şəffaf və təkidli göstərişlərinə baxmayaraq, bu gün də bir-birinə qarşı düşmən kəsilmiş "müsəlmanlar” və hətta bəzi "dini rəhbərlər” mövcuddur. Quranın buyurduğuna görə istər müsəlmanlar, istərsə də qeyri-müsəlmanlar arasında mövcud olan çəkişmə və ixtilafların ən əsas və birinci səbəbi onların əqllərini işlətməməsindən irəli gəlir. Bu barədə belə buyurur: "(Ya Peyğəmbər!) Sən onların (azğın və inadkar kafirlərin) əlbir olduqlarını güman edirsən, lakin onların qəlbləri dağınıqdır (müxtəlifdir). Bunun səbəbi onların, həqiqətən də, əqlini işə salmayan bir qövm olmalarıdır”[25].

Adətən, biz müsəlmanlar həmin ayəyə əsaslanıb inadkar və azğın kafirlərin arasında ciddi ixtilaf və ziddiyyətlər olması barədə danışsaq da, təəssüflər olsun ki, bu gün İslam ümməti zahirdə əzəmətli və möhtəşəm görünməsinə baxmayaraq, daxilən bir-biri ilə zidd və müxalif olaraq həmin ayənin qınaq obyektinə çevrilmişdir. Müsəlmanlar arasında bir-birinin qanını halal bilənlər isə sözün əsl mənasında İslam dünyasının ağrılı yeridir.

Təqdim edilən ayədə ixtilaf və pərakəndəliyin əsas amillərindən biri olaraq əqli işlətməmək və nadanlıq bəyan olmuşdur. Odur ki, müsəlmanlar və xüsusilə də öndə gedənlərin (dini rəhbərlərin) müxtəlif mövzularda əqllərini işlətməsi və dərindən düşünməsi bu acınacaqlı vəziyyətin islah olmasında xüsusi rol oynaya bilər. Bu ayə istənilən sahədə və istənilən kəslər barədə tətbiq edilə bilər, çünki əql və düşüncə olan yerdə boş və əsassız yerə ixtilafa uymaq, çəkişmə və pərakəndəliyə getmək, həmçinin mənasız yerə düşmənçilik etməyə heç bir səbəb ola bilməz.

 

8. ƏQLLƏRİNİ İŞLƏTMƏYƏNLƏRİN MƏZƏMMƏT EDİLMƏSİ

Quranın əql və düşüncə ilə bağlı ayələrinin müəyyən bir qismində həyatın müxtəlif sahələrində əqllərini işlətməyənlər ciddi şəkildə məzəmmət edilmişdir. Quranda buyurulur: "Allah (Özünün öyüd-nəsihətləri, hökmləri barədə) əqlini işlətməyənlərə murdarlıq və kəsafət (küfr və azğınlıq) qərar verər”[26].

Digər ayədə isə daha kəskin tərzdə belə buyurulur: "Şübhəsiz, Allah yanında (yer üzündə) gəzən canlıların ən pisi əqli işlətməyən (haqqı dərk etməyən) karlar və lallardır”[27].

Birinci ayə açıq-aydın şəkildə göstərir ki, əqli işlətməmək murdar və iyrənc nəticələrə gətirib çıxarır. Şübhəsiz, bu ayə həm fiziki, həm də mənəvi murdarlığı özündə ehtiva edir, çünki əql və şüurun işə salınması nəticəsində insan özünü hər növ çirkin və pis əməllərdən qoruyur, həm də mənəvi baxımdan insan məqamına xələl gətirə biləcək küfr, azğınlıq, səviyyəsizlik və s. bu kimi işlərdən uzaqlaşmış olur.

İkinci ayədə isə həyatın hər bir sahəsində əqli işlətməyənlər canlıların ən pisi hesab edilir və həm də kar və lal ifadələri ilə təqdim edilir. Əlbəttə, burada kar və lal deyildikdə fiziki baxımdan eşitmə və danışıq qabiliyyətini itirən insanlar yox, əslində haqqı və həqiqəti dinləməyən və onu dilə gətirməyən səviyyəsiz azğınlar nəzərdə tutulmuşdur.

Həyatda əql və düşüncə əsasında yaşamaq insana xas olan ilahi bir nemətdir. Həm də bu ilahi nemətdən istifadə etmək daşlar, dağlar, ağaclar, bitkilər, heyvanlar və həşəratlar üçün deyil, yalnız insan üçün fərz edilmişdir, çünki əks təqdirdə dünya həyatında bir çox fəsadlar və xoşagəlməz hadisələrin şahidi olacağıq. Bunun mənfi təsiri təkcə həmin şəxslərə deyil, digər insanlara da şamil olacaqdır. Odur ki, dünya həyatında əql və düşüncə çərçivəsindən çıxıb insana müəyyən məqamda xələl gətirən yollara üz tutanlar sözün əsl mənasında bu qəbil məzəmmətlərə layiqdir. Təbii ki, əqlini işlətməyənlərin belə bir tərzdə məzəmmət edilməsi Quran-kərim baxımından əql və düşüncənin hansı üstün məqama layiq olduğunu sübut edir.

 

9. ƏQL SAHİBLƏRİNİN İLAHİ MÜJDƏSİ VƏ ÜSTÜN MƏQAMI

Müqəddəs Quranın əql və düşüncə ilə bağlı buyurulmuş ayələrinin digər bir qismində əql sahibləri üçün xüsusi ilahi müjdə verilmiş, onların malik olduqları üstünlüklərdən danışılmışdır. Belə ki, buyurulur: "(Ya Peyğəmbər!) Bəndələrimə müjdə ver! O kəslərə ki, hər cür sözləri dinləyir, lakin onların ən yaxşısına tabe olurlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Əql sahibləri də elə onlardır!”[28]

Bu ayələrə əsasən əql və düşüncə sahibləri müxtəlif mövzularda hər növ söz, fikir və ideyanı dinləyir, daha sonra onların daha yaxşısı və daha üstün olanına tabe olurlar. Bu, ilahi müjdə, həm də ilahi tərifə layiq olan bir hərəkətdir. Lakin tarix boyu bir çoxları istənilən hər hansı bir sahədə bütün sözləri dinləmir, nəticə məqamında isə xalq və ya alimlər arasında daha məşhur olana itaət etmiş və etməkdədir. Bu da Quranın həmin ayələri ilə tam mənada ziddiyyət təşkil edir. Ayənin son hissəsində bu insanların tərifləndikdən sonra "əql sahibi” kimi təqdim edilməsi Quranın əql və düşüncəyə verdiyi xüsusi əhəmiyyəti göstərir.

Quranın əql və düşüncə ilə bağlı çoxsaylı ayələrini nəzərdən keçirərkən insanın nəzərini cəlb edən əsas məsələlərdən biri Allah-Taalanın bu səmavi kitabın heç bir ayəsində günahkar, nadan, kafir və azğın insanlar barədə "əqlsiz” ifadəsini deyil, "əqli işlətməyənlər” sözünü işlətməsidir, çünki fiziki baxımdan sağlam olan hər bir insan əql və şüura malikdir. Burada əsas məsələ onun həyatın müxtəlif sahələrində işə salınıb-salınmamasından ibarətdir[29].

Ümumiyyətlə, müqəddəs Quranın əql və düşüncə ilə əlaqədar ayələrini nəzərdən keçirməklə bu səmavi kitabın həmin mövzuya çox böyük, həm də xüsusi tərzdə əhəmiyyət verdiyini, habelə əqllə hərəkət etməyi və hər işdə əqli işlətməyi olduqca dəyərli və üstün saydığını görmək mümkündür.

(ardı var)



[1] "Möcəmu məqayisil-lüğət”, Əhməd ibn Faris, s. 647, "Kitabul-eyn”, Şeyx Fərahidi, 2/1253, "əs-Sihah”, Şeyx Cövhəri, s. 1320, "Əsasul-bəlağə”, Şeyx Zəməxşəri, s. 310, "Müfrədatu əlfazil-Quran, Rağib İsfahani, s. 578

[2] "Müfrədatu əlfazil-Quran, Rağib İsfahan, s. 578

[3] "Kitabul-eyn”, Şeyx Fərahidi, 2/1253, "əl-Misbahul-münir”, Şeyx Fəyyumi, 2/423, "əd-Dürrün-nəzim fi luğatil-Quranil-Əzim”, Şeyx Abbas Qummi, s. 169, "Qamusul-Quran”, Seyid Qürəşi, 5/28

[4] "Kitabul-eyn", Şeyx Fərahidi, 2/1253

[5] "Əd-Dürrün-nəzim fi luğatil-Quranil-Əzim”, Şeyx Abbas Qummi, s. 169

[6] "Qamusul-Quran”, Seyid Qürəşi, 5/28

[7] "Azərbaycan dilinin izahlı lüğəti”, 1/58

[8] "Müfrədatu əlfazil-Quran, Rağib İsfahani, s. 577

[9] "Əl-Misbahul-münir”, Şeyx Fəyyumi, 2/423

[10] Bax: "Əl-Möcəmül-müfəhrəs liəlfazil-Quranil-kərim, Əbdülbaqi, s. 594-595,  650, 320, 761 və 650

[11] "Bəqərə”, 242

[12] "Yusif”, 2

[13] "Zuxruf”, 3

[14] "Bəqərə”, 219

[15] "Ənam”, 65

[16] "Bəqərə”, 164

[17] "Nəhl”, 12

[18] "Maidə”, 58

[19] "Ənkəbut”, 63

[20] "Ənkəbut”, 43

[21] "Hücurat”, 4

[22] "Təfsirul-Quranil-Əzim”, Şeyx Əbuhatəm Razi, 10/3202/18607, "ət-Tibyan fi təfsiril-Quran”, Şeyx Tusi, 9/340, "Təfsiru Əbilfütuh Razi”, 18/10-11, "Təfsirul-Quranil-Əzim”, Şeyx İbn Kəsir Dəməşqi, 4/222-223

[23] "Ali-İmran”, 105

[24] "Ali-İmran”, 103

[25] "Həşr”, 14

[26] "Yunus”, 100

[27] "Ənfal”, 22

[28] "Zümər”, 17-18

[29] Bax: "İlahi Sirlər” (Quran-kərimin Azərbaycan dilində tərcüməsi və qısa təfsiri), İlqar İsmayılzadə, s. 268 



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun