15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

FİQH SAHƏSİNDƏ FİKİR AZADLIĞI

İSLAMDA FİKİR AZADLIĞI ƏTRAFINDA DÜŞÜNCƏLƏR

Azadlığın insan varlığında, onun insanlığının anlamında, düşüncəsinin formalaşmasında, iradə və taleyində köklü rolu vardır. Bu azadlıqlar ab-havasında onun gücü inkişaf edir, fikri və şüuru dərinləşir, taleyi sağlam xətt üzərində hərəkət edir. Halbuki kölə vəziyyətində və təzyiq altında güc zəifləyir, düşüncə durğunlaşır, şüur dayazlaşır və tale sarsılır.

 

HÜRRİYYƏT SAHƏSİNDƏ HƏRƏKƏT

İradə azadlığı mövzusu kimi düşüncə azadlığı mövzusu da insanın mədəni, elmi və siyasi hərəkətlərinə təsir edən mövzulardandır. Ona görə də tarix boyunca bu hisslər insanı düşüncə və həyatında boğmaq istəyənlərlə mübarizəyə vadar etmişdir. İnsan azadlığı uğrunda gedən müharibələr bir tərəfdən qadağa və təzyiqlərlə dolu, digər tərəfdən qurbanlarla yadda qalan müharibələrdən olmuşdur. Əgər İslam dini həyatda varlığını və hərəkətliliyini davam etdirmək, insan reallığında öz hərəkətliliyini dərinləşdirmək istəyirsə, hürriyyəti bütün sahələrdə inkişaf etdirə bilmək üçün onun yollarını qoruyub saxlamalı və onun daxilində yaranan bütün suallara, ələlxüsus beynəlxalq mübarizə sahəsində, fikri və siyasi azadlıqda və insan hüquqları istiqamətində müxtəliflik dairəsində qarşıya çıxan bütün suallara cavab verməlidir. Məhz bunun sayəsində hazırkı əsrin zəngin insan fəaliyyətinə daxil ola bilər. Əks halda hərəkətsiz qalacaq, suallara cavab verə bilməyəcəkdir. Fikrimcə, reallıqla üzləşməsək, insanın mədəni hərəkatında çətin ki böyük mütərəqqi mövqe tuta bilək. İnqilabi hərəkatda, siyasi reallıqda və bəzi fikir mübadiləsində uğur qazanmaq və qələbə çalmaq bizim üçün kifayət deyildir. Bəlkə, insanların ehtiyaclarını, problem və çətinliklərini öhdəmizə götürməliyik ki, onları öz düşüncəmizə cəzb edə bilək və öz meydanlarımızda onlara pənah verə bilək, çünki reallıq başlanğıcda böyük başlıqlarla bizə təsir edir. Lakin insan öz həyatının təfsilatında həyatı ehtiyacları ilə qarşılaşdıqda onu əldə edə bilmək üçün möhkəmcə dayanır, çünki insan həmişə inqilab, şücaət və təlatüm halı yaşamır. Bəlkə, öz varlıqlarındakı reallıqda insanlıqlarının partlamasını və iradənin onun daxildə və xaricdə hürr olmasının qarşısını alan təzyiqlərdən azad olmasını istəyirlər. Nəticədə belə bir sual ortaya çıxır: Siz insanları heqemonluğun hakimiyyətindən azad etdiniz. Görəsən, onları insaniyyətlərini soran daxili zülmdən də azad edə bildiniz?! Onları cəhalət, gerilik, aclıq, məhrumiyyət, fikri, psixoloji və əməli təzyiqdən qurtara bildinizmi?!

Əziz dostlar, qorxuram ki, İslam inqilab gücümüzü göstərməklə kifayətlənməkdə aşağıdakı misraların müəllifi olan şairin yolu ilə getmiş olaq:

"Əmr ibn Gülsümün dediyi qəsidə

Bəni-Təğəllüb tərəfindən nə qədər də hörmət qazandı!”

 

HÜRRİYYƏT İNSANIN VARLIĞIDIR

İndi isə bu barədə bir qədər ətraflı söhbət açaq... Biz İslamı insan probleminin həlli kimi təqdim etməliyik. İslamı insan şəxsiyyətində fikri və qanunverici elementlər kimi göstərməliyik. İntibah dövrünün filosoflarının yüksəldiyi üslublar kimi göstərməməliyik. Bu mütəfəkkirlər İslam düşüncələrini qərb düşüncələri ilə uyğunlaşdırmağa çalışmış, bəzi islami mətnləri də bu istiqamətdə yozmuşlar. Müəyyən bir fikir, yaxud xüsusi bir məzhəbə yardım etmək üçün Quran və hədisin təvilində (yozumunda) bunu müşahidə edirik.

Biz istəyirik ki, İslamdakı fikri və fiqhi elementlərlə məsələyə azad ab-havada yanaşaq.

Bu mövzu ilə əlaqədar təsdiq etmək istədiyimiz birinci fikir odur ki, hürriyyət insanın varlığıdır və onun həyatında əsas prinsipdir. Allah insanı hürr və azad yaratmış, kainat və digər insan qarşısında öz gücünü könüllü olaraq ortaya qoymasını istəmişdir. Lakin eyni zamanda ondan istəmişdir ki, insan öz azadlığını özünə və başqalarına, eləcə də ümumi nizama zərər verməyəcək şəkildə hərəkət etdirsin.

Buna görə də insan həyatı ilə bağlı ikinci dərəcəli müfəssəl problemləri İslama görə müalicə edən fiqhi istiqamətdə, habelə insan həyatına reallığın mənfi və müsbət təsiri istiqamətində islami düşüncələri öyrənməyə çalışacağıq.

Fəqihlər bu məsələ ilə bağlı birbaşa və ya dolayı şəkildə iki fiqhi yanaşma ortaya qoymuşlar.

Onlardan biri "kütübi-zəlal”ın (yol azdıran kitabların) qorunub saxlanması, digəri isə əmrun bil-məruf və nəhyun ənil-münkərdir. Onlar bildirirlər ki, "kütübi-zəlal” insanların əqidə və davranışlarında zəlalətə düşməsilə nəticələnən öz fikri məzmununda insani müvazinət xətti üçün təhlükəlidir. Buna görə də mühafizənin bütün formaları ilə onların qorunub saxlanması haramdır. Əgər bu kitablardakı məsələ sapdırıcı məzmun məsələsidirsə, deməli, bu istiqamətdə bütün hərəkətlər qadağandır. Yəni bu kitabların dilindən çıxış etmək, onları səhnələşdirmək, onların tamaşasını göstərmək, təsvirini çəkmək, öz fikri dəlalətlərində və mənfi təlqinlərində digər ifadə vasitələrindən istifadə etmək haramdır. İslam çərçivəsində mütəfəkkirlərə öz yazı və məqalələrində, natiqlərə öz nitqlərində, yazıçı və şairlərə hekayə və şeirlərində, aktyorlara öz tamaşalarında, rəssamlara öz tablolarında azadlıq vermək olmaz, çünki bunlar doğru yoldan zəlalət və sapqınlığa gətirib çıxarır. Fəqihlər deyirlər ki, nəhyun ənil-münkər hər bir müsəlman kişi və qadına vacibdir ki, ta münkər (pislik) həyatda kökündən qoparılıb atılsın. Həqiqətən, mədəni və bədii zəlalət pisliyin (münkərin) ən aydın faktlarından biridir. Bunu müxtəlif sıxışdırıcı vasitələrlə (yollarla) dəyişdirmək və aradan götürmək labüddür ki, insanları onun (yəni münkərin) ağır nəticələrindən uzaqlaşdıra bilək. Belə olduğu halda bu iki başlığın ("kütübi-zəlal”ın qorunub saxlanmasının haram olması və əmrun bil-məruf və nəhyun ənil-münkərin vacib olması başlıqlarının) qarşısında düşüncə azadlığı məsələsinə necə yanaşmalıyıq?

 

"KÜTÜBİ-ZƏLAL”IN QORUNUB SAXLANMASININ

İŞKALLI (ŞÜBHƏLİ VƏ NAMƏLUM) OLMASI[1]

Bu fəqihlər "kütübi-zəlal”ın qorunub saxlanması ilə bağlı qadağanedici hökmün dəlil-sübutlarına işarə edərək qeyd edirlər ki, əvvəla əql fəsadın maddəsinin, yəni onun əsasını təşkil edən əlamətlərin aradan qaldırılmasına hökm edir, çünki Şarenin (Qanunvericinin) Öz hökmləri üçün qoyduğu əsas meyarın əql tərəfindən idrak edilməsi yolu ilə əql və şəriət arasında uyğunluq və bir bağlılıq (mülazəmə) olduğuna görə əqli hökm şəri hökmü ortaya çıxarır. Buna görə də bu məsələdə müəyyən bir nəticəyə gəlib haram hökmünü verməyə və fikri əməli fəsadı ortaya çıxaran hər hansı bir amili kökündən kəsməyə məcburuq. Onun inkişaf etməsinə və yayılmasına fürsət verə bilmərik.

Lakin biz burada yasaqetmə hökmünün (təhrimi hökmün) əqlə nisbət verilməsindəki bu sözdən çəkinməyin mümkünlüyünü mülahizə edirik, çünki əqlin hökmü iki dairədə hərəkət edir: "ədalət və zülm”, "itaət və məsiyət (üsyan)”. Fəqihlər qeyd etmişlər ki, ədalətin gözəlliyinə və zülmün çirkinliyinə hökm etmək "müstəqillati-əqliyyə”dən ("şəriətə ehtiyac olmadan əql vasitəsilə dərk edilə bilən hökmlər”dəndir) ki, müstəqillati-əqliyyə insanın işlərində (əməllərində) hər bir gözəl işin gözəlliyini və hər bir qəbih işin qəbahətini bu iki başlıqla izah edir. Fəqihlər həmçinin qeyd etmişlər ki, əql tabeçiliyi vacib olan Mövlaya itaət etməyin gözəlliyinə (yaxşılığına) və Ona üsyan etməyin qəbahətinə hökm edir.

Birinci dairədə mülahizə edirik ki, əql əməli fəsadla məşğul olmağın çirkinliyinə (qəbahətinə) hökm edir, lakin reallıqda onun maddəsinin kökünün kəsilməsinə hökm etmir.

Bu, sonda fəsadla nəticələnəcək hər bir şeyin məhv edilməsi deməkdir. Əgər bu sübuta yetərsə, onda belə təsəvvür olunmalıdır ki, Allah kainatda zülm və fəsadın ortaya çıxmasına səbəb olan bütün maddələri və digər insanlara zülm edən bütün insanları gərək yaratmayaydı. Lakin Allah bütün bunların hamısını yaratmışdır, çünki insanın çirkin seçimi ilə insan iradəsi bundan sui-istifadə yönündə hərəkət etmədikcə bu cür mövcudların varlığı təbiət etibarilə mənfi nəticələr yaratmır.

İtaət və məsiyət (günah) məsələsinə gəlincə bunun öz-özlüyündə (fəsadın) maddəsinin varlığı ilə heç bir əlaqəsi yoxdur. Əksinə, o (yəni itaət, yaxud məsiyət), ədalət və zülm məsələsi kimi Allahın əmrləri və yasaqları qarşısındakı hərəkətində insanın əməli yönü ilə əlaqədardır.

Yasaq etmənin (təhrimin) dəlilləri ilə bağlı aşağıdakı ayəni qeyd edirlər: "İnsanların içərisində eləsi də vardır ki, nadancasına (yəni hər hansı bir elmi dəlilə dayanmadan başqalarını) Allahın yolundan (Qurandan) sapdırmaq (azdırmaq) və bu minvalla Onu (yəni Allahın yolunu) məsxərəyə qoymaq üçün əyləndirici əsassız və faydasız sözləri ("ləhvül-hədis”i) satın alır. Məhz belələrini alçaldıcı bir əzab gözləyir!”[2] Deyirlər ki, "kütübi-zəlal” və onun növlərinə şərait yaratmaq öz məzmunu ilə reallığı zəlalətə doğru çəkir. Ayə bu məsələdə şiddətli əzabın olduğunu göstərir. Lakin bu ayədə diqqəti çəkən odur ki, hadisə məzmunun təbiəti ilə bağlı deyil, əksinə məqsədyönlü şəxsi ünsürlə bağlıdır. O şəxsi ünsür ki, insanlarla Allah arasında müxtəlif maneələr yaratmaq yolu ilə sapqınlıq hasil olsun deyə onları haqdan ayırmaq və Allah kəlamına qulaq asmaqdan uzaqlaşdırmaq məqsədilə insanları zəlalətə məruz qoymağı hədəf olaraq seçmişdir.

Ayənin nazil olmasının səbəbi də bunu təsdiq edir. Ayənin nazil olmasının səbəbindən danışan qissədə Məkkədə islami dəvətin ilk dövründə bəzi insanların Kəsra və Qeysər söhbətləri haqqında danışdıqları barədə fikirlər söylənilir. Onların məqsədi bu idi ki, Həzrət Mühəmmədin İslama dəvətdəki söhbətində insanları Allah kəlamına qulaq asmaqdan yayındırsınlar və onlar da bu səbəblə Peyğəmbəri (s) qəbul etməsinlər.

Dəyişikliyin amillərinə tabe olan məsləhətlərin və fəsadların təbiətinin dəyişilməsi, həyat və insan reallığında inkişaf edən vəziyyətlərin ortaya çıxması ilə hökmlər də dəyişir. Öz məzmununda ayənin dairəsini bu qissə ilə məhdudlaşdırmaq istəmirik, çünki dedikləri kimi "movrid” (hadisə, mövzu) "varid”i (o hadisə ilə əlaqədar ortaya çıxan hökmü, ayəni) xüsusiləşdirmir. Belə ki, Quran nazil olduğu münasibətdə donub qalmır, əksinə bu münasibətə oxşayan və uyğun olan bütün hadisələrdə davam etsin deyə gecə-gündüz, Ay və Günəş hərəkət etdiyi kimi Quran ayələri də hərəkət edir. Özünün ümumi xəttində ayədən belə bir fikir başa düşülür ki, ayə zəlalət yaratmaq niyyətilə sapdırıcı vasitələr ortaya çıxarmaq üçün əməli baxımdan hərəkət edən o insanların şəxsiyyətinə diqqəti cəlb edir. Məsələ öz addımlarını şər məqsədə doğru atan məqsədli ünsür yolu ilə zəlaləti istiqamətləndirmədə onların hərəkətliliyi ilə bağlıdır. Ayənin münasibətindəki zəlalətlə heç bir əlaqəsi olmayan məzmun yönü ilə bağlı deyildir.

Buna görə də qəsd/niyyət və hərəkətdə mənfi nəticələrlə heç bir əlaqəsi olmayan digər məqsədlər üçün bu maddələrin (əsasların) hazırlanmasının formasına şamil olmur. Beləliklə, biz onu da bildik ki, fikir hürriyyətinin yalnız tətbiqi, "kütübi-zəlal”ın nəşr olunması onunla mübarizə aparan İslam mədəni hərəkatının varlığı ilə reallıqda zəlalətin ortaya çıxması ilə nəticələnmir. Əksinə – onun əvəzinə – mübarizə meydanında fikri zəlalətə məğlubiyyətində islami fikri gücə bir növ güc bəxş edir.

Sənə bunun yasaq edilməsi barəsində icmanın olduğu barəsində danışacaqlar. Lakin şiə müsəlmanların məzhəbində icmanın heç bir əsası yoxdur. Şiə məzhəbində icma Məsumun qövlünü (sözünü), yaxud felini (işini), yaxud da təqririni kəşf etdiyi ölçüdə mötəbərdir. Onun bizim bu məsələmizə heç bir aidiyyəti yoxdur, çünki icma edənlərin istidlalda qeyd olunmuş yönlərə istinad etmə ehtimalı vardır. Belə olduqda icma heç bir dəyəri olmayan "icmai-mədrəki” olur ki, belə bir icmanın dəyəri yalnız dəlilinin dəyəri ölçüsündədir[3].

Bu, icmanın öz-özlüyündə sübuta yetməməsinə əlavə olaraq söylənən fikirdir.

Sənə "Tuhəful-Üqul” kitabının müəllifinin İmam Cəfər Sadiq əleyhissəlamdan rəvayət etdiyi bir rəvayət haqqında danışacaqlar. O rəvayətdə deyilir: "Həqiqətən, Allah sırf fəsad törədən, küfrü, yaxud haqqı zəiflədən qapını qüvvətləndirə biləcək hər bir işi və sənəti haram etmişdir. Belə işlərin alış-verişi də haramdır!” ... Lakin bu rəvayət zəif bir rəvayətdir. Ona dəlil kimi əsaslanmaq olmaz. Əlavə olaraq deməliyik ki, sapdırıcı fikrin elanına və nəşrinə azadlıq vermək sırf fəsadın yaranması, yaxud haqqın zəifləməsi, yaxud küfrün qüvvətlənməsi ilə nəticələnmir, əksinə ətrafında mübahisə doğurduğuna və əleyhinə ümumi rəy istiqamətləndiyinə görə mədəni ab-havanın hazırlanması üçün qarşılaşmada mübarizənin ortaya çıxması ilə nəticələnir, çünki biz sapdırıcı fikrin mütləq hürriyyəti haqqında danışmırıq, əksinə bir çox gerçək qaydalara sahib olan və bu fikrin əks islami fikirlə qarşılaşması üçün üfüqlər açan böyük əhəmiyyəti olan hürriyyət haqqında danışırıq.

 

ƏMRUN BİL-MƏRUF VƏ NƏHYUN ƏNİL-MÜNKƏR

Əmrun bil-məruf və nəhyun ənil-münkər məsələsinə gəlincə bu, əqidəvi, yaxud əməli münkəri (pisliyi) təmsil edən sapdırıcı fikrə onun mövqelərini dağıdacaq, gücünü zəiflədəcək, yaxud dəlilini gücdən salacaq yolla qarşı durmağı vacib edir.

Onun zəif nöqtələrini ortaya çıxaran nəşri bəzən onun məhvi üçün ona təzyiq göstərməkdən daha münasib olur. Həmçinin münkərin reallıqdan uzaq olduğunu göstərməklə dəyişdirmək bəzən fikri üslubla və onunla güclü və onun əsassızlığını sübuta yetirən dəlillərlə mübarizə aparan mədəni vasitələrlə olur ki, bu da insanların onlardan uzaqlaşmasında bəzən daha çox təsirli olur, onu inkar etməkdə mənfi üslubla kifayətlənmir, əksinə ondan təsirlənməməkdə müqavimət bəxş edən müsbət bir üslubla hərəkət edir. Bu adi vəziyyətdə belədir. Əks fikrin yayılmasının və onun azad hərəkətinin İslam üçün öz mövqelərində təhlükəli olduğu qəfil ortaya çıxan vəziyyətlər yarana bilər. Belə ki, müxtəlif təsiredici şərtlər fikir gücü və onun aktivliyi sahəsinə yox, siyasi, hissi və təhlükəsizlik vəziyyətlərinə və iqtisadi şərtlərə daxil olan xarici amillər yolu ilə qeyri-təbii şəkildə İslam xəttini əhatəyə ala bilər.

Təhlükə törədəcək qəfil ortaya çıxan halları istisna etməklə fiqhi dəlillər prinsip olaraq əks düşüncəyə hürriyyət verilməsinə mane olmur.

Təbii həddən xaric olan bu vəziyyətlərdə məsələ – özünün qəfil ortaya çıxan şərtlərində – təhlükə vəziyyəti ilə qarşılaşır. Bu da ümumi sabitliyi qorumağa vadar edir, çünki bu bütünlüklə İslam və müsəlmanlarla maddi düşmənçilikdə təzyiq göstərən məsələyə bənzəyir. Axı hər bir prinsipin, yaxud dinin təhlükəni misli ilə rədd etməklə düşmənə qarşı özünü müdafiə etməyə haqqı vardır.

Fiqhi baxımdan fikrin xülasəsi budur ki, təhlükə törədəcək qəfil ortaya çıxan hallar istisna olmaqla, fiqhi dəlillər prinsip olaraq əks düşüncəyə hürriyyət verilməsinə mane olmur. Bəlkə, ola bilsin, sonradan ortaya çıxacaq müsbət nəticələr etibarilə burada bu hürriyyətlərin verilməsini leqallaşdıran bəzi mədəni siyasi hallar da mövcuddur.

"Hədaiq” kitabının müəllifi Yusif Bəhrani kimi bəzi böyük fəqihlər haqqında deyilir ki, fəqihlərin "kütübi-zəlal”ın qorunmasının haram olmasına gətirdikləri dəlillər təxmini etibari dəlillərdir. Hər hansı bir şəri hökmə əsas olması doğru deyildir, məsələ barəsində isə, ümumiyyətlə, icma yoxdur.

"Kütübi-zəlalın qorunub saxlanması” haqqında söhbətə son olaraq qeyd etmək istəyirik ki, fəqihlər bu qadağanedici hökmə cavab vermək üçün qoruyub saxlamaq, yaxud onun kimi bəzi istisnalar qoymuşlar. Şeyx Mürtəza Ənsari "Məkasib” kitabında bu məsələni qısa şəkildə belə ifadə etmişdir: "Bir sözlə, qoruyub saxlamağın faydaları çoxdur!”

Buradan anlayırıq ki, fəqihlər bu məsələ ilə prinsip etibarilə kəskin davranmamışlar. Lakin onlar mədəni təhrif hərəkatının sərbəstliyində mənfi nəticələrinin ciddiliyinə diqqət yetirmişlər. Buna görə də məsləhət fəsaddan daha qüvvətli olduğu, belə ki, mübahlıqda məsləhət yönü haramlıqda fəsad yönünə üstün olduğu hallarda qadağan etməkdən kənarda durmuş və bunu mübah saymışlar. Bu da "məsləhətlər və fəsadların meyarları arasında təzahüm (bir-birini sıxışdırma)” qaydasından qaynaqlanır. Bu qaydada əql daha əhəmiyyətlinin (əhəmmin) mühümə üstün olmasına hökm edir. Beləcə daha qüvvətli hökmün məsləhəti üçün daha zəif hökm dondurulur.

Bunun işığında deyə bilərik ki, məsələ şərtlərin inkişafına, məsləhətlərin və fəsadların dəyişikliklərinə bağlı olaraq qalır ki, bu da ona bağlı olaraq şəri hökmlərin dəyişməsi ilə nəticələnir. Lakin əsas olan budur ki, hökmlər dəyişilmə amillərinə tabe olan məsləhətlərin və fəsadların təbiətinin dəyişilməsi, həyat və insan reallığında inkişaf edən vəziyyətlərin hərəkəti ilə dəyişir.

Müqəddəs Qum şəhərində "İslamda Düşüncə Azadlığı” ətrafında "Tövhid” jurnalının ilk fikri yığıncağında S.M. Fəzlullahın bədahətən söylədiyi mühazirə

Tərcümə: Salman Süleymanov



[1] İzah: Fitvada "işkal”ın olması məsələdə işin şübhəli və haqqın naməlum olmasıdır. Əgər bir məsələdə mərcə üçün işkal olarsa, müqəllid ya ehtiyat etməli, yaxud da başqa bir mərcənin fitvasına müraciət etməlidir.

[2] "Loğman”, 6

[3] İcmai-mədrəki hər hansı bir məsələdə istinad edilməsi mümkün olan dəlilin varlığı ilə fəqihlərin bu barədə fikir birliyindən ibarətdir. İcmai-mədrəki icmai-təəbbüdinin müqabilindədir və alimlərin haqqında dəlil və ya bir "əsl” olan və icma edənlərin o dəlilə və ya "əsl”ə öz fikirlərinin "mədrək”i (dəlili) olaraq istinad etdikləri bilinən və ya ehtimal verilən bir məsələdə ittifaqından ibarətdir. İcmai-mədrəkinin heç bir etibarı və dəyəri yoxdur, çünki onun höcciyyəti onun mədrəkinin (dəlilinin) etibarına bağlıdır. Yəni mədrəkin əslinə və hökmün istinadına müraciət edilməlidir. Mədrək etibarlı olduqda ona əsasən əməl edilməlidir. "Fərhəngnameyi-Üsuli-Fiqh”, s. 95



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun