16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN NADİR MİRVARİLƏR

QİNA (MAHNI) VƏ MUSİQİ HALAL İLƏ HARAM ARASINDA

Bu günlərdə müxtəlif növ musiqilər və ifalar çoxalmışdır. Bunları müxtəlif radio və televiziya kanalları vasitəsilə dinləyirik. Hətta bir çox reklamlar dinləyicilərə daha çox təsir etsin deyə musiqi və mahnı ilə verilməkdədir. Bu baxımdan da musiqi və mahnının şəri hökmü ətrafında daim suallar ortaya çıxır. O, halaldır, yoxsa haramdır? Musiqinin, o cümlədən klassik, ürfani və dini nəğmələrin hökmü nədir?

QİNA VƏ MUSİQİNİN MÖVZUSUNA DAİR AÇIQ-AŞKAR FİQHİ RƏY VARDIRMI?

Seyid Fəzlullah cavabında bildirir ki, qinanın haram olmasında bir əsas kimi söykənilən fiqhi nəsləri (şəri mətnləri) öyrəndiyimiz zaman onların aşağıdakı ayələri dəlil kimi ortaya qoyduqlarını görürük: "İnsanların içərisində eləsi də vardır ki, nadancasına (yəni hər hansı bir elmi dəlilə dayanmadan başqalarını) Allahın yolundan (Qurandan) sapdırmaq (azdırmaq) və bu minvalla onu (yəni Allahın yolunu) məsxərəyə qoymaq üçün əyləndirici əsassız və faydasız sözləri (yəni "ləhvül-hədis”i[1]) satın alır. Məhz belələrini alçaldıcı bir əzab gözləyir!”[2],"Qövluz-zur[3]dan çəkinin!”[4] Bu ayədə də "qövluz-zur”, yəni "batil söz” qinanın təsdiqi (misdaqı) kimi təfsir olunur. Bəzi hədislər vardır ki, qina batil yerinə qoyulur. ...

Seyid sözünə davam edərək deyir: "Biz bundan belə başa düşürük ki, qina və musiqi haqqındakı şəri hökm aşağıdakı başlıqlardan qaynaqlanır:

– qina melodiyası (ləhni və nəğməsi) və məzmunu baxımından Allahı zikr etməyə mane olur,

– və təhrikedici ünsürlərə açılış yaradır. ...

Lakin biz görürük ki, hissləri təhrik etməyən, insanı öz təbii halından çıxarmayan və şəhvətə təhrik edən bəzi məzmunları ehtiva etməyən musiqinin deyilmiş prinsiplərə əsasən halallığına hökm verə bilərik. ...

Klassik musiqiyə gəlincə əgər bu müstəvidə olarsa, o, halal hesab oluna bilər. İnsana ruh yüksəkliyi və ruha qida verən təsviri epik musiqilər və bunlar kimi digər musiqi növləri də halaldır. ...

Ola bilsin ki, fisq əhlinin (günahkarların) melodiyaları ilə uyğun gələn və əyləndirici olan haram qina haqqında danışan fəqihlər qinanın haram olmasında bu yönü nəzərdə tutmuşlar. ...”

Seyid göstərir ki, Molla Möhsün Kaşani kimi bəzi fəqihlər qinanın haram olmasını onun melodiyası (ləhni) ilə yox, məzmunu ilə əlaqələndirirlər. Lakin əksər fəqihlər bununla razılaşmırlar. Biz qina məsələsini araşdırdıqda görürük ki, onun təsiri melodiyasından qaynaqlanır. Məzmun müəyyən rol oynasa da, əsas olan melodiyadır. ...

Seyid bu məqama ehtiyatla yanaşır və Kaşaninin fikrinə şərik çıxır. Yəni qina (mahnı) Peyğəmbər təriflərini və ürfani şeyləri ehtiva edərsə, yaxud ruhu lərzəyə gətirən təcvidlə oxunan Quran olarsa, bu, melodiya və məzmunun ahəngini yaratdığı üçün əyləncə və batil hesab edilə bilməz. Belə ki, bu, adi şəkildə çatdırıldığından fərqli olaraq mənanı ruhun dərinliyinə daha çox nüfuz etdirir. ...

Ürfani (təsəvvüfi) qəsidələrin oxunması haqqında Seyid deyir ki, əgər qəsidə öz dərinliyində ürfani, lakin forma və məzmun baxımından qəzəl (eşqbazlıq şeirləri) olarsa, belə ki, insanlar bu yönü (eşqbazlıq yönünü) düşünərsə, halallıq xəttinə daxil olmaz, çünki məqsəd ruha necə təsir etməsidir. ...

Klassik musiqiyə gəlincə Seyid deyir ki, əyləncədən çox düşüncəni təlqin edən musiqinin icazəli olmasına hökm etmək mümkündür. ...[5]

Başqa bir yerdə Seyid deyir: "İslam qinanı (mahnını) mütləq şəkildə haram etməmişdir, əksinə haram qina və halal qina vardır. Haram qina odur ki, haqqdan uzaq olan sözü əhatə etsin, insanı Allahın zikrindən və yolundan uzaqlaşdıran batil, əyləndirici, boş və əsassız sözləri (ləhvül-hədisi) ehtiva etsin. Bununla fəsada yol açan, hissləri və zorakılığı təhrik edən mahnıları nəzərdə tuturuq. ... Halal qina odur ki, haqq sözü, xeyiri, insani və ruhani mənaları əhatə etsin, Allaha və böyük islami şəxsiyyətə açılış yaratsın. Peyğəmbərin və Əhli-Beytin mədhiyyələri bu qəbildən olan mahnılardır. Şəhvəti təhrik edən musiqilə müşayiət olunmadıqca hamısı icazəlidir”.

Qinanın haram olmasındakı müəyyən bir sərhəddə gəlincə Seyid onu batil məzmunu əhatə etmək, yaxud melodiyasının, yaxud ifa tərzinin insanı əxlaqi müvazinətdən çıxaracaq şəkildə günah məclisləri ilə uyğunlaşmaq, yaxud cinsi hissləri təhrik etməklə müəyyənləşdirir. ... Habelə əyləncə və günah məclislərinə münasib olan musiqiyə qulaq asmaq haramdır. O musiqi hissləri və şəhvəti təhrik edən musiqidir. Bunlardan başqa, klassik, yaxud inqilabi və ya dini şövqə açılış yaradan musiqilər kimi mahnılar halaldır.

Əyləndirici musiqiyə gəlincə o, insanı ruhi (psixoloji) və imani tarazlıq halından çıxaran, belə ki, fəsad və azğınlıq atmosferi yaradan musiqidir[6].

Seyidin fikrinə görə şənlənmə (tərəb) islami baxımdan öz-özlüyündə haram deyil. İnsan bəzən suların çaylarda və şəlalələrdə gur-gur etməsindən, sərçələrin və bülbüllərin cikkildəşməsindən, yaxud elmi bir əsər oxumaqdan, yaxud da insana müsbət təsir edən bir işdən təsirlənən fiziki titrəməni hərəkətə gətirən hər hansı bir vəziyyətdən şənlənə bilər. ...

Haram olan şənlənmə hissləri təhrik edən əyləndirici və oynadıcı qina qarşısındakı şənlənmədir. Şənlənmə (tərəb) deyildikdə insan bədənində baş verən qeyri-iradi (özündən xəbərsiz) coşma nəzərdə tutulur. Belə ki, insan hiss edir ki, onun düşüncəsi, hissi və bədən üzvləri sanki rəqs edirmiş kimi hərəkət etməyə başlayır. Biz bəziləri kimi şənlənmədə mahnıların halallığı və haramlığı arasında ayırıcı bir hədd görmürük. Yalnız belə hesab edirik ki, haram qinalar (mahnılar) öz məzmunu etibarilə zəlalət (sapqınlıq) və batil xətlərlə uyğunlaşan mahnılardır. Buna əsasən sakit, yaxud sərt şənlənmə Peyğəmbər mədhiyyələri, yaxud mübarizə mövqelərində İslam hərəkatı haqqında söhbət, yaxud bəzi cihad mövqelərindən qaynaqlanan siyasi agahlıq və s. kimi haqqı ehtiva edən mahnıların nəticəsi olaraq ortaya çıxarsa, belə bir şənlənmə haram deyildir[7].

MÜTƏRCİM: XƏYYAM QURBANZADƏ

"Milli Görüş” jurnalı № 3 (4)



[1] Ayədəki "ləhvül-hədis” sözü "faydasız, xəyali söz və ya Allaha ibadətdən və Onu zikr etməkdən çəkindirən lazımsız gecə söhbətləri, güldürücü sözlər, xurafatlar, musiqi və s. hər növ məşğuliyyət” mənasını verir. – X. Q.

[2] "Loğman”, 6

[3] "Qövluz-zur”, "batil və boş söz” mənasını verir. – X. Q.

[4] "Həcc”, 30

[5] "Dünyəş-Şəbab”, s. 245

[6] "əl-Məsailul-Fiqhiyyə”, "əl-Müaməlat”, s. 33

[7] "Fiqhul-Həyat”, s. 172



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun