15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

PEYĞƏMBƏRİMİZİN GÖZƏL ƏXLAQI

"Peyğəmbərimizin mübarək üzü üzlərin ən gözəli və təmizi idi. Yəhudi alimlərindən Abdullah ibn Səlam hicrət zamanı çox böyük maraqla Allah Rəsulunun vəsfini soruşardı. Onu görüncə də heyranlığını bildirmiş və "Bu üz yalan söyləməz!” – deyərək müsəlman olmuşdu. Peyğəmbərimizin üzündə məlahət nuru, sözündə lətafət, hərəkətlərində incəlik, kəlməsində fəsahət, bəyanında da fövqəladə bəlağət vardı”. (Osman Nuri Topbaş)

"Uyuni-Əxbarir-Riza” adlı hədis kitabını toplayan mərhum Şeyx Səduq öz sənədi ilə İmam Rza (ə)-dan, o da öz ata-babalarından nəql edir ki, İmam Həsən (ə) buyurmuşdur: "Peyğəmbəri gözəl vəsf edən Hind ibn Əbu Halədən, o Həzrətin necə danışması barəsində soruşdum. Dedi: "O Həzrət həmişə hüznlü və təfəkkür halında olardı. Rahatlığı və asayişi yox idi. Lazımsız və ehtiyac olmadığı yerdə danışmazdı. Danışıqlarının əvvəli və sonu çox ölçülüb-biçilmiş və kamil olardı. Nə uzun və nə də çox qısa danışmaz, yüngül və dəyərsiz sözlər işlətməzdi. Nemət kiçik olsa da, onu böyük sanar və onda olan heç bir şeyi məzəmmət etməzdi. Bişirilmiş yeməklərin dadını nə tərifləməz, nə də dadsız olduğuna görə narahatlığını bildirməzdi. Dünya və dünyada olanlar onu qəzəbləndirməzdi. Haqq və hüquq məsələsi ortaya gəldiyi zaman kimsə o Həzrəti tanımaz, haqq qalib gələnə qədər heç kəs qəzəbinin müqabilində tab gətirə bilməzdi. İşarə etdikdə tamam əli ilə işarə edər, təəccübləndikdə əlini yelləyərdi. Danışdığı zaman sağ əlini sol əlinə yaxınlaşdırar, barmağı ilə sol əlinin içinə yavaşca döyəcləyərdi. Qəzəbləndiyi zaman narahatlıqla üzünü çevirər, xoşhal olduqda isə gözlərini yerə dikərdi. Gülüşünün əksəriyyəti təbəssüm olar, gülən zaman ağ dişləri görünərdi”.
İmam Həsən (ə) buyurdu: "Bu hədisi bir müddət gizli saxladıqdan sonra Hüseyn (ə)-a danışdım. Lakin onun məndən qabaq öz atasından Peyğəmbər həzrətlərinin hərəkətlərini, sifətlərini, xüsusiyyətlərini təfərrüatına qədər soruşub öyrəndiyini bildim”.
İmam Hüseyn (ə) buyurmuşdur: "Öz atamdan Allah Rəsulunun evdəki vaxtlarını necə tənzimlədiyini sual etdim. Atam buyurdu: "Allah Rəsulu evə gəldiyi zaman öz vaxtlarını üç hissəyə bölərdi. Birinci hissəsini Allaha ibadət və itaətə sərf edərdi. İkinci hissəsini öz ailəsinə, üçüncü hissəsini isə özünə sərf edərdi. Özü üçün ayırdığı vaxtı da insanlarla özü arasında bölərdi. Əvvəl xüsusi adamlar (elm və fəzilətdə üstün olanlar), sonra isə adi adamlar onun hüzuruna girərdi. Bunu bəzilərinin digərlərindən aşağı və xar olmasına görə etmirdi, lakin fəzilətli və elmli insanları digərlərindən üstün hesab etmək o Həzrətin adəti idi. Onların bəzilərinin bir, bəzilərinin iki və ya da çox ehtiyacları var idi. Onların hamısının ehtiyaclarını ödəyər, onları da ümmətin islahına səbəb olan işləri görməyə, onların ehtiyaclarını soruşmağa, lazım olan mətləbləri onlara çatdırmağa vadar edərdi. Danışıqları əsnasında buyurardı: "Mənim sözlərimi eşidənlər, şahid olanlar, ğaib olanlara çatdırsınlar. Mənə öz ehtiyacını deməyə qüdrəti çatmayan adamların ehtiyacını mənə çatdırın, çünki hər kəs öz ehtiyacını hakimə bildirməyə qüdrəti çatmayan birinin ehtiyacını ona çatdırsa, Allah qiyamət günü onu sabitqədəm edər”.
Onun hüzurunda yalnız bu mövzular hallanar və bundan başqa heç bir şey, heç kəsdən qəbul olunmazdı. Həqiqətaxtaranlar onun evinə daxil olar, dinşünas və digərlərini hidayət etməyə qadir olan halda xaric olardılar».
İmam Hüseyn (ə) buyurdu: "Sonra atamdan Allah Rəsulunun evdən xaric olduqdan sonra nələr etdyini soruşdum. Atam buyurdu: "Allah Rəsulu ona aid olmayanlar barəsində danışmaqdan özünü çox hifz edər, insanlar arasında ülfət və məhəbbət yaradar, onları özündən qaçırtmazdı. Hər bir qövmün kəramətli adamını o qövmə rəis təyin edərdi. Xoş üzünü insanlardan əsirgəmədən onlardan həzər edər və ehtiyatlı davranardı. İnsanların öz aralarında baş verən hadisələr barəsində sual edər və çəkinmədən yaxşı olan işləri qiymətləndirər, pis olan işləri isə dəyərsiz bilib pisləyərdi.
Həmişə bir halda olar, müxtəlif sifətlərə sahib olmazdı. İnsanlar qəflət edib tənbəlləşməsinlər deyə heç vaxt qəflət etməzdi. Haqq və hüquq məsələsində səhlənkarlıq etməz və haqqın sərhədini aşmazdı. Onun ətrafındakılar ən xeyirli insanlar idi. Onun yanında ən fəzilətli insan xeyiri və nəsihəti müsəlmanlara yetişən insan idi. Ədaləti və bərabərliyi qoruyan insanlar onun yanında böyük məqam və izzət sahibləri idi”.
İmam Hüseyn (ə) buyurdu: "Sonra ondan Allah Rəsulunun oturmağı və durmağı barəsində soruşdum. Buyurdu: "Oturduğu və durduğu hallarda Allahı zikrlə məşğul olardı. Ümumi yerlərdə dayanmaz və başqalarını da bu işdən çəkindirərdi. Həmişə məclisə daxil olduqda məclisin sonunda oturar və başqalarına da belə etməyi əmr edərdi. Oturduğu adamların hamısı ilə eyni cür davranardı ki, məclisdəkilər birinin onun yanında digərindən daha əziz olduğunu güman etməsinlər.
Həmsöhbətindən qabaq durub məclisi tərk etməməyə görə səbir edib onu axıra qədər dinləyərdi. Hər kəs ondan bir şey istəsəydi, ya istəyinə yetişər, ya da həlim və mülayim cavablar eşidərdi. Onun əxlaq və xasiyyəti hamıya sirayət etmiş, Həzrət insanlar üçün çox mehriban bir ata olmuşdu. Haqq və hüquq məsələlərində hamı onun nəzərində bir idi. Onun təşkil etdiyi məclislər, helm, həya, sədaqət və əmanət məclisləri idi. Onun məclisində heç kəsin səsi ucalmaz, haram bir iş görülməz və heç kəsdən yersiz və dəyərsiz bir söz eşidilməzdi. Hamı təqvaya riayət edib birliyi qoruyar və təvazökar olardı. Böyüklərə hörmət edib kiçiklərlə mehriban davranardılar”. Sonra soruşdum: "Onun məclisdə oturanlarla davranışı necə idi?” Dedi: "Həmişə mülayim, xoşsifət və xoşxasiyyət idi. Heç vaxt acıqlı, kobud, dad və fəryad edən, söyüş söyən deyildi. Nə bir kəsin eyiblərini axtarmaqla məşğul olmaz, nə də bir kəsi tərif və mədh etməzdi. Sevmədiyi bir adamla oturduqda qəflətdə olan kəs kimi görünərdi. Heç kəsi özündən məyus etməz, ona ümidi olan insanları məhrum etməzdi. Üç işi özündən kənar etmişdi; boş yerə mübahisə və cədəl etməyi, uzunçuluğu və özünə aidiyyatı olmayan işlərə qarışmağı.
İnsanlarla münasibətdə də üç şeyi tərk etmişdi. Kimsəni pisləyib, məzəmmət etməz, insanların sirlərini və gizli eyiblərini axtarmaqla məşğul olmaz. Savabı və xeyirli nəticəsi olmayan söhbətlər etməzdi.
Söhbət etdiyi zaman onu dinləyənlər heç bir hərəkət etmədən belə sakitcəsinə onu dinləyər, söhbətini qurtardıqdan sonra digərləri danışardı. Onun hüzurunda heç kim digərinin sözünü kəsməz, əgər bir nəfər danışardısa başqaları o, sözünü tamamlayana qədər diqqətlə qulaq asardılar. Kimsə insanları güldürəcək bir söz desəydi, o Həzrət də gülər və digərlərinin təəccüb etdiyi şeylərə o da təəccüb edərdi. Suallarında və danışıqlarında düzgün rəftar edə bilməyən qeyri-adi insanlarla qarşılaşdıqda səbir edərdi. Belə insanlarla ünsiyyətdə olan əshablarına buyurardı: "Öz ehtiyaclarını ödəmək istəyən insanlarla rastlaşdıqda onlara kömək edin. İmanları zəif və münafiq olan kəslərin də həmd, səna və təriflərini qəbul etməyin”.
Həddini aşmayıncaya qədər bir kəsin sözünü kəsməzdi. Əgər o şəxs danışıqda həddini çox aşardısa, ya sözlə saxlayar, ya da məclisi tərk etməklə onun sözünə son qoyardı”.
Sonra buyurdu: "Allah Rəsulunun sükutu barəsində soruşdum. Atam buyurdu: "Onun sükutu dörd şeyə görə idi; Helm, ehtiyat, ölçüb-biçmək və təfəkkür.
Onun ölçüb-biçməyi bir dəfə insanlara baxıb, onların sözlərini dinləməklə olardı. Təfəkkürü, qalacaq və aradan gedəcək işlər barəsində idi. Şükrlü və səbirli olduğu kimi də helmli idi. Heç bir şey onu qəzəbləndirməz və bir haldan başqa hala salmazdı.
Dörd yerdə çox ehtiyatlı və diqqətli olardı; başqa insanlara da nümunə olsun deyə yaxşı işləri görməkdə, digərləri də tərk etsin deyə pis işləri tərk etməkdə, öz ümmətinin islahını təmin edən işlərə çalışdıqda və hamı üçün dünyada və axirətdə xeyirli olan işləri görməyə başladıqda”.
Dadaş Əlibəyli





  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun