18 Noyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

GÜNAHLAR

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

Bütün həmdlər Allaha – aləmlərin Rəbbinə məxsusdur!

Allahın salamı və rəhməti Onun Peyğəmbəri Həzrət Mühəmməd (s)-ə, onun pak və təmiz Əhli-Beytinə, seçilmiş əshabələrinə və Allahın göndərdiyi bütün peyğəmbərlərə olsun!

Əsli farsca bir kəlmə olan və lüğətdə "suç” mənasını verən "günah” sözü dində suç sayılan, ilahi əmr və qadağalara zidd əməlləri və davranışları ifadə edən bir termindir. Günaha Allahın əmrlərini yerinə yetirməmək və yasaq etdiyi işləri yerinə yetirmək şəklində də tərif verə bilərik. Allahın istəkləri və yasaqları ayə və hədislərdə bildirilmişdir. Bu istək və yasaqlara müxalif davranan bir insan günaha batmış olur ki, belə bir insana "günahkar” deyilir.

QURAN-KƏRİMDƏ VƏ HƏDİSİ-ŞƏRİFLƏRDƏ GÜNAH ANLAYIŞI

Quran-kərimə və hədisi-şəriflərə baxdıqda günah anlayışını ifadə edən bir çox kəlmənin işləndiyini görürük. Bunlar arasında ən çox istifadə olunan ifadələr aşağıdakılardır:

Cunah; Quranda iyirmi beş yerdə təkrar olunan bu kəlmə "insanı haqq və həqiqətdən sapdıran iş” mənasında işlənir.

Hub; "Nisa” surəsinin 2-ci ayəsində işlənən "hub” kəlməsi Quranda yetim malını yeyənlər üçün "günah” mənasında işlənmişdir.

İsm; "Yerinə yetirənin cəzalandırılmasını zəruri edən, insanı xeyir və savabdan çəkindirən, içində zərər və ziyanın olduğu hər bir iş” mənasını verir. İsm sözünün əsl mənası "zərər”dir. Günaha, qumara, şəraba və mütləq olaraq hər bir haram işə ona görə ism deyilir ki, onlar zərərlidirlər və insanı xeyirdən çəkindirirlər. İsm kəlməsi Quranda qırx səkkiz dəfə təkrar olunub.

Vizr; Ağırlıq mənasını verən "vizr” sözü Quranda iyirmi altı dəfə təkrar olunmuşdur. Günahkar bir insan öz günahları ilə ağır bir yükü öz üzərinə götürür.

Zənb; "heyvanın quyruğu, işin sonu, ətək, sonu pis olan iş” mənasını verən "zənəb” kəlməsindən törəmişdir. "Zənb” sözü əslində "heyvanın quyruğunu tutmaq” mənasını verir. Sonu pis və təhlükəli olan işə "zənb” deyilməsinin səbəbi onun cəzasının heyvanın quyruğu kimi sonda olmasıdır. Bu kəlmə Quranda 37 dəfə təkrar olunmuşdur. Zənb kəlməsi Quran-kərimdə zina, küfr, adam öldürmək və şirk kimi böyük günahlar üçün də istifadə olunmuşdur.

Bu terminlərdən başqa, ayələrdə və hədisi-şəriflərdə günah mənasını verən digər ifadələr də işlənmişdir. Bu ifadələri belə təsnif edə bilərik:

1. Haqsızlıq və həddi aşmağı ifadə edən kəlmələr; İsraf, şətət, tüğyan[1], zülm[2] və s.

2. Nəticə etibarilə günah olub doğru yoldan çıxma və pozğunluğu ifadə edən kəlmələr; fücur[3], fisq[4], fəsad[5], zəlalət[6], cənəf[7], nəkb[8], zəyğ[9], rəyn[10], qəsvət[11] və s.

3. Hüquqi baxımdan suç qəbul edilən, yaxud yanlış və çirkin işi ifadə edən kəlmələr: "Fuhş”[12], xəta/xətiə[13], cərm/curm[14], xubs[15], su/səyyiə[16] və s.

Bunu da ifadə etməliyik ki, bura qədər istifadə olunan və günah mənasını verən terminlərin hər biri günahların müxtəlif növlərini və meydana çıxardıqları mənfi nəticələri ifadə etməklə bərabər, ümumiyyətlə, hər növ günahı ifadə etmək üçün də istifadə olunur.

GÜNAHIN NÖVLƏRİ HANSILARDIR

Quran-kərim günahların böyük və kiçik olaraq iki hissədən ibarət olduğuna işarə etmişdir. Allah-Taala buyurur: "O yaxşılıq edənlər ki, qəflət üzündən hərdənbir yerinə yetirilən günahlar (ləməm) istisna olmaqla, günahların böyüklərindən və çirkin işlərdən (fahişəliklərdən) çəkinərlər. Həqiqətən, sənin Rəbbinin məğfirəti genişdir. ...”[17]

"Nisa” surəsinin 31-ci ayəsində buyurulur: "Əgər sizə qadağan olunanların (günahların) böyüklərindən çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər (yəni onları əfv edər) və sizi dəyərli (şərəfli) bir mənzilə (Cənnətə) daxil edərik”.

Ayənin ərəbcəsindəki "böyüklər” mənasını verən "kəbair” sözü "kəbirə” ("böyük”) sözünün cəmidir və mövsufun (yəni təyin olunan sözün) yerində işlənmiş bir vəsfdir (sifətdir). Əslində cümlənin təqdiri (nəzərdə tutulan mənası) belədir: "Əgər böyük günahlardan çəkinərsinizsə, ...”

Günahın böyüklüyü məsələsi də nisbi bir işdir və yalnız özündən kiçiklə müqayisə nəticəsində həqiqət tapan bir mənadır. İstifadə olunan bu ifadədən ("Sizə qadağan olunanların böyüklərindən” ifadəsi) belə başa düşülür ki, şəriətdə qadağan olunmuş digər günahlar da vardır, lakin onlar kiçik günahlardır. Buna əsasən bu şərafətli ayədən iki şey başa düşülür:

1. Günahlar böyük və kiçik olmaqla iki hissəyə bölünür.

2. Şərafətli ayəyə əsasən Allah tərəfindən əfv edilən günahlar qarşılaşdırma (yəni "səyyiat” ("qəbahətlər”) sözünün "kəbair” sözü ilə qarşılaşdırılması) dəlilinə əsasən kiçik günahlardır ki, ayədə "səyyiat” kəlməsi ilə ifadə olunmuşdur.

"Nisa” surəsinin 31-ci ayəsi kimi "Kəhf” surəsinin 49-cu ayəsi də günahların böyük və kiçik olmaqla iki hissəyə ayrıldığına dəlalət edir. Allah-Taala buyurur: "Kitab ortaya qoyulacaq. Günahkarların kitabın içində yazılmışlardan qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: "Vay halımıza! Bu necə bir kitabdır ki, kiçiyi və böyüyü nəzərdən qaçırmadan hamısını sayıb zəbt etmişdir!” Onlar etdikləri bütün əməllərin hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!”

Günahkarların kitabın içində yazılmışlardan qorxması buna dəlalət edir ki, "kiçik” və "böyük” deyildikdə kiçik günahlar və böyük günahlar nəzərdə tutulur.

BÖYÜK GÜNAH İLƏ KİÇİK GÜNAH ARASINDAKI FƏRQLƏR HANSILARDIR

Keçən mövzulardan belə məlum oldu ki, Allahın yasaqları, yəni günahlar iki hissəyə ayrılır: böyük günahlar və kiçik günahlar. İslam alimləri böyük günahları kiçik günahlardan ayıran bəzi meyarlar müəyyənləşdirmişlər. Həmin ölçülər aşağıdakılardır:

1. Quranda və hədisdə böyük günah olduğu bildirilən hər bir günah böyük günahdır. Bu hissəyə daxil olan günahların sayı qırxdan artıqdır ki, Əhli-Beytdən nəql olunan rəvayətlərdə izah olunmuşdur. Biz də rəvayətlərə uyğun olaraq onları izah edəcəyik.

2. Yerinə yetirən şəxsə Quran-kərimdə, yaxud mötəbər Sünnədə sərahətən (açıq surətdə), yaxud zimnən (dolayısı ilə) Cəhənnəm əzabı vəd verilən hər bir günah böyük günahdır. Açıq surətdə Cəhənnəm əzabının vəd verilməsinə aşağıdakı ayə misal ola bilər: "Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlayar!”[18] Dolayısı ilə (zimnən) Cəhənnəm əzabının vəd verilməsinə isə Peyğəmbərin bu hədisini misal göstərmək olar: "Kim qəsdən namazı tərk edərsə, Allah və Onun Rəsulunun himayəsindən uzaqlaşar!” Bu rəvayətdə Cəhənnəm əzabı vədəsi açıq surətdə yox, kinayə ilə, yəni dolayısı ilə bildirilmişdir.

Bu bənddə bildirilən fikri sübut edən bir çox rəvayətlər vardır. İmam Sadiq əleyhissəlamdan nəql olunan bir hədisdə belə deyilir: "Böyük günahlar o günahlara deyilir ki, Allah onlar üçün Cəhənnəm atəşini vacib etmişdir!”[19]

Həzrət Əbdüləzimin nəql etdiyi səhih rəvayətdən də belə məlum olur ki, Cəhənnəm əzabı vədəsinin Quranda, yaxud Sünnədə bildirilməsi arasında heç bir fərq yoxdur.

3. Böyük günah olduğu qəti olaraq bilinən bir günahdan Quran və ya Sünnədə daha böyük hesab olunan hər bir günah da böyük günahdır. Məsələn, haqsız yerə insan öldürməyin böyük günah olduğu həm Quran, həm də Sünnə ilə sübuta yetmişdir. İbn Məhbubun səhih hədisində onun böyük günah olduğu bildirilmiş və Quran-kərimdə buna işarə olunan ayədə ("Nisa”, 93) onu yerinə yetirən şəxsə Cəhənnəm əzabı vəd verilmişdir. Deməli, Quranda, yaxud mötəbər Sünnədə hər hansı bir günahın adam öldürməkdən daha böyük günah olduğu bildirilərsə, o günah da böyük günah hesab olunacaqdır. Məsələn, Quranda buyurulur ki, fitnə çıxarmaq adam öldürməkdən daha böyükdür: "Fitnə qətldən daha şiddətlidir. ...”[20] Başqa bir ayədə buyurulur: "Fitnə salmaq qətldən daha betərdir. ...”[21] Deməli, yəqinliklə deyə bilərik ki, fitnə çıxarmaq da böyük günahlardan hesab olunur.

4. Dindarların və möminlərin (şəriət əhlinin) yanında böyük günah hesab olunan hər bir günah böyük günahdır. Belə ki, onun böyük günah olmasının məsumun zamanına qədər gedib çıxması barəsində bizdə yəqinlik əldə edilmiş olsun. Məsələn, məscidi bilərək, qəsdən və Allah evinə hörmətsizlik etmək qəsdi ilə nəcis etmək, yaxud Qurana hörmətsizlik etmək niyyəti ilə onu atmaq və tullamaq və s...

Yuxarıda deyilənlərə əsasən ümumi olaraq belə bir qayda müəyyənləşdirmək mümkündür: "Nəsdə (yəni dini mətnlərdə) böyük günah olduğu bildirilən, yaxud Quran və mötəbər Sünnədə sərahətən (açıq surətdə), yaxud zimnən (dolayısı ilə) Cəhənnəm əzabı vəd verilən, yaxud Quran və Sünnədə dini mətnlərdə bildirilən, yaxud Cəhənnəm əzabı vəd verilən günahlardan birindən daha böyük olduğu açıqlanan, yaxud da şəriət əhlinə görə böyük günah hesab olunan hər bir günah böyük günahdır”.

Buna əsasən əvvəl dini mətnlərdə böyük günah olduğu bildirilən günahlar, sonra isə bu üç yoldan biri vasitəsi ilə böyük günah olduğu sübuta yetmiş günahlar haqqında məlumat verəcəyik.

ŞİƏ RƏVAYƏTLƏRİNDƏ BÖYÜK GÜNAHLAR

Əbdüləzim ibn Əbdillah əl-Həsəni deyir: "İmam Mühəmmədtəqi mənə dedi ki, atamdan belə eşitdim deyir ki, atam Musa ibn Cəfər dedi: "Əmr ibn Ubeyd əl-Bəsri İmam Sadiqin yanına daxil oldu. Salam verib oturduqdan sonra bu ayəni oxudu: "O kəslər ki, günahların böyüklərindən və çirkin işlərdən (fahişəliklərdən) çəkinərlər”[22]. Sonra dayandı. İmam Sadiq ona dedi: "Nə üçün dayandın?” O belə cavab verdi: "Böyük günahları Allahın Kitabından tanımaq istəyirəm”. İmam: "Bəli, ey Əmr!” – deyə cavab verdi:

1. Böyük günahların ən böyüyü Allaha şirk qoşmaqdır. Allah belə buyurur: "... Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. ...”[23]

2. Ondan sonra Allahın rəhmətindən ümid kəsmək, çünki Allah buyurmuşdur: "... Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!”[24]

3. Sonra Allahın günahına görə insanı dolandırıb bəla toruna salmayacağına əmin olmaq (əl-əmnu min məkrillah), çünki Allah buyurmuşdur: "... Allahın bu yolla dolaşdırıb bəla toruna salmayacağına özlərinə zərər eləyənlərdən başqa heç kəs əmin və arxayın ola bilməz!”[25]

4. Böyük günahlardan biri də valideynə qarşı bədrəftar olmaqdır, çünki Allah valideynə qarşı bədrəftar olanı zülmkar və asi (dikbaş) adlandırmışdır[26].

5. Haqq istisna olmaqla Allahın haram buyurduğu canı öldürmək, çünki Allah buyurmuşdur: "... onun cəzası əbədi qalacağı Cəhənnəmdir. ...”[27]

6. Təmiz və namuslu qadını zinada ittiham etmək (qəzf), çünki Allah buyurmuşdur: "Onlar dünya və axirətdə lənətlənmişlər. ... Onları böyük əzab gözləyir!”[28]

7. Yetim malını yemək, çünki Allah buyurur: "Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar alovlu Cəhənnəmə girəcəklər”[29].

8. Cihaddan qaçmaq, çünki Allah buyurur: "... Təkrar döyüş üçün bir tərəfə çəkilən və ya başqa bir dəstəyə qoşulan istisna edilməklə, kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni Cəhənnəmdir. Ora nə pis dönüş yeridir!”[30]

9. Riba yemək (sələmçilik), çünki Allah buyurmuşdur: "Sələm (faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq cin vurmuş (dəli) kimi qalxarlar. ...”[31]

10. Sehrlə məşğul olmaq, çünki Allah buyurmuşdur: "... Həqiqətən, onlar (yəhudilər) belə şeyləri satın alanların axirətdə payı olmadığını yaxşı bilirlər. ...”[32]

11. Zina etmək, çünki Allah buyurmuşdur: "... Hər kəs bunu etsə (yəni zina etsə), əzabını çəkər. Qiyamət günü onun əzabı qat-qat olar və o əzab içində zəlil olub daim qalar”[33].

12. Yalandan and içmək, çünki Allah buyurmuşdur: "Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan (yəni yalandan and içən) şəxslərə axirət nemətlərindən heç bir pay yoxdur. ...”[34]

13. Qənimətə (cihad qənimətinə) xəyanət etmək (yəni cihad qənimətindən bir şey oğurlamaq, qülul), çünki Allah buyurmuşdur: "... Qənimətə xəyanət edən şəxs qiyamət günü xəyanət etdiyi şeylə gələr”[35].

14. Vacib olan zəkatı verməmək, çünki Allah buyurmuşdur: "... O gün (qiyamət günü) yığdıqları qızıl-gümüş Cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq. ...” ("Tövbə”; 35)

15. Yalan yerə şahidlik etmək.

16. Şahidliyi gizlətmək, çünki Allah buyurmuşdur: "... Şahidliyi gizlədən şəxsin qəlbi günahkardır”[36].

17. Şərab (xəmr) içmək, çünki Allah bütlərə ibadət etməyi yasaq etdiyi kimi şərab içməyi də yasaq etmişdir.

18. Qəsdən namazı,

19. Yaxud Allahın vacib buyurduğu işlərdən birini tərk etmək, çünki Peyğəmbər buyurmuşdur: "Kim qəsdən namazı tərk edərsə, Allah və Rəsulunun himayəsindən çıxar”.

20. Əhdi pozmaq;

21. Qohumlarla əlaqəni kəsmək, çünki Allah buyurmuşdur: "... (Onlar, yəni Allahla əhd bağladıqdan sonra onu pozanlar, qohumluq əlaqəsini qıranlar və yer üzündə fitnə-fəsad salanlar) lənətə düçar olacaqlar. Onları axirətin pis əzabı gözləyir”[37]. İmam Musa əl-Kazim deyir: "Əmr evdən çıxdı. Qışqıraraq ağlayır və belə deyirdi: "Öz rəyi ilə danışan, fəzilət və elmdə sizə etiraz edən şəxs həlak olmuşdur!”[38]

İbn Məhbubun rəvayət etdiyi səhih bir hədisdə deyilir: "Bəzi əshabələrimiz mənim vasitəmlə Əbülhəsənə məktub yazdılar və böyük günahlar haqqında soruşdular; onların sayı neçədir və hansılardır? İmam məktuba cavab olaraq yazdı: "Böyük günahlar; kim Allahın Cəhənnəm atəşi vəd verdiyi əməldən çəkinərsə, əgər mömindirsə, Allah onun qəbahətlərinin (kiçik günahlarının) üstünü örtər. Cəhənnəm atəşinə səbəb olan yeddi günah vardır:

1. Haram edilmiş canı öldürmək.

2. Valideynə qarşı bədrəftar olmaq.

3. Riba yemək.

4. Təərrüb bədəl-hicrə (Hicrətdən sonra cahil ərəblərin əxlaqına qayıtmaq).

5. Təmiz və namuslu qadınları zinada ittiham etmək (qəzf).

6. Yetim malını yemək.

7. Cihaddan qaçmaq”[39].

Əbussamitin İmam Sadiqdən nəql etdiyi rəvayətdə deyilir: "Böyük günahların ən böyüyü bunlardır: Böyük Allaha şərik qoşmaq, haqq istisna olmaqla Allahın haram etdiyi canı öldürmək, yetimlərin mallarını yemək, valideynə qarşı bədrəftar olmaq, təmiz və namuslu qadınları zinada ittiham etmək, cihaddan qaçmaq, Allahın nazil etdiyini inkar etmək. ...”[40]

Əbdürrəhman ibn Kəsirin İmam Sadiqdən nəql etdiyi rəvayətdə "Bizim haqqımızı inkar etmək”, – deyilmişdir[41].

Əbuxədicənin İmam Sadiqdən rəvayət etdiyi hədisdə deyilir: "Allahın, Onun Rəsulunun və vəsilərin adından yalan danışmaq böyük günahlardan hesab olunur”[42].

Şeyx Səduqun nəql etdiyi mürsəl rəvayətdə "Vəsiyyətdə haqsızlıq və ədalətsizlik etmək” ("əl-Həyfu fil-vəsiyyə”) və "Kənzul-Fəvaid” kitabındakı mürsəl rəvayətdə isə "Allah evinin hörmətinin tərk olunmasını halal bilmək” ("İstihlalul-Beyt”) də böyük günahlardan hesab olunmuşdur.

"Üyunul-Əxbar” kitabında Fəzl ibn Şazan İmam Rzadan böyük günahlardan çəkinmək haqqında belə nəql edir: "Onlar aşağıdakılardır:

1. Allah-Taalanın haram etdiyi canı öldürmək.

2. Zina etmək.

3. Oğurluq etmək.

4. Şərab içmək.

5. Valideynə qarşı bədrəftar olmaq.

6. Cihaddan qaçmaq.

7. Zülm edərək yetimin malını yemək.

8. Zərurət olmadan leş, qan, donuz əti və Allahdan qeyrisinin adı ilə kəsilmiş heyvanı yemək.

9. Haramlığını bildikdən sonra riba yemək.

10. Haramxorluq (haram qazanc, suht).

11. Qumar oynamaq (məysir).

12. Çəkidə aldatmaq.

13. Təmiz və namuslu qadınları zinada ittiham etmək (qəzf).

14. Livat (homoseksualizm, öz cinsindən olan adamla cinsi əlaqə).

15. Allahın mərhəmətindən ümid üzmək (əl-yəs min rauhillah).

16. Əl-Əmnu min məkrillah.

17. Allahın rəhmətindən ümid kəsmək (əl-qunut min rəhmətillah).

18. Zalımlara kömək etmək.

19. Və onlara meyil etmək.

20. Yalandan and içmək.

21. Çətinlik olmadan başqasının haqqını kəsmək.

22. Yalan danışmaq.

23. Təkəbbürlü olmaq.

24. İsraf etmək.

25. Təbzir (malı sağa-sola səpələmək).

26. Xəyanət.

27. Həcc ziyarətinə əhəmiyyət verməmək və ona yüngül yanaşmaq.

28. Müsəlmanlarla döyüşmək.

29. Musiqi alətləri ilə məşğul olmaq.

30. Günaha israr etmək (yəni günah etməyi davam etdirmək)”[43].

İKİ MÜHÜM SUAL

1-ci sual: Nə üçün bu qədər əhəmiyyətli bir məsələ Quranda bəyan olunmamış və orada böyük günahların sayı müəyyənləşdirilməmişdir?

2-ci sual: Hədisi-şəriflər nə üçün ixtilaflıdır? Bəzi rəvayətlərdə böyük günahların sayının beş, bəzi rəvayətlərdə yeddi, bəzilərində doqquz, bəzilərində iyirmi bir, bəzilərində isə otuz bir olduğu açıqlanmışdır. Hətta İbn Abbasın belə dediyi rəvayət edilmişdir: "Onların yetmiş olması yeddi olmasından (doğruya) daha yaxındır”.

BİRİNCİ SUALIN CAVABI

Birinci suala cavab vermək üçün iki cavab qeyd olunmalıdır:

a) Böyük günahların sayının qeyri-müəyyən olmasının və Quranda müəyyənləşdirilməməsinin böyük hikməti vardır və bu, Allahın Öz bəndələrinə olan lütfünün bir göstəricisidir, çünki böyük günahlar müəyyənləşdirilsəydi, insanlar yalnız onlardan çəkinməyə çalışar və digər günahların onlara bir zərər vurmayacağı xəyalı ilə cahillik və nəfsani istəklər ucbatından yerinə yetirməyə cəsarətlənərdilər. Və bu vaxt böyük bir fəsada – ilahi yasaqlarla müxalifət etmək cəsarəti də onlardan hesab olunur – düşərdilər.

Öz Mövlasına qarşı cəsarətlənən və Onun yasaqlarına məhəl qoymayan bəndə nə pis bəndədir! Bəlkə də, bu cəsarət və həyasızlıq onun böyük günahları yerinə yetirməyə cəsarətlənməsinə də səbəb ola bilər, çünki qorxmadan kiçik günahları yerinə yetirən şəxs qorxmadan böyük günahları da yerinə yetirməyə başlayar.

b) Əhli-Beytə müraciətin zərurəti; bu məsələ də (yəni böyük günahlar məsələsi) digər bir çox məsələlər kimi Quranda müxtəsər şəkildə qeyd olunmuş və onun şərh edilməsi qəlbi elm xəzinəsi olan Peyğəmbərə və Əhli-Beyt imamlarına həvalə edilmiş və bu yolla xalqın onlara müraciət etməsi istənilmişdir. Necə ki Quranın "Nəhl” surəsinin 44-cü ayəsində buyurulur: "... Sənə də Zikri (Quranı) nazil etdik ki, insanlara onlara göndəriləni izah edəsən və bəlkə, onlar düşünüb dərk edələr!”

Həmçinin xalqın Əhli-Beyt imamlarına müraciət etməsinin lüzumu barəsində Quranda buyurulur: "Əgər bilmirsinizsə, zikr əhlindən soruşun!”[44]

Bir çox rəvayətlərdə bildirilir ki, zikr əhli deyildikdə Əhli-Beyt imamları nəzərdə tutulur. "Təfsiri-Əyyaşi”də Mühəmməd ibn Müslim İmam Baqir əleyhissəlamdan belə rəvayət edir: "İmama dedim ki, bizim yanımızda elə adamlar vardır ki, "Zikr əhlindən soruşun”, – ayəsindəki zikr əhlinin yəhudilər və xristianlar olduğunu düşünürlər”. Həzrət buyurdu: "Əgər yəhudilər və xristianlar olsalar, onlar sizi öz dinlərinə dəvət edərlər və heç vaxt İslamın həqqaniyyətindən ibarət olan həqiqəti sizə deməzlər”. Bu vaxt əli ilə öz sinəsinə işarə etdi və buyurdu: "Zikr əhli bizik və camaat bizdən soruşmalıdır”. Ravi deyir: "İmam Baqir əlavə etdi ki, zikr Qurandır”[45].

İmam Sadiq buyurmuşdur: "Kitab zikrdir, onun əhli isə Mühəmmədin Əhli-Beytidir”[46].

Hətta bəzi rəvayətlərdə də bildirilmişdir ki, Allah bir çox mühüm məsələləri Quranda müxtəsər surətdə bəyan etmiş və onların izah olunması barəsində Əhli-Beytə müraciət etməyi insanlara vacib etmişdir ki, camaat özünü onlardan ehtiyacsız bilməsinlər, əksinə onların elminə olan ehtiyacı hiss edib onlara bağlansınlar, tabeçilik göstərsinlər və bu yolla həqiqi xoşbəxtliyə nail olsunlar.

İKİNCİ SUALIN CAVABI

Yuxarıda qeyd etdiyimiz və bu barədə bizə gəlib çatan digər rəvayətlərə nəzər salmaqla məlum olur ki, imamlar yuxarıda qeyd etdiyimiz hikmətlərə və sirlərə binaən bu barədə sual verən şəxslərə cavab verərkən bütün böyük günahları bəyan etmə fikrində olmamışlar. Buna görə də bəzən bu məsələni müxtəsər şəkildə bəyan etmişlər. Məsələn, Hələbinin İmam Sadiqdən nəql etdiyi səhih hədis buna bir misal ola bilər. İmam buyurur: "Böyük günahlar o günahlara deyilir ki, Allah onlar üçün Cəhənnəm atəşini vacib etmişdir!”[47]

Bəzən sual verən şəxsin cavabında digər böyük günahlardan daha böyük olan bir neçə böyük günaha işarə etmişlər. Məsələn, İmam Sadiqdən nəql olunan rəvayətdə şirkin böyük günahların ən böyüyü olduğu açıqlanmışdır[48].

Bəzən isə sual verən şəxsə görə böyük günah hesab olunmayan günahlar bəyan olunmuş və həmsöhbət olduqları şəxsin qəti şəkildə bildiyi məlumatı zikr etməkdən çəkinmişlər.

Bəzən də bəzi böyük günahların zikr olunmasından çəkinmişlər, çünki onların böyük günah olması hamı tərəfindən qəti şəkildə bilinirdi.

Deyilənlərə əsasən məlum olur ki, nəql olunan rəvayətlərdə bütün böyük günahlar kamil şəkildə bəyan olunmamışdır və heç bir rəvayət də məhdudiyyəti ifadə etmir. Yəni bu rəvayətlər başqa haramların böyük günah olma ehtimalını inkar edib böyük günahların yalnız rəvayətlərdə bildirilən bu günahlardan ibarət olduğunu bəyan etmir. Əbdüləzimin nəql etdiyi səhih rəvayətin üzərində düşünməklə məlum olur ki, İmam Sadiq Qurandan 21 böyük günahı saydıqdan sonra Əmr ibn Ubeydin onlardan artığını eşitməyə taqəti qalmadı və nalə çəkərək İmamın yanından çıxdı. Əgər səbir etsəydi, İmam bütün böyük günahları onun üçün bəyan edəcəkdi.

Biz bu yazımızda böyük günah olduğu sübuta yetmiş günahlar haqqında məlumat verəcəyik, lakin bu o demək deyildir ki, böyük günahlar yalnız onlarla məhdudlaşır. Başqa bir ifadə ilə desək, bu yazımızda böyük günah olduğu sübuta yetməmiş digər günahlar qeyri-müəyyən vəziyyətdədir. Yəni onların kiçik günah olması da qəti deyildir və müttəqi insanların onların hamısından çəkinməsi lazımdır. Şayəd o günahlar da həqiqətdə böyük günah olar və onların böyük günah olması bizə sübuta yetməmiş olar.

BÖYÜK GÜNAH OLDUĞU SÜBUTA YETMİŞ GÜNAHLARIN SİYAHISI

1. Şirk.

2. Allahın mərhəmətindən ümid üzmək (ümidsizlik).

3. Allahın rəhmətindən ümid kəsmək və Allaha qarşı bədgüman olmaq (qnut).

4. Əl-Əmnu min məkrillah.

5. Adam öldürmək.

6. Valideynə qarşı bədrəftar olmaq.

7. Qohumlarla əlaqəni kəsmək.

8. Yetim malını yemək.

9. Sələmçilik (riba yemək).

10. Zina etmək.

11. Livat.

12. Qəzf.

13. Şərab içmək.

14. Qumar oynamaq.

15. Musiqi alətləri ilə məşğul olmaq.

16. Qina.

17. Yalan danışmaq.

18. Yalandan and içmək.

19. Yalan yerə şahidlik etmək.

20. Şahidlik etməmək (şahidliyi gizlətmək).

21. Əhdi pozmaq.

22. Əmanətə xəyanət etmək.

23. Oğurluq etmək.

24. Çəkidə aldatmaq.

25. Haramxorluq (haram qazanc).

26. Başqasının haqqını kəsmək.

27. Cihaddan qaçmaq.

28. Təərrüb bədəl-hicrə.

29. Zalımlara kömək etmək.

30. Məzlumlara kömək etməmək.

31. Sehrlə məşğul olmaq.

32. İsraf etmək.

33. Təkəbbürlük.

34. Müsəlmanlarla döyüşmək.

35. Leş, qan və donuz əti yemək.

36. Namazı qəsdən tərk etmək.

37. Zəkat verməmək.

38. Həcc ziyarətinə əhəmiyyət verməmək və ona yüngül yanaşmaq.

39. Vacib buyurulmuş işlərdən birini tərk etmək.

40. Günaha israr etmək və onu yüngül saymaq.

41. Vəsiyyətdə haqsızlıq və ədalətsizlik etmək.

42. Qeybət etmək.

43. Söz gəzdirmək.

44. Məsxərə etmək, söymək, töhmət və təhqir etmək, danlamaq və satira atəşinə tutmaqla mömini abır-həyadan salmaq.

45. Qonşuya əziyyət vermək.

46. Hiylə və fırıldaqçılıq.

47. İkiüzlülük.

48. Möhtəkirlik.

49. Həsəd.

50. Möminlə düşmənçilik etmək.

51. Müsahiqə (iki qadının cinsi orqanlarını bir-birinə sürtməsi).

52. Kişi ilə qadının bir-biri ilə zina etməsinə və iki kişinin bir-biri ilə livat etməsinə vasitəçi olmaq (qiyadət) və həyat yoldaşının namusunu özgəyə satmaq (diyasət, oğraşlıq).

53. İstimna (onanizm).

54. Bidət çıxarmaq.

55. Nahaq yerə hökm vermək.

56. Haram aylarda (zilqədə, zilhiccə, məhərrəm və rəcəb aylarında) müharibə etmək.

57. Allah yolundan yayındırmaq.

58. Nankorluq.

59. Fitnə çıxarmaq.

60. Kafirlərə silah satmaq.

61. Böhtan atmaq.

62. Qurana hörmətsizlik etmək.

63. Kəbəyə hörmətsizlik etmək.

64. Məscidlərə hörmətsizlik etmək.

65. Peyğəmbər və məsum imamların qəbirlərinə hörmətsizlik etmək.

66. İmam Hüseyn türbətinə hörmətsizlik etmək.

MÜHÜM BİR SUAL

Sual: Yuxarıda sayılmayan digər günahlar mütləq olaraq kiçik günahlar hesab olunur, yoxsa onların da böyük günah olma ehtimalı vardır? Ümumiyyətlə, İslamda bu sayılanlardan başqa da günahlar vardır?

Cavab: Bilmək lazımdır ki, İslam fəqihləri müstəhəb və məkruh işlərdən əlavə bütün vacib və haramları fiqh elminin ibadətlər, müamilələr və iqalar bölməsində ətraflı surətdə bəyan etmişlər. Şeyx Hürr Amili "Bidayətun-Nihayə” kitabında təharət bölməsindən qan bahası (diyə) bölməsinə qədər vacibatları və haramları qeyd etmiş və sonra demişdir: "Bu kitabda toplanmış vaciblərin sayı 1532, haramların sayı isə 1448-dir”.

Deməli, yuxarıda sayını qeyd etdiyimiz günahlar qeyd olunmayan günahlardan 10 dəfə azdır. Yuxarıda sayını verdiyimiz günahlar əvvəldə də bildirdiyimiz kimi böyük günah olduğu sübuta yetmiş günahlardır, yoxsa böyük günahlar həmin günahlarla məhdudlaşmır. Buna görə də digər günahlar öz qeyri-müəyyənliliyini qoruyub saxlayır, yəni onların kiçik günah olduğu ehtimal olunduğu kimi, böyük günah olması da ehtimal olunur. Bu izahla böyük günahların qeyri-müəyyənliyi ilə müqəddəs İslam şəriətinin məqsədi, yəni böyük günah olması ehtimalı ilə hər bir günahın tərk edilməsi təmin edilmiş olur.

BÖYÜK GÜNAH OLMASINA EHTİMAL VERİLƏN GÜNAHLARIN SİYAHISI

1. Nəcis olmuş bir şeyin yeyilməsi və içilməsi.

2. Müməyyiz[49] uşağın yanında övrəti açmaq.

3. Digər bir həmcinsin, yaxud qeyri-həmcinsin övrətinə baxmaq. (Qadının başqa bir qadının, yaxud kişinin övrətinə, kişinin başqa bir kişinin, yaxud qadının övrətinə baxması).

4. Heyz, yaxud nifas, yaxud cənabət halında məsciddə dayanmaq.

5. Kişinin xalis ipək və qızıldan toxunma paltar geyinməsi, qızıl üzük taxması.

6. Kişilərin qadınlara, qadınların da kişilərə oxşaması.

7. İstər kişi olsun, istərsə də qadın, başqasına reybə və şəhvətlə baxmaq. Ərlə arvad istisnadır.

8. İcazəsi olmadan başqasının məktubunu oxumaq.

9. İcazəsi olmadan başqasının evinə baxmaq.

10. Azdırıcı və sapdırıcı kitabları və jurnalları qoruyub saxlamaq. Onları məhv etmək vacibdir.

11. Naməhrəmin bədəninə toxunmaq.

12. Zalıma ehtiram göstərmək, mədhə layiq olmayanı mədh etmək, məzəmmətə layiq olmayanı məzəmmət etmək.

13. Günah məclisində iştirak etmək.

14. Qızıl və gümüş qablardan istifadə etmək.

15. Üz döndərmək və nifrət səbəbi ilə müsəlmanların camaat namazında iştirak etməmək. Bəzi fəqihlər belə bir şəxsin şahidliyinin qəbul edilməməsi dəlili ilə bu işin böyük günah olduğunu təsdiq etmişlər.

16. Əməli risalələrin təharət, namaz, oruc bölmələrində qeyd olunan bütün yasaqlar. Bu yasaqlardan çəkinmək lazımdır. Dəstəmazın, qüsllərin, təyəmmümün vacib işlərinin, namazın, orucun, həccin, xümsün və zəkatın vacibatlarının yerinə yetirilməsində səhlənkarlıq və saymazlıq etmək haramdır.

Həmçinin müamilələr fəslində alqı-satqı, icarə, bağışlama, oğurluq (qəsb) və s. kimi əməllərlə əlaqədar qeyd edilmiş haramlar öyrənilməli və tərk edilməlidir. Belə ki bir şeyi bir kəsdən götürsə və o əşyanın sahibi də utancaqlıq və çarəsizlikdən izin versə, həmin şeyi istifadə etmək haramdır, çünki oğurluq hökmündədir. Həmçinin bilinməlidir ki, oğurluq davamlı günahlardan hesab olunur, yəni həmin əşyanı sahibinə qaytara bildiyi halda qaytarmadığı hər bir an yeni bir günah yerinə yetirmiş hesab olunur.

Həmçinin nikah və talaq bölməsində qeyd olunan haramlar da bilinməli və tərk edilməlidir. Yemək və içmək bölməsindəki yasaqların da öyrənilməsi və tərk edilməsi zəruridir. Bu deyilənlər haqqında ətraflı məlumat almaq üçün şəriət kitablarına müraciət edilməlidir.

KİÇİK GÜNAHLARI BÖYÜK GÜNAHA ÇEVİRƏN SƏBƏBLƏR HANSILARDIR?

Kiçik günahları böyük günahlara çevirən bəzi səbəblər vardır. İndi isə bunları izah etməyə çalışaq:

1. Kiçik günaha israr etmək və onu ardıcıl yerinə yetirmək (israr və müvazibə);

İmam Sadiq buyurmuşdur: "İsrarla yerinə yetirilən kiçik günah artıq kiçik günah deyildir. İstiğfar edilən böyük günahın isə heç bir izi qalmır!”[50]

Hədisdəki "İstiğfar edilən böyük günahın isə heç bir izi qalmır”, – cümləsindəki istiğfar sözündən tövbə etmək, peşman olmaq və o günahı yerinə yetirməmək əzmində olmaq nəzərdə tutulur. Tövbə etməklə böyük günahın heç bir izi qalmır və insan o günaha görə cəzalandırılmayacaq. "İsrarla yerinə yetirilən kiçik günah artıq kiçik günah deyildir”, – cümləsi isə bir qrup alimlərin dediyi kimi kiçik günahın israrla yerinə yetirilməsinin böyük günah olduğuna dəlalət edir.

Bunun sirri budur ki, kiçik günahın təsiri az olduğuna görə bir, yaxud iki dəfə yerinə yetirildikdə qəlbin qaralmasına o qədər də təsir etmir, lakin təkrar-təkrar yerinə yetirildikdə və onun zəif izləri üst-üstə yığıldıqda güclənir və tədricən qəlbə təsir göstərməyə başlayır. Bu, su qətrələrinin daş üzərinə ardıcıl damcılayıb onda iz qoymasına bənzəyir. Əgər bu qədər su daş üzərinə bir dəfə tökülsə, onun üzərində heç bir iz qoymaz. Buna görə də Peyğəmbər buyurmuşdur: "Az da olsa, əməllərin ən xeyirlisi davamlı olaraq yerinə yetirilənidir!”

Deməli, az da olsa, davamlı itaət faydalı olduğu kimi, az da olsa, davamlı günah zərərlidir.

Həmçinin kiçik günahların başqa bir təhlükəsi böyük günahların yerinə yetirilməsi üçün münasib bir zəmin yaratmasıdır.

Necə ki əvvəldən kiçik deyib əhəmiyyət verilmədən yerinə yetirilən günahlar israr nəticəsində böyük günahlara da yol açar.

Peyğəmbərimizin Hz. Aişəyə verdiyi bu tövsiyə də mövzumuza işıq tutur: "Ey Aişə, gözə önəmsiz görünən günahlardan çəkin! Çünki bu günahlar üçün Allah tərəfindən vəzifələndirilmiş bir məmur vardır, çünki kiçik günahlar insanla bir araya gəldikdə onu həlak edər. Eyni ilə çöllükdə yaşayıb yanına qövmün işçiləri gələn bu şəxs kimi; o şəxs və başqaları odun daşıyıb üst-üstə yığarlar və bir qalaq meydana gətirərlər. Qəflətən qalaqlanmış odunu yandırarlar və çöldəki bütün canlıları yox edərlər”[51]

2. Günahın kiçik hesab edilməsi və ona fikir verilməməsi (istisğaruz-zünub);

İmam Sadiq buyurmuşdur: "Peyğəmbər heç bir şey bitməyən bir yerdə dayandı və öz əshabələrinə dedi: "Mənim üçün odun yığıb gətirin”. Onlar dedilər: "Ey Allahın Elçisi, biz heç bir şey bitməyən bir yerdə dayanmışıq, bu yerdə odun yoxdur”. Peyğəmbər buyurdu: "Hər bir şəxs bacardığı qədər odun yığsın”. Xırda-xırda gətirib odunları o Həzrətin qarşısına yığdılar. Peyğəmbər buyurdu: "Günahlar da belə yığılır”. Sonra dedi: "Kiçik günahlardan çəkinin!...”[52]

Əbuüsamə Zeyd əş-Şəhham belə rəvayət edir: "İmam Sadiq dedi: "Kiçik günahlardan çəkinin, çünki onlar bağışlanmaz”. Soruşdum: "Kiçik günahlar hansılardır?” İmam: "Bir insan günah edir və deyir: "Xoş mənim halıma! Kaş bundan başqa heç bir günahım olmayaydı”, – deyə cavab verdi”[53].

Səmaə deyir: "İmam Kazimin belə dediyini eşitdim: "Yerinə yetirdiyiniz çox xeyirli işləri çox saymayın, az günahı da az saymayın, çünki az günah xırda-xırda toplanar və çox olar. Gizlində Allahdan qorxun ki, ta öz tərəfinizdən haqqı əda etmiş olasınız!”[54]

3. Alimlərin və din xadimlərinin kiçik günahı insanların hüzurunda, yaxud onların xəbərdar olacaqları şəkildə yerinə yetirmələri. Bu halda onların yerinə yetirdiyi kiçik günah digər insanlara nisbətən daha böyükdür.

TƏRTİBATÇI: XƏYYAM QURBANZADƏ



[1] Bu üç kəlmə "həddi aşmaq” mənasını verir.

[2] "Haqqı əskiltmək və bir şeyi öz yerində qərarlaşdırmamaq” mənasını verir.

[3] "Yarmaq, açmaq” mənasını verən "fəcərə” felinin məsdəridir. Günaha dindarlıq pərdəsini açdığı və yardığı üçün fücur deyirlər.

[4] "Haqq yoldan çıxma” mənasını verir.

[5] "Korlanma, xarab olma” mənasını verir.

[6] "Haqdan sapma” mənasını verir.

[7] "Batilə meyil etmək” mənasını verir.

[8] "Doğru yoldan sapmaq” mənasını verir.

[9] "Haqdan sapmaq” mənasını verir.

[10] "Kir, pas” mənasını verir.

[11] "Daşürəklilik” mənasını verir.

[12] "Çox çirkin bir iş” mənasını verir.

[13] "Səhv, təqsir” mənasını verir.

[14] Bu söz "kəsmə, ayırma (qət)” mənasını verir. Günaha ona görə cərm/curm deyilir ki, insanı xoşbəxtlikdən və ilahi rəhmətdən kəsib ayırır və günahkarı da ona görə mücrim adlandırırlar ki, günahın nəticəsində özünü rəhmətdən, xoşbəxtlikdən və insanlığın doğru yolundan kəsib ayırır.

[15] "Çirkinlik” mənasını verir.

[16] Bu kəlmə "insana üzüntü və kədər verən hadisə, yaxud əməl” mənasını verir. "Nisa” surəsinin 31-ci ayəsində "kiçik günah” mənasında işlənmişdir.

[17] "Nəcm”, 32

[18] "Nisa”, 93

[19] "Üsuli-Kafi”, "Kitabul-İman vəl-Küfr”, "Babul-Kəbair”, 1-ci hədis

[20] "Bəqərə”, 191

[21] "Bəqərə”, 217

[22] "Nəcm”, 32

[23] "Maidə”, 72

[24] "Yusuf”, 87

[25] "Əraf”, 99

[26] İmam burada "Məryəm” surəsinin 32-ci ayəsinə işarə etmişdir. Ayədə buyurulur: "O, həmçinin məni anama qarşı olduqca nəvazişkar etdi, zülmkar və asi (dikbaş) eləmədi!”

[27] "Nisa”, 93

[28] "Nur”, 23, 24

[29] "Nisa”, 10

[30] "Ənfal”, 16

[31] "Bəqərə”, 275

[32] "Bəqərə”, 102

[33] "Furqan”, 69

[34] "Ali-İmran”, 77

[35] "Ali-İmran”, 161

[36] "Bəqərə”, 283

[37] "Rəd”, 25

[38] "Üsuli-Kafi”, "Kitabul-İman vəl-Küfr”, "Babul-Kəbair”, 24-cü hədis

[39] "Üsuli-Kafi”, "Kitabul-İman vəl-Küfr”, "Babul-Kəbair”, 2-ci hədis

[40] "Camiu Əhadisiş-Şiə”, "Babu ma vərədə fi bəyanil-kəbair minəz-zunub”, c. 16 s. 468, h. 22 399

[41] "Camiu Əhadisiş-Şiə”, "Babu ma vərədə fi bəyanil-kəbair minəz-zunub”, c. 16, s. 469, h. 22 400

[42] "Camiu Əhadisiş-Şiə”, "Babu ma vərədə fi bəyanil-kəbair minəz-zunub”, c. 16, s. 472, h. 22 412

[43] "Camiu Əhadisiş-Şiə”, c. 16, s. 464, h. 22 388

[44] "Nəhl”, 43

[45] "Təfsirul-Mizan”, Həmin ayənin təfsiri

[46] "Mizanul-Hikmə”, c. 3, s. 1313, h. 6468. "Nurus-Səqəleyn”dən nəql olunmuşdur.

[47] "Üsuli-Kafi”, "Kitabul-İman vəl-Küfr”, "Babul-Kəbair”, 1-ci hədis

[48] Əbussamitin İmam Sadiqdən nəql etdiyi rəvayətə işarə edilir. "Camiu Əhadisiş-Şiə”, "Babu ma vərədə fi bəyanil-kəbair minəz-zunub”, c. 16 s. 468, h. 22 399

[49] Cinsi münasibətin və övrətin mənasını və cinsi funksiya daşıdığını başa düşən qeyri-baliğ uşağa müməyyiz uşaq deyilir.

[50] "Üsuli-Kafi”, "Kitabul-İman vəl-Küfr”, "Babul-İsrar ələz-zənb”, 1-ci hədis

[51] "Müsnəd”, 1/402, 5/33, 6/70, 151

[52] "Üsuli-Kafi”, "Kitabul-İman vəl-Küfr”, "Babu İstisğariz-Zünub”, 3-cü hədis

[53] "Üsuli-Kafi”, "Kitabul-İman vəl-Küfr”, "Babu İstisğariz-Zünub”, 1-ci hədis

[54] "Üsuli-Kafi”, "Kitabul-İman vəl-Küfr”, "Babu İstisğariz-Zünub”, 2-ci hədis



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun