16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

HƏMAS

Yaranması, silahlı mübarizəyə başlaması, mübarizəyə baxışı, ümumi strategiyası, ümumi görüşləri və mövqeyi, siyasi həll yolu haqqında davranışı və digər islami hərəkatlarla əlaqəsi

25 yanvar 2006-cı ildə Fələstin parlamentində yer alacaq 132 üzvün müəyyən olunması üçün seçkilər oldu.
Bu seçkilərdə Həmas bütün səslərin 55%-ni qazandı və məclisdəki yerlərin 57,6%-nə sahib oldu. Seçkilərdə böyük uğur qazanan Həmas 132 üzvlük parlamentdə 76 yer qazandı. Seçkilərdə qələbə qazananların 4-ü də Həmasın dəstəklədiyi müstəqil namizədlər idi. Bu səbəbdən demək olar ki, Həmas məclisdə 80 nəfərlə təmsil olunacaq. Digər üzvlüklərin 43-nü əl-Fəth, 3 yeri Fələstin Xalq Qurtuluş cəbhəsi, qalan yerləri isə Müstəqil Fələstin, üst sol qrupun birliyi ilə formalaşan Alternativ və üçüncü yol qrupları qazandı.

GİRİŞ
Fələstindəki islami hərəkatın kökləri olduqca dərinlərə gedir. Bu, II Xəlifə Ömər ibn Xəttab tərəfindən fəth edildikdən sonra xaçlı işğalı dövrü (1099-1187) istisna olmaqla, ingilislərin o torpaqları ələ keçirməsinə (1918-ci il) qədər Fələstin torpaqlarına həmişə islami ab-havanın hakim olmasının təbii bir nəticəsidir. İngilis işğalına və onun kölgəsində güc qazanan sionist terrora qarşı mübarizə aparanlar da həmişə islami düşüncə sahibləri olmuşlar. İşğalçı İsrail dövlətinin qurulmasından sonra islami hərəkat öz idarə nöqtələrini və mübarizə qərargahlarını sionistlərin ələ keçirdiyi torpaqlardan kənarda yerləşdirmək məcburiyyətində qaldılar. Bu məsələdə Ərəb ordularının sionist işğalçılarının hərəkət imkanlarını artırıb, mücahidlərin hərəkat ərazilərini daraltmalarının mühüm rolu oldu.
Fələstində 1948-ci ildən sonra yenidən inkişafa başlayan islami hərəkatın toxumları Misirdə Həsən əl-Bənnanın – Allahın rəhməti ona olsun – qurduğu "Müsəlman Qardaşlar Cəmiyyəti” hərəkatı tərəfindən atılmışdır. Ustad Həsən əl-Bənna 1948-ci ildə Sionist işğalçıların meydana gətirdiyi müharibədə fələstinli müsəlmanların yanında mübarizə aparmaq üçün bəzi gəncləri cəbhəyə göndərdi. "Müsəlman Qardaşlar Cəmiyyəti” nin üzvü olan gənclər bu müharibədə bir neçə cəbhədə cihad etdilər. Həsən əl-Bənna bundan əlavə Fələstinə təbliğat məqsədi ilə də gənclər göndərmişdi. Həsən əl-Bənnanın göndərdiyi gənclər fələstinli gənclərə müxtəlif hərbi düşərgələrdə təlim keçirdilər və elə həmin gənclər daha sonra Fələstindəki islami hərəkatın çəyirdəyini meydana gətirdilər.
Bununla bərabər Fələstində daha öncə ingilis işğalı zamanında edilən cihadın və islami tərbiyə fəaliyyətlərinin də 1948-ci ildən sonrakı islami hərəkatın yaranmasında mühüm rolu olmuşdur.
İşğal altındakı torpaqlarda 1981-ci ildə ortaya çıxarılan "Cihad Ailəsi” islami hərəkata mənsub idi.
Yenə 1984-cü ildə Qəzzə bölgəsində ələ keçirilən və Şeyx Əhməd Yasinlə bəzi dostlarının həbs edilməsinə yol açan silahlar bu hərəkat üzvlərinə aid idi. Bütün bunlar İslami hərəkatın getdikcə gücləndiyinə və yayıldığına işarə edirdi. İslami hərəkatla əlaqədar olaraq İsrail kəşfiyyatının hazırladığı hesabatlarda bu hərəkat üzvlərinin fəaliyyətlərini sürətlə, diqqətlə və müvəffəqiyyətlə göstərdikləri, İsrail kəşfiyyatçılarının hərəkata aid hücrələri heç də təyin edə bilmədikləri ifadə edilirdi.
İslami hərəkat fəaliyyətini xeyriyyə təşkilatları, şagird dərnəkləri, səhiyyə təşkilatları, zəkat komitələri və s. kimi müxtəlif növ ictimai təşkilatlar vasitəsi ilə də davam etdirirdi. Bu ictimai təşkilatlar göstərdikləri ictimai xidmətlərlə yanaşı eyni zamanda xalqa islami yöndən şüur verməyə çalışırdılar. Bununla bərabər islami hərəkatın hərəkət və tərbiyə mərkəzləri ümumilikdə məscidlər olmuşdur. Bu yolla məscidlər eyni zamanda əsl funksiyasına qaytarılmış olurdu.
Bununla bərabər universitetlərdə də, xüsusən, 80-ci illərdə islami hərəkat getdikcə güclənməyə və təsirini göstərməyə başladı. Qəzzədəki "Qəzzə İslam Universiteti” bu hərəkatın bir qalasına çevrilmişdi. Qərbi Yaka universitetlərindən "əl-Xəlil Universiteti”ndə ən güclü hərəkat islami hərəkat idi. Bəir Zəit, Nəcah və Beyt Ləhəm universitetlərində isə hərəkat tədricən güclənmişdir. İslami hərəkat həmin universitetlərdəki fəaliyyətləri ilə bərabər müxtəlif özəl məktəblər açaraq da təhsil sahəsində ağırlığını hiss etdirməyə çalışmışdır.

HƏMASIN YARANMASI
Fələstin xalqındakı ümumi şüurun və Fələstində ortaya çıxan islami axımın – hərəkatın xüsusi şüurunun ilk təməli səksəninci illərin əvvəlindən etibarən atılmağa başlanan "Fələstin İslami Müqavimət Hərəkatı”nın proqramının formalaşmasında rolu olmuşdur. Bu təsirin nəticəsində müqavimət qollarının yaranması imkanı ortaya çıxdığı kimi, 1986-cı ildən etibarən sionist işğala qarşı kütləvi müqavimət hərəkatına başlamaq üçün praktiki hazırlıqların aparılması ilə yanaşı islami hərəkatın xalq özülü də yaranmağa başlamışdır. Nəcah, Bəir Zəit universitetlərində və "Qəzzə İslam Universiteti”ndə sionist işğala qarşı başlayan tələbə hərəkatlarının, işğala qarşı geniş miqyaslı bir xalq müqavimətinin ortaya çıxması üçün müəyyən fikirlərin yaranmasında rolu olmuşdur. Xüsusilə, işğalçı hakimiyyətin zalım rəftarı, təzyiqi və hədəfi xalqı əzmək olan metodları kütlələrdəki təsirin, işğala qarşı dayanmaq istiqamətində cəsarətin artmasına və müqavimət göstərmək ruhunun güclənməsinə yol açmışdır.
Cibaliyada bir sionistin kiçik yük maşını ilə fələstinli işçilərin arasına girərək dörd nəfər şəxsi şəhid olduqdan sonra baş verən hadisələr fələstin xalqının yeni bir cihad dövrünə girdiyinin elanı mənasını verirdi. Bu hadisədən sonra xalqın müqavimətinə rəhbərlik edən ilk hərəkat "Fələstin İslami Müqavimət Hərəkatı” ("F.İ.M.H”) olmuşdur. 1987-ci il 14 dekabrda Fələstin xalqının təcavüzkar sionist işğalçılar qarşısındakı cihadında yeni bir dövrün başladığı eşitdirildi. Bu da "xalq qiyamı” olaraq adlandırılan müqəddəs xalq hərəkatı dövrü idi.
Xalq qiyamının ikinci ayından etibarən hərəkat mərhələsi birmənalı şəkildə xalq kütlələrinə müraciət edən və xalq müqavimətinə istiqamət verən, müqaviməti davam etdirənlər üçün müəyyən proqramlar ortaya qoyan bəyanatlar yaymağa başladı.
Həmasın təsirli bir şəkildə ortaya çıxması sionist düşməni son dərəcə narahat etdi. Ümumiyyətlə, sionist kəşfiyyat təşkilatı Həmasın fəaliyyətlərini və liderlərini izləmək üçün bütün təşkilatı orqanları hərəkətə gətirdi. İşğalçı hakimiyyət 1988-ci ilin avqustundan etibarən qələbəlik xalq kütlələrinin Həmas hərəkatının boykot çağırışlarına tabe olduğunu və hərəkatın bir andlaşmasının yayıldığını görüncə bir-birini təqib edən həbs kompaniyaları başlatdı. Bu həbslər həmin vaxtdan etibarən 1-ci növbədə hərəkatın üzvlərini və ona dəstək verənləri hədəfə almışdı.
Bu hərəkata qarşı ilk geniş miqyaslı həbs kompaniyası 1989-cu ilin mayında başladı. Bu kompaniyada hərəkatın qurucu rəhbəri və simvolu Şeyx Əhməd Yasin də tutuldu. Lakin bu təzyiqlər Həmasın başladığı mübarizəni dayandıra bilmədi. Əksinə, zaman keçdikcə hərəkatın müqavimət metodları inkişaf etdi. 1989-cu ilin qışından etibarən sionist əsgərlərin girov götürülməsi və işğal qüvvələrinin əsgərlərinə bıçaqla hücumlar tətbiq edilməsi də müqavimət fəaliyyətləri arasına daxil oldu. 1990-cı ilin dekabrından etibarən yenə də böyük həbs kompaniyası başladı. İşğal qüvvələri bu tarixdə hərəkatın öndə gedənlərindən və liderlərindən dörd şəxsi sürgün etdi. Hətta bu hərəkatın üzvü olmağı belə ağır cəzalara səbəb ola biləcək cinayət saymağa başladılar.

SİLAHLI MÜBARİZƏYƏ BAŞLAMASI
Həmas 1991-ci ilin sonunda "İzzəddin Qəssam Birlikləri” adı ilə hərbi qanadını qurduğunu açıqlaması ilə birlikdə yeni bir mövqe tutdu. Bu inkişafın ardınca düşmənə ağır itkilər verən müxtəlif hərbi fəaliyyətlər aparmağa başladı. Üstəlik düşmənlər fəaliyyət aparan mücahidlərin yerləşdiyi məkanları tapa bilmirdi.
Tolidana əməliyyatından sonra sionist hakimiyyət Həmasa qarşı son dərəcə insafsız bir həbs kompaniyası başlatdı. Rabin bu hərəkatı cəzalandırmaq məqsədi ilə Həmasın qabaqcıllarından 415 şəxsi sürgün etməyə qərar verdi. Bu, kütləvi şəkildə ilk sürgün qərarı idi.
F.İ.M.H., Fələstin torpaqlarının hamısının qurtuluşu üçün mübarizə aparan və qurtuluşun həqiqət tapması üçün Cihadı tək yol görən bir xalq hərəkatıdır. Təməl istinad nöqtəsi olaraq islami prinsiplərə və fiqhi-şəri əsaslara dayandığını bildirmişdir. Bu, bir partiya təşkilatı, yaxud dar özüllü bir qrup fəaliyyəti deyil, geniş özüllü bir xalq hərəkatıdır.

MÜBARİZƏYƏ BAXIŞI
Həmas Fələstindəki müsəlmanlarla və ümumilikdə ərəblərlə sionistlər arasındakı mübarizənin bir sivilizasiya və varlıq mübarizəsi olduğuna inanır. Ona görə də bu mübarizəni hazırlayan səbəblər ortadan qalxmadan bu mübarizənin sona çatması mümkün deyil. Bu səbəblərdən ən başlıcası sionistlərin Fələstin torpaqlarına yerləşdirilməsidir. Həmas sionistlərin bölgəni milli ocağa çevirmə cəhdinin qarşısını almanın yalnız böyük miqyaslı bir cihadla mümkün ola biləcəyinə və silahlı mübarizənin də bu cihadın təməl ünsürü olduğuna inanmaqdadır.

ÜMUMİ STRATEGİYASI
Həmas sionist işğalçılar qarşısındakı mübarizəsində tətbiq edəcəyi strategiyanın ümumi xüsusiyyətlərini bu şəkildə müəyyənləşdirmişdir:
1. Sionistlərin Fələstinə yerləşmə cəhdlərində ilk hədəf Fələstin xalqıdır. Buna görə də mübarizədə ən ağır yük bu xalqın üzərinə düşür. Bu baxımdan xalqın sahib olduğu gücü işə salmaq lazımdır.
2. Düşmənə qarşı müqavimət sahəsi Fələstindir. Digər İslam torpaqları isə Fələstindəki xalqa yardım və dəstək əraziləridir. Xüsusilə, bu ərazilərdən veriləcək yardımın siyasi, ictimai və iqtisadi sahələrdə çoxalması lazımdır. Sionist düşmənə qarşı aparılan praktiki mübarizənin isə əsrlər boyunca şəhidlərin təmiz qanları ilə sulanmış müqəddəs Fələstin torpaqlarında davam etdirilməsi lazımdır.
3. Fələstində düşmənə qarşı aparılan mübarizənin və müqavimətin zəfərə və o torpaqların xilas edilməsinə qədər davam etməsi lazımdır. Düşmən qarşısındakı müqavimətdə tətbiq edilə biləcək ən üstün şey isə Allah yolunda cihaddır.
4. Siyasi fəaliyyət sionist düşmən qarşısında aparılan mübarizə növlərindən biridir. Bu fəaliyyətin məqsədi də Fələstin xalqının sionist düşmən qarşısındakı cihad və müqavimətinə dəstək vermək, onun və bütün müsəlman xalqların güclərini Fələstin davasına dəstək üçün işə salmaq, müsəlmanları Fələstin xalqının haqlarını müdafiə etmələri və haqlı mübarizəsini dünya ictimai rəyi önünə qoymaları üçün hərəkətə gətirməkdir.

ÜMUMİ GÖRÜŞLƏRİ VƏ MÖVQEY İ
1. Həmas Fələstin ərazisində fəaliyyət göstərən bütün güclərlə və qruplarla əməkdaşlıq etmək üçün cəhd göstərir. Bu mövzuda: "Üzərində ittifaq etdiyimiz mövzularda bir-birimizə yardım etməli, ixtilaf etdiyimiz mövzularda isə bir-birimizi məzur görməliyik!” prinsipini əsas götürür.
2. Fələstin xalqının haqlarını hər hansı bir din, soy və qrup ayrılığı etmədən müdafiə edir. Fələstin xalqının torpağını və vətəninin qurtuluşunu müdafiə edərkən müxtəlif qrup və qolları ilə bu xalqın hamısının haqqını qəbul edir. Müsəlmanlar və xristianlar ilə birgə Fələstin xalqının tək bir xalq olduğuna inanır.
3. İslam ümmətinin birliyinə inanır, bu birliyin yaranması yolunda sərf edilən bütün səyləri dəstəkləyir.
4. Dini etiqadına, milli kimliyinə və siyasi əqidəsinə baxmadan bütün hakimiyyətlərlə, siyasi partiyalarla və millətlərarası güclərlə dialoqun əhəmiyyətinə inanır. Həmasa görə, bunlardan biri ilə Fələstin Xalqının haqlı mübarizəsinə və onun qanuni haqlarını əldə etmə cəhdinə dəstək olmaq, yaxud sionist işğalçıların mövqeləri, Fələstin xalqına rəva gördüyü qeyri-insani təzyiqləri haqqında dünya ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə yardım etmək üçün hər hansı bir maneə haqqında söz gedə bilməz.

SİYASİ HƏLL YOLU HAQQINDAKI MÖVQEYİ
Həmas siyasi həll yolu haqqındakı mövqeyini bildirərkən iki amilə dayanır:
1. Sionizmin mahiyyəti onun, qaynağını Tövrat, Talmud və sionist hərəkatın qurucularının yazılarından alan fikri arxa planı haqqındakı məlumatlara dayanan dəyərləndirməsi; Bu dəyərləndirməyə görə sionistlər vəd edilmiş torpaqlar xurafatından, özlərinin Allahın seçilmiş xalqı olduqları etiqadından, torpaqsız xalq – xalqsız torpaq prinsipindən və Böyük İsrail düşüncəsindən ciddi şəkildə yapışmaqdadırlar. Bununla bərabər 1949-cu il sazişində, 1978-ci ildə imzalanan Kemp-Devid sazişində, 1993-cü ildə Fələstin Azadlıq Təşkilatı (FAT) ilə sionist düşmən arasında gerçəkləşən prinsiplər bəyanında, daha başqa sazişlərdə hiyləgərlik edildiyinə və sionizmin əsl üzünün gizləndiyinə inanır. Həmas inanır ki, sionist düşmən siyasi həll yolu ilə işğal etdiyi torpaqları genişləndirmək və oralara yerləşmə planını həyata keçirmə yolunda yeni bir mərhələyə giriş planını işə salmaq istəyir.
2. Mənbəyi nə olursa-olsun və içində hansı maddə olursa-olsun siyasi həll yolunun sionist düşmənə Fələstin torpaqlarının çoxu üzərində varlıq haqqı tanıyacağı etiqadı; Belə bir qərar milyonlarla fələstinlinin yurdlarına qayıtmaları imkanının tamamən ortadan qaldırılması, eyni zamanda Fələstin torpaqlarının hamısı üzərində fələstinlilərin öz həyat tərzlərini təyin etmə, müstəqil dövlətlərini və milli təşkilatlarını qurma haqlarının bütünlüklə əllərindən alınması mənasını verir. Buna imkan yaratmaqsa, bütün millətlərarası və insani dəyərlərə, prinsiplərə və ənənələrə zidd olduğu kimi, İslam şəriəti baxımından da yasaq edilmiş işlərdəndir. Ümumiyyətlə, belə bir fikri qəbul etmək icazəli deyil. Fələstin torpağı müqəddəs bir İslam torpağıdır. Sionistlər buranı təzyiq və təcavüz yolu ilə qəsb ediblər. Müsəlmanların buranı geri almaq və işğalçıları aradan çıxartmaq üçün cihad etmələri vacibdir. Məhz bu səbəblərə görə Həmas, siyasi həll yolu planlarını, Fələstin məsələsinin sülh danışıqları yolu ilə həll oluna biləcəyi görüşünü və bu görüş istiqamətində ortaya atılan bütün planları rədd etmişdir.


DİGƏR İSLAMİ HƏRƏKATLARLA ƏLAQƏSİ
Həmasın Fələstin ərazisində fəaliyyət göstərən digər islami hərəkatlarla olan əlaqəsini öyrənməmişdən əvvəl o hərəkatların yaranmasının və fəaliyyətinin tarixinə qısa şəkildə olsa da nəzər salmaq lazımdır.
Fələstindəki islami mübarizənin digər bir qanadı olan "İslami Cihad Hərəkatı” və ya başqa bir adı ilə "Fələstinin Azadlığı Üçün İslami Cəbhə” Dr. Fəthi Şiqaqinin rəhbərliyi ilə 1986-cı ildə qurulmuşdur. Daha öncə islami anlayışlarına görə "Fəth” dən ayrılan bəzi qruplar "İslami Cihad Hərəkatı” na qoşulmuşdular. Həm də 1970-ci illərdə "Müsəlman Qardaşlar Cəmiyyəti”nin Fələstin qanadı mahiyyətini daşıyan və "İslami Hərəkat” adı ilə fəaliyyət göstərən kütlə ilə ayrılığa düşərək bu hərəkatdan çıxmış olan Əbdüləziz Udəh də "İslami Cihad Hərəkatı”na qoşulmuşdur. Hərəkatın qurucusu Dr. Fəthi Şiqaqi "İslami Hərəkat”la bəzi məsələlərdə fikir ayrılığı yarandığı üçün ondan uzaqlaşmışdır.
Dr. Fəthi Şiqaqi 1952-ci ildə Fələstinin Qəzzə bölgəsindəki Rəfəh qaçqın düşərgəsində, Rəmlədən gəlib buraya sığınan bir fələstinli ailəsində dünyaya gəlmişdir. İbtidai və orta təhsilini Rəfəhdə tamamladıqdan sonra Bəir Zəit Universitetində təhsil almışdır. Buradan məzun olduqdan sonra Qüdsdə dörd il müəllimlik etmişdir. 1974-cü ildə tibbi təhsil almaq üçün Misirə getmiş və orada Zəqaziq Universitetində tibb təlimi görmüşdür. Burada təhsil aldığı müddətdə Fəthi Əbdüləziz ləqəbi ilə yazdığı "Xomeyni, İslami həll yolu və Alternativ” adlı kitabına görə bir müddət həbs həyatı yaşamışdır. 1980-ci ildə məzun olaraq Qüdsə qayıtmış və həkimlik etmişdir. 1983-cü ildə işğalçılar tərəfindən tutulmuş və bir il həbsdə yatmışdır. 1986-cı ildə yenidən həbs olunmuş və dörd il həbs cəzası çəkmişdir. Ancaq 1988-ci ildə Livana sürgün edilmiş, bir il orada qaldıqdan sonra Suriyanın paytaxtı Dəməşqə gəlmişdir.
Dr. Fəthi Şiqaqi fələstinlilərin köçürülmə fəaliyyətinin dayandırılması üçün Qəzzafi ilə görüşmək üçün Liviyaya getmiş və oradan qayıdarkən dayandığı Malta adasında, 1995-ci ilin oktyabrında İsrail rejiminin cinayət şəbəkəsi MOSSAD-ın müzdlu qatilləri tərəfindən şəhid edilmişdir. Şiqaqi Qüdslü bir qadınla evli idi və dörd uşaq sahibi idi.
Dr. Fəthi Şiqaqinin şəhadətindən sonra "F.İ.C.H.”nın rəhbərliyinə Ramazan Abdullah Şallah gətirildi.
"İslami Cihad Hərəkatı”, ən çox Qəzzə bölgəsində təşkilatlanmışdır. Bununla bərabər Qərbi Yaka bölgəsində də az sayda da olsa belə tərəfdarlar toplaya bilmişdir.
"İslami Cihad Hərəkatı”nın qurucuları ideoloji təşkilatlanmalarında ən çox Ustad Həsən əl-Bənna, Seyid Qütb və İzzəddin Qəssamın fikirlərindən yararlanmışlar. Deyirlər ki, Həsən əl-Bənna İslam dünyasında yenidən dirçəliş hərəkatını başlamış mühüm bir lider, Seyid Qütb isə fikirləri ilə ümməti qarşılaşdığı sapqınlıqlara qarşı oyadan və etiqad barəsində onlara aydınlıq verən mütəfəkkirdir. Lakin "Müsəlman Qardaşlar Cəmiyyəti”ndə Həsən əl-Bənna və Seyid Qütbdən sonra fikri bir dəyişmə dövrünün başladığını irəli sürürdülər.
"İslami Cihad Hərəkatı” yaranma mərhələsində İran inqilabından da təsirlənmişdir. Qeyd etdiyimiz kimi, hərəkatın lideri Dr. Fəthi Şiqaqi İranda İmam Xomeyninin rəhbərliyi ilə xalq hərəkatının başladığı zamanda "Xomeyni, İslami həll yolu və Alternativ” adlı bir kitab yazmışdır. Şiqaqi bu kitabı İran inqilabından əvvəl yazdığını ifadə etmişdir. Ancaq kitab İranda müsəlmanların hakimiyyəti ələ keçirmələrindən sonra satışa çıxmışdır.
Həmasla "İslami Cihad” arasındakı ayrılıq etiqad və ya ideoloji prinsiplərlə əlaqədar bir əsasa dayanmır. Ayrılıqlar bəzi təməl prinsiplərin şərhi və aparılan fəaliyyətdə hansı fikirlərin önə atılması haqqındadır. Həmasla "İslami Cihad” arasındakı əlaqə haqqında Həmasın rəsmi söz sahibi İbrahim Qoşənin verdiyi bu açıqlamasını nəzərinizə çatdırırıq: "İslami dəvət və cihad yolunun bir olduğuna şübhə yoxdur, çünki İslam həm bir etiqad sistemidir və həm də cihaddır. Həqiqətdə islami hərəkat da bu iki əsasa görə hərəkət etməlidir. ... "İslami Cihad Hərəkatı”nın da, Həmasın da ana islami hərəkatdan doğduğu bir həqiqətdir. Səhnəyə çıxmalarının müxtəlif zamanlarda olması isə mübarizəni başlama haqqındakı dəyərləndirmələrinin fərqli olmasından irəli gəlir. "İslami Cihad Hərəkatı” yerinə yetiriləcək işlərin sıralanmasında feli cihadı birinci sıraya qoyurdu. Həmas isə tərbiyə, hazırlıq və münasib şərtləri izləmənin feli cihaddan əvvəl gəldiyi qənaətində idi. Bu mövzuda fərqlənmə olsa da bu gün hər iki hərəkat da eyni mərhələnin içərisindədir. ...”
Həmas və İslami Cihad Hərəkatı daha çox 1967-ci ildə İsrail tərəfindən işğal edilmiş torpaqlarda fəaliyyət göstərirlər. 1948-ci ildə işğal edilmiş torpaqlarda fəal olan islami qruplaşma isə "İslami Hərəkat” adı ilə fəaliyyət göstərən qruplaşmadır. Bilindiyi kimi sionistlər Fələstin torpaqlarının bir hissəsini 1948-ci ildə, digər bir hissəsini isə 1967-ci ilin iyununda işğal etdilər. BMT daha sonra 1948-ci ildə işğal edilən hissəni "İsrail” olaraq qəbul etdi. İsrail işğal hakimiyyəti də 1948-ci ildə işğal edilən torpaqlarla 1967-ci ildə işğal edilən torpaqlar arasına "yaşıl xətt” adını verdiyi bir sərhəd qoydu. Bu hissədə (1948-ci ildə işğal edilmiş hissədə) fəaliyyət göstərən "İslami Hərəkat” da Həmas kimi "Müsəlman Qardaşlar Cəmiyyəti”nin bir qoludur və bu hərəkatın təməli də İmam Həsən əl-Bənnanın 1948-ci ildə cihad etmək üçün Fələstinə göndərdiyi mücahidlər və dəvətçilər tərəfindən atılmışdır. Lakin "yaşıl xətt” içində yerləşən torpaqlarla bu xəttin xaricində qalan torpaqlar arasındakı status fərqinə görə iki müxtəlif ad altında fəaliyyət aparılır. "Yaşıl xətt” içində qalan hissədə fəaliyyət göstərən "İslami Hərəkat” daha çox təhsil, ictimai xidmət, yardım, hüquqi xidmət və s. kimi leqal fəaliyyətlərə ağırlıq verdikləri halda, Həmas bütün bu fəaliyyətlərlə yanaşı cihadı da davam etdirməkdədir.
"İslami Hərəkat”la Həmas arasında sıx bir bağlılıq və yardımlaşma vardır. Bu mövzuda İsrail daxili kəşfiyyat təşkilatı ŞABAK tərəfindən hazırlanan bir hesabatda yer alan bəzi məlumatlara nəzər salaq; Həmin hesabatda İsrailə görə olduqca təhlükəli görünən bir inkişafa diqqət çəkilmiş və bu inkişafın "yaşıl xətt” içində qalan fələstinlilərlə bu xəttin xaricindəki fələstinlilər arasında əməkdaşlıq olduğu dilə gətirilmişdir. Mövzu ilə əlaqədar olaraq "Maarif” qəzetində yer alan bir xəbərə görə ŞABAK-ın səlahiyyətli şəxsiyyətləri, muxtar hakimiyyətin yaradılmasından sonra özlərinin qoruyucu kəşfiyyat üçün hər tərəfə çatmaqda çətinlik çəkdiklərini vurğuladılar və "yaşıl xətt” içindəki fələstinlilərlə digərləri arasındakı əməkdaşlığın gələcəkdə daha da artacağından narahat olduqlarını ifadə etdilər.
Digər tərəfdən Fələstin mənbələrində "yaşıl xətt” içində qalan fələstinlilərdən "İslami Hərəkat”ı dəstəkləyənlərin üzərindəki təzyiqin son zamanlarda çox artdığı bildirildi. Kəşfiyyat kadrları davamlı olaraq məscidə getdikləri bilinən fələstinliləri də tez-tez sorğuya çəkirlər. Verilən açıqlamaya görə sorğu əsnasında bu fələstinlilərdən məsciddə nə işlər görüldüyü, dini dərslərdə nələr öyrədildiyi və pişnamazlıq edənlərin nələr haqqında danışdıqları soruşulur. Bütün bu istintaqların və təzyiqlərin səbəbi isə "yaşıl xətt” içində qalan "İslami Hərəkat”la bu xəttin xaricində qalanlar arasındakı əməkdaşlıq və yardımlaşmadan qaynaqlanan narahatlıqdır.


"FİTRƏT”





  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun