16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

ƏRBAKANIN HƏDƏFLƏRİ VƏ YÜKSƏK ALİ DƏYƏRLƏRİ

Türkiyənin böyük ağsaqqallarından daha biri 27 fevral 2011-ci ildə Haqqın rəhmətinə qovuşaraq aramızdan ayrıldı və keçmişə qarışdı. Türkiyə nadir hallarda müşahidə olunan böyük və ehtişamlı dəfn mərasiminə şahid olaraq bu dahi insanı əbədiyyətə yola saldı.
Haradasa Türkiyə Respublikası ilə yaşıd olan (1926-2011) böyük bir çinar yıxılsa da, arxasında bir meşə qoyub getdi. Bununla da, yüz ildə bir dəfə doğulan, bir elm, bilik və siyasət adamı, xalq lideri olan Prof. Nəcməddin Ərbakan bəy tarixin səhifələrində və onu sevən hər bir kəsin qəlbində əbədi və unudulmaz bir zirvədə daim yaşayacaqdır.
Çox dəyərli və görkəmli bir insan olan möhtərəm Prof. Ərbakan Xocamıza Allah rəhmət eləsin və məkanı Cənnət olsun! Amin. Onun ömrü boyu anlatmağa, öyrətməyə çalışdığı prinsip və əsasları düzgün anlamaq, ideyalarını mənimsəmək və qəbul etmək, onun görüşlərinin gerçəkləşməsi üçün açdığı cığırla getməkdə davam etmək ona edilə biləcək ən böyük xidmətdir.


BÖYÜK LİDERİN QOYUB GETDİYİ MİRAS
Möhtərəm Ərbakandan miras qalan "Milli Görüş şüur və inamı”, bəlkə də, yüz ildə bir dəfə meydana gələn və kütlələri arxasınca aparan bir fikir axımıdır. Bu idealdır, bir görüşdür. Bu ideal əslində inqilab yaradacaq bir gücə malik fikir və özünəqayıdış olub xalqın bütün təbəqələrini əhatə edən bir xalq hərəkatı və ideologiyası olaraq yaşamağa davam edəcəkdir. Bu görüş sadəcə Türkiyə üçün deyil, eyni zamanda bütün İslam aləmi və hətta ayağa qalxmağa çalışan bütün əzilən dövlətlər üçün də bir model yaradacaq idealdır.
Möhtərəm Prof. Dr. Nəcməddin Ərbakan Türkiyə üçün hamımızın nələr etməyimiz lazım olduğunu anladarkən, bütün zamanlar üçün üç böyük hədəf üzərində dayanmış və bunların həyata keçməsinin nə qədər vacib olduğunu israrla vurğulamışdır. Xalq kütlələrinə və hər birimizə aid olan bir vəsiyyət buraxmışdır. Bu üç hədəf: Birincisi, yaşamağa yararlı bir Türkiyə idealı, ikincisi, yenidən böyük Türkiyə idealı, üçüncüsü də yeni bir dünyanın qurulması idealı olmuşdur. Xüsusilə, son iki aydır (2011-ci ilin yanvarından etibarən) Orta Şərq və Şimali Afrika ölkələrində baş verən və hər kəsin ibrət götürərək seyr etdiyi hadisələr bu birinci prinsipin nə qədər vacib və düzgün olduğunu açıq şəkildə ortaya çıxarır, yəni hər ölkədə hakmiyyətin öz ölkəsini abadlaşdırması, öz insanlarının rahat və firavan yaşaya biləcəyi bir yer vəziyyətinə gətirməsini çox vacib bir şərt kimi ortaya qoyur. Buna görə də möhtərəm Xocamız həmişə "Yaşana bilən bir Türkiyə” düsturu ilə izahına başlamışdı. Tunis, Əlcəzair, Misirdən sonra Liviya da daxil olmaqla, digər bir çox ərəb ölkələrinə sıçrayan qiyamlarda ana mövzu, ana şikayətlər yalnız "işsizlik, yoxsulluq, aclıq, təzyiqlər, azadlığın boğulması və ümidlərin puç olması” olmuşdur. Bir sözlə, öz xalqları üçün bu ölkələr "yaşamağa yararlı” bir ölkə olmaqdan çıxmış sayılırlar. Nəticədə hər kəsin ibrət və dəhşətlə izlədiyi böyük xalq qiyamları baş vermiş, dövlət çevrilişləri olmuş, rejimlər dəyişmiş və liderlər devrilmişdir.
Möhtərəm Ərbakan Xocamızın izah etdiyi ikinci prinsip isə "Yenidən böyük Türkiyə” olmuşdur. Bunun həyata keçməsi üçün hər şeydən əvvəl milli "özünəinam” və "özünəqayıdış” təmin olunmalıdır. Bir millətin başını dik tuta bilməsi üçün ana təməl onun hiss etdiyi özünəinam və güc aldığı dəyərləridir. Bunlar olmadan heç bir xalq güclü olmaz, müvəffəqiyyət qazana bilməz. Yenə də son illərdə və ötən aylarda ətrafımızda baş verən hadisələr onun həyata baxışının nə qədər doğru olduğunu sübut edən örnəklərdir. Xocamızın nəyi nəzərdə tutduğunu anlaya bilmək üçün bir daha tarixə nəzər salmaq lazımdır.
1918-ci ilədək dünyanın ən böyük imperiyalarından biri olan Osmanlı dövləti yalnız bu tarixdə qarşılaşdığı saysız-hesabsız müharibələr və hər tərəfdən məruz qaldığı hücumlar nəticəsində dağılmış və süqut etmişdir. Bu süqutdan dərhal sonra Avropadakı güclərin və Osmanlının qənimi olan milli azlıqların iştirakı ilə vətən torpaqları dörd tərəfdən işğala məruz qalmışdır. Qərb qüvvələri ölkəni işğal etməklə bərabər xalqın özünə inamını və öz dəyərlərinə olan hörmətini aradan götürmək üçün əllərindən gələni etmiş, amma istəklərinə nail ola bilməmişlər.
Türk oğlunun apardığı dastanlara layiq azadlıq mübarizəsindən sonra ölkə öz müstəqilliyini əldə etmiş və vətən torpaqlarının hamısı dərhal azad olunmuş və 1923-cü ildə Türkiyə Respublikası qurulmuşdur. Eyni ilə küllərdən ucalan Simurq quşu kimi Osmanlı küllərindən də bir Türkiyə Respublikası doğulmuşdur.
Bu böyük hadisə ilə, demək olar ki, yaşıd olan və özü də böyük bir Respublika insanı olan Möhtərəm Ərbakan bu tarixi tərəqqini hər zaman nəzərində saxlamış və bunları gənc nəslə ətraflı şəkildə izah edərək onlara daim tədbirli və hər zaman hazırlıqlı olmaq fikrini aşılamışdır. Ərbakanın müraciəti hər zaman və yenidən "Böyük Türkiyə” yarada bilmənin mümkün olması, bunu yaratmaq imkanının və mənbələrinin də öz əllərimizdə olmasının gənc nəslə çatdırılması və şüurlarına həkk edilməsindən ibarət olmuşdur.
"Türkiyə bir daha qüdrətli lider dövlət olacaqdır”, – deyərək məqsədləri izah edərkən Ərbakan bunu "Yenidən böyük Türkiyə” prinsipi kimi formalaşdırır və bunun hər kəs tərəfindən bir prinsip olaraq qəbul edilməsinin vacibliyini vurğulayırdı.
Son iki ayda xarici mətbuatda çıxan və "Lider ölkə Türkiyə” başlıqlı yazılarda da göründüyü kimi, Türkiyənin mövqeyi və gücü bölgənin digər ölkələri ilə müqayisə edilmişdir. Bütün bu irəliləyişlərin yəqinliyini çox əvvəldən müəyyənləşdirə bilən Ərbakan da bu yolda irəli gedə bilməyimiz üçün görüləsi işləri və prinsipləri yeni nəsillərə uzun illər bundan qabaq öyrətməyə başlamışdır. Möhtərəm Xocamızın öz ehtimalında və verdiyi tədbirlərində nə qədər haqlı olması bir daha yenidən qarşımıza çıxır.
Üçüncü prinsip isə "yeni bir dünya” şüarıdır. Hadisələrin inkişafına bir daha nəzər salsaq, məsələn İrak işğalının necə həyata keçirilməsi, Əfqanıstanın necə zəbt olunmasını xatırlasaq, bütün bunların ABŞ və Avropa dövlətlərinin müştərək qərarları və onların hələ də davam edən "koloniyalaşdırma mövqeləri və xarici siyasət yanaşmaları” ilə həyata keçirmələrini asanlıqla görmək olur.
Bu gün də Liviyanın Avropa qüvvələri (xüsusilə Fransa) tərəfindən hər an məruz qaldığı hücumları, düşmənlərin birləşərək kollektiv şəkildə İslam ölkələrini bir daha koloniyaya çevirmək üçün yeni yollar və səbəblər aradıqlarını müşahidə edirik. Bu vəziyyət qarşısında mütləq başqa bir quruluşda Birləşmiş Millətləri təmsil edən bir qurumun yaranmasına ehtiyac vardır. Bugünkü Birləşmiş Millətlər Təşkilatı (BMT), təəssüf ki, ədalətli və hüquqi olmaq əvəzinə, daha çox maraqlar və siyasi oyunlar balansının həyata keçirildiyi bir platforma halına salınmışdır. Hazırkı BMT hələ də II Dünya Müharibəsi qaliblərinin qurduğu "Qüdrət”ə söykənən bir təşkilat olaraq çalışmağa davam etməkdədir.
Dünyadakı siyasi maraqların daha yaxşı müdafiə olunması üçün güclü yerli qüvvələr arasında yeni təşkilatlanmaların yaranmasına ehtiyac vardır. İslam ölkələri, eləcə də inkişaf etməkdə olan ölkələr və qitələr arasında tərəqqi edəcək təşkilatlar dünyada baş verən bir çox haqsızlıqların qarşısını almağa kömək edəcəkdir. Bugünkü şərtlərlə fəaliyyət göstərən yerli təşkilatlar, məsələn "Ərəb Birliyi” və ya "İslam Konfransı Təşkilatı” son dərəcə zəif fəaliyyət göstərirlər və vəzifələrinin öhdəsindən tam gələ bilmirlər. Liviya hadisəsində BMT-də qərarın qəbul edilməsi üçün "Ərəb Birliyi” təşkilatı, hətta "no-flay zon” ("Uçuşun qadağan olunduğu zona”) tələbi ilə müzakirələrə qatılmış və Liviyaya hücum qərarına dəstək vermişdir. Deməli, bölgə üçün maraq və məqsədlərini qorumaq əvəzinə "güclü olanları” razı salmaq fikri daha üstün gəlmişdir. Ədalətli olmayan və "Güc”ə söykənən mövcud sistemə boyun əyilmişdir. Daha ədalətli bir quruluş və daha çox haqqa söykənən bir sistemin qurulmasının vacibliyinə inanan möhtərəm Ərbakan Xoca ömrünün son günlərinə qədər sülhün bərqərar olması üçün yeni bir dünya nizamının lazım olması fikrini müdafiə etmiş və bunu daim diqqət mərkəzində saxlamışdır.
Təkrar etmək lazım olarsa, Xocamıza olan hörmət və sevgimizə görə onun adına layiq nəsə etmək istəyiriksə, hər şeydən əvvəl onun ideyalarını və ən böyük layihəsinin mahiyyətini yaxşı başa düşməli, mənimsəməli və xalqa düzgün izah etməliyik. Bunların həyata keçə bilməsi üçün bütün öhdəliklərimizi yerinə yetirərkən özümüz də "Milli Görüş” ideologiyasının əsaslarına müvafiq formada hərəkət etməliyik. Xocamız özündən sonra yerinə yetiriləcək çox işlər və həyata keçiriləsi çox böyük ideyalar qoyub getmişdir. Onun tövsiyələrini həyata keçirmək üçün hər kəs böyük məsuliyyət daşıyır.
Ruhu şad olsun! Amin!
Prof. Dr. Oya Akgönənç
"Anadolugenclik” jurnalı, aprel 2011-ci il, 135-ci buraxılış





  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun