15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

HİLALIN (AYIN) TƏSBİT EDİLMƏSİNƏ DAİR ARAŞDIRMA


HİLALIN (AYIN) TƏSBİT EDİLMƏSİ BARƏSİNDƏ SEYİD FƏZLULLAHIN RƏYİ
Orucun vaxtı ərəb qəməri ayları ilə mülahizə olunduğu üçün hilalın (ayın) təsbit edilməsini araşdıraq.
HİLAL (AY) NECƏ DOĞUR
Ayın yer ətrafında dövrəsi 29 gün 12 saat 44 dəqiqədə tamamlanır. Baş verən bəzi dəyişiklikləri nəzərə alsaq, bu 13 saata çatır. Bu isə o deməkdir ki, qəməri ay gah 30 gün, gah da 29 gün olur. Bu camaat arasında da belə bilinir və heç vaxt 28 gün olmur. Bu elmi cəhətdən də doğrudur və onun bəhs zamanı üzə çıxacaq şəri nəticələri var.
Ayın dövriyyəsinin bir mərhələsində onun diski Günəşlə Yer arasında kölgədə tamamilə yoxa çıxır. Günəşlə Yer onun qarşısını iki cəhətdən kəsir və gözdən itir. Bu məqam "muhaq”[1] adlanır. Həmin kölgənin əhatəsindən çıxdığı zaman üzərinə günəş işığı düşür və bu görüntü "viladət”[2] adlanır. Bu doğuşla təbii-qəməri ay başlanır. Və ay "hilal” deyə tanınan bir şəklə düşür.
Ayın əvvəlində hilal Günəşin batdığı vaxt zahir olur və qərb üfüqü üzərində azacıq görünür. Bu üfüqün altında gizlənənədək çox qalmır. Və buna görə də görüntü aydın olmur və çox vaxt onu görmək olduqca çətin olur. Bəzi hallarda hər hansı bir səbəb, yaxud başqa bir şeyə görə görmək mümkün olmur. Necə ki, Ayın bu parlaq hissəsinin yerlə qarşı-qarşıya gəlməsi tamam olduqda, sonra gözdən itir və günəşin qürubundan əvvəl üfüqün altında gizlənir.
Bu vaxt Günəş mövcud olduqca onun görünməsi mümkün olmur, yaxud qürubdan sonra özünü göstərir və lakin qürubdan sonra onun dayanmasının müddəti çox az olur. Belə ki, onu qürub etməkdə olan Günəşin işığı arasından seçmək qeyri-mümkün olur, yaxud Ayın yerlə üzbəüz olan bu işıqlı hissəsi vaxt etibarı ilə muhaq halına bir dərəcə yaxın olduğu üçün zəif olur. Ona görə də adi insan gözü ilə onu görmək mümkün olmur. Bütün bu hallarda qəməri ayın təbii dövrəsi, hilalın görünməsi mümkün olmasa da başlamış olur.
Lakin hilalın görünməsi mümkün olmayan bu hallarda şəri-qəməri ay təbii-qəməri ayla bərabər başlamır. Şəri-qəməri ayın başlanması iki əsasa dayanır:
Birinci, Ayın muhaqdan çıxması və bu çıxış Ayın yerlə Günəş arasına daxil olmasından sonra hərəkət etməklə başlayır. Bu o deməkdir ki, aypara yerdən görünür.
İkincisi isə həmin hissənin (yəni işıqlı hissənin) adi gözlə, yaxud felən görünməsə də, yaxınlaşdırıcı cihazlarla görünməsinin mümkün olmasıdır. Beləliklə, elm özünün dəqiq texniki vasitələri ilə Ayın görünməsinin mümkünlüyünü isbat edərsə, görünməyə mane olan qəfil ortaya çıxmış bəzi işlərin olmasına baxmayaraq, bu vaxt hilala hökm etmək mümkündür.
Buna əsasən şəri-qəməri ay təbii-qəməri aydan bir qədər geri qalır. Məsələn, təbii-qəməri ay şənbə gününün gecəsi, şəri-qəməri ay isə bazar gününün gecəsi başlayır. Hər iki halda da Ay muhaqdan çıxmışdır. Lakin hilal, görünmək üçün münasib nuru (işığı) əldə etsin deyə kifayət qədər vaxt olmamışdır.
Başqa bir ifadə desək, bulud və duman kimi görmənin qarşısını alan maneənin olmasının ölçü üçün heç bir zərəri yoxdur, çünki ölçü, bu kimi maneələr olmadığı halda görünmənin mümkün olmasından ibarətdir. Buna görə də bu və ya bundan qeyri-hallarda Ayın muhaqdan adi gözlə görünməsi mümkün olan dərəcədə çıxdığını xəbər verən etimadlı astronomun sözünə etimad etmək səhihdir. Hətta maneələr olduğu üçün heç kim Ayı görə bilməsə, yaxud insanlar Aya baxmasalar da bu söz şəri hilalın təsbit olunması üçün kifayət edir.

BİR ÜFÜQ, YOXSA SAYSIZ ÜFÜQLƏR

Üfüq deyildikdə vahid xətt üzərində yerləşən bir çox ölkələrin bir-birinə yaxın yerləşmə nöqtəsi nəzərdə tutulur. Belə ki, onların bir-birinə çox yaxın batması və doğması olur. Yer kürə şəklində, ölkələr onun üzərində yayılmış olduğu üçün onlar öz üfüqlərində yerləşmə nöqtələrinə görə fərqlənirlər.
Doğuşundan sonra hilalın görüntüsü günəşin batması ilə bağlı olduğu üçün ölkələrdə batmağın fərqli olması bəzən bəzi ölkələrdə hilalın görünməsinə mane olur. Bu o deməkdir ki, yerin hər bir məntəqəsində qəməri ay görünmənin yalnız orada mümkünlüyü ilə bağlı olur? Və nəticədə hər bir üfüqün özünün xüsusi qəməri ayı olur? Belə ki, qəməri ay bu qərb üfüqündə əvvəlki gecə, şərq üfüqündə isə sonrakı gecə başlayır? Yoxsa qəməri ayın bütün üfüqlərə nisbətdə bir başlanğıcı vardır? Dünyanın bir hissəsində hilal göründükdə bu hamıya aid edilir?
Başqa sözlə, şəri qəməri ayın qətiləşməsi üfüqdən üfüqə dəyişən nisbi bir işdir və nəticədə günəşin çıxması ilə bağlıdır? Necə ki, günəş bəzən bir şəhərin səmasında doğur və digər şəhərin səmasında doğmur. Onda birinci şəhərə nisbətdə günəşin doğuşu sabitdir, ikinci şəhərə nisbətən qeyri-sabitdir? Yoxsa, qəməri ayın başlanması ölkələrin müxtəlifliyi ilə fərqlənməsi mümkün olmayan mütləq bir iş və müstəqil təkvini təzahürdür?
Cavab olaraq deyirik: Biz artıq qeyd etdik ki, şəri-qəməri ayın başlanması iki amilin cəm olmasına dayanır: Birincisi, təkvinidir və o ayın muhaqdan xaric olmasıdır. Digəri isə yerlə üzbəüz olan işıqlı hissənin görünməsinin mümkün olmasıdır. Görünmənin mümkünlüyünü yerdə regionların fərqlənməsinə tabe olan nisbi bir iş kimi götürə bilərik və onu buna tabe olmayan müəyyənləşmiş mütləq bir iş kimi də götürə bilərik, çünki biz görünmənin mümkünlüyü ilə insanın yerdən bu hissəni görməsinin mümkün olmasını nəzərdə tuturuq və bu halda nisbi bir iş olur. Belə olduqda yerin hər bir hissəsində onun hilalının görünməsi mümkün olarsa, şəri-qəməri ayın yerin bu hissəsinə nisbətdə başlaması buna şamil edilir. Əgər görünmənin mümkünlüyü ilə dünyanın bir nöqtəsində olsa belə görünmənin mümkünlüyünü nəzərdə tuturuqsa, hilal bir nöqtədə göründükdə şəri ayın bütün nöqtələrə nisbətdə başlaması, yerdəki regionların fərqlənməsi ilə fərqlənməyən mütləq bir iş olur.
Bununla məlum olur ki, qəməri ay Ayın muhaqdan xaric olmasından əlavə onun görünməsinin mümkünlüyünə bağlı olduğu üçün, görməksə bəzi vəziyyətlərdə mümkün, bəzi vəziyyətlərdə isə qeyri-mümkün olduğu üçün şəri-qəməri ayın başlanmasının nisbi olması əqli bir şeydir. Bu vaxt öz şəri-qəməri ayını görünmənin mümkünlüyünə bağlayan şəriətə müraciət etməliyik ki, görək şəriət hər bir nöqtədə Ayı bu məntəqədə görünmənin mümkünlüyünə bağlı bilir, yoxsa harada olursa-olsun bütün məntəqələrdə ayı görünmənin mümkünlüyünə bağlı bilir?
Şəri dəlillərdən başa düşdüyümüzün əsasına ikinci fikir daha yaxındır. Buna görə də hilal bir ölkədə görünərsə, ay başqa ölkələrdə də təsbit olunur.

HİLAL NECƏ TƏSBİT EDİLİR
Ayın şərən təsbit olunması üçün çoxlu hökmlər vardır ki, biz aşağıdakı məsələlərdə onları ətraflı surətdə izah edəcəyik:
Hilal aşağıdakı yolların biri ilə isbat edilir:
1. Mükəlləfin özünün həqiqətdə onu görməsi ilə; görmənin adi gözlə olması şərt deyildir, eynək və ondan qeyrisi kimi yaxınlaşdırıcı vasitələrə etimad etmək səhihdir. Həmçinin müsəlman olmasalar da belə mütəxəssis astronomların ayın doğmasına və onun muhaqdan felən gözlə görünməsə də belə gözlə görünməsinin mümkün olacağı miqdarda (ölçüdə) xaric olduğuna şəhadət vermələrinə etimad etmək mümkündür. Bu (yəni etimad) onların sözündən qətilik və arxayınlıq hasil olduqda olur.
2.Çoxlu sayda və müxtəlif insanların şahidliyi ilə; Belə ki, bu insanı hilalın varlığı haqqında bilgiyə və arxayınçılığa çatdırmalıdır. Bu "şiya” adlanır. Əgər bilgi, yaxud arxayınçılıq hasil olmasa, say olduqda buna etimad etmək icazəli deyildir.
3. İki ədalətli kişinin Ayı görmələri barədə şəhadət verməsi ilə; bir şəxs və kişilərlə olsalar da belə qadınların şəhadəti kifayət etmir. Lakin onların (yəni qadınların) sözlərindən arxayınçılığın əldə olunması istisnadır, çünki arxayınçılıq ağıllı insanların əsaslandığı mötəbər dəlildir.
4. Əvvəlki ayın hilalından 30 günün keçməsi ilə; çünki şəri-qəməri ay 30 gündən artıq olmur. Əgər 30 gün keçsə və yeni Ay görünməsə, hilalın varlığına etibar edilir. Və bununla yeni qəməri ay başlayır.
5. Onun özünün, yaxud istinad etdiyi əsasın səhv olduğu bilinməyənə qədər şəri hakimin hilala hökm etməsi ilə; bütün müsəlmanların onun hökmünə tabe olması vacibdir.
6. Ayın muhaqdan çıxıb görünməsi mümkün olacaq şəkildə üfüqdə olması barəsində insanı yəqinlik və arxayınçılığa gətirib çıxardan hər bir elmi səy və cəhdlə.
Hilalın bir ölkədə təsbit edilməsində onun həmin ölkə ilə gecənin bir hissəsində olsa da belə müştərək olan hər hansı başqa bir ölkədə təsbit edilməsi kifayət edir. Belə ki, Ay görünən ölkədə Günəş, mükəlləfin yaşadığı ölkədə fəcr tülu etməmişdən qabaq (yəni sübh namazından əvvəl) batır.
Ramazan ayının hilalı təsbit olunduqda, oruc tutmaq, şəvval ayının hilalı təsbit olunduqda isə iftar etmək vacib olur.
Ramazan ayının hilalı təsbit olunmasa, "şəkk günü”nün orucu vacib olmur. Bəlkə, həmin gündə o günü ramazan ayı hesab edərək oruc tutmaq icazəli deyildir. Bəli, şəkk gününü şaban ayı kimi oruc tutmaq müstəhəbdir və insan həmin günü qəza niyyəti ilə oruc tuta bilər. Bundan sonra həmin günün ramazan ayından olması bilinsə, bu ona kifayət edər. Şəvval ayının hilalı təsbit olunmasa, ramazan ayının otuz gününü tamamlamaq vacibdir. Əgər gün əsnasında həmin günün şəvval ayından olması bilinsə, iftar etmək (yəni orucu açmaq) vacibdir.

MÜTƏRCİM: XƏYYAM QURBANZADƏ

--------------------------------------------------------------------------------

[1] Ayın batması, əhatə olunması
[2] Doğuş




  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun