15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

İFTİTAH DUASI


RAMAZAN AYININ GECƏLƏRİNDƏ OXUNAN DUA
Allahım! Sənə həmd edərək səna etməyə (mədh etməyə) başlayıram. Öz lütfünlə doğru olanı yerinə yetirməyə müvəffəq edən Sənsən! Yəqin etmişəm ki, əfv və rəhmət məqamında rəhmlilərin ən rəhmlisi, cəza və intiqam məqamında cəzalandıranların ən şiddətlisi və böyüklük və əzəmət məqamında isə güclülərin ən böyüyüsən!
Allahım! Sənə dua etməkdə və Səndən bir şey istəməkdə mənə izin verdin. Elə isə ey Səmi, mədhimi eşit, ey Rəhim, duamı qəbul et, ey Ğəfur, büdrədiyim üçün məni bağışla! Ey mənim İlahım! Nə qədər qəmi məndən uzaqlaşdırdın, nə qədər çətinlikləri yox etdin, nə qədər günahları əfv etdin, haqqımda nə qədər rəhmət yaydın və nə qədər bəla həlqəsini qırdın.
Heç bir rəfiqəsi və övladı olmayan, səltənətdə (mülkdə) heç bir şəriki olmayan, zəif, aciz olmadığı üçün heç bir dosta, hamiyə də ehtiyacı olmayan Allaha həmd olsun! Və Allahı uca tut! Bütün nemətlərinə görə bütün mədhlərlə Allaha həmd olsun!
Mülkündə ziddi və əmrinə etirazçısı olmayan Allaha həmd olsun! Yaratmasında şəriki və böyüklüyündə bənzəri olmayan Allaha həmd olsun!
Əmri və həmdi məxluqat arasında açıq-aşkar olan, kərəmi ilə şan-şöhrəti zahir olan, səxavəti ilə əli açıq olan, xəzinələri əskilməyən və çox vermək Ondan bir şey əskiltməyib yalnız comərdliyini və kərəmini artıran Allaha həmd olsun! Həqiqətən, O, Əzizdir, Vəhhabdır!
Allahım! Çoxa ehtiyacım olmasına baxmayaraq, çoxdan az istəyirəm, Sən isə əzəldən bəri ondan ehtiyacsızsan. O istək mənim yanımda çoxdur, lakin o Sənin üçün çox asandır.
Allahım! Günahımı əfv etməyin, xətamdan keçməyin, etdiyim zülmü bağışlamağın, çirkin əməlimin üstünü örtməyin, bilərək və ya bilməyərək etdiyim çox günahlara qarşı səbirli davranmağın layiq olmadığım şeyləri Səndən istəməkdə məni cürətləndirmişdir. Sən rəhmətinlə mənə ruzi verdin, qüdrətini mənə göstərdin, duamı qəbul etdiyini mənə bildirdin; buna görə də əminliklə Sənə dua edirəm, qorxmadan və çəkinmədən səmimiyyət və ünsiyyətlə, Sənə doğru yönəldiyim şeydə Sənə qarşı ədəbsizlik edərək Səndən istəyirəm. İstədiyim şeylər gecikdiyi təqdirdə, cahil olduğuma görə Səni qınayıram, lakin ola bilsin ki, gecikən şey mənim üçün daha xeyirlidir, çünki Sən Öz elminlə işlərin aqibətini bilirsən. Bu alçaq qul üçün Səndən daha səbirli və kərim bir mövla görmədim.
Ey Rəbbim! Həqiqətən, Sən məni çağırırsan, lakin mən Səndən üz çevirirəm. Sən məni sevirsən, mən isə Sənə nifrət bəsləyirəm, Sən Özünü mənə sevdirmək istəyirsən, mən isə bunu qəbul etmirəm. Sanki mənim Səndən üstünlüyüm vardır. Bu nankorluğum, lütf və kərəmindən qaynaqlanan rəhmət və ehsanının qarşısını almadı. Elə isə cahil bəndənə rəhm et və ehsanının fəziləti ilə ona qarşı səxavətli ol! Həqiqətən, Sən Cəvadsan, Kərimsən! Mülkün sahibinə, gəmini aparana, dan yerini ağardana, qiyamət günü mükafat verənə, aləmlərin Rəbbinə həmd olsun!
Bilməsinə baxmayaraq, helmi və yumşaqlığı, qüdrətli olmasına baxmayaraq, əfvi, qəzəbi ilə birlikdə böyük səbri olan Allaha həmd olsun! Halbuki O, istədiyi hər şeyə qadirdir! Məxluqatı yaradan, bol ruzi verən, dan yerini ağardan, əzəmət, kərəm, fəzilət və nemət sahibi olan Allaha həmd olsun! O, elə uzaqdır ki, görünə bilməz, elə yaxındır ki, pıçıltıya belə şahiddir. O, çox uca və uludur!
Ona bərabər olan etirazçısı, Ona bərabər olan oxşarı, Ona dəstək olan tərəfdarı olmayan Allaha həmd olsun! İzzəti ilə izzətliləri məğlub etmiş, əzəmətlilər onun əzəməti qarşısında boyun əymişdir. O, qüdrəti ilə istədiyini əldə edə bilər.
Çağırdığım vaxt çağırışıma cavab verən, Ona üsyan etdiyim halda bütün eyiblərimi örtən, verdiyi nemətlərə şükür etmədiyim halda mənə böyük nemətlər bağışlayan Allaha həmd olsun! Mənə nə qədər dəyərli nemətlər bağışlamışdır, məni nə qədər qorxulu bəlalardan qorumuşdur, məni nə qədər sevindirici hadisələrlə qarşılaşdırmışdır! Ona həmd-səna edir və «Sübhanəllah», – deyərək Onu yada salıram.
Örtdüyü pərdəsi yırtılmayan, lüft qapısı bağlanmayan, Ondan bir şey istəyəni rədd etməyən və Ona ümid edəni ümidsiz buraxmayan Allaha həmd olsun!
Qorxanlara etimad, salehlərə nicat verən, müstəzəfləri (binəsibləri) ucaldan, müstəkbirləri (istismarçıları) zəlil edən, şahları həlak edən və digərlərini onların yerinə keçirən Allaha həmd olsun!
Qəddarların belini qıran, zalımları məhv edən, qaçanları yaxalayan, zalımları cəzalandıran, imdad diləyənlərin imdadına çatan, möhtaclara sığınacaq və möminlərə etimad verən Allaha həmd olsun!
Qorxusundan səma və onun sakinlərinin titrədiyi, Yer və onun əhlinin silkələndiyi, dənizlərin və onların coşqunluğunda üzənlərin dalğalandığı Allaha həmd olsun! Bizi Öz dininə hidayət edən Allaha həmd olsun! Əgər Allah bizi hidayət etməsəydi, biz hidayət yolunu tapa bilməzdik.
Həmd olsun Allaha! O yaradır, lakin yaradılmamışdır, ruzi verir, lakin Özü ruziyə möhtac deyildir, yedizdirir, lakin Özünün yeməyə ehtiyacı yoxdur. Diriləri öldürür, ölülərə həyat verir. O Həydir (Diridir), ölməz. Xeyir Onun əlindədir! O hər şeyə qadirdir.
Allahım! Qulun, elçin, inanılmış adamın, saf və sevimli bəndən, yaratdıqlarının arasından seçdiyin, sirrini qoruyan və risalətlərini təbliğ edən Mühəmmədə, qullarından birinə, peyğəmbərlərinə, elçilərinə, ən xeyirli bəndələrinə, yaratdıqlarından Sənin üçün kəramət əhli olanlara göndərdiyin salavatın, verdiyin xeyir-bərəkətin, göstərdiyin mərhəmətin ən üstününü, ən gözəlini, ən yaxşısını, ən kamilini, ən təmizini, ən artanını və ən parlağını əta et!
Allahım! Rəbbül-aləminin elçisinin vəsisi, bəndən, vəlin və rəsulunun qardaşı, məxluqatın üzərindəki höccətin, ən böyük nişanən və böyük xəbərin Əmirülmöminin Əliyə, aləmlərinin qadınlarının xanımı Siddiqeyi-Tahirə Fatiməyə, rəhmət peyğəmbərinin iki nəvəsi, iki hidayət imamı və Cənnət gənclərinin iki ağası Həsən və Hüseynə, müsəlmanların imamı Əli ibn Hüseynə, Mühəmməd ibn Əliyə, Cəfər ibn Mühəmmədə, Musa ibn Cəfərə, Əli ibn Musaya, Mühəmməd ibn Əliyə, Əli ibn Mühəmmədə, Həsən ibn Əliyə və onun xələfi hidayət olunmuş hidayətçi imama – ki bunlar bəndələrin üzərində Sənin höccətlərin və şəhərlərində Sənin inanılmış adamlarındır – çox və davamlı salavat göndər.
Allahım! Arzu edilən qaim və gözlənilən ədalət olan vəliyyi-əmrinə (yəni işinin sahibinə) salavat göndər! Onu müqərrəb mələklərinlə əhatəyə al və Ruhul-Qüdslə qüvvətləndir, ey aləmlərin Rəbbi! Onu kitabına doğru dəvət edən dəvətçi və dinini həyata keçirən xəlifə qərar ver! Onu özündən əvvəlkilər kimi Yer üzünün varisi qərar ver, onun üçün onun Sənin Özünün bəyəndiyin dinini möhkəmləndir və onun qorxusunu əmin-amanlıqla, arxayınçılıqla əvəz et! O Sənə ibadət edər və heç bir şeyi Sənə şərik qoşmaz!
Allahım! Ona izzət bəxş et və onun vasitəsi ilə də bizə izzət bəxş et! Ona yardım et və onun vasitəsi ilə bizə də yardım et! Ona yenilməz bir zəfər və asan bir fəth bağışla və ona Öz nəzdindən yardım olunmuş bir səltənət əta et!
Allahım! Onun vasitəsi ilə dinini və Peyğəmbərinin Sünnəsini aşkar et, belə ki, yaradılmışlardan birinin qorxusundan haqq və həqiqətdən heç bir şey insanlara gizli qalmasın.
Allahım! Kərim bir dövlətdə (yəni rəiyyətinə və vətəndaşına qarşı səxavətli və əliaçıq olan və onu istismar etməyən bir dövlətdə) Sənə tərəf rəğbət duyuruq ki, onun (yəni o dövlətin) vasitəsi ilə İslama və müsəlmanlara izzət ver və nifaqı və münafiqləri zəlil et və bu dövlətdə bizi Sənin itaətinə dəvət edən dəvətçilər və yolunun rəhbərləri qərar ver. O dövlətdə bizə dünya və axirət kəramətini nəsib et!
Allahım! Bizə tanıtdırdığın haqqı daşımaqda (yəni ona əməl etməkdə) bizi müvəffəq et və əskiyimiz olan şeyə çatdır (bilmədiklərimizdən bizi xəbərdar et)!
Allahım! Onun vasitəsi ilə dağınıqlığımızı topla, ayrılığımızı birləşdir, sökük yerimizə yamaq vur, azlığımızı çoxalt, zillətimizi izzətə çevir, ailəmizin ehtiyaclarını ödə, borcumuzu əda et, fəqirlik və ehtiyacımızı aradan apar, çətinliyimizi asanlaşdır, üzümüzü ağ et, əsirlərimizi əsarət zəncirindən qurtar, istəklərimizi ver, bizə verdiyin sözü yerinə yetir, dualarımızı qəbul et, istədiyimiz şeyləri ver, bizi dünya və axirət arzularımıza çatdır və bizə istədiyimizdən daha artığını ver, ey istənilənlərin ən xeyirlisi və əta edənlərin ən əliaçığı! Onun vasitəsi ilə qəlblərimizə şəfa ver, qəlblərimizin qəzəbini apar, izninlə həqiqət tapan bütün ixtilaflara baxmayaraq, bizi haqqa doğru hidayət et! Həqiqətən, Sən istədiyin şəxsi doğru yola hidayət edərsən! Və onun vasitəsi ilə düşməninə və düşmənimizə qarşı bizə yardım et! Ey haqq olan İlah! Amin!
Allahım! Peyğəmbərimizin – rəhmətin ona və ailəsinə olsun! – yanımızda olmamasından, İmamımızın qeybə çəkilməsindən, düşmənimizin çox və sayımızın azlığından, qarşılaşdığımız şiddətli fitnələrdən, zamanın şərtlərinin bizi zəiflətməsindən Sənə şikayət edirik! Mühəmməd və ailəsinə salavat göndər! Rəhmətinlə nəzdindən olan təcili bir zəfər, çətinlikləri aradan qaldırmağın, yenilməz bir güc, zahir etdiyin haqq bir səltənət, bizi əhatə edən geniş bir rəhmətin və bizi örtən afiyətinlə bizə yardım et, ey rəhmlilərin ən rəhmlisi!


MÜTƏRCİM: XƏYYAM QURBANZADƏ





  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun