16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

İSLAMDA SÜNNƏNİN YERİ

Yuxarıda təqdim edilənlər müqəddəs kitabımız Quranın hər bir sahədə önəmli yer tutduğunu və üstün məqama malik olduğunu göstərir.

Adətən, Quranın üstün cəhətləri və əhəmiyyəti barədə mövcud olan bu qəbil ayə və dəlilləri nəzərdən keçirdikdə bəziləri müsəlmanların Sünnəyə (hədis və rəvayətlərə) deyil, yalnız Qurana ehtiyaclı olduğu və Quranın təklikdə onların hər bir ehtiyacına və onları maraqlandıran suallara cavab verməyə qadir olduğunu iddia edirlər. İndiyədək müsəlmanlar arasında belə bir məfkurə müxtəlif şəxslər tərəfindən irəli sürülmüş və müasir zamanımızda da həmin məfkurənin ardıcıllarını müşahidə etmək mümkündür. Halbuki İslam maarifində yalnız Qurana arxalanmaq və Sünnəyə ehtiyacsız olmaq iddiası ilk növbədə Qurana qarşı etinasızlıq sayılır, çünki bir sıra Quran ayələrində Sünnəyə ehtiyaclı olduğumuz aydın tərzdə bəyan edilmişdir. Burada onlardan önəmli sayılan bəzi nümunələri təqdim edirik:

1. Quran-kərimdə buyurulur: "(Ya Peyğəmbər!) Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr![1]

Bu ayədə aydın şəkildə Peyğəmbərin (s) Quran ayələri üçün bəyanedici, təfsirçi və şərhçi olduğu bildirilmişdir. Quran hərtərəfli, kamil və daha üstün olsa da, həmin ayəyə görə onun ayələrinin Peyğəmbər (s) izahı, təfsiri və şərhinə ehtiyaclı olduğunu göstərir. Bu da hədis və rəvayətləri özündə ehtiva edən Sünnədən ehtiaycsız olmadığımızı sübut edir, çünki Peyğəmbərin (s) Quranda daha çox külliyyat və ümumi tərzdə buyurulmuş ayələri üçün söylədiyi izah və təfsirlər məhz hədis və rəvayət (Sünnə) formasında bizə gəlib çatmışdır.

Şeyx Kuleyninin (v. h. q. 329, m.942) "Üsuli-Kafi” adlı məşhur hədis kitabında mövcud olan səhih və mötəbər bir hədisdə oxuyuruq: "... Əbubəsir belə nəql edir: "İmam Sadiqə (ə) söylədim: "Camaat deyir ki, nə üçün Əli və onun Əhli-Beytinin adı Allah-Taalanın Kitabında (Quranda) çəkilməmişdir?” İmam Sadiq (ə) buyurdu: "Bunu soruşanlara deyin: "Həqiqətən də, namaz ayəsi Peyğəmbərə (s) nazil oldu. Amma namazın rükətlərinin sayı bu ayədə bəyan olunmamışdı. Bunu Allahın Elçisi camaata izah etdi. Zəkat ayəsi nazil oldu. Amma qırx dirhəmdən bir dirhəminə zəkat düşdüyü bu ayədə bəyan olunmamışdı. Bunu da Peyğəmbər (s) camaata izah etdi. Həccə getmək əmr olundu. Amma Kəbə evini yeddi dəfə təvaf etmək göstərişi verilməmişdi. Bunu da Peyğəmbər (s) açıqladı. "Allaha, Rəsula (İslam Peyğəmbərinə) və özünüzdən olan əmr sahiblərinə itaət edin!”[2] ayəsi nazil oldu. Bu ayə Əli, Həsən və Hüseyn (ə) barəsində nazil olmuşdur. Peyğəmbər (s) Əli (ə) barəsində buyurdu: "Mən hər kimin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridır”. Sonra buyurdu: "Allahın Kitabı (Quranı) və Əhli-Beytimi sizə tapşırıram. Həqiqətən də, mən Allah-Taaladan istəmişəm ki, onlar hovuzun kənarında mənə qovuşana qədər bir-birindən ayrılmasınlar. Allah-Taala da mənim bu istəyimi qəbul etmişdir”. [Digər bir kəlamında buyurdu:] "Siz onlara heç nə öyrətməyin, çünki onlar sizdən daha yaxşı bilirlər”. [Digər bir kəlamında isə belə buyurdu:] "Həqiqətən də, onlar heç vaxt sizi hidayətdən (düz yoldan) azdırıb zəlalətə doğru yönəltməzlər”. Əgər Peyğəmbər (s) öz Əhli-Beyti barəsində susub heç bir söz deməsəydi, "Ali-filan” (yəni başqa qəbilələr) bu fəzilətlərin onlara aid olduğunu iddia edərdilər”[3].

Bu hədis yuxarıda təqdim edilən ayə ilə yanaşı Quran ayələrinin şərh və izaha ehtiyaclı olduğunu, onun külli şəkildə və ümumi tərzdə buyurulmuş sözlərinin Sünnə vasitəsilə izah və təfsir edilməsinin labüd bir məsələ olduğunu təsdiq edir.

2. Quran-kərimdə buyurulur: "Rəsul (Həzrət Mühəmməd) sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin”[4].

Bu ayə bir daha etiqadlı insanların din yolunda Sünnədən ehtiyacsız olmadığını sübut edir, çünki İslam Peyğəmbərinin (s) insanlara təqdim etdiyi təkcə Quran ayələri deyil, bununla yanaşı bu gün hədis və rəvayət formasında bizim əlimizə çatmış Quran ayələrinin xırdalıqları, izahı və şərhindən ibarət olmuşdur. Deməli, Quran-kərimlə bağlı Peyğəmbərin (s) səhih və mötəbər sayılan Sünnəsindən ehtiyacsız ola bilmərik.

Unutmayaq ki, müqəddəs Quranın bu barədə göstəriş və tövsiyəsi eyni zamanda onun hər bir sahəni və hər bir mövzunu özündə ehtiva etməsinin bir nümunəsidir.

3. Quran-kərimdə oxuyuruq: "Ey iman gətirənlər! Allaha, Rəsula (İslam Peyğəmbərinə) və özünüzdən olan əmr sahiblərinə itaət edin. Əgər (müəyyən) bir məsələdə ixtilafınız çıxarsa, Allaha və son günə (Qiyamətə) inanırsınızsa, onun (həllini) Allah və Rəsulun öhdəsinə buraxın. Bu, sonda sizin üçün daha yaxşı və daha gözəl hesab olunandır. (Nəticə etibarilə daha yaxşıdır)[5].

Bu ayəyə əsasən Allaha və axirət aləminə inanan insanların qarşıya çıxan ixtilaflı məsələlərin həlli üçün Allaha və Onun Rəsuluna (s) müraciət etməsi göstəriş verilmişdir. On iki imamçı şiə və əhli-sünnə məzhəblərindən olan təfsirçilərin fikrincə, məzkur ayədə "ixtilaflı və mübahisəli məsələləri Allahın öhdəsinə buraxın” deyildikdə müqəddəs Qurana tapınmaq, "Onu Peyğəmbərin (s) öhdəsinə buraxın” deyildikdə isə o Həzrətin (s) Sünnəsi və davranışına uyğun əməl etmək nəzərdə tutulmuşdur[6].

Bu məna olduqca aydın və şəffaf olduğundan onu sübut etmək üçün əlavə şərhə ehtiyac yaranmır, çünki etiqadlı insanlar heç bir zaman Allahın Özünə müraciət edərək birbaşa Onun Özündən qarşıya çıxmış problemin həll yolunu soruşa bilməzlər. Həmçinin etiqadlı insanlar Peyğəmbərin (s) həyatı dövründə mübahisəli məsələləri birbaşa Həzrətin (s) özündən soruşa bilsələr də, Peyğəmbərin (s) vəfatından sonra dünyanın sonunadək etiqadlı insanların bu sahədə şəxsən Peyğəmbərin (s) özünə müraciət etməsi qeyri-mümkün bir iş sayılır. Odur ki, hər bir zaman ixtilaflı və mübahisəli məsələlərin həlli üçün Quran və Peyğəmbərin (s) Sünnəsinə tapınmaq lazımdır. Bunu bəzi mövcud hədislər də təsdiq edir. Belə ki, Həzrət Əmirülmöminin İmam Əli (ə) bu barədə belə buyurur: "Hər hansı bir işi "Allahın öhdəsinə buraxmaq”, Quranın (möhkəm) açıq-aydın buyuruqlarına itaət etmək, "Peyğəmbərin (s) öhdəsinə buraxmaq” isə Həzrətin dolğun və mübahisəsiz Sünnəsinə itaətdən ibarətdir. ...”[7]

Deməli, əqidəli insanlar müxtəlif məzhəb və təriqətlərə bölünmək və bir-biri ilə mənfi mübarizə aparmaq əvəzinə, ağıl və düşüncə çərçivəsində qarşıya çıxmış ixtilaflı məsələləri Quran və Sünnəyə müraciət edərək izah etməli və hər bir zaman vahid olan İslam dini yolunda vahid bir ümmət kimi görünməlidirlər. Bu isə bir daha onların Quranla yanaşı Sünnəyə də ehtiyaclı olduğunu sübut edir.

4. Əvvəlcə Quran-kərimin üstün məqamını sübut etmək üçün təqdim edilən və İslam maarifində "Səqəleyn” (İki ağır şey; əmanət) hədisi adı ilə tanınan səhih və mötəbər hədislər də Sünnənin mötəbər sayılması və müsəlmanların Sünnəyə möhtac olduğunu sübut edir[8].

Sözügedən hədislərə görə İslam Peyğəmbərinin (s) öz ümməti arasında qoyub getdiyi iki əsas və önəmli əmanətdən biri Quran, digəri isə Onun (s) Əhli-Beytidir. Bəzi hədis kitablarında İslam Peyğəmbərinin (s) Quran və Əhli-Beyt (ə) barədə olan vəsiyyəti əvəzinə Quran və Sünnə haqqında vəsiyyətini göstərən hədislərə rast gəlmək olar. O cümlədən, Əlaüddin ibn Hisaməddin Hindi (v. h. q. 975, m. 1568) "Kənzül-Ümmal” adlı kitabında aşağıdakı hədisi nəql etmişdir: "Mən sizin aranızda iki şey qoyuram ki, onlardan sonra heç vaxt yolunuzu azmazsınız. (Onlar) Allahın Kitabı (Quran) və mənim Sünnəmdir (davranışım)dır. Onlar (qiyamət günü) hovuzun kənarında mənə qovuşanadək bir-birindən ayrılmazlar”[9].

Bəzi hədis alimləri bu qəbil hədislərin Quran və Əhli-Beyt (ə) barədə olan səhih və mötəbər "Səqəleyn” hədisi qarşısında uydurulduğu fikrini irəli sürsələr də, əslində bu kimi hədislər haqqında dəqiq düşünsək, onun "Səqəleyn” hədisi ilə zidd olmadığı və hətta bir-birini təsdiq etdiyini əldə etmək olar, çünki müsəlmanlar İslam Peyğəmbərinin (s) həqiqi Sünnəsini öyrənmək üçün başqalarına deyil, məhz Onun (s) pak Əhli-Beytinə (ə) müraciət etməlidirlər.

Ağılın hökmünə və alimlərin etirafına görə Əhli-Beyt (ə) tarix boyu İslam Peyğəmbərinin (s) Sünnəsini hamıdan daha yaxşı bilən elmli və hərtərəfli biliyə malik alimlər olmuşlar. Bu həqiqəti sübut edən dəlillər yetərincədir. Tanınmış əhli-sünnə alimi Əbülfida İsmayıl ibn Kəsir Dəməşqi (v. h. q. 774, m. 1373) əziz Peyğəmbərimizin (s) pak Əhli-Beytinin (ə) yüksək elmi məqamı barədə belə yazmışdır: "Həzrət Peyğəmbərin Əhli-Beytindən olan Əli, Abdullah ibn Abbas, (Əlinin) iki oğlanları Həsən və Hüseyn, Mühəmməd ibn Hənəfiyyə, Əli ibn Hüseyn (Zeynəlabidin), Əli ibn Abdullah ibn Abbas, Əbucəfər Baqir (Mühəmməd ibn Əli ibn Hüseyn), onun oğlu Cəfər (Sadiq) və onlar kimi Allahın möhkəm ipinə və düzgün yoluna tabe olan alimlər – doğru yolda olduqları halda, düz yolda olan ən üstün alimlərdən sayılırlar”[10].

Şübhəsiz, uşaqlıqdan Həzrət Peyğəmbərin (s) tərbiyəsi ilə böyümüş və həmişə İslam Peyğəmbəri (s) ilə birgə olmuş Əli ibn Əbitalib (ə) ona ən yaxın insan olmuş, o Həzrətin (s) Sünnəsi və davranışını digər əshabələrdən daha yaxşı bilmişdir. Deməli, bu kimi hədis və rəvayətlərə əsasən əziz Peyğəmbərimizin (s) Sünnə və davranışını olduğu kimi öyrənmək və daha sonra ona əməl etmək üçün ilk növbədə onun pak Əhli-Beytinə (ə) müraciət etmək lazımdır. Bu isə heç də "Səqəleyn” hədisini inkar etmir, əksinə öz növbəsində onu təsdiq edən bir sübut sayıla bilər.

Hər halda "Səqəleyn” hədisi bir daha müsəlmanların Quran-kərimlə yanaşı Sünnəyə möhtac olduğunu sübut edir, çünki Peyğəmbərin (s) müsəlmanlara Öz Sünnəsinin həqiqi daşıyıcıları sayılan Əhli-Beyti (ə) ilə bağlı buyurduğu tövsiyə tam mənada aydın və şəffafdır. Həmin hədislərdə buyurulduğu kimi müsəlmanlar yalnız Qurana deyil, əslində Quranla yanaşı Peyğəmbər (s) Sünnəsinin həqiqi daşıyıcıları sayılan Əhli-Beytə (ə) də itaət etməlidirlər. Məhz belə olan təqdirdə onlar heç bir zaman yollarını azmayacaqlar. Necə ki, İslam Peyğəmbəri (s) belə buyurur: "Ey insanlar! Mәn sizin aranızda elә bir dəyərli əmanət qoyub gedirәm ki, onlara  tabe olsanız heç vaxt yolunuzu azmayacaqsınız: Bu, Allahın Kitabı vә mәnim Әhli-Beytimdir”[11].

Bu da bir daha müsəlmanların Quranla yanaşı Sünnəyə (hədis və rəvayətlərə) ehtiyaclı olduğunu sübut edir. Əfsuslar olsun ki, müsəlmanların əksəriyyəti Peyğəmbərin (s) belə bir mühüm vəsiyyətinə qarşı biganə yanaşmışlar. Belə ki, onlardan bir dəstəsi zahiri baxımdan Qurana tapınaraq Əhli-Beyti tərk etmiş, digər dəstəsi isə zahiri baxımdan Əhli-Beytə tapınaraq Quranı arxa plana atmışlar. Bu da İslam ümmətinin bir çox sahələrdə ixtilaf, təfriqə, çəkişmə, parçalanma, səfillik və s. bu kimi acınacaqlı hallara düşməsi ilə nəticələnmişdir.

5. Hədis məxəzlərində mövcud olan səhih və mötəbər hədislərin bir qismində Sünnə Quranla yanaşı haqq və həqiqət meyarı kimi təqdim edilmiş, hər bir şeyin Quran və Sünnə ilə müqayisə edilməsi barədə xüsusi göstəriş verilmişdir. Həmin hədislərə görə Quran və Sünnə ilə müvafiq olamayan hər hansı bir hədis, rəvayət, fikir, ideya və s. əsl yalan adlandırılır. Bu barədə İmam Sadiq (ə) buyurur: "Hər bir şey Quran və Sünnəyə (Peyğəmbər (s) və Əhli-Beytinin davranışına) qaytarılır və (Аllah kitabı) Quran ilə uyğun gəlməyən hər bir şey (söz, rəftar, fikir, hədis və s.) bəzədilmiş yalandır[12].

Bu hədis Sünnənin Qurandan sonra malik olduğu üstün məqamını sübut edərək, Sünnənin İslam maarifində haqq və həqiqət meyarından biri olduğu və etiqadlı insanların bu meyardan ehtiyacsız olmadığını göstərir. Deməli, həqiqi müsəlmanlar Quranla yanaşı onun həqiqi və ideal müfəssiri sayılan Peyğəmbər (s) Sünnəsinə möhtacdır. Heç bir etiqadlı insan yalnız Qurana tapınaraq özünü Sünnədən ehtiyacsız saymamalıdır, çünki belə bir iddia ilk növbədə Quran ayələri, daha sonra isə bütün müsəlmanlar tərəfindən qəbul edilən Peyğəmbər həzrətlərinin (s) aydınmənalı göstərişləri ilə ziddir.

 

XƏBƏRDARLIQ

Təqdim edilən araşdırma ilə bağlı iki mühüm məsələ barədə xəbərdarlıq etmək zəruridir:

1. Əvvəldə qeyd edildiyi kimi Quran İslam maarifində daha önəmli və daha üstün məqama malikdir. Quran-kərim "Qəyyim”, "əl-Mühəymin” və "əl-Əziz” xüsusiyyətləri ilə vəsf edilmişdir. Bu, onun hər bir zaman öndə olması, hakimliyi və hər bir şeyin fövqündə dayanmasına işarədir. Lakin hədis və rəvayətlərdən təşkil tapmış Sünnə bu xüsusiyyətlərə malik deyil, çünki Sünnə tarix boyu müxtəlif insanların saxtalaşdırma, təhrif, artırma, əskiltmə, sui-istifadə, səhv və ya naqis tərzdə anlamaq və s. bu kimi zərbələrindən kənarda qala bilməmişdir.

Bu arada hədis saxtakarlarının törətdiyi fəsadlar da az deyil. Seyid Mürtəza Ələmül-Hüda (h. q. 355-436, m. 967-1045) öz kitabında hədis saxtakarlığı ilə məşğul olan azğın və fitnəkar şəxslərdən söz açaraq nümunə olaraq belə demişdir: "Nəql olunub ki, Mühəmməd ibn Süleyman Kufə şəhərinin valisi olduqda Əbdülkərim ibn Əbüləvca adlı zindiqlərdən birini yaxalayıb edam edilmək üçün hazırladılar. O (Əbdülkərim), öz ölümünü yəqin etdikdə belə söylədi: "Məni öldürsəniz də hər şey həll olmayacaq, çünki, həqiqətən, mən sizin hədis mənbələrinizdə dörd min yalan və uydurma hədis yerləşdirmişəm”[13].

Şeyx Mühəmməd ibn Cərir Təbəri (h. q. 224-310, m. 840-923) isə onun belə dediyini nəql edir: "Allaha and olsun ki, məni öldürsəniz də bunun elə bir faydası olmayacaq, çünki mən dörd min hədis uydurmuşam ki, o hədislərdə halal işləri haram etmiş, haram işləri isə halal saymışam. And olsun Allaha ki, mən oruc tutduğunuz (vacib olan bir) gündə orucunuzu açdırmış, oruc açacağınız (vacib olan bir) gündə isə sizə oruc tutdurmuşam”[14].

Belə bir tükürpədici və eyni halda inkaredilməz tarixi fakt hədis və rəvayətlərin əslində həssas və zəif nöqtəmiz olduğunu sübut etməklə yanaşı hər bir din aliminin hədis sahəsində nə qədər böyük məsuliyyət daşıdığını vacib sayır.

Hədislə bağlı məxəzlərimizdə səhih və mötəbər hədislərlə yanaşı, yüzlərlə, hətta minlərlə saxta və zəif hədislər də mövcuddur. Bu heç də inkarediləsi bir məsələ sayıla bilməz. Əfsuslar olsun ki, hədis və rəvayətlərdə mövcud olan bu kimi qüsurlar bəzi hallarda müəyyən insanların Sünnədən üz döndərməsi və yalnız Qurana tapınmağın düzgün olduğunu təsəvvür etməsi ilə nəticələnmişdir. Məhz belə bir yanlış təsəvvürün nəticəsində müsəlmanlar arasında bir sıra fəsadlar və əyriliklər meydana gəlmiş və bidətlər yaranmışdır. Əslində belə bir məfkurə İslam aləmində baş verə biləcək ciddi təhlükələr və yanlışlıqlar üçün bir xəbərdarlıq əlaməti olmalıdır.

Biz Sünnədə bu kimi qüsurların mövcudluğunu inkar etmirik. Lakin unutmayaq ki, həmin qüsurlardan uzaq olmaq üçün çıxış yolu Sünnənin ümumilikdə inkar edilməsi və onun tərk edilməsi deyil, çünki İslam Peyğəmbəri (s) və Onun Əhli-Beyti (ə) tərəfindən Sünnənin qorunmuş və düzgün olanını əldə etmək üçün xüsusi meyar təqdim edilmişdir ki, bu da hədis və rəvayətlərin Quran, daha sonra isə sağlam əqli hökm ilə müxalif olmamasından ibarətdir.

Öncə haqqında danışdığımız "Səqəleyn” hədisində Quranın Əhli-Beytlə (ə) müqayisədə "daha əzəmətli” və "daha böyük” ifadələri ilə təqdim edilmiş, digər çoxsaylı hədislərdə isə hər bir şeyin (hədis, rəvayət, fikir, ideya və s.) Qurana təqdim edilməsi və yalnız Quranla müxalif olmadığı təqdirdə məqbul sayıldığı vurğulanmışdır. Bu da öz növbəsində Quranın başqa deyilənlərdən (hədis, rəvayət və s.) daha üstün və daha möhtəşəm olduğu, həmçinin Sünnənin hər bir halda Qurandan asılı olduğunu göstərir.

Təqdim edilən araşdırmalara əsasən Quran hər bir sahədə hər bir şeyin və hər bir fikrin fövqündə dayanır. Odur ki, hər bir etiqadlı insan üçün Şəriət hökmlərinin əldə edilməsi, etiqadlarla bağlı fikirlərin təqdim edilməsi, əxlaq və etika normaları və s., həmçinin həyatımızın hər bir sahəsində yalnız müqəddəs Quranın öndərliyi, onun kölgəsi və çərçivəsində isə Sünnə əsasında davranması lazımdır.

Hədis və rəvayətlər (Sünnə) yalnız Quran və sağlam əqli hökmə müxalif olmadığı təqdirdə məqbul sayıla bilər. Odur ki, heç bir zaman Sünnəni Quranla bərabər tutmaq olmaz. Əslində Sünnə yalnız Quran və sağlam əql çərçivəsində, həmçinin Quran və sağlam əqli hökmə müxalif olmadığı təqdirdə mötəbər və məqbul sayılır. Deməli, məhz Quran öndərliyi və Sünnənin Quran və ağıl çərçivəsində mötəbər sayıldığı təqdirdə İslam ümməti səadət və nicat yoluna nail ola bilər. Əks təqdirdə nicat yolu və səadətdən danışmağa dəyməz. Mövcud vəziyyət də bunu təsdiq edir.

Biz Quran əhli olaraq hər bir (dini etiqadlar, şəriət hökmləri, əxlaq və etika qaydaları və s.) sahədə Quranın öndə yer tutmasını istəyirik. Lakin onu da unutmayaq ki, Quranı üstün tutan hər bir şəxs onun Sünnə ilə əlaqədar ayələrinə qarşı biganə yanaşmamalıdır, çünki Quranın yalnız bircə ayəsinə qarşı etinasız yanaşan şəxsi həqiqi müsəlman və Quran əhli adlandırmaq olmaz.

2. Bu barədə qeyd edilməsi zəruri sayılan daha bir məsələ isə Quranın önəmli və üstün sayılması məsələsinin bəziləri tərəfindən səhv anlayışından ibarətdir. Belə ki, adətən, Quranın İslam elmlərinə hakim olması, hər bir sahədə önəmli və üstün sayılması ilə bağlı danışarkən bəziləri ikinci xəlifə Ömər ibn Xəttabın "Quran bizə kifayətdir!” – sözünə istinad edərək qarşıya əngəl çıxarmağa çalışırlar. Halbuki, həmin fikir öz yerində elmi şəkildə tənqid edilmiş və məqbul sayılmamışdır, çünki yalnız Quran bizə kifayətedici olsaydı, Quranda Sünnə ilə bağlı xüsusi sifarişlər edilməz, Peyğəmbər (s) də öz hədis və tövsiyələrində Sünnə və Əhli-Beyti ilə bağlı təkid göstərməzdi.

Bizim Quranın üstünlüyü ilə bağlı söylədiklərimiz həyatımızda yalnız Qurana sığınmaq və Sünnədən əl çəkmək deyil, əslində Quranı Sünnə və hər bir şeyə hakim kəsmək, Sünnəni Quran kölgəsi və çərçivəsində qəbul etmək anlamındadır.

Unutmayaq ki, "Quran bizə kifayətdir!” məfkurəsi "Sünnə bizə kifayətdir!” məfkurəsi kimi həm təhlükəli, həm də azdırıcıdır. Əslində bir müsəlman kimi həm Quran, həm də Sünnəyə birlikdə ehtiyacımız var. Əlbəttə, Sünnəyə olan ehtiyacımız ancaq Quran və ağıl çərçivəsində məqbul və doğru sayılır.

İnanırıq ki, müsəlmanlar və xüsusilə də din alimləri sözün həqiqi mənasında həmin prinsip əsasında birləşsələr, İslam ümməti arasında hakim olan bir çox acınacaqlı ixtilaf və çəkişmələr, həmçinin digər xoşagəlməz fikir, söz və hərəkətlər aradan çıxar və anlaşıqlı bir münasibət yaranar.

 

SON DUAMIZ

"Həqiqətən, bütün təriflər aləmlərin Rəbbi olan Allaha məxsusdur!”

 

ƏDƏBİYYAT

1. Quran-kərim

2. "Əl-Möcəmül-müfəhrəs li əlfazil-Quranil-Kərim, Mühəmməd Fuad Əbdülbaqi

3. "İlahi sirlər” (Quran-kərimin Azərbaycan dilində tərcüməsi və qısa təfsiri), İlqar İsmayılzadə

4. "Təfsirul-Əyyaşi”, Əbünnəzr Mühəmməd ibn Məsud ibn Əyyaş Sələmi Səmərqəndi

5. "Ət-Tibyan fi təfsiril-Quran”, Şeyx Mühəmməd ibn Həsən Tusi

6. "Məcməul-bəyan fi təfsiril-Quran”, Əbulfəzl ibn Həsən Təbərsi

7. "Təfsirul-Quranil-Əzim”, Əbülfida İsmayıl ibn Kəsir

8. "Təfsiri-Fəxr Razi” ("ət-Təfsirul-Kəbir və Məfatihul-Ğayb”), Mühəmməd Razi Fəxrəddin ibn Ziyaəddin Ömər

9. "Ənvarut-tənzil və əsrarut-təvil” ("Təfsirul-Beyzavi”), Əbusəid Abdullah ibn Mühəmməd Beyzavi

10. "Təfsiri-Əbilfütuh Razi” ("Rəvzul-cinan və rəvhul-cənan fi təfsiril-Quran”), Hüseyn ibn Əli Xüzai Nişapuri

11. "Təfsirus-Safi”, Molla Möhsün Feyz Kaşani

12. "Təfsiru Nuris-Səqələyn”, Şeyx Əbdüləli Hüveyzi

13. "Sünəni-Tirmizi” ("əl-Camius-səhih”), Әbuisa Mühəmməd ibn İsa Тirmizi

14. "Xəsaisu Əmirilmöminin Əli ibn Əbitalib (ə)”, Hafiz Əhməd ibn Şüəyb Nəsai

15. "Tühәful-Üqul әn Аlir-Rәsul (s)”, İbn Şöbә Hәrrаni,

16. "əl-Üsul minəl-kafi”, Əbucəfər Mühəmməd ibn Yəqub Kuleyni

17. "əl-Müstədrək ələs-Səhihəyn”, Hafiz Әbuəbdullah Hakim Nişapuri

18. "əl-Möcəmül-Kəbir”, Şeyx Təbərani, "Daru ihyait-turasil-ərəbi”,

19. "Тariхul-uməm vəl-muluk ("Тariхi-Тəbəri), Mühəmməd ibn Cərir Тəbəri

20. "əl-Əmali”, Seyid Mürtəza Əli ibn Hüseyn 

21. "Kənzül-ümmal fi sünənil-əqvali vəl-əfal”, Əlauddin Əli Müttəqi Hindi

22. "Bihаrul-Ənvаr”, Mühәmmәd Bаqir Mәclisi

23. "Yənabiul-məvəddət”, Şeyx Süleyman Qunduzi 

24. "Quran elmləri ensiklopediyası”, İlqar İsmayılzadə

25. "Əhli-Beyt (ə) Quran və hədis baxımından”, İlqar İsmayılzadə

26. "Quran-kərim olduğu kimi” (Quran-kərimin təhrif olunmaması barədə elmi araşdırma), İlqar İsmayılzadə

İlqar İsmayılzadə

(İlahiyyat elmləri doktoru)

"Quran-kərim Elmi Araşdırmalar Mərkəzi”

[email protected]



[1] "Nəhl”, 44

[2] "Nisa”, 59

[3] "əl-Üsul minəl-Kafi”, Şeyx Kuleyni, 1/286-287/1, "Təfsiru nuris-səqələyn”, Şeyx Hüveyzi, 1/502/343, "Təfsirus-Safi”, Feyz Kaşani, 1/428

[4] "Həşr”, 7

[5] "Nisa”, 59

[6] Bax: "ət-Tibyan fi təfsiril-Quran”, Şeyx Tusi, 3/236, "Təfsirul-Quranil-Əzim”, İbn Kəsir Dəməşqi, 1/531, "Məcməul-Bəyan fi təfsiril-Quran”, Şeyx Təbərsi, 3/100, "Təfsirul-Beyzavi”, Şeyx Beyzavi, 1/221

[7] "Tuhəful-Üqul ən Alir-Rəsul”, Şeyx Hərrani, s. 130

[8] Bax: "Əhli-Beyt Quran və hədis baxımından”, İlqar İsmayılzadə, s. 558-578

[9] "Kənzül-Ümmal”, Əlaüddin Hindi, 1/173/875

[10] "Təfsirul-Quranil-Əzim”, İbn Kəsir Dəməşqi, 2/591-592. (İbn Kəsirin dediyi bu söz barədə olan iki əsas mülahizəmizi mütaliə etmək üçün bax: "Əhli-Beyt Quran və hədis baxımından”, s. 367-368)

[11] "Sünәni-Tirmizi, 5/662/3786, "Yәnabiul-Mәvәddә, Şeyx Qunduzi, 1/37

[12] "əl-Üsul minəl-Kafi”, Şeyx Kuleyni, 1/69/3, "Təfsirul-Əyyaşi”, 1/9/4

[13] "əl-Əmali”, Seyid Mürtəza, 1/144-145

[14] "Tarixi-Təbəri”, Şeyx Təbəri, 4/508 (155-ci ilin hadisələri)



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun