15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

İSLAMDA QURAN VƏ SÜNNƏNİN YERİ

İlqar İsmayılzadə

(İlahiyyat elmləri doktoru)

"Quran-kərim Elmi Araşdırmalar Mərkəzi”

[email protected]

 

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

İslam maarifi ilə yaxından tanış olan hər bir kəs Quran-kərim və Sünnənin İslam dinində özünəməxsus əhəmiyyət və məqama malik olduğunu çox yaxşı başa düşür. Quran-kərim İslam Peyğəmbərinə (s) nazil olmuş sonuncu səmavi kitab, "Sünnə” isə İslam Peyğəmbərinin (s) sözü, rəftarı və təsdiqini bizə çatdıran hədis və rəvayətlərdən ibarətdir. Əlbəttə, İslam məzhəbləri və təriqətləri arasında Peyğəmbərin (s) Əhli-Beyti (ə), əshabələri[1] və tabeinin[2] də sözü, rəftarı və təsdiqini bəyan edən hədis və rəvayətlərin Sünnədən sayılması ilə bağlı müəyyən fikirlər mövcuddur. Hər halda Peyğəmbərin (s) Əhli-Beyti olan imamlar (s), həmçinin Peyğəmbərin (s) təqvalı və alim əshabələrinin İslam maarifi ilə bağlı söylədikləri hədisləri əldə olan müəyyən dəlillər əsasında mötəbər saymaq inkaredilməzdir.

Bu mövzunu daha geniş araşdırmağa ehtiyac olduğunu nəzərə alaraq onu ayrı bir vaxta saxlayıb bu məqalədə Sünnəyə ümumi baxışdan yanaşacağıq. Deməli, bu yazıda "Sünnə” dedikdə daha çox İslam maarifini bəyan edən hədis və rəvayətlər nəzərdə tutulur.

İndiyədək Quran və Sünnənin etibarlı sayılması ilə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür. Onların daha önəmlisini belə qeyd etmək olar:

1. Quranın etibarlı sayılması, Sünnənin isə inkar edilməsi;

2. Həm Quran, həm də Sünnənin etibarlı sayılaraq onlardan hər birinin müstəqil mənbə kimi təqdim edilməsi;

3. Həm Quran, həm də Sünnənin etibarlı sayılması və Sünnənin yalnız Quran çərçivəsində etibarlı mənbə kimi təqdim edilməsi.

Bu araşdırmada İslam dini baxımından Quran və Sünnənin yeri barədə danışacaq və onların hansı dərəcədə etibarlı sayılması məsələsi aydınlaşdırılacaqdır.

 

İSLAMDA QURANIN YERİ

Quran-kərim on dörd əsr əvvəl Ərəbistan yarımadasında sonuncu ilahi peyğəmbər Həzrət Mühəmmədə – Allahın rəhməti ona və Əhli-Beytinə olsun! – nazil olmuş sonuncu səmavi kitabın adıdır. Bu müqəddəs kitabın əsas və başlıca hədəfi dini, irqi, rəngi və baxışından asılı olmayaraq bütün insanları doğru yola yönəltməkdən ibarətdir. Bunu Quranın çoxsaylı ayələrindən əldə etmək olar. Quranda buyurulur: "Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, yaxşı işlər görən möminlərə, həqiqətən də, böyük bir mükafata nail olacaqları ilə müjdə verir!”[3]

Digər ayədə oxuyuruq: "(Ya Peyğəmbər!) Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günahı və savabı) izah etmək üçün, müsəlmanlara (Allahın vəhdaniyyətini qəbul edən bütün insanlara) da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!”[4]

Bu qəbil ayələrə əsasən Quran insanların doğru yola yönəlməsi üçün göndərilmiş bir hidayət kitabıdır. Quran bəzilərinin güman etdiyi kimi heç də elmi ensiklopediya, cəbr, həndəsə, fizika, astronomiya və s. bu kimi mövzuları bəyan edən bir kitab deyil. Əslində özünün dəfələrlə bəyan etdiyi kimi yalnız hidayət, moizə və hikmət kitabıdır. Əlbəttə, Quran-kərim dinləyicilərinin fərqini, eləcə də dünyanın sonunadək bütün millətlər və bütün zamanları nəzərə alaraq öz hidayət və moizə metodunda bəzi elmi mövzulara toxunmuş, on dörd əsr əvvəl bəşərin zehnindən keçməyən bəzi elmi kəşfləri aşkar və dolayı yollarla bəyan etmişdir. Həmçinin bu səmavi kitab insanları doğru yola yönəltmək məqsədi ilə bəzən öyüd-nəsihət, bəzən qədim əhvalatlar, bəzən təmsil, bəzən elmi, bəzən də digər ecazkar mövzulara toxunaraq öz dinləyicilərinin nəzər-diqqətini cəlb etməyə müvəffəq olmuşdur.

Müqəddəs Quran bütün dünyada İslam Peyğəmbərinin (s) davamlı möcüzəsi sayılır. Bu müqəddəs kitabın bütün kəlmə, ayə və surələri Allah-Taala tərəfindən İslam Peyğəmbərinə (s) vəhy edilmişdir. Onun ərsəyə gəlməsində isə bəşərin rolu olmamışdır.

Bu müqəddəs kitabın önəmli xüsusiyyətlərindən biri də onun təhrifə məruz qalmamasından ibarətdir. Burada "təhrif” deyildikdə Quran surələri və ayələrinin əskilməməsi, həmçinin ona müəyyən surə, ayə və ya kəlmənin əlavə olunmaması nəzərdə tutulur. Bunu sübut etmək üçün əqli dəlillər, tarixi faktlar, Quranın şəffaf mənalı ayələri, səhih və mötəbər hədislərə və s. əsaslanmaq olar. Unutmayaq ki, bu səmavi kitab ilahi zəmanətlə qorunub saxlanmış bir həqiqətdir. Allah-Taala bu barədə buyurmuşdur: "Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrifdən; artırıb-əskiltmədən) hökmən qoruyub saxlayacağıq!”[5]

Məzkur ayədə işlənmiş təkid ədatlarını nəzərə alaraq Quran-kərimin Allah-Taala tərəfindən hansı dərəcədə qorunmasını bəyan etmək heç də çətin olmazdı. Quranın digər surəsində belə buyurulur: "Həqiqətən, o (Quran), şübhəsiz ki, məğlubedilməz bir kitabdır. Nə öncə, nə də sonda batil ona yol tapa bilməz. O, hikmət sahibi, şükrə (tərifə) layiq olan (bütün işləri bəyənilən Allah) tərəfindən nazil edilmişdir”[6].

Bu ayədə Quranın "Əziz” (məğlubedilməz, güclü, möhkəm) adlandırılması onun heç vaxt təhrif edilməyəcəyi; müəyyən bir şeyin ona əlavə edilməsi və ya müəyyən şeyin ondan azala bilməsi fikrini əsaslı şəkildə inkar edir, çünki belə bir təhrifə məruz qalan bir kitabı heç bir zaman "Əziz” (məğlubedilməz, güclü, möhkəm) adlandırmaq düzgün sayıla bilməz.

Beləcə on dörd əsr əvvəl iyirmi üç il ərzində İslam Peyğəmbərinə (s) nazil olmuş Quran-kərim İslam dini və maarifində əvəzolunmaz bir məqama malik olmuş və dünyanın sonunadək bu məqamını qoruyacaqdır[7].

 

QURAN-KƏRİMİN HƏR BİR SAHƏDƏ ÖNƏMLİ SAYILMASI

Əldə olan ayə və hədisləri əsas tutaraq Quran-kərimin İslam maarifi baxımından hər bir sahədə hər bir şeyin fövqündə dayanması ilə bağlı xüsusi bir qaydanı təqdim etmək olar.

Həmin qaydaya əsasən Quran hər bir sahədə hər bir şeyin fövqündə dayanır. Onun belə bir önəmli məqamını aşağıda təqdim edilən dəlillərlə sübut etmək olar:

1. Allah-Taala Quran-kərimdə buyurur: "(Ya Peyğəmbər!) Biz (Quranı) sənə haqq olaraq, özündən əvvəlki kitabı (bütün ilahi kitabları) təsdiq edən və ona hakim olaraq endirdik”[8].

Bu ayədə Quranın haqq olaraq Allah-Taala tərəfindən nazil olduğu və özündən öncə nazil olmuş səmavi kitabları təsdiq edərək onlara hakim olması və ümumiyyətlə, səmavi kitabların fövqündə dayandığı bildirilir.

2. Quran-kərimdə buyurulur: "Həqiqətən, o (Quran), şübhəsiz ki, məğlubedilməz bir kitabdır. Nə öncə, nə də sonda batil ona yol tapa bilməz. O, hikmət sahibi, şükrə (tərifə) layiq olan (bütün işləri bəyənilən Allah) tərəfindən nazil edilmişdir”[9].

Bu ayədə müqəddəs Quranın "Əziz” (məğlubedilməz, güclü, möhkəm) adlandırılması onun müxaliflər və qara əllər qarşısında ilahi güc və qüvvətə malik olduğunun göstəricisidir. Halbuki Quranın heç bir ayəsində Sünnənin belə bir xüsusiyyətə malik olduğu bəyan edilməmişdir.

3. Allah-Taala Quran-kərimdə buyurur: "Bütün təriflər (həmd, səna) Kitabı (Quranı) heç bir əyriliyə yol vermədən Öz bəndəsinə nazil edən Allaha məxsusdur! (Allah kafirləri) Öz dərgahından gələcək şiddətli bir əzabla qorxutmaq, yaxşı əməllər edən möminlərə isə, həqiqətən də, gözəl mükafata (Cənnətə) nail olacaqları ilə müjdə vermək üçün onu doğru-düzgün olaraq endirdi”[10].

Burada müqəddəs Quranın "Qəyyim” xüsusiyyəti ilə təqdim edilməsi onun tamamilə doğru-düzgün olması, eyni halda belə bir yolda heç nəyə deyil, özünə arxalanması anlamını yetirir.

4. Allah-Taala Quran-kərimdə buyurur: "(Ya Peyğəmbər!) Rəbbinin kitabından sənə vəhy olunanı oxu. Onun sözlərini heç kəs dəyişdirə bilməz. Ondan (Qurandan) başqa, heç bir sığınacaq tapa bilməzsən!”[11]

Adətən, Quran mütərcimləri və təfsirçiləri ayənin son hissəsini: "Ondan (Allahdan) başqa, heç bir sığınacaq tapa bilməzsən!” kimi tərcümə və izah etsələr də, əslində məzkur ayənin "siyaq”ı (ayəyə hakim olan ümumi aura) əsasında onun Allaha deyil, Qurana aid olduğu aydınlaşır. Məlum ayədə əsas söz "tilavət”, "vəhy olan”, "Rəbbinin kitabı” və "Onun sözləri” haqqındadır. Nəticə etibarilə ayənin sonunda işlənmiş şəxs əvəzliyinin də Qurana aid edilməsi labüddür. Bu da Quranın hər bir sahədə önəmli olduğunun göstəricisidir.

5. Quran-kərimdə buyurulur: "Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrifdən; artırıb-əskiltmədən) hökmən qoruyub saxlayacağıq!”[12]

Məzkur ayədə ərəb qrammatikasına xas olan xüsusi və müxtəlif təkid ədatları ilə Quranın Allah-Taala tərəfindən nazil edildiyi və yalnız Allahın zəmanəti ilə qorunduğu şəffaf tərzdə bəyan edilmişdir.

6. Quran-kərimdə oxuyuruq: "Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günahı və savabı) izah etmək üçün, müsəlmanlara (Allahın vəhdaniyyətini qəbul edən bütün insanlara) da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!”[13]

Bu ayədə Quranın Allah-Taala tərəfindən nazil olması ilə yanaşı onun hər bir şeyi izah edən, həmçinin Allaha təslim olan bütün insanlar üçün hidayət, mərhəmət və müjdə amili olduğu bildirilmişdir.

7. Quran-kərimdə buyurulur: "Biz Kitabda (Quranda insanların hidayət tapması ilə bağlı) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik)”[14].

Bu ayəyə görə Quran-kərimdə insanların hidayət tapması ilə bağlı heç bir şey diqqətdən kənarda qalmamışdır.

8. Quran-kərimdə buyurulur: "Həqiqətən, bu Quranda insanlar üçün (onların batil yolu tanıyıb, doğru yola yönəlməsi məqsədi ilə) hər cür məsəl çəkib (mənasını) onlara izah etdik. Lakin onların əksəriyyəti küfrdən başqa bir şeyə razı olmadı (nemətimizə nankor olub yalnız küfrü seçdilər)”[15].

Məzkur ayəyə əsasən Quran-kərimdə insanların hidayət tapması və onları doğru yola yönəltmək üçün hər cür məsəl çəkilmiş, nümunələr göstərilmiş və hər bir mövzudan söz getmişdir. Bütün bunlar Quran-kərimin üstün və əvəzolunmaz yerini göstərən ayələrin müəyyən nümunələridir.

9. İslam Peyğəmbəri (s) buyurur: "... (Ey insanlar!) Fitnələr qaranlıq gecələr kimi sizi bürüdükdə Qurana üz tutun! Çünki o (Quran), şəfaəti (vasitəçiliyi) qəbul olunmuş bir şəfaətçi və pisliklərdən verdiyi xəbərləri təsdiq edilmiş bir kitabdır. Kim ki onu özünə rəhbər hesab etmək qərarına gəlsə, (Quran) onu Cənnətə tərəf aparar, amma hər kəs onu arxada qoysa, (Quran) onu Cəhənnəmə tərəf çəkər. O, insanlara ən yaxşı bir yolu göstərən bir göstəricidir. O, elə bir kitabdır ki, onda təfsil (təfərrüatlar), bəyan və təhsil (həqiqətləri əldə etmək imkanı) mövcuddur. O, (haqqı batildən) ayırandır. Zarafat və bihudə bir kitab deyil. Onun zahiri və batini (mənaları) vardır. Zahiri hökm, batini isə elmdir. Onun zahiri çox gözəl, batini isə olduqca dərindir. ...[16]

10. İslam Peyğəmbəri (s) buyurur: "Quran hər bir azğınlıqdan (çıxış üçün) hidayət, hər bir korluqdan aydınlıq, hər bir büdrəmədə güzəşt, hər bir zülmətdə bir işıq, hər bir hadisədə bir nur, həmçinin hər bir fəlakətdən qorunmaq, hər bir azğınlıqda bir inkişaf (nicat yolunu tapmaq), hər bir fitnə və səhvi bəyan edən və (insanı) dünyadan axirətə çatdıran bir vasitədir. Onda sizin dininizin kamilliyi mövcuddur. Qurandan üz döndərən hər bir kəs isə Cəhənnəmə tərəf yönələr[17].

11. İmam Sadiq (ə) buyurur: "Həqiqətən də, Əziz (yenilməz qüdrət və qüvvət sahibi) və Cəbbar (hamını hər hansı bir şeyə məcbur etməyə qadir) olan Allah Öz kitabını sizin üçün nazil etmişdir. O, doğru danışan və yaxşılığı sevəndir. Onda (Quranda) Sizin, sizdən əvvəlkilərin, sizdən sonra gələnlərin, həmçinin göy və yerin xəbərləri mövcuddur. Əgər bir nəfər sizi bunlardan agah etsə, o zaman hökmən təəccüblənərsiniz[18].

Yuxarıda təqdim edilən üç hədisdə Quran-kərimin bütün üstün xüsusiyyətləri sadalanmış və həyatın hər bir sahəsində ondan üz çevirən şəxslərin azğınlığa mübtəla olması aydın şəkildə bəyan edilmişdir. Həmin hədislərdə Quran üçün sadalanmış üstün xüsusiyyətlər heç bir şeyin onunla müqayisə edilməyə qabil olmadığı və Quranın hər bir sahədə önəmli olduğunu sübut edir.

12. İslam Peyğəmbəri (s) buyurur: "Məndən sizə bir hədis çatdıqda onu Allahın Kitabı (Quran) ilə ağlınızla və düşüncəli şəkildə müqayisə edin. Onlarla (Quran və ağıl ilə) müvafiq olduqda həmin hədisi qəbul edin, əks təqdirdə isə onu divara vurun (kənara qoyun!)”[19]

13. İslam Peyğəmbəri (s) buyurur: "Həqiqətən, hər bir haqq (iş və söz) üçün bir həqiqət və hər bir düz (iş və söz) üçün bir nur vardır. Beləliklə, (Аllahın Kitabı) Quran ilə uyğun gələnləri qəbul edin və Оnunla müхalif olanları tərk edin”[20].

14. İslam Peyğəmbəri (s) buyurmuşdur: "Mənim hədisimi (Аllahın Kitabı) Quranla müqayisə edin. Әgər Quranla uyğun gəlsə, o hədis mənimdir və mən onu söyləmişəm”[21].

15. İslam Peyğəmbəri (s) buyurur: "Tezliklə (yaxın gələcəkdə) məndən hədislər rəvac tapacaq. Elə isə məndən sizə çatan hədislərlə bağlı Allahın Kitabını (Quranı) oxuyub, fikirləşin! Beləliklə də, Allahın Kitabı ilə (Quranla) müvafiq olan məndəndir. Allahın Kitabı ilə (Quranla) müxalif olanı isə mən söyləməmişəm!”[22]

16. İslam Peyğəmbəri (s) digər hədisdə belə buyurmuşdur: "Məndən sizə müəyyən bir hədis rəvayət edildikdə onu Allahın Kitabına (Qurana) təqdim edin! Beləliklə də, həmin hədis Quranla müvafiq olduqda onu qəbul edin, əks təqdirdə isə onu rədd edin![23]

17. İmam Sadiq (ə) buyurur: "Hər bir şey Quran və Sünnəyə (Peyğəmbər (s) və Əhli-Beytinin davranışına) qaytarılır və (Аllahın Kitabı) Quran ilə uyğun gəlməyən hər bir şey (söz, rəftar, fikir, hədis və s.) bəzədilmiş yalandır[24].

18. Əldə olan hədisə əsasən İmam Rza (ə) Peyğəmbərin (s) merac zamanı Allah-Taalanı öz gözləri ilə müşahidə etdiyini ifadə edən hədisləri rədd edərək belə buyurmuşdur: "Hədislər Quran ilə müxalif olduğu təqdirdə mən həmin hədisləri təkzib edirəm![25]

Yuxarıda təqdim edilən son yeddi hədisdə Quranın daha bir önəmli və əvəzolunmaz xüsusiyyəti bəyan edilmişdir. O da hər bir hədis, rəvayət, fikir, ideya, əməl və s. yalnız Quranla müxalif olmadığı təqdirdə məqbul sayılmasından ibarətdir. Hədislərdə söylənildiyi kimi İslam Peyğəmbəri (s) və imamların (ə) hədis və sözləri Quranla müxalif olduğu təqdirdə heç bir əhəmiyyətə malik deyil və belə hədislər kənara atılmalıdır. Əlbəttə, bizim etiqadımıza görə Peyğəmbər (s) və imamlar (ə) heç bir zaman Quranla zidd ola bilən heç bir söz söyləməmiş və müəyyən bir iş görməmişlər. Əslində bu qəbil ixtilaflar hədis ravilərinin səhvi, hədis yazılışında yol verilmiş səhvlər, hədis saxtakarlarının hiyləsi və s. bu kimi amillər nəticəsində meydana gəlmişdir.

19. İslam Peyğəmbəri (s) buyurur: "Qiyamət günündə Allah-Taalanın hüzuruna gələn ilk şəxs mən olacağam. Sonra Onun Kitabı (Quran) və mənim Əhli-Beytim, daha sonra isə ümmətim gələcəkdir. Bundan sonra (dünya həyatında) Quran və Əhli-Beytim ilə necə rəftar etdiyiniz barədə onlardan soruşacağam”[26].

20. İslam Peyğəmbəri (s) buyurur: "Sanki mən (dünya ilə vidalaşmağa) çağırılmış və həmin çağırışı qəbul etmişəm. Həqiqətən də, mən sizin aranızda iki ağır (əmanət) qoyuram ki, onlardan biri digərindən daha əzəmətlidir. Onlardan biri göydən yerə tərəf uzanmış ip olan Allahın Kitabı (Quran), (digəri isə) mənim Əhli-Beytimdir. Onlarla necə rəftar edəcəyiniz barədə diqqətli olun[27].

21. İslam Peyğəmbəri (s) buyurur: "Həqiqətən də, mən sizin aranızda iki ağır (əmanət) qoyuram ki, onlardan biri digərindən daha böyükdür. Onlar Allahın Kitabı (Quran) və mənim Əhli-Beytimdir. Onlarla necə rəftar edəcəyiniz barədə diqqətli olun. Həqiqətən, onlar (qiyamət günü) hovuzun kənarında mənə qovuşanadək bir-birindən ayrılmazlar[28].

22. İslam Peyğəmbəri (s) buyurur: "Ey insanlar, mәn sizin aranızda elә bir şey qoyub gedirәm ki, onlara  tabe olsaz, heç vaxt yolunuzu azmayacaqsınız: (Onlar) Allahın Kitabı vә mәnim Әhli-Beytimdir”[29].

23. İslam Peyğəmbəri (s) digər hədisində belə buyurmuşdur: "Həqiqətən də, mən sizin aranızda iki ağır (əmanət) qoyuram ki, onlardan biri digərindən daha böyükdür. Onlar Allahın Kitabı (Quran) və mənim Əhli-Beytimdir. Onlarla necə rəftar edəcəyiniz barədə diqqətli olun. Həqiqətən, onlar (qiyamət günü) hovuzun kənarında mənə qovuşanadək bir-birindən ayrılmazlar[30].

Təqdim edilmiş son beş hədis isə İslam maarifində "Səqəleyn” (iki ağır şey, əmanət) hədisi adı ilə tanınır. Həmin hədislərə əsasən İslam Peyğəmbərinin (s) öz ümməti arasında qoyub getdiyi iki əsas və önəmli əmanətdən biri Quran, digəri isə onun (s) Əhli-Beytidir. Sənəd baxımından səhih və mötəbər olan bu hədis on iki imamçı şiə və əhli-sünnə məzhəbləri tərəfindən qəbul edilmişdir.

Hədisdə diqqəti cəlb edən əsas məqamlardan biri də Quranın Əhli-Beytlə (ə) müqayisədə "daha əzəmətli” və "daha böyük” ifadələri ilə təqdim edilməsidir. Bu da bir daha Quranın başqa şəxslər və şeylərdən daha üstün və daha möhtəşəm olduğunu sübut edir[31].

 

AYƏ VƏ HƏDİSLƏRDƏN ƏLDƏ EDİLƏN NƏTİCƏLƏR

Quran-kərimin üstünlüklərini və hər bir şeyin fövqündə dayandığını sübut edən ayə və hədislərin əsas nümunələrini diqqətlə nəzərdən keçirdikdən sonra aşağıdakı nəticələri əldə etmək olar:

1. Quranın hər bir sahədə hər bir şeyin fövqündə dayanması və hər bir sahədə önəmli olması prinsipi olduqca böyük əhəmiyyətə malikdir. Bu gün müsəlmanlar arasında müxtəlif mövzuları ehtiva edən ixtilaf, çəkişmə, fikir ayrılıqları və digər acınacaqlı halların əsas və önəmli səbəbi də məhz onların həmin prinsipə etinasız yanaşmasından irəli gəlmişdir.

2. Bu prinsipi təsdiq edən dəlil-sübutlar həddindən artıq çox və eyni halda o zaman tutarlı sayılır ki, onların barəsində əlavə izaha ehtiyac duyulmur. Odur ki, uyğun qayda xüsusi əhəmiyyətə malik olmaqla yanaşı çox aydın və şəffaf tərzdə tutarlı dəlil və sübutlara malikdir.

3. Quranın hər bir sahədə hər bir şeyin fövqündə dayanmasını sübut edən əsas Quran ayələrində bu müqəddəs kitab Allah-Taalanın atributlarından sayılan "əl-Mühəymin” və "əl-Əziz” xüsusiyyətləri ilə vəsf edilmişdir. Quran-kərimdə buyurulur: "O, Özündən başqa heç bir ilah (məbud) olmayan, Məlik (bütün məxluqatın ixtiyar sahibi), Quddus (müqəddəs və pak olan), Səlam (bəndələrinə salamatlıq, əmin-amanlıq bəxş edən), Mumin (etimad verən, vədinə etimad edilən), Mühəymin (hər şeydən göz-qulaq olub onu qoruyan), Əziz (yenilməz qüdrət və qüvvət sahibi), Cəbbar (hamını istədiyi hər hansı bir şeyə məcbur etməyə qadir olan), Mütəkəbbir (hər şeydən böyük, hər şeyin fövqündə olan) Allahdır. Allah (müşriklərin) Ona qoşduqlarından (şəriklərdən və nalayiq təsəvvürlərdən) ucadır”[32].

Bu ayədə Allah-Taalanın uca sifətləri sırasında həmin iki sifət sadalanmış və beləliklə də, Allah-Taalanın hər şeydən göz-qulaq olub onu qoruduğu, hər bir şeyə hakim olduğu və yenilməz qüdrət və qüvvət sahibi olduğu bildirilmişdir.

Yuxarıda təqdim edilən iki ayrı ayədə həmin iki ("Mühəymin” və "Əziz”) xüsusiyyət Quran-kərim barədə də işlənmişdir. Quranın "Mühəymin” adlanması onun hər bir şeyə hakim olması, hər bir şeyi qoruması və öz nəzarəti altında saxlaması, onun "Əziz” adlanması isə bu səmavi kitabın heç bir təhrif, dəyişmə, artırma və əlavə edilmə, qüvvədən salınma və ümumiyyətlə, hər hansı bir sahədə sınmaması və məğlubiyyətə uğramamasını bəyan etmək üçündür.

Halbuki hədis və rəvayətlərdən təşkil tapmış Sünnə bu xüsusiyyətə malik deyil, çünki Sünnə tarix boyu müxtəlif insanların saxtalaşdırma, təhrif, artırma, əskiltmə, sui-istifadə, səhv və ya naqis tərzdə anlama və s. bu kimi zərbələrindən sığorta olunmamış və belə təsirlərdən kənarda qala bilməmişdir. Əlbəttə, bununla yanaşı Şəriət sahibi İslam Peyğəmbəri (s) və onun Əhli-Beyti (ə) tərəfindən Sünnənin qorunmuş və düzgün olanını əldə etmək üçün xüsusi meyar təqdim edilmişdir ki, həmin meyar hədis və rəvayətlərin Quran daha sonra isə sağlam əqli hökm ilə müxalif olmamasından ibarətdir.

4. Yuxarıda təqdim edilənlərə əlavə olaraq Quranın "Qəyyim” xüsusiyyəti ilə təqdim edilməsi onun tamamilə doğru-düzgün olması və belə bir yolda heç bir şeyə deyil, yalnız özünə arxalanması bu müqəddəs kitabın üstünlüyünə dəlalət edir.

5. Təqdim edilən ayələrin birində ("Kəhf”, 27) Quranın İslam Peyğəmbəri (s) üçün yeganə sığınacaq və pənah yeri adlanması bir daha bu müqəddəs kitabın öndər olmasından və üstünlüyündən xəbər verir. Bu da Quranın hər bir sahədə önəmli olduğunu sübut edir.

6. Quranın hər bir sahədə hər bir şeydən üstün sayılmasını sübut edən dəlillərdən biri də bu səmavi və müqəddəs kitabın nazil olduğu zamandan etibarən dünyanın sonunadək hər növ təhrifdən (əlavə edilmə, əskiltmə və s.) amanda qalması və bununla bağlı böyük təkidlə ilahi zəmanətin olmasından ibarətdir. Lakin məlum olduğu kimi Sünnə (hədis və rəvayətlər) barədə belə bir zəmanət yoxdur.

7. Quran insanların hidayət tapması ilə bağlı bütün sözlər, göstəriş və mövzuları özündə ehtiva etmiş mükəmməl bir kitabdır. Ayədə buyurulduğu kimi bu müqəddəs kitabda bununla bağlı heç bir şey diqqətdən kənarda qalmamış və heç bir şey nəzərdən qaçmamışdır.

8. Peyğəmbər (s), imamlar (ə) və başqalarından nəql edilmiş hədis və rəvayətlər, habelə hər hansı bir fikir, ideyanın və s. Qurana təqdim edilməsi və yalnız həqiqət meyarları sayılan Quran, Sünnə və sağlam əqli hökm ilə müxalif olmadığı təqdirdə məqbul sayılması barədə buyurulmuş xüsusi göstərişlər bir daha Quranın hər bir sahədə hakim mövqe tutduğunu və üstün olduğunu sübut edir.

(ardı var)



[1] "Əshabə” sözü lüğətdə "dost” və "yoldaş”, dini terminologiyada isə müsəlman olaraq İslam Peyğəmbərini (s) görən, o Həzrətin (s) dostu sayılacaq qədər onunla birgə olan, habelə İslam Peyğəmbərini (s) sözün həqiqi mənasında təmsil edən və həqiqi müsəlman olaraq vəfat edən şəxsə deyilir.

[2] "Tabein” sözü lüğətdə "tabe olan”, dini terminologiyada isə müsəlman olaraq Peyğəmbəri (s) deyil, onun (s) əshabəsini görən, habelə həqiqi müsəlman olaraq vəfat edən şəxsə deyilir.

[3] "İsra”, 9

[4] "Nəhl”, 89

[5] "Hicr”, 9

[6] "Fussilət”, 41. 42

[7] Quran-kərim barədə apardığımız elmi araşdırmalar, xüsusilə də onun təhrif olunması barədə "Quran elmləri ensiklopediyası” adlı əsərimizdə geniş və ətraflı şəkildə məlumat vermişik. Bax: "Quran elmləri ensiklopediyası”, İlqar İsmayılzadə, s. 501-529. Həmçinin bax: "Quran-kərim olduğu kimi”, İlqar İsmayılzadə

[8] "Maidə”, 48

[9] "Fussilət”, 41, 42

[10] "Kəhf”, 1, 2

[11] "Kəhf”, 27

[12] "Hicr”, 9

[13] "Nəhl”, 89

[14] "Ənam”, 38

[15] "İsra”, 89

[16] "əl-Üsul minəl-kafi”, Şeyx Kuleyni, 2/598-599/2

[17] "əl-Üsul minəl-kafi”, Şeyx Kuleyni, 2/600-601/8

[18] "əl-Üsul minəl-kafi”, Şeyx Kuleyni, 2/599/3

[19] "Təfsiru Əbilfütuh Razi”, 5/368, "Nisa”, 40

[20] "əl-Üsul minəl-kаfi, Şeyx Kuleyni, 1/69/1

[21] "Kәnzül-Ümmаl”, Əlaüddin Hindi, 1/179/907

[22] "əl-Möcəmül-Kəbir”, Şeyx Təbərani, 12/224

[23] "Təfsiri-Fəxr Razi”, 10/44,  "Nisa”, 24

[24] "əl-Üsul minəl-Kafi”, Şeyx Kuleyni, 1/69/3, "Təfsirul-Əyyaşi”, 1/9/4

[25] "əl-Üsul minəl-Kafi”, Şeyx Kuleyni, 1/96/2

[26] "əl-Üsul minəl-Kafi”, Şeyx Kuleyni, 2/600/4

[27] "Biharul-Ənvar”, Mühəmmədbaqir Məclisi, 10/369/18

[28] "Xəsaisu Əmirülmöminin”, Şeyx Nəsai, 112/78

[29] "Sünәni-Tirmizi, 5/662/3786, "Yәnabiul-Mәvәddә, Şeyx Qunduzi, 1/37

[30] "əl-Müstədrəku ələs-Səhiheyn”, Hakim Nişapuri, 3/109

[31] Qeyd etmək lazımdır ki, bu hədis barədə müqayisəli şəkildə apardığımız araşdırma "Əhli-Beyt Quran və hədis baxımından” adlı əsərimizin 558-578-ci səhifələrində təqdim edilmişdir.

[32] "Həşr”, 23 



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun