16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

ƏQL SÜNNƏ BAXIMINDAN

İslam dininin Quran-kərimdən sonra əsas qaynağı Sünnədir. Sünnə deyildikdə İslam Peyğəmbəri (s), onun Əhli-Beytindən sayılan imamlar (ə) və səlahiyyətli əshabələrinin müxtəlif sahələrə aid olan hədis və rəvayətləri (sözləri) nəzərdə tutulur.

İslam dininin hədis qaynaqlarında istər Peyğəmbər (s), istərsə də nəcabətli əshabələr (r. ə.) və imamlardan (ə) əql və düşüncə ilə bağlı bir çox hədislər nəql olunmuşdur. Həmin hədisləri diqqətlə mütaliə etdikdən sonra Quran-kərimdən əlavə Sünnə baxımından əql və düşüncənin üstün və möhtəşəm məqamı aydınlaşır.

Əql və düşüncə ilə bağlı bütün hədisləri bu kiçik məqalədə təqdim etmək müyəssər olmadığından burada hədis və rəvayət qaynaqlarına müraciət edərək onlardan müəyyən bir qismini lazım olan qısa izahlarla təqdim edirik:

 

1. ƏQL İLAHİ HÖCCƏT KİMİ

Bizi əhatə edən aləmdə Allah-Taalanın bir sıra höccətləri və sübutları olmuşdur və indi də mövcuddur. İlahi peyğəmbərlər, elçilər, səmavi kitablar və s. o cümlədəndir. Onların hər biri haqq və həqiqət göstəricisi və sübutu sayılır. Əldə olan hədis və rəvayətlərin bir qismində əql və düşüncə də Allah-Taalanın bəndələri üzərində olan höccəti və sübutu kimi təqdim edilmişdir. Belə ki, İmam Sadiq (ə) bu barədə buyurur: "Allah-Taalanın bəndələri üzərində olan höccəti (sübutu, dəlili) Peyğəmbər (s)-dir. Bəndələrlə Allah-Taala arasında olan höccət isə əqldir”[1].

Həmçinin İmam Kazim (ə) bununla bağlı belə buyurur: "Həqiqətən də, Allahın insanlar üçün iki höccəti vardır: Onların biri aşkar, digəri isə gizlidir. Aşkar höccət (ilahi) elçilər,  peyğəmbərlər və imamlar (ə), gizli höccət isə əqldən ibarətdir”[2].

İmam Baqir (ə) isə belə buyurmuşdur: "Allah-Taala əqli yaradanda onu danışığa gətirib buyurdu: "Önə gəl!” Əql önə gəldi. Sonra buyurdu: "Geri qayıt!” Əql də geri qayıtdı. Daha sonra buyurdu: "İzzətim və calalıma and olsun ki, Özüm üçün səndən daha sevimli bir məxluq yaratmadım və səni yalnız sevdiyim insanlarda kamilləşdirdim. Həqiqətən də, Mənim göstəriş və qadağam, cəza və mükafatım yalnız sənə aid olacaqdır!”[3].

Bu hədislərə görə əql insanlara bəxş edilmiş ilahi höccət və eyni halda ilahi elçi və peyğəmbərlərlə yanaşı hər bir insanın daxilində daşıdığı gizli höccətdir. Əql Allah-Taala üçün ən sevimli məxluq sayılır və aydın məsələdir ki, onu yalnız ən sevimli saydığı kəslərə bəxş edir, həmçinin hər bir insandan onun malik olduğu əql səviyyəsində hesabat alacaqdır. Bu izahlarla İslam dininin əql və düşüncəyə hansı həddə qədər üstünlük verdiyi aydınlaşır, çünki əql və düşüncəni ilahi və eyni halda gizli höccət adlandıran din onu müxtəlif sahələrdə yasaqlamaz və kənara qoymaz.

 

2. ƏQL İSLAM DİNİNİN ƏSAS QAYNAĞI KİMİ

Bəşəriyyətin doğru yola yönəlməsi üçün göndərilən İslam dininin bir neçə əsas qaynağı vardır. İslam dini həmin qaynaqlar üzərində danışır, onların əsasında müxtəlif sahələrə aid olan bəyanını insanlara yetirir. Bu qaynaqlar barədə İslam alimləri tərəfindən müxtəlif fikirlər irəli sürülsə də, onların bununla bağlı Quran-kərim və Sünnənin (hədis və rəvayətlərin) İslam qaynağı olması barədə fikir ayrılığı yoxdur.

Əldə olan hədislərin bəzisində ağıl və düşüncə də İslam dininin əsas qaynaqlarından biri kimi təqdim edilmişdir. İslam Peyğəmbəri (s) bu barədə buyurmuşdur: "Məndən sizə bir hədis çatdıqda onu Allahın Kitabı (Quran) və əqllərinizin höccəti ilə müqayisə edin. Onlarla (Quran və əql ilə) müvafiq olduqda həmin hədisi qəbul edin, əks təqdirdə isə onu divara vurun (kənara qoyun!)”[4]

Gördüyünüz kimi, bu hədisdə əql Quran-kərimlə yanaşı İslam dininin əsas qaynağı olaraq təqdim edilmiş, hədis və rəvayətlərin düzgünlüyünü ayırd etmək üçün əqlə müraciət etmək göstərişi verilmişdir. Burada əql və düşüncənin Quran-kərimlə bərabər bəyan edilməsi, bu iki qaynaqla müvafiq olmayan hədislərin isə divara çırpılması göstərişi sözün əsl mənasında əql və düşüncənin İslam elmlərində yüksək məqamından xəbər verir.

Həmin hədisi əsas tutaraq din alimləri və ilahiyyatçıların müxtəlif sahələrdə üzləşdikləri hər bir hədis və rəvayət, həmçinin fikir, nəzər və s. uymamaq və bu sahədə tam ehtiyatlı olmağın zəruriliyini də əldə etmək olar.

 

3. ƏQL ETİQADLI İNSANIN DƏLİLİ KİMİ

Hədis və rəvayətlər, eləcə də ərəb dilində "dəlil” deyildikdə hər hansı bir şeyi sübut etmək üçün əldə olan əsas, sübut, həmçinin insana yol göstərən mənalar nəzərdə tutulur. Əql və düşüncə ilə bağlı hədislərin bəzisində ağıl etiqadlı insanın dəlili, sübut və əsası kimi təqdim edilmişdir. İmam Sadiq (ə) bu barədə belə buyurur: "Əql möminin dəlilidir (sübutu, yol göstəricisidir)”[5].

Əqlin etiqadlı insan üçün sübut və dəlil olması heç də təəccüb doğura bilməz, çünki öncə təqdim edilən hədislərdə bu ilahi qüvvə ilahi höccət və İslam dininin əsas qaynaqlarından biri kimi təqdim edilmişdir. Odur ki, etiqadlı insan malik olduğu bu ilahi nemət sayəsində bir çox irticaçı, azğın, həmçinin ilahi fitrət və mərifətlə müvafiq olmayan baxış, yol, söz və rəftardan özünü qoruya bilər. Bu da öz növbəsində əql və düşüncənin Sünnədə olan üstün məqamının göstəricisidir.

 

4. ƏQL – İLAHİ İBADƏT AMİLİ VƏ CƏNNƏTİ ƏLDƏ ETMƏK YOLU

Əql və düşüncə ilə bağlı hədislərin bəzisində bu ilahi qüvvə ibadət səbəbkarı, həmçinin Cənnəti əldə etmək amili kimi təqdim edilmişdir. İmam Sadiq (ə) bununla bağlı buyurmuşdur: "Əql odur ki, onun vasitəsilə Allaha ibadət edilir və Cənnət əldə olunur”[6].

Digər hədisdə isə belə buyurur: "Əqlli insanın dini də olar. Dini olan insan isə Cənnətə daxil olar”[7].

İnsan öz yaradılışı, varlıq aləmi və həyatı barədə dərindən düşündükdə öz qüdrətli Yaradanı və Onun əzəməti barəsində mərifət kəsb edir və daha sonra özünü Onun qarşısında aciz və borclu görərək ibadət və itaətkarlığa üz tutur. Təbii ki, həqiqi ibadətin sonu ilahi mərifət və Cənnət olacaqdır. Odur ki, əql və düşüncə üçün yuxarıdakı hədisdə belə bir tərifin verilməsi heç vaxt əbəs sayıla bilməz. Bu hədislər də İslam dini baxımından əql və düşüncənin böyük təsir gücünə malik olduğundan xəbər verir.

 

5. CƏHALƏT ƏN ŞİDDƏTLİ YOXSULLUQ,

ƏQL İSƏ ƏN FAYDALI VARLIQ

İnsanlar pulsuzluq və imkansızlığı yoxsulluq saysalar da, İslam təlimlərində buna baxış bir qədər fərqlidir, çünki İslam dinində ən şiddətli yoxsulluq cəhalət və nadanlıq, ən faydalı mal isə əql və düşüncə sayılmışdır. İslam Peyğəmbəri (s) Həzrət Əliyə (ə) belə buyurmuşdur: "Ya Əli! Cəhalətdən şiddətli yoxsulluq, əqldən isə faydalı mal yoxdur”[8].

İmam Rza (ə) isə buyurur: "Hər bir insanın dostu onun əqli, düşməni isə onun cahilliyidir”[9].

Bu hədislərdə əql ilə cəhalətin qarşı-qarşıya qoyulması İslam dininin əql və düşüncəyə böyük yer verdiyi, ağıl və şüurdan kənar olmağın isə sözün əsl mənasında cəhalət və yoxsulluq sayılması deməkdir, çünki insan əql və düşüncə sayəsində həyatın müxtəlif sahələrində ən düzgün yolu seçir və bunun nəticəsində həyatda korluq çəkmir. Əql və düşüncə ilə hərəkət etməyənlər öz nadan, cılız və səviyyəsiz fikirləri, davranış və sözləri ilə adətən, həyatın hər bir sahəsində problemlə üzləşir və yaşadığı həyatda Cəhənnəm əzabını və yaşayışını təcrübə edirlər.

 

6. ƏQLSİZ VƏ DÜŞÜNCƏSİZ İBADƏTİN FAYDASIZ OLMASI

Adətən, el arasında namaz qılan, oruc tutan, həcc ziyarətinə gedən və yaxşı işlər görən insanlar dillərə düşür, bununla da həmin şəxslərə xüsusi üstünlük və fəzilət verilir. Lakin İslam təlimlərinə görə sırf namaz və oruc kimi yaxşı əməllərin çoxluğu insana üstünlük və imtiyaz gətirmir. Bu kimi əməllər yalnız əql və düşüncə ilə birgə həyata keçdikdə insana üstünlük və fəziləti ərmağan gətirə bilər.

Bu mövzu ilə bağlı hədis və rəvayətlərin müəyyən bir qismində də insanların üstünlüyünün çoxlu ibadətlə deyil, əslində əql və düşüncə meyarı ilə təyin edilməsi bəyan olmuşdur. Əziz Peyğəmbərimiz (s) bu barədə belə buyurur: "Çoxlu namaz qılan və çoxlu oruc tutan bir kəsi müşahidə etdikdə onun əql və düşüncəsinə fikir vermədən onunla fəxr etməyin!”[10]

Həzrət (s) digər hədisdə buyurmuşdur: "Bir nəfərin yaxşı vəziyyəti barədə sizə xəbər çatanda dərhal onun əql və düşüncəsinin gözəlliyinə fikir verin, çünki belə bir şəxs öz əqli ilə cəzalanacaqdır”[11].

Buna oxşar hədislərin bir qismində imamların (ə) yanında müəyyən şəxslərin çoxlu ibadəti barədə danışılmış, amma imamlar (ə) bu təriflərə uymadan birbaşa həmin şəxslərin əql və düşüncə səviyyəsi barədə soruşmuşlar. İshaq ibn Əmmar nəql edir ki, İmam Sadiqə (ə) dedim: "Bizim qonşumuzda çoxlu namaz qılan, çoxlu sədəqə verən və çoxlu həcc ziyarətinə gedən bir şəxs var. O, yaxşı adamdır”. İmam Sadiq (ə) soruşdu: "Onun əqli necədir?” İshaq cavab verdi: "O, əqlli (düşüncəli) şəxs deyil!” İmam Sadiq (ə) dedi: "Elə isə onun bu yaxşı əməlləri yuxarı qalxmaz (qəbul olmaz)”[12].

İslam dini ona inanan insanları ibadətə dəvət etsə də, heç vaxt kor-koranə ibadətə razı olmamış, əqli işlətməyi və hər şeyə şüurlu şəkildə yanaşmağı üstün tutmuşdur. Hətta əldə olan bəzi hədislərdə müəyyən bir müddət fikirləşmək bir gecəlik, həmçinin bir illik ibadətdən daha xeyirli sayılmışdır. Belə ki, İslam Peyğəmbəri (s) buyurur: "Müəyyən bir müddət fikirləşmək bir gecənin ibadətindən üstündür”[13].

İmam Sadiq (ə) isə bununla bağlı belə buyurmuşdur: "Müəyyən bir müddətə qədər fikirləşmək bir ilin ibadətindən üstündür”[14].

Bu hədisləri əsas tutaraq din əhlini yalnız ibadətlərinin çoxluğu ilə deyil, malik olduqları əql və düşüncə əsasında araşdırmaq, bu əsasla onları qiymətləndirmək lazımdır. Bu qəbil hədislər də öz növbəsində əql və düşüncənin Sünnə baxımından üstün yeri tutduğunun göstəricisidir.

 

7. ƏQL BARƏSİNDƏ ÜMUMİ HƏDİSLƏR

Hədis qaynaqlarında əql və düşüncə ilə bağlı deyilənlər yalnız yuxarıda təqdim edilən mövzular və hədislərlə bitmir. Əslində bu mövzuda onlarla digər hədis və rəvayətlər də mövcuddur.

Burada hədis mənbələrində həmin mövzu ilə bağlı mövcud olan ümumi mənalı hədislərdən yalnız bir neçə nümunəni təqdim edirik:

1. İslam Peyğəmbəri (s) buyurmuşdur: "İnsanların daha üstünü daha əqlli olanıdır”[15].

2. Həzrət Əli (ə) buyurur: "İnsanın əqli onun bəzəyidir. Cahil adamla dostluq edənin əqli naqisləşər”[16].

3. Həzrət Əli (ə) buyurur: "Əql kimi sərvət, cəhalət kimi yoxsulluq, ədəb kim irs və məşvərət (məsləhətləşmə) kimi arxa yoxdur”[17].

4. Həzrət Əli (ə) buyurmuşdur: "Əql kamilləşdikcə danışıq azalar”[18].

5. Həzrət Əli (ə) digər hədisdə belə buyurur: "Əqlin fayda və nəticəsi haqq və həqiqətlə birgə olmaqdır”[19].

Gördüyünüz kimi bu hədislərdə əql barəsində müxtəlif təriflər verilmiş, onun imtiyazlarından danışılmışdır[20].

Görəsən, əqlli insanı ən üstün şəxs kimi təqdim edən, əqli bəzək və ən faydalı sərvət adlandıran bir din əql və təfəkkürdən uzaq ola bilərmi? Görəsən, bütün bunlar İslam dinində əql üçün verilən üstün yer və dəyər üçün kifayət deyilmi?

Bura qədər Quran-kərim ayələri, həmçinin hədis və rəvayətlər əsasında əql və düşüncənin İslam dini baxımından məqamını araşdırdıq. Müqəddəs Quran və hədislər baxımından əql və düşüncənin özünəməxsus olduğu, həm də üstün yer tutduğu məlumdur, çünki hər iki qaynaqda bununla bağlı xüsusilə danışılmış, haqqında müxtəlif mövzular bəyan edilmişdir. Quran ayələrində əqllə bağlı aşağıdakı məqamlara toxunulmuşdur:

1. İlahi ayələrin insanların əqllərini işlətməsi üçün göndərilməsi.

2. Varlıq aləmində əqlini işlədənlər üçün bir çox ilahi nişanələrin mövcudluğu.

3. İlahi göstərişləri oyun-oyuncaq saymağın əqli işlətməmək nəticəsində baş verməsi.

4. Əksəriyyət insanların əqllərini işlətməməsi.

5. Alimlərin əqllərini işlətməsi və ilahi həqiqətləri düşünməsi.

6. Ədəb və etika qaydalarına riayət etməklə əql arasında mövcud olan rabitə.

7. Əqli işlətməməyin hər bir sahədə mövcud olan ixtilafların əsas səbəbi olması.

8. Əqlini işlətməyənlərin məzəmmət edilməsi.

9. Əql sahibləri üçün ilahi müjdə və üstün məqamların vəd edilməsi.

Sünnəyə gəldikdə isə əql barədə aşağıda sadalanan məqamlara toxunulur:

1. Əqlin ən faydalı varlıq olması.

2. Əqlsiz və düşüncəsiz ibadətin insan üçün elə də əsaslı bir faydaya malik olmaması.

3. Əql barəsində ümumi təriflərin təqdim olunması.

4. Əql və düşüncənin insan üçün zinət, üstünlük amili, sərvət olaraq təqdim edilməsi.

5. Əqlin ilahi höccət və Allahın ən sevimlisi kimi təqdim edilməsi.

6. Əqlin İslam dininin əsas qaynağı kimi təqdim edilməsi.

7. Əqlin etiqadlı insan üçün bir dəlil kimi təqdim edilməsi.

8. Əqlin ibadət amili və Cənnətin əldə edilməsi üçün bir yol olaraq təqdim edilməsi.

Bütün bunlar İslam dini baxımından əql və düşüncənin yüksək yer tutduğunu və malik olduğu dəyəri sübut edir. Dünyada mövcud olan səmavi və qeyri-səmavi dinlər barədə kifayət qədər məlumatlı olan bir şəxs kimi deyə bilərəm ki, onların heç birində İslam dini qədər əql və düşüncəyə belə bir tərzdə əhəmiyyət verilməmişdir. Odur ki, hər bir müsəlman həyatının hər bir sahəsində, hər bir anında əql və düşüncəyə xüsusi və önəmli yer verməlidir.

 

ƏQLİN MÜTLƏQ ƏHATƏYƏ MALİK OLMAMASI

Əql və düşüncə ilə bağlı müəyyən bir izahı qeyd etmək olduqca zəruridir. O da əql və düşüncənin həmişə və hər bir sahədə mütləq əhatəyə malik olmamasıdır. Bu izaha əsasən əql İslam dininin əsas qaynağı olsa da, mütləq mənada təsəvvür edilməməlidir. Əslində əql külli mövzuların başa düşülməsi və dərk edilməsində əsas rola malikdir. Lakin adətən, əql şəriət hökmlərinin xırdalıqlarında susur. Bundan əlavə, əql və düşüncə ölüm, bərzəx aləmi, ruh, Allah-Taalanın müqəddəs zatı, mələklər və s. bu kimi həqiqətlər barədə də sükut edir. Onların külliyyatını təsdiq etsə də, bəzi xırdalıqları və bütün aidiyyatı barədə kamil və hərtərəfli nəticəni təqdim etməkdən acizdir.

Unutmayaq ki, əql mütləq tərzdə hər bir mövzunun dərk edilməsi və başa düşülməsinə qadir olsaydı, ilahi peyğəmbərlər və elçilərin göndərilməsinə, həmçinin ilahi və səmavi kitabların nazil edilməsinə heç bir ehtiyac qalmazdı.

 

NƏTİCƏ

Hər bir etiqadlı insan həyatın hər bir sahəsində malik olduğu ilahi nemət sayılan əql və düşüncəni işə salmalı, onunla zidd olan hər növ fikir, ideya, söz və rəftardan uzaq olmağa çalışmalıdır, çünki heç bir dində İslam dini qədər əqlli və düşüncəli olmaq barədə təkid edilməmişdir. Bir müsəlman kimi İslam dinini qəbul edən mərhələdə əql və düşüncədən istifadə edir, tövhid, nübüvvət (peyğəmbərlik) və axirət aləmi kimi həssas və təməl prinsipləri sayılan mövzuların sübut edilməsi üçün kifayət qədər əqli dəlil-sübutlardan bəhrələnirik. Lakin çox təəssüf ki, dini qəbul etdikdən sonra isə əqli möhürləyib bir kənara atır və müxtəlif mövzuların bəyan edilməsində və sübuta yetirilməsində, eləcə də müxtəlif sahələrdə fikir formalaşdırarkən bir sıra uydurma və zəif rəvayətlərə uyuruq. Halbuki bir müsəlman olaraq bu ilahi qüvvəyə hər bir zaman hörmətlə yanaşmalı və onu öz həyatımızın bütün sahələrində hakim etməliyik. Həqiqətən də, əqlə qarşı sərgilənən belə bir rəftar olduqca gülməli, həm də ən azından bir müsəlman üçün olduqca qəbahətli və yaraşmaz bir hərəkətdir.

Bəşəriyyətin doğru yola yönəlməsi naminə gəlmiş İslam dini əql və düşüncəmizi həbs etmək və onun qarşısında maneə yaratmaq üçün deyil, əslində həmin əngəlləri aradan qaldırmaq və əqli inkişaf etdirmək üçün gəlmişdir.

Təəssüflə qeyd etmək lazımdır ki, bir çoxları özü ilə bu ilahi və möhtəşəm neməti gəzdirdiyi bir halda onu işə salmır, həyatın müxtəlif sahələrində ağıl və düşüncədən istifadə etmirlər. Belələrinin əqli həqiqətdə qəflət yuxusuna getmişdir...

Bu araşdırmanı Əmirülmöminin İmam Əlinin (ə) kəlamı ilə bitiririk: Həzrət Əli (ə) xütbələrinin birində son dua olaraq belə demişdir: "Əqlin yatmasından və büdrəmələrin pisliyindən Allaha sığınırıq və Ondan yardım diləyirik!”[21]

 

SON DUAMIZ:

"Həqiqətən, bütün həmdlər aləmlərin Rəbbi olan Allaha məxsusdur!”

 

õõõõõ

 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. "Azərbaycan dilinin izahlı lüğəti”

2. Əbdülvahid ibn Mühəmməd Amidi Təmimi, "Qürərul-Hikəm” 

3. Əhməd ibn Mühəmməd ibn Xalid Bərqi, "əl-Məhasin”

4. Akad. Ziya Bünyadov və akad. Vasim Məmmədəliyev, Quran-kərimin tərcüməsi 

5. Əbunnəsr İsmayıl ibn Həmmad Cövhəri, "əs-Sihah” 

6. Əbülfida İsmayıl ibn Kəsir Dəməşqi, "Təfsirul-Quranil-Əzim”

7. Mühəmməd Fuad Əbdülbaqi, l-Möcəmül-Müfəhrəs liəlfazil-Quranil-Kərim” 

8. Əhməd ibn Mühəmməd Fəyyumi, "əl-Misbahul-nir” 

9. Xəlil ibn Əhməd Fərahidi, "Kitabul-Eyn” 

10. Hüseyn ibn Əli Xüzai Nişapuri, "Təfsiru Əbilfütuh Razi”

11. Rağib İsfahani, "Müfrədatu Əlfazil-Quran” 

12. Əbülhüseyn Əhməd ibn Faris ibn Zəkəriyya, "Möcəmu Məqayisil-Lüğət”

13. İlqar İsmayılzadə, "İlahi Sirlər”

14. Şeyx Əbülfəth Kəracəki, "Kənzül-Fəvaid”

15. Əbucəfər Mühəmməd ibn Yəqub Kuleyni, "Üsuli-Kafi” 

16. Əbucəfər Mühəmməd ibn Yəqub Kuleyni, "Üsuli-Kafi”, tərcümə, ixtisar və izahlar: İlqar İsmayılzadə 

17. Şeyx Abbas Qummi, "əd-Dürrün-Nəzim fi Luğatil-Quranil-Əzim” 

18. Seyid Əliəkbər Qürəşi, "Qamusul-Quran”

19. Əbdürrəhman ibn Əbihatəm Mühəmməd Razi, "Təfsirul-Quranil-Əzim Müsnədən ən Rəsulillah vəs-Səhabəti vət-Tabein”

20. Seyid Rəzi, "Nəhcülbəlağə”

21. Əbünnəzr Mühəmməd ibn Məsud ibn Əyyaş Sələmi Səmərqəndi, "Təfsirul-Əyyaşi”

22. Şeyx Mühəmməd ibnil-Həsən Tusi, "ət-Tibyan fi Təfsiril-Quran”

23. Carullah Zəməxşəri, "Əsasul-Bəlağə”

 



[1] "Üsuli-Kafi”, Şeyx Kuleyni, 1/25/22

[2] "Üsuli-Kafi”, Şeyx Kuleyni, 1/16/12

[3] "Üsuli-Kafi”, Şeyx Kuleyni, 1/10/1

[4] "Təfsiru Əbilfütuh Razi”, 5/368

[5] "Üsuli-Kafi”, Şeyx Kuleyni, 1/25/24

[6] "Üsuli-Kafi”, Şeyx Kuleyni, 1/11/3

[7] "Üsuli-Kafi”, Şeyx Kuleyni, 1/11/6

[8] "Üsuli-Kafi”, Şeyx Kuleyni, 1/25-26/25

[9] "Üsuli-Kafi”, Şeyx Kuleyni, 1/11/4

[10] "Üsuli-Kafi”, Şeyx Kuleyni, 1/26/28

[11] "Üsuli-Kafi”, Şeyx Kuleyni, 1/12/9

[12] "Üsuli-Kafi”, Şeyx Kuleyni, 1/24/19

[13] "Əl-Məhasin”, Şeyx Bərqi, 1/26/5

[14] "Təfsirul-Əyyaşi”, 2/228/26

[15] "Kənzül-Fəvaid”, Şeyx Kəracəki, 1/56

[16] "Kənzül-Fəvaid”, Şeyx Kəracəki, 1/199

[17] "Nəhcülbəlağə”, 54-cü kəlam

[18] "Qürərul-Hikəm”, Şeyx Amidi, 52/407

[19] "Qürərul-Hikəm”, Şeyx Amidi, 53/413

[20] "Əql barəsində hədislərlə daha ətraflı tanış olmaq üçün Azərbaycan dilinə tərcümə edilərək nəşr edilmiş "Üsuli-Kafi” kitabının "Əql və Cəhalət” bölməsini mütaliə edə bilərsiniz. Həmin bölmədə Peyğəmbər (s) və imamlar (ə) tərəfindən əql barədə buyurulmuş 20 səhih və mötəbər hədis müəyyən izahlarla təqdim edilmişdir. (Bax: "Üsuli-Kafi”, Şeyx Kuleyni, tərcümə, ixtisar və izahlar: İlqar İsmayılzadə, səh: 37-44).

[21] "Nəhcülbəlağə”, 224-cü xütbə 



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun