16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

İSLAMİ FƏTHLƏR HAQQINDA

İslami fəthlər və onların təhlili
İslam dininin dünya ölkələrində yayılması və genişlənməsi bir çox dünya tarixçiləri və şərqşünasları tərəfindən müxtəlif cür izah edilir. Bəzi tarixçi və şərqşünaslar İslamın yayılmasını ərəb xilafətinin digər ölkələri işğal etməsi kimi dəyərləndirirlər. Onların fikrincə, İslamın yayılması və genişlənməsi məsələsi həqiqətdə işğalçı və irticaçı bir mahiyyət daşıyan ərəb xilafətinin siyasi məqsədlərinə xidmət edirdi, çünki din amili fəth etməkdə daha çox yetərli olduğu üçün, ərəb xəlifələri bu amildən öz məqsədlərini həyata keçirmək üçün lazımınca istifadə edirdilər. Əsil məqsəd isə yeni-yeni əlverişli xüsusiyətlərə malik olan əraziləri ələ keçirmək, iqtisadiyyatı və ticarəti öz əllərində təmərküzləşdirməkdən ibarət idi. Bununla da bütün şərq və qərbin ən əhəmiyyətli məntəqələrini ələ keçirib dünya iqtisadiyyatı və ticarətinə hakimlik etmək onlar üçün asanlaşmış olurdu. Buna görə də Quranın və İslamın vəhdətə çağırış amilindən öz məqsədlərini həyata keçirmək üçün, zahirdə İslam dinini yaymaq və təbliğ etmək adı ilə fəthlərə başlayır və zor gücünə bu dini digər xalqlara qəbul etdirirdilər, çünki İslam dininin zorla qəbul etdirilməsi onların işğalçılıq niyyətlərini də tez bir zamanda həyata keçirməyə imkan verirdi.
Lakin məsələni tarixi nöqteyi-nəzərdən araşdırdıqda biryönlü təhlillər aparan qərb şərqşünaslarının təhlillərinin qeyri-düzgünlüyü ortaya çıxır. Əgər biz İslamın yaranma tarixinə nəzər salsaq, görərik ki, o dövr dünyaya meydan oxuyan iki böyük imperiya; Bizans və Sasani imperiyalarının ən qüvvətli dövrləri idi. Şərqşünasların islami işğallar adlandırdıqları, islami zəfərlər də əsasən bu iki imperiyanın ərazilərində baş verirdi. Bu gün biz o dövrün tarixi səhnəsinə nəzər saldıqda görərik ki, nə qədər qısa bir zaman fasiləsində yeni yaranmış zəif İslam qoşunları, son dərəcə qüdrətli olan bu imperiyaların ərazilərini necə də asanlıqla fəth edirdilər. İslamın meydana gəlməsindən əvvəl ərəb qəbilələrinin dünya siyasi səhnəsində heç bir nailiyyətinin olmamasını görüb, İslamdan sonra böyük imperiyaların öz ərazilərini bir-bir müsəlman icmasına təslim etməsini müşahidə etmək son dərəcə heyrətləndirici bir haldır. Həzrət Peyğəmbərin vəfatından az sonra müsəlmanlar Suriya, Fələstin, Antakiya kimi Bizansın ən əhəmiyyətli ərazilərini fəth edib islamlaşdırırdılar.
Eyni zamanda Sasani kimi qüdrətli bir dövlətin iki çayarası kimi əraziləri müqavimətsiz olaraq İslam qoşunlarına təslim olurdular. Deməli, Cahiliyyət Dövrünün dəyərsiz və qeyri-insani qanunları ilə idarə olunan ərəb qövmləri İslamdan sonra yeni bir dəyər və mədəniyyətə sahib olmuşdular. Cahiliyyət Dövründə yaşayan ərəb qövmləri, hətta öz tayfa və qəbilələri arasında da belə bir ülfət və vəhdətə nail olmamışdılar. O dövrdə bu qəbilələrə hakim olan Cahiliyyət qanunları, nəsil və nəsəb təəssübkeşliyi, elm və maarifdən tamamilə uzaq olmaq, ərəbləri o zamankı dünyanın ən geridə qalmış bir millətinə çevirmişdi, lakin İslam zühur etdikdən sonra isə Cahiliyyət adət və ənənələri ilə barışmaz olan, elmi və mənəvi dəyərləri dəstəkləyən qanun və qadağalar ərəb cəmiyyətində görünməyən çevrilişə və islahata səbəb oldu. Özündə tamamilə humanist və sülhsevər məziyyətləri daşıyan İslam dini, bütün millətlərin psixologiyasına və fitrətinə uyğun idi. Elə buna görə də İslam dini ərəb qəbilələri arasında əsrlərlə mövcud olub, heç bir amilin kökünü kəsib ata bilmədiyi qan və nəsil düşmənçiliyini tez bir zamanda aradan apardı. İslam onlarda bu hissin əvəzində dostluğun, məhəbbətin, ülfətin əsasını qoyub vəhdət toxumunu səpdi. Həmin bir-birinə düşmən qövmləri bir məqsəd və amal uğrunda birləşdirdi. Buna işarə olaraq Allah Quran-kərimdə buyurur: "Ey Peyğəmbər! Əgər sən yer üzündə olanları onların arasında, ülfət yaratmaq üçün xərcləsəydin, bunu bacarmazdın, lakin Allah onların arasında ülfət yaratdı” . Yəni Allah İslam və iman həqiqəti ilə onlar arasında bir ülfət və birlik yaratdı. Deməli, İslamın gətirdiyi qanunlar, o qədər humanist və ədalətli idi ki, hətta bir-birinin qanına susamış tayfalar belə, o qanunları cəmiyyətləri üçün əhəmiyyətli sayıb bir mərkəz ətrafında birləşirdilər.
Eyni ilə İslam qoşunları qonşu ölkələrə yürüşlər etdiyi zamanda İslami dəyərləri əllərində əsas tutduqları üçün onun göstərdiyi hüdudlardan kənara çıxmırdılar. Buna görə də Bizans və Sasani imperiyalarının zülm və ədalətsizliyindən cana doymuş Yaxın Şərq və Aralıq dənizi ətrafında yaşayan xalqlarda İslam və müsəlman icması böyük rəğbət hissi oyatmışdı.
Bunun ən mühüm səbəbləri Bizans və Sasani dövlətlərinin imperialist siyasət yürütmələri, xalqların və millətlərin mədəniyyət və mənəviyyatına qarşı mürtəce bir niyyətə sahib olmaları idi. Bu imperiyaların dövlət quruluşu, hakim siniflərin həddən artıq xalqa əzab və əziyyət vermələri, aşağı təbəqə arasında onlara qarşı çox güclü bir nifrət yaratmışdı. Sasani və Bizans saray sistemində həddən artıq bir təbəqələşmə mövcud idi. Bu sinifləşmə bir təbəqənin həddən artıq varlanmasına və güclənməsinə, digər bir təbəqənin isə işgəncə və zülmə düçar olub, hüquqlarının amansızcasına pozulmasına gətirib çıxarırdı.
Bu imperiyaların dini və məzhəbi durumu da çox acınacaqlı bir vəziyyətdə idi. Sasani imperiyasında zərdüştlük və atəşpərəstlik, Bizansda isə xristianlıq hakim sinfin mənafeyinə xidmət edirdi. Bizans imperatorlarının xristian dininin əsaslarını, öz xeyirlərinə necə açıq şəkildə dəyişdirdikləri tarixçilərə məlumdur. Ruhani sinfi Bizansda və İranda şahənşah və imperatorun hər hansı qeyri-qanuni hərəkətinə dini bir əsas verərək rəsmiləşdirirdilər. İranda zərdüştlüyün bidətlərinə qarşı baş vermiş məzhəbi bir hərəkat olan məzdəkizm də buna açıq bir misal ola bilər. Məzdəkizm cərəyanının mənfi xüsusiyyətlərinə baxmayaraq, dövrün hakim və dini təbəqəsinə qarşı baş verən bir hərəkat idi.
Belə bir siyasi və dini şəraitdə yaşayan millətlər İslam dininin qanunları və müsəlman icması ilə üzləşdikdə, onlarda tamamilə bunun əksini müşahidə etdilər.
Onlar müsəlmanların sadəliyini, müsəlman icmasının fərdləri arasında heç bir fərqin qoyulmamasını, ədalətin və haqqın onlara hakim olmasını gördülər. Bunu gördükdən sonra anladılar ki, bu insani keyfiyyətləri onlarda yaradıb yaşadan yalnız din və İslam amilidir.
Bu da o xalqların dini düşüncələrinin dəyişməsində, ədalətə və haqqa səsləyən İslam dininə qarşı onlarda xoş bir təəssüratın yaranmasına böyük təsir etdi.
Deməli, İslam fəthlərində heç bir xalqa və millətə qarşı İslamiyyəti qəbul etməkdə zor işlətməmişlər, əksinə tarixi faktlarda Bizans və Sasani tabeçiliyində olan millətlərin İslam qoşunlarına könüllü olaraq təslim olmaları faktları mövcuddur.
Lakin bəzi tarixçilər hadisələri təfərrüatına qədər bilmədikləri üçün lazımsız yerə hadisələri ümumiləşdirərək arasındakı fərqlərə varmadan təhlillər etmişlər. Nəticədə islahat xarakteri daşıyan fəthlərlə, işğalçı mahiyyətli fəthlərin səbəblərini eyniləşdirərək, eyni cür dəyərləndirmişlər.
Tarixdən söyləyəcəyimiz dəlillər isə "yeni-yeni əraziləri işğal etmək niyyəti ilə İslamı zorla yaymışlar” – deyən şəxslərin fikirlərini alt-üst edir.
Məsələn, İslam qoşunlarının Beytül-Müqəddəsə girişi zamanı bütün Fələstin əhalisi müsəlmanları xoş əhvali-ruhiyyə ilə qəbul etmişdilər. Hətta xəlifənin qoşun başçısı Əbu Übeydə İbnil-Cərrah ona bir məktub yazmış və bu məktubda fələstin yəhudi və xristianlarının müsəlmanları böyük ehtiramla qarşıladıqlarını və məxsusən xəlifənin özü ilə sülh əhdnaməsi bağlamaq istədiklərini bildirmişdi. Buna görə də Xəlifə Ömər ibn Xəttab həzrətləri özü Beytül-Müqəddəsə getmiş və Əhli-Kitab da təntənə ilə xəlifəni qarşılamışdılar. Xəlifə də onlarla sülh müqaviləsi bağlamışdı.
Beynənnəhreyn (iki çay arası) əraziləri də İslam qoşunları tərəfindən fəth olunan zaman yerli aramilər və digər xalqlar müsəlman icmasını razılıqla qarşılamışdılar. Onların ədalətsevərliyini, aralarında hökm sürən bərabərlik və qardaşlığı, Sasani zülm və sitəmindən qurtuluş kimi qiymətləndirmişdilər. Eləcə də Suriyanın və Antakiyanın fəthi buna bariz bir nümunədir. Xristian dini və siyasi həyatından bezmiş Suriya və Antakiya xalqı açıq şəkildə İslama və müsəlmanlara meyilli olduqlarını aşkar etdilər. Müsəlman qoşunları da rahatlıqla bu ərazilərdə yerləşib İslami quruculuğa başladılar.
İslam qoşunları fəqət bu ərazilərdə İslamın yayılmasını istəməyən Bizans imperatorunun qoşunları ilə vuruşmuş və bu əraziləri onların işğallarından qurtarmışdı.
Hətta bəzi şərqşünaslar da islami fəthlərin məqsədini düzgün şəkildə başa düşərək, İslamın zorla qəbul etdirilməsi fikrini qəbul etmirlər.
Bunlardan biri böyük qərb şərqşünası Y.Vellhausendir. O, islami fəthlərin zorakılıq və işğalçılıqla aparılmasını qəbul etməyərək, onun tez bir zamanda böyük-böyük ərazilərə yayılmasını daşıdığı ümumbəşəri keyfiyyətlərlə əlaqələndirirdi. Onun fikrincə İslamın əsas ideyasına çevrilən zülm və ədalətsizliyə qarşı mübarizə, insanları bəşərin zülmündən xilas olub, ilahi bir vəhdətə doğru səsləyiş onun tez bir zamanda yayılmasının əsas səbəbi idi.
Vellhausen şərqşünasların əksinə olaraq müsəlmanların çoxlu əraziləri işğal etmək niyyətində olmalarını rədd edərək deyir ki, əslində müsəlmanlar fəth olunmuş ərazilərdə İslamın təbliğinə üstünlük verərək, islahat işləri ilə məşğul olurdular.
İslamın zorla digər ərazilərə qəbul etdirilməsi fikrini rədd edən dəlillərdən biri də tabeçiliyə gətirilmiş ərazilərin idarə olunma qaydası idi.
Bütün tarixçilər bunu çox gözəl bilirlər ki, fəth olunmuş ərazilərdə yaşayan kafirlər İslamı qəbul etməyə məcbur edilmirdilər. Onlar müsəlmanların himayəsində yaşayaraq öz toxunulmazlıqlarını qoruyub saxlayır və öz dinlərini yaşayırdılar. Belə millətlərə müsəlman dövləti himayəsində yaşayan "zimmi” kafirlər deyilirdi. Əgər İslamın zorla qəbul etdirilməsi düzdürsə, bəs onda niyə onlara müsəlmanların himayəsində yaşayıb öz dinlərinə etiqad etmək icazəsi verilmişdi.
Düzdür, sonradan bəzi sülalələr xilafətdə hakimiyyət başına gəldikdən sonra öz niyyətlərinə çatmaq üçün islami fəthlərin əsas mahiyyətini dəyişdirdilər, çünki artıq Peyğəmbər (s) dövründə mövcud olan müsəlman icması öz mahiyyətini itirmiş, xilafət isə bir səltənət sisteminə çevrilmişdi. Ancaq belə ünsürlərin yaranması İslam dinini aradan apara bilməmiş və yerlərdə səltənət sahiblərinə qarşı güclü etiraz və qiyamların baş verməsinə gətirib çıxarmışdı. Məsələn, Bəni-Üməyyə sülaləsi İslamı tamamilə aradan aparıb onun yerində bir şahlıq sistemi yaratmaq istəyirdilər. Bu da İmam Hüseyn (ə)-ın onlara qarşı bərk etirazına və qiyamına səbəb olmuşdu.
İslami fəthlərin başlanğıc dövründə də belə ünsürlərin müsəlman icmasında olmasına baxmayaraq, zahirdə İslamın qanun və şərtlərinə riayət etmək məcburiyyətində idilər. Onlar yeni-yeni əraziləri fəth etdikdə də Peyğəmbər (s)-in Sünnəsinə riayət edib onun kimi addım atmalı idilər.
Bütün dünya tarixçilərinə bəllidir ki, Peyğəmbərimiz İslami dəvətini zorla deyil, sülh yolu ilə etmişdir. O, böyük məntəqələrin hakimlərinə məktublar yazaraq onları Allahın itaətinə və İslam kimi kamil bir dini qəbul etməyə dəvət etmişdi. Peyğəmbərimizin bu cür dəvəti də bir çox məmləkət padşahlarında xoş təəssürat yaratmış və o Həzrətə qarşı dərin bir məhəbbət hissi oyatmışdı.
Hətta bəzilərinin, Həbəşistan hakimi Nəcaşi kimi şəxsiyyətlərin İslamı qəbul etməsinə səbəb olmuşdu. Peyğəmbərimiz qılıncla fəth etməkdənsə, Quranla hidayət etməyə daha çox üstünlük verir, öz səfər və yürüşlərində də əməli olaraq bunu göstərirdi.
Ona görə də Peyğəmbərimizin atdığı addımlar müsəlmanlar üçün bir örnək olduğuna görə onlar öz fəth və yürüşlərində də onun sünnətini yaşadır, fəth etdiyi ölkələrin xalqları ilə dinin və Sünnənin hüdudları çərçivəsində davranırdılar. Fəth olunmuş ərazilərdə gedən təbliğat metodu bunu təsdiq edir. O zaman hər hansı əraziyə valilər göndərməklə yanaşı, güclü mühəddis və alimlər də göndərilirdi. Məsələn, Salmani Mühəmmədi Mədain ərazisinə vali təyin olunan zaman Abdullah ibn Məsud da oraya İslamı təbliğ etmək niyyətilə fiqh və hədis müəllimi kimi göndərilmişdi.
Həzrət Əli (ə) da ölkələrə valilər təyin etdiyi zaman onların əhalisi ilə yaxşı şəkildə davranmağı tapşırar, qeyri-müsəlman əhalisi ilə də ədalətlə rəftar etməyi tövsiyə edərdi. Bunu Həzrətin Malik Əştəri Misirə vali təyin etdiyi zaman yazdığı əhdnamə sübut edir. O əhdnamədə Həzrət buyurur: "Ey Malik, həqiqətən, onlar iki dəstədirlər; ya səninlə din qardaşları, ya da xilqətdə səninlə bərabər olub sənin kimi insandırlar” .
Deməli, tarixdən gətirdiyimiz faktlar hadisələri biryönlü təhlil edən şərqşünasların fikirlərini alt-üst edərək, o dövrdə müsəlmanların işğalçılıq niyyətinin olmamasını təsdiq edir və İslamın zor gücünə qəbul etdirilməsi nəzərini tamamilə rədd edir.
Dadaş Əlibəyli





  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun