16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

QƏLBLƏRDƏ ABİDƏLƏŞMİŞ LİDER

 
Abidəyə çevrilmiş şəxsiyyətlər cismən torpaq altına gömülsələr də, ruhən heç bir zaman ölmürlər. Belə şəxsiyyətlər gələcəkdə onların açdığı yolla addımlamaq istəyən insanların yoluna işıq tutmaq üçün yaşayırlar, çünki belə şəxslərin həyat və mübarizəsindən, onların çətinliklərə sinə gərməsindən, müxtəlif problemlərlə əhatə olunduqları zaman sarsılmadan onu dəf etməsindən öyrəniləcək çox şey vardır. Aliya İzzətbeqoviç də məhz belə şəxsiyyətlərdən biridir. Onun həyatı ömrünü xalqının xoşbəxtliyinə həsr etmək istəyən hər bir insan üçün örnək ola biləcək mahiyyətdədir.


"Mən Sarayevoluyam”
Mərhum lider 1925-ci ilin 8 avqustunda Bosniyada, Samançda dünyaya göz açıb. Onun babası Türkiyədə hərbi xidmətdə olduğu zaman Siddiqə adlı bir qızı sevir və daha sonra onunla ailə quraraq Samança köçür. Bu nikahdan onların 5 övladı dünyaya gəlir. Aliyanın atası Mustafa və Aliya Samançda dünyaya gəlib. Aliya 2 yaşında olarkən onların ailəsi Sarayevo şəhərinə köçür. Liderdən, "Haralısan?” – deyə soruşanda o: "Sarayevoluyam” – cavab verərdi. Onun dindar kimi şəxsiyyətinin formalaşmasında ailəsinin əvəzsiz rolu olmuşdur. 6 yaşında ikən artıq o, Quran kurslarına gedir və sübh namazlarını məsciddə qılırdı. İzzətbeqoviç öz xatirələrində həmin illərdə daha çox nənəsinin onun mənəvi həyatına təsir etdiyini vurğulayır: "Şəxsiyyətimin formalaşmasında ailəmin təsiri çox böyükdür. Nənəm çox dindar bir insan idi. Onu çox sevirdim və onun sevdiyi hər şeyə mən də böyük maraq göstərərdim”.
Aliyanın gəncliyi bütün dünyada kommunizm hərəkatının geniş vüsət aldığı dövrlərə təsadüf edir. O, kommunist ideoloqlarına aid olan bütün əsərləri mütaliə edir. Kantın "Saf ağlın tənqidi” əsəri isə onun düşüncələrinə əsaslı surətdə təsir göstərir və sonda o, Allahsız bir dünyanın var olmadığı qənaətinə gəlir. Bu düşüncənin işığında Aliya İslamdan başqa alternativin olmadığını özü üçün müəyyənləşdirir. Bu zaman onun 17 yaşı var idi. Görünür ki, onun İslama olan imanı təqlidi olmamış, təhqiq sayəsində qazanılmış iman olmuşdur. Bu isə Aliyanın gələcək həyatına ən çox təsir edən amillərdən biri, bəlkə də, ən əsası olmuşdur. Lakin o, həyatını yalnız öz imanını qurtarmaq üçün etdiyi cihada həsr etmədi. İmanı onu məcbur etdi ki, o, öz həyatını bütünlüklə İslam uğrunda mübarizəyə həsr etsin. İslamın necə bir din olduğunu isə Aliya İzzətbeqoviç Əli Mütəvəlliçin yazdığı "İslamın işığında” və Osman Nuri Haçiçin "Hz. Mühəmməd və Quran” adlı əsərlərindən öyrənmişdir. Belə ki, bu əsərlər onda islami düşüncənin formalaşmasına təsir göstərən ilk mənbələr olmuşdur. Kifayət qədər islami bilik ala bilməmələrini Bosniya müsəlmanlarının daima istibdad altında inildəmələri ilə əlaqələndirən Aliya onlarda islami məfkurənin dərinləşməsində Məvdudinin, Seyid Qütbün, Həsən əl-Bənnanın və Fəzlurrəhman kimi dəyərli İslam alimlərinin əvəzsiz rolunun olduğunu qeyd etmişdir. Bildiyimiz kimi, İzzətbeqoviçin adını qeyd etdiyi alimlər yalnız həqiqətləri bəyan etməmiş, həm də bu həqiqətləri öz həyatlarında yaşamışlar.


Aliya elm və mübarizə meydanında
Aliyanın həyatından bəhs edən yazılarda onun mübarizə meydanlarına neçə yaşında atılması barədə iki ziddiyyətli fikir mövcuddur. Belə ki, onun 16, yoxsa 17 yaşında islami hərəkatın sıralarında yer alması fikri barədə ixtilaf vardır. 1930-cu ildən Sarayevoda fəaliyyətdə olan "Gənc Müsəlmanlar” Təşkilatının (Miladi Müsliman) üzvü olur. Məhz elə bu təşkilat daxilindəki fəaliyyəti əsas gətirilərək o və digər 13 nəfər təşkilat üzvü Yuqoslaviya polisi tərəfindən həbs olunur. Onların həbsinə səbəb isə təşkilatın antikommunist bir qurum olması idi. Deyilənlərə görə, Aliyanın həbsdə olması onu ölümdən qurtarır, çünki həmin dönəmdə məhkəmə təşkilatın 4 üzvünün edam olunmasına hökm verir. Həmin şəxslərdən biri də Aliyanın həbsdə olduğu üçün müvəqqəti olaraq onun vəzifəsini icra edən Xalid Qaytaz olmuşdur. Bir neçə il həbsdə yatdıqdan sonra azadlığa çıxan İzzətbeqoviç yenidən "Gənc Müsəlmanlar”a qoşulur və yasaqlara baxmayaraq, yenə də toplumun islami şüurunun formalaşmasında fəaliyyət göstərir. Bu dövrlərdə həm fəlsəfi yazılar qələmə alır, həm də "ideal müsəlman kimdir?” – mövzusuna tez-tez müraciət edərək axtarışlarına cavab tapmağa çalışır. Aliya bütün ömrünü paylaşacağı Xalidə adlı bir qızla da məhz həyatının mübarizə illərində tanış olur. İtaliyadan Almaniyaya uçan təyyarələrin Bosniya səmalarına daxil olmasını bildirən həyəcan dolu sirenalara baxmayaraq, Aliya həmin illərdə Xalidə ilə görüşə bilmək üçün küçələrdə dolaşırdı. O illərini lider belə xatırlayır: "Savaşı və sirenaları sadəcə biz sevmişdik”. Həbsdən sonrakı illərdə Aliya ali təhsil almasına xüsusi diqqət ayırır və ilk öncə Kənd Təsərrüfatı fakültəsinə daxil olur. 3 il oxuduqdan sonra isə təhsil aldığı fakültəni bəyənmədiyi üçün həmin təhsil ocağından ayrılır və 1954-cü ildə Sarayevo Universitetinin Hüquq fakültəsinə daxil olur. Müstəqil vəkil kimi fəaliyyət göstərməklə yanaşı, Aliya həm də öz tədqiqatlarını davam etdirir. 1969-70-ci illərdə Aliyanın "İslam manifesti” əsəri işıq üzü gördü. Əsər müsəlman dünyasına xitab etmək istəyən müəllifin düşüncələrinin qələmə alınmış formasıdır. Müəllif bir ildən sonra özünün digər əsərini – "Şərq və Qərb arasında İslam”ı nəşr etdirir. Bu əsər də bəşəri problemlərə islami aspektdən yanaşma tərzinin məhsulu idi. Yuqoslaviyada hakimiyyətdə olan kommunist Tito rejimi Aliyanın fəaliyyətindən özlərini olduqca narahat hiss etdiklərinə görə 1983-cü ildə onun və bir neçə dostunun evinə polis müdaxiləsi həyata keçirdi. Polis onun ailəsinə narahat olmamasını bildirir və onları əmin edir ki, Aliya üç günə buraxılacaq. Ancaq iki il ərzində ailəsi ondan heç bir xəbər ala bilmir. 4 ay kamerada saxlanılan Aliyaya "dövlət çevrilişinə cəhd” maddəsi ilə ittiham irəli sürülür və ona 14 il həbs cəzası kəsilir. İzzətbeqoviçin cəzası əvvəlcə 14 ildən 11 ilə, daha sonra isə 9 ilə endirilir. Beynəlxalq ictimaiyyətin təzyiqi ilə 1989-cu ildə həbsdən azad edilir. Əvvəlki illərdə "səhv”ini etiraf etməklə bütünlüklə azad ediləcəyi xəbər verilsə də, o, bunu etməyəcəyini bildirmişdi. Həmin illərini Aliya belə xatırlayır: "Çox pis idi. 6 il ərzində heç bir dəfə də olsun divardan çölə baxa bilməmişdim. Ən pis olan isə bu idi ki, bizi öz toplumuzdan təcrid etmişdilər”. Aliya və onun dostları həbsdən çıxdığı zaman böyük bir izdihamın onları qarşılamaq üçün həbsxananın qarşısına yığıldığını gördülər, çünki Aliya həmin dövrdə artıq Bosniya xalqı tərəfindən bir lider kimi tanınmışdı. Onun Bosniyanın azadlığı uğrunda aparacağı gələcək mübarizəsində daima yanında olacaq zindan dostu Cəmaləddin Latiç bunları söyləmişdir: "Heç birimiz bilmirdik ki, qarşıdakı mərhələdə bizi nə gözləyir. Yəqin ki, qədər onu bu vəzifə üçün hazırlayırmış”.


Həbsdən sonra
90-cı illərin əvvəllərində Yuqoslaviyada siyasi böhran ən yüksək zirvəyə çatmışdı. Həbsdən çıxdıqdan sonra dostları ilə birlikdə Demokratik Hərəkat Partiyasını (Stranka Demokratçiya Aksiya – SDA) qurdular və ilk seçkilərdə Aliya prezident seçildi. Lakin 1992-ci ildən etibarən Yuqoslaviyadan ayrılmaq istəyən dövlətlərin bu istiqamətdə apardıqları müharibə daxili müharibəyə çevrilir. Aliya əlindən gələn hər bir şeyi etsə də, bu müharibənin qarşısını ala bilməmişdi. 1992-ci ildə onun serb ordusu tərəfindən əsir edilməsi Bosniya xalqını ayağa qaldırdı. Beynəlxalq təzyiq sayəsində azad edilsə də, artıq müharibə qaçılmaz idi. Müharibə meydanlarında da əsgərləri ilə yanaşı idi. Onun əsgərləri arasında görünməsi onlara böyük ruh yüksəkliyi verir və döyüşçülərin mübarizə əzmini qüvvətləndirirdi. Cəmaləddin Latiç bu günlərdən birini belə xatırlayır: "Aliya ilə cəbhələri dolaşırdıq. Bir əsgər: "Müharibədən sonra ədalət bərpa ediləcəkmi?” – deyə soruşduğu zaman Aliya ona belə cavab vermişdi: "Ədalət üçün savaşmasaq, onu əldə edə bilmərik”. Aliya eyni zamanda müharibə əxlaqının bütün etiketlərinə əməl edən bir lider idi. Əsgərlərinə hətta güclü olduqları dönəmdə belə haqq və ədalətdən uzaqlaşmamağı tövsiyə edirdi. Onun bu mövqeyini tənqid edənlərə isə cavabı bu şəkildə olurdu: "İslam mədəniyyətimiz bizə qadınlara, uşaqlara və silahsızlara əziyyət verməyimizi qadağan edir”. Müharibə cəbhədən diplomatik danışıqlar müstəvisinə 1995-ci ildə qədəm qoydu və sonda Dayton sülhü imzalandı. ABŞ adından danışıqlarda iştirak edən Holbrok onun barəsində "Bizi ən çox məcbur edən bir lider idi” – ifadəsini işlətmişdi. Saziş nəticəsində isə Bosniya-Herseqovina serblərinə sayca Bosniya müsəlmanlarından az olmalarına baxmayaraq, ölkənin 49 faizi, müsəlmanlara isə 51 faizi verilirdi. Aliya sülhün imzalanmasından qayıtdıqdan sonra bu sözləri işlətmişdi: "Uzun həyatım boyu çox iş gördüm. Ancaq həyatımın ən ağır işi sülh masasına əyləşmək olmuşdur”. Serblərlə olan müharibədə 250 min nəfər öldürülmüş, 1 mln. nəfər isə məcburi köçkünə çevrilmişdi. Aliya sülhün ədalətsiz şərtlər əsasında bağlanmağa yönəldiyini görsə də, xalqının ölüm, ya olum arasında qaldığını müşahidə etdiyi üçün sazişi imzalamağa məcbur olmuşdu. Əslində saziş ədalətsiz olsa da, Aliya belə bir qərara gəlməklə düzgün yol tutmuşdu, çünki onun üçün xalqının varlığı onun yoxluğundan üstün idi. Qərbin ədalətsizliyi bu müharibədə də özünü göstərmiş oldu. Fransız mütəfəkkiri Henri Levi bu barədə belə söyləmişdir: "Avropa Bosniyada öldü”. İzzətbeqoviç müstəqil Bosniyanın prezidenti kimi 8 il vəzifədə olmuşdur. O, ölənə kimi SDA-nın sədri olaraq qaldı. Təqaüdə çıxdıqdan sonra mütəvazi yaşamını hər zaman olduğu kimi, yenə də davam etdirərək təqaüdü ilə dolanırdı. 2003-cü ildə Allahın rəhmətinə qovuşan bu lider Haqqa qovuşmaq arzusunu bu şəkildə dilə gətirmişdi: "Müstəqil bir Bosniya dövləti quruldu. Çox yaşadım və yoruldum. İndi Sevgilimə qovuşmaq istəyirəm”.


İslami şəxsiyyət
Aliyanı öz amalları uğrunda dönməz və qətiyyətli edən məhz onun islami şəxsiyyəti idi. O, bu şəxsiyyətini mütaliə etdiyi əsərləri yaşamaqla formalaşdıra bilmişdi. İllər boyu apardığı mübarizə də onun əqidəsini və mənəvi həyatını İslam şüuru ilə yoğurmuşdu. Budapeştdə keçirilən konfransların birində içki qədəhini əlinə götürməməsi ilə əslində İslama olan bağlılığını da dünyaya bir daha bəyan etmiş oldu. Bu hərəkəti ilə o, İmam Əli (ə)-ın hədislərinin birində qeyd etdiyi: "Həqiqi rəhbər öz Allahından və Rəbbindən qorxandır” – fikrini əməli surətdə təzahür etdirdi. İzzətbeqoviçin riya olmasın deyə cümə namazını hansı məsciddə qılacağını sona qədər gizli saxladığı onu tanıyanlara məlum olan bir həqiqətdir. Belə ki, o, gedəcəkləri məscidin adını qohumları və oğlu ilə birlikdə maşına əyləşdikdən sonra onlara bildirərdi. Serblərlə müharibənin davam etdiyi günlərin birində Qazi Xosrov bəy məscidinə cümə namazı üçün gələn Aliyanı görən imam öz xütbəsini dayandırır. Namazda iştirak edən insanlar isə ondan qabaq sıraya keçməyi xahiş edirlər. Yaranmış vəziyyətdən narahat olan lider onlara bu cür müraciət etmişdir: "Bura Allahın evidir. Burada fəqirlik olmaz. Allah qatında ən üstün olanlar təqva sahibləridir. Kim harada boş yer tapsa, elə orada da əyləşməlidir. Mən burada oturacağam. Bilmirəm, bəlkə də, hamımız ayaq altında qalıb əziləcəyik, amma İslamı ayaqlar altında qoymayacağıq. Lütfən xütbəni tamamlayın”. Onun həyatının mənəvi tərəfi barəsində bildiklərimiz bilmədiklərimizin qarşısında çox azdır. Bizə yalnız bu məlumdur ki, həyatını İslam adlı mübarizəyə həsr etmək insandan çox böyük mənəvi qüvvə tələb edir və bu qüvvənin də Aliyada olduğu onun silahdaşlarına və xalqına məlum idi.


Aliyaya yaraşan bir gün
Evində yıxılaraq qabırğasını sındıran Aliyanın yorğun ürəyi ağrılara tab gətirə bilmədi və o, 19 oktyabr 2003-cü ildə dünyaya gözlərini əbədi olaraq yumdu. Onun ölümü ölkədə böyük həyəcana səbəb oldu və insanlar öz liderlərini axirət yurduna yola salmaq üçün hətta havanın yağışlı olmasına belə əhəmiyyət vermədilər. Uşaqlı-böyüklü hər kəs onun haqqında öz ürək sözlərini yazmaq üçün saatlarla növbəyə dayanmışdılar. Camilərdə, evlərdə mərhum liderin ruhuna günlərlə dualar, Quran-kərimdən surələr oxundu. Kilometrlərlə yol getdilər bosniyalılar öz rəhbərlərinin cismini torpağa tapşırmaq üçün. Təkbir sədaları həmin gün Bosniya səmalarını tir-tir titrətmişdi. Onu torpağa tapşırmaq üçün dünyanın dörd bir yanından Aliyanın dostları bir araya toplaşmışdı. 80 ölkədən gələn təmsilçilər Aliyaya "Sənə haqqımızı halal edirik” – deməklə ona olan sonuncu mənəvi borclarını da yerinə yetirmiş oldular. Bernard Levi Aliyanın qəbrinin kənarında dəfn gününün səhəri belə demişdi: "İtkimiz çox böyükdür. Kaş ki onu anlaya biləydik”. Onun dəfn günündəki möhtəşəmlikdən təsirlənən, Bosniyanı yaxından tanıyan yazar Akif Əmrə o günü belə qiymətləndirmişdi: "Aliyaya yaraşan bir gün idi”.


Onu belə xatırlayırlar
Fransız filosofu və şairi Bernard Levi: "O, İslamın Qərbli simasını təmsil edən örnək, müstəsna bir şəxs idi”.
Dr. Süleyman Gündüz: "Sadəcə Bosniyanın deyil, azadlıq uğrunda mübarizə aparan bütün toplumların ümidi idi. Onun qələbə çalması haqqın və ədalətin qələbə çalması idi. Osmanlı coğrafiyasında son yüz il içində yetişmiş ən önəmli simalardan biri idi”.
SDA lideri Adnan Terziç: "O, bizə bir lider deyil, sanki bir ata idi. O, azad və bütöv Bosniyanı xəyal edirdi və həyatını da bunun üçün vəqf etmişdi. Bu vəzifəni biz ondan təhvil aldıq, ancaq bu, bir həqiqətdir ki, biz onun qədər müvəffəq ola bilməyəcəyik”.
Leyla Aksamiya (qızı): "Onun səbri, biliyi və gələcəyi görmə istedadı çox az insanda vardır. O, bosniyalılara azadlıq arzusunu və müstəqillik istəyini aşılayan şəxs idi. Serblər və xorvatlar bütün dünyanın gözü qarşısında bizi yox etmək üçün kütləvi qırğınlara əl atmışdılar. Uşaqlarımızı öldürüb, qızlarımıza təcavüz edirdilər. Serblər də bosniyalıların kütləvi qırğınlar həyata keçirdiklərini söyləyirlər. Amma bizim də serblərin etdiklərini etməli olduğumuzu söyləyənlərə hər zaman o: "Quran buyurur ki, sizinlə savaşanlarla siz savaşın, yaşlı qadınlara, qızlara və uşaqlara əziyyət verməyin, onlara toxunmayın” – deyə cavab verərdi.
Bənzərsiz bir lider, şəfqətli bir ata idi bizim üçün. Bizə qarşı sərt idi və üzərimizdə böyük nüfuza sahib olsa da, lakin heç bir zaman azadlığımıza sərhəd qoymamışdı. Uşaq olduğumuz zamanlarda belə cəza vermək əvəzinə, razı salma yolunu seçmişdi. Xətalarımızın müqabilində səbirlə danışmış, razı salaraq tərbiyə etməyə çalışmışdı. Problemlərdən qaçmaq əvəzinə, hər zaman səbirlə onları həlletmə yolunu seçmişdi. Şəfqətli, həm də bizə etibar edən, sözü keçən bir ata idi. O, eyni zamanda bütün Bosniya xalqının atası idi”.
Prof. Dr. Cəmaləddin Latiç: "Aliya sadəcə Bosniya üçün deyil, həm də bütün İslam dünyası üçün bir zənginlik idi. İtkimiz, ağrımız çox böyükdür.
Aliya ilə tanışlığımız isə 1978-ci ilə təsadüf edir. Kommunizm dönəmində üzərimizdə çox böyük təzyiq hiss edirdik, lakin Aliya hər şeyə rəğmən islami mövzularda fəaliyyət göstərməyə və fikirlərini yaymağa cəhd edirdi. Birlikdə qatı şəriətçi adı ilə həbsxanaya salındıq. Aylarla təkadamlıq kameralarda saxlanmağımıza baxmayaraq, o, bizim mənəvi vəziyyətimizi yaxşılaşdırmağı bacarırdı. Hətta bir ara həyatda yaşayacağımıza dair ümidimizi belə itirmişdik, amma Aliya müdrik şəxsiyyəti ilə bizi aydınlatmağa davam edirdi. Foça həbsxanasında olduğumuz illərdə demək olar ki, gələcək azadlıq mübarizəmizin fikri təməllərini hazırlamışdıq. Çox ac qaldıq, əziyyət çəkdik, amma bezmədik. O, həm islami həyat tərzini, həm də müdrikliyi özündə cəm etmiş ideal bir insan idi bizim düşüncəmizdə. Aliyanı insanlara bu qədər sevdirən cəhətlərdən biri də onun səmimiliyi idi. İlk öncə Allaha qarşı səmimi idi, dolayısıyla da bizə qarşı. Çox çalışqan, çox hörmətcil və etdiyi hər şeyə son dərəcə böyük əhəmiyyət verən bir insan idi. İti zəkaya, analitik düşünmə qabiliyyətinə malik idi. O, heyrətamiz bir lider idi, ancaq yaxşı bir siyasətçi deyildi həqiqətdə. Özü tez-tez bunu mənə bildirərdi, çünki hər zaman səmimiyyətindən sui-istifadə edildiyinin şahidi olurdu. Kimsənin qəlbini qırmamaq üçün çox səy göstərərdi. Xalqı məzlum olmasına baxmayaraq, heç bir zaman zalım olmadı. Hətta müharibədə qalibiyyət əldə etdiyimiz dönəmdə belə mənə müharibəni dayandırmağımı əmr etmişdi. Üstünlük bizim tərəfimizdə idi, serblərə ağır məğlubiyyəti dadızdıra bilərdik, amma o bizə "Müsəlman zalım olmaz” – deyə mane olmuşdu. Aliya tək bir millət olmağımızı, müstəqilliyimizi bizim üçün təmin edən bir şəxsdir. Əgər bu gün azad Bosniya mövcuddursa, biz bunun üçün Aliyaya borcluyuq”.


Son
Hz. Peyğəmbər (s) hədislərinin birində belə buyurur: "Rəhbər öz xalqının xidmətçisidir” . Aliya İzzətbeqoviç də həyatını mübarizəyə həsr etdiyi bütün dövrlərdə öz xalqının xidmətçisi olmağa can atdı. O, buna nail olmağı bacardı. Aliya fəaliyyəti, hərəkəti və qabiliyyəti ilə insanların qəlbində öz abidəsini ucalda bildi. Digər abidələrdən onun abidəsinin fərqi isə bundan ibarətdir ki, heç bir yeni gələcək rejim onun abidəsini insanların qəlbindən söküb-atmaq gücünə malik olmayacaq. Abidələşmiş şəxsi abidəsi qoyulan şəxsdən də elə məhz bu cəhət fərqləndirir.


Orxan Abdullah





  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun