16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

LİVAN

Rəsmi adı: Livan Cümhuriyyəti
Paytaxtı: Beyrut (əhalisi 1.950.000)
Mərkəzi şəhərləri: Tərabulus, Səyda, Zəhlə, Sur, Nəbətiyyə.
Ərazisi: 10.452 kv.km
Əhalisi: 2.950.000 (1993-cü ildə hesablanan təqribi rəqəm). Ölkə daxilində qeyri-sabit vəziyyət hökm sürdüyü üçün 1970-ci ildən indiyədək əhalinin sayı qeydə alınmamışdır. Əhalinin 80%-i şəhərlərdə yaşayır. Orta yaş dövrü 67 ildir. Əhalinin artım göstəricisi 1.4% təşkil edir.
Etnik göstərici: Livan əhalisinin 83%-ni ərəblər təşkil edir. Həmin ərəblərin 63%-i müsəlman, 8%-i druzlar, digərləri isə maroni xristianlarıdır. Əhalinin 11%-i yunanlardır. Yunanların 59%-i pravoslav, 41%-i isə katolikdir. Ermənilər Livanda əhalinin 5%-ni təşkil edirlər. Bu bölgüdə bir faiz kürdlərə məxsusdur ki, onların da əksəriyyəti müsəlmandır.
Dil: Rəsmi dil ərəb və fransız dilləridir. Xalqın əksəriyyəti ərəbcə danışır.
Din: Dövlətin rəsmi dini yoxdur. Xalqın 59.5%-i müsəlmandır. Müsəlmanların 60%-i şiə, 40%-i isə sünnidir. Təxminən 7% civarında druz vardır ki, bunlar da müsəlman olaraq göstərilir. Lakin druzların etiqadi əsasları İslamın etiqad prinsipləri ilə qətiyyən uyğun gəlmir. Druzlar Allahın yeddi imama hülul edərək son olaraq əl-Hakim ibn Əmrillahın surətində göründüyünə inanırlar. Livan əhalisinin 20%-ni maroni xristianlar təşkil edir. Maronilər ərəb katoliklərdir. Lakin bəzi mövzularda digər katoliklərdən fərqlənirlər.
Coğrafi vəziyyət: Yaxın şərq ölkələrindən hesab edilən Livan şimaldan və şərqdən Suriya, cənubdan Fələstin (indi İsrail işğalı altında), qərbdən də Ağ dəniz ilə sərhəddir. Ən yüksək zirvəsi Livan dağıdır (3803 m). Əsas çayları Asi və Litanii çaylarıdır. Livan torpaqlarının əksəriyyət hissəsi dağlıq ərazidir. Torpaqların 30%-i kənd təsərrüfatı üçün yararlıdır.
İdarəçilik forması: Dövlət başçısı xristianlardan, baş nazir sünni müsəlmanlardan, parlament spikeri isə şiə müsəlmanlardan seçilir. Lakin siyasi sferada maroni xristianlar daha fəaldırlar. Daxili ixtilafların ən önəmli səbəblərindən biri də budur. Ölkədə yaşayan bütün xristianlar ölkə əhalisinin 50%-dən az bir qismini təşkil etdikləri halda, Livanda siyasi cəhətdən üstünlüyə malikdirlər. Hökumətdə də dini mənsubiyyəti olan bütün nümayəndələr rəsmi protokolda say nisbətinə görə təmsil edilirlər. 128 millət vəkilinin üzv olduğu parlamentdə xristianlarla müsəlmanlar yarı-yarıya təmsil olunur. Maraqlıdır ki, druzlar və nusəyrilər də müsəlmanlardan hesab edilir. Livan "İslam Konfransı Təşkilatı”, "Ərəb Dövlətləri Birliyi”, "İslam İnkişaf Bankı” kimi beynəlxalq təşkilatların üzvüdür.
Siyasi partiyalar: Əslində Livanda siyasi partiyalardan çox siyasi qruplaşmalar vardır. Bu ölkədə dini etnik ünsürlərin hamısının bir siyasi qurumu mövcuddur. Bəzi dini qurumların birdən artıq siyasi mərkəzi, hətta hərbi dəstələri də vardır. Bunlar arasında ən nüfuzluları "Falanjist”, "Əməl hərəkatı”, "İslami Əməl”, "Mütərəqqi Sosialist”, "Livan Cəbhəsi”, "Milli Cəbhə”, "Livan Kommunist Partiyası”, "Bəəs”, ermənilərə məxsus "Daşnak”, "Ərəb Demokratik Partiyası”dır.
Tarixi: Livan II xəlifə Həzrət Ömərin zamanında İslam ordusu tərəfindən fəth edildi və Suriya ərazisinə qatıldı. Livan da Suriya kimi raşidi xəlifələr zamanından sonra müvafiq olaraq Əməvilər, Abbasilər, Misir hökmdarları, Səlcuqilər, Əyyubilərin hakimiyyətində qaldı. Livan 1516-cı ildə Osmanlı imperiyasının hakimiyyətinə keçdi və Birinci Dünya Müharibəsinin sonunadək 400 il müddətində Osmanlının tabeçiliyində qaldı. 1918-ci ildə Livanı fransızlar işğal etdi. Fransa ölkədəki maronilərlə əməkdaşlıq edərək müsəlmanlara təzyiq etməyə başladı. Fransız işğalı 1943-cü ilin oktyabr ayına qədər davam etdi. 1944-cü il yanvarın 1-də Livanın müstəqilliyi rəsmən tanındı. Lakin fransızların ölkəyə təsir gücü kəsilmədi. Həmin tarixdən sonra da Fransa, Suriya ilə birgə Livandakı siyasi strukturların təşəkkülündə söz sahibi oldu. Müstəqillikdən sonra dövlətin başına Bəşarət əl-Xuri gətirildi. Onun hakimiyyəti 1952-ci ilin oktyabr ayının 18-dək davam etdi. Ondan sonra hakimiyətə Kamil Şəmun keçdi. Şəmun maroni xristianlarından idi. Onun yeritdiyi siyasət birbaşa druzlar və müsəlmanlara təzyiqlərin artmasına zəmin yaratdı. Livanın Misirlə birləşməsini istəyən ərəb milliyyətçilər də Şəmun siyasətinə qarşı çıxdılar. Nəticədə 1958-ci il mayın 8-də müxalifətdən bir qəzet müxbirinin öldürülməsi bu təzyiqin miqyasını daha da artırdı. Çox keçmədən yaranan gərginlik silahlı qarşıdurmalara səbəb oldu. Bu səbəbdən Şəmun ABŞ-dan yardım istədi və ABŞ 1958-ci il 15 iyunda Livana hərbi qüvvə göndərdi. Lakin gərginlik ara vermədi və ABŞ siyasi manevrlərlə məsələni həll etməyə üstünlük verdi. Bu ərəfədə Livanda hakimiyyət dəyişikliyi baş verdi. 1958-ci il 31 iyulda ordu komandiri Fuad Şihab ölkənin yeni rəhbəri təyin edildi. Dövlət başçısının müsəlman əsilli Rəşid Kəramiyə hökumətə rəhbərlik vəzifəsini həvalə etməsi xristian qruplaşmaların etirazına səbəb oldu və onlar ölkə daxilində ümumi fəaliyyətə keçdilər. Fuad Şihab hakimiyyətdə olduğu bir dövrdə ölkədə balans siyasətini yeritməyə çalışdı. Bununla belə xalqın əksəriyyətinin etimadını tam qazana bilmədi. Siyasi qarışıqlıq isə fasiləsiz olaraq davam etdi. 1964-cü ilin sentyabrında Şihabın idarəçilik müddətinin başa çatmasından sonra prezidentlik kürsüsünə Çarls Hilu əyləşdi. Onun zamanında sionist İsrail hökumətinin vandalizm siyasəti üzündən çoxlu sayda fələstinli Livana mühacirət etmək məcburiyyətində qaldı. Beləliklə, Livan Fələstin məsələsində neytral mövqedə qalmayan bir ölkə rolunu oynamağa başladı. Livanda məskunlaşan fələstinlilər təşkil olunaraq siyasi fəaliyyətə başladılar. Bu da, təbii ki, maroni falanjistləri narahat etməyə bilməzdi. Çarlz Hilunun prezidentlik müddəti 1969-cu ildə sona çatdı və onun yerini Süleyman Fərənciyə (maroni) tutdu. Fələstinlilərlə falanjistlər arasındakı gərginlik Fərənciyə zamanında da davam etdi və bu gərginlik 1975-ci ildə vətəndaş müharibəsi ilə nəticələndi. Bu müharibə 1976-cı ildə də davam etdi. Hadisələrə müdaxilə etmək üçün Suriyadan olan silahlı bir qruplaşma Livana soxuldu. Yeri gəlmişkən, Suriya hökumətinin əvvəlki hadisələrdə xristianların mövqeyini dəstəklədiyini qeyd etmək lazımdır. Müdaxilədən sonra əldə edilən razılaşmaya əsasən fələstinlilərin tərk-silah edilməsi, İsrailin işğalı altında olan Fələstin torpaqları sərhədindən fələstinli partizan dəstələrin 15 km geri çəkilmələrinin təmin edilməsi qərara alındı. Bundan başqa Livan ordusu və Suriyadan olan hərbi birləşmə Fələstin düşərgələrinə nəzarət edəcəkdilər. Bu anlaşmanın həm sionist İsrail dövlətini şimaldan fələstinli mücahidlərin həmlələrindən qorumaq, həm də fələstinlilərin Livan daxilində fəaliyyət imkanlarını məhdudlaşdırmaq məqsədi daşıdığı tam aydın idi. Lakin bu müqavilə gərginliyin azalmasına təsir göstərmədi. 1977-ci ilin əvvəlindən başlayaraq Livanın yerli müsəlmanları da ölkədəki proseslərə qatıldılar. Digər tərəfdən xristian hərbi birləşmələri bir qədər gücləndikdən sonra Suriyadan olan hərbi birləşmələrin geri çəkilməsini tələb etdilər və onlara müqavimət göstərməyə başladılar. Bütün bunlar Livanda xaosa səbəb oldu ki, bu da Livan torpaqlarının ayrı-ayrı qruplaşmalar arasında bölüşdürülməsinə zəmin yaratdı. Digər tərəfdən sionist İsrail aviasiyası Livana zərbələr endirdi. 1982-ci il iyunun 3-də Londonda olan səfirinin fələstinlilərin hərbi hücumları zamanı yaralandığına bəhanə gətirərək İsrail Livanın cənub regionlarını işğal etdi. Bu əməliyyatlarda falanjistlər də israillilərə kömək etdilər. Livanda hərbi qruplaşması olan Suriya isə bu işğala seyrçi qalmağa üstünlük verdi. Ərəb dünyasının fələstinlilərə kömək etməməsi, sionist gücləri fələstinli mücahidləri livanı tərk etməyə məcbur etdi. İsrail işğalının hələ davam etdiyi bir zamanda, 1982-ci il avqustun 23-də Livanda hakimiyyət dəyişikliyi baş verdi. Bəşir Cəmayil dövlətin yeni rəhbəri oldu. Sionistlərlə yaxın əməkdaşlıqda ittiham edilən Bəşir bir ay keçmədən 1982-ci il oktyabrın 14-də öldürüldü. İsrail bu ərəfədə Beyrutun qərb ərazilərini nəzarətə götürdü. İki gün sonra bütün dünyada məşhur olan Sabra-Şatilla soyqırımları həyata keçirildi. 16 oktyabrda fələstinlilərin yerləşdiyi adı çəkilən düşərgələr tam mühasirəyə alındı. Daha sonra falanjist hərbi dəstələri sionistlərin nəzarəti altında düşərgələrdə böyük bir soyqırım törətdilər. Livan hökumətinin verdiyi rəsmi məlumata əsasən bu soyqırımda 991 nəfər öldürüldü. Bəşir Cəmayilin öldürülməsindən bir həftə sonra, 1982-ci il oktyabrın 21-də qardaşı Emin Cəmayil hakimiyyətə gətirildi. O, ölkədə siyasi nüfuzunu təmin etməkdən ötrü, Amerika, Fransa və İtaliyadan Livana hərbi kontingent göndərmələrini xahiş etdi. Sionist İsrailin Livanı işğalına və bu ölkədə gerçəkləşdirdiyi soyqırıma göz yuman bu ölkələr Emil Cəmayilin xahişini qəbul etdilər. Amma dəyişən bir şey olmadı. Daxili qarşıdurmalar, gərginlik yenə davam etdi. Sionist qüvvələr 1985-ci ilin aprelindən etibarən Livanı tərk etməyə başladılar. Lakin qoşunları həmin ərazilərdən çıxararkən bölgədə xüsusi təhlükəsizlik zonası yaratdılar. Orada xristian hərbçilərdən ibarət cənubi Livan ordusu adında hərbi bölmə yaratdılar. Onun rəhbərliyini də Antuvan Lahud adlı maroni zabitə tapşırdılar. Bu ordu fələstinli mücahidlərin həmlələrinə qarşı İsrailin şimal sərhədlərini qoruyurdu. Emin Cəmayilin rəhbərlik müddəti 1988-ci ilin oktyabrında sona çatdı. Lakin ondan sonra Livan prezidentinin kim olması mövzusunda ABŞ və Suriyanın bir-birilə razılığa gələ bilməmələri ucbatından ölkə 1989-cu ilə rəhbərsiz daxil oldu. Ölkədə yaranmış siyasi boşluqdan istifadə edən müdafiə naziri Mişel Avn hərbi qüvvəsinin köməyilə özünü baş komandan elan etmək istədi. Lakin onun niyyəti baş tutmadı. Beləliklə, livanlı millət vəkilləri 1989-cu ilin 5 noyabrında bir toplantı keçirərək Röne Muavvadı özlərinə rəhbər seçdilər. Ancaq Muavvad 17 gündən sonra öldürüldü. Yalnız İlyas əl-Nuravinin hakimiyyətə gəlişindən sonra ölkədə nisbətən sabitlik meydana gəldi. Hazırda Livan prezidenti Mişel Süleymandır. Qeyd etmək lazımdır ki, Livan siyasi baxımdan suveren bir dövlət kimi nəzərə çarpsa da, əslində mütləq müstəqilliyə malik deyil. Həmişə olduğu kimi bu gün də İsrailin təhdidi altındadır.
Mahir Cəbiyev




  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun