16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

MAYK TAYSON

Mayk Taysonun əsl adı Mişel Cerard Taysondur. O, Afrika mənşəli bir amerikalıdır. Amerikanın Nyu-York şəhərində dünyaya gəlib. Onun boyu 1,78 sm, çəkisi 98-100 kq-dır. Ağır çəkidə boks çempionu olduğu zaman 20 yaşında idi. Gənc yaşlarında çatdığı bu müvəffəqiyyət ona maddi cəhətdən lazım olan hər bir şeyi vermişdi. Ancaq mənən dinclik yox idi. Həqiqi Allah əqidəsindən uzaq olan hər insan kimi, o da axtardığı xoşbəxtliyi heç cür tapa bilmir, böhrandan böhrana sürüklənirdi.
Amerikada məşhur olan şiddət və təcavüz modası bir gün onu da məngənəsinə aldı. Təcavüz etdiyi manekenin şikayəti üzərinə 6 il həbsə məhkum oldu. Lakin, şərdən xeyir çıxdı. Üz qızardan bir cinayətə görə girdiyi həbsxana Mayk Taysonun qurtuluşuna açılan bir qapı oldu.
Danılmaz faktdır ki, Amerika həbsxanalarında da özünü İslamın təbliğinə həsr etmiş müsəlmanlar vardı. Və onlar müəyyən qədər şəfqətli yanaşmalarını Mayk Taysonun üzərində də tətbiq etdilər. Onun günahını nəzərə alaraq özlərindən xaric etmədilər. Tam tərsinə olaraq ona dostcasına yaxınlaşdılar. İslamın gözəlliklərini həm sözləri, həm də öz hərəkətləri ilə izah etməyə çalışdılar.
Artıq bir ay keçməsinə baxmayaraq, Mayk Tayson heç bir yerdə görmədiyi səmimi bir dostluğu bağlanıldığı bu zindanda tapmış və bundan çox təsirlənmişdi. Günlər keçdikcə inkişaf edən bir gözəl dostluq onun halında da əks olunurdu. Sonunda o, bu nəcib insanların tərəfinə keçməkdə tərəddüd etmədi və kəlmeyi-şəhadəti deyərək müsəlman oldu.
Həbsxana Mayk üçün "mədrəsə-i Yusufiye”yə çevrilmişdi. İslam əxlaqı onu gözəlliklərlə bəzəmişdi. Məhz buna görə də özünü təcridxanada nümunəvi davranışına, əxlaqi normalara riayət etdiyinə və həbsxana prinsiplərini aşmadığına görə cəzası üç il azaldılmışdı.
Həbsxana həyatından sonra Tayson sanki başqalaşmışdı. Onun uşaqlıq illərinə nəzər salsaq deyə bilərik ki, Tayson uşaqlıq və yeniyetmə dövrlərində yüngül həyat tərzi yaşamışdır. İnsanlarla yaranan hər hansı bir münaqişəni zor gücünə və yumruq vasitəsi ilə həll etməkdə mahir idi. Onun ilk boks müəllimi Qass idi. Qass Taysonun çılğınlığını və aqressivliyini müşahidə etdikdən sonra onun güclü boksçu olduğunu anlayıb ona boksun sirlərini və incəliklərini öyrətməyə başladı. Keçmiş illərinin gərginliyi azmış kimi rinqdə aldığı ağır zərbələr də onun psixoloji durumunu sarsıdırdı. Məhz buna görə də ona mənəviyyatına həlimlik gətirən hər hansı bir şeyə ehtiyacı var idi. Həbsxanada olduqda anladı ki, ruhla cismin balanslaşdırılması məhz İslamdadır. Artıq həbsxanadan çıxdıqdan sonra bir müsəlman olaraq özünə yeni ad – Malik Əbdüləziz adını götürdü.
Azadlığa çıxandan sonra onunla olan ilk müsahibəsi Amerikada böyük bir əks-səda doğurdu. Buna səbəb isə Malik Əbdüləzizin sözləri oldu: "Yumruqlarımı artıq İslam üçün işlədəcəyəm. Rinqə hazıram, çünki özümü indidən boksa – bu döyüş idmanına hazır hiss edirəm. Həbs həyatım İslam sayəsində çox nizamlı olduğu üçün bol-bol məşq etdim. Mən artıq Malikəm. Mişel deyiləm, anladınızmı? Mişel həbsdə öldü, Malik isə İslamda dirildi. Mən müsəlman olduqdan sonra həbsxanada həyatım tamamilə dəyişdi. Səhər namazı üçün hər gün saat 4-də yataqdan qalxırdım, bir saat məşq etdikdən sonra kitab oxuyurdum. Mən özümə Malkom X-i nümunə götürmüşəm, onun həyatı və əsərləri üzərində tədqiqat aparacağam və heç vaxt İslamın yolundan ayrılmayacağam”.
Bu ifadələr cəmiyyətdə bomba kimi partladı. Artıq əksər əcnəbilər İslamla daha dərindən maraqlanmağa başladılar. Maliklə rastlaşan hər bir kəs ona bu sualı verirdi: "Sən necə oldu ki, məhz İslamı seçdin?”
O isə yorulmadan hər bir kəsə onu İslama aparan yolu belə açıqlayırdı: "Həbsdə ikən çox böyük bir çətinlik içində idim ... Özümü bağlanmış kimi hiss edirdim. Nəfsimlə baş-başa qaldığım uzun zamanlar boyu suallarıma cavab tapmağa çalışdım. Ancaq nə qədər düşünsəm də, bir çıxış yolu tapa bilmir və özümü müdhiş bir boşluqda hiss edirdim”.
"Milyonlarla dollarlıq bir sərvətim olmasına baxmayaraq, xoşbəxt deyildim. Belə bir böhran içində olarkən həbsxanadakı müsəlman məhkumlardan İslam haqqında məlumatlar əldə etməyə başladım. Bu məlumatlardan çox təsirləndim. Ömrümdə ilk dəfə eşitdiyim möcüzə, məlumatlar arasında mənə ən çox təsir edən amil Allahın insana şah damarından daha yaxın olması həqiqəti idi”.
"İndi ilk işim Hicaza gedərək hacı olmaq və sonra da rinqə çıxaraq yenidən dünyada ağır çəki üzrə boks çempionu olmaq ... Allah nəsib etsə. Ömrümü İslama xidmət üçün həsr etmək istəyirəm”.
Malik Əbdüləziz Amerika həbsxanalarında müsəlman olan nə ilk, nə də son adamdır ... Hər il bir çox amerikalı məhkum İslamla şərəflənməkdədir və nizamlı həyatı tapmaqdadır. Həbsxana idarəçiləri də bu inkişafları məmnuniyyətlə qarşılayırlar, çünki islah olunmayan məhkumlar müsəlman olduqdan sonra cəmiyyətdə heç bir təhlükə yaratmırlar... Bu baxımdan onların ibadətlərinə əngəl törətmirlər, əksinə onların təhsil almaqları üçün və ibadət etməkləri üçün din adamları təyin edilir və məscidlər açılır.
Həbsdən sonra qısa bir müddət ərzində Malik Əbdüləziz müvəffəqiyyətlərini hər kəsi çaşdıran bir şəkildə təkrarlamış və yenidən dünyada ağır çəkili boks çempionu olmuşdur. Qalib gəldiyi yarışlardan sonra isə dərhal şükür səcdəsinə gedər və dua etməyi üstün tutardı. Onun bu hərəkərləri xüsusilə müsəlman idmançılara nümunə olmuşdur.
O, hal-hazırda 7 uşaq atasıdır. 2009-cu ildə onun 4 yaşlı qızı vəfat etmişdir.
Övlad itkisi atanı sarsıtmağına baxmayaraq, o, bu hadisə ilə bağlı belə demişdir: "Allah verdi, Allah da aldı. Nə etmək olar? Mən əminəm ki, biz axirətdə onunla görüşəcəyik...”
Nadir Məmmədov





  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun