15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

MÜHƏMMƏDCAVAD MUĞNİYƏ (I HISSƏ)

YENİLİKÇİ FƏQİH
(MODERNİST FƏQİH)
BİRİNCİ FƏSİL
UŞAQLIQ İLLƏRİ
MUĞNİYƏ AİLƏSİ
Muğniyə ailəsi (Ali-Muğniyə) Beyrutda çox məşhurdur. Bu elm, fəzilət və ədəb evindən əzəmət və şərafətlə tanınan çox böyük şəxsiyyətlər çıxıblar. "Muğniyə” sözü "Məğniyə” şəklində də oxunur. Onun "Məğniyə” kimi adlanmasının səbəbi budur ki, bu ailənin ulu babası hicrətin altıncı əsrində Əlcəzairin Məğniyə şəhərindən Cəbəli-Amilə getmişdir. Buna görə də "Muğniyə” sözü "Məğniyə” kimi də oxunur. Bəlkə də, bu, yerli səbəblərə görə belə dəyişdirilmişdir .
Onlardan biri Əllamə Şeyx Əbdülkərim ibn Şeyx Mahmud ibn Şeyx Mühəmməd ibn Şeyx Mehdi Amilidir. O, böyük fəzilət sahibi, hörmət və ehtirama layiq şəxs idi. Onun ulu babası mərhum Şeyx Mehdi öz əsrinin alimlərindən və Cəbəli-Amilin sakini Şeyx Əbdünnəbi Kaziminin müasirlərindən olmuşdur. Oğlu Şeyx Mühəmməd də böyük alimlərdən və onun oğlu Şeyx Mahmud isə o məntəqənin tanınmış elm adamlarından hesab olunurdu .


ATA
Mühəmmədcavad Muğniyənin atası Şeyx Mahmud Muğniyə Livanın böyük şəxsiyyətlərindən idi. O, hicri qəməri tarixi ilə 1289-cu ildə Nəcəf şəhərində doğulmuş, atası ilə Cəbəli-Amilə getmiş və orada böyümüşdür. Müqəddimə elmləri, fiqh və üsuli-fiqh elmlərini oxumuş, sonra Nəcəfi-Əşrəfə qayıtmışdır. O, dövrünün Ağayi Naini, İsfahani və Ziyəddin İraqi kimi alimlərindən bəhrələnmişdir. Sonra Livana qayıtmış və Mərə adlı bir kənddə yaşayaraq kitab yazmaqla məşğul olmuş və camaatı haqq yola dəvət edib vicdani vəzifəsini yerinə yetirmişdir. O, heç də uzun ömür sürməmiş, 44 yaşında həyatını başa vurmuşdur. Onun qələmə aldığı əsərləri aşağıdakılardan ibarətdir:
1. Ədalət barəsində kitabça;
2. İrs barəsində kitabça;
3. Təharət məsələləri barəsində kitabça;
4. "Üsuli-Fiqh” kitabı (2 cilddə);
Onun iki övladı olmuşdur: Ədib alim Şeyx Əhməd Muğniyə və Şeyx Mühəmmədcavad Muğniyə .
Şeyx Mahmud Nəcəfi-Əşrəfdə dini və islami şeirlərin tərtibi ilə məşğul olurdu. "Təkmilətu Əməlil-Amil” kitabında yazılıb: "Şeyx Mahmud Muğniyə elmi mövzular və real həqiqətlərdə dərin düşünən və araşdırmalar aparan bir şəxs idi. Ərəblərin içərisində və müasirləri arasında mövzuları dərk etməkdə onun səviyyəsinə çatan az şəxs tapılardı” .


DOĞUM
Mühəmmədcavad Muğniyə 1904-cü ildə (h. q. 1324) Livanın Sur qubernatorluğuna tabe olan Təyrdəba kəndində anadan olmuşdur. Atası onun adını Mühəmmədcavad qoydu . Psixologiya sahəsində çalışan mütəxəssislər sübut etmişlər ki, dini və siyasi alimlərin bir çoxu və tarixin böyük və dahi alimləri həyatda çox bədbəxtliklərə və çətinliklərə dözmüşdür. Mühəmmədcavad da o şəxslərdən hesab olunur. Hələ dörd yaşı tamam olmamışdı ki, Fatimeyi-Zəhranın nəslindən olan mehriban anası dünyasını dəyişdi. Ümid və pənahı yalnız atası idi. Çox təəssüf ki, on iki yaşında atasını da itirdi .


PROBLEMLƏRİN KÖLGƏSİNDƏ
Mühəmmədcavadın atası həyat yoldaşının vəfatından sonra Nəcəfə mühacirət etdi. Dördyaşlı Mühəmmədcavad da atası ilə bərabər Nəcəfə getdi və orada yazı, hesab və fars dilini öyrəndi. Lakin sonralar istifadə etmədiyinə görə fars dilini unutmuşdu. Mühəmmədcavadın atası dörd il Nəcəfdə qaldıqdan sonra Abbasiyə məntəqəsinin camaatının dəvəti ilə Livana qayıtdı .
Mühəmmədcavadın atası o diyarın tanınmış alimlərindən sayılmasına baxmayaraq, iqtisadi baxımdan vəziyyəti yaxşı deyildi. O, özü üçün bir ev tikməyə başladı və Abbasiyə camaatının köməyi ilə onu tavanın bünövrəsinə qədər tamamladı. Lakin vəsait olmadığı üçün evin tikintisini sona çatdıra bilmədi. Məcbur olub İsmayıl Saiğ adında bir zərgərdən bir miqdar borc pul aldı və bu pula qarşılıq olaraq evini girov qoydu. Bununla evinin tikintisini sona çatdıra bildi. O evdə yaşamağından heç bir il keçməmişdi ki, borc götürdüyü pulu hissə-hissə ödəməmiş hicri-qəməri tarixi ilə 1334-cü ildə vəfat etdi. Pul sahibi borcunun yerinə evi mənimsədi. Atanın irsi də böyük qardaş və əmiləri arasında bölündü. Mühəmmədcavad böyük qardaşının zəmanəti altına keçdi. Əhməd adlı kiçik qardaşını da özü ilə götürüb qardaşının Təyrdəbadakı mənzilinə getdilər .
Bəli, yaşayış yerini dəyişdirmək, valideynlərin həyatı və atasının ölümündən sonrakı hadisələr ona əziyyət verirdi.
Mühəmmədcavadın dünya malından atasının evindən çıxardığı bir dəst yatağı var idi. Lakin qardaşının mənzilinə köçərkən o yatağın döşəyi yox oldu. Qardaşı Nəcəfi-Əşrəfə mühacirət etdikdən sonra onun həyat yoldaşı Mühəmmədcavadın atasının mənzilinə gələndə qalmış o yorğanı da əlindən çıxardı .
Mühəmmədcavad üzləşdiyi ruhi və psixoloji gərginliklər içində həyatı yaşamaq məcburiyyətində qaldı. O, bir tikə çörək qazanmaq üçün iş yeri axtarmalı oldu. Buna görə də halva satmağa başladı.
Günlərlə yeməyi yalnız noxud və fındıq olardı. Bəzən elə olardı ki, günlərlə (üç gün belə), yeməyə heç bir şey tapmazdı .
"Günəşin qızıl şüaları asimanın qəlbindən pərvaz edib gecə zülməti Livan torpağına həmlə etdikdə tünd sürməyi rəngli səma Mühəmmədcavadın yorğanı, qışın şaxtalı soyuğu isə onun səmimi baxıcısı və yer isə onun yatacağı xalı olurdu”.
Bu səmimi baxıcı, o gözəl yorğan və qiymətli xalı neçə səhər Mühəmmədcavada dayəlik etdi və sonradan onun üçün 28 il onunla səmimi dostluq edən revmatizm xəstəliyini yadigar qoydu .

İKİNCİ FƏSİL
TƏHSİLİ

NƏCƏFİ-ƏŞRƏFƏ SƏFƏR
Bu qədər çətinliklərlə üz-üzə qalmasına baxmayaraq Mühəmmədcavad dəmir iradəsini əlindən vermədi və təhsilinin ibtidai mərhələsini Livanda başladı. "Əcrumiyyə” kitabını və bir qədər də "Qətrun-Nida” kitabını oxudu . O hətta Nəcəfi-Əşrəfə gedib ailəvi elm mədənindən bəhrələnmək istəyirdi.
Lakin bir çox problemlər var idi. Birinci problem o idi ki, Mühəmmədcavad səfər üçün lazım olan pulu əldə edə bilmirdi. İkinci problem də o idi ki, atasına məxsus vaxtında verilməmiş vergilərini ödəmək tələb olunduğuna görə, onun rəsmi səfərə çıxmasına icazə verilmirdi.
Lakin Mühəmmədcavad qüvvətli iradə və Əhli-Beytə təvəssül etməklə problemlərə sinə gərdi. O, rəsmi sənəd olmadan belə onu İrak ərazisinə keçirməyə razılıq verən bir sürücü ilə əlaqə yaratdı.
Bu xeyirxah sürücü Livanda yaşayan İskəndəriyyə ermənilərindən idi. Uzun illər keçəndən sonra Muğniyə öz həyat xatirələrini qələmə alarkən onun barəsində belə yazdı: "O vaxtdan təxminən 33 il keçir. Mən indi də ona təşəkkür edirəm və onu heç vaxt yadımdan çıxarmayacağam, çünki hiss edirəm ki, o, öz insanlıq qardaşını sevən ilk insan idi” .
Mühəmmədcavad İraka daxil olub o müqəddəs torpaqda dəfn olunmuş məsumları ziyarət etdikdən sonra Nəcəfi-Əşrəfə yola düşdü. O, dini maariflə dolu olan o elmi hövzədə sərf (morfologiya), nəhv (sintaksis), məntiq və digər elmləri öyrənməyə başladı. O, "Qətrun-Nida” kitabını qardaşının yanında tamamladı. "Əcrumiyyə” kitabını ikinci dəfə Seyid Mühəmmədsəid Fəzlullahın yanında oxudu. Elmi hövzədə Nəcəfdə yaşayan Cəbəli-Amil alimlərindən çox bəhrələndi. Müqəddimə elmlərin təhsilini sona çatdırdıqdan sonra Mühəmmədhüseyn Kərbəlayi, Seyid Hüseyn Həmmami, Əbülqasım Xoyi kimi böyük ayətullahların dərsindən çox istifadələr etdi .


QARDAŞININ ÖLÜMÜ
Mühəmmədcavad Nəcəfi-Əşrəfdə təhsilini 11 il davam etdirdi. Və o zamanda bütün tələbələrin üzləşdiyi bir çox çətinliklərə və problemlərə dözdü. Günlərin bir günü Mərəkə kəndində təbliğ vəzifəsi ilə məşğul olan böyük qardaşının ölüm xəbərini eşitdi. Buna görə vətənə qayıtmaq məqsədi ilə Nəcəfi tərk etməyə məcbur oldu.
Qardaşının cənazəsi dəfn olunduqdan sonra oranın əhalisi Şeyx Mühəmmədcavaddan xahiş etdi ki, qardaşının yerinə orada pişnamazlıq vəzifəsini icra etsin. Mühəmmədcavad də onlara yox deyə bilmədi və camaat namazına pişnamazlıq etməklə yanaşı Quranı və ümumi islami bilikləri tədris etməyə başladı.
Lakin tələbələrlə dolu olan siniflərdə tədris işi çox keçmədən dayandırılmaq məcburiyyətində qaldı, çünki sinif otağının kirayə xərclərini ödəməyə razılıq vermiş şəxslər vəfasızlıq edib bu işdən imtina etdilər.
Yaşadığı mühit və şərait Mühəmmədcavad üçün çətinliklər yaradırdı, çünki kitabı və kitabxanası yox idi və bütün bunlar illərlə araşdırma aparmış Mühəmmədcavad üçün çox ağır idi. Onun özünün də kifayət qədər kitab almağa gücü yox idi. Bəzən bir kitab almaq üçün yeməyinə və içməyinə qənaət etməyə məcbur olurdu. Əlbəttə ki, oranın əhalisi elm və biliyə qiymət verməyi bacarmırdı.

CAMAATIN MAARİFSİZLİYİ VƏ MƏDƏNİYYƏTSİZLİYİ
Çox təəssüflər olsun ki, Mühəmmədcavadın həmvətənlərinin şüur səviyyəsi çox aşağı idi və bu Rəbbani alimin qədir-qiymətini bilmirdilər.
Bir gün Mühəmmədcavad fikirli halda oturub və təhsil aldığı illəri yada salaraq qarşısında olan köhnə, vərəqləri saralmış qəzetlərə baxırdı.
Ətrafda olanlardan Mühəmmədcavadı bu halda görən bir şəxs öz dostuna dedi:
– Şeyx nə üçün bu qəzetlərin hamısını oxuyur?
Dostu ustad onu eşidəcəyi bir səslə belə dedi:
– Minbərə çıxmağı öyrənmək üçün.
Onun narahatlığı yalnız camaatın savadsızlığına və nadanlığına görə deyildi. Bir çox şiə ruhaniləri kimi xərcinin də millət tərəfindən verilməsi onu narahat edən amillərdən idi, çünki ustad iqtisadi çətinliklə üz-üzə idi və heç kəs ona diqqət göstərmirdi. Bu narahatlıq o dərəcədə çoxaldı ki, camaat ona yolçular sayağı bir qədər pul və quru meyvə yığıb vermək qərarına gəldilər.
Hətta bir nəfər çiyninə bir kisə, əlinə də bir torba alıb yola düşdü və Şeyx Mühəmmədcavad Muğniyə üçün kənd sakinlərindən bir qədər un, qarğıdalı və s. yığıb sevincək halda Muğniyənin mənzilinə apardı. Lakin hadisəni anlayan ustad onlardan üzr istəyib hədiyyələrini rədd etdi. Ustad bu çirkin işdən hədsiz narahat olub yaşadığı yeri dəyişmək qərarına gəldi .
Elə bu səbəbdən Mərəkədə iki il yarım yaşadıqdan sonra hicri qəməri tarixi ilə 1358-ci ildə Tirhərfa kəndinə hicrət etdi.
Ustad orada əkinçiliklə məşğul olmağa başlayır və öz iqtisadi vəziyyətini bir qədər sahmana salır. Əkin işləri ilə yanaşı o, təhqiqat aparmağı və mütaliə etməyi də unutmur. Məhz bunun üçün Tirhərfanın cənubunda yerləşən "Vadis-Sərvə” adlanan bir məntəqəyə gedir. Bu yer daşlıq yoldan keçən bir meşəlik idi. Yüz metr yüksəkliyində yaşıl ağaclarla əhatələnən bir təpədə quşların füsünkar avazından başqa səs eşidilmirdi. Muğniyə oranın mütaliə etmək və təhqiqat işləri aparmaq üçün gözəl məkan olduğunu bildiyindən, özü üçün orada mütaliə otağı düzəltdi. Qələm, kağız, kitab və çaydan onun yeganə yol yoldaşı idi.
Muğniyə ömrünün bu dövründə Nitsşe, Şopenhaur, Uells Orson, Tolstoy, Akkad, Taha Hüseyn və Tofiqul-Həkimin kitablarını mütaliə etdi. O, müəyyən ədəbiyyatları mütaliə etməkdən əlavə yazı yazmaqla da məşğul olmağa başlayır. Burada yaşayarkən yazdığı əsərlərdən bəziləri bunlardan ibarətdir:
– "Kəmmiyyət və Dibil” ("Kəmiyyət və Qurbağa Yumurtası”).
– "əl-Vadul-Hadır fi Cəbəli-Amil və Tadhiyə” ("Cəbəli-Amildə hazırkı vəziyyət və səhər işığı”)
Mühəmmədcavad Muğniyə ömrünün təqribən 10 ilini bu məkanda keçirir və hicri qəməri tarixi ilə 1367-ci ildə Beyruta gedir .

USTADLARI
1. Qardaşı Şeyx Əbdülkərim Muğniyə;O, hicri-qəməri tarixi ilə 1311-ci ildə anadan olmuşdur. İctihada qədər olan dərslərini əsrinin ən böyük alimlərinin yanında öyrənmiş, hicri-qəməri tarixi ilə 1354-cü ildə (miladi 1935-ci ildə) həyata əlvida demişdir. Onun qələmindən çıxan əsərlərdən "Kitabul-Qəza vəl-İrs” kitabına işarə etmək olar .
2. Seyid Mühəmmədsəid Fəzlullah;Hicri qəməri tarixi ilə 1316-cı ildə dünyaya gəlmişdir. O, "Rəsail” kitabını böyük şəxsiyyət olan Mirzə Fəttah Şəhidi Təbrizinin yanında oxuduğu üçün onun şagirdlərindən hesab olunur. Eyni zamanda o, uzun illər Ayətullah Mirzə Mühəmmədhüseyn Naini və Ağa Ziyəddin Əraqinin dərsində iştirak etmişdi. Onun Mühəmmədcavada qarşı çox böyük diqqəti vardı. Ona dərs dediyi zaman Mühəmmədcavadın dərsi tam mənimsədiyinə əmin olmadıqda yeni dərsə başlamazdı. O, Mühəmmədcavadın hərtərəfli şəkildə dərsi qavradığına əmin olmaq istəyirdi.
3. Ayətullah Seyid Əbülqasım Xoyi;Muğniyə bu böyük şəxsiyyətin yanında "Kifayətul-Üsul”un ikinci cildini və "Məkasib”in bir hissəsini oxumuşdu.
4. Şeyx Mühəmmədhüseyn Kərbəlayi;Mühəmmədcavad "Kifayətul-Üsul” kitabının mətn və mənalarını daha yaxşı anlamaq üçün onun ikinci cildini bir dəfə də o böyük şəxsiyyətin yanında oxumuşdur.
5. Seyid Hüseyn Həmmami adı ilə məhşur olan Seyid Hüseyn ibn Əli ibn Haşim Həmmami;O, hicri-qəməri tarixi ilə 1298-ci ildə Nəcəfi-Əşrəfdə doğulmuşdur. Onun Seyid Haşim adlı babası hamam işləri ilə məşğul olduğundan bu ləqəb onun bütün övladlarına verilmişdi. O, mərhum Axund Xorasani, Seyid Mühəmmədkazım Yəzdi və Şeyxuş-Şəriə İsfahaninin şagirdlərindən olmuş, fiqh və üsulda elmin yüksək dərəcəsinə qədər ucalmışdı. Hətta Seyid Əbülhəsən İsfahaninin vəfatından sonra onun müqəllidlərinin böyük bir qismi Seyid Hüseyn Həmmamiyə müraciət etmişlər.
Seyid Hüseyn Həmmami fəlsəfə və kəlam kimi digər dərsləri mərhum Mirzə Əhməd Tehrani, Şeyx Əli Nuri və Seyid Əli Əsğər Hezarcəribidən öyrənmişdi. Onun bir çox əsərləri mövcuddur. Lakin burada bəzilərinə işarə ediləcəkdir:
1. "Zəxirətus-Salehin” kitabına qeyd.
2. "Hidayətul-Mustərşidin”.
3. "Vəsilətun-Nicat” kitabına haşiyə.
4. Axund Xorasaninin dərslərindən olan "Təqriratun fil-Üsul”.
5. Seyid Kazım Yəzdi və Əbülhəsən İsfahaninin dərslərindən olan "Təqriratun fil-Fiqh”.
6. Onun fəlsəfə və hikmət ustadlarının dərslərindən olan "Təqriratun fil-Hikməti vəl-Kəlam”.
Ayətullah Həmmami bir ömür dinə xidmət etdikdən və təhsil, tədris işləri apardıqdan sonra hicri-qəməri tarixi ilə 1379-cu ilin (miladi təqvimi ilə 1959-cu ilin) cümadəlüla ayında Nəcəfi-Əşrəfdə vəfat etdi və elə oradaca dəfn edildi .

ÜÇÜNCÜ FƏSİL
İCTİMAİ FƏALİYYƏTLƏRİ
ƏDLİYYƏ HAKİMİ
Şeyx Mühəmmədcavad Muğniyə Tirhərfa məntəqəsindən Beyruta səfər etdiyi zaman ona Beyrutun şiə məhkəməsində hakimlik vəzifəsi təklif olundu və o, bunu qəbul etdi. Bu hadisə hicri-qəməri tarixi ilə 1367-ci ildə baş verdi. O, bu vəzifəni cəmiyyətdəki yoxsullara yardım edə bilmək imkanına malik olmaq üçün qəbul etmişdi.
Bir il sonra (hicri-qəməri tarixi ilə 1368) Ali Müşavir oldu və hicri-qəməri tarixi ilə 1370-ci ildə şiələrin Ədliyyə Naziri qəbul edildi . O, hicri-qəməri tarixi ilə 1375-ci ilədək bu vəzifədə qaldı və onun bu sahədə böyük xidmətləri oldu. Sonra o, vəzifəsindən imtina etdi və hicri-qəməri tarixi ilə 1378-ci ilədək müşavir olaraq qaldı.
O, heç bir zaman başçılıq etməyi və qüdrət sahibi olmağı dünyəvi məqama olan tamahkarlığından istəmədi. Onun əsl istəyi ədaləti icra etmək və millətə lazımınca xidmət etmək idi. Hicri-qəməri tarixi ilə 1376-cı ildə Livanın məsul işçilərindən biri (Kənd Təsərrüfatı Naziri Kazimul-Xəlil) Muğniyədən onun nəzəriyyəsinə uyğun mühakimə etməsini istədi və ona dedi: "Əgər mənim istəyimi qəbul etsən, rəislik vəzifəndə sabit qalacaqsan”. Şeyx Mühəmmədcavad Muğniyə bu işdən imtina etdi və cavab olaraq dedi:"Dinimdə sabit qalmağım rəislik kürsüsündə oturmağımdan daha mühümdür, çünki dünyəvi məqamlar keçib gedən bir kölgə kimidir”.
Bu hadisədən sonra hicri-qəməri tarixi ilə 1378-ci ildə belə məsuliyyətlərdən tam surətdə uzaqlaşıb təhqiq işlərinə üz tutdu .

ƏDLİYYƏ QANUNLARINDA DƏYİŞİKLİK
Şeyx Mühəmmədcavad Muğniyənin nazir kimi işlədiyi dövrdə göstərdiyi mühüm xidmətlərinə nümunə olaraq olan şiələrin ədliyyə qanunlarında edilən dəyişiklikləri göstərmək olar.
Şeyx Mühəmmədcavad Muğniyənin nazirlik dövründən öncə şiə ədliyyəsinə hakim seçimi digər məzhəb və dinlərin hakimlərinin əksinə olaraq məşhur şəxsiyyətlərin tanışlığı nəticəsində imtahan edilmədən və yoxlanılmadan yerinə yetirilirdi. Bu metod isə şiə ədliyyəsinin sisteminin pozulmasına səbəb olurdu, çünki lazımi səlahiyyəti olmayan bir qrup insan nüfuzlu şəxsiyyətlərin və Nəcəfin məşhur alimlərinin vasitəsi ilə hakimlik vəzifəsini mənimsəyirdilər.
Bu müşkülü yaxşıca dərk edən Şeyx Mühəmmədcavad Muğniyə bir çox məsləhət-məşvərətdən və səylərdən sonra qanunu bu tərzdə dəyişməyə müvəffəq oldu.
Şiə hakimi iki əsas şərtə malik olmalıdır:
1. Nəcəfi-Əşrəfin "Elmi Hövzə”sində dərs oxumuş olsun.
2. Digər hakimlər kimi işə götürülmək üçün sorğu imtahanında iştirak etsin və qəbul üçün yetərli qiymət alsın.
Bu qanun təsdiq edildikdən sonra səlahiyyətsiz hakimlik vəzifəsinə daxil olan bir dəstənin əli hər yerdən üzüldü.
Şiənin ədliyyə sisteminin digər bir müşkülü də mövcud idi. Belə ki, Livan ədliyyələrinin 240-cı maddəsində izah edilirdi ki, hakimin təyini, gəlişi, dəyişdirilməsi, vəzifə yüksəlişi yalnız ədliyyənin Ali Şurası tərəfindən təsdiq edildiyi təqdirdə səhihdir. Bu şuranın isə əksər üzvləri əhli-sünnə idilər. Buna baxmayaraq şiə hakimlərinin də işlərinə qarışırdılar.
Muğniyə böyük zəhmətlər nəticəsində bu qanunun da bu şərtlə dəyişdirməyi bacardı:
"Ali Şuranın şiələrə dair əksər nəzəriyyələri o zaman təsdiq ediləcəkdir ki, onlardan biri şiə olsun və o məsələ ilə razılaşsın. Əks təqdirdə bunlar icra edilməyəcəkdir”.

UZAQLAŞMAQ
Bundan qabaq Şeyx Mühəmmədcavad Muğniyənin bir ədalətsiz mühakiməyə etiraz etdiyi üçün öz vəzifəsindən kənarlaşdırıldığına işarə edildi. Bəli, bir sıra insanlar hər zaman hər bir şeyi öz mənafelərinə uyğun bəyənir və qüdrətə, yaxud nüfuza malik olduqları zaman isə nə yolla olursa-olsun hər bir şeyin öz xeyirlərinə həll olunmasını istəyirlər. Onlar bəzilərini rüşvət, bəzilərini təhdidlə və s. yollarla öz mənafeləri üçün işlədirlər.
Lakin Şeyx Mühəmmədcavad Muğniyə rəisliyi dövründə və Ali Müşavir olduğu müddət ərzində haqqın əleyhinə heç bir hökm irəli sürmədi. Elə bu məsələ də öz mövqelərini düşünən bir qrup insanın mümkün olan hər bir yoldan istifadə edərək onun əleyhinə çıxmasına səbəb oldu.
Şayiə yaymaq onların hiylələrindən biri idi. Belə ki, Şeyx Mühəmmədcavad Muğniyəni hətta kommunist kimi qələmə verdilər .
Muğniyənin işdən azad edilməsinə səbəb olan onun təhqiq etdiyi sonuncu işin mövzusu aşağıda şərh edildiyi kimidir:
Bir şəxs doğulduğu yerdən başqa bir məntəqəyə hicrət edib orada evlənərək bir oğul sahibi olur. Bu şəxsin vəfatından sonra qadının ailəsi kişinin bütün malına sahib çıxıb oğlunu irsdən məhrum edirlər. Bu oğlanın çox kasıb olan babası məhkəməyə şikayət edir. Bu işin araşdırılması çox ləng gedir. İş Muğniyənin rəis olduğu zamana qədər uzanır.
İşin ləng gedişinin səbəbi də məlum oldu, çünki işə yenidən baxılması zamanı dövrün Kənd Təsərrüfatı Naziri Kazimul-Xəlil Muğniyə ilə əlaqə saxlayıb oğlanı irsdən məhrum etməyi ondan tələb edir. Lakin Muğniyənin təqvası və ədalətsevərliyi onun haqlı hökm çıxarmasına və oğlanı həmin varidatın sahibi kimi qərarın verilməsinə gətirib çıxarır.
Elə bu hadisə də Kazimul-Xəlilin şiə vəkillərin rəisi Adil Eyranın köməkliyi ilə Şeyx Mühəmmədcavad Muğniyəni işindən azad etməsinə səbəb olur .

QUMA SƏFƏR
Ayətullah Şeyx Mühəmmədcavad Muğniyə həyatı boyunca müxtəlif ölkələrə səfər etmişdir. O, hicri-qəməri tarixi ilə 1379-cu ildə Suriyaya səfər etmiş və Şeyx Əbuzöhrə ilə görüşmüşdür. Hicri-qəməri tarixi ilə 1382-ci ildə Misirə və İrana səfər etmişdir. Onun hicri-qəməri tarixi ilə 1385-ci ildə Bəhreynə səfəri və Ərəbistana gedişi, eləcə də həcc mərasiminin əməllərinin yerinə yetirilməsi hicri-qəməri tarixi ilə 1383-cü ildə baş vermişdi .
O, İrana səfəri haqqında yazır:
"Təfsiri-Kaşif”i yazdıqdan sonra öz-özümə dedim ki, bir daha əlimə qələm götürməyəcəyəm. Bundan sonra rahat yaşayacağam və səyahətə çıxacağam. Məni yaxından tanıyan bir dostum mənə dedi: "Qələmi yerə qoymağın mümkün deyil. Yazı yazmaq gözləmədiyin və bilmədiyin bir yerdən sənin sorağına gələcəkdir”. Misirə getdim və bir müddət Usvan şəhərində qaldım. Bir neçə gün Qahirə şəhərinin ətrafında oldum. Mən ömrümün sonunadək Misirdə qalmaq qərarına gəldim. Lakin Misirlə İsrail arasında başlayan müharibə şəraiti məni öz vətənimə qayıtmağa məcbur etdi.
Bilmirdim ki, günbəgün qısalan ömrümü necə keçirim. O vaxta qədər ki, Ayətullah Şəriətmədari tərəfindən "Darut-Təbliğ”də tədris üçün dəvət olundum. Tərəddüd içində qalmışdım, bilmirdim dəvəti qəbul edim, yoxsa rədd edim. Bir aydan çox özümlə mübarizə apardım. Sonunda istixarə etdim və bu ayə gəldi:"Və dedi: "Mən Rəbbimə doğru gedirəm. O, mənə doğru yolu mütləq göstərəcəkdir!”Onu qəm-kədərdən ayrılmaq kimi təfsir etdim və dəvəti qəbul etmək üçün iki şərt irəli sürdüm:
1. Öz hesabıma və ziyarətçi qismində Quma gedim.
2. Oranın vəziyyətini gördükdən sonra müsbət və ya mənfi cavab verim.
Şərtlərim qəbul edildikdən sonra Quma getdim. "Darut-Təbliğ”i gördüyüm zaman hövzənin burada elmi hərəkəti, xaric, təfsir, Nəhcülbəlağə sahəsində olan hövzəvi dərsləri və cavanların təlim və tərbiyəsi üçün təşkil edilən həftəlik iclasları məni heyran etdi” .
Bu səfər hicri-qəməri tarixi ilə 1390-cı ildə baş verdi. Muğniyə bu tədris ocağında təfsir və kəlam sahəsində bilikləri tədris etməyə başladı. O, İmam Rzanın müqəddəs qəbrini ziyarət etdikdən və iki il İranda qaldıqdan sonra hicri-qəməri tarxi ilə 1392-ci ildə Beyruta qayıtdı .

(ardı var)
Müəllif: Mehdi Əhmədi
Mütərcim: Ruhəngiz Müzəffər qızı Həşimova
Təshihatçı: Xəyyam Əliağa oğlu Qurbanzadə
Redaktor: Əfruzə Həsən qızı Həsənova
Korrektor: Məhbubə Hüseynbala qızı Kərimzadə


____________________________________

[1] "Min Əlamil-Mufəssirin Mühəmmədcavad Muğniyə”, s. 17
[2] "Gəncineye-Daneşməndan”, Mühəmməd Şərif Razi, İslamiyyə çapı, h. ş. 1352, c. 3, s. 271
[3] "Gəncineye-Daneşməndan”; c. 3, s. 271
[4] "Təkmilətu Əməlil-Amil”, "Min Əlamil-Mufəssirin Mühəmmədcavad Muğniyə”, s. 17
[5] Sur Livanın cənubunda yerləşən Qədim Finikiya şəhərlərindəndir. Bu şəhər miladdan əvvəl 333-cü ildə İskəndər həmləsinə qarşı böyük və çətin bir müqavimət göstərmişdir.
[6] "Şie və Zəmamdarane-xudsər”, Mühəmmədcavad Muğniyə, Mustafa Zəmaniyə məxsus tərcümə, Enteşarate-Şəhid Qomnam, s. 17
[7] "Şie və Zəmamdarane-xudsər”, Mühəmmədcavad Muğniyə, Mustafa Zəmaniyə məxsus tərcümə, Enteşarate-Şəhid Qomnam, s. 17
[8] "əl-İslamu məəl-həyat”; Mühəmmədcavad Muğniyə; s. 279
[9] "əl-İslamu məəl-həyat”, Mühəmmədcavad Muğniyə, s. 279
[10] Həmin mənbə
[11] "Qolşəne-Əbrar”, c. 3, "Məğaleye-Şeyx Mohəmmədcəvad Moğniye”, Be nəğl əz "Təcarebe-Mohəmmədcəvad Moğniye”, s. 25
[12] "Şiə və Zəmamdarane-xudsər”, Mühəmmədcavad Muğniyə, Mustafa Zəmaniyə məxsus tərcümə, Enteşarate-Şəhid Qomnam, s. 18
[13] Bu, İbn Hişam kimi tanınan Mühəmməd ibn Abdullah Cəmaləddin ibn Yusuf tərəfindən yazılmış nəhv elminə aid bir kitabdır.
[14] "Qolşəne-Əbrar”, c. 3, "Məğaleye-Şeyx Mohəmmədcəvad Moğniye”, Be nəğl əz "Təcarebe-Mohəmmədcəvad Moğniye”
[15] "Şie və Zəmamdarane-xudsər”, Mühəmmədcavad Muğniyə, Mustafa Zəmaniyə məxsus tərcümə, Enteşarate-Şəhid Qomnam, s. 19
[16] "Şie və Zəmamdarane-xudsər”, Mühəmmədcavad Muğniyə, Mustafa Zəmaniyə məxsus tərcümə, Enteşarate-Şəhid Qomnam, s. 20
[17] "Qolşəne-Əbrar”, c. 3, "Məğaleye-Şeyx Mohəmmədcəvad Moğniye”, Be nəğl əz "Təcarebe-Mohəmmədcəvad Moğniye”
[18] "Əyanuş-Şiə”, c. 8, s. 39
[19] "Qolşəne-Əbrar”, c. 3, "Məğaleye-Şeyx Mohəmmədcəvad Moğniye”, "Əyanuş-Şiə”dən nəql olunub. c. 6, s. 131
[20] Livanda şiə, sünni və məsihi kimi müxtəlif cəmiyyətlər mövcuddur ki, hər birinin ayrı-ayrılıqda özünəməxsus məhkəmələri vardır və öz qanunlarına uyğun hökm çıxarırlar. "Şie və Zəmamdarane-xudsər”, Mühəmmədcavad Muğniyə, Mustafa Zəmaniyə məxsus tərcümə, Enteşarate-Şəhid Qomnam, s. 20
[21] "Daneşnameye-Qoran və Qoranpəjuhi”, Bəhaiddin Xurrəmşahi, c. 2, s. 2124, "Qolşəne-Əbrar”, c. 3, "Məğaleye-Şeyx Mohəmmədcəvad Moğniye”.
[22] "Şie və Zəmamdarane-xudsər”, Mühəmmədcavad Muğniyə, Mustafa Zəmaniyə məxsus tərcümə, Enteşarate-Şəhid Qomnam, s. 21. "Qolşəne-Əbrar”, c. 3, "Məğaleye-Şeyx Mohəmmədcəvad Moğniye”, Be nəğl əz "Təcarebe-Mohəmmədcəvad Moğniye”, s. 105
[23] Adil Eyran Muğniyəyə qarşı qəlbində kin bəsləyirdi. Belə ki, o, qəzavət üçün bir şəxsi Muğniyəyə tapşırmasına baxmayaraq, imtahan edildikdən sonra qəbul qiyməti əldə edə bilməmişdi, çünki Muğniyə onu qəbul etməmiş və tapşırılmasına da heç bir etina göstərməmişdir. "Muğniyənin Təcrübələri”, s. 102
[24] "Qolşəne-Əbrar”, c. 3, "Məğaleye-Şeyx Mohəmmədcəvad Moğniye”.
[25] "Qolşəne-Əbrar”, c. 3, "Məğaleye-Şeyx Mohəmmədcəvad Moğniye”, Be nəğl əz "Təcarebe-Mohəmmədcəvad Moğniye”, s. 298
[26] "Saffat”, 99
[27] "Fəlsəfətut-tovhid vəl-vəlayə”, Mühəmmədcavad Muğniyə, s. 6, Müqəddimə
[28] "Gəncineye-Daneşməndan”, c.3, s. 272




  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun