16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

"NOVRUZ BAYRAMI” İSLAM ŞƏRİƏTİNƏ ZİDDİR

ŞƏRİ CƏHƏTDƏN "NOVRUZ BAYRAMI”NIN
HARAM OLMASI BARƏSİNDƏ İSTİDLALİ
BƏHS (DEDUKTİV MÜZAKİRƏ)
Müəllif: İslam Dəbbağ
"Novruz bayramı”(!)nın qədim İran bayramlarından və İslamdan əvvəl atəşpərəst ayinlərindən və adətlərindən olması barəsində fikir birliyi vardır. Zərdüştilərin müqəddəs kitabı Avestada[1]da buna aid çoxlu məlumatlar verilib. Lakin əsas diqqət edilməsi lazım olan məqam budur ki, "novruz” günü İran tarixinin müxtəlif dövrlərində yalnız bir gündən ibarət olmamış və uzun zaman kəsiyində və müxtəlif şahların hökmdarlıqetdiyi vaxtlarda dəyişkən və mütəğəyyir olmuşdur.
Qədim dövrlərdə novruz isti fəslin, yəni yayın başladığı vaxt keçirilərdi, çünki ilin əvvəlini yayın əvvəli hesab edərdilər və digər tərəfdən də iranlılar o vaxt dörd fəsli tanımırdılar, əksinə ili iki hissəyə təqsim edirdilər ki, ilk yarısı novruzla (yay) və digər yarısı da soyuq fəslin, yaxud qış fəslinin başlanğıcı olan Mehrəganla[2] başlayardı. Tarixini dəqiq müəyyənləşdirə bilmədiyimiz vaxtdan etibarən novruz yazın əvvəlinə keçirildi, lakin yenə də sabit qalmadı, çünki vəqta ki 365 günlük ili 30 günlük 12 aya təqsim etdilər, 5 günü "oğurlanmış beş gün” adlandırdılar. Lakin günəş ilinin real uzunluğunun təqribən qalan 6 saatının yığılması nəticəsində "novruz” hər dörd ildə bir gün yazın əvvəlindən daha da irəliləyirdi və bu da səbəb olurdu ki, novruz hər qırx ildə 10 gün və hər 120 ildə isə bir ay yay fəslinə yaxınlaşsın və nəticədə özünün baharın "elçisi və xəbərgətirəni” olma mahiyyətini əldən versin, hətta bəzən qışa təsadüf etsin.
Hicri-qəməri tarixilə 467-ci ildə[3] novruz Balıqlar bürcünün[4] 23-nə (esfənd ayına) düşdü ki, qışın sona çatması və yazın başlamasına 7 gün qalmışdı. Buna görə səlcuqlu sultanı bu problemi həll etmək fikirinə düşdü və çarə yolu tapmaq üçün bir qrup münəccimi dəvət etdi ki, onlardan biri də öz dövrünün məşhur astronomu və riyaziyyatçısı filosof Ömər Xəyyam idi. Beləcə "Təqvimi-Cəlali” ("Cəlali-Təqvimi”) adı ilə tanınan yeni bir təqvim meydana çıxdı. "Cəlali Təqvimi” öz növbəsində sonradan iranlı olmuş monqol hökmdarı Qazan xanın hakimiyyəti dövründə Xacə Rəşidəddin Fəzlullah Həmədaninin nəzarəti altında bir qrup alim tərəfindən Marağa rəsədxanasında düzəldilmişdir. ... Beləliklə, novruzun həmişəlik olaraq baharın əvvəlində qeyd edilməsi dəqiqləşdirildi[5].
İndi görək bu gün dini-mübini-İslamda da "bayram”, yaxud xüsusi mərasimləri olan şadlıq və şənlik günü kimi tanınmışdır, ya yox? Bunu araşdırmaq və müzakirə etmək lazımdır.
Bu günü İslamın müqəddəs şəriəti baxımından qəbul edənlər üç əsasamilə istinad etmişlər:
1. Bahar fəslində təbiətin oyanması və torpağın canlanması.
2. Novruza aid mərasimlərdə bəyənilmiş adətlərin mövcud olması.
3. Həzrət İmam Sadiq əleyhissəlamdan nəql olunmuş bir hədisə istinad etmək.
Biz bu məqalədə həmin üç əsası ətraflı şəkildə araşdıracağıq.

1. NOVRUZ VƏ TƏBİƏT
Heç şübhəsiz ki, gözəl bahar fəsli ilahi qüdrətin möhkəm bir nişanəsi, Pərvərdigarın lütfünün gözəl cilvəsi və ölülərin dirilməsinin və cana gəlməsinin kiçik bir səhnəsidir. Quranda deyilir:"Ölü torpaq onlar üçün bir nişanədir (dəlildir), Biz ona həyat verir, oradan dənələr çıxarırıq, onlar da ondan yeyirlər”[6]. Məhz"bu gündə torpaq və bitkilər canlandığına və Allahın nişanələri (ayələri) təzahür etdiyinə görə bu gün bayramdır”– şəklində nəticə çıxarmaq, səhv bir çıxarış və batil bir müqayisədir, çünki Allahın qüdrəti, əzəmət nişanələri, hər bir ləhzədə, hər bir nəfəsdə, hər bir varlıqda və hər bir şeydə həmişə vardır və aşkar görünür. Buna görə də "Ya sin” surəsinin yuxarıda qeyd olunan 33-cü ayəsindən sonrakı ayələrdə gecə və gündüz, Günəşin çıxması və batması, Ayın fırlanması, həmçinin dənizdə və qurudakı səfərlər Xudavəndi-aləmin varlığının və birliyinin dəlilləri adlandırılmışdır:"... Gecə də onlar üçün bir ayədir (nişanədir). Biz gündüzü ondan sıyırıb çıxaran kimi onlar zülmət içində olarlar. Günəş də onun üçün müəyyən olunmuş yerdə seyr edər. Bu, Əziz (yenilməz qüvvət sahibi), Əlim (hər şeyi bilən) Allahın təqdiridir (ölçüsüdür). Biz Ay üçün də mənzillər müəyyən etdik. Nəhayət, o dönüb xurma ağacının quruyub əyilmiş köhnə budağı kimi olar. ... Övladlarını dolu gəmiyə mindirməyimiz də onlar üçün bir ayədir (nişanədir)”[7]. Quranda onlarla belə ayə vardır ki, "Füssilət” surəsinin şərafətli ayəsi bütün onların qısa şəkildə şərhidir. Həmin ayədə izah olunur ki, Allahın varlığına və birliyinə dəlalət edən nişanələri səmalarda, səma cisimlərində və bütün insanların batinində müşahidə etmək mümkündür:"Onun (Quranın) haqq olduğu onlara bəlli olsun deyə, Biz Öz nişanələrimizi (ayələrimizi) onlara həm afaqda (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət etməzmi?!”[8]Deməli, baharın gəlişi saysız-hesabsız ayə və nişanələrdən yalnız biridir.

2. NOVRUZ VƏ BƏYƏNİLMİŞ ADƏTLƏR
Novruz mərasiminin keçirildiyi günlərdə təmizlik, insanların bir-birilə görüşməsi və qəbirlərin ziyarət olunması kimi bəzi bəyənilmiş işlərin yerinə yetirilməsi xalq arasında bir adətdir. Lakin bu da novruzun bayram olmasına dəlil ola bilməz, çünki bu cür bəyənilmiş işləri həmişə yerinə yetirmək lazımdır. Digər tərəfdən İslam dini bayramsız bir din deyildir. Müqəddəs İslam şəriətində digər mübarək islami günlərə əlavə olaraq ildə bir bayramın yerinə il ərzində üç böyük bayram (Fitr, Qurban və Qədiri-Xum bayramları) və bir də həftəlik bayram (cümə günü) qanuniləşdirilmişdir. Şeyx Səduqun Müfəzzəl ibn Ömərdən nəql etdiyi xəbərdə belə rəvayət olunur:"İmam Sadiqə dedim: "Müsəlmanların neçə bayramı vardır? Buyurdu: "Dörd bayramı. ...”[9]
Həmçinin müsəlmanolan hər bir şəxs bədənini və yaşadığı yeri həmişə təmiz saxlamaqla mükəlləfdir. Buna əlavə olaraq ciddi şəkildə tövsiyə olunmuşdur ki, gərək müsəlman hər həftə cümə günü bədənini və yaşadığı yeri ümumi şəkildə təmizləsin. Həmçinin İslam şəriətində əmr olunmuşdur ki, özünü müsəlmanhesab edən hər kəs xəstələrə baş çəkməli, silei-rəhm etməli və digər ictimai vəzifələrini yerinə yetirməlidir.
Digər tərəfdən qeyri-müsəlmanların ayinlərinə bağlanmaq, adab və ənənələrinin yol və metodunda din düşmənlərinə oxşamaq (yəni onları yamsılamaq) şəri cəhətdən haramdır. Bu fikri sübut edən Səkuninin İmam Sadiqdən nəql etdiyi mötəbər rəvayətdir:"Allah Öz peyğəmbərlərindən birinə belə vəhy etdi: "Möminlərə de ki, Mənim düşmənlərimin paltarını geyinməsinlər, Mənim düşmənlərimin yediklərini yeməsinlər və mənim düşmənlərimin xətti-hərəkətinə iqtida etməsinlər ki, onlar kimi onlar da Mənim düşmənim olarlar!”[10]Bu rəvayət "Üyunu Əxbarir-Rza” kitabında başqa bir sənədlə Hirvi vasitəsilə İmam Rza əleyhissəlamdan da rəvayət olunmuşdur.
Deməli, gözəl və bəyənilmiş işlər bir surətdə səhihdirlər ki, ortada batilə rəvac vermək (yəni batili inkişaf etdirmək, tərvici-batil), kafirlərin ənənələrini və ayinlərini ehya etmək (bərpa etmək) deyilən yasaq bir başlıq olmasın, çünki"Günah etməklə Allaha ibadət olunmaz!”

3. NOVRUZ VƏ ŞƏRİƏT
Novruzun məşru olması (şəriətcə icazəli olması) barəsindəki müzakirə – ki bu məqalənin əsas mövzusudur – həqiqət axtarışında olanların üzünə yeni üfüqlər aça bilər, çünki haqq axtarışında olanlar şəriətin əmrini həyata keçirir və onun yasaq etdiyi işdən də çəkinirlər.
Bəs şəriət bu barədə nə deyir?
Əvvəla bilmək lazımdır ki, İslam dinində "bayram” bir ibadətdir (yəni şəri hökmdür) və bayram günlərini də yalnız Xudavəndi-aləm müəyyənləşdirir. Fitr və Qurban bayramlarının namazının qunutunda Məsum əleyhissəlamdan nəql olunan duada belə oxuyuruq:"Allahım! Müsəlmanlar üçün bayram qərar verdiyin bu gündə Səndən istəyirəm. ...”Deməli, Allah-Taala tərəfindən nəss etibarilə (yəni şəri mətnlərdə) bayram günü olaraq qanuniləşdirilən (təşri olunan) gün müsəlmanların bayram günü qeyd olunur.

İSLAM VƏ XALQLARIN AYİNLƏRİ
Qeyri-səmavi, yaxud təhrif olunmuş səmavi dinlərin bütün ayin və mərasimləri nəfsani istəklər, şəhvət, cahillik, xürafat əfsanələri və əsassız işlərlə doldurulmuşdur ki, bunun müqabilində İslam dininin ayinləri hikmətə, təhzibi-nəfsə (nəfsin islah edilməsinə), biliyə, xeyirxahlığa, kamilliyə və Allaha yaxınlaşmağa əsaslanır, çünki birincisi insan zehninin məhsulu, ikincisi isə Həkim (hikmət sahibi), Xəbir (hər şeydən xəbərdar olan) Allahın tədbiridir. Bu barədə Quranda buyurulur:"Biz onu (Quranı) haqq olaraq nazil etdik, o da haqq olaraq nazil oldu. Səni də yalnız müjdə verən (mübəşşir) və qorxudan (nəzir) olaraq göndərdik”[11].
Digər tərəfdən İslam dini bütün qövmlərin ümumdünya dinidir və yalnız Ərəbistan yarımadası və onun ətrafındakı ölkələrə məxsus deyildir. Buna görə də xürafata, əfsanəyə, nəfspərəstliyə əsaslanan bütün dini ayinlər və müxtəlif milli münasibətlər məhv olmalı və öz yerini islami ayinlərə verməlidir, çünki hər bir qövm İslamdan əvvəlki adətlərinə bağlı qalmaq istəsə, müsəlmanların vəhdəti kəmrəng olar, yəni öz rəngini itirər. İslam birliyində müxtəliflik və həmahəngsizlik yaranar, çünki qədim bayramları olan xalq yalnız iran xalqı deyildir, cahiliyyə ərəblərinin də qədim günləri var idi. "Ərubə” gününü buna bir misal göstərmək olar ki, İslam dini onu ləğv etdi və "cümə” gününü onun yerində qərarlaşdırdı. Misirlilərin "Nil” bayramı, Beynənnəhreynlilərin (Mesopotamiyada[12] yaşayanların) "Xərmən” bayramı var idi və s. ...
Zahiri gözəlliyinə və müqəddəs hesab edilməsinə baxmayaraq, İslam onların hamısını aradan götürdü və onların yerinə digər bayramlar təqdim etdi.

NOVRUZ RƏVAYƏTLƏRİ
İlk rəvayət Əmirülmömininin Əli Əleyhissəlamdandır. Əbusabit Numan ibn Mərzban[13] novruz şənliyi günü Əli ibn Əbitalibə jeledən hazırlanmış bir növ şirniyyat hədiyyə etdi. Həzrət ondan: "Bu, nədir?” – deyə soruşduqda o, belə cavab verdi: "Bu gün novruzdur!” Həzrət buyurdu:"Bizim şənliyimiz[14] bütün gündür”[15].
Beləliklə, Numanın müsəlman olmamışdan əvvəl İranda zərdüştilik dininin adətləri əsasında formalaşmış mərasimləri müsəlmanlar arasında da inkişaf etdirmək istəyi əmirülmöminin Əli əleyhissəlam tərəfindən uzaqlaşdırıldı, çünki həqiqətdə də başlayan hər bir gün bir novruzdur[16], fərvərdin ayının əvvəlinin digər yeni günlərdən fərqlənməsinin heç bir əsası və sübutu yoxdur.
O hadisədən sonra Abbasi xilafətinin hakimiyyətinə qədər heç bir müsəlman bunu həyata keçirmədi. Əvvəllər Sərəxs və Fars atəşgahlarının möbidlərindən (zərdüştilərin ruhanisi), ağsaqqallarından və qazılarından olmuş iranlı "Bərmək” və "Bəni-Səhl” xanədanından olan Abbasi vəzirləri İslam cəmiyyətini özlərinə inandırdılar və yol tapıb onların içinə sızdılar[17]. Baxmayaraq ki, Əməvilərin xilafəti dövründə də əməvi hakimlər İran xalqının üzərinə novruz hədiyyələrini vergi olaraq qoymuşdular ki, məsələn Müaviyənin hakimiyyəti dövründə onun miqdarı 5 milyondan 10 milyon dirhəmə qədər çatırdı. Və İslam dinindən sonra Novruz və Mehrəgan hədiyyələrinə rəvac verən ilk hökmdar əməvilərin zalım hakimi və ələvilərin qəddar düşməni Həccac ibn Yusif Səqəfi olmuşdur[18].
İkinci rəvayət İmam Kazım əleyhissəlamdandır."Mənsur (abbasi xəlifəsi) Musa ibn Cəfər əleyhissəlama novruz günündə təbrikləri qəbul etmək və hədiyyələri təhvil almaq üçün oturmağı əmr etdi. İmam buyurdu: "Mən babam Rəsulullahdan – Allahın rəhməti ona və Əhli-Beytinə olsun! – gələn xəbərləri araşdırdım, lakin bu bayram haqqında bir xəbər tapa bilmədim. Novruz farsların adətidir və İslam onu məhv (ləğv) etmişdir. İslamın ləğv etdiyi bir şeyi ehya etməkdən Allaha pənah aparırıq! ...”[19]
Bu hədisi-şərif açıq şəkildə aydınlaşdırır ki, "novruz bayramı”nın islami bir siması yoxdur və Peyğəmbər Sünnəsində də bunun bir yeri yoxdur. Müqəddəs şəriət ona seyrçi qalmamış, əksinə İmamın açıq-aşkar ifadəsinə uyğun olaraq onu ləğv etmişdir ki, İmam öz sözünün sonunda bu adəti heç bir vəchlə ehya etməyə hazır olmadığını bildirmişdir. Bu hədisi qeyri-müsəlmanlara təqlid etməyin və onlardan nümunə götürməyin haram olması barəsində Səkuninin İmam Sadiqdən nəql etdiyi mötəbər hədis də təsdiq edir ki, biz də bunu məqalənin əvvəlində qeyd etdik.
Bəzi müasir yazılarda bir qrup bu rəvayəti təqiyyə kimi qələmə vermişdir ki, bu deduksiya (istidlal) təqiyyənin hökmünü bilməməkdən irəli gəlir, çünki İmamın onu açıqlaması, açıq şəkildə dövrün xəlifəsinin fikrinə zidd çıxması, buna Peyğəmbər Sünnəsindən dəlil gətirməsi və o hakimin İmamın vasitəsilə məhkum edilməsi təqiyyəyə ziddir.
Üçüncü rəvayət İmam Sadiq əleyhissəlamdandır. Bu uzun rəvayəti Müəlla ibn Xüneys İmam Sadiqdən nəql etmişdir ki, onun ifadələri hələ araşdırılacaqdır.
"... Müəlla ibn Xüneys deyir: "Novruz günü İmam Sadiq əleyhissəlamın hüzuruna daxil oldum. O dedi: "Bu günün nədən ibarət olduğunu bilirsinizmi? Cavab verdim: "Sənə fəda olum! O,elə bir gündür ki, əcəm (yəni iranlılar) onu böyük sayır və həmin gündə onlar bir-birinə hədiyyə bağışlayırlar”. İmam Sadiq buyurdu: "And olsun Məkkədəki Beyti-Ətiqə ki, bunun (yəni bu günün böyük tutulmasının və insanların bir-birinə hədiyyəverməsinin) qədim bir əsası vardır və başa düşəsən deyə onu sənin üçün açıqlayıram”. Dedim: "Ey ağam, bunu səndən öyrənmək mənim üçün ölənlərimin yaşamasından və düşmənlərimin ölməsindən daha sevimlidir”. İmam dedi: "Ey Müəlla! Novruz günü elə bir gündür ki, Allah o gündə bəndələrindən Ona ibadət edəcəkləri, Ona heç bir şeyi şərik qoşmayacaqları, Onun rəsullarına, höccətlərinə və imamlara – səlam olsun onlara! – iman gətirəcəkləri barədə əhd-peyman almışdır. O, Günəşin tulu etdiyi (çıxdığı), küləklərin əsdiyi və yerin parıltısının xəlq edildiyi ilk gündür. O, elə bir gündür ki, Nuh əleyhissəlamın gəmisi Cudi dağının üzərinə yan aldı, o, elə bir gündür ki, Allah o gündə minlərlə adamın ölüm qorxusu ilə öz yurdlarını tərk etdiyi və Allahın da onlara "Ölün!” – dedikdən sonra diriltdiyi həmin şəxslərə həyat verdi[20], o, elə bir gündür ki, Cəbrayıl Peyğəmbərə nazil oldu, o, elə bir gün gündür ki, Peyğəmbər Beytülhəramın üstündən Qüreyşin bütlərini atsın deyə Əlini çiyninə aldı və o da İbrahim əleyhissəlam kimi bütləri qırdı, o, elə bir gündür ki, Peyğəmbər öz əshabələrinə Əli əleyhissəlama möminlərin əmiri kimi beyət etmələrini əmr etdi, o, elə bir gündür ki, Peyğəmbər Əlini cin vadisinə göndərdi ki, onlardan onun üçün beyət alsın, o, elə bir gündür ki, Əmirülmöminin Əli ibn Əbitalibə ikinci dəfə beyət edildi, o, elə bir gündür ki, Əli (ə) Nəhrəvan əhli (xaricilər) üzərində qələbə çaldı, Zussədyəni öldürdü[21], o, elə bir gündür ki, bizim Qaimimiz və əmr sahibləri zühur edəcək, o, elə bir gündür ki, Qaimimiz Dəccala qələbə çalacaq və onu Kufə zibilliyində çarmıxa çəkəcəkdir. Elə bir novruz günü yoxdur ki, biz o gündə fərəci (zəfəri) gözləməyək. O, bizim və şiələrimizin günlərindəndir. Əcəm (iranlılar) onu qorudu, siz isə zay etdiniz. ...”
Bu rəvayət novruzun mədh olunması və onun ayinlərinə bağlanmağın lüzumu barəsində əldə olan yeganə rəvayətdir. Baxmayaraq ki, bu rəvayət şəri, tarixi və nəqli zəiflik və səhvlərlə doludur və özü özünün qondarma olduğunu ortaya çıxarır.
Əlbəttə ki, bu cür rəvayətlərin qondarılmasının səbəbini şiə məzhəbini inhiraf və sapqınlığa çəkmək, yaxud İslamdan əvvəlki əqidələri və adətləri inkişaf etdirmək və Əhli-Beyt yolu adı ilə cahiliyyə dövründəki nəfsani istəkləri qanuniləşdirmək üçün Əhli-Beyt düşmənlərinin istiqamət və cəhdində görmək lazımdır.
İndi isə rəvayətin zəif cəhətlərindən bir nümunəni araşdıraq:
1.Rəvayətin mətni bunu göstərir ki, orada verilən bir çox ifadələr Avesta kitabından və köhnə fars əfsanələrindən edilən tərcümədən artıq bir şey deyildir. Lakin Cəmşid[22], Mənuçehr, Əfrasiyab və Zərdüşt adlarının yerinə hədisin mövzusu ilə uyğun gələn adlar, məsələn Adəm, Nuh, İbrahim və Mühəmməd (ə) qoyulmuşdur.
Nümunə olaraq bunu deyə bilərik ki, Avesta kitabında bu günün ayinləri barəsində qısaşəkildə belə deyilir ki, hər bir zərdüşti o gündə yeni və bahalı paltarlar geyinməli, camaatla görüşə çıxmalı, hədiyyə verməli, on üç gün işləməməli və "yeddi göy”ün allahlarını, yaxud "yeddi müqəddəs”i razı salmaq üçün "həftsin süfrəsi”[23] açmalıdır. Balıq suda yaşayanların allahının razılığını, su dənizlərin allahının razılığını və səbzə (bir növ yaşıl quru kişmiş) isə əkin allahının razılığını təmin edər[24], çünki bu gün Cəmşid atəşi yenidən tapmış[25], Mənuçehr Turanlılarla barışmış və onlara hökmranlıq etmiş, Əfrasiyab Hindistana qalib gəlmiş və Zərdüşt isə Əhrimənləri tutub həbs etmişdir.
Qədim fars əfsanələrində və əsatirlərində də yuxarıdakı mənaya aid müəyyən işarələr verilmişdir ki, onların mətni yuxarıda İmam Cəfər Sadiq əleyhissəlama nisbət verilən rəvayətin məzmununa uyğundur. "İranlıların etiqadı bu idi ki, Xudavənd bu gündə dünyanı yaratmaqda sərbəst oldu. Müştərini (Yupiter planetini) yaratdı, Zərdüşt Xudavəndə minacat müvəffəqiyyətini əldə etdi, Keyxosrov asimana üruc etdi (yüksəldi). ...
Həmçinin novruzun yaranmasının səbəbi haqqında deyirlər ki, divan Cəmşidin fərmanı ilə bir taxt düzəltdi və onu çiyinlərinə götürdülər və Dəmavənddən Babilə apardılar. ... Bu əmr fərvərdin ayının ilk günündə oldu. Buna görə də camaat onun taxtının ətrafında toplandı və hamı dedi: "Bu, yeni bir gündür”. Cəm buyruq verdi ki, bu gün və ondan sonra beş gün bayram etsinlər...
Farslar fərvərdin bayramı üçün evi təmizləyir, mərasim keçiriləcək otağı bəzəyir,stolun üstünə su kuzəsi, güldan və atəş qabı qoyurdular. Atəşi səndəl ağacı[26] və digər xoşiyli ağaclarla qüvvətlədirirdilər. Hər bir kəs öz əli ilə atəşə ağac qoymalı və öz ölülərinin adını saymalı idi. ... Bir-birinin əlinə su tökər və novruz gününün sübhündə qüsl edərdilər. Bunun səbəbini belə bilirdilər ki, bir vaxt Cəmşidin zamanında ölüm-itim olmadığına görə yer üzü canlılar üçün dar oldu. Xudavənd onu üç dəfə böyütdü və camaata əmr etdi ki, günahlardan təmizlənsinlər deyə su ilə qüsl etsinlər. Həmçinin deyirlər ki, bu gün su mələyi olan Həruzaya bağlı olduğuna görə bu cəhətdən camaat dan yeri ağararkən quyu suyu ilə yuyunurdular. Yeni paltar geyinmək, həftsin süfrəsi açmaq, göyərti və yeddi növ taxıl əkmək bu günün digər ənənələrindən hesab olunur”.
2.Yuxarıdakı rəvayətdə"And olsun Məkkədəki Beyti-Ətiqə...”andı İmam Sadiqin dilindən verilmişdir, halbuki İmam Baqir əleyhissəlamdan nəql olunan bir rəvayətdə buyurulur:"Allah məxluqatından istədiyinə and içər, lakin məxluqatı Ondan başqasına and içə bilməz!”[27]
Fiqhdə də icma vardır ki, şəri and yalnız Xudavəndi-aləmin adı ilə və "Vəllahi, təllahi və billahi” ləfzləri ilə bağlanır və şərilik qazanır.
3.Bu rəvayətlə əvvəldə qeyd etdiyimiz və İmam Musa əl-Kazimdən nəql olunan rəvayət arasında ziddiyət vardır. Əllamə Məclisi bu ziddiyyəti yada salmış, lakin bu iki rəvayətdən "şöhrət” ("məşhurluq”) dəlili ilə Müəllanın rəvayətinə üstünlük vermişdir[28]. Halbuki bu məqamda "şöhrət”in şərtləri həqiqət tapmır, çünki:
Əvvələn, rəvayətin məşhurluğu o vaxt mötəbərdir ki, rəvayət və onun raviləri bütün mötəbərlik şərtlərini daşımış olsun.
Saniyən, bu rəvayətin məşhurluğu (şöhrəti) yoxdur. Dəlili də budur ki, Şeyx Tusi, Şeyx Səduq və onun atası, Əllamə Kuleyni və "Qummilər” kimi keçmiş alimlərdən heç biri onu qeyd etməmişlər. Mərhum Məclisi onu adını zikr etmədiyi bir kitabda tapmış və bu barədə buyurmuşdur:"Bəzi mötəbər kitablarda gördüm. ...”"Bihar” kitabının özündə isə bu mövzunun haşiyəsində belə qeyd edilir:"Müəlla rəvayətində zatən "höcciyyət” ("dəlil olma”) şərtlərinin olmaması və onun bu rəvayətlə (İmam Musa əl-Kazimdən nəql olunan rəvayətlə) ziddiyyətdə olması rəvayətin qüvvət və şöhrəti üçün heç bir yer buraxmır”[29]. Üçüncüsü, Həzrət İmam Kazim əleyhissəlam sırf hökmü bəyan etməklə iktifa etməmiş, əksinə İslam dinində belə bir bayramın mövcud olmadığı və İslamın da bu adətin məhvinə iqdam etməsi (təşəbbüs etməsi) dəlili ilə bu günün böyük tutulmasının haram olması nəticəsini çıxarmışdır. Buyurmuşdur ki:"Mən bu bayram haqqında heç bir xəbər tapa bilmədim. Novruz farsların adətidir və İslam onu məhv (ləğv) etmişdir. İslamın məhv etdiyi bir şeyi ehya etməkdən Allaha pənah aparırıq!”
4. Rəvayətin sənədi zəifdir, çünki hədisin raviləri arasında qulat, müğeyrilər, yalançılar kimi etimad edilməsi mümkün olmayan şəxslər, yaxud zəif və məchululhal (vəziyyəti bilinməyən) fərdlər gözə dəyir. O fərdlər bunlardır:
– Cəfər ibn Əhməd ibn Əli əl-Munisi əl-Qummi.Bu çox vəziyyəti bilinməyən bir şəxsdir. Onun haqqında deyilmişdir ki, o, vəzir Sadiq ibn Əbbaddan rəvayət edirdi.
– Mühəmməd ibn Həsən ibn Muid əs-Saiğ.Bu şəxs çox zəifdir. Rical alimləri ittifaq ediblər ki, o, qulatlardandır və qabili-istinad deyildir[30].
– Müəlla ibn Xüneys.O, Kufəlidir. Əvvəl Əsədilərin, sonra İmam Sadiqin qulu olmuşdur. Nəcaşi özünün "Rical” kitabında Müəllanı çox zəif şəxs adlandırmışdır. İbn Qədairi (Ğəzairi) onun barəsində deyir:"O, əvvəl müğeyri[31] olmuşdur. Sonra Nəfsi-Zəkiyyə adı ilə tanınan Mühəmməd ibn Abdullah Həsəninin imamətinə dəvət etdi ki, bu töhmətlə Davud ibn Əli onu həbs etdi və qətlə yetirdi. Qulat onun adından çox hədislər qondarırdı”. İbn Qədairi belə əlavə edir: "Onun hədislərini qəbul edilməsi mümkün olan hədislər hesab etmirəm”.
Şeyx Tusi "Qeybət” kitabında sənəd zikr etmədən Müəlla barəsində deyir ki, o, İmam Sadiqin xidmətçilərindən və o Həzrətin mədhinə məzhər olmuş şəxslərdən olmuşdur. Günahsız yerə məhkum olunmuşdur. Bu işin də tələbi budur ki, onun ədalətinə hökm verilsin.
Beləliklə, Müəlla ibn Xüneys barəsində rical kitablarında mövcud olan faktlara əsasən deyə bilərik ki, o, əvvəldə müğeyri, qali və yalançı bir şəxs olmuşdur. Buna görə də qalilər ondan çoxlu hədislər nəql etmişlər. Sonra orta yaşlarında xalqı Mühəmməd ibn Abdullah Həsəninin imamətinə dəvət etməklə onları azdırmış və düzgün yoldan yayındırmışdır. Həbs olunduğu zaman zindanda tövbə etmiş və haqq yola qayıtmışdır. Lakin o, heç vaxt zindandan azad olmamış və sonda çarmıxa çəkilmişdir. Müəllanın adından nəql olunan bütün hədislər onun azğınlıq dövründə olmuşdur. Zindanda olduğu dövrdə ondan heç vaxt hədis nəql olunmamışdır. Onun tövbə etdiyi qəbul olunsa da, onun rəvayətlərinə istinad etmək olmaz.
İmam Cəfər Sadiq əleyhissəlam Müəllanın öldürülməsindən sonra buyurmuşdur:"Mən Müəllaya bir şey əmr etmişdim, lakin o, mənimlə razılaşmadı və mənim əksimə getdi. Buna görə də dəmirə məruz qaldı (yəni qandallandı və zəncirləndi). ... Kim bizim sirrimizi faş edərsə, silah onu dişləməmiş ölməz, yaxud da qandallanmış halda ölər”[32].
5.Müəlla hədisində ziddiyyətli məqamlar gözə dəyir ki, bu da rəvayətin qondarma olduğu fikrini qüvvətləndirir. Tarixi səhvlərin mövcud olması buna misal ola bilər. Bu rəvayətdə bildirilir ki, Peyğəmbərin bəsət günü[33], Məkkənin fəthi, Qədiri-Xum bayramı, Əmirülmömininin xilafətinin başlanması, Nəhrəvan döyüşü və xarici Zussədyənin öldürülməsinin hamısı novruz günündə baş vermişdir. Halbuki Qədiri-Xum bayramı h.q təqvimi ilə hicrətin 10-cu ili zilhiccə ayının 18-i (h. ş. 10-cu il esfənd 27, m. 632, 15 mart), Əli ibn Əbutalibə ikinci dəfə xəlifə olaraq beyət edilməsi h. q. təqvimi ilə hicrətin 35-ci ili zilhiccə ayının 13-ü (h. ş. 35-ci il, xordad (3-cü ay) 25, m. 656, iyun 12), Məkkənin fəthi günü h. q. təqvimi ilə hicrətin 8-ci ili ramazan ayının 29-u (h. ş. 8-ci il, bəhmən (12-ci ay) 2, m. 630, yanvar 19), Nəhrəvan döyüşü və Zussədyənin qətlə yetilirilməsi h. q təqvimi ilə hicrətin 39-cu ili səfər ayının 9-u (h. ş. 38-ci il, tir (4-cü ay) 17, m. 659, iyul 5) və bəsət günü isə hicrətdən 13 il əvvəl rəcəb ayının 27-i (h. ş təqvimi ilə hicrətdən 12 il əvvəl, tir 17, m. 609, iyul 5) baş vermişdir.
Bütün bu tarixi hadisələrin növbə ilə novruz gününə təsadüf etməsi üçün yüz illərin keçməsi lazımdır. Məsələn belə bir müşahidə aparmışıq ki, Məkkənin fəthi ilə Qədiri-Xum bayramı arasındakı zaman fasiləsi yalnız iki il olmuşdur. Ona görə də bu fikirdəyik ki, belə bir rəvayəti qondaran şəxs tarix baxımından xalqın ən cahil nümayəndəsi olmuşdur. Bu ziddiyyətlər haqqında danışdığımız rəvayəti xalq arasında öz etibarını itirən, inanılması mümkün olmayan bir dərəcəyə çatdırmışdır.
6.Şəri bayram naməlum bir gündə ola bilməz. Əvvəldə dediyimiz kimi tarixdə novruz günü həmişə şahların istəklərinə, yaxud günəş ili günlərinin astronomik hesablamalarına uyğun olaraq mütəğəyyir və dəyişkən olmuşdur. Bəzən yayda, bəzən pərakəndə şəkildə ilin müxtəlif fəsillərində, bəzən yaza bir neçə gün qalmış, bəzən yazın əvvəlində, bəzən isə padşahın taxta çıxdığı ilin hər hansı bir günündə keçirilirdi. Əbülqasim Firdovsi Cəmşidin tacqoyma novruzu barəsində belə deyir:
O təxtin içində böyük hökmdar
Fəzada Günəştək tutardı qərar.
Cahan qaldı heyran onun təxtinə,
Hamı afərin söylədi bəxtinə.
Edib xalq Cəmşidə gövhər nisar[34],
Belə bir günə Novruz ad qoydular[35].
On iki imamçı şiə məzhəbinin böyük fəqihi İbn Fəhd Helli özünün "əl-Mühəzzibul-Bari” ("Mahir tərbiyəçi”) adlı əsərində etiraf edir ki, novruz gününü müəyyənləşdirmək çətindir, çünki o, əsasən bir gündən ibarət olmamışdır, əksinə zərdüşti padşahlarının fikirlərinə tabe olaraq qeyd olunmuşdur[36].
Novruzun naməlum gün olduğu müəyyənləşdikdən sonra belə başa düşürük ki, novruz heç bir vəchlə bayram kimi hesab edilə bilməz.
7.Bu hədisdə bəzi günlər pis fala mübtəla olmuşdur. Əlbəttə, bu iş şəri cəhətdən rədd olunmuşdur, çünki rəvayətdə deyilir:"İslamda pis fal yoxdur!”Buna görə də "Bihar”ın haşiyəsində oxuyuruq:"Bu iş məsum imamların həyat tərzində müşahidə olunmamışdır. Ona görə də bu fəsildə zikr olunanlar daha çox fars münəccim kahinlərinin qondarmalarına oxşayır. Əlbəttə, gizli deyildir ki, pərdə arxasında siyasi kələklər və hiylələr də mövcuddur”[37].

NOVRUZ GÜNÜNÜN QÜSLÜ
Şeyx Tusinin "Misbah” kitabına nisbət verilən və "Bihar”da zikr olunmuş başqa bir xəbər də mövcuddur. Bu xəbərdə bildirilir ki, novruz günündə qüsl etmək müstəhəbdir. O gün üçün dua və namaz da zikr olunmuşdur. "Misbah” kitabının haşiyəsində novruz gününün qüslü barəsində, həmin gündə qüslün, duanın və namazın müstəhəbliyinə əsaslanan isnadsız ibarə gəlmişdir. Lakin "Misbah” kitabının araşdırılması nəticəsində sübuta yetmişdir ki, qüsl, dua və namaz ifadələri Şeyx Tusidən sonra "Misbah” kitabının bəzi nüsxələrinə əlavə olunmuşdur. Buna görə də təshih və təhqiq edilmiş nüsxələrdə belə izah verilmişdir:"Orijinal nüsxədə artıqlıq mövcud deyildir”.
Mühəqqiq Şuştəri "əl-Nucə fi şərhil-Lumuə” kitabında novruz gününün qüslü barəsində belə yazır:"Qədim alimlərdən heç kim onu nəql etməmişdir. Müəllanın rəvayəti zəifdir”.

NƏTİCƏ
Artıq belə bir qənaətə gələ bildik ki, bütün gözəllik və əzəməti ilə bahar fəsli şükr və sitayişə layiq olan milyardlarla ilahi nişanələrdən bir nişanədir. İranın və Azərbaycanın müsəlman və əqidəli xalqı özlərinin dini və məzhəbi etiqadlarına diqqətlə yanaşaraq novruzda dostluq, təmizlik, qonaqpərvərlik, silei-rəhm, qohum-əqrəbaya və yoxsullara kömək etmək, vəfat etmişləri yada salmaq və s. kimi çox yaxşı adətlər həyata keçirirlər. Bu adətlərdən bəziləri yaxşı adətlərdir. Lakin onu da bilmək lazımdır ki, bu gözəl xislətlər və əməllər ilin müəyyən bir günü ilə məhdudlaşmamalıdır, əksinə bu əməlləri il boyu da yerinə yetirmək və qoruyub saxlamaq lazımdır.
Digər tərəfdən də qeyri-düzgün adətlərdə qeyri-müsəlmanlardan nümunə götürməkdən qəti şəkildə çəkinmək və qeyri-islami ayinləri islami adətlərə daxil etməmək lazımdır, çünki ibadətlər, o cümlədən bayramlar İslam dinində Allah tərəfindən qoyulan qanunlardır.
İmam Sadiqə nisbət verilən rəvayəti dəqiq araşdırmaqla şahid olduq ki, o rəvayət İmam Kazim əleyhissəlamdan nəql olunan digər rəvayətlə ziddiyyət təşkil edir, əql və ehtiyat bu kimi mövzularda dayanmağı tələb edir. Digər tərəfdən də həmin rəvayətdə (Müəlla rəvayəti) həm tarixi baxımdan və həm də şəri cəhətdən səhvlər çoxdur.
Tərcümə və şərhlər: XƏYYAM QURBANZADƏ
Redaktor: ƏFRUZƏ HƏSƏNOVA


[1]Bu gün əlimizdə olan Avesta kitabı Zərdüştdən 800 il sonra yazılmışdır. Makedoniyalı İskəndərin hücumunda mühüm mərkəzlərin, o cümlədən Cəmşidə aid sənəd və kitabların saxlandığı yerin yandırılması zamanı miladdan 330 il əvvəl (yəni b. e. ə) Avestanın böyük bir hissəsi və digər dini əsərlər məhv edilmişdir. Bir neçə əsr sonra Sasanilər baş qaldırdıqda onların mənafeyini kamil şəkildə təmin etdiyinə görə müxtəlif amillərə əsasən unudulmuş zərdüşt ayinlərinin qüvvətləndirilməsinə diqqət ayırdılar. Həmin vaxtlarda zərdüşti möbidləri hazırkı Avestanı pərakəndə hissələrdən, yadda qalanlardan və köhnə rəvayətlərdən ortaya çıxardılar ki, bunlar da tamamilə təhrif olunmuş şəkildədir və eyni zamanda onda geniş dəyişikliklər baş vermişdir.
[2]İranın qədim bayramlarımdan biridir.
[3]Sultan Cəlaləddin Məlikşah Səlcuqinin səltənətinin 2-ci ili, m. 1074
[4]Ərəbcə "Hut” deyilir(19 fevral–20 mart).
[5]"Həmşəhri” qəzeti, 1377, 20 esfənd, s. 4, "Zaman keçidində Novruz” məqaləsi
[6]"Ya sin”, 33
[7]"Ya sin”, 37, 38, 39, 41
[8]"Füssilət”, 53
[9]"Xisal”, s. 264
[10]"Mən la yəhduruhul-fəqih”, 5-ci çap, Tehran, q. 1390, c. 1, s. 163
[11]"İsra”, 105
[12]Yunan dilində "İkiçayarası, Dəclə və Fərat çayları arasında”
[13]İmam Əbuhənifənin babası, Əmirülmöminin Əlinin (ə) azad olunmuş köləsi
[14]"Tarixi-Bağdad” kitabında "Bizim novruzumuz” ifadəsi getmişdir.
[15]Mühəmməd ibn Xəllikan, "Vəfiyyatul-Əyan”, c. 5, s. 404, 405, Beyrut, "Dari-Sadirˮ, Fəxrəddin Türeyhi, "Məcməul-Bəhreyn”, c. 4, s. 38, Tehran, 1362
[16]Novruz sözü lüğətdə də "yeni gün” mənasını verir.
[17]Ayətullah Mühəmməd Xalisi, "ən-Niruz”, s. 10, m. 1951
[18]Əliəkbər Dəhxoda, "Lüğətnamə”, c. 48, s. 874, Tehran, h.ş. 1335
[19]"Biharul-Ənvar”, c. 3, Beyrut, 1983, "Daru İhyayit-Turas”, c. 59, s. 100, İbn Şəhr Aşubun "əl-Mənaqib” kitabından nəql olunmuşdur. c. 4, s. 319
[20]"Bəqərə” 243-cü ayəyə işarədir.
[21]Zussədyə "Döş giləsi/döş sahibi” deməkdir. Bu şəxsin əsl adı Hərqus ibn Züheyr Sədi Təmimidir ki, Zulxuvəysərə, Zussədyə və Muxdəc ləqəbləri ilə tanınmışdır. Zulxuvəysərə adlanmasının səbəbi aydın deyil, lakin bazusunda qadın döşünə oxşar artıq ət olduğuna görə Zussədyə, əlində naqislik olduğuna görə "Muxdəcul-Yəd” ("Əli naqis olan şəxs”) ləqəbləri ilə tanınmışdır.
Xaricilərlə olan döyüş sona çatdıqda Həzrət Əli öz adamlarına Peyğəmbərimizin xəbər verdiyi bazusu olub qolu olmayan, bazusunun ucu qadın döşü kimi kündə və onun da ucu döşün ucu kimi çıxıntılı (giləli) olan, üzərində də ağ tüklər olan adamı axtarmalarını əmr etdi. Axtardılar, lakin tapa bilmədilər. Həzrət Əli dedi: "And olsun Allaha o, bunların içindədir. Mən yalan danışmadım, yalan danışmaqda da ittiham olunmaram”.
Bundan sonra Həzrət Əli özü də o adamı axtarmağa çıxdı. Nəhayət, onu ölənlər arasında tapdı. Qolunda eynilə qadın döşünə oxşayan bir ətin sallandığını, döşün ucu üzərində bir neçə tükün olduğunu gördü. Bu ət parçası çəkildikdə digər əlindən daha uzun olur, buraxdıqda isə əvvəlki vəziyyətini alırdı. Beləcə Peyğəmbərimizin gələcəyə aid xəbərlərlə əlaqədar bir möcüzəsi də ortaya çıxdı. Həzrət Əli təkbir gətirdi, "Allahu Əkbər! Mən yalan danışmadım”, – dedi. Xalq da onunla birlikdə təkbir gətirdi.
[22]İranın əfsanəvi padşahlarındandır.
[23]"Həftsin süfrəsi” İranda novruz bayramı münasibətilə adları "sin” (fars əlifbasının on beşinci hərfi) hərfilə başlanan yeddi yeməli şeyin qoyulduğu süfrənin adıdır. Həmin yeməli şeyləraşağıdakılardır:
1. Sir – sarımsaq
2. Serke – sirkə
3. Sib – alma
4. Somağ – sumağ
5. Səmənu – səməni (hil, qənd, cücərmiş buğda və yağla hazırlanan halva)
6. Senced – iydə/innab
7. Səbzi – göyərti
İranlılar bu yeməli şeyləri süfrələrinə qoyar və bu süfrəni salamatlıq, xoşbəxtlik və şadlıq baxımından xeyrə yozardılar. Qədim zamanlardan bəri müqəddəs hesab olunan yeddi rəqəmi yeddi Ölümsüz Müqəddəsə (Ameşa-Spenta, farsca; Əmşaspənd=Əmşasfənd), yaxud zərdüştlik ayininin ən böyük mələklərinə işarə edir.
[24]Ceyms Henri Brested kimi bir çox alimlərin araşdırmalarına əsasən iranlılar bir növ politeizm, yəni çoxallahlıq əqidələrinə sahib olmuş və eyni zamanda allahların allahına da diqqət etmişlər. Onlar göyün, suyun və s-in allahlarını müqədddəs bilir və onlara sitayiş edərdilər.
[25]Cəmşid xeyir və bərəkətin, yağışın yağmasının, bitkilərin yaşıllaşmasının, nemət və firavanlığın yolunu bağlamış Əhrimənə qalib gəldiyi üçün dübarə xeyir və bərəkət, nemət, yağış və bitkilərin yaşıllaşması başlamış və qurumuş hər bir zəmi, budaq və ağac yaşıllaşmış və bar vermişdir. Buna görə də insanlar demişlər: "Ruze-nou!” Yəni "yeni gün”. Novruz da "yeni gün” mənasını verir.
[26]Oduncağı efir yağı ilə zəngin olan ətirli, həmişəyaşıl tropik ağac
[27]"Biharul-Ənvar”, c. 104, s. 286
[28]"Bihar”, c. 59, s. 100, 101
[29]"Biharul-Ənvar”, c. 59, s. 101
[30]"Fihristun-Nəcaşi”, s. 417
[31]Müğeyriyyə qulab firqələrindəndir və Müğeyrə ibn Səid Əcəlinin tərəfdarlarındandırlar ki, İmam Zeynülabidin və İmam Mühəmmədbaqirdən sonra Müğeyrənin imam olduğunu qəbul edirdilər və Mehdi olaraq Mühəmməd ibn Abdullah ibn İmam Həsənin zühurunun intizarında idilər. Müğeyrə sonda peyğəmbərlik iddiası etdi. (Dəhxodanın "Lüğətnamə” əsəri, c. 36, s. 69)
[32]"Bihar”, c. 47, s. 87, 88
[33]Peyğəmbərin peyğəmbərliyə seçilməsi və insanları dinə dəvət etməyə başladığı gün
[34]Yəni xalq Cəmşidin başına daş-qaş səpdi.
[35]"Şahnamə”, Cəmşid, s. 42
[36]c. 1, s. 191
[37]"Biharul-Ənvar”, c. 59, s. 91


  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun