30 Mart 2020









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

İNSANLIĞA ÖRNƏK OLAN İNSAN

Yer üzündə həyatın necə meydana gəldiyini, hansı zamandan etibarən inkişaf edərək yayıldığını hələ də heç bir elm adamı dəqiq müəyyənləşdirə bilməmişdir. Bəlkə də, bu, kainatdan həyatın sona çatmasına qədər davam edəcək və bəşəriyyət üçün açılması mümkün olmayan ecazkar sirr olaraq qalacaqdır.
Yer üzündə mütləq cansızlıqdan sonra özünə həyat və can əta olunmuş varlıqlardan biri də insandır. İnsana can və həyat verilməklə yanaşı, onu digər canlılardan kəskin şəkildə fərqləndirən xüsusiyyətlər də verilmişdir. Bu fərqləndirici xüsusiyyətlərə əsasən insan həyatını başqa canlılara nisbətən, tamamilə fərqli bir şəkildə qurur. Digər canlıların həyatı isə, istər fərdi olsun, istər ictimai, tamamilə dəyişilməz qanunlara əsaslanaraq qurulur. Hər bir canlı varlığa da bu həyatı qurmaq üçün onun idrak etmədiyi bir qüvvədən dəyişilməz bir elm verilir. Ona görə də insandan qeyri canlı varlıqlarda inkişaf və geriləmə, mühit, ictimai tərbiyə və bu kimi məfhumlar təsəvvür olunmur. Min illər bundan əvvəl də yaşamış bal arısının həyat tərzi, işi və fəaliyyəti ilə zamanımızdakı bal arısının iş və fəaliyyəti arasında zərrə qədər də olsun heç bir fərq yoxdur. Onların toplum həyat tərzinə aid olan qanunları hamıya eyni tərzdə məlumdur. Lakin insanın fərdi və ictimai həyatı ağıl ilə ayırd etmə və seçmə hüququna malik olduğu üçün digərlərindən fərqlənir. Bütün canlılarda olduğu kimi insanda da nəfs qüvvəsi mövcuddur. Bunun işi ələ gətirmək, sahib olmaqdan ibarətdir. Bu nəfs deyilən həqiqətin istər heyvanlarda, istərsə də insanda olsun müxtəlif cəhətləri vardır. İnsan nəfsinə rəhbər olan ağlın, heyvan nəfsinə rəhbər olan ağıldan fərqi budur ki, insan bu ağılla yaxşını pisdən, gözəli çirkindən, azı çoxdan, varlığı yoxluqdan seçmək və intixab etmək hüququna malikdir. İnsan nəfsi isə ağlın bu seçkinliyi qarşısında azad buraxılmışdır. Ona görə də insan həyatı həddən artıq çox cəhətli və çox şaxəlidir. Bu çox yönlü və çox şaxəli ictimai və fərdi həyatında insan ağlının bir sıra məlumatlara və bu məlumatlar əsasında tərbiyə və inkişafa möhtaclığı hiss olunur.
İnsan həyatının varlığını bütövlükdə əhatə edən, ondan heç zaman ayrılmayan yönü onun dini inancı, etiqadı və onun əsasında gözəl tərbiyə və əxlaqa sahib olmasıdır. İnsan həyatının hər bir istiqamətində olduğu kimi din və inanc hissində də, həm öyrədilmə və təlimə ehtiyacı olmayan keyfiyyətlərə, həm də təlim və tərbiyəyə ehtiyacı olan xüsusiyyətlərə möhtacdır.
Bu inkar olunmaz bir həqiqətdir ki, bəşərin gözəl əxlaq və tərbiyəyə malik olması, onun hansı inanc və etiqada sahib olmasından irəli gəlir. Əgər bəşərin etiqad və inancı saf və dolğundursa, onun əsasında formalaşan əxlaq və ədəbi də saf və təmiz olacaqdır, yəni əgər bəşərin Allah və qiyamət etiqadı saf, təmiz və şəffaf olarsa, onun əxlaq və mənəviyyatı da şəffaf və təmiz olacaqdır. Bəşərin bütün fərdlərinin içində fitri olaraq Allah hissinin olması, bu hissə heç bir sapqınlığa uymadan yiyələnmək və bunun əsasında gözəl əxlaq və tərbiyəyə yiyələnmək üçün onların mütləq olaraq axtarış və araşdırma aparmaları labüddür. İnsanların arayıb axtarmağa möhtac olduğu bu düzgün əqidə və əxlaqın "Müəllimləri kim olmalıdır?” sualına cavaba gəldikdə isə deməliyik ki, onlar bu sahədə insanların bilmədiklərini bilən, materiya üstü aləmdən xəbərdar olan və elmlərində zərrə qədər də olsun ixtilaf və ziddiyyətin olmadığı kəslərdir. Onların ən əvvəlincisi kainatda həyatı icad edən, insanı yaradıb ona düzgün yolu göstərən və mütləq qeybi bilən Allahdır. Ondan sonra isə Allahın insanlar içərisindən seçdiyi, gözəl bir əxlaqla tərbiyə etdiyi, materiya üstü qeybi bilgilərlə bilgiləndirdiyi peyğəmbərlər və onların haqq canişinləridir. Onlar, həqiqətən, ilahi elmlə elmlənmiş, onun əxlaqı ilə tərbiyə və təzkiyə olunmuş şəxslərdir, çünki insan varlığının yaradıcısı Allah olduğu üçün onun həyatının müxtəlif sahələrinə, onun daxili hisslərinə, xəstəliklərinə, dərdinə və dəvalarına də tam və dolğun olaraq Allah agahdır. Ona görə də əqidəni öyrənib seçməkdə və gözəl əxlaqa sahib olmaqda, Allah və rəsullarına tabe olmayan insanlar həqiqətdə yolunu azmış, sapqınlığa düçar olmuş, düzgün əxlaq və mənəviyyata sahib olmamış insanlardır. Bu yolu seçmiş insanlar istər-istəməz əqidə qazanmaqda Allah və peyğəmbərlərindən qeyrilərinə tabe olacaq, özlərində qeyri-düzgün əqidə formalaşdırmadıqları üçün əxlaqı və mənəviyyatı pozğun və fəsada uğramış bu toplumun ardıcıllarına çevriləcəklər. Necə ki bu gün dünyamız əqidə və əxlaqı fəsada uğramış, pozğun və nizamsız cəmiyyət üçün səhnəyə çevrilmişdir.
Belə bir cəmiyyət heç bir nizama tabe olmadan, dünyada öz mənfur niyyətlərini həyata keçirmək üçün istənilən bir cinayət və fitnəni törətməkdən çəkinməyəcəkdir. Bugünkü dünyamızda törədilən vəhşiliklər, pul və mənfəət qullarına çevrilən siyasətçilərin heç nədən çəkinmədən törətdikləri fitnə və fəsadlar, əsrlərdir bəşəriyyətə hakim olan zillətin, əqidə və əxlaq böhranının gündən-günə şiddətlənərək davam etməsinin nəticəsidir. Bəşərin hər bir fərdi bu əxlaq və mənəviyyat böhranının fəsadlarını düşünməli, çıxış yollarını arayıb axtarmalıdır. Nicat və hidayət yolları isə göstərilmişdir. Allah insanlara gözəl əxlaq və mənəviyyat aşılamaq üçün Kitab və o Kitabın göstərdiyi yollara tam bələd olan, əxlaq və mənəviyyat nümunəsi peyğəmbərlər göndərmişdir. Qurtuluş və nicatın isə yalnız onlara tabe olub, əxlaqlarına uymaqda qərarlaşdırmışdır. İnsanlıq bunlara uymadıqca qurtulmayacaqdır!
Allah çox aydın və aşkar şəkildə öz müqəddəs Kitabında buyurur: "Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə aşkar etməz. Yalnız bəyənib seçdiyi peyğəmbərdən başqa! Allah onların önündə və arxasında gözətçilər qoyar ki, peyğəmbərlərinin öz Rəbbinin göndərdiklərini (necə) təbliğ etdiklərini bilsin” ("Cinn”, 26–28).
Bu ayə əqidə sahəsində düzgün etiqada yiyələnməkdə yalnız Allah və peyğəmbərinə söykənməyin vacibliyini bəyan edir, çünki labüddür ki, insan etiqadının böyük bir hissəsi qeybi həqiqətlərlə bağlıdır. Mütləq mənada qeybi bilən isə yalnız Allahdır. Allah isə bu həqiqətləri insanlara düzgün çatdırmaq üçün Öz Peyğəmbərinə öyrətmişdir.
Etiqadi məsələlərdə Allah Kitabına və Peyğəmbərin Sünnəsinə söykənmədən həqiqətləri insanlara izah etməyə çalışan fəlsəfi və ideoloji məktəblərin isə elmləri məhdud olduğu, qeybi həqiqətlərdən bixəbər olduqları üçün bütün rəy və nəzərləri zənn və ehtimal üzündən olacaqdır. Onların əqidəsinə uymuş bir toplumun inancı isə zənnə və gümana söykənən və qəti olmayan bir əqidə olacaq. Əqidədə olduğu kimi, əxlaqda da Allah müraciət etdiyimiz insanı müəyyənləşdirmiş və Öz əziz Peyğəmbəri Həzrət Mühəmməd (s)-ə xitab edərək buyurmuşdur: "(Ey Peyğəmbər!) Həqiqətən, sən çox böyük bir əxlaq üzərində göndərilmisən” .
Deməli, Peyğəmbərimizin əxlaq, rəftarı və davranışı ən üstün, ən gözəl və bütün nöqsan və qüsurlardan pak olmuş bir əxlaq və davranışdır. İnsanları xilas edəcək hər hansı nöqsan və qüsurdan paklayacaq əxlaq və ədəb də elə budur, çünki Peyğəmbər nəfsini ilahi iradəyə tabe etmiş və bir an belə olsun onu öz ixtiyarına buraxmadığı yeganə şəxsdir. Ona görə də onun müqəddəs və pak nəfsi ilahi sifət və keyfiyyətlərin göründüyü və zahir olduğu yer olmuşdur. Bu pak nəfs Allahın sevdiyi və bəyəndiyi bütün gözəl sifətləri qazanmış və nəfsə xoş gələn, lakin Allahın qəzəbləndiyi bütün çirkin və rəzalət sifətlərdən tamamilə paklanmışdır. Ona görə də insanlığın yetişə biləcəyi ən üstün mərhələ və insani dəyərlərin, humanistliyin, ülviliyin yeganə mənbəyidir Peyğəmbər əxlaqı. Kim Peyğəmbər əxlaqı ilə əxlaqlanmışdırsa, Allah əxlaqı ilə əxlaqlanmışdır, çünki Allah Öz Kitabında "Kim Peyğəmbərə tabe olarsa, Allaha tabe olmuşdur” – deyə buyurur.
Həmin ülvi əxlaqdır ki, tarixin ən qaranlıq və Cahiliyyət Dövründə əxlaqsızlıq və fəsad girdabına bürünmüş dönməz və inadkar bir qövmün içərisindən öz əxlaq və mədəniyyəti ilə bütün bəşəriyyətə örnək olan insanlar tərbiyə edib çıxartdı. Əli, Əbuzərr, Əbu Dərda, Əbdullah ibn Məsud həmin əxlaq və tərbiyənin yetişdirdikləri insanlar idi ki, sonralar minlərlə, milyonlarla insanların müəllim və mürəbbisinə çevrildilər. Bu gün bəşəriyyət bunu unutmamalıdır. Bu gün də həmin cəhalət, fəsad və əxdaqsızlıq davam edir və özünün ən son həddinə çatmaqdadır. Peyğəmbərin tarixini bilmədikcə, Peyğəmbərin həyatını öyrənib onun əxlaqına yiyələnmədikcə nə bir fərd, nə də bir cəmiyyət dəyərə və imtiyaza sahib ola bilər. Ona görə Allah diqqətimizi əziz Peyğəmbərə doğru yönəltmək üçün Quran-kərimin "Əhzab” surəsində belə buyurur: "Həqiqətən, Allah Peyğəmbərində sizin üçün Allaha və qiyamət günününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəklər vardır” . Peyğəmbəri sevib ona tabe olanlara Allah yardım etsin!
DADAŞ ƏLİBƏYLİ




  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun