16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

QƏMƏRİ AYLARIN BAŞLANĞICI HAQQINDA BİR ARAŞDIRMA

Araşdırma bundan ibarətdir ki, yeni ayın təbii dövriyyəsi başlasa, lakin biz onu görə bilməsək, yaxud bir şəhərdə Ay görünsə, lakin digər şəhərdə görünməsə, nə etmək lazımdır? Əgər bir şəhərdə ayın görünməməsinin səbəbi yalnız havanın buludlu olmasıdırsa, digər bir şəhərdə ayın görünməsi, əvvəlki şəhərin sakinləri üçün kifayət edər. Bəzən görünmə barəsindəki ixtilafın səbəbi iki şəhərin üfüqlərinin fərqli olmasıdır ki, bu halda dini mətnlər araşdırılmalıdır. Bu barədə həm əhli-sünnə, həm də şiə arasında ixtilaf vardır.
Şiə alimlərinin rəyi budur ki, Ayın həmüfüq, yaxud yaxın üfüqlü şəhərlərdə görünməsi hilalın isbatı üçün kifayət edir. Lakin bilinən uzaq üfüqlü şəhərlər üçün kifayət etmir. Lakin bəzi müasir etimadlı fəqihlər onu kifayət bilirlər. Muğniyənin kitabında deyilir ki, sünni alimləri arasında hənəfilər, malikilər və hənbəlilər Yerin hər hansı bir yerində görünməni kifayət bilirlər, lakin şafeilər bunun kifayət etmədiyinə inanır, şəhərlərin yaxın üfüqlü olmasını kifayət etmənin şərti hesab edirlər. Uzaq üfüqlü şəhərlər üçün görünmənin kifayət etdiyinə tərəfdar olanlar aşağıdakı dəlilləri irəli sürürlər:
"Qədr” surəsinə əsasən, Qədr gecəsi bütün yer əhli üçün birdir. Müxtəlif ifadələrlə ölçünün "görmək”dən ibarət olmasını qərarlaşdıran hədisi-şəriflərdəki mütləqlik, bir məntəqədə görmənin kifayət etməsinin səbəbidir və "digər şəhər”[1]də görünmənin kifayət etməsinin ifadə olunması bütün şəhərlərə şamil edilir.
Müxaliflərin dəlilləri isə bundan ibarətdir: Ayın bir şəhərdə görünməsinin digər bir şəhər üçün kifayət etməsi ifadəsindən mütləqlik başa düşülmür, əksinə həmüfüq və yaxud yaxın üfüqlü şəhərlərə "ürfi insiraf” (yəni ürfi baxımdan yönəlmə) mövcuddur[2]. Həmçinin "digər şəhər” ifadəsini, hətta Yerin ən uzaq nöqtəsində yerləşən bir şəhərə necə şamil edə bilərik?
Hər bir halda hilalın vaxtının vəhdəti barəsində qəti bir dəlil ortaya qoymaq mümkün deyil. Deməli, hər hansı bir fərdi, yaxud dövləti hilalın vaxtının təyininə məcbur edə bilmərik. Bu barədə dünya adamlarından da qorxmamalıyıq, əksinə öz üsullarımıza və dəlillərimizə uyğun hərəkət etməliyik.
Hər ay Ayın Yerlə Günəş arasındakı öz yerindən çıxması ilə başlayır (Bu elə bir vaxtdır ki, Ayın qaranlıq tərəfi Yerin qarşısında qərar tutur və bu səbəblə Ay Yerin sakinlərinə görünmür). Ayın bu yerdən çıxması ilə yeni ay başlamış olur ki, onun işıqlı yarı tərəfi hilal şəklində görünməyə başlayır (Bu vəziyyət "iqtirani hərəkətin başlaması” adlanır). Ay özünün gizlənmə zamanından nə qədər uzaqlaşırsa, bizə görünən hissənin ölçüsü böyüməyə başlayır və onun bütöv yarısı bədr şəklində bizə görünür. Bu vaxt Yer Ay ilə Günəş arasında qərar tutur.
Ayın başlanğıcında hilal Günəşin batdığı yerdə zahir olur, bu vəziyyətdə bir qədər üfüqün üstündə dayanır, sonra gözdən itir. Buna görə də bəzən Ayın görünməsi aşağıdakı mövzular kimi çətin, yaxud qeyri-mümkün olur:
a) Hilal Günəş batdıqdan sonra qərb üfüqünün üstündə az bir zaman görünür, ondan sonra qərb üfüqünün altında gözdən itir ki, bu surətdə aydın şəkildə görünmür və çox vaxt onun görünməsi çətin, yaxud qeyri-mümkün olur.
b) Hilalın işıqlı hissəsi Yerlə üzbəüz dayanır və sonra Günəşin batışından əvvəl üfüqün altında gözdən itir ki, bu vaxt Günəş mövcud olduqca hilalı görmək mümkün olmur.
c) Ayın Yer ilə üzbəüz olan işıqlı hissəsi çox zəif olur, çünki muhaq (Ayın batması) halından çıxışın başlanğıcındadır və bu vaxt adi gözlə görünmür.
Bu üç vəziyyətin hamısında həqiqətdə Ayın təbii dövriyyəsi başlamış olur, lakin biz ona baxa bilmirik. Lakin şəri ay hələ başlamamışdır. Şəri ayın başlamasının yalnız iki əsası vardır:
1. Ay muhaqdan çıxmağa başlamalı və onun işıqlı hissəsi Yer ilə üzbəüz dayanmalıdır.
2. Ayın işıqlı hissəsi adi gözlə görünməlidir. Buna görə də şəri-qəməri ay təbii-qəməri aydan bir qədər geri qalır.
İslam şəriətində meyar Ayın yalnız gözlə görünməsidir, nəinki cihazla olmasına baxmayaraq hər bir şəkildə görünməsi ki, bu surətdə bulud və duman kimi maneələrin varlığı görünməyə heç bir zərər vura bilməyəcək.
Həmçinin meyar Ayın elmi cihazlarla görünməsi deyildir, meyar yalnız adi gözlə və cihazsız görməkdən ibarətdir[3].

AYIN GÖRÜNMƏSİNDƏ ŞƏHƏRLƏRİN
FƏRQLƏNMƏSİ MƏSƏLƏSİ
Bəzən Ayın hilalı bir şəhərdə göründüyü halda digər bir şəhərdə görünmür. Bu vəziyyətdə hökm nədir?
Cavab budur ki, bəzən Ay havanın buludlu olması kimi bir maneənin olması ucbatından görünmür. Bu halda hilalın bir şəhərdə görünməsi, buludlu səması olan bir şəhər üçün də kifayət edir.
Bəzən isə hilalın görünməməsi üfüqlərin fərqlənməsi səbəbi ilədir, istər bu fərqlənmə uzunluq, yaxud endə olsun, istərsə də hər ikisində olsun.
Əvvəldə də qeyd etdik ki, şəri baxımdan Ayın görünməsi yalnız iki əsasa bağlıdır: Ayın muhaqdan çıxması və onun adi gözlə görünməsinin mümkünlüyü. Buna görə də Ayın öz şəri məfhumu ilə başlaması nisbi bir iş olacaq. İstər biz inanaq ki, reallıqda Ayın muhaqdan çıxması nisbi bir işdir, yaxud təkrar olunmayan təbii və vahid bir işdir, çünki muhaq məfhumu və Ayın gözdən itməsi vəziyyəti barəsində iki nəzəriyyə vardır. Bəziləri deyir ki, bu vəziyyət Ayın mərkəzinin Yerin və Günəşin mərkəzi arasında çəkilən xətt üzərində qərar tutması nəticəsində yaranır ki, bu halda Ay bütün yer əhlinin gözündən itir. Bəziləri də belə inanırlar ki, Ayın muhaq vəziyyəti onun qaranlıq tərəfinin Yerin bir məntəqəsi ilə üzbəüz qərarlaşması əsasında baş verir ki, bu, nisbi bir işdir.
Hər bir halda Ayı görmədəki nisbilik onun adi və çılpaq gözlə görünməsinin mümkünlüyündən qaynaqlanır. Ona görə də şəri mətnlərə müraciət olunmalıdır ki, ta bilək müqəddəs şəriət Ayın Yerin bir məkanında görünməsinin mümkünlüyünü yeni ayın başlanması məsələsində digər məkanlar üçün kifayət bilir, yaxud belə bir görünməni digər məkanlar üçün mötəbər bilmir?
Bu sahədə mətnlərin araşdırılmasında böyük alimlər arasında mühüm ixtilaflar yaranmışdır. Bu alimlər arasındakı ixtilafın sirrinin mətnlərin "insiraf”ı səbəbi ilə olması mümkündür ki, bu da "digər şəhərdə ayın görünməsi”[4] cümləsində öz əksini tapmışdır. Bəziləri deyirlər ki, bu ifadənin mütləq olması doğrudur. Lakin bu mütləqliyin üfüqi baxımdan hilalın göründüyü şəhərlə yaxınlığı olan bir şəhərə insirafı vardır.
Bəziləri isə bu insirafı qəbul etməmiş və demişlər: "Həmüfüq, yaxud yaxın üfüqlü şəhərlər olmasa da belə "digər şəhər” ifadəsi digər bir şəhərə şamil edilir, çünki bu ifadə mütləq olaraq qeydsiz zikr olunmuşdur”.

ŞİƏ ALİMLƏRİNİN GÖRÜŞÜ
Bütün şiə alimləri bu nöqtədə ittifaq edirlər ki, Ayın bir şəhərdə görünməsi yaxın üfüqlü şəhərlər üçün də kifayət edir, çünki belə bir vəziyyətdə yaxın üfüqlü şəhərlərdə Ayın görünməməsinin bir maneədən qaynaqlanması barədə elm (qəti bilgi) əldə edilmiş olur. Lakin müxtəlif üfüqləri olan uzaq şəhərlər barəsində deyilmişdir ki, keçmiş alimlər bu məsələni qəbul etməmişlər. Lakin müasir alimlərin məşhur rəyi budur ki, hilalın bir şəhərdə görünməsi o şəhərlə üfüq fərqi olan digər şəhərlər üçün kifayət etmir və onu digər şəhərlər üçün şəri ayın başlanğıcı hesab edə bilmərik. Əlbəttə, bir çox şiə alimləri və tədqiqatçıları belə inanırlar ki, bir şəhərdə Ayın görünməsi digər şəhərlər üçün də kifayət edir. Bu fikri mərhum Əllamə Helli "Təzkirə” adlı kitabda bəzi alimlərdən nəql etmiş və özü də "Müntəha” kitabında tam açıqlıqla bu fikri əxz etmişdir. Şəhid Əvvəl də "Durus” kitabında bu fikri ağlabatan hesab etmiş, həmçinin mərhum mühəddis Kaşani də "Vafi” kitabında bu fikri açıq şəkildə əxz etmiş və bu barədə aşağıdakı rəvayəti qeyd etmişdir: "Bəsri deyir: "Şaban ayının 29-u hava bizim üçün buludlu olduğu vaxt ramazan ayının hilalı barəsində İmam Sadiqdən soruşdum. İmam cavab verdi: "Hilalı görməmiş oruc tutma. Əgər digər bir şəhərin sakinləri o gündə Ayın göründüyünə dair şahidlik etsələr, o günün orucunu qəza et!”[5]
Mərhum Feyz Kaşani bu rəvayətin haşiyəsində deyir: "İmamın "Əgər digər bir şəhərin sakinləri o gündə Ayın göründüyünə dair şahidlik etsələr, o günün orucunu qəza et!” – deməsinin səbəbi budur ki, əgər bir şəhərdə bir fərd ayı görərsə, bu o deməkdir ki, həqiqətdə min nəfər insan Ayı görmüşdür. Deyildiyi kimi, zahirən Ayın göründüyü şəhərin görünməyən şəhərə nisbətən yaxın, yaxud uzaq olması arasında heç bir fərq yoxdur, çünki əvvəla təklif görünmənin mümkünlüyü üzərində yox, görünmənin özü üzərində bina olunmuşdur. İkincisi, (şəhərin) yaxın və uzaq olması ümumi camaat üçün məlum deyil. Üçüncüsü, ləfz ("digər bir şəhər” ifadəsi) mütləq olaraq gətirilmiş və "digər şəhər” ifadəsi qeydsiz zikr olunmuşdur. Bizim müasir fəqihlərimiz arasında məşhur olmuşdur ki, yaxın üfüqlü, yaxud uzaq üfüqlü şəhər bir-birindən fərqlənir və bunun ardınca ictihad vasitəsi ilə uzaq və yaxın olmağın təfsirində də fəqihlərin kəlamının bir-birindən fərqlənməsi əsassızdır”[6].
Mərhum Şərani Feyz Kaşaninin sözünə yazdığı şərhdə belə deyir: "Şəriət qəməri ayı görünmənin mümkünlüyü ilə əlaqələndirmişdir. Gərək diqqət edək ki, hər bir məntəqədəki ayı həmin məntəqədə görünmənin mümkünlüyü ilə əlaqələndirmişdir, ya bütün məntəqələrdəki ayı hər hansı bir məkanda görünmənin mümkünlüyü ilə əlaqələndirmişdir? Şəri dəlillərdən başa düşdüyümüzə əsasən reallığa yaxın olan odur ki, görünmə bir məkanda mümkün olarsa, bütün məntəqələr üçün kifayət edər. Deməli, əgər hilal bir şəhərdə görünərsə, digər şəhərlərdə də sübuta yetmiş olur”.
Həmin fikri Şeyx Yusif Bəhrani (h.q. 1107-1186) "Hədaiq” kitabında təsdiq etmiş, "Cəvahir” kitabının müəllifi (Şeyx Mühəmmədhəsən) də bu fikrə meyil etmişdir, baxmayaraq bu fikri qəbul etdiyini izah etməmişdir. Həmçinin Nəraqi "Müstənəd” kitabında, Seyid Əbutürab Xansari "Nicatul-İbad” kitabının şərhində, Seyid Həkim "Müstəmsik” kitabında bu fikrə meyil etmişlər. Kitabdakı mətn belədir: "Uzunluq üfüqündə iki şəhərin bərabər olmasının bilinməsi ilə iki şəhərdən birində hilalın görünməsinin bəyyinəsinin digər bir şəhər üçün dəlil olmasında heç bir işkal yoxdur. Əgər hilal şərq şəhərlərində görünərsə, bu halda qərb şəhərləri üçün daha yaxşı bir yolla sübuta yetmiş olur. Lakin hilal qərb şəhərlərində görünərsə, rəvayətin mətninin ("digər şəhər” ifadəsinin) mütləqliyinə əsaslanmaq uzaq görüş deyil. (Lakin digər şəhərlərdə görünməmə barəsində elm əldə edilməsi istisnadır. Bu vəziyyətdə hökmi-zahiri üçün heç bir macal qalmır). Və "insirafi-ləfz” iddiası etmək və onu iki yaxın üfüqlü şəhərə münhəsir etmək sübuta yetməmişdir”[7].
Əbülqasım Xoyi "Minhacus-Salehin” kitabında həmin fikri demiş və təsdiq etmişdir: "Bu fikir (yəni bir şəhərdəki görünmənin üfüq fərqi olmasına baxmayaraq, digər bir şəhərdə hilalın sübuta yetməsi üçün kifayət etməsi fikri) daha qüvvətli və daha aydın bir fikirdir”[8].
Mərhum Seyid Mühəmmədbaqir Sədr "əl-Fətavəl-Vadihə” kitabında bu fikri bəyənmişdir[9].
Mərhum Şeyx Kaşifulğita "əl-Firdausul-Əla” kitabında yazır: "Sual: Əgər asimanda maneə olmasa, şəhərdəki bəyyinə hilalın sübuta yetməsi üçün dəlildir, ya yox?
Cavab: Bu sualda bir növ icmal vardır. Lakin külli (ümumi) qayda budur ki, bəyyinənin höcciyyətinin (dəlil olmasının) dəlilləri mütləqdir və onun mövzusu həqiqət tapdıqdan sonra bəyyinənin uzaq olması, yaxud onda şəkk edilməməsi ilə müqəyyəd deyildir. Lakin insanın bəyyinənin səhv olmasını bilməsi istisnadır. Deməli, hilalın görünməsi barəsindəki bəyyinənin şəhərin özündə, yaxud xaricində, şəhərdən uzaqda və yaxud onun yaxınlığında olması arasında heç bir fərq yoxdur”.

Digər bir rəy isə bunun kifayət etməməsi rəyidir. Bu fikrin də tərəfdarları vardır. İmam Xomeyni bu fikri izah etmişdir. Belə deyir: "Əgər bir şəhərdə hilal sübuta yetərsə, lakin başqa bir şəhərdə sübuta yetməzsə, əgər hər iki şəhər də üfüq baxımından bir-birinə yaxın olsa, yaxud həmüfüq şəhərlər olsalar, kifayət edir, əks halda kifayət etmir”[10].

SÜNNİ ALİMLƏRİNİN GÖRÜŞÜ
Əllamə Muğniyə özünün "Beş Məzhəbə Əsasən Fiqh” kitabında yazır: "... Hənəfilər, malikilər və hənbəlilər deyirlər ki, hilalın görünməsi Yerin bir bölgəsində sübuta yetərsə, yaxın və uzaq olması arasında heç bir fərq olmadan digər bölgələrin sakinlərinə də vacibdir. Şiələr və şafeilər deyirlər ki, əgər bir şəhərin əhalisi Ayı görsə, lakin başqa şəhərin əhalisi onu görməsə, əgər o şəhərlər Ayın doğduğu yer baxımından yaxın olsalar (yəni yaxın üfüqlü şəhərlər olsalar), onların hökmü birdir, lakin mətlə baxımdan (yəni üfüq və Ayın doğduğu zaman baxımından) fərq olarsa, hər bir şəhərin özünə məxsus hökmü vardır”[11]. Lakin biz bildik ki, üfüq fərqi olduqda, şiə alimlərinin də fikri müxtəlifdir. Müğniyənin dediyi şiə alimləri arasındakı məşhur fikirdir.
İmam Mühəmməd Qəzali "İhyaud-Din” kitabında yazır: "Əgər hilal bir şəhərdə göründüyü bir halda, digər bir şəhərdə görünməzsə və məsafə baxımdan o ikisi arasındakı ölçü fasiləsi iki günlük yoldan az olarsa, hər iki şəhərin əhalisinin oruc tutması vacibdir. Lakin məsafə çox olarsa, hər bir şəhərin özünə məxsus hökmü vardır. Bu vəziyyətdə orucun vacibliyi bir şəhərdən digər bir şəhərə sirayət etmir”[12].

BİR ŞƏHƏRDƏ HİLALIN GÖRÜNMƏSİNİN
DİGƏR ŞƏHƏRLƏR ÜÇÜN KİFAYƏT ETMƏSİNƏ
TƏRƏFDAR OLANLARIN DƏLİLLƏRİ
Hər şeydən əvvəl "Qədr” surəsini xatırladırlar ki, bu, Yer sakinlərinin şəhərlərinin üfüqlərində fərqlilik olmasına baxmayaraq, Qədr gecəsinin onlar üçün yalnız bir gecə olduğuna dəlalət edir, çünki Quran bir gecədə nazil olmuşdur. Və bu gecə min aydan daha xeyirli olan və işlərin ilahi hikmətə əsasən ayırd olunduğu Qədr gecəsidir və o gecə Yer kürəsinin bütün məntəqələrini əhatə edir.
Qeyd olunan əvvəlki qurani dəlildən sonra bəzi rəvayətlər zikr olunur. Onların bəzilərini sizin nəzərinizə çatdırırıq:
1. Peyğəmbər buyurmuşdur: "Ayı görməklə oruc tutun və (yeni) Ayı görməklə də iftar edin (orucu yeyin)!”[13] Bu hədisi-şərif bütün ümmətə ümumi bir müraciətdir. Deməli, hər bir kəs hər bir məkanda Ayı görərsə, onun bu görməsi hamı üçün görmə hesab olunur.
2. Hişam ibn Həkəmin səhihəsində (səhih rəvayətində) İmam Sadiqdən nəql olunur ki, Həzrət 29 gün oruc tutan şəxs haqqında buyurdu: "Bu şəxsin hilalın görünməsinə əsasən oruc tutan şəhər əhlindən ədalətli bəyyinəsi (bərabərdir iki ədalətli şəxsin şəhadətinə) olarsa, bir günü qəza etməlidir!”[14]
İmam hökmü bəyan etmə məqamında olmasına baxmayaraq, şəhərlər arasında fərq qoymadan, orucun qəzasını şəhər əhlinin ədalətli şəhadətinə bağlı bilmişdir. Halbuki şəhərlər arasında fərq olsaydı, bildirilməsi vacib olardı.
3. Əbubəsirin səhihəsində (bir fikrə əsasən həsənəsində) qəzası tutulan ramazan ayının bir günü haqqında İmam Sadiqdən soruşulduqda belə cavab verdi: "O günü qəza etmə! Namaz qılanlardan iki ədalətli şahidin ayın nə vaxt başlaması barəsində şəhadət verməsi istisnadır”. İmam buyurdu: "Qəzası tutulan o günü oruc tutma! Lakin şəhər əhlinin qəza etməsi istisnadır. Əgər onlar belə etsələr, sən də o günün orucunu tut!”[15]
4. İshaq ibn Əmmarın səhihəsində deyilir: "29 şabanda hava buludlu olduğu halda ramazan ayının hilalı haqqında İmam Sadiqdən soruşduqda belə cavab verdi: "Ayı görməmiş oruc tutma! Lakin digər bir şəhərin əhalisi Ayı gördüklərinə dair şahidlik etsələr, sən o günün orucunu qəza et!”[16]
5. Əbdürrəhman ibn Əbiəbdillahın səhihəsində deyilir: "Şabanın 29-u hava bizim üçün buludlu olduqda ramazan ayının hilalı barəsində İmam Sadiqdən soruşdum. İmam belə cavab verdi: "Ayı görməmiş oruc tutma!” Lakin digər şəhərin əhalisi ona şahidlik etsələr, o günün orucunu qəza et!”[17]
6. Bu qrup digər bir rəvayətə də əsaslanmışdır. "Təhzib” kitabında İmam Baqirdən nəql olunan rəvayət buna misal ola bilər. İmam buyurur: "Fitr bayramı camaatın iftar etdiyi bir gündür. Qurban bayramı da camaatın qurban kəsdiyi gündür. Oruc da camaat oruc tutduqda tutulmalıdır”[18].
Əbülcarud yolu ilə nəql olunan rəvayətdə də deyilir: "İmam Baqirin belə dediyini eşitdim: "Camaat oruc tutduqda oruc tut, camaat orucunu yedikdə orucunu ye, çünki Allah hilalları camaat üçün vaxtların təyin olunması zamanı qərarlaşdırmışdır”[19].
7. Bayram namazının qılınma qaydası haqqında nəql olunan rəvayətlərin çoxunda qunutda oxunması lazım olan duada bu hissə gözə çarpır. "... Müsəlmanlar üçün bayram olaraq qərarlaşdırdığın bu gündə səndən istəyirəm...” Duadakı "Bu gün” (ərəbcədə "Hazəlyaum”) kəlməsi üfüqlər arasında ixtilaf olmasına baxmayaraq, bütün Yer əhli üçün müəyyən bir günə işarə edir[20].
Bu qrup məsum İmamdan rəvayət olunmuş duaya da əsaslanmışdır. Duada deyilir: "Və onun görünməsini bütün camaat üçün bərabər görünmə qərar vermisən”.
Bütün bunlara əlavə olaraq deyilməlidir ki, hətta bir zəif rəvayətdə belə işarə olunmamışdır ki, əgər şəhərlər bir-birinə yaxın olsalar, bir üfüq hesab olunurlar. Buna əsasən bir-birinə yaxın olan bir çox şəhərləri bir üfüqdə qərarlaşdırmaq və o qədər də uzaq görünməyən uzaq şəhərləri digər üfüqdə göstərmək əsassızdır.

BİR ŞƏHƏRDƏ HİLALIN GÖRÜNMƏSİNİN
DİGƏR ŞƏHƏRLƏR ÜÇÜN KİFAYƏT ETMƏSİNƏ
MÜXALİF OLANLARIN DƏLİLLƏRİ
Bu müxaliflərin sözlərindən görünür ki, başlanğıcdan qətiyyətlə "ürfi insiraf” ("insirafi-ürfi”) məsələsi üzərində dayanırlar. "Digər şəhərdə görünmə” ifadəsindən istifadə etmiş və bildirmişlər ki, "digər şəhər” ifadəsi doğru və mütləqdir və bütün digər şəhərlərə şamil edilir. Lakin bu ifadədə Ayın göründüyü şəhərlə uzunluq və en baxımından yaxın üfüqlü hesab olunan şəhərə insiraf və təmayül vardır. Bu vəziyyətdə qayda yalnız bir-birinə yaxın şəhərlər barəsində eyni rəy hökmünü verir. Diqqət etdikdə görürük ki, bu ürfi insiraf aşağıdakı məsələlərə diqqət etməklə təsdiq olunur:
a) "Digər şəhər” ifadəsinin işləndiyi rəvayətdə Yerin ən uzaq nöqtəsində yerləşən şəhərlərin də nəzərdə tutulması məsələsinin uzaq görüş təsəvvür edilməsi.
b) Ürfün Ayın doğuş vaxtlarının fərqlənməsinin Günəşin müxtəlif vaxtlarda çıxması ilə müqayisə və təşbih edilməsinə israr və təkid etməsi; Baxmayaraq ki, bu müqayisə batildir. Lakin hər halda bu ürfi inam kəlamın zahirinin bütün şəhərləri əhatə etməsi anlayışından insiraf etməsinə səbəb olur. Və bu məsələ səbəb olur ki, əgər həqiqətdə "digər şəhər” deyildikdə istər yaxın, istərsə də uzaq şəhər nəzərdə tutulsaydı, o halda rəvayətlərdə yaxın, yaxud uzaq şəhər arasında heç bir fərqin olmadığının aydınlaşdırılması lazım gələrdi. Rəvayətlərdə belə bir izah və aydınlaşdırma olmadığı üçün "digər şəhər” ifadəsindən yalnız yaxın şəhərin başa düşülməsindən ibarət olan ürfi inam və anlayış qəbul edilmişdir.
Görünmənin kifayət etməsinə tərəfdar olanların "Qədr” surəsindən dəlil gətirmələrinə cavab olaraq deyilmişdir ki, ola bilsin ki, o gecə Allahın elmində yalnız bir gecədən ibarətdir və bu məsələ hökmi-zahiri ilə bu şəhərlə digəri arasında fərqlənir. Onların Peyğəmbərin sözünə əsaslanmalarına ola bilsin belə cavab verilə bilər ki, hökm külli və ümumi olmasına baxmayaraq, çoxlu fərdlərin və şəhərlərin ölçüsü ilə bu hökm də ləğv olunur və çoxalır, ələlxüsus qeyd olunan "insiraf qaydası”nı nəzərə almağımız lazımdır.
Bu yolla da zikr etdikləri digər dəlillərdən cavab verilmiş olur. Bunlardan əlavə rəvayətlərin sənədində də zəiflik vardır. Həmçinin deyirlər ki, rəvayətlər üfüq birliyi haqqında danışmamış və sükut etmişdir. Bu sükut görünmənin kifayət etməsinə tərəfdar olanların əleyhinə bir dəlil ola bilər, çünki bu rəvayətlər uzaq və yaxın şəhərlər arasında fərqin olmadığını bəyan etməmişdir, halbuki camaat arasında bu fərqin varlığı ənənəvidir (adidir). Deməli, rəvayətlər yaxın şəhəri uzaq şəhərdən fərqləndirməmək istəsəydi, bu fərqin olmadığını bəyan etməsi lazım gələrdi.
Hər bir halda bu məsələnin mənşəyi kəlamın zahirinin başa düşülməsi ilə əlaqədardır. (Diqqət edilsin – X. Q. ) Deməli, qəti bir dəlil ortaya qoymaq mümkün deyil, çünki məsələ barəsində dəqiq bir mətn yoxdur. Buna əsasən biz belə etiqad edirik ki, qəməri ayların vahidləşdirilməsi məsələsi, ixtilaflar mövcud olduqca uyğun gəlməyən bir işdir, faydalanması və ümumi bir nizamın yaradılması mümkün deyil. İstər ictihad qapısının açıq olmasına, istərsə də bağlı olmasına qail olaq, çünki fikirlərin ərz edilməsi ilə görürük ki, bu məsələdə məzhəblər arasında müxtəliflik var və ictihad qapısının açıq olmasına tərəfdar olan müctəhidlərin də fikirləri müxtəlif və pərakəndədir. Vəziyyət belə olduqca fərd və ya dövləti bəzən inanmadığı xüsusi bir nizama məcbur etmək mümkün deyil. Ayın başlamasının vahidliyi haqqında necə bəyanat vermək olar?! Lakin bu barədə müsəlman icmasının rəhbərinin (Vəliyyi-Əmri-Müslimin) göstəriş verməsi istisnadır.


"Əndişeye-Təğrib” jurnalı
Müəllif: Mühəmmədəli Təsxiri
Ərəbcədən tərcümə: Mühəmmədəli Əsədinəsəb
Farscadan tərcümə: Xəyyam Qurbanzadə

--------------------------------------------------------------------------------


[1] "Bir şəhərdə hilalın görünməsinin digər şəhərlər üçün kifayət etməsinə tərəfdar olanların dəlilləri” bölməsindəki 4-cü və 5-ci hədislərə baxılsın.
[2] İzah: Bəzi üsul alimləri "insiraf”ı "mütləqə bağlanmanın maneəsi” kimi başa düşmüş və demişlər: "Zehnin, ləfzin bəzi misdaqlarına, yaxud bəzi qisimlərinə doğru dönməsi (insirafı) mütləqə bağlanmanın maneəsidir, hətta hikmət müqəddimələri kamil olsa da belə”.
[3] Ayətullah Mühəmmədəli Təsxirinin dediyi bu fikir şiə alimləri arasındakı məşhur bir fikirdir, lakin dini rəhbər Seyid Mühəmmədhüseyn Fəzlullah hilalın felən görünməsə də yaxınlaşdırıcı cihazlarla görünməsinin mümkünlüyünü şəri-qəməri ayın başlanmasının əsaslarından biri hesab edir və belə fitva verir: "... Görmənin adi (çılpaq) gözlə olması şərt deyildir, eynək və ondan qeyrisi kimi yaxınlaşdırıcı vasitələrə də etimad etmək səhihdir. ...” ("Əhli-Beyt Məzhəbində Namaz və Oruc”; s. 236)
[4] "Bir şəhərdə hilalın görünməsinin digər şəhərlər üçün kifayət etməsinə tərəfdar olanların dəlilləri” bölməsindəki 4-cü və 5-ci hədislərə baxılsın.
[5] "İstibsar”; c. 2, s. 64, 206-cı hədis
[6] s. 20
[7] "Müstəmsik”; c. 8, s. 481
[8] "Minhacus-Salehin”; c.1, c. 274
[9] "əl-Fətavəl-Vadihə”; s. 519
[10] "Təhrirul-Vəsilə”; c. 1, s. 297
[11] s. 162
[12] c. 1, s. 232
[13] "Biharul-Ənvar”; c. 55, s. 356
[14] "Vəsailuş-Şiə”; c. 4, "Əbvabu Əhkami Şəhri Rəməzan”; f. 5, h. 13
[15] "Vəsailuş-Şiə”; f. 12, h. 1
[16] "Təhzibul-Əhkam” c. 4, s. 178, h. 493
[17] "İstlbsar”; c. 2, s. 64, h. 206
[18] "Təhzibul-Əhkam” c. 4, s. 317, h. 966
[19] "Təhzibul-Əhkam”; c. 4, s. 164, h. 462
[20] "Minhacus-Salehin”; c. 1, s. 283





  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun