16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

RAMAZAN AYINDA DÜZGÜN QİDALANMA

Müsahibimiz: Həkim-terapevt Şirin Mirxudayevdir
Qidalanma insan orqanizmi üçün çox vacib olan bir amildir, yəni qidalanmada səhvlər sağlam insanların səhhətinə müəyyən dərəcədə zərər vura və yaxud düzgün qidalanma problemlərlə üzləşən insanların sağlamlığının bərpasında mühüm rol oynaya bilər.
Düzgün qidalanmanın əsas şərtlərindən biri budur ki, insan doyunca yeməməlidir. Səhər və günorta qida məhsulları əsaslı şəkildə qəbul olunmalı, şam qidaları isə yüngül və nisbətən az kalorili olmalıdır ki, yuxu prosesində narahatlıq yaratmasın.
Qida məhsulları, ümumiyyətlə, Azərbaycanda həm təbiiliyinə, həm də keyfiyyət göstəricilərinə görə üstün olub başqa ölkələrdən çox fərqlidir. Bu baxımdan Azərbaycan mətbəxi hər cəhətdən çox zəngindir. Həm keyfiyyətli, həm də dadlı qida məhsullarının həddən ziyadə qəbulu insanın sağlamlığına xeyirdən çox ziyan vura bilər, problemlər yaradar. Bunlar əsasən mədə-bağırsaq sistemində, qaraciyər, öd kisəsi, mədəaltı vəzi və başqa orqanlarda yarana bilər. Buna yol verməmək üçün hər kəs özünə fərdi qaydada qida norması təyin etməlidir. Qəbul etdiyi qidalar elə tərkibdə olmalıdır ki, insanı incitməsin.
Qidalanmada istiotlu, duzlu, çox yağlı, qızardılmış yeməklərdən nisbətən uzaq olmaq lazımdır. Bununla yanaşı qida məhsulları içərisində meyvə-tərəvəzə üstünlük verilməsi əsas şərtlərdən biridir. Düzdür, respublikamızda ilin müəyyən dövründə bu məhsulların nisbi çatışmazlığı yaranır, lakin ilin digər fəsillərində meyvə-tərəvəzi bol-bol qəbul etməklə, vitamin çatışmazlığını kompensasiya etmək olar.
Müəyyən dini ibadətlər ilə məşğul olan insanlar və yaxud ramazan ayında günün müxtəlif saatlarında qida qəbul edənlərə belə bir məsləhət vermək olar ki, günün birinci yarısında qəbul edilən qida, yəni səhər yeməyi nisbətən yüksək kalorili olmalıdır ki, gün ərzində insan aclıq hissini ağrılı keçirməsin.
Rəsmi tibbdə də aclıqla müalicə mövcuddur. Bu da müxtəlif xəstəliklərlə, yəni mübadilə pozuntuları gedən xəstəliklərlə, məsələn, piylənmə və s. ilə bağlıdır. Müəyyən daxili orqanların xəstəlikləri, o cümlədən allergik xəstəliklərdə, bronxial astmada aclıqla müalicə tövsiyə olunur. Aclıqla müalicə o demək deyil ki, insan bütün gün ərzində heç bir qida qəbul etməməlidir. Qida hökmən gərəklidir. Ona görə ki, insan gündəlik fəaliyyətində itirdiyi enerjisini bərpa etməlidir.
Sözü gedən prosesdə isə həmin adətlərə riayət edən insanlar qəfil çox yeməkdən uzaq olmalıdırlar, yəni müəyyən saat aclıq keçirmiş insan birdən artıq qida qəbul edərsə, o zaman onun həm mədə-bağırsaq sistemində, ürək-damar sistemində, həm də əsəb sistemində narahatlıq yaranar. Düzdür, bu heç də hamıda baş vermir və ağrısız keçir. Onlar bu vəziyyətə tez uyğunlaşırlar, yəni ilk 3-5 gün ərzində davam edən mərhələyə uyğunlaşma dövrü deyilir. O dövrdən sonra isə artıq bu həyat tərzinə uyğunlaşırlar.
Digər tərəfdən isə müəyyən xəstəliklərdən əzab çəkən insanlar var, yəni bunlar əsasən mədə-bağırsaq sistemi xəstəlikləri və mübadilənin pozulması ilə əlaqədar şəkərli diabetdən əziyyət çəkən insanlardır. Ümumiyyətlə, şəkərli diabetdən əziyyət çəkən xəstələrə aclıq keçirmək məsləhət deyil, çünki onlar şəkər əleyhinə gündəlik dərmanlar qəbul etdikləri zaman hökmən qidalanmalıdırlar. Hərgah onlar o qaydaya riayət eləməsələr, onlarda xəstəliklə bağlı ağır fəsadlar baş verə bilər. O insanlarda şəkərin kəskin düşməsi elə vəziyyətə gətirib çıxarır ki, onlarda güclü ürək döyünməsi, tər basma, huş itirmə, qıc olmalar müşahidə olunur. Buna yol verməmək üçün şəkərli diabetdən əziyyət çəkən xəstələr, ümumiyyətlə, orucluq ayında ayinlərə riayət etməməlidirlər.
Mədə-bağırsaq sistemi xəstəlikləri içərisində xora, qastrit, mədəaltı vəzi xəstəlikləri, o cümlədən öd kisəsinin xəstəliyi olduğu halda, həmin qida rejimini qorumaqla, onlar qida məhsulunun artıq qəbul olunmamasına birinci növbədə riayət etməlidir.
Qida məhsulu az miqdarda qəbul olunmalı, yaxşı çeynənməlidir. Həmin dövrdə bu cür xəstələr, ümumiyyətlə, adı çəkilən yağlı, duzlu, qızardılmış, hisə verilmiş yeməklərdən uzaq olmalıdırlar.

Hazırladı: Fərid İsrafilov





  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun