15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

ƏLLAMƏ ŞEYX MÜHƏMMƏDTƏQİ QUMMİ

"DARUT-TƏQRİB”İN MÜASİRİ

HƏYATI VƏ TƏHSİLİ

Elm və bilik əhli olan bir ailədə hicri-şəms tarixinin 1289-cu ilində (m. 1910-cu il) müqəddəs Qum şəhərində bir körpə dünyaya gəldi. Onun adını Mühəmmədtəqi qoydular. Atası Şeyx Əhməd din alimlərindən və Tehran şəhərinin böyük qazılarından biri idi. Onun yeddi arxa əcdadı da din alimlərindən hesab olunmuşdur. Onların yaşadığı ev insanların dini və ictimai problemlərinin həlli üçün bir müraciət yeri idi. Mühəmmədtəqi belə bir ailədə böyüyüb boya-başa çatmışdır. Elə uşaqlıq və gənclik illərindən elm və bilik mühiti ilə tanış olmuş, elm öyrənməyə böyük səy göstərmişdir.

O, ibtidai təhsilini Tehranda almış, eləcə də Quranı əzbərləməyə, ərəb dili və ədəbiyyatını öyrənməyə başlamışdır. Orta məktəb təhsilini bitirdikdən sonra ali ədəbiyyat məktəbinə yollanır. Bu arada o, fransız dilini öyrənməklə və eyni zamanda dini elmlərin təhsili ilə də məşğul olur. Fiqh elmində  məşhur olan ustadlarının diqqəti altında o, üsul, kəlam və sair dini elmləri öyrənib tədqiqat aparmağa başlayır. Mühəmmədtəqi elmi səylərinin davamında üç dil; fars, ərəb və fransız dilləri ilə yanaşı ingilis dili ilə də tanış olur. Bu səbəbdən o, geniş mənbələr əldə edə bilir və onların əhatəsi ilə hər zaman öz məlumatlarını artırırdı. Beləliklə, bir neçə müddətdən sonra professorluq dərəcəsinə yetişir və elmi-mədəni sahədə fəaliyyət göstərməyə başlayır.

 

DAHA ÇOX "TƏQRİB”Ə ÜZ TUTMAĞIN SƏBƏBLƏRİ

Əllamə Şeyx Mühəmmədtəqi Qumminin altmış illik fəaliyyətinə müxtəsər bir nəzər yetirdikdə onun İslam məzhəbləri arasında yaxınlaşdırma məsələsinə dair xüsusi səy göstərdiyi müşahidə olunur. Lakin onun müxtəlif yönlərini nəzərə çatdırmazdan əvvəl, bu şəxsiyyətin "Təqrib”ə (məzhəbləri yaxınlaşdırma fəaliyyətinə) üz tutmasının səbəblərinə toxunmaq və bunu araşdırmaq daha münasibdir. O, İslam ümmətinin digər islahatçıları kimi İslam cəmiyyətinin ümumi nizamsız vəziyyətindən, xüsusilə də sünni və şiə məzhəbləri arasındakı toqquşmalardan olduqca əziyyət çəkirdi. Onun zamanında acınacaqlı bir hadisə – Peyğəmbər (ə) nəslindən olan bir iranlı hacının müqəddəs Kəbə evini təhqir etməsi ittihamı ilə öldürülməsi (edamı) baş verdi. Hadisənin xülasəsi belə idi ki, iranlı hacılardan birinin təvaf zamanı ürəyi bulanır və təvaf edənlərin arasından özünü qırağa çəkə bilmir. Bu zaman təvafın və məscidin yeri bulaşmasın deyə köynəyinin ətəyini yığıb oraya qusur. Sonra sürətlə məsciddən xaric olmaq istədikdə polis onu tutub ətəyində nə olduğunu soruşur. Hacı ərəbcə danışa bilmədiyindən hadisəni ona farsca başa salmağa çalışır. Lakin onu başa sala bilmir. Polis onu məhkəməyə təhvil verir. O zamanlar ya farsdilli tərcüməçilər yox idi, yaxud özləri tərcüməçi axtarışında olmadılar və öz təsəvvürləri, iranlılara və şiələrə qarşı yanlış yanaşmaları əsasında elə təsəvvür etdilər ki, bütün iranlılar həcc üçün Nəcəf və Kərbəlaya gedirlər və onların Məkkəyə gəlməsi yalnız Allahın evini təhqir etmək üçündür!! Və sonra nəticə çıxardılar ki, bu şəxs Kəbəni nəcis edərək ehtiramsızlıq göstərmək niyyətində olmuşdur, ona görə də edam hökmü çıxardılar... və hökmü icra etməklə boynunu vurdular!!!

Bu acınacaqlı hadisə Mühəmmədtəqinin ruhunu silkələmiş və onu müxtəlif məzhəblər arasında sülh, məhəbbət və vəhdət ruhu icad etmək, kin və təfriqə amillərini aradan qaldırmaq kimi böyük bir iş görməyə vadar etmişdir.

 

LİVANA SƏFƏR

O, bu səbəbdən fəaliyyətə başlamaq üçün birinci Misiri seçdi. Bu da bir neçə cəhətdən əhəmiyyətli idi. Onlardan ən mühümü dünyada ən böyük İslam Mərkəzi olan əl-Əzhər Universitetindən faydalanmaq idi. Lakin Şeyx ərəb dilini mükəmməl bilmədiyi üçün ərəbcə danışıq dilini daha yaxşı mənimsəməkdən ötrü öncə Livana müsafirət etdi.

O, qalmaq üçün kəndlərdən birini seçdi ki, gecə-gündüz boyunca qocalar və cavanlarla ünsiyyət bağlayıb söhbətlər aparsın və bu yolla da bir neçə ay ərzində ərəb dilində danışığa yiyələnsin.

Şeyx Mühəmmədtəqi bu zamanlar haqqındakı xatirələrində – bəzi məqalələrində qeyd etmişdir – xristian bir kişinin əhvalatını nəql edir. O, kənd əhlinin dostluq və məhəbbətini qazanmağa çalışır, kənd camaatı da onu sevir, xüsusi hörmət bəsləyirdilər. Bu elə bir həddə gəlib çatmışdı ki, o, küçəyə çıxdığı zaman camaat onun ətrafına toplaşır, onunla söhbət edir, əllərindən öpürdülər.

Bu cür məhəbbətli yanaşmalar Şeyxin zehnində belə bir sual yaradır. Belə ki, o, bir gün bu işin sirrini xristian kişidən soruşur. Xristian sualın cavabı olaraq kənd kilsəsinin kənarında yerləşən mədrəsəyə işarə edib deyir: bütün bu səmimiyyət və hörmətin səbəbi bu mədrəsədir. Biz hər zaman çalışırıq ki, hər bir kilsənin yanında bir mədrəsə təşkil edək və orada kəndin övladlarını fikri, ruhi və xeyirxahlıq baxımından tərbiyələndirək. Gördüyünüz bu münasibət bu səylərimizin səmərəsidir.

Bu hadisə Şeyxə hər zaman biliyin, təlim və tərbiyənin məsciddən ayrı olmadığı, fasilə buraxmadığı İslam mədəniyyəti və inkişafının qızıl əsrini xatırlatdı.

 

MİSİRƏ SƏFƏR

Ərəb dilində danışmağı və yazmağı tamamilə mənimsədikdən sonra miladi 1938-ci ildə Əllamə Şeyx Mühəmmədtəqi Qummi Misirə getmək məqsədi ilə Livanı tərk etdi. Orada əlaqə saxladığı ilk şəxsiyyət əl-Əzhərin o dövrkü rəisi böyük Şeyx Mühəmməd Mustafa Məraği oldu. Müsəlmanların ixtilaf, nifaq və təfriqə vəziyyətini ona açıqladı və İslam məzhəbləri arasında yaxınlaşdırma düşüncələrini bəyan etdi. Şeyx Məraği – o dövrdə hakim olan siyasi və ictimai vəziyyəti nəzərə alaraq – qorxu və vahimə içində mövzunun əslini bəyənib, onu bu işə təşviq etdi. Sonralar müxtəlif  vasitələrlə bu fikrin nəticəsini daim izlədi və lazım gəldikdə öz köməyini də göstərdi. Sonrakı addımda Əllamə Qummiyə təklif etdi ki, işinə əl-Əzhər Universitetində və digər yerlərdə bir silsilə mühazirələr təşkil etməklə başlasın. Bundan əlavə, onun bəzi şəxsiyyətlərlə, xüsusilə də "təqrib”in mütəfəkkirləri ilə rahatlıqla əlaqə saxlaması üçün əlverişli zəminlər yaratdı.

Bunun ardınca Əllamə orada yaşamaq üçün kiçicik bir ev kirayə etdi. O zamandan bəri həmin ev elmi fəaliyyət və daha sonra Qahirədə təqribin fəal elmi mərkəzi kimi tanınır.

O, Misirdə qaldığı zaman əl-Əzhər Universitetinin müxtəlif mütəfəkkir və ziyalıları ilə sıx əlaqə yaratdı. Bu yaxınlığın nəticəsi idi ki, onların da hər biri onun elmi, ədəbi şəxsiyyəti, ixlas və səmimiyyəti qarşısında ona böyük maraq göstərirdilər.

İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq Əllamə Qummi İrana qayıtmağa məcbur oldu. Bu arada keçmişdə olduğu kimi İslam məzhəbləri arasında yaxınlaşdırma işi ilə məşğul oldu. Bu zaman – yəni miladi 1945-ci il ərəfəsində – Həzrət Ayətullah Seyid Hüseyn Bürucərdi Qum şəhərində yaşayırdı və Şeyx Mühəmmədtəqi onunla görüşərək səfəri haqqında ətraflı məlumat verdi. Təqrib mövzusunda fəaliyyətini yığcam şəkildə izah etdi. Ayətullah Bürucərdi onu sevinclə qarşıladı və bu sahədəki fəaliyyətini təsdiq etməklə bu hərəkatı dəstəkləyəcəyinə də qərar verdi. Bu səbəbdən şiə və əhli-sünnənin ən böyük müctəhidləri məzhəblərarası yaxınlaşdırma planını təsdiq etdilər. Bu plan qələbə və müvəffəqiyyətin əsas sütunlarından sayıla bilərdi.

 

MƏZHƏBLƏRARASI YAXINLAŞDIRMA FƏALİYYƏTLƏRİ

– Siyasi və ictimai şəxsiyyətlərin iştirakı ilə müqəddəs Məşhəd şəhərində təşkil olunmuş məclisdə  islami məzhəblərin yaxınlaşdırılması haqqında məruzə.

– Misirin böyük müftisi Şeyx Şəltutun cəfəri şiə məzhəbinə təqlid etməyin icazəli olması haqqında (Şeyx Şəltutun xətti ilə olan) tarixi fitvasını "Astani-Qüdsi-Rəzəvi”[1]yə təqdim etmək.

– On iki imamçı şiə məzhəbinin böyük şəxsiyyətləri ilə əlaqə və məktublaşma. Buna nümunə olaraq Şeyx Mühəmmədtəqi Qumminin Həzrət İmam Xomeyniyə müsəlmanların (xüsusilə sünni və şiə) vəhdəti və birliyi mövzusunda bəyannamələrin çıxarılması haqqındakı müraciətini aşağıda nəzərdən keçiririk:

 

"Rəhman, Rəhim Allahın adı ilə!

Həzrət Ayətullahilüzma Xomeyni!

Qəlbən verilən salam və təbrikdən sonra

Sizin müsəlman sünni və şiə qardaşları haqqında olan bəyannamələriniz və ixtilafla mübarizəyə, islami qruplar arasında təfriqəni qadağan etməyə, əhli-sünnə qardaşları ilə şiə arasında fasilə yaratmamağı təkiq etməyə səy göstərməniz həqiqətdə İslam dünyası səhnəsində böyük İslam rəhbərinin məsuliyyəti ilə uyğundur. Əlbəttə, möhkəm birliyin təsdiq edilməsi zehinlərdə İslam məzhəblərinin yaxınlaşdırılmasına doğru islahedici dəvətə qayıdır. Mən ömrünü bu dəvət yolunda keçirən və onun məsuliyyət yükünü dünya səviyyəsində qəbul edən bir şəxs kimi öz tərəfimdən və dünyanın hər yerindən mənimlə əməkdaşlıq edən hər iki dəstənin böyük alimləri tərəfindən sizin dəyərli əmrlərinizi son dərəcə qiymətləndirir və müsəlmanların əzəmətli dəvətində onun müsbət təsirlərinə ehtiram bəsləyirəm.

Ali həzrətə, İslamın üstün hədəflərini həyata keçirməsi üçün bu yolda müvəffəqiyyətlər diləyirəm”.

Mühəmmədtəqi Qummi 28/11/1357

"İttilaat” qəzeti, 1esfənd, 1357

 

– Hicri-qəməri təqvimilə 1360-cı ildə (m. 1941) Şeyx Mahmud Şəltut, Şeyx Mühəmməd Mustafa Məraği, Mustafa Əbdürrəzzaq və Şeyx Əbdülməcid Səlimin iştirakı ilə "İslam Məzhəblərini Yaxınlaşdırma Müəssisəsi”nin təsis edilməsində mühüm tarixi addımlar.

– Mətləbləri ümumilikdə İslam məzhəblərini yaxınlaşdırma, vəhdət və İslam ümmətinin bütövlüyünə dəvətdən və Quran-kərimin təfsirindən bəhs edən "Risalətul-İslam” jurnalının nəşri.

– əl-Əzhərin o zamankı şeyxləri ilə, xüsusilə Şeyx Mahmud Şəltutla məktublaşmalar və səmimi əlaqələr.

Bu əlaqələrin dərinliyini anlamaq üçün Şeyx Şəltut tərəfindən onun üçün yazılmış  bir neçə məsələyə aşağıda işarə olunur:

– Şeyx Mühəmmədtəqi Qummi islahatçı rəhbər və mənim qardaşım, alimləri təqrib məsələsinə dəvət edən və buna görə (İrandan Misirə) hicrət edən ilk şəxs.

– Ona (Şeyx Mühəmmədtəqi Qummiyə) o qədər inanıram ki, axirətdə onu hara aparsalar, mən də onunla getməyə hazıram. İndi hər kəs istər bəyənsin, istərsə də bəyənməsin.

– Və Şeyx Mühəmmədtəqi Qummiyə başqa bir məktubunda belə yazır:

 

"İslam Məzhəbləri Arasında Yaxınlaşdırma Cəmiyyəti”nin sədri

Əllamə Mühəmmədtəqi Qummiyə

Salamun əleykum və rəhmətullahi və bərəkatuh! Son dərəcə sevinc içində on iki imamçı şiə məzhəbinə tabe olmağın icazəli olması barəsində verdiyim fitvanın imzalanmış bir nüsxəsini sizin hüzurunuza təqdim edirəm. Ümidvaram ki, onu təsis olunmasında iftixarla iştirak etdiyim "İslam Məzhəbləri Arasında Yaxınlaşdırma Cəmiyyəti”nin arxivində qoruyub saxlayacaqsınız. Allah bizə bu müəssisənin missiyasını inkişaf etdirməkdə daim yardımçı olsun!

əl-Əzhər Universitetinin

Şeyxi Mahmud Şəltut

 

"MƏZHƏBLƏRARASI YAXINLAŞDIRMA CƏMİYYƏTİ”

İLƏ ƏMAKDAŞLIQ

"Darut-Təqrib”in təsisi İslam məzhəblərinin alim və mütəfəkkirlərinin bir yerə toplayıb, birlikdə müsəlman ümmətinin inkişafı üçün lazımi çıxış yollarını göstərmək üçün atılan bir addım idi. Bu işə böyük məhəbbətlə yanaşan Şeyx Qummi öz kollektiv işinə davam edib alim və ustadlarla geniş əlaqələr yaratdı. Onun kiçicik və təmiz evində mütəmadi olaraq iclaslar keçirilirdi. İclaslardan bəziləri də əl-Əzhər Universitetinin otaqlarının birində təşkil olunurdu. Orada müsəlmanların problemləri, məsələlər və məzhəbi şübhələr müzakirə edilir və ümidverici fikirlər söylənilirdi.

Şeyx Məraği də hər zaman məzhəblərarası yaxınlaşdırma missiyasının istənilən nəticəyə nail olmasına çalışırdı. Onun yerinə yetirdiyi çalışmalardan biri Şeyx Qummini bir qrup alimlərlə tanış etməsi idi. Bu şəxslər müsəlmanların vəhdət çalışmalarını və onlar arasındakı təfriqənin aradan qaldırılmasını müdafiə edirdilər. Bu alimlərdən biri də sonralar əl-Əzhərin rəhbəri vəzifəsinə yiyələnən Şeyx Mustafa Əbdürrəzzaq idi. Şeyx Əbdülməcid Səlim, Şeyx Mahmud Şəltut (Onların hər ikisi əl-Əzhərə rəhbətlik etmişdilər.), Şeyx Mühəmməd Mədəni və Şeyx Mühəmmədəli Ələviyyə Paşa Şeyx Qumminin digər müdafiəçilərindən hesab olunurdular. Sonra Şeyx Qummi başqa bir kollektiv təşkil etdi. Onun böyükləri Şeyx Həsən əl-Bənna, Şeyx Əbdüləziz İsa, Yəmən ölkəsindən Şeyx Əli Müəyyid və "Ruhul-Məani” təfsirinin müəllifinin oğlu Seyid Alusi idilər. Təqrib və həmrəylik cəmiyyətinin ilk toxumu bu dəstədən formalaşdı. Həmin cəmiyyət "Darut-Təqrib” adı alan bir müəssisənin əsasını qoydu və Şeyx Qumminin kiçik evi onların fəaliyyət mərkəzi oldu[2].

 

BÜTÜN QRUPDA BİR TƏƏSSÜBKEŞ

Əllamə Şeyx Mühəmməd Təqu Qummi deyir: "Cəmiyyət üzvləri arasından məzhəbdə təəssübkeş, şiə ilə həmrəyliyə qarşı hər cür nəzəriyyəyə müxalif olan bir şəxsi seçdim. Bu mövzudan xəbər tutan Şeyx Məraği bir şəxsi mənim yanıma göndərib təəccüblə məndən soruşdu: "Bu şəxsi nə üçün seçdiniz?” Cavabında dedim: "Onu təəssübündən xəbərdar olduğum üçün seçdim, çünki biz öz aramızda etirazları bildirən bir kəsi istəyirik. Dolayısı ilə o sualları cavablandırmaqla vəzifələnək”. Cavabımı eşidən Şeyx Mərağinın üzündən nigarançılıq silindi və sevincək bir halda dedi: "Səni bu cür təfəkkür və azadlıq tərəfdarlığın üçün təbrik edirəm. Sən bu cür xüsusiyyətlərin sayəsində mütləq öz dəvətində müvəffəqiyyət qazanacaqsan”[3]

 

"DARUT-TƏQRİB”DƏN "DÜNYA İSLAM MƏZHƏBLƏRİ

ARASINDA YAXINLAŞDIRMA CƏMİYYƏTİ”NƏ QƏDƏR

"Darut-Təqrib”in təsis edilməsindən bir neçə il keçdi. Şiə və əhli-sünnənin alim və mütəfəkkirləri bu meydanda öz sözlərini dedilər, kitablar yazdılar, məqalələr tərtib edib müxtəlif qəzet və jurnallarda nəşr etdirdilər. İslam ümmətinin vəhdəti İran İslam İnqilabının qələbəsi, Həzrət İmam Xomeyninin dahiyanə fikirləri sayəsində yenidən canlandı. Məzhəb məsələlərindən əlavə siyasi, ictimai və mədəni sahələrdə də İran İslam Respublikasının bünövrəsini qoyan vəhdətamiz sədaları və onun ardınca vəhdət həftəsinin elan edilməsi, bu həftənin xüsusi mərasimlərində müxtəlif təbəqələrdən olan insanların iştirakı, "Darut-Təqrib” dostlarının bir çox amal və arzularını gerçəkləşdirdi. Bu, eyni zamanda İslam düşmənlərinin məyusluğunu  hər gün daha da artırdı.

Bütün bu səylərin ardınca başqa bir mühüm iş baş verdi. Bu, "Dünya İslam Məzhəbləri Arasında Yaxınlaşdırma Cəmiyyəti”nin təsis edilməsi idi. Dünya müsəlmanlarının rəhbəri Həzrət Ayətullah Xamənəi xüsusi iltifat və tədbirlə "Dünya İslam Məzhəbləri Arasında Yaxınlaşdırma Cəmiyyəti”ni qurmaq niyyətində olduğu zaman öncəkilərə hörmət əlaməti olaraq Əllamə Şeyx Mühəmmədtəqi Qummi ilə məsləhətləşməyin gərəkli olduğuna inanırdı. Buna görə də Böyük Rəhbərlik Məqamı Şeyx Qummi üçün bir vasitəçi ilə şifahi xəbər göndərdi. Şeyx bundan olduqca çox sevindi və həmin vasitəçi ilə inqilab rəhbərinin göstərdiyi hörmət müqabilində yaxşı və münasib bir cavab verdi. Ondan sonra rəhbərin Şeyx Qummiyə göstərdiyi bu hörmət və ehtiram onda yenidən məzhəblərarası yaxınlaşdırma yoluna və "Darut-Təqrib”in fəaliyyətlərinə başlamaq üçün Qahirəyə qayıtmağı qərara almasına səbəb olan qüvvə və stimul icad etdiyi eşidildi. Lakin baş verən qəza hadisəsi təqrib meydanının bu böyük şəxsiyyəti və müasir dövrün vəhdət nümunəsinin həyatına son qoydu[4].  

 

ŞEYXİN ZAHİDLİK VƏ ALİMLİYİ

Şeyx Mühəmmədtəqi Qummi zahiri cəhətdən arıq, bədəncə zəif olmasına baxmayaraq, vüqarlı, parlaq simalı, məntiqli və ciddi, mətanətli, səxavətli və sevimli əxlaqa xas bir kişi idi. Bu keyfiyyətlər onun dəvətdən əldə etdiyi qələbələrdən irəli gəlirdi. Lakin yoxsulluq və zahidliyi ilə yanaşı Şeyx Qummi arası kəsilmədən bu baxışı müxtəlif alimlər və ali təhsilli qruplar arasında geniş yayırdı. O, bütün cəmiyyətlər  və mərkəzlərdə gözqamaşdırıcı şöhrətə nail olmuşdu. Lakin buna baxmayaraq, Şeyx yoxsulluq və kasıbçılıqdan əziyyət çəkirdi. Ailəsi İranda nisbətən asayiş içində yaşayır, bəzən onun maddi ehtiyaclarını ödəyirdilər. Amma ona  müntəzəm şəkildə pul göndərmək üçün şərait əl vermirdi. Böhran zamanının yoxsulluq dövründə Qahirədəki qərb səfirliklərinin birindən onunla əlaqə saxlayıb işə dəvət etdilər. Şeyx dəvəti qəbul edib orada hədəf və məqsədlərini izah etdi. Səfir onun planına kömək məqsədi ilə yüksək məbləğdə olan pulu ona təklif etdi. Şeyx bu təklifdən qəflətən pərt oldu. Xüsusən bu pul şiddətli ehtiyac şəraitində yaşadığına görə onun üçün səmərəli olardı. Amma o, bir az düşündükdən sonra səfirə müraciət edərək dedi: "Həqiqətən, mənim pula çöx böyük ehtiyacim var, amma bu puldan hər hansı bir məbləği almaqdan imtina edirəm, çünki bu dəvət barədə hər hansı bir şübhə yaranmasını istəmirəm”.

Təəccüblü burasıdır ki, Şeyx Qummi cibində hətta bir rial belə olmadığı bir zamanda o məbləği almaqdan imtina etdi. Onun özü deyir: "Səfirlikdən evə qədər piyada qayıtdım, çünki faytona verməyə belə pulum yox idi!”[5]

Şeyx Qumminin alimliyinin digər bir nümunəsi İran şahının Şeyx Şəltutun elan etdiyi fitvaya qarşı sui-istifadəsinin qarşısını almaq idi. Qummi İrana qayıtdığı vaxt o zamankı radio və televiziya (dövlət) bu müvəffəqiyyəti İran şahı Mühəmmədrza ilə əlaqələndirmək qəsdi ilə çıxış edirdilər. Şeyx qətiyyətlə bunun qarşısını aldı və əl-Əzhərin rəisinin xəbərini çatdırmaq üçün elm və din ocağı olan Məşhəd şəhərini seçdi. Böyük alimlərdən bir çoxunun – və başda dini mərcə olan Ayətullah Seyid Mühəmmədhadi Milani – iştirakı ilə bir elmi iclasda Şeyx Şəltutun fitvasını rəsmən elan edib oxudu.

 

DÜŞÜNCƏLƏRİ

– Əllamə Şeyx Mühəmmədtəqi Qummi inanırdı ki, əgər sünnü və şiə olan hər iki məzhəbin adlarının kökünə diqqət yetirsək, bütün müsəlmanları şiə görərik, çünki hamı Peyğəmbər xanədanına məhəbbət bəsləyir. Eyni zamanda hamını əhli-sünnə görərik, çünki bütün müsəlmanlar mötəbər vasitələrlə Peyğəmbər-Əkrəmdən (ə) gəlib çatan sünnə və göstərişləri icra etməyi lazım bilirlər. Bu səbəbdən də biz hamımız sünni, şiə, qurani və Mühəmmədiyik[6].

– Əllamə Qumminin nəzərində müsəlmanların hamısı üsuli-dində bir-biri ilə müştərəkdirlər, çünki Allahın hikməti bunda qərarlaşdırılmışdır.

– Onun əqidəsinə görə bütün məzhəblərin, istər şiə olsun, istərsə də sünnü İslam mədəniyyətinin yaranmasında və onun inkişaf edib yayılmasında öz payı vardır.

– O, hər zaman etiraf edirdi ki, əgər keçmişin izzət və başucalığını istəyiriksə, bunun üçün müsəlmanların qarşısında yalnız bir yol mövcuddur və o da İslam firqələrinin vəhdətidir.

– Onun fikrinə görə müsəlmanlar İslamın başlanğıcında birlik və bərabərliklə İslam mədəniyyətinin sarayını inşa edə bildilər[7].

 

MƏNBƏLƏR

"İttihad və insicam”, İmam Hadi (ə.s.) müəssisəsi, Peyame-İmam Hadi (ə.s.) nəşriyyatı, birinci çap, 1386 qış fəsli, Qum, İran

"Pişineyi-Təğrib”, Mühəmmədəli Azərşəb, "Dünya İslam Məzhəbləri Arasında Yaxınlaşdırma Cəmiyyəti”nin nəşri, birinci çap, 1384

"Təğrib beyne-məzahibi-İslami”(1), "Dördüncü İslam Vəhdəti Konfransı”nın xüsusinaməsi, 1369 mehr ayı

"İttilaat” jurnalı, 1357, 1 esfənd

"Qissətut-Təqrib”, Şeyx Mühəmmədtəqi Qummi, Hazırlayan və təqdim edən: Seyid Hadi Xosrovşahi, "əl-Məcməul-Aləmi lit-təqrib beynəl-məzahibil-İslamiyyə”, birinci çap, h.q. 1428 (m. 2007), Tehran, İran

Müəllif: İzzəddin Rzanejad Əmirdəhi

Mütərcim: Ruhəngiz Həşimova



[1] "Astani-Qüdsi-Rəzəvi” Məşhəd şəhərində yerləşən və İmam Rzanın hərəminə və ona vəqf edilən əşyalara nəzarət edən bir fonddur. "Astani-Qüdsi-Rəzəvi” lüğətdə "İmam Rzanın pak və müqəddəs bargahı (ona məxsus tikililər)” mənasını verir. Lakin istilahda və ümumi olaraq Müqəddəs Hərəmin məcmuyuna, cihazlara, qurumlara, maarif, sənət, əkinçilik, tibbi və s. idarələrə deyilir ki, İmam Rzanın tarixi mövqufatına (vəqf edilmiş əşyalarına) şamil edilir. "Astani-Qüdsi-Rəzəvi”nin fəaliyyətləri vəqf edilmiş əşyaların canlandırılmasının mühafizəsi, vəqf edənlərin niyyətlətri əsasında öhdəliklərin həyata keçirilməsi və zəvvarların ehtiyaclarının təmin olunması istiqamətindədir.

[2] "İttihad və İnsicam”, s. 453

[3] "Pişineyi-Təğrib”, s. 173-174

[4] "Pişineyi-Təğrib”, s.190

[5] "İttihad və İnsicam”, s. 452-453

[6] "İslam Məzhəbləri Arasında Yaxınlaşdırma” (1), s. 18

[7] "İttihad və İnsicam”, s. 446 



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun