15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

QURANIN DƏYƏRİ[1]

Günümüzdə müsəlman ümmətin Qurana qarşı davranışı bu şəkildədir: Quran-kərim olsa da olar, olmasa da. Ona əməl edilsə də olar, edilməsə də... Hər iki vəziyyətdə də dəyişən bir şey yoxdur. Halbuki Allah-Taala Quran-kərimi möhkəm bir kitab, əhatəli, ümumi bir nizam, dini və dünyəvi məsələləri tənzimləyən bir qanun olaraq nazil etmişdir. Quranın "Fussilət” surəsinin 42-ci ayəsində buyurulur: "Nə öncə, nə də sonra batil ona yol tapa bilməz (Şeytan onun bir sözünü, bir hərfini belə dəyişə bilməz). O, hikmət sahibi, şükrə layiq olan (bütün işləri bəyənilən Allah) tərəfindən nazil edilmişdir”.
İslam ümmətinin Quran-kərim qarşısında üç vəzifəsi vardır:
1. Quran-kərimi çox oxumaq, onu oxuyaraq ibadət etmək, onu oxumaqla Allaha yaxınlaşmağa çalışmaq.
2. Quran-kərimi dini hökmlərin təməli halına gətirmək, şəri hökmləri ondan almaq və dini ondan öyrənmək.
3. Quran-kərimi dünyəvi hökmlərin əsası olaraq qəbul etmək və dünyəvi hökmləri ondan almaq.
Bunlar Allah-Taalanın Quran-kərimi nazil etməsi, onunla bərabər Peyğəmbər göndərməsi, onu içimizdə bir mürşid, bir xatırladıcı, ədalətli və dopdoğru bir ölçü olaraq buraxmasındakı qayələridir. Əvvəlki müsəlmanlar – Allah onlardan razı olsun! – Quran-kərimin nazil edilməsinin qayələrini çox yaxşı bir şəkildə qavramış və bu qayələri həyatlarında tətbiq etməyə çalışmışlar. Onlardan bəziləri Quran-kərimi yeddi gündə, bəziləri üç gündə, bəziləri isə daha az və ya daha çox günlərdə xətm etmişlər. Onlardan bəziləri Quran-kərimi oxumaqdan bir an belə geri qalsaydı, dərhal Quranın bəzi ayələrini oxuyar və belə deyərdi: "Belə edirəm ki, Quran-kərimə qarşı səhlənkarlıq edənlərdən olmayım”.
Quran-kərim qəlblərin baharı, ibadətlərin duası idi. Gecə-gündüz dayanmadan onu oxuyardılar. Belə ki, üçüncü xəlifə Hz. Osman (r. ə) evi mühasirədə olmasına və üsyançıların qılıncını ənsəsində hiss etməsinə baxmayaraq, Quran oxumağı buraxmadı. Şairin biri onun üçün belə deyir:
"Gecənin başlanğıcında dilədi Allahın kitabını,
Gecənin sonunda əldə etdi qədərin xitabını”.
Həssan ibn Sabit (r. ə) Hz. Osman üçün yazdığı bir mərsiyədə belə deyir:
"Qurban etdilər səcdə timsalı olan o ağ saçlı yaşlını,
O ki Quran və təsbihlə keçirərdi hər gecə və anını”.
Onların həyatlarına baxdıqda, bir ili və ya bir ayı bir tərəfə qoyun, bir həftə olsun belə Qurandan uzaqlaşmadıqlarını və onun oxunmasına qarşı səhlənkar davranmadıqlarını görərsən. Tarix kitablarında uzun-uzun danışılan bu nurlu səhifələri təkrarən anlatmağın lazım olmadığı qənaətindəyəm.
Saleh sələflərin dini bir hökm çıxarmaq istədikdə müraciət etdikləri birinci qaynaq Quran-kərim idi. Allahın kitabı birinci qaynaq olmayacaq da başqa nə olacaq ki?
Rəsulullah (ə) Müaz ibn Cəbəli Yəmənə vali göndərdikdə orada nə ilə hökm edəcəyini soruşmuş və onun bu cavabı Peyğəmbərimizi məmnun etmişdi: "Əvvəl Allahın Kitabı ilə hökm edəcəm. Əgər həll yolunu onda tapa bilməsəm, Sünnə ilə hökm edəcəm...”
Həmçinin Hz. Ömərin (r. ə) bir əshabəyə yeni müsəlman olmuş şəxslərə Allahın kitabını yaxşı şəkildə başa salmadan və içindəki halal və haramı gözəl bir şəkildə qavratmadan gələcəkdə baş verəcək hadisələrlə əlaqədar hədisləri rəvayət etmələrini yasaq etdiyini bilirsiniz. Həmçinin tabein və onlardan sonrakı dövrlərdə yaşayan imamlar (məzhəb rəhbərləri), Allahın kitabından uzaqlaşarlar qorxusu ilə fitvalarının insanlar tərəfindən yazılmasını istəməzdilər.
Rəvayətə görə Səid əl-Müsəyyib onun fitvalarını yazan bir şəxsin əlindəki kağızı alıb cırmış və ona belə demişdir: "Mənim sözlərimi yazır, Allahın kitabını isə buraxırsan, sonra da "Səid elə dedi”, "Səid belə dedi”, – deyə ortalarda gəzəcəksən, elə deyilmi? Allahın Kitabı və Peyğəmbərin Sünnəsindən ayrılma!”
Bütün bu misallarda və daha bir çox misalda gördüyün kimi saleh sələflər – Allah onlardan razı olsun! – Allahın kitabını dini hökmlərin əldə edildiyi birinci qaynaq olaraq qəbul etmişlər.
Dünyəvi mövzularla əlaqədar olaraq davranışları Quran-kərimə uyğun idi. Onlara görə Quranın əmrləri yerinə yetirilər və qoyduğu cəzalar tətbiq olunardı. Quranın hökmləri hər nə olursa-olsun yerinə yetirilərdi.
"Sənə nazil etdiyimiz mübarək bir kitabdır ki, onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də ibrət alsınlar!”[2]
Daha sonra vəziyyət dəyişdi və insanların zehinlərində Quran haqqındakı təsəvvürləri zamanla zəiflədi. Dillərinə və ağıllarına yadlaşma hakim oldu. Bunun nəticəsi olaraq müsəlmanlar bir tərəfdə, Quran isə başqa bir tərəfdə qaldı. Müsəlmanlarla Quran arasındakı məsafə şərqlə qərb arasındakı məsafə qədər açıldı. Şair bir misrasında belə deyir:
"O, şərqə, mən isə qərbə doğru getdim,
Şərq ilə qərb arasında dağlar qədər fərq var”.
Quranın gecə-gündüz ibadətlərdə oxunması məsələsinə gəlincə yazıqlar olsun ki, çox azımız Quran-kərimi gecə-gündüz oxuyur və həyata tətbiq edirik. Başqaları etdikləri ibadətlərlə və ya şeyxlərinin onlara tövsiyə etdiyi zikr, təsbih, vird və qəsidə kimi şeylərlə maraqlanırlar. Allahın kitabını bir tərəfə qoyub onları əzbərləyir və bunlarla ibadət etməyə çalışırlar. Biz səhih rəvayətlərlə gələn bəzi təsbihləri haram saymırıq. İnsanların İslam şəriətinə uyğun olan bəzi təsbih və zikrləri oxumalarına mane olmaq istəmirik. Lakin Allahın kitabının bunlardan daha üstün olduğunu, əvvəl onun oxunması lazım olduğunu, qəlbləri ilə Qurana bağlı qalmaları, ruhlarını onun feyz və nuruna bağlamaları lazım olduğunu demək istəyirik. Daha sonra İslama uyğun olan zikrləri istədikləri qədər desinlər. Özünüz üçün tərtib etdiyiniz və ya başqalarının sizə tövsiyə etdiyi zikrləri ibadət sayaraq Qurana qarşı səhlənkar davranmayın. Əks təqdirdə bu, Allahın kitabını tərk etmək və onun haqlarına qarşı səhlənkar davranmaq olar.
Quran-kərimdən dini hökmlər çıxarma məsələsinə gəlincə... Bu gün müsəlmanlar özləri ilə Allahın kitabı arasında qalın pərdələrə və böyük maneələrə çevrilən bir cəhalət içindədirlər. Bunun nəticəsində yalnız kitabçalarla və bəzi kitablara yazılan şərhlərlə kifayətlənmək məcburiyyətində qalmışlar. Yüksək hədəflərə çatmaq üçün çalışmaq yerinə daha bəsit işlərlə keçinməyə çalışmışlar.
Quranın hökmlərini dünyəvi məsələlərə tətbiq etmə işinə gəlincə müsəlmanlar Quran-kərimin hökmlərinə başqa qanunları tərcih etmiş və yerinə əcnəbilərin bəşəri qanunlarını qoymuşlar. Fransızların və romalıların qanunlarından aldıqları hökmləri özləri üçün əsas qəbul etmişlər. Beləcə, Allahın kitabının hökmləri həyatdan çıxarılmış, müsəlmanlar tərəfindən unudulmuşdur. Quranın hökmlərini tətbiq etmək müsəlmanların xeyir və xoşbəxtliklərini həyata keçirəcək işdir; lakin onlar buna qulaq asmamışlar. Bütün bunlardan sonra Quran-kərimi sadəcə xəstəlikləri üçün dua (tilsim), toplantı yerləri üçün bir bəzək, toy məclislərində bir əyləncə, əza məclislərində bir kədər vasitəsi kimi dəyərləndirmişlər. Çox istərdik ki, Qurana qarşı bu şəkildə deyil, lazım olan dəyəri versinlər, lazım olan marağı göstərsinlər. Lakin baxarsan ki, onlar Quran oxunarkən belə ona qulaq asmaz və düşünməzlər. Qurana qulaq asmaqdansa, Quran oxunan məclislərdə öz aralarında qafilcəsinə söhbətə dalar və hətta onu dinləmək yerinə oynayıb əylənərlər. Halbuki Allah-Taala bu barədə buyurur: "Quran oxunan zaman onu dinləyin və susun ki, bəlkə, rəhm olunasınız!”[3]
Quran-kərim keçmişdə namazların bəzəyi olduğu halda, günümüzdə əyləncələrin bəzəyi halına gəlmişdir. Əvvəllər məhkəmələrdə ədalət ölçüsü ikən günümüzdə toy məclislərinin əyləncə vasitəsi halına gəlmişdir. Əvvəllər vəz və xütbələrdə ilk sırada olduğu halda, günümüzdə cadugərlərin baş tacı halına gəlmişdir. Müasir müsəlmanların Qurana yaxınlaşmalarının "olsa da olar, olmasa da”, – şəklində olduğunu söyləyərkən haqlı deyiləmmi? Qurana qarşı qəribə bir ziddiyyət içindəyik. Onu ucaltdığımız, qoruduğumuz və onunla Allaha yaxınlaşmağa çalışdığımız barəsində heç bir şübhə yoxdur. Fəqət, ey insanlar! Siz Quranı uca tutma məsələsində yoldan sapdınız, onu doğru bir şəkildə qorumaqdan sapdınız və Allaha yaxınlaşma məsələsində xətalara yol verdiniz. Əvvəllər Quran hafizlərinin əsgərlik xidmətindən azad edilməsi məqsədi ilə yaradılmış mərkəzlərdə bu gün heç kimin olmaması Quranın itirilməsinin ən böyük göstəricisi deyildirmi?
Əvvəllər əl-Əzhərə daxil olmaq üçün hafizlik şərt olduğuna görə bütün tələbələrin Quranı əzbərləmək üçün cəhd etdiklərini görərdin. Lakin indiki tələbələr Quranı unutmuş halda məzun olmağa başladı, çünki təhsil müddəti boyunca Quranın təliminə yetərli dərəcədə önəm verilmir. Buradan məzun olanların imamlıq (pişnamazlıq) vəzifəsinə təyin olunduqda namazı qısa kəsdiklərini görürsən. Vaiz olaraq təyin olunduqda moizə edərkən məhəlli (yerli) alimləri təqlid etməyə çalışdıqlarını görürsən. Vəkil, yaxud hakim olaraq təyin edildikdə hökm verərkən istifadə edəcəkləri ayələr üçün tez-tez Qurana (Müshəfə) baxmaq məcburiyyətində qaldıqlarını görürsən. Bütün bunlar Allahın kitabının həyatımızdan çıxarıldığını göstərməsi baxımından yetərli deyildirmi?
Həqiqət budur ki, biz Allahın kitabını həyatımızdan çıxarmışıq. Əlimizdə sanki fayda verməyən və hökmü icra edilməyən tarixi bir əsər varmış kimi davranırıq. Həqiqətdə isə başımıza gələn bütün bəla və müsibətlərin qaynağı da bu anlayışdır.
Əziz oxucu! Bütün bunları başa düşdükdən sonra "Müsəlman Qardaşlar Cəmiyyəti”nin əvvəl özlərinin ciddi bir şəkildə Quran-kərimə dönmək istədiklərini, onu qiraət etməklə ibadət etdiklərini, İslam alimlərinin düşüncələrindən ilham alaraq Quran ayələrini başa düşməyə çalışdıqlarını və müsəlmanın ən uca qayəsi olan Quranı həyata tətbiq etmək üçün insanlara səsləndiyini bilməlisən. Əvvəldə də, axırda da iş Allahın əlindədir!
Həsən əl-Bənna
Mütərcim: Xəyyam Qurbanzadə


[1] Bu risalə 23 rəcəb 1353-cü ildə (m. 34 oktyabr 1934) "əl-İxvanul-Muslimun” ("Müsəlman Qardaşlar”) qəzetinin 26-cı sayında nəşr olunmuşdur.
[2] "Sad”; 29
[3] "Əraf”; 204



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun