16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

RAMAZAN RİSALƏSİ

İKİNCİ RİSALƏ OLAN İKİNCİ HİSSƏ
ŞƏRAFƏTLİ RAMAZAN AYI HAQQINDADIR
Birinci hissənin sonunda islami əlamətlər haqqında bir qədər danışıldığına görə əlamətlərin içində ən parlaq və möhtəşəmi olan şərafətli ramazan haqqında olan bu ikinci hissədə onun bəzi hikmətləri zikr ediləcəkdir.
Bu ikinci hissə şərafətli ramazan ayının bir çox hikmətlərindən doqquz hikməti bəyan edən "Doqquz nöqtə”dir.
 
RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!
"... Ramazan ayı elə bir aydır ki, insanları hidayət edən və hidayətin və haqla batili bir-birindən ayırmanın açıq-aşkar dəlilləri olan Quran o ayda nazil olmuşdur...”[1]

BİRİNCİ NÖQTƏ
Şərafətli ramazan ayının orucu İslamiyyətin beş əsas qanunlarından (rüknlərindən) biridir. Həm də İslamiyyətin əzəmətli əlamətlərindəndir.
Şərafətli ramazan ayının orucunun Cənabı-Haqqın rübubiyyətinə (tərbiyəçiliyinə), insanın ictimai və şəxsi həyatına, nəfsin tərbiyəsinə və ilahi nemətlərin şükrünə aid olan çoxlu hikmətləri vardır.
Orucun Cənabı-Haqqın rübubiyyətinə aid olan hikmətlərindən biri də budur ki, Cənabı-Haqq yer üzünü nemət süfrəsi şəklində xəlq etmiş və bütün növ nemətləri o süfrədə "min heysu lə yəhtəsib” ("gözlənilməyən bir yerdən gəlmə”) şəklində düzmüş və rübubiyyətinin, rəhmaniyyətinin və rəhimiyyətinin kamilliyini o şəkildə ifadə etmişdir. İnsanlar qəflət pərdəsi arxasında və digər səbəblər üzündən o vəziyyətin ifadə etdiyi həqiqəti tam görmür, bəzən isə unudurlar.
Şərafətli ramazan ayında isə iman əhli intizamlı bir ordu şəklini alır. Əzəli Sultanın ziyafətinə dəvət edilmiş bir halda axşama yaxın "Buyurun!” əmrini gözləyirlər kimi bir növ übudiyyət (bəndəlik) göstərirlər. Bununla da şəfqətli, əzəmətli və tükənməz rəhmaniyyətə qarşı intizamlı bir übudiyyətlə (bəndəçiliklə) qarşılıq verirlər.
Əcəba, bu şəkildə ülvi bəndəçilik və şərəfli lütf və ehsanda iştirak etməyən insanlar insan adına layiqdirlərmi?
 
İKİNCİ NÖQTƏ
Mübarək ramazan ayının orucunun Cənabı-Haqqın verdiyi nemətlərə görə şükrə aid olan hikmətlərindən biri budur ki; – Birinci sözdə deyildiyi kimi – bir padşahın mətbəxindən bir aşpaz gətirdiyi yemək üçün bir qiymət istər. Aşpaza bəxşiş verildiyi halda, həddən ziyadə qiymətli olan o nemətləri qiymətsiz zənn edib onu bizə əta edəni tanımamaq sonsuz dərəcədə bir axmaqlıq olduğu kimi, Cənabı-Haqq hər növ nemətlərini bəşəriyyət üçün yer üzündə yaymışdır. Bunun müqabilində isə o nemətlərin qiyməti olaraq şükr istəyir.
O nemətlərin zahiri səbəbləri aşpaz hökmündədirlər. O aşpazlara bir bəxşiş veririk. Onlara minnətdar oluruq; hətta layiq olmadıqları bir çox hörmət və təşəkkürlər edirik. Halbuki Həqiqi Nemət Verən o səbəblərdən hədsiz dərəcədə həmin nemətlərə görə şükrə layiqdir. Buna görə də Ona təşəkkür etmək, həmin nemətləri doğrudan-doğruya Ondan bilmək, o nemətlərin qiymətini tərif etmək və o nemətlərə öz ehtiyacını hiss etməklə olur.
Bunun üçün də şərafətli ramazan ayının orucu həqiqi, xalis, əzəmətli və ümumi bir şükrün açarıdır, çünki digər vaxtlarda məcburiyyət altında olmayan insanların çoxu həqiqi aclıq hiss etmədikcə bir çox nemətlərin qiymətini dərk etmirlər. Bir parça quru çörək tox olan adamlara – xüsusən də zəngin olarsa, – nemət dərəcəsi kimi anlaşılmaz. Halbuki iftar vaxtlarında o quru çörək bir möminin nəzərində çox qiymətli bir ilahi nemət olduğuna dadbilmə qüvvəsi şahidlik edir. Padşahdan tutmuş ən fəqirə qədər hər kəs şərafətli ramazan ayında o nemətlərin qiymətlərini başa düşməklə mənəvi bir şükrə məzhər olurlar.
Həm gündüz yemək yeməkdən imtina etməklə "O nemətlər mənim mülküm deyil. Mən bunları yeməkdə azad deyiləm. Deməli, başqasının malı və nemətidir. Onun əmrini gözləyirəm”, – deyə neməti nemət bilir. Mənəvi bir şükr edir.
Bunun üçün də oruc çox cəhətlərdə insanlığın həqiqi vəzifəsi olan şükrün açarı hökmünə keçir.
 
ÜÇÜNCÜ NÖQTƏ
Orucun insanın ictimai həyatına aid olan cəhəti ilə bir çox hikmətlərindən biri də budur ki, insanlar məişət baxımından müxtəlif surətdə xəlq edilmişlər. Cənabı-Haqq o fərqliliyə əsasən, varlıları kasıbların yardımına dəvət edir. Halbuki zənginlər fəqirlərin acınacaqlı aclıq hallarını orucdakı aclıqla tam hiss edə bilirlər.
Əgər oruc olmasa, bir çox nəfspərəst varlılar ola bilər ki, aclıq və fəqirliyin nə qədər dərdli olduğunu və onların şəfqətə nə qədər möhtac olduğunu dərk etməsinlər. Buna görə insanlıqdakı həmcinsinə şəfqət həqiqi şükrün bir əsasıdır. Hansı şəxs olursa-olsun, özündən bir qədər də fərqli daha fəqirini tapa bilər. Ona qarşı şəfqət göstərməyə məcburdur.
Əgər nəfsinə aclıq dadızdırmaq məcburiyyəti qarşısında qalmasa, şəfqət vasitəsilə yardım etməyə mükəlləf olduğu ehsanı və yardımı edə bilməz. Etsə də, tam (sonadək) etməz, çünki o halı, həqiqətən, özündə hiss etmir.
 
DÖRDÜNCÜ NÖQTƏ
Şərafətli ramazan ayının orucunun nəfsin tərbiyəsi ilə bağlı bir çox hikmətlərindən biri də budur ki, nəfs özünü azad və sərbəst istər və belə qəbul edər. Hətta vahiməli bir rübubiyyət və kefi istəyən hərəkəti fitri olaraq arzu edər. Hədsiz nemətlərlə tərbiyə olunduğunu düşünmək istəməz. Xüsusən, dünyada sərvət və qüdrət də olsa, qəflət daha da kömək etmişsə, əldə edəcək ilahi nemətləri tam qəsbkarcasına və tamahla heyvan kimi udar.
Buna görə də şərafətli ramazan ayında ən varlıdan ən kasıba qədər hər kəsin nəfsi başa düşür ki, onun özü malik (sahibkar) deyil, əksinə başqasının mülküdür, azad deyil, quldur; əmr olunmazsa, ən adi və ən rahat bir şeyi də edə bilməz; əlini suya uzada bilməz deyə xəyali ağalığı sınar, bəndəlik libasını geyinər, həqiqi vəzifəsi olan şükrə bağlanar.
 
BEŞİNCİ NÖQTƏ
Şərafətli ramazan ayı orucunun nəfsin tərbiyə və islah olunmasına və dikbaşcasına davranışlarından vaz keçməsi yönünə aid olan çox hikmətlərindən biri də budur; insan nəfsi qəflətlə özünü unudur. Özündə olan hədsiz acizliyi, sonsuz ehtiyacı və ən üstün dərəcədəki qüsurunu görə bilmir və görmək istəmir. Həmçinin nə qədər zəif və zavala məruz qalacaq və müsibətlərə hədəf olacaq, tez xarab olacaq, dağılacaq ət və sümükdən ibarət olduğunu düşünə bilmir. Sanki poladdan bir vücudu vardır kimi və heç ölməyəcək kimi özünün əbədi olduğunu xəyal edərək dünyaya hücum edir. Şiddətli bir tamah və acgözlüklə, şiddətli bağlılıq və sevgi ilə dünyaya atılır. Ləzzətli və mənfəətli olan hər şeyə bağlanır. Həmçinin onu tam bir şəfqətlə tərbiyə edən Xaliqini unudur. Həmçinin həyatının nəticəsini və axirət həyatını düşünmür, çirkin əxlaq içində çabalayır.
Bax, şərafətli ramazan ayındakı oruc ən qafil və inadcıl insanlara zəifliyini, acizliyini və ehtiyacını hiss etdirir. Aclıq vasitəsilə mədəsini düşünür, mədəsindəki ehtiyacını başa düşür. Zəif vücudunun nə dərəcədə çürük olduğunu xatırlayır. Nə dərəcədə mərhəmətə və şəfqətə möhtac olduğunu başa düşür. Nəfsin fironluğundan əl çəkir, əgər qəflət qəlbini pozmamışdırsa, tam bir acizlik və möhtaclıqla ilahi qapıya sığınmağa bir arzu hiss edir və mənəvi bir şükr əli ilə rəhmət qapısını döyməyə hazırlaşır.
 
ALTINCI NÖQTƏ
Şərafətli ramazan ayının orucunun Quran-kərimin nazil olması ilə bağlı və şərafətli ramazan ayının Quran-kərimin ən mühüm nüzul (nazil olma) vaxtı ilə bağlı çox hikmətlərindən biri də budur ki; Quran-kərim ramazan ayında nazil olduğu üçün o Quranın nazil olmasına hazırlaşacaq. O səmavi kitabı gözəl şəkildə qarşılamaq üçün şərafətli ramazan ayında nəfsin dəyərsiz və niyyətsiz (məqsədsiz) istəklərindən uzaq ... yemək və içməkdən çəkinməklə mələktək pak vəziyyətə bənzəmək ... və bir şəkildə o Quranı yeni nazil olan bir şəkildə oxumaq, dinləmək və ondakı ilahi müraciəti nazil olduğu zamandakı kimi dinləmək, o müraciəti Rəsuli-Əkrəmdən (s) eşitdiyi kimi dinləmək, bəlkə, Cənab Cəbrayıldan, bəlkə də, Mütəkəllimi-Əzəlidən (Əzəli Danışan) dinləyən bir müqəddəs hala məzhər olur . Özü tərcüməçilik edib başqasına qulaq asdırmaq, Quranın nazil olma hikmətlərindən bir dərəcəni göstərməkdir.
Bəli! Şərafətli ramazan ayında İslam dünyası sanki bir məscid hökmünə gəlir. Elə bir məscid ki, milyonlarla hafizlər (Quran əzbərçiləri) o məscidin bir hissəsində səmavi kitabı yer sakinlərinə eşitdirirlər. Hər zaman: "Ramazan bir aydır ki, onda Quran nazil olub” – ayəsini nurani, parlaq bir şəkildə göstərir. Ramazanın Quran ayı olduğunu sübut edir. O əzəmətli xalqın digər fərdlərinin bəziləri xüzu (qəlb qorxusu) ilə o hafizləri dinləyir, digərləri isə öz-özünə oxuyurlar.
Belə bir müqəddəs məsciddə dəyərsiz nəfsin həvəslərinə tabe olub, yemək-içməklə o nurani vəziyyətdən çıxmaq nə qədər çirkin isə, o məsciddəki xalqın mənəvi nifrətinə nə qədər hədəf isə eləcə də şərafətli ramazan ayında əhli-siyama (oruc tutanlara) müxalifət edənlər də o dərəcə ümum İslam aləminin mənəvi nifrətinə və təhqirinə hədəf olur.
 
YEDDİNCİ NÖQTƏ
Ramazan ayı orucunun dünyada axirət üçün əkin əkən və qazanc əldə etməyə gələn insanların qazancı ilə bağlı çox hikmətlərindən biri də budur ki, şərafətli ramazan ayında əməllərin savabı birə mindir. Hədisin mətninə əsasən Quran-kərimin hər bir hərfində on savab[2], on yaxşılıq var, on cənnət meyvəsi gətirər. Şərafətli ramazan ayında hər bir hərfin on deyil, min, Ayətül-Kürsi kimi ayələrin hər bir hərfinə minlərcə, orucluğun cümə günlərində isə daha çoxdur. Qədr gecəsində otuz min yaxşılıq sayılar.
Bəli! Hər bir hərfi otuz min əbədi meyvə verən Quran-kərim elə bir mənəvi Cənnət ağacı hökmünə keçir ki, milyonlarla əbədi meyvələri şərafətli ramazan ayında möminlərə qazanc olaraq yetirir.
Buna görə də müqəddəs, əbədi və qazanclı ticarətə buyur bax, müşahidə et, düşün; bu hərflərin qiymətini dəyərləndirməyənlərin nə qədər ziyana uğradığını anla...
Şərafətli ramazan ayı axirət ticarəti üçün qazanclı bir sərgi, bir bazardır. Axirətdə bir şey hasil etmək üçün münbit torpaqdır. Diləklərin (istəklərin, arzuların) yetişməsi, boya-başa çatması üçün bahardakı nisan (apreldə yağan və bitkiyə güc verən yağış) suyudur. İlahi rübubiyyətin səltənətinə doğru bəşəri bəndəçiliyin rəsmi keçid (parad) düzəltməsinə səbəb olan ən parlaq, müqəddəs bir bayram hökmündədir.
Buna görədir ki, nəfs yemək-içmək kimi qəflətlə heyvani, boş və həvapərəst istəklərə girməmək üçün orucla vəzifələnmişdir. Sanki müvəqqəti olaraq heyvanlıqdan çıxıb mələkut vəziyyətinə, yaxud axirət ticarətinə girdiyi üçün dünyəvi istəklərini müvəqqəti tərk etməklə üxrəvi (axirətə aid olan) adam olmaq və ya cisimdə zahirə çıxmış bir ruh vəziyyətinə gələrək orucu ilə səmədiyyətə (ehtiyacsızlığa) bir növ ayinədarlıq etməkdir.
Bəli! Şərafətli ramazan ayı bu fani dünyada, fani ömür içində və qısa bir həyatda əbədi bir ömür və uzun, davamedici bir həyat qazandırır. Bəli! Tək bir ramazan ayı səksən il ömür səmərəsini qazandıra bilir. Qədr gecəsinin isə Quranın qəti dəlilinə əsasən min aydan daha xeyirli olduğu sübut olunmuş höccətdir (dəlildir). Necə ki bir padşah hökumət müddətində, bəlkə, hər il padşaha məxsus toplantı adı ilə və ya başqa bir səltənətini göstərən təmtəraqlı bəzi günləri bayram edər. Tabeçiliyində olanları o (bayram) günündə ümumi qanunlar əhatəsində deyil, xüsusi ehsanatı, fövqəladə idarəçiliyinə xas olan qanunlarla doğrudan-doğruya sadiq və layiq millətinin diqqətini özünə doğru çəkər.
Eləcə də əzəli və əbədi sultan olan, on səkkiz min aləmin əzəmətli padşahı o on səkkiz min aləmə aid olan, ali fərmanlarla dolu olan Quran-kərimi şərafətli ramazan ayında nazil etmişdir. Əlbəttə, o ramazan məxsus bir ilahi bayram, rəbbani sərgi (göstərmə yeri) və ruhani məclis hökmünə keçməsi lazımlı bir hikmətdir. Madam ki ramazan belə bayramdır, o zaman, əlbəttə ki, alçaq və heyvani məşğuliyyətdən insanları çəkindirmək üçün oruc tutmanı əmr edəcək.
O orucun ən kamili isə mədə kimi bütün orqanlara; göz, qulaq, qəlb, xəyal, fikir kimi insan orqanlarına da orucun bir növünü daddırmaqdır, yəni haramlardan uzaqlaşmaq və hər bir üzvünü məxsus ibadətə sövq etməkdir .
Məsələn, dilini yalandan, qeybətdən və kobud ifadələrdən təmizləmək, ona oruc tutdurmaq və onu (o dili) Quran oxumaq, zikr, təsbih, salavat və istiğfar kimi şeylərlə məşğul etmək lazımdır.
Məsələn, gözünü naməhrəmə baxmaqdan və qulağını boş şeyləri eşitməkdən qoruyub, gözünü ibrətə və qulağını haqq söz və Quran dinləməyə istiqamətləndirməli və bununla digər üzvlərinə də oruc tutdurmalıdır.
Zatən mədə ən böyük bir fabrik olduğu üçün oruc ilə ona istirahət verilərsə, başqa kiçik dəzgahları asanlıqla ona tabe etdirmək olar.
 
SƏKKİZİNCİ NÖQTƏ
Şərafətli ramazan ayının insanların fərdi həyatı ilə bağlı müdrik və dərin hikmətlərindən biri də budur ki, insan üçün ən önəmli bir dərman növü də maddi və mənəvi bir pəhrizdir. Bu tibbi baxımdan elə bir pəhrizdir ki, insanın nəfsi yemək və içmək barəsində istədiyi şəkildə hərəkət etdikcə, bunlar şəxsin maddi həyatına tibbi baxımdan zərər vurduğu kimi, halal-haram deməyib rastına çıxan şeyə hücum etmək, adətən mənəvi həyatını da zəhərləyər. Qəlbə və ruha itaət etmək, artıq o nəfsə ağır gələr, sərkəşliklə öz cilovunu əlinə alar. Artıq insan ona minə bilməz, o insana minər (yəni artıq insan öz nəfsinə hakim ola bilməz, nəfsinin məhkumuna çevrilər).
Nəfs şərafətli ramazan ayında bir növ pəhrizə alışar, riyazət edər[3], əmrə itaət etməyi öyrənər. Biçarə zəif mədəyə də, həzmdən əvvəl yeməyi yemək üzərinə doldurmaqla xəstəlikləri cəlb etməz. Əmr vasitəsi ilə halal olanı belə tərk etdiyi üçün haramdan çəkinməyə, ağıl və şəriətdən gələn əmrə itaət etməyə qabiliyyət qazanar. Mənəvi həyatı pozmamağa çalışar. Həmçinin insanların mütləq əksəriyyəti aclığa daha çox mübtəla olur. Səbir və təhəmmül üçün bir məşq işi aparan aclıq riyazətə möhtacdır. Şərafətli ramazan ayında tutulan oruc on beş saat, səhər yeməyi yeyilmədən tutulduğunda iyirmi dörd saat davam edən bir aclıq müddətində səbir, təhəmmül və bir riyazətdir, bir məşq işidir. Deməli, insan oğlunun müsibətini ikiləşdirən səbirsizliyin və təhəmmülsüzlüyün bir dərmanı da orucdur.[4]
Həmçinin o mədə fabrikinin çox xidmətçiləri vardır və onunla əlaqədar insanda çox orqan vardır. Nəfs əgər müvəqqəti olaraq bir ayın gündüzlərində öz fəaliyyətini dayandırmazsa, o fabrikin xidmətçilərinin və o orqanların xüsusi ibadətlərini onlara unutdurar, özünə məşğul edər, təzyiqi altında saxlayar. İnsanın digər orqanlarını da o mənəvi fabrik çarxlarının gurultusu və dumanları ilə qarışdırar. Onların diqqətini daima özünə doğru çəkər. Uca vəzifələrini müvəqqəti olaraq unutdurar. Ona görə də, qədimdən bəri övliyalar kamilləşmək üçün özlərini riyazətə, az yemək və içməyə vərdiş etdirmişlər.
Lakin şərafətli ramazan orucu ilə o fabrikin xidmətçiləri sırf o fabrik üçün yaradılmadıqlarını başa düşürlər. Digər orqanlar da o fabrikin alçaq əyləncələrinin əvəzinə şərafətli ramazan ayında mələklərə və ruhanilərə yaraşan əyləncələrdən ləzzət alırlar, diqqətlərini onlara verirlər. Ona görədir ki, şərafətli ramazan ayında möminlər dərəcələrinə görə ayrı-ayrı nurlara, feyzlərə və mənəvi sevinclərə nail olurlar. Qəlb, ruh, ağıl və sir[5] kimi lətifələrin o mübarək ayda oruc vasitəsi ilə çox yüksəlmələri və feyzlənmələri vardır. Mədənin ağlamasına baxmayaraq, onlar günahsız bir şəkildə gülürlər.
 
DOQQUZUNCU NÖQTƏ
Şərafətli ramazan ayı orucunun doğrudan-doğruya nəfsin xəyali rübubiyyətini qırmaq və acizliyini göstərməklə qul olduğunu bildirmək cəhətdən hikmətlərindən bir hikməti budur ki; nəfs Rəbbini tanımaq istəmir, fironcasına özü rübubiyyət istəyir. Nə qədər əzab verilsə, o damar (yəni ənaniyyət damarı) onda qalır, lakin aclıqla onun o damarı qırılır. Bax, şərafətli ramazan ayında tutulan oruc doğrudan-doğruya nəfsin fironluq cəbhəsinə zərbə vurur və onu qırır. Ona acizliyini, zəifliyini, fəqirliyi göstərir və ona qul olduğunu bildirir.
Hədisin rəvayətlərində vardır ki, Allah-Taala nəfsə deyib: "Mən kiməm, sən kimsən?” Nəfs cavab verib: "Mən mənəm, Sən də Sənsən!” Allah nəfsi Cəhənnəmə atıb əzab verdikdən sonra yenə də ondan soruşub. Nəfs yenə: "Mən mənəm, Sən də Sənsən!” – deyə cavab verib. Hansı növ əzab veribsə, nəfs yenə qürur və kibrindən vaz keçməyib. Sonra ona aclıqla əzab verib, yəni onu ac saxlayıb. Sonra yenə ondan soruşub: "Mən kiməm, sən kimsən?” Nəfs bu dəfə belə cavab verib: "Sən mənim rəhmli Rəbbim, mən də Sənin aciz bir qulunam!”[6]
 
Allahım, Seyidimiz Mühəmmədə, onun Əhli-Beytinə
və əshabələrinə ramazan ayında Quran hərflərinin
sayı qədər Sənin razılığına səbəb olacaq
və onun haqqında əda olunacaq səlat və rəhmət
göndər! Sənin Rəbbin yenilməz qüvvət sahibi və hər şeyə qalib olan
Rəbbin (müşriklərin) Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır.
Peyğəmbərlərə salam olsun! Aləmlərin Rəbbi olan Allaha da həmd olsun!
 
Üzrxahlıq: Bu ikinci hissə (yəni "Ramazan risaləsi”) – qırx dəqiqədə – sürətlə yazıldığına, mən və qaralama yazan katib xəstə olduğumuza görə, əlbəttə, içində qarmaqarışıqlıq, anlaşılmazlıq və qüsur ola bilər. Qardaşlarımızın güzəşt gözü ilə baxmalarını gözləyirik. Münasib gördükləri şeyi düzəldə bilərlər.
Tərcümə etdilər: Babək Rəcəboğlu
Xəyyam Qurbanzadə


[1] "Bəqərə”, 185
[2] Deyləminin "Müsnəd”ində (3; 130; 4351) bu barədə bir rəvayət vardır. Ramazan ayında yerinə yetirilən ibadət və xeyirli işlərin digər aylarda yerinə yetirilənlərdən daha çox savab qazandıracağını qəbul etməklə bərabər bu mövzu ilə əlaqədar "hədis” olaraq gələn rəvayətlərin Peyğəmbərin sözü olmayıb İslam alimlərinin sözü olduğunu düşünürük.
[3] Riyazət "idman, tərbiyə və islah etmək, boyun əydirmək, cazibədar şeylərdən uzaq durmaq” – deməkdir. Termin olaraq təsəvvüf yoluna daxil olan şəxsin nəfsinin istədiyi işi görməməsi, nəfsinin istədiyinin əksini etməsi, xülasətul-kəlam nəfsi ilə cihad etməsidir. Təsəvvüf əhli qırx gün, yaxud daha artıq inzivaya çəkilərək nəfslərini az yeməyə, az danışmağa, tək qalmağa və təfəkkür etməyə vərdiş etdirərək riyazət edərlər.
[4] Oruc eyni zamanda bir səbir tərbiyəsidir, çünki insan hər cür imkanı olduğu halda oruclu ikən bir şey yeyib-içməməklə böyük bir səbir tərbiyəsi işi aparar. Buna görədir ki, bir rəvayətdə buyurulmuşdur: "Oruc səbrin yarısıdır!” "Tirmizi”; "Dəəvat”; 86, "İbn Macə”; Siyam; 44
[5] Sir ruh kimi insan bədənində bir lətifədir, lakin ruh müstəqil bir varlığa sahib olduğu bir halda, sirin müstəqil bir varlığı yoxdur. Bir mənada sir ruhun ruhudur. Ruhən və qəlbən inkişaf etmiş mənəviyyat böyükləri bu hissin mahiyyətini idrak etmişlər, lakin eynən xəyal, ağıl və ruh kimi ona da həqiqi mənada tərif vermək çətindir. Buna görə də ona sir deyilmişdir. Qəlb mərifət, ruh məhəbbət, sir isə tamaşa yeridir.
[6] Burada danışılan hadisə Peyğəmbərimizə aid bir hədis deyildir. İlk zamanlarda başqalarının sözlərinə də hədis deyilirdi. Bu rəvayətin o mənada bir "hədis” olduğunu Peyğəmbərin yox, təsəvvüf əhli olan birinin sözü olduğunu düşünürük. Ümumiyyətlə, qaynaq (mötəbər mənbə) hesab olunan heç bir hədis kitabında belə bir rəvayət yoxdur. Bu rəvayət "Dürrətul-Vaizin” ("Vaizlərə incilər”) kimi sonrakı dövrdə hazırlanan bir söhbət kitabında bu şəkildə yer alır: "Uca Allah sonra nəfsi yaratdı və ona: "Mənə doğru qayıt!” – dedi. O qayıtmadı. Sonra: "Sən kimsən, Mən kiməm?” – dedi. Nəfs: "Mən mənəm, Sən də Sənsən”, – deyə cavab verdi. Buna görə də düz yüz il Cəhənnəmdə ona əzab verildi. Sonra Allah onu Cəhənnəmdən çıxarıb təkrarən ondan soruşub: "Sən kimsən, Mən kiməm?” Nəfs yenə də tərs cavab verib. Allah bu dəfə onu Cəhənnəmdə yüz il aclıqla cəzalandırıb. Sonra Cəhənnəmdən çıxarıb yenə ondan soruşub. Bu dəfə nəfs: "Mən Sənin qulunam, Sən mənim Rəbbimsən!” – deyə cavab verib. Bax, Allah buna görə nəfsə oruc tutmağı vacib etmişdir. (Osman Əfəndi; "Dürrətul-Vaizin”; 1:40, 41) Burada Allahın bir çox ayələrdə təhdid ünsürü olaraq istifadə etdiyi ayələrə yüngül yanaşmaq müşahidə olunur. Allah qullarını Cəhənnəm əzabı ilə tərbiyə etməkdədir. Onun Cəhənnəm əzabını daddıqdan sonra Ona meydan oxuya biləcək heç bir nəfs yoxdur. Necə ki Quranda əzabı dadan insanların gözəl bir qul ola bilmək üçün təkrarən dünyaya qayıtmaq istəyəcəkləri bildirilir.



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun