15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

QURANDA RAMAZAN ORUCU-2

FİDYƏ NƏ VAXT VACİB OLUR?

"... Oruc tutmaqda çətinlik çəkən şəxslər miskin (biçarə yoxsul) bir şəxsi yedirməklə fidyə verməlidirlər. ...”

Ayədəki "yutiqunəhu” ("çətinlik çəkirlər/çəkərlər”) felinin məsdəri olan "itaqə” kəlməsi bəzilərinin dediyi kimi "işdə bütün gücü sərf etmək” mənasını verir ki, bunun nəticəsində həmin iş o qədər çətinləşir ki, onun yerinə yetirilməsində insanın bütün qüvvəsindən istifadə olunur[1]. İfadə üslubunun tələbinə uyğun olaraq ayənin zahiri mənasından bu başa düşülür ki, burada orucu cəhd və məşəqqətlə tuta bilən şəxslər haqqında danışılır. Onlar da orucu çox çətinliklə tuta bilən qocalardır. Belə insanlar oruc tutmaq və onun qəzasını etməklə mükəlləf olmurlar. Əksinə, onlar fidyə verməklə kifayətlənə bilərlər. "Təfsirul-Əyyaşi”də bu haqda İmam Mühəmmədbaqirdən bir hədis nəql olunmuşdur:"Məqsəd yaşlılar və susuzluq xəstəliyinə tutulmuş şəxslərdir”.

Müfəssirlərin bəziləri bu görüşdədirlər ki, ayənin bu hissəsi rüxsətə dəlalət edir. Belə ki, Allah oruc tutmağa qadir olanlara ixtiyar verir ki, onlar istəsələr oruc tutsunlar, istəsələr də orucu yeyib fidyə versinlər. Lakin sonra bu ayə (daha doğrusu, ayənin bu hissəsindəki hökm) Allahın:"... Elə isə sizdən kim Ramazan ayında vətənində olarsa (yəni müsafirətdə olmazsa), o ayı oruc tutsun. ...” – sözü ilə nəsx olunmuşdur. Lakin fikir və ifadə üslubunun (yəni fikrin əvvəlinin sonrası ilə olan uyğunluğu və axışının) bütünlüyünə dəlalət edən ayələrin öyrənilməsi ilə bu fikir rədd olunur. Bunun başa düşülməsi, əlbəttə ki, sağlam zövq və incə hissə möhtacdır.

"Kim daha xeyirli bir işi könüllü olaraq görərsə, bu, onun üçün daha xeyirlidir. ...” Ola bilsin ki, fidyənin könüllü olaraq artıq verilməsi, yəni mükəlləfə vacib olan miqdardan artıq verilməsi nəzərdə tutulur. Belə ki, bəzi hədisi-şəriflərdə iki müdd miqdarında yeyiləcək qidanın verilməsinin əfzəl (yəni müstəhəb ehtiyat) olması bildirilmişdir.

"... Oruc tutmağınız – əgər bilirsinizsə, – sizin üçün daha xeyirlidir!” Sözdə ifadə üslubunun qərinə olması ilə ayənin zahiri budur ki, ayə qəza tutmaqda çətinlik çəkən şəxslərə xitab edir. Onlar üçün fidyə icazəlidir, çünki fidyə onlara bildirilmişdir. Baxmayaraq ki, fidyə icazəlidir, əgər bilərlərsə, oruc tutmaq onlar üçün daha xeyirlidir, çünki onun ruhi və əməli nəticələri vardır.

Burada bir ehtimal vardır ki, ayənin bu hissəsi oruc haqqındakı söhbət barəsində danışır, belə ki, insanlara aid olan çoxlu mənfəətlər baxımından orucun qanun kimi qoyulmasındakı fəlsəfəsi etibarilə o, öz-özlüyündə insanlar üçün daha xeyirli bir əməldir. Qoyulan hər bir qanundan sonra bu hissənin gətirilməsi Quranın dəyişilməyən bir üslubudur. Cümə namazının vacib olması zikr edildikdən sonra Allah-Taala buyurur:"Ey iman gətirənlər! Cümə günü namaz üçün (azan) nida olunduğu zaman Allahı zikr etməyə (cümə namazı qılmağa) tələsin və alış-verişi buraxın! Əgər bilirsinizsə, bu, sizin üçün daha xeyirlidir!”[2] Quranın başqa bir yerində deyilir:"İbrahimi də yad et! Bir zaman o, öz tayfasına belə demişdi: "Allaha ibadət edin və Onun yasaq etdiyi şeylərdən qorunun! Bu – əgər bilirsinizsə, – sizin üçün daha xeyirlidir!”[3]

Bununla "Oruc şəri qanunvericiliyin başlanğıcında vacibi-təxyiri idi və müsəlmanlar oruc tutmaqla fidyə vermək arasında ixtiyar sahibi idilər. Onlar oruc tutmağa adət etdikdən sonra bu nəsx olundu və oruc vacibi-eyni oldu”, – deyən şəxsin sözü batil olur, çünki bu fikir Quranın zahirinə müxalifdir və onunla ziddiyyət təşkil edir.

QURANIN RAMAZAN AYINDA

NAZİL OLMASININ MƏNASI NƏDİR?

"(O sayı müəyyən olan günlər) ramazan ayıdır. Ramazan ayı elə bir aydır ki, insanları hidayət edən, hidayətin və haqla batili bir-birindən ayırmanın açıq-aşkar dəlilləri olan Quran o ayda nazil olmuşdur. ...”

Bu ayədə Quranın ramazan ayında nazil olması barəsindəki qurani təsdiqdə və "Duxan” və "Qədr” surələrində Qədr gecəsinin müəyyənləşdirilməsində, bu ayın əzəmətinin Quranın o ayda nazil olması münasibətindən qaynaqlanmasına bir işarə vardır. Quranın bu ayda nazil olmasının təhlilində fikir ixtilafı ayrılıqları da vardır. Bəziləri qeyd edirlər ki, nazil olmaq deyildikdə onun nüzulunun əvvəli nəzərdə tutulur. Bəziləri isə belə düşünürlər ki, nazil olmaq deyildikdə Lövhi-Məhfuzdan Beytül-Məmura nazil olmaq nəzərdə tutulur. Bəziləri isə kitabın məfhumundan idrak edə bilmədiyimiz müəmmalı bir məna düzəltmək istəmişdir. O da bundan ibarətdir ki, Quran əvvəl bütövlükdə Həzrət Mühəmmədin qəlbinə nazil olmuş, sonra isə tədricən ona nazil olmuşdur. Bu ixtilafın səbəbi bu və bundan başqa ayələrin zahirinin Quranın birdəfəlik (bütöv) nazil olmasına dəlalət etməsidir. Halbuki ayənin mətnində Quranın tədriclə nazil edildiyi göstərilir."Kafirlər: "Quran ona (Mühəmməd əleyhissəlama) bütöv, birdəfəlik endirilməli idi!” – dedilər. Biz Quranla sənin qəlbinə səbat və qətiyyət vermək üçün onu ayə-ayə endirdik və tərtillə (ağır-ağır) oxuduq”[4].Başqa bir ayədə buyurulur:"İnsanlara aramla, yavaş-yavaş oxuyasan deyə Biz Quranı ayə-ayə ayırdıq və onu tədricən nazil etdik”[5]. Bu məsələdə ixtilafın başqa bir səbəbi də vardır. Bu səbəb odur ki, nüzul və bəsət (peyğəmbərliyə seçilmə) bir vaxtda olmuşdur. Və bilindiyi kimi bəsət rəcəb ayının iyirmi yeddisində olmuş və ilk nazil olan ayə"Yaradan Rəbbinin adı ilə oxu!”[6] – ayəsi olmuşdur. Ayə ilə bunu necə uyğunlaşdırmaq olar? Əsl həqiqət budur ki, Quranın zahiri onun ramazan ayında nazil olmasına dəlalət edir. Biz burada Quranın Qədr gecəsində, yaxud ramazan ayında nazil olması haqqında danışan ayələrlə onun aramla, yavaş-yavaş, yaxud tədriclə nazil olması haqqında danışan ayələr arasında heç bir fərq tapa bilmirik. Eyni zamanda Quranı Allahın elmində gizli olan müəmmalı bir mənaya da aid edə bilmirik. Bu ona görə deyil ki, biz sensualistlər (duyğunun idrakın yeganə mənbəyi olduğunu iddia edən fəlsəfi cərəyan) kimi Quranı hissi və maddi baxımdan təfsir etmək istəyirik, əksinə ona görədir ki, bəzi müfəssirlərin dəlil gətirmək istədikləri şeydə bunun heç bir dəlili yoxdur. Və bu barədə araşdırma aparmağın da yeri yoxdur, çünki biz onda böyük fayda görmürük.

Bunun işığında deyə bilərik ki, Quranın bu aydın zahiri bizi bəsətin vaxtını rəcəb ayına təyin edən, yaxud nazil olan ayələri "Oxu!” ("Ələq”) surəsində müəyyənləşdirən rəvayətlərə etimad etməməyə çağırır. Buna görə də, "inzal” ("nazil etmək”) sözü ilə "nazil olmanın əvvəli”nin nəzərdə tutulması mümkündür. Necə ki, Quran kəlməsi əhatə etdiyi surə, ayə və məcmu ilə aza və çoxa da aid edilir. Zahir olan budur ki, hadisənin təfsir olunması baxımından bu qədər izahla kifayətlənmək olar. Bundan artığı fərziyyədir və heç bir faydası olmayan yozumdur.

QURAN İNSANLAR ÜÇÜN BİR HİDAYƏT QAYNAĞIDIR

"... İnsanları hidayət edən və hidayətin, haqla batili bir-birindən ayırmanın açıq-aşkar dəlilləri olan Quran ...”

Bu, Quranın qiyməti və onun insan həyatındakı əhəmiyyətidir. O, Allahın razılığına sığınanları onun vasitəsilə əmin-amanlıq yollarına yönəltdiyi və onları zülmətdən nura çıxartdığı[7] bir hidayət kitabıdır. O, əşyanın həqiqətlərini və dəqiqliklərini bütün şübhələri dağıtmaqla insanlara aydınlaşdıran açıq-aşkar dəlillər kitabıdır və haqla batili bir-birindən ayırandır. Bu təfsirin əvvəlində bir daha müəyyən etdik ki, Quranın hidayət kitabının olmasının mənası budur ki, o, onunla hidayət olmaq istəyən şəxs üçün hidayətin əsaslarını ehtiva edən bir kitabdır. Quranla hidayət olmayan insanların varlığını göstərib etiraz etməyin yeri yoxdur, çünki buradakı hidayət feliyyət mənasını yox, şəniyyət mənasını verir. Təfsirin əvvəlinə müraciət edə bilərsiniz.

QƏZA VƏ YÜNGÜLLÜK ARASINDA

"Elə isə sizdən kim ramazan ayında vətənində olarsa (yəni müsafirətdə olmazsa), o ayı oruc tutsun. Xəstə və ya səfərdə olanlar başqa günlərdə sayı müəyyən olan günləri oruc tutmalıdırlar. ...” Bu, əvvəlki ayədən öyrəndiyimiz hökmün təsdiqidir, lakin daha aydın şəkildə."Şəhidə” sözü"səfər” sözünün antonimi olub"vətəndə hazır olmaq, müsafirətdə olmamaq” mənasını verən"hadara” ("hazır oldu”) sözünün sinonimidir. Xəstələrin və müsafir olanların ramazan ayından başqa aylarda, başqa günlərdə oruc tutması vacibdir. Onların bu ayda oruc tutması vacib və qanuni deyildir. Müsafirin oruc tutmasının rüxsət və əzimət olması haqqında əvvəlki bölmədə məlumat verdik.

Bəzi alimlər qeyd edirlər ki, "şühuduş-şəhr” (S. Fəzlullaha görə "vətəndə hazır olmaq, yəni müsafirətdə olmamaq” deməkdir) deyildikdə "hilalın (ayparanın) görünməsi” nəzərdə tutulur. Belə olduqda ayə buna dəlalət edir ki, oruc tutmaq ayın görünməsinə bağlıdır. Bu barədə Həzrət Mühəmməddən nəql olunan hədisi-şərifdə də belə deyilir:"Hilalı gördükdə oruc tutun, hilalı gördükdə iftar edin (yəni bayram edin)!” Lakin ayədə bunun dəlili yoxdur, əksinə ola bilsin ki, bunun (yəni "şühud” sözünün) müqabilində "səfər” sözünün işlədilməsi, o sözlə (yəni "şühud” sözü ilə) "vətəndə hazır olmaq” mənasının nəzərdə tutulmasına bir dəlildir. Zürarənin İmam Mühəmmədbaqirdən nəql etdiyi hədisdə deyilir ki, o demişdir: "Bu ayə haqqında soruşulduqda onu bilmək istəyən şəxsə onu izah edə bilmirəm”. İmam buyurdu:"Kim ramazan ayında (vətənində – müt.) hazır olarsa, o ayı oruc tutsun, kim səfərdə olarsa, iftar etsin!”[8] Həmçinin – "Məcməul-Bəyan”da dediyi kimi – Əli əleyhissəlamdan, İbn Abbasdan, Mücahiddən və bir qrup müfəssirlərdən onların belə dediyi rəvayət olunmuşdur:"Kim ki öz vətənində olduğu zaman ramazan ayı çatarsa, o, bütün ayı oruc tutmalıdır”[9]. Bu "şühuduş-şəhr” sözü ilə "vətəndə hazır olmaq” mənasının nəzərdə tutulmasının bir dəlilidir.

"... Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər. ...”

Bu, müsafir və xəstə üçün qəza tutmağın qanun kimi qoyulmasındakı hikməti bəyan edir. Allah bununla insanın yerinə yetirdiyi və tərk etdiyi işi yüngülləşdirmə və asanlaşdırma əsası üzərində qərarlaşdırmaq istəmişdi, çünki Allah Öz Peyğəmbərini asan və yumşaq bir şəriətlə göndərmişdir. Bəziləri ayənin bu hissəsindən belə nəticə çıxarmaq istəmişdir ki, orucu yemək əzimət yox, rüxsətdir. Lakin onların bu barədə heç bir dəlili yoxdur, çünki icbari olmasına baxmayaraq, yüngüllüyün orucun onların boynundan düşməsində olması mümkündür. Ola bilsin ki, bu ayədən nəticə olaraq hökmlərin ümumi dəlillərinə hakim olan bir fiqhi qayda çıxarılsın ki, o da "Yusr” ("Yüngüllük”), yaxud "La hərəc” ("Çətinliyin olmaması”) qaydasıdır. O qayda buna dəlalət edir ki, Allah-Taala insanların yerinə yetirdikləri və tərk etdikləri işlər barəsində qoyduğu bütün qanunlarda həyatı onlar üçün yüngülləşdirmək istəyir. Burada insanları çətinliyə salan hər bir hökmün şəriətdə qərarlaşdırılmamış və müəyyən edilməmiş olduğuna bir işarə vardır, hətta ona (yəni həmin hökmə) dəlalət edən dəlil buna mütləq və ümumi şəkildə dəlalət etsə də belə. Bu, namazda insanın bir vəziyyətdən başqa bir vəziyyətə keçməsində fəqihlərin verdiyi fitvaların əsasını təşkil edən bir anlayışdır. Belə ki, məşəqqət və çətinliyin yaranmasına səbəb olan vəziyyətdən icbar qaldırılır. Oturmağa nisbətdə qiyam, təyəmmümə nisbətdə də dəstəmaz buna bir misal ola bilər. "Məqsəd budur ki, .... Mükəlləfin ramazan ayında tuta bilmədiyi günlərin orucunda"... Sayı tamamlayasınız. ...” Bununla ona vacib olan oruc tamamlanmış olur."Məqsəd budur ki, ... sizi hidayət etdiyinə görə Allahı böyük tutasınız. ...” Müfəssirlər onun namaz qılanların bayram namazında dedikləri təkbirlər olduğunu qeyd etmişlər. Ola bilsin ki, ayənin zahiri mənası budur ki, əzəmət və böyüklükdə əhatəli rübubiyyət və böyük üluhiyyət qarşısında tabeçiliyə, itaətə və ruhi düşüncəyə işarə edən orucda ibadi qanunvericiliyin səbəbi göstərilmişdir. Rəbbini tövhidində, qüdrətində və Onun nəzdində olan bütün əzəmət mövqelərində onunla tanıdığı ilahi dinə hidayət üzərində insan hiss edir ki, onun varlığında və hərəkətində Allah hər şeydir. Və məxluqun sahibi olduğu hər bir şey Ondandır. Onlara həyatlarında güc, əzəmət, zənginlik və bacarıq verən Odur və onlar özlərinə nə xeyir, nə də zərər verə bilərlər. Bu, mömini Rəbbinin məqamını düşünən, ibadət və itaətdə, tövhiddə öz məsuliyyətinə açılan insan kimi formalaşdırmış olur. Və bununla ruhunda, ağlında, şüurunda, dilində və əməlində bütünlüklə Allahı böyük tutmuş olur."Bəlkə, şükür etmiş olasınız”. Yəni Ona itaət etməkdə, istər dinlə bağlı, istərsə də dünyəvi işləri sahmana sala biləcək hər şeyi həyata keçirməkdə sizə əta etdiyi fürsətə görə "bəlkə, şükür etmiş olasınız”. Həqiqətən, bu, şükür etməyə layiq olan nemətlərdəndir. Hansı nemət insanın iki dünyasının xoşbəxtliyini hazırlayan nemətdən daha fəzilətli ola bilər?

AYƏLƏRİN TƏRCÜMƏSİ

"Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq (yəni onlarla cinsi əlaqəyə girmək) sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. Allah bilirdi ki, siz öz nəfsinizə xəyanət edirdiniz, tövbənizi qəbul etdi və sizi bağışladı. İndi onlarla yaxınlıq edin və Allahın sizin üçün yazdığını istəyin. Sizin üçün fəcrin ağ sapı qara sapından fərqlənincəyə qədər yeyin və için; sonra gecəyə qədər orucu tamamlayın. Məscidlərdə etikafda olduğunuz halda onlarla (qadınlarla) yaxınlıq etməyin. Bunlar Allahın sərhədləridir, qətiyyən onlara yaxınlaşmayın. Təqva sahibi olsunlar deyə Allah Öz ayələrini (dəlil və nişanələrini) insanlara bu cür açıqlayır!” (187)

AYƏLƏRDƏ OLAN SÖZLƏRİN MƏNASI

NAZİL OLMANIN SƏBƏBİ

İmam Sadiqdən nəql olunan rəvayətdə deyilir:"Ramazan ayında gecə yuxudan sonra yemək haram idi. Ramazan ayında gecə və gündüz cinsi münasibətə girmək də haram idi. Peyğəmbərin əshabələrindən Mütim ibn Cübeyr adlı bir kişi vardı. O, Abdullah ibn Cübeyrin qardaşı idi. O Abdullah ibn Cübeyr ki, Peyğəmbər Ühüd günündə vadinin ağzının qorunmasını əlli ox atan ilə birlikdə ona tapşırmışdı. Lakin dostları ondan ayrıldı və yanında yalnız on iki kişi qaldı və o, özü də vadinin qapısında öldürüldü. Onun qardaşı Mütim ibn Cübeyr zəif bir qoca idi və oruc tutmuşdu. Ailəsi onun yeməyini gecikdirdi və o da iftar etməmişdən əvvəl yatdı. Oyandıqda arvadına dedi: "Bu gecə yemək yeməyim artıq haramdır”. Həmin gecənin sabahı o, xəndək qazmağa yollandı. Taqəti olmadığından yerə yıxılıb özündən getdi. Peyğəmbər onun bu vəziyyətini gördü və ona ürəyi yandı. Bir qrup gənc də ramazan ayında gecə gizli şəkildə öz həyat yoldaşları ilə cinsi münasibətə girirdi. Allah bu ayəni nazil edib Ramazan ayında cinsi münasibətə girməyi və yuxudan sonra fəcrin tülusuna (sübh azanına) qədər yemək yeməyi halal etdi”[10].

ORUC VƏ RAMAZAN AYINDA

CİNSİ ƏLAQƏLƏRİN HƏDLƏRİ

Bu ayədə oruc tutanlara cinsi münasibətin haram olduğu vaxtlar müəyyənləşdirilir. Bəzi hədislərdə varid olduğu kimi bu münasibət onlara (yəni oruc tutanlara) gecə və gündüz haram edilmişdi. Bu yasaq onlara çətin gəlirdi. Hətta bəzi gənclər gecə gizli şəkildə öz zövcələri ilə cinsi münasibətə girir və ruhlarında xəyanətin alçaldıcı şüurunu hiss edirdilər. Bu kəramətli ayədəki halallaşdırma hökmü üzərlərindəki hal-hazırdakı bu yükü qaldırmaq və tövbələrini qəbul edərək bundan əvvəl etdikləri günahları bağışlamaq üçün nazil edilmişdir. Ola bilsin ki, ayənin ab-havasında – nazil olma səbəblərində qeyd olunduğu kimi – bu əlaqənin dəstəklənməsinə də işarə edilir, ta ki oruc tutanlar özlərini vicdanlarını zəhmətə salan və onları orucun ruhaniyyətindən və təqva üzərində tərbiyədəki əməli üslubundan uzaqlaşdıran bütün şəhvani hisslərdən boşalsınlar, çünki Allah təqvanın insan həyatında, insana nəfəs alma, yaxud açılma, yaxud bəşəri təbiətin mövqeyindən bir məqama yönəlmə imkanı verməyən zorlama, təzyiq və şiddət üslubu əsasında hərəkət etməsini istəmir. Əksinə, Allah haram etdiklərinə qapanmaq üçün bəzi cəhətlərdən şəhvətlərə açılma üzərində mərkəzləşmiş iradə əsasında hərəkət etməsini istəyir. Belə olduqda yasaqlar xəttinə bağlılıq həyatın tələbi olaraq yerinə yetirdiyi davranışlarda insanın təbiətinə yaxın olur.

Bu açıqlamalar işığında gündüz oruc tutmaq praktiki və real bir üslubdur, çünki müxtəlif ehtiyaclarını dondurmur, əksinə gecə ona hər cür ehtiyacını təmin etmə imkanını verir. Ayənin"Onlar sizin, siz də onların libasısınız. ...” hissəsi isə qadın ilə kişini bir-birinə bağlayan əlaqənin güclülüyünə işarə edir. Bu əlaqənin güclülüyü də bu iki cinsdən birinin digərinə hiss etdiyi cinsi ehtiyacın təmin olunmasından qaçınmasını və qarşı cinsdən uzaq durmasını çətinləşdirir və bu yöndə sərf ediləcək səbri azaldır. Ayədə cinsi əlaqə üstüörtülü şəkildə (kinayə ilə) "rəfəs” kəlməsi ilə ifadə edilmişdir, çünki "rəfəs” kəlməsi kinayə ilə ifadə olunması lazım olan bir şeyi açıq şəkildə ifadə edir. "Kəşşaf” təfsirində deyildiyi kimi "cima” da bundan xali deyildir[11].

"Allah bilirdi ki, siz öz nəfsinizə xəyanət edirdiniz. ...”

Yəni gecə cinsi yaxınlıqdan imtina etməklə onu ləzzətdən həzz almaqdan məhrum edirdiniz. Burada nəfsə xəyanət onu məmnun olacağı işdən çəkindirib ona zülm etməklə olur. Yaxud nəfsə xəyanət ramazan ayının gündüzlərindən əlavə, gecələrində də qoyulan yasağa qarşı azğın davranmaqla günaha mürtəkib olmaq mənasını verir. Belə ki, siz cinsi yaxınlıqdan imtina etməklə ilahi əmanətə riayət etmirdiniz."Tövbənizi qəbul etdi və sizi bağışladı. ...” Sizə çətin gələn işi yüngülləşdirmək, onu (cinsi yaxınlığı) sizin üçün mübah etmək, yaxud sizi əfv etməklə."İndi onlarla yaxınlıq edin. ...” Yasaq edilmədən və çətinliyə mübtəla olmadan öz cinsi ehtiyaclarınızı təmin etmək üçün gecə onlarla yaxınlıq edin. Buradakı əmr (yəni "yaxınlıq edin” şəklində verilən əmr) vücuba (vacibliyə) yox, mübahlığa dəlalət edir, çünki "təhrim”dən ("yasaq etmək”dən) sonra gəlmişdir. Bu da vücubun yox, yasağın götürülməsinin nəzərdə tutulmasının qərinəsidir (göstəricisidir).

"Allahın sizin üçün yazdığını istəyin. ...” Ayənin zahirindən bu başa düşülür ki, şəhvani ehtiyacın təmin olunmasından əlavə, bir çox hallarda cinsi münasibətin məqsəd olması etibarilə övlad nəzərdə tutulur, yaxud tələb olunan məqsəd olması etibarilə nəsil artırmağa təşviq olunma da nəzərdə tutulur.

Burada digər bir ehtimal olunan cəhət də vardır və o da bundan ibarətdir ki, Allahın möminlər üçün yazdığı halalın istənilməsi nəzərdə tutulur. O halal ki, Allah onu Öz kitabında bəyan etmişdir. Həqiqətən, Allah Öz əzimətlərinin əxz edilməsini sevdiyi kimi, Öz rüxsətlərinin də əxz edilməsini sevir."Yeyin və için. ...” Artıq Allah bunu sizin üçün gecə mübah etmişdir."Sizin üçün... fərqlənincəyə qədər. ...” Aydın görüntünün araşdırılması əsasında sizin üçün zühur edənə və ayırd edilənədək."Ağ sap...” Uzanmış sap kimi üfüqdə zahir olan fəcrin görünməsinin başlanğıcıdır."Qara sap...” "Kəşşaf”da deyildiyi kimi gecənin qaranlığının uzantısıdır[12]."Fəcr...” O, doğuşu bəyazlıqla başlayan və üfüqdə görünən bir şeydir.

"Sonra gecəyə qədər orucu tamamlayın. ...” Ayənin bu hissəsi orucun sona çatma vaxtını və oruc tutanın bir niyyətlə gecəsini gündüzünə birləşdirdiyi vüsal orucunun qeyri-şəri/qanuni olduğunu müəyyənləşdirir."Məscidlərdə etikafda olduğunuz halda onlarla (qadınlarla) yaxınlıq etməyin. ...” Bu, oruc gecəsində qadınla cinsi münasibətə girməyin icazəli olmasının bir istisnasıdır, çünki istər ramazan ayında olsun, istərsə də digər zamanlarda olsun məsciddə etikafa girmiş insanın belə bir iş görməsi icazəli deyildir. Etikaf xüsusi bir ibadətdir ki, insan ibadət üçün özünü məscidə həbs edir və bir zərurət olmadan oradan çıxmır. Oruc tutmaq və onu üç gün ara vermədən davam etdirmək bu ibadətin şərtlərindən hesab olunur. Onun hökmləri barədə fiqh kitablarında yazılmışdır.

ALLAHIN SƏRHƏDLƏRİNƏ YAXINLAŞMAYIN

"Bunlar Allahın sərhədləridir, qətiyyən onlara yaxınlaşmayın. Təqva sahibi olsunlar deyə Allah Öz ayələrini (dəlil və nişanələrini) insanlara bu cür açıqlayır!”

Bu kəramətli ayədə yasaq edilmiş işlərin (mühərrəmatın) Allahın sərhədləri olduğuna, buna görə də insanın bu sərhədlərin yanında dayanmaması və zidd hərəkət edərək bunlara yaxınlaşmaması lazım olduğuna işarə edilmişdir. Ola bilsin ki, Allahın sərhədləri deyildikdə halalları və haramları ilə qoyduğu bütün qanunlar nəzərdə tutulur. Ayə halalla haram arasındakı çəpərin yanında dayanmağı üstüörtülü şəkildə ifadə etmişdir ki, insanlar yasaqları pozmasın. Bu barədə bəzi hədislərdə deyilir:"Yasaqlar Allahın qoruğudur. Kim qoruğun ətrafında gəzərsə (başqasının bağçasının ətrafında heyvan otaran çobanın qoyunları kimi), hər bir an onun içinə girə bilər”.

Ola bilsin ki,"O sərhədləri keçməyin” yerinə"Qətiyyən onlara yaxınlaşmayın” cümləsinin işlədilməsi yalnız haramları tərk etməklə kifayətlənməyə yox, əksinə onlardan uzaqlaşmağa işarə etmək üçündür. Zəməxşəri "Kəşşaf”da yazır: "Əgər soruşulsa ki, Allah: "Kim Allahın sərhədlərinə önəm verərsə, onları keçməsin”, – deyə biləcəyi halda, nə üçün "Qətiyyən onlara yaxınlaşmayın”, – demişdir?! Cavab verərəm ki, kim Allaha itaət edib Onun şəriətinə əməl edərsə, o, haqq sahəsində hərəkət etməkdədir və onu keçməsi ona yasaq edilmişdir, çünki kim onu keçərsə, batilin sahəsində qərar tutar. Sonra bu barədə bir az da mübaliğəyə yol verilmiş, batilə yaxınlaşmamaq və addayıb keçmək bir tərəfə qalsın, əks tərəfdən uzaqlaşmaq üçün ortada olsun deyə haqla batil arasındakı çəpərdən ibarət olan həddə yaxınlaşmaq da yasaq edilmişdir”[13]. Allahın insanların keçməsini və üsyan etməsini istəmədiyi sərhədlərin nələr oduğunu və Allahın iradəsini necə tətbiq edib yerinə yetirəcəyini yaxşıca qavramağa çalışması insan üçün qaçılmaz bir məcburiyyətdir. Çünki bu qavrayış onu bütün xüsusi və ümumi həyatında Ona bağlanmağa, özü də möhkəm şəkildə bağlanmağa və şəxsiyyətini ona təqva sifətini verən şəri təməllər üzərində qurmağa doğru aparacaqdır. Bizim islami şəxsiyyəti gerçəkləşdirmək yolunda təmayül və tərbiyə sahələrində yaxalamağımız lazım olan ünsür də budur. Həmçinin insanın istər kiçik, istərsə də böyük hesab edilən bütün həyat məsələlərində bunları bilməsi və tətbiq edərək qüvvətləndirməsi lazımdır, çünki ümumi anlayışlarla kifayətlənmək insanı kor bir qaranlığa qərq edərək onu haqla batil və İslamla küfr arasındakı ayırıcı sərhədlərin idrakından uzaqlaşdırır.

"Təfsirun min vəhyil-Quran”;

MÜƏLLİF: SEYİD MÜHƏMMƏDHÜSEYN FƏZLULLAH

MÜTƏRCİM: XƏYYAM QURBANZADƏ


[1] Əllamə Təbatəbai; "Əl-Mizan fi Təfsiril-Quran”; həmin ayənin təfsiri

[2] "Cumuə”, 9

[3] "Ənkəbut”, 16

[4] "Ənkəbut”, 32

[5] "İsra”, 106

[6] "Ələq”, 1

[7] "Maidə” surəsinin 16-cı ayəsinə işarədir.

[8] "Biharul-Ənvar”; c. 93, s. 200, 42-ci bab, 15-ci rəvayət

[9] "Məcməul-Bəyan”; c. 2; s. 498

[10] "Məcməul-Bəyan”; c. 2, s. 503

[11] "Təfsirul-Kəşşaf”; c. 1, s. 337, 338

[12] "Kəşşaf”; c. 1, s. 339

[13] "Təfsirul-Kəşşaf”; c. 1; s. 34



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun