16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

ŞƏRQİ TÜRKÜSTAN

KOMMUNİST ÇİN HÖKUMƏTİNİN
GİZLƏTDİYİ BÖYÜK ZÜLM
XX əsrdə dünyaya dəhşət saçan ideologiyaların başında kommunizm dayanırdı. Alman filosofları Karl Marks və Fridrix Engelsin fikirlərinə söykənən bu ideologiyanın Lenin, Stalin, Mao Tsun kimi zalım və zülmkar liderlər tərəfindən həyata keçirilməsi ilə dünya tarixinin ən böyük soyqırım və işgəncələri gerçəkləşdirildi. SSRİ-nin dağılması ilə kommunizm siyasi rejiminin iflasa uğradığı qəbul edilsə də, bu ideologiya və onun tətbiqi gizli, yaxud açıq şəkildə hələ də davam edir. Bu gün Şərqi Türküstanda yaşayan müsəlman türklər hələ də Maoçu Qızıl Çin rejiminin zülmü altında yaşayırlar. Qərb ölkələri isə hər zaman olduğu kimi, Şərqi Türküstanda da insan haqlarının pozulduğunu görməməzliyə vurur, bu zülmün qarşısını almaq istiqamətində heç bir iş aparmırlar.


ŞƏRQİ TÜRKÜSTANDA ÇİN ZÜLMÜ
Şərqi türküstanlı müsəlman türklər təqribən 250 ildir ki, Çinin hakimiyyəti altında yaşayırlar. Çinlilər İslam diyarı olan Şərqi Türküstanı "qazanılmış torpaqlar” mənasını verən "Sinsanq” adlandıraraq buranı öz torpaqları elan etdilər. 1949-cu ildə Maonun rəhbərlik etdiyi kommunistlərin Çində hakimiyyətə gəlməsindən sonra Şərqi Türküstana təzyiqlər birə-beş artdı. Kommunist rejimi əqidəsinə sadiq qalan müsəlmanların məhv olunmasını istəyən bütün qüvvələr səfərbər edildi. Soyqırıma məruz qalan müsəlmanların sayı qorxunc həddə idi: 1949–1952-ci illərdə 2 milyon 800 min, 1952–1957-ci illərdə 3 milyon 509 min, 1958–1960-cı illərdə 6 milyon 700 min, 1961–1965-ci illərdə isə 13 milyon nəfər qətlə yetirildi ki, onun da əksəriyyətini Çin ordusu həyata keçirdi, bir hissəsi də rejimin yaratdığı aclıq və səfalət burulğanında torpağa gömüldü. Amma sağ qalanlar üçün də həyat rəvan deyildi. Onlar böyük təzyiq və işgəncələr içərisində məşəqqətli günlər yaşamaq məcburiyyəti ilə üz-üzə idilər. Şərqi Türküstanın uzun illər sürgündə yaşayan mərhum lideri İsa Yusif Alptəkin Türkiyədə nəşr edilən "Doğu Türküstan Davası” və "Unudulan Vatan – Doğu Türküstan” adlı kitablarında sözügedən zülm, təzyiq və işgəncələr təfərrüatı ilə izah edilir. Kitablarda yazılanlar¬dan aydın olur ki, Şərqi Türküstanda xalqa edilən zülmlər, serblərin Bosniyada müsəlman bosniyalılara və ya Kosovada alban müsəlmanlara etdiklərindən heç də fərqlənmir. Ölkədəki Çin məhkəmə sisteminin "cəza” metodları da son dərəcə amansız və tükürpədicidir. Cəzalandırılan insan ya diri-diri torpağa basdırılır, ya ölümcül döyülür, çılpaq şəkildə qar altında yatırılır və yaxud iki ayağı ayrı-ayrı iki öküzə bağlanaraq parça-parça edilirdi.


ASSİMİLYASİYA VƏ KÖKLÜ BİR MƏDƏNİYYƏTİ
YOX ETMƏYƏ YÖNƏLƏN FƏALİYYƏT
Kommunist rejimi 1949-cu ildən başlayaraq bir tərəfdən müsəlmanları məhv edir, digər tərəfdən isə bölgəyə planlı və məqsədyönlü şəkildə çinli vətəndaşları yerləşdirirdi. Çin hökumətinin 1953-cü ildə başladığı insanlıq əleyhinə yönəlmiş bu kompaniyanın nəticələri dərindən araşdırma tələb edir. 1953-cü ildə bölgədə 75% müsəlman, 6% çinli yaşadığı halda, bu rəqəm 1982-ci ildə 53 və 40%-lə ifadə olundu. 1990-cı ildə adı çəkilən bölgədə əhalinin sayı isə faiz etibarilə belə idi: Müsəlmanlar 40%, çinlilər 53%. Bu, praktik olaraq Şərqi Türküstan ərazisində etnik-təmizləmə siyasətinin uğurla aparılması deməkdir.
Bu gün uyğur-türklər zorla kənd və qəsəbələrdə yerləşdirildiyi halda, çinlilərin hər vəchlə şəhərlərdə məskunlaşmasına şərait yaradılır. Bu səbəbdən də bir çox şəhərlərdə çinlilər əhalinin 80%-ni təşkil edirlər. Çin hökumətinin Şərqi türküstanlıları çinlilərlə evləndirməyə çalışmaları da onların assimilyasiya siyasətinin tərkib hissəsidir. Bu bölgələrdə nüvə silahlarının sınaqdan keçirilməsi isə qardaş müsəlmanlara edilən zülmün daha bir bariz nümunəsidir.
İlk dəfə 1964-cü ilin oktyabrında başlanan nüvə silahlarının sınağı bölgə əhalisinin minlərlə vətəndaşını ölümcül xəstəliyə düçar etmiş, 20 min uşaq dünyaya şikəst göz açmışdır. Nüvə sınaqlarından ölən müsəlmanların sayının 210 minə çatdığı məlumdur. Minlərlə insan isə ya şikəst qalmış, ya da xərçəng və digər yoluxucu xəstəliklərə tutulmuşdur. Çin 1964-cü ildən indiyədək Şərqi Türküstan torpaqlarında 50-yə yaxın atom və hidrogen bombası partladıb. İsveçli mütəxəssislər 1984-cü ildə yeraltı nüvə sınağında istifadə olunan bombanın "rixter” ölçüsü ilə 6.8 bal gücündə Yer tərpənməsinə səbəb olduğunu təsdiq etmişlər.


ZÜLMÜN ƏSAS MƏQSƏDİ:
İSLAMLA DÜŞMƏNÇİLİK
Çinin Şərqi Türküstan əhalisinə divan tutmasının başlıca səbəbi xalqın müsəlman olmasıdır, çünki kommunist Çin bölgədəki hakimiyyət və hegemonluğunu qüvvətləndirməkdən ötrü ən böyük maneə olaraq məhz İslam amilini görməkdədir. Xalqı dinindən döndərmək üçün hər cür vasitəyə əl atan Çin şovenizmi ən amansız və fanatik dövrünü kommunist diktator Maonun 1966–76-cı illər ərzində "mədəniyyət dəyişikliyi” siyasətini həyata keçirdiyi dönəmdə yaşadı. Məscidlər söküldü, camaat namazlarına qadağa qoyuldu, Quran kursları bağlandı və bölgəyə yerləşdirilən çinlilər müsəlmanlara öz kimliyini unutdurmağa çalışdılar. Tədris ocaqlarında dinsizlik siyasəti aparıldı. Ayrıca bütün sahələrdə insanların dinə səhlənkar yanaşmasından ötrü sistemli iş planına keçildi. Dini elmlərin öyrənilməsi və din alimlərinin xalqı bu sahədə maarifləndirməsi tamamilə yasaq edildi. Lakin bununla belə xalqı İslamdan uzaqlaşdırmaq mümkün olmadı.
Müasir dövrdə müsəlmanlara edilən zülmlərdən biri də təhsil sistemində həyata keçirilir. Həmin bölgədəki təhsil ocaqlarında təhsil ancaq çin dilində aparılır. Universitetlərdə təhsil alan tələbələrin cəmi 20%-i müsəlmanlardır. Maddi amillərdən asılılıq müsəlman xalqının təhsil səviyyəsinin yüksəlməsinə ciddi şəkildə mane olur. Çindilli orta məktəblərdən fərqi olaraq, uyğur məktəblərində hətta oturacaqlar belə çatışmır. Din dərsi proqramlarının əsası isə ateizm üzərində qurulub. Son 30 ildə dörd dəfə əlifbalarının dəyişdirilməsi assimilyasiya siyasətinin bir hissəsidir. Siyasəti, mədəniyyətləri dəyişdirməyə yönələn Mao rejimi Çin əlifbasına toxunmamış, lakin Uyğur əlifbasını ərəb əlifbasından kirilə çevirmişdir. Bir müddət bu əlifbadan istifadə olunduqdan sonra latın əlifbasına keçilmiş, ancaq bu dəfə də Türkiyə ilə mədəniyyət körpüləri qurulmasın deyə yenidən ərəb əlifbasına qayıdılmışdır. Əlifba ilə belə rəftarın nəsillərarası anlaşma və rabitənin zəifləməsinə xidmət etdiyini başa düşmək çətin deyil.


KOMMUNİST ÇİNİN UZAQ ŞƏRQDƏKİ
ANTİ-İSLAM FƏALİYYƏTİ
Şərqi Türküstanda müsəlman türklərə qarşı yönələn zülm şiddətlə davam edir. Türk gənclərinin mövcud rejimə qarşı potensial güc olduğunu görən Çinin rəsmi məmurları onları səbəbsiz yerə toplayır. Gənclər isə bu zülmdən xilas olmaq üçün dağlara və çöllərə qaçmağa məcbur olurlar.
1996-cı ildən etibarən düşərgələrdə saxlanılan on minlərlə uyğur türkünə ağır işgəncələr verilməsi sübuta yetirilmişdir. İnsan haqları təşkilatlarından birinin rəsmi internet səhifəsində bu işgəncələrdən bəziləri haqqında söhbət açılıb. Həmin işgəncələrdən ən dəhşətlisi hamilə qadınların evlərdən zorla çıxarılaraq antisanitar şəraitdə abort edilmələri, ailədə uşaqların sayı ikidən çox olduqda "artıqların” öldürülməsidir.
1997-ci ilin fevral ayında baş verənlər isə daha dəhşətli və dözülməz idi. Çin polis qüvvələri fevralın 4-nə təsadüf edən müqəddəs Qədr gecəsində bir məsciddə 30-a yaxın qadını Quran oxuyarkən dəmir dəyənəklərlə döyüb həbs etdilər. Məhəllə sakinləri həbsxanaya gedərək onların sərbəst buraxılmalarını tələb ediblər və bu zaman qadınlardan 3-ü öldürülərək cəsədləri onların qarşısına atılmışdır. Nəticədə əliyalın xalqla çinlilər arasında toqquşmalarda 200 müsəlmanın həyatına son qoyuldu, 3500-dən artıq Şərqi türküstanlı isə hərbi düşərgələrə aparıldılar. Fevralın 8-də bayram namazı üçün məscidlərə toplanan xalqın namaz qılmasına əngəl yaratdılar. Bundan hiddətlənən xalqla çin təhlükəsiz qüvvələri arasında münaqişə daha da şiddətləndi və nəticədə 1996-cı il aprel-dekabr ayları ərzində məhkumların sayı 58 mindən 70 minə çatdı. Qərb isə həmişə olduğu kimi, bu amansızlıq və vəhşətə münasibətdə də seyrçi mövqe tutdu. 25 milyon Şərqi türküstanlı hələ də Çin hökumətinin təzyiq və zülmü altında əzilir, dünya isə buna göz yummaqdadır. Ölkədə minlərlə siyasi məhbus var ki, onların da çoxu məhv olmaq dərəcəsindədir.
Sivil dünyanın tələblərinin tam ziddinə olan amansızlığın dayandırılması məqsədilə bu həqiqətləri dünyaya çatdıracaq və Çinin insanlığa yaraşmayan əməllərdən geri çəkilməsini təmin edəcək beynəlxalq dəstəyə nail olmaq günün ən mühüm tələblərindəndir, çünki müasir dünyanın sanki Şərqi Türküstandakı vəhşətdən xəbəri yoxdur və bu da Çinin soyqırım siyasətini davam etdirməsinə rəvac verir. Yaddan çıxarmaq lazım deyil ki, Şərqi Türküstanda yaşanan bu vəhşilik və zülmün təməlində kommunist Çinin sahib olduğu dinsiz fəlsəfə durur. Müdafiəsiz xalqa qarşı yönələn bu qeyri-insani savaş metodu materialist və dinsiz kommunist təfəkkürünün məhsuludur. Qanlı ideologiyanın təmsilçiləri olan kommunizmin amansız liderləri 20-ci yüzillikdə milyonlarla insanın qətlinə səbəb olmuş, misli görünməmiş soyqırımları həyata keçirmişlər. Şərqi Türküstan da bu sadalanan vəhşiliklərə məruz qalan qurbanlardan yalnız biridir. Bəşəriyyətin bir daha belə bəlalarla üzləşməməsinin yeganə yolu isə kommunizm kimi dağıdıcı, başqalarının məhvinə yönəlmiş ideologiya ilə təfəkkür müharibəsi etməkdir. Bu iyrənc ideologiyanın əsaslarının aradan qaldırılması zülmün dayandırılması istiqamətində ilk uğurlu addım olacaqdır. Məlum olduğu kimi, adı çəkilən ideologiyanın təməl dayağı Darvinizmdir. Marksist fəlsəfənin qurucusu olan Karl Marks "Das Kapital” adlı əsərini heyran qaldığı Darvinə ithaf etmişdi. Dünyada məşhur marksist elm adamı Ştefen Cey Qud da "Ever Sins Darvin” adlı kitabında yazmışdır: "Marks ilə Darvin məktublaşırdılar. Marks Darvinə ehtiram bəsləyirdi. Əslində Darvin təkamülçü idi”.
Kommunist Çinin lideri Mao Tsun çıxışlarının birində "Çin sosializmi Darvin və təkamül nəzəriyyəsinə söykənir”, – deyərək həyata keçirdiyi vəhşətin təməl prinsiplərini açıq şəkildə ifadə edib. Marksizm ardıcılları Rusiya və Çin kimi ölkələrdə məsələyə daim bu cür yanaşıb və təəssüf ki, bu gün də Çeçenistanda, Şərqi Türküstanda və başqa bölgələrdə müsəlmanlar iyrənc ideologiyanın qurbanı olaraq qalırlar. Bu zülmə son qoyulması, dünyada barış və hüzurun hakim olmasından ötrü bəşəriyyət Darvinizmin batil və əsassızlığını qəbul etməlidir, çünki insanlar xoşbəxtlik və səadətə yalnız islami dəyərlərə söykənərək, onu həyat tərzinə çevirməklə yetişə bilərlər.
MAHİR CƏBİYEV





  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun