16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

DOKTOR ƏLİ ŞƏRİƏTİ

XX əsrdə İslam dünyasını öz mütərəqqi təfəkkürünün ziyası ilə nurlandıran mütəfəkkirlərdən biri də Dr. Əli Şəriəti olmuşdur.
İranda dünyaya gəlmiş bu ziyalının fikirləri ölkəsinin sərhədlərini kilometrlərcə aşaraq müxtəlif ölkələrdə yaşayan həqiqət aşiqlərinin düşüncələrinə sızmış və şüurlarda köklü reformasiyalara səbəb olmuşdur.
Şəriəti uşaqlıq və gənclik illərində öz yaşıdlarından əsaslı surətdə fərqlənmirdi. Öz həmyaşıdları kimi məktəbə getmiş, dəfələrlə imtahan həyəcanı ilə üzləşmiş, öncə ibtidai, daha sonra isə orta təhsil mərhələsini geridə qoymuşdu. Digər fənlərlə yanaşı, dini elmlər və ərəb dili də onun öyrəndikləri sırasına daxil idi.
Təhsil aldığı litseyi bitirdikdən sonra müəllimlik sənətinə vurğunluğu onu "Ali Müəllimlər Məktəbi”nə istiqamətləndirmişdi. O dönəmdə bu təhsil müəssisəsi, müxtəlif səbəblərlə əlaqədar olaraq universitetə qəbul olunmayan gəncləri müəllimlik məsləyinə hazırlayan elm ocağı idi. Şəriəti bu illərdə kitab tərcümə edə biləcək səviyyədə ərəb və fransız dillərini mənimsəmişdi. Əbuzər barəsində ərəb dilindən və dua barəsində isə fransızcadan tərcümə etdiyi kitablar onun həm dillərə yiyələnmə səviyyəsindən, həm də düşüncə üfüqlərinin genişliyindən xəbər verir. Tərcümə etdiyi kitabların ön sözü də mütərcimin özü tərəfindən qələmə alınmışdır. Tərcümə əsnasında Şəriəti İslamın ləkəsiz və qatqısız qaynaqlarına yönələ bilmişdi. Peyğəmbər (s)-in və Ondan sonrakı din böyüklərinin həyat tərzləri və sosial fəaliyyətlərinin dövrün ictimai problemlərinin işığında təhlil edə bilməsi də məhz nəticə etibarı ilə bu yönəlişin təsiri altında olmuşdu. Bütün bunlar isə şübhəsiz ki, gəncliyə öz müsbət təsirlərini göstərmişdi.
Dərs deməyə tələbə olduğu illərdən başlamışdı. Fikri yöndən elə bir səviyyəyə yüksəlmişdi ki, onun hələ indidən daşıb kənara töküldüyünü hər kəs görə bilirdi.
İstedadlı və bacarıqlı olması ətrafındakı münbit mühit və hər şeydən əvvəl isə İslamın qatqısız qaynaqlarına duyduğu səmimi inanc düşüncə və davranışında iffət ilə birləşərək uca qayəsinə qovuşmaq üçün onu bütün imkanlara sahib etmişdi.
Şəriəti bu dövrdə Şimali Afrikadan İndoneziyaya qədər yayılan və bağrında mövcud durumu dəyişdirmə istiqamətində möhtəşəm fəaliyyətləri əks etdirən anti-imperialist hərəkatlarla maraqlanmağa başlamışdı. "Tarix Fəlsəfəsi” ilə əlaqədar olan məsələlər də onu ciddi düşündürürdü.
Məşhəd şəhərində fəaliyyət göstərən "İslami Həqiqətləri Tanıma Mərkəzi” onun bura gəlişi ilə daha da canlandı. Onun şəxsiyyətinin daha da formalaşmasına təsir göstərən bu müəssisədə o yalnız sualları cavablandırmaqla kifayətlənmir, həm də müxtəlif mövzularda söhbətlər təşkil edirdi.
Daha başlanğıcdan etibarən intellektual inkişafın və inancı dərinləşdirmənin vasitəsi olaraq gördüyü yararlıq fəaliyyətinə və çıxışlara böyük önəm vermiş, çevrəsindəkilər isə seçkin və güclü qələmi ilə bu çalışmalarını davam etdirmək üçün onu davamlı təşviq etmişdilər.
Özünün şəxsiyyət kimi formalaşmasında atası Mühəmməd Təqinin oynadığı rolu belə ifadə edir: "Mənəviyyatımı ilk olaraq biçimləndirən atamdır. Mənə düşünmə və insan olma sənətini yenə də ilk olaraq öyrədən odur. Anam məni süddən kəsər-kəsməz, atam mənə hürriyyət, əsalət, saflıq, səbat, iffət və insan duyğuları verməyə başladı. Məni dostları ilə, yəni kitabları ilə o tanış etdi. Kitablar təhsilə başladığım ilk gündən etibarən ən sadiq dostlarım oldu. Onun bütün həyat və ailəsi demək olan kitabxanasında böyüdüm. Böyüdükdən sonra böyük zəhmətlər sərf edərək öyrənə biləcəyim şeyləri o mənə uşaqlığımda asanca ərməğan etdi.
Atamın kitabxanası indi mənim üçün qiymətli xatirələrlə dolu bir dünyadır. Bütün kitabxanalarımı xatırlaya bilirəm.
Mənim üçün sevinc dolu, gözəl, ancaq uzaq keçmişin toplamı olan bu şirin otağı çox sevirəm”.
Louis Massignon, iranlı elm adamı və siyasətçi M.Əli Fəraqi, fransız ərəbşünası və sosioloqu Jasques Berquenin də bu şəxsiyyətin dünyagörüşünün formalaşmasında əvəzsiz xidmətləri danılmazdır.
1956-cı ildə Məşhəd şəhərində qapısını tələbələrin üzünə açan Ədəbiyyat fakültəsinə ilk qeyd olunanların siyahısında onun da adına rast gəlmək mümkündür.
Dərslərdə tələbələrin böyük çoxluğu kimi susqunluğu seçmədi, aktivliyə üstünlük verdi. Bu yeni çalışma, araşdırma, düşünmə və müzakirə mühitindən daha da faydalanaraq fikirlərini daha da şaxələndirir, "Dinlər tarixi”nə yönəlir, Toynbeenin "Tarix Fəlsəfəsi”ni şübhə ilə qarşılayaraq onu bir çox baxımdan tənqid edir.
Siyasi dairələrdən asılı olmayan Şəriəti hər şeydən əvvəl həqiqəti və ədaləti müdafiə etməkdə qərarlılığı və xalqın həyatını təsirə məruz qoyan dini, ictimai və siyasi hadisələrə qarşı duyduğu maraq ilə öz inanc və düşüncələrindəki müstəqilliyi göstərmiş oldu.
O dövrlərdə mövcud olan ölüm sükutu içində belə, xəttindən ayrılmamışdı. Söhbətləri, yazıları və mövcud vəziyyəti dəyişdirmək istiqamətində gördüyü işin nəticəsi olaraq haqqında sənəd hazırlandı. Lakin buna maxmayaraq o susmağa və cəmiyyətdə qurulan bəyənilməz olan nizamla razılaşmağa qarşı çıxdı.
Eyni anda iki cəbhədə birdən savaş açdı. Bir yandan öz çevrələrində bir hörümçək toru hörən, cami və mədrəsələrdə bir küncə çəkilib, ictimaiyyət içində hər tipdən olan intellektual inkişafa qarşı bəyənilməzlik nümayiş etdirənlərlə, digər tərəfdən isə yeni sxolastizmi özlərinə sığınacaq edən köksüz və təqlidçi ziyalılara qarşı vuruşmalı oldu. Bu qruplar cəmiyyətlə, xalqla bütün bağlılıqlarını qopartmış və zəmanənin eybəcərliklərinə göz yummuşdular.
Sorbon Universitetində sosiologiya istiqamətində təhsilini davam etdirdi. Həyatının Fransa illəri Qərb cəmiyyətinin təməl ünsürlərini daha geniş şəkildə anlamasına yardımçı oldu. Franz Fanon kimi inqilabçıların düşüncələri ilə tanış oldu. Fanon, Qərbdən kənarda yaşayan insanların hər hansı bir inqilabı gerçəkləşdirmələrinin ancaq mövcud dinlərindən vaz keçmələri ilə mümkün ola biləcəyini düşünürdü. Şəriəti bu fikirlərin əsassız olmasını irəli sürdü və imperialistlərə qarşı mübarizə üçün qərbli olmayan insanların dörd əllə öz mədəni və dini köklərinə yapışmağı mücadilənin ən mühüm şərti kimi irəli sürdü. O, həm də bu iddiada idi ki, bir kəsin öz əsl kökünə dönməsində məqsəd irqi mənsubiyyətinə deyil, mədəni kimliyinə qayıtmasıdır.
O yazırdı: "İslamiyyət iranlıların İslamiyyətdən əvvəlki mədəniyyətləri ilə əlaqəsini kəsdiyindən "kökümüzə yenidən dönək” deyildikdə İslamdan əvvəlki mədəniyyətə yox, İslami mədəniyyətə dönüş nəzərdə tutulmalıdır” .
Paris Universitetində keçirdiyi 5 il həm çalışmalarını davam etdirməsinə, həm də İranda əldə edilməsi müşkül olan kitablarla tanış olmasına vəsilə oldu. Burada Şəriəti ictimai və fəlsəfi düşüncə axımlarını, Bergson, Camos, Sartr, Schnartz kimi yazar və mütəfəkkirlərin, Gurtvisch, Berque kimi sosioloqların və Massignon kimi islamşünasların əsərlərini öyrənmə və incələmə imkanı əldə etdi.
Tədqiqatlarını sosiologiya və İslam araşdırmaları istiqamətində sürdürməyi qət edən sosioloqun düşüncələrinə fransız ictimaiyyətşünaslığı sezilə biləcək dərəcədə təsir etdi.
Onun Fransada yaşadığı zamanlarda Şimali Afrikada, Əlcəzairdə öz dövrünün ən gurultulu inqilablarından biri yaşanmaqda idi.
Fransız psixoloqu Franz Fanon bu illərdən birində Əlcəzair təbəəliyini qəbul edərək inqilabçıların sıralarına qatılmışdı. Nəticədə Fanon "Yer üzünün lənətliləri”, "Əlcəzair inqilabının 5 ili” kimi əsərlərini qələmə aldı. Jean Raul Sartre onu kəşf edib avropalılara tanıtmışdı. Lakin onu tam anlamıyla Şəriəti 1962-ci ildə və ilk olaraq Avropada İranlı tələbələrin nəşr etdikləri bir məcmuədə incələmişdi. Şəriəti Fanonun "Yer üzünün lənətliləri” adlı əsərini İranı dəyişmək üçün mücadilə edənlərə təqdim olunmuş dəyərli ərməğan kimi qiymətləndirirdi. Onun nəzəriyyələrini daha da təkmilləşdirərək eyni zamanda kitablarında rast gəldiyi fikirlərin bəzisini də fars dilinə çevirməklə Fanonun düşüncə və yaxınlaşma tərzinin İran xalq hərəkatına əks olunmasını mümkün etmişdi.
Afrikalı inqilabçıların bəziləri məhz Şəriəti tərəfindən İran xalqına tanıdılmışdı. "Əfzəlul-Cihad” adlı əsərin müəllifi Ömər Uzqan məhz belə inqilabçılardan biri idi.
Şəriətinin mühüm özəlliklərindən biri də bu idi ki, o, cəmiyyətlə əlaqədar olan incələmə və anlayışlarını rəsmi və şəkli olan elmi-sosioloji prinsiplərə deyil, cəmiyyətlə əlaqədar olan aktual məsələlərə söykəmişdi.
Parisdə doktoranturanı tamamladı. Digər universitet tələbələri kimi bu illərdə o yalnız dərsə qapılmaqla kifayətlənmədi. İranda bu dövrlərdə azacıq davam edən azadlıq rüzgarından sonra zülmlər ağır həbs cəzaları, qeyrim-insani davranışlar, vəhşətlər xalqa hakim olmuşdu. Həmçinin bütün bunlara baxmayaraq, İran dini hərəkatının əsas qanadı hərəkatın ən mühüm dövrünə qədəm basmışdı. Zülmün ən böyük hədəfi dindarlar və ideologiyasını həyata keçirməyə çalışan "Nehzəti-Azadi” ("Azadlıq hərəkatı”) idi.
"15 Xordad” üsyanı İran İslam hərəkatına yeni bir yön qazandırdı və gerçək mücahidlər digərlərindən tanınar hala gəldi. Şəriəti bu kəskin zamanlarda Fransada olsa da özünü inqilabdan kənarda hiss etmədi və İmam Xomeyninin hərəkatını açıqlayaraq onu əsər şəklində oxuculara təqdim etdi.
Həmçinin Şəriəti və məslək yoldaşları Avropanın fars dilində ən çox oxunan qəzetini nəşr etdilər.
1964-cü ildə özünü hər zamankından daha artıq ölkəsinə, İslam dininə xidmət etməyə hazır hiss etdi, həyat yoldaşını və 2 övladını yanına alaraq İrana dönməyə qərar verdi. Ölkə sərhədlərində ikən xaricdə göstərdiyi siyasi fəaliyyətlə əlaqədar olaraq həbs edildi və həbsxanaya göndərildi. Lakin çox keçmədi ki, həbsdən azad edildi.
Həbsdən sonra Məşhəd Universitetinə professor təyin edildi. Bu dövrdə onun tələbəsi olması ilə universitetin müxtəlif fakültələrindən olan tələbələr qürur duymaqda və dərslərinə son dərəcə kütləviliklə qatılmaqda idilər. Dargörüşlülük, kiçiklik, həsəd və pislik əl-ələ verərək onu əngəlləməyə çalışdı. Məşhəd Universitetinin idarəediciləri onun dərs verməsinə artıq dözməz hala gəldilər.
Şəriəti sərbəst tədris üsullarını ənənəvi tədris metodlarından üstün tuturdu. Gördüyü rəğbət, ipi başqalarının əllərində olanları narahat edirdi. Sonunda istefaya getmək məcburiyyətində qaldı. Yəni işinə son verildi.
1967-ci ildə Tehranda "Hüseyniyyeyi-İrşad”a qatıldı. Görüşlərini xalqa çatdırmaq məqsədi ilə kitablar yazdı, dərslər verdi. 1973-cü ildə verdiyi dərslərin iştirakçısı olmaq üçün 6000 tələbə ona baş vurdu. Bu isə SAVAK-ın marağına səbəb oldu. Yazılarında mövcud rejimə açıqca hücum etmir, üstüörtülü ibarələrdən istifadə edirdi.
SAVAK tələbələri sorğuya çəkərək Şəriətidə günah ünsürü aşkar etmək istəyirdi. Bir nəticə əldə edə bilməyərək onu mürtədlikdə, marksistlikdə, bəhailikdə ittiham etməyə başladılar. "Hüseyniyyeyi-İrşad” bağlandı. Onun haqqında həbs qərarı alındı. Onu əldə etmək üçün yaşlı atasını həbs etdilər. Şəriəti təslim oldu və həbsə atıldı, işgəncələr gördü. Sərbəst buraxıldıqdan sonra yazması və dərs verməsi qadağan edildi. Atası ilə belə görüşməsinə imkan vermədilər.
500 gün ev həbsinə məhkəməsindən əvvəl məruz qalan Doktor sufilik pərdəsi altında gizlənən qoxumuş ünsürlərin davamlı əngəlləmələrinə və maneələrinə baxmayaraq İran xalqını dərindən təsirə məruz qoydu. Yabançı imperialistlərə, həm də yerli düşmənlərə böyük zərbə endirdi.
London kənarındakı evində ölü halda tapıldı və Suriyada öz dövrünün zalımlarını varlığı ilə sarsıdan və İmam Hüseyn (ə)-ın inqilabını çıxışları ilə yaşadan Əli (ə)-ın qızı Hz. Zeynəbin məzarı kənarında torpağa tapşırıldı.
Lakin inanırıq ki, doktor Əli Şəriəti yenidən dirilsəydi belə, məsləyindən uzaqlaşmayacaqdı və dəfələrlə bu yolda şəhid olmağa hazır olardı.
Atasına yazdığı son məktubundan: "Allahın inayəti ilə elə bir yola girdim ki, ömrümün bir anını belə şəxsi xoşbəxtliyim üçün sərf edə bilmərəm. Madam ki, Allahın yardımı mənim zəifliklərimi aradan qaldırır və madam ki, bu ömür bir gün necə olsa bitəcək, elə isə ömrümü bu uğurda sərf etməyimdən daha böyük səadət nə ola bilər?”


Onun fikir dünyasından:
Doktor Əli Şəriəti biz müsəlmanlara özündən sonra böyük bir irs qoyub getmişdir, çünki kitab müəllifin oxucuya mənəvi vəsiyyətidir. Əsərlərində dərin fəlsəfi düşüncələri, sosioloji mövzuları sadə bir dildə qələmə ala bildiyi üçün cəmiyyətin müxtəlif təbəqələri tərəfindən bu kitablar oxunur.
Şəriətiyə görə müasir insan tövhid (Allahın varlığına və birliyinə, qanunvericiliyinə, ibadətə layiq olmasına etiqad etmək) düşüncəsindən uzaqlaşdığı təqdirdə özünə yadlaşmağa məhkumdur. Onun yazıları hökm sürən siyasi gerçəklərə son dərəcə tutarlı və analitik yaxınlaşmalar gətirir. Şəriəti belə hesab edirdi ki, müsəlmanın özü üçün ilk növbədə müəyyən etməli olduğu məsələ; onun, yəni din təmsilçisinin etiqad etdiyi inancın dövrün tələblərinə hansı səviyyədə cavab verməsi olmalıdır.
O, iki tip İslamın var olduğunu deyir. Əbuzərin anladığı və Mərvanın daşıyıcısı olduğu müsəlmanlıq. "İslama dönək” demək yetərli deyildir. Belə sözün heç bir anlamı yoxdur. Əbuzərinmi dönəminin, yoxsa Mərvan dönəmi İslamının həsrətindəyik? Bu insanların ikisi də müsəlmandır, lakin aralarında dağlar qədər fərq vardır. Mərvana görə İslam xəlifə üçün, saray üçündür.
Əbuzərin anlayışına görə isə İslam xalq üçün, əzilənlər üçün, fəqirlər üçündür. Dərdimizin əlacını axtardığımız İslam, görəsən bu ikisindən hansıdır? Fəqirlərin qayğısına qalmağı yeganə məqsəd hesab edən islami yaxınlaşma ilə də dərdlərə dəva axtarmaqda olduğumuzu söyləyə bilmərik. Eyni sözləri bütün ölkə rəhbərləri əskiksiz olaraq tələffüz edirlər. Həqiqi İslam yalnız yoxsulların dərdinə dəva olmaq vəzifəsi ilə kifayətlənməz. Həqiqi mənada İslam haqsızlıqları yox etmək, fəqirliyi kökündən qazımaq üçün və ədalət uğrunda dişədiş bir mübarizə aparılmasını əmr edər.
İslamı Əbuzərin anladığı şəkildə anladığımızı açıqca ifadə, Mərvanın anladığı tərzi isə açıqca rədd etməliyik. Adil bir nizamı və həqiqi bir İslami liderliyi arzu etdiyimizi, siniflərə bölünmüş bəzi təmsilçiləri isə, aristokratik imtiyazlarla təhciz edilmiş bir nizamı isə arzu etmədiyimizi dilə gətirməliyik.
Əsarətə, ətalətə, rəzilanə bir sükuta "xeyr” deməliyik. İslamiyyət üçün can verəcək savaşçılara ehtiyacımız var. Ruhani liderlərə ehtiyacımız yoxdur. (Burada söhbət ruhani əbasına bürünən, həyatını dinamik tərzdə deyil, sükut içində keçirən ruhanilərdən gedir). Susamışlığımız, İslamı bir müsəlman kimi yaşayan din adamlarınadır. Səfəvi xanədanına deyil.
Onun bu iki fərqli yozumu fərqli nəticələri də gündəliyə gətirir. Bunlardan birincisi Əli (ə)-ın şəxsində təzahür edən dinamik İslam anlayışı, ikincisi isə Səfəvilərin şəxsində həqiqət tapan durğun İslam anlayışıdır. Səfəvi xanədanı İslamı öz baxışları çərçivəsinə gətirmiş, gücün öz ailələrində toplanmasını təmin etmiş, tövhidi olmayan üləmaya yüksək status qazandırmışdır.
İslam bu insanların etdikləri sayəsində gücündən çox şey itirmiş, müsəlmanların kölələşdirilməsi mümkün olmuşdur. Həqiqi mənada İslam tarixin yığıntıları arasına gömülmüşdür.
O islami qavramların dinamik yorumlarını üzə çıxara bilmişdi. "Ümmət”, "imamət”, "ədl”, "hicrət”, "intizar”, "şirk”, "tövhid” anlayışlarını zəmanəmizə baxan yönləri ilə şərh edə bilmişdi.
Şəriəti həmçinin belə hesab edirdi ki, bir cəmiyyətdə dəyişikliyi həyata keçirmək üçün üç cür yaxınlaşma tərzi vardır: mühafizəkar, inqilabçı, reformçu.
"Tövhidi olmayan üləma birinci yaxınlaşma tərzinə üstünlük vermişdir. Keçmişə, artıq hökmü qalmamış ənənələrə müraciət etməklə mövcud vəziyyəti dəyişdirmənin yollarını axtarmışdır. Üləmanın keçmişdə mövcud olan ənənələrə müraciət etməsinin səbəbini isə onların "zaman içində ənənələri dəyişdirmənin bir ağacın kökü ilə budaqları arasındakı əlaqəni kəsməkdən fərqli olmadığını” inanmalarında axtarmaq lazımdır. İnqilabi yaxınlaşma tərzində isə keçmişlə əlaqəli olan bütün bağlar qopardılmış olmaqdadır. Reformçu yaxınlaşma tərzi isə digər iki tərzi birlikdə ələ almaqda zaman içərisində gerçəkləşəcək tədrici dəyişikliklərlə nəticəyə vara bilmə düşüncəsini dəstəkləməkdədir. Lakin Peyğəmbər (s)-in cəmiyyəti dəyişmə üslubu isə bunların üçündən də fərqli idi. Ona görə Peyğəmbər (s) şəkli qoruyub saxlamaqla mənanı isə dəyişdirməklə son nəticəyə çata bilmişdi. Bu isə insanların köklərindən qoparılmasının qarşısının alınmasına və yeni mənaları asanlıqla həzm edə bilmələrini təmin etmişdi. Peyğəmbərin izlədiyi bu üslubun ən bariz nümunəsi kimi həcc ayinini nəzərlərimizə təqdim edir.
İslamdan əvvəl ərəblər dini etiqadlarının bir gərəyi olaraq Kəbə içərisində mövcud olan bütlərin ətrafına təvaf edirdilər.
Peyğəmbər Həcc ayininin bu formasını qorudu, lakin ibadətin mənasını dəyişdirdi. Artıq insanlar Kəbənin ətrafına Allah üçün təvaf etməyə başladılar. Üstəlik bu nəticə əldə edilərkən məcburiyyətə baş vurulmamış, insanlar rəncidə edilməmişdi.
Ona görə insanın səbəb olduğu, insanın yaşadığı, insanın şahid olduğu mübarizə müasirlik və klassizm, burjuaziya ilə proletariat arasında deyildir, tövhid və şirk arasında getməkdədir. Tövhid etiqadı dünya üzərində bir nizam inşa etməyi həyata keçirmək istəyindədir və bu etiqad daxilində sinfi, ictimai, siyasi, irqi, milli, genetik və ya iqtisadi ziddiyyətlərə yer yoxdur.
Yer üzündə nə zaman ki maddə ilə məna, dünya ilə axirət, sevgi və məntiq, ağıl və hiss, elm və din, təbiət və metafizik, insan üçün çalışqanlıq, Allah üçün çalışan, etiqad və etiqadsızlıq, həyat ilə əbədiyyət, torpaq sahibi və kəndli, idarəedici ilə idarəedilən, qara ilə ağ, ruhani sinfi və xalq, işıq ilə qaranlıq, ərəb ilə ərəb olmayan, kapitalist və proletar, alim və cahil arasında bir ziddiyyət mövcuddursa, bu şirkin dünya görüşünün bir məhsuludur və eyni zamanda bu ziddiyyətlər şirkin təməl daşlarıdır.
Tövhid əsasına və dünya görüşünə inanmış olanların vəzifəsi tövhid dövləti qurulana qədər və yer üzündə bərabərlik təmin olunanadək şirk ilə mücadilə etməkdir.
Həmçinin Şəriəti müsəlmanların öz yaşadıqları həyat tərzini dəyişdirməli olduqlarının vacibliyində onların yerini belə qiymətləndirir: "Dünya miqyaslı bir nizamın qurulmasında xəyalı həqiqətə çevirənlər xəmirləri İslamla yoğrulmuş insanlar və liderlərdir. Müsəlmanlar həm fərd, həm də cəmiyyət olmaları etibarilə öz vəziyyətlərini dəyişməkdə cavabdehdirlər. Həyata keçiriləcək dəyişikliklər müqəddəs Kitabda nəzərdə tutulan çərçivə daxilində olmalıdır” .
Şəriəti həm də müəyyən dəyişikliyin həyata keçməsində həm xalqın, həm də liderin dəyişən rolları barəsində danışaraq onların təsirinin müəyyən zamanlarda və müəyyən vəziyyətlərdə dəyişdiyini qeyd edir. Ona görə "ümmət” vahid lider tərəfindən idarə olunan insan cəmiyyətidir. "İmamət” olmadan belə cəmiyyəti idarə etmək olmaz. Ümmət əbədi hərəkət içində olan bir varlıq, imamət isə ümməti tək hədəfə doğru aparan və liderlik edən bir rejimdir. Bu cəmiyyətdə hər kəs bir-birindən sorumludur və bu cəmiyyətdə hədəf zəngin olmaq deyil, islami əsaslara söykənən, səadətli bir ömür yaşamaqdır. Həmçinin belə bir cəmiyyətdə azadlıq hədəf deyildir, hədəfə çatmaq üçün vacibdir.
Doktor Şəriəti özü haqqında belə yazırdı: "Ən böyük ləkəyə bağlı qalmadım, dünyaya bulaşmadım, müəllimliyi və səssizliyi seçdim, hala baxıb sözlərə əhəmiyyət vermədim. Allaha həmd edirəm, içim-içimə sığmır. Onlar qızıl topladılar, mən isə xəzinə tapdım. Onlar saraylar inşa edib, kreslo əldə etdilər, mən isə məbəd inşa etdim. ...
Onlar masa başında qürurlandılar, mən isə eşq məbədinin minarəsində qürurumu ayaqlar altına atdım. Onların qızılı varsa, mənim də eşqim var. Onların evi varsa, mənim də mehrabım var. ...”
Onun həyatını və fəaliyyətini bu vərəqlərə sığdırmaq çətindir. Lakin əsası budur ki, onun bizə miras qoyduğu düşüncələri kitabların vərəqləri arasına, yalnızlığa gömməyək. Onun həyatımızı formalaşdırmağımız üçün necə acılara qatlaşdığını unutmayaq. Qiymətini verməkdə xəsislik etməyək, çünki o, "Ölmədən əvvəl ölün!” buyruğunu eşitmiş və bu buyruq əsasında həyatını quranlardan olmuşdu.
Məşhur fransız sosioloqu Jean Paul Sartr söyləmişdir: "Bir dinim yoxdur, fəqət birini seçsəydim, bu Şəriətininki olardı” .


Mənbə: www.musluman.o-f.com/diger/biografi/seriati.htm
www.shariati.org





  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun