16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

ŞEYX ŞAMİL

Həyatı və savaşı
Ümumi vəziyyət
Şamilin heyrətamiz həyat və mübarizəsi ilə tanış olmamışdan əvvəl onun bir dövlət xadimi, xalq sərkərdəsi və qəhrəman kimi yetişməsində, imamlıq rütbəsinədək qalxmasında böyük rolu olan ictimai mühitin dərin qatlarına nəzər salmaq lazım gəlir. Əslində bu mühit, bu qeyri-adi tarixi dövr təkcə Şamilin yetişməsində yox, Qafqazda əlli ildən çox davam edən azadlıq mübarizəsinin təşəkkülündə, formalaşmasında, mənəvi qələbə ilə başa çatmasında mühüm rol oynamışdır.
Qafqazda fikir və əqidə çox müqəddəs mənəvi köklərə dayanır və formalaşır. Dini görüşlərdə bu, daha qabarıq ifadə olunub. Təsadüfi deyil ki, Rusiya işğalına qarşı dağlı xalqların milli azadlıq müharibəsi də tarixə "müqəddəs müharibə” kimi daxil olub. Müridizm bayrağı altında aparılan savaş cihad, qazavat çağırışları sayəsində misilsiz mütəşəkkillik nümunəsi olub, dini əqidə və məslək vəhdətinə, mübarizə birliyinə çevrilib.
Qafqaz dağlılarının istiqlal savaşında qüdrətli bir vasitə kimi istifadə edilən müridizmin ideoloqları – Şeyx Mansur, Şeyx Hacı İsmayıl, Molla Məhəmməd və Şamilin qayınatası Camaləddin olmuşlar. Bu hərəkata imamlar – Qazi Məhəmməd, Həmzət bəy və Şamil müxtəlif vaxtlarda başçılıq etmiş, Qafqazın pərakəndə xalqlarını müqəddəs din bayrağı altında birləşdirərək işğalçılara qarşı mütəşəkkil mübarizəyə ruhlandırmışlar.


Müridizm
Müridizmin dini kökləri İslamın 3 əsası – şəriət, təriqət və həqiqət üzərində bərqərar olurdu. Şəriət bu dünyanın həqiqətlərinin, təriqət və həqiqət isə yüksək mənəvi dünyanın – ruhumuzu qəbul edəcək dünyanın insanlara təlqin olunması idi. Quranın kəlamları üzərində formalaşan şəriətə yiyələnən müsəlman Allahı tam qəbul etmək yoluna çıxıb, təriqətə sahib olmalı və bundan sonra Peyğəmbərimiz (s)-in həyat tərzi və əməlləri əsasında həqiqətə yüksəlməlidir. Müridizm bu əsaslar üzərində intisar taparaq, insanlara gələn bütün bəlaların səbəbini Allahın göstərdiyi müqəddəs yoldan azmaqda görürdü. Şəriəti mənimsəyən müsəlman Allaha qovuşmaq üçün müqəddəs yola çıxıb təriqətə sahib olur və bununla da vəlilik dərəcəsinə yüksəlir. Buna nail olan mürid tam kamala yetmiş müsəlman kimi təqdim olunur və o, mürşid adına layiq görülür.
Müridizm meydana çıxan zaman siyasi və xüsusən hərbi məna daşımamışdı. Lakin Qafqazda milli azadlıq mübarizəsi şəraitində Molla Məhəmmədin təbliğ etdiyi və şagirdi birinci imam Qazi Məhəmmədin bütün varlığı ilə qoşulduğu müridizm "qazavata”, yəni müqəddəs müharibəyə çağırış kimi qəbul olunmuşdu.
Bütün Dağıstanın istila olunması qorxusu yaranmışdı. Rus komandanlığı öz mövqelərini gündən-günə möhkəmləndirirdi. Molla Məhəmməd hiss edirdi ki, artıq vaxt itirmək olmaz. Beləliklə, Rusiya işğalı əleyhinə Qazavat meydana gəldi.


Qazavatın elan edilməsi
Birinci İmam Qazi Məhəmməddən söz düşəndə Şamil iftixarla deyərdi: "Mən heç kəsdən heç yerdə Qazi Məhəmməddən öyrəndiyim qədər öyrənməmişəm”.
Az zaman içərisində Qazi Məhəmmədin ətrafında minlərlə mürid toplanır və heç bir qüvvə qarşısında sarsılmayacaq fədailər ordusu yaranırdı. Qazi Məhəmməd artıq hiss edirdi ki, qazavatın elan edilməsi vaxtı qəlib çatıb və 1829-cu ildə onu təntənəli şəkildə elan edir. Bundan sonra müridlərin sayı daha çox artmağa başlayır. Bir nəfər Qazi Məhəmməddən soruşur:
– Tutalım ki, on min mürid topladın, axı o boyda imperiyaya nə edə biləcəksən?
Məhəmməd cavab verir:
– Tutalım heç bir şey edə bilmədik. Bəs vətən və azadlıq yolunda, dinimizin o müqəddəs ehkamları yolunda candan keçməyə hazır olduğumuzu göstərmək kifayət deyilmi?


Tale Şamili seçir
Rus qoşunu Gimrini mühasirəyə almışdı. Könüllü təslim olmaq təklifinə Qazi Məhəmməd rədd cavabı verir. Buna görə də Klugenov strateji əhəmiyyətə malik olan Gimrini top atəşinə tutub dağıtmaq yox, hücumla almaq qərarına gəlir. Ruslar böyük itki verdiklərini görüb hücumun dördüncü günü Gimrini top atəşinə tuturlar. Qazi Məhəmməd, Şamil və daha on beş mürid qülləyə çəkilir. Müridlərin hər birinin 15-20 yarası vardı. Qüllədə Qazi Məhəmməd bir anlığa yuxuya gedir. Ayılarkən Şamili başı üstündə görüb bir yuxu gördüyünü deyir. Söhbətə ondan başlayır ki, bu gün şəhid olacaq. Daha sonra yuxuda gördüklərini nəql edir:
– Koysuda böyük və güclü bir selin içərisindən bir dirək qalxır, selə tab gətirə bilməyib yıxılır. Bax, bu mənəm. Onun ardınca ikinci bir dirək qalxır, o da tez yıxılıb selə qərq olur. Bax, bu da indi bizimlə olmayan Həmzətdir. Daha sonra hər iki dirəkdən çox-çox uca dirək ucalır, sel nə qədər güc gəlirsə, həmin dirəyi yıxa bilmir. Bax, bu da sənsən!
Şamil ustadı qarşısında təzim edərək:
– Allah şəhidlik yolunda məni səndən ayırmasın.
Qazi Məhəmməd:
– Məgər sən başladığımız müqəddəs işimizi davam etdirmək istəmirsən? Yox, Şamil, sən çox yaşayacaq və kafirlərlə uzun zaman vuruşacaqsan. Adın dünyaları tutacaq, çarlara boyun əyməyəcək, onların ordularına qan udduracaqsan. Gimrini bu gün buraxıb getsən belə, yenə qurtaracaqsan. Mənim məzarımı da düşmən ayağı altında qoymazsan, inşallah!
… Şamil dərin fikir içərisində çırpınırdı. Ustadının dediklərinə şübhə etməyi ağlına belə gətirmirdi. Artıq gələcək qazavat onu öz ağuşuna almışdı. Ustadının dediklərini yerinə yetirmək üçün nəyin bahasına olursa-olsun buradan xilas olmalı idi. Odur ki, artıq tələsir, qüllədən özünü atıb xilas üçün yol açmağa can atırdı. Müridlərin hamısı yaralarının sızıltısını yaddan çıxarmış kafirlərin üstünə sıçramağa hazır vəziyyətdə dayanıb imamlarının işarəsini gözləyirdi.
Rus əsgərləri də həyəcan içində idilər. Qazi Məhəmməd nəzərini müridlərinə zillədi. Son dəfə Şamilə baxdı, vəziyyətini yada salmaq istədi. Şamil də bunu başa düşüb kövrəlmiş nəzərlərini ondan gizlətməyə çalışdı. Bunu hiss edən Qazi Məhəmməd bir daha müridlərinə baxıb: "Allah məhkəməsində görüşənədək” deyib və irəli atılıb qapını açdı və "Ya Allah” deyərək bütün gücü ilə irəli sıçradı. Əsgərlər çoxlu daş tədarük etmişdilər. Yağış kimi yağdırılan daşlardan biri Qazinin gicgahından dəydi. Onun yenə "Ya Allah” deyərək yerə yıxılması ilə onlarca süngü ona tərəf yönəldi və bir anda əsgərlərin süngülərinin ucunda havaya qalxdı.
… Qazi Məhəmmədin cəsədi əzəmətli görkəmi ilə ölülərin içərisində dərhal tanınırdı.
Nəhayət, növbə Şamilə yetişir. İndi o, ölümün ağuşuna atılmalı və əbədi olaraq Allaha qovuşmalı idi. Buna məqam tapmaq lazım idi. Budur o məqam: rus əsgərlərinin gurultulu "ura” səsləri altında qəflətən pələng kimi düz onların başı üstündən o tərəfə sıçramaq lazımdır. Belə də oldu. Şamil özünü bir qartal kimi qayadan atdı. O, yerə düşən kimi üstünə cuman əsgərlərin sədlərini yarıb keçdi, sol əlində oynatdığı qılıncla düşmənləri çaşdırdı. Birdən ağac dalında gizlənən bir rus əsgəri irəli sıçrayıb Şamilin sağ sinəsindən süngünü elə sancır ki, süngü kürəyindən çıxır. Şamil isə sağ əli ilə süngünü dartıb çıxarır, sol əli ilə həmin əsgərin başını vurub yerə salır. Kənardan zərbə ilə atılan iki daş onun çiyninə dəyib sümüyünü zədələyir. Başqa bir daş qabırğasını əzir. Şamil özünü Gimri dərəsinə salır və dərəni keçib meşəyə girir. İyirmi əsgər onun ardınca düşür. Şamil qan izilə onu tapa biləcəklərini anlayıb yaralarını arxalığından kəsdiyi parçalarla tutur. Əsgərlər onun izini itirirlər. Uzun çək-çevirdən sonra belə bir fikrə gəlirlər ki, dözülməz yaraları və ümidsizliyi Şamili özünü qayadan Koysu çayına atmağa məcbur edib…
Şamil isə bir bulaqda su içdikdən sonra özünü uçurumun kənarındakı mağaraya salır. Dərhal da huşunu itirir.
Şamilin ölüsünü, ya dirisini tapana yüz qızıl vəd edilir. Müəzzin Məhəmməd Əli də axtarışa başlayanlardan biri olur. Qan izləri birdən itsə də, ayaq izləri seçilirdi. Məhəmməd Əli düz bulağa qədər gəlib çıxır. Rusların Şamilin özünü atması versiyası ona gülünc görünür. Birdən anlayır ki, Şamil mağaradadır. Şamili yaralı vəziyyətdə tapır. Kəndə gedib məşhur bir təbiblə geri qayıdır. Təbib öz işini yaxşı bilirdi… Məhəmməd Əlinin "Yaşayacaqmı?” sualına, "Məni təəccübləndirən odur ki, bu qədər yara ilə adam necə sağ qala bilər?” – deyə cavab verir.
* * *
İstilaçılara qarşı cihadın ilk mərhələsini – birinci İmam Qazi Məhəmmədin dövrünü və onun məğlubiyyət səbəblərini araşdırarkən rus təcavüzü ilə yanaşı, o zamankı Dağıstanın, xüsusilə Avarıstanın parçalanmış vəziyyəti daxili çəkişmələr, etnik qruplar, tayfalar arasındakı ziddiyyətlər nəzərə çarpır. Bütün bunlar Qazi Məhəmmədin məğlubiyyətini şərtləndirən mühüm səbəblərdən biri idi və ondan sonrakı imamlar üçün də həlli vacib məsələlər olaraq qalırdı.
Xalqın azadlıq ruhunu bir qəhrəmanı, bir başçını öldürməklə boğmaq qeyri-mümkündür. Həm də istilaçılara qarşı silaha sarılmış xalq Şamilin sağalmasını gözləyə bilməzdi. Qazi Məhəmməddən sonra imamlığa Həmzət gəlmişdi. Ondan narazı olanlar da çox idi. Narazılıqların başlıca səbəbi isə şəriətin çox sərt qaydalarla qəbul etdirilməsi idi. Qazi Məhəmməd də, Şamil də şəriəti birinci növbədə ağlın gücü ilə, təbliğatla xalqın şüuruna yeridirdi, Həmzət isə sərt davranışa, kəskin qayda-qanuna üstünlük verirdi. Bu, çox vaxt qan tökülməsinə, ədavətə səbəb olurdu. Həmzət hər gün müxtəlif adamların qətlinə fərman verir, oğurluq edənin əlini, həbsdən qaçanın ayağını, yalan danışanın dilini kəsdirir, şərab içəni edam etdirir… Şamil də onun şəriəti bərpa adı ilə şəriətə zidd hərəkətlərindən qəti narazılığını bildirərək Gimriyə qayıdır.
* * *
Çayxanaların birində gizli tütün çəkilirmiş. İmam Həmzətin casusu həmin çayxanaya gələndə, bundan xəbər tutanlar tütünü ocağa atırlar. Heç nə tapmayan casus əsəbi halda mütəkkəyə dirsəklənmiş qocaya yaxınlaşıb şəriətin qanunlarını və imamın iradəsini pozanları niyə ört-basdır etməsini ona irad tutarkən qoca qəzəblə cavab verir: "Bəs casusluğa şəriətin hansı qanununda icazə verilir?” Casus qocanı təhqir edərək oranı tərk edir. Qocadan bir qədər aralı oturmuş iki gənc bu səhnəni qəzəblə izləsələr də, yerlərindən tərpənmirlər. Qoca ayağa qalxarkən, gənclər də tez qalxıb ona yaxınlaşırlar. Qoca onlara: "Sizə ar olsun” deyir. "Siz kişi kimi silah daşımağa layiq deyilsiniz. Axı, Avar xanları sizin süd qardaşlarınız idi. Bəs onların intiqamını yerdə qoyub bu torpağın üstündə necə gəzir, adamlarınızın üzünə necə baxırsınız?”
Qoca bu sözlərdən sonra qapıya üz tutub getmək istərkən gənclərin böyüyü ona xüsusi ehtiramla:
– Axı biz indi hərəkət etsəydik, əsas fikrimizi, Həmzətdən intiqam almaq qərarımızı poza bilərdik. Biz onu iki gün sonra, yəni cümə namazında öldürmək, süd qardaşlarımızın, Avar xanzadələrinin intiqamını almağı qərara almışıq. (Həmzət Avar xanzadələrinə qan udduraraq Avar xanədanını ələ keçirmişdi.)
Qoca dinmir və razılıq hissi ilə çayxananı tərk edir. Bu gənclərdən biri Hacı Murad idi. Hazırlanan qəsd barədə xəbər tutan İmam Həmzət bayram namazına silahlı adam buraxılmaması haqqında möhkəm göstəriş verir. Lakin qəsd baş tutur. Gənclər Avar xanlarının qatilinin cəsədini yerə sərirlər.
Həmzətin tez (1832-1834-cü illərdə imamlıq etmişdir) sıradan çıxmasının səbəbi onun amansızlığı, Dağıstanın feodal silkinə qarşı liberal mövqeyi, onları öz bayrağı altında birləşdirə bilməməsi idi.
Vəziyyət təcili düzəldilməli, bunun üçün isə təxirə salınmadan yeni imam seçilməli idi. İmamlığa isə Şamildən başqa bir adamın adını çəkmək çətin idi…


İmam Şamil
Gənclik illəri
1797-ci ildə məhərrəm ayının əvvəlində Dağıstanın avarlar yaşayan Gimri aulunda dünyaya göz açmışdır. Əsl adı Əlidir. Uşaqlığında tez-tez xəstələndiyinə görə, valideynləri xalq hikmətinə əsaslanaraq Əli əvəzinə, dayısı Şamilin adını ona veriblər. O, şəriət qanunlarına hələ gənc yaşlarından mükəmməl yiyələnir və bu qanunları pozanlara qarşı barışmaz mövqe tutur.
* * *
Bir dəfə Şamilin yanına Çeçenistandan ağsaqqallar nümayəndəsi gəlir. Onlar Şamilə müharibənin çətinliklərindən, qırğınlardan danışmaq, camaat yığıncağında ruslarla barışıq elan edilməsi, müharibəyə son qoyulması barədə qərar qəbul edilməsini demək istəyirlər. Birbaşa ona müraciətə cəsarət etməyib anasının yanına gedir, Şamildən bu barədə təvəqqe etməyi ondan xahiş edirlər… Çeçenlərin müraciəti barədə anasını dinləyən Şamil Allah ilə məsləhətləşmədən heç bir söz deyə bilməyəcəyini deyir. Üç gün gecə-gündüz ibadət edib Xaliqdən cavab aldığını deyir... "Kimdən ilk dəfə cihadımızı dayandırıb ruslara təslim olmaq təklifini eşitsəm, ona yüz qırmanc vurulacaq. Bu ilk şəxs mənim anam oldu. Qoy olsun. Allahın iradəsi yerinə yetirilməlidir. Fəqət mənim də ətim, qanım, sümüyüm onunkundan olduğu üçün həmin zərbələri mən qəbul edəcəyəm…”
Anasının ahu-zarına baxmayaraq, Şamil qurşağa qədər soyunub uzanır və qırmanc vuranı xəbərdar edir ki, zəif vursa, onu eyni cəza gözləyir. Yüz qırmancı qəbul edir və al qan içərisində ayağa qalxıb dəhşətə gəlmiş çeçenlərə deyir: "İndi gedin, gördüklərinizi Çeçenistanda danışın”.
* * *
Döyüşlərin birində İmamın igid və sədaqətli dostu və müridi Tahirin meyidi ruslar çəkilənə qədər toxunulmamış qalmış və meyidi tapan anası heç bir şivən qoparmadan sakitcə demişdi:
– Bütün ömrün boyu can atdığın və nəhayət, nail olduğun o gözəl dünyaya uğurlu yol olsun, əziz oğlum!
* * *
Erməni qızı İslamı qəbul edir
İmam Şamilin naibi Haqverdi Mohuma bir çox müvəffəqiyyətli yürüşlər edib rusların tabeliyindəki xeyli kənd və şəhəri alır, əsir və varidat ələ keçirir. Mozdok üzərinə hücum zamanı məşhur erməni taciri İvan Uluxanyanın yaşlı bir rus generalına nişanlı olan gözəl qızı Annanı da əsir alıb İmama hədiyyə gətirir. Bir rəvayətə görə, müridlər onu Stavropolda kilsədə qaçqınlar içərisində ibadət edərkən ələ keçirmişdilər. Başqa bir məlumata görə, böyük bir cehiz karvanı ilə ər evinə gedərkən qiymətli karvan zəbt edilmiş və Anna da əsir götürülmüşdür. Belə bir məlumat da var: məğlubiyyət görməyən Haqverdi Mohuma Mozdoku tərk etdiyinə görə, İmam tərəfindən cəzalanacağını zənn edib, olduqca həyəcanlanır və güman edir ki, Şamil gözəl Annanı görcək bu qiymətli hədiyyə naminə onun qəbahətini bağışlayar.
Haqverdi Mohuma şəxsi yavərlərinə tapşırıq verir ki, mən İmamın yanına daxil olub səfərimizin nəticəsi barədə məlumat verərkən, Mozdoka görə İmam qəzəblənərsə, elə bu anda qızı içəri ötürərsiniz. Belə də olur. Şamil hətta xəncərini siyirərək onun üzərinə atılmaq istərkən qapı açılır, qız bütün gözəlliyi ilə otağa daxil olur. Şamil ona baxarkən sanki özünü itirir, gözlərini qolu ilə örtmək üçün xəncər əlindən düşür. Haqverdi Mohumanın: "Əvəzində sizə belə bir hədiyyə gətirmişik” sözlərinə əhəmiyyət vermədən qızı üzü divara oturtmağı əmr edir. Erməni olduğunu biləndə qazını çağırtdırır və ona tapşırır ki, əgər bu qız İslamı qəbul etsə, Quranı öyrənsə və avarca danışa bilsə, mən onunla evlənəcəyəm. Bunun üçün qazıya bir il vaxt verir. Onu da əlavə edir ki, əgər qız İslamı qəbul etsə, "Anna”, "Şuanət” olmalıdır. Qazı altı aydan sonra xəbər verir ki, qız İslamı dərhal qəbul edib və "Şuanət” olub, Quranı əzbər bilir və avarca təmiz danışır.
Bundan sonra Şamil onunla evlənir.
Belə bir rəvayət var ki, Şamil Kaluqaya sürgün olunarkən qardaşları gəlib Şuanəti valideynlərinə qaytarmaq üçün külli məbləğdə qızıl pul təklif edirlər. Şamil qəzəblə onları qovur. Bununla belə, ixtiyarı Şuanətin özünə verir. Şuanət Şamillə qalmağı üstün tutur.
Şamil həcc ziyarətinə yola düşərkən Şuanət də onunla getmiş, Şamilin Mədinədə dəfnindən sonra İstanbula qayıtmış və altı ildən sonra orada vəfat etmişdir.
Heç nə əvvəlki kimi olmur…
Gürcüstan səfərində Şamilin oğlu Qazı Məhəmməd məşhur Sinandali knyazı David Çarcavadzenin ailəsini əsir alır. Gürcüstan gözəli hesab olunan Anna Çarcavadzenin və knyaz xanımı Orbelianinin əsir aparılması bütün Gürcüstanı sarsıdır və çara qədər hamıya ağır təsir bağışlayır. Ən qiymətli qənimət və şöhrətli adamlar Darqoya göndərilir. Çox ciddi nəzarət altına alınmış əsirlərlə bağlı Şamilin öz məqsədi vardı.
Şamil 1839-cu ildə Axulqo mühasirəsi zamanı girov götürülmüş oğlu Camaləddini bir an belə unuda bilmirdi. Əsirlərin götürülməsi Şamildə bu hesaba oğlunu xilas etmək ümidi yaratmışdı. Odur ki, çarın və gürcü knyazlarının hər cür təklifləri rədd edilirdi. Əlacsız vəziyyətə düşən çar əsirlərin dəyişdirilməsi təklifini qəbul etmək məcburiyyətində qalır.
Dəyişmə günü Camaləddin iki nəfər rus zabitinin müşayiəti ilə çayın bu biri sahilinə, xanımlar da digər sahilinə gətirilirlər…
Şamil oğlu Camaləddin ona yaxınlaşarkən illərdir girov olan övladını bağrına basır, göz yaşlarını saxlaya bilmir. Lakin ilk andan oğlunda soyuqluq hiss edir. Şamilin təşvişi əsaslı imiş. Altı yaşından Sankt-Peterburqda saray həyatına qaynayıb-qarışan Camaləddin Vətən, Savaş, İslamla bağlı hər şeyə biganələşmişdi. O, buralara uyuşa bilmir, ürəyində atasına onu bu bəlaya saldığına görə irad tuturdu.
Şamilin sevinci böyük dərdə çevrilir. Oğlunun tamamilə rus tərzində düşündüyünü açıq-aşkar hiss edirdi… Şamil onun təslim barədə təklifinin nə ilə cəzalandırıla biləcəyini Camaləddinə xatırladır. Naiblər şurasını çağırıb ona ölüm cəzası tələb edir. Camaləddin boynunu əyib hər şeyə hazır olduğunu bildirir. Lakin Qazi Məhəmməd ölüm hökmünün sürgünlə (Karata auluna) əvəz edilməsinə razı olur. Karata çox gözəl yer olsa da, Camaləddin gözəl bir qızla evləndirilsə də, Qazi Məhəmməd onu böyük məhəbbətlə əhatə etsə də, bunlar ona kömək etmir. Camaləddin gündən-günə zəifləyir. Dünya ilə bütün əlaqələri kəsilir. Bir ildən sonra vərəm onu tam haqlayır.
Şamil təlaşa düşür. Tiflisdən, Temirxanşuradan həkimlər gətizdirir, bir nəticə vermir. İki il sonra Camaləddin 31 yaşında dünya ilə vidalaşır.


Şamilin təslim edilməsi
1859-cu ilin avqustunda Baş Qunib mühasirəyə alınır. Baş komandan qan tökülməsinə yol verməmək üçün Şamilin yanına bir daha elçi göndərib silahı yerə qoymağı, bununla da bütün ailəsi və müridləri ilə birgə istədiyi ölkəyə getməyi təklif edir. Şamil razılıq vermir və tələb edir ki, onun Məkkəyə getməsinə tam sərbəstlik verilsin. Əks təqdirdə, Allaha bel bağlayaraq qılıncımızı itiləyəcək və yenə vuruşacağıq. Knyaz A.İ.Baryatinski Qunibin mühasirəsinə əmr verir. Hər iki tərəfdən böyük qırğın baş verir. Knyaz Baryatinski döyüş xəttinə gəlib atəşi dayandırır və bir daha Şamilə təslim olmağı təklif edir. Son dəfə on beş dəqiqə vaxt verilir.
Nəhayət, bir dəstə ixtiyar üləma Şamili dövrəyə alıb deyirlər:
– Bizi yaxşı eşit, İmam! Hər şeyimiz qurtarıb. Bir üskük barıtımız belə yoxdur. Dini biz də sənin qədər bilirik. Buradakı günahsız uşaqları, qadınları, qocaları məhv etməyə sənin mənəvi ixtiyarın yoxdur. Aclığa qarşı hamımız qarnımıza daş bağlayırıq. Sənin görə bilmədiyin işi Allah bəlkə gələcəkdə övladlarına nəsib etdi. Sən onları ölümə verməklə bundan niyə məhrum edirsən. Ruslar bizə sərbəst çıxıb getmək imkanı verirsə, bu fürsəti niyə əldən buraxmalıyıq?
Şamilin başı əyilmişdi, deyəcəyi ilk sözü tapa bilmirdi. Nəhayət:
– Bu təklifinizə hamınız fitva verirsinizmi?
Hamı təsdiq etdi.
Şamil:
– Döyüşü davam etmək istəyən varmı?
Danışan olmur.
Həyəcanlanmış Şamil öz fikirlərilə çırpınır: bir tərəfdə şərəflə Allah dərgahına getmək, Məhəmmədin ona vəd etdiyi Cənnət, digər tərəfdə rüsvayçılıq!
Şamil sağ qalmış axırıncı müridlərinə nəzər salarkən hiss edir ki, miskin baxışlarında nəsə bir yalvarış var, sülhü üstün tuturlar. Ailəsinin, başqa qadın və uşaqların hıçqırıqları da bunu deyirdi. Odur ki, təslim olmağı qərara alır…
… Şamil elçi göndərərək xahiş edir ki, müsəlmanları geri çəksinlər, onun təslim olmasını görməsinlər.
Nəhayət, dəstənin önündə onun uca boyu, şux qaməti görünür. İri ağ çalması onun qamətinə xüsusi əzəmət verirdi. Ağır-ağır addımlayan atı da sanki bu kədərli anı hiss edirdi. Ordunun sıralarında "odur, odur!” deyən pıçıltılar başlanmışdı.
Şamil atdan düşüb daş üstündə oturmuş knyaz Baryatinskiyə yaxınlaşıb deyir:
– Sərdar, mən artıq qocalıb yorulmuşam, ona görə də təslim oluram!
Şamil və ətrafındakılar Temirxanşuraya gətirildilər. Şamilin müqəddəs mübarizədə tək qoyulması bütün qafqazlılarda peşmançılıq yaratmışdı. Onlar:
– Sən getdikdən sonra biz nə etməliyik? Həsrətmi çəkməliyik? – deyə soruşurdular.
Şamil başsız qalan pərişan insanlara belə cavab verir:
– Xeyr, yerlərinizdə imanla qaim olaraq qalın. Vətənin bir gün hürriyyət və istiqlala qovuşacağına etiqadınızı itirməyin.
Tərtibatçı: Ülkər Məmmədova





  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun