15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

ŞEYX YASİR ÖVDƏT[1] İLƏ AÇIQ DİALOQ

"SEYİD FƏZLULLAHA İBTİDADAN TƏQLİD ETMƏYƏ BAŞLAMAQ VƏ ONA TƏQLİDİ DAVAM ETDİRMƏK OLAR” .

"Facebook” saytında aparılmış uzun elektron dialoqda Livandakı elmi hövzənin ustadlarından biri olan Şeyx Yasir Övdət dini rəhbər Seyid Mühəmmədhüseyn Fəzlullahın şəxsiyyəti, elmi, fiqhi, hərəkati və ictihadi fərqi haqqında danışaraq onun müqəddəs proqramından bəzi parçalara və həyat yoluna toxunmuşdur.

Şeyx Övdət təəccüblənmişdir ki, bəziləri Ayətullah Fəzlullahın rəhbərliyinə dair başqalarından şəhadətnamə tələb edir. Halbuki başqaları onun şəhadətnaməsinə möhtacdır. O demişdir: "Seyiddən başqası ona şəhadətnamə verəcək şəxsə möhtacdır. Seyidə gəlincə onun elmi, qurani, fiqhi və başqa sahələrdəki görüntüsü digərlərinə şəhadətnamələr verə biləcək gücdədir. Livana gəldiyi vaxtdan etibarən, xəstəliyinin son günlərində çətin təhlükəsizlik şəraitində, hətta bombardmanlar zamanı dərsi-xarici dayandırmamışdır” .

Dialoqda iştirak edənlərdən biri belə fikir söyləmişdir: "Seyid Fəzlullah Nəcəfdən müctəhid olmadığı bir halda çıxmış və sonra Livanda bu mərhələyə çatmışdır”. Şeyx Övdət bu sözə etiraz edərək demişdir: "Cənab Seyidin Ayətullah Seyid Xoyidən və başqasından ictihad üçün icazəsi var. Şəhid Sədrin: "Nəcəfdən çıxan hər bir şəxs Nəcəfdən məhrum olmuşdur, lakin Seyid Fəzlullah istisnadır. O, Nəcəfdən çıxdıqda Nəcəf ondan məhrum oldu” sözü onun bir çox sahələrdə dərin düşüncə sahibi olmasının və fəqihlər və müctəhidlər kimi geniş elmin onun vasitəsi ilə əta olunduğu ən yüksək dərəcələrə çatmasının dəlilidir” .

Şeyx Övdət sonra əlavə etmişdir: "Mən şəxsən bilirəm ki, mərhum müqəddəs Seyid Əbdürrauf Fəzlullah, Seyid Fəzlullahı Nəcəfdən gətirdiyi vaxt "ehtiyat”da, ələlxüsus ümumi şəkildə əhli-kitabın və kafirlərin nəcis olması məsələsində insanların Seyid Fəzlullaha müraciət etməsinə icazə verirdi” .

Şeyx Övdət, adətən, yalnız müctəhid alimə verilən və Seyid Xoyinin 1980-cı illərdə Seyid Fəzlullaha təltif etdiyi mütləq vəkaləti dəlil olaraq göstərmişdir. O deyir: "Xatırlayıram ki, bəzi Livan alimləri Seyid Xoyiyə məktub göndərərək bildirmişlər ki, Seyid Fəzlullah Dauhədə Seyid Xoyinin xeyriyyə binalarının birində yeyintiyə yol vermişdir. Seyid Xoyi onlara cavab vermişdir ki, "Mütləq vəkilimiz Seyid Fəzlullah müctəhiddir. Onun öz rəyi vardır. Onun əli mənim əlim, onun dili mənim dilimdir!”

Seyid Fəzlullahın dini rəhbərliyi və vəfatından sonra ona təqlid etmək – istər ibtidadan təqlid olsun, istərsə də, ona təqlidi davam etdirmək şəklində olsun – məsələsi haqqındakı söhbətində Şeyx Yasir Övdət açıqlamışdır ki, o, mərhum rəhbərin əsrimizdə ən bilikli (ələm) müctəhid olduğuna və başqalarından fərqli olduğuna inanır. O deyir: "Ən azı ələlxüsus hərəkati rəhbərlikdə onu təqlidi rəhbərlikdən fərqləndirən fikri və elmi şəxsiyyətindəki bir çox ünsürlərlə burada ondan daha savadlı bir şəxsin olduğuna inanmırıq” .

Bu səbəbdən hazırda mövcud olan bir çox dini rəhbərlərin fitvalarına əsasən Cənab Seyidin müqəllidlərini ona təqlid etməyi davam etdirməyə çağırdı. Həmin dini rəhbərlər ölmüş müctəhidə təqlid etməyi davam etdirməyə icazə verir, yaxud o, ələm (daha bilikli) olduğu halda bunu vacib bilirlər. Şeyx Övdət təkidlə bildirir ki, hətta vəfatından sonra ibtidadan ona təqlid etmək icazəlidir və bu, həyatda ikən ona təqlid etməmiş şəxsə aid məsələdir. Şeyx Övdət bu fikrində İbrahim Cənnati kimi ibtidadan ölüyə təqlid etməyə icazə verən bəzi diri dini rəhbərlərin rəyinə istinad etmişdir.

 TƏQLİD VƏ DİNİ RƏHBƏRLİK (MƏRCƏLİK)

Verilən suallar içində ən çox payı olan bir mövzu hesab edilən təqlid və Seyid Fəzlullahın rəhbərliyi mövzusunda Şeyx Yasir Övdət öz cavablarında bildirmişdir ki, bir çox fəqihlər ölüyə təqlidi davam etdirməyə icazə verirlər. Ölüyə təqlidin icazəli olub-olmadığına şəkk etdikdə fiqhi əsas budur ki, bu caizdir. Həddi-büluğa yeni çatmış şəxsin ibtidadan ölüyə təqlid etməyə icazə verən müctəhidin rəyinə əsasən mərhum Seyid Fəzlullaha təqlid etməsi mümkündür.

Allah-Taala Seyid Fəzlullah kimi bir şəxs yetirənə qədər ona ibtidadan təqlid etməyə başlamaq və ona təqlid etməyi davam etdirmək olar. Şeyx Övdət deyir: "Ən azı 50 il ona təqlid etmək barədə fitva vardır. Güman etmirəm ki, sən 50 ildən sonra da Seyid Fəzlullahın etdiklərini edə biləcək bir rəhbər tapasan” .

Bu sahədə Şeyx Övdət ölüyə təqlid etməyin icazəli olması ilə bağlı bir sıra fiqhi dəlillər gətirmişdir:

"1. Ağıllı insanların həyat tərzi (sirətul-üqəla) günümüzə qədər ölülərin fikrindən istifadə etmək əsası üzərində cərəyan edir. Ürfə bax. Məgər müəlliflərinin ölməsi ilə tibb, kimya, fizika, yaxud başqa sahədəki nəzəriyyələr ölmüşdür? Yoxsa, onlardan istifadə edilir və onlar inkişaf etdirilir?

2. Dindarların, yəni elm adamlarının həyat tərzi: onlar həmişə ölülərin rəylərindən və dəlillərindən istifadə edir və həyatın tələblərinə uyğun olaraq onları inkişaf etdirirlər. Hətta belə güman edirəm ki, məşhurla müxalifətdə olmaqdan qorxaraq vacib ehtiyat – deyə fitva verən fəqihlər məşhura təqlid edirlər. Məşhur isə yalnız ölülərdir. Fəqih fitva baxımdan ölüyə, yəni məşhura təqlid etməkdə haqlı olduğu bir halda, adi insanların ölüyə müraciət etməyə niyə haqları yoxdur?!

3. Cahilin alimə müraciətinin vacibliyinə dəlalət edən dəlillərin hamısı yalnız dirilərə, yaxud ölülərə aid deyil, əksinə hamıya aiddir: "Əgər bilmirsinizsə, zikr əhlindən soruşun!”[2] "… Sözümüzü rəvayət edənlərə (ədalətli fəqihlərə) müraciət edin. …”

4. İstishab[3] ölünün fitvasının dəlil qalıb-qalmaması barədə şübhə yarandıqda istinad edəcəyimiz üsuli bir dəlildir. İstishab edib fitvanın dəlil olaraq qalmasına hökm edirik.

5. Ölüyə təqlidin caiz olub-olmadığına şəkk etdikdə əsas prinsip budur ki, bu caizdir.

Səmimi olaraq deyirəm, imamların və Peyğəmbərin sözünün dəlil olması onlar dünyadan köçüblər deyə qüvvədən düşmüşdür?! Məgər onlara müraciət edib onlardan istifadə etmək icazəli deyil?! Ölüyə təqlidi davam etdirməklə ibtidadan ona təqlid etməyin icazəli olmaması arasında fərq qoymaq təəccüb doğurur, çünki hər ikisi eyni məsələdir.

6. Diriyə təqlidin vacibliyi üçün ortaya qoyduqları dəlillərin hamısı iddia ilə uyğun gəlməyən dəlillərdir, əksinə o dəlillərin "mərcəliyin tələbləri” adlanan şeyin üzərində olmasından qorxuram. Bu müxtəsər izahla kifayətlənirəm” . Müəyyən bir dini rəhbərə müraciət etmədən, ölüyə təqlidi davam etdirməyin icazəli olmasına fitva verən diri mərcələrin fiqhi rəyinin ittifaqına əsaslanmaqla Seyidə təqlidi davam etdirməyin icazəli olması barədə onun idarəsi tərəfindən verilən bəyanatın səbəbi haqqında soruşulan suallardan birinə belə cavab vermişdir: "Hesab edirəm ki, alimlərin vahid rəy üzərində ittifaqı deyildikdə, ümumi-istiğraqi (hər bir fərdə ayrı-ayrılıqda şamil edilmə) nəzərdə tutulmur, əksinə tanınmış əksəriyyət və dini rəhbərliyə namizədlikləri irəli sürülmüş şəxslər nəzərdə tutulur. Onlar ölüyə təqlidi davam etdirməyin icazəli olduğu fikrini irəli sürürlər. Onların bəziləri əgər ələmdirsə, ölüyə təqlidi davam etdirməyi vacib bilirlər. Bəziləri isə ibtidadan ölüyə təqlid etməyə icazə verirlər. Bəziləri isə, ölüyə təqlidi davam etdirməyə icazə verən diri müctəhidlərin olduğunu icmalən (ümumi şəkildə) bildikcə ölüyə təqlidi davam etdirmək üçün konkret bir şəxsi müəyyənləşdirməyin vacib olmadığı fikrini irəli sürürlər. Seyid Əli Fəzlullahın iddia etdiyi şey fəqihlərin rəylərinə əsaslanır və fiqhi qaydalara da uyğundur” .

 ƏLƏMLİK ANLAYIŞI

Ələmlik anlayışı və ələmə təqlid etmək məsələsində Şeyx Övdət bildirdi ki, bir çox alimlər deyirlər ki, ələm müctəhidi müəyyənləşdirmək qeyri-mümkündür, çünki bu şəri mətnlərdə dəlili olmayan sırf nəzəri bir məsələdir. Belə ki, fiqhi anlayışa görə ələm, istinbat əməliyyatında ən bacarıqlı, ən layiqli və ən bilikli şəxsdir. Bəziləri hesab edir ki, ələm müctəhid üsuli-fiqhdə, yaxud fiqhdə, yaxud da eyni vaxtda hər ikisində ələm olan şəxsdir. Şeyx Övdət qeyd edir ki, ələm müctəhidi müəyyənləşdirmək üçün təkcə üsuli-fiqh və fiqh elmləri ilə kifayətlənmək olmaz, əksinə fəqih dili dərindən bilməli, ədəbi hissə malik olmalı, Quranı dərindən başa düşməli, əvvəla rəvayət ab-havasından uzaq olmalı, sonra isə rəvayət üzərində təcrübə aparmalıdır. Məhz bu xüsusiyyətlər hərəkati və dinamik fəqihi təqlidçi fəqihdən fərqləndirir. Odur ki, Seyid Fəzlullahdan ələm bir şəxsin olması güman edilmir.

Ələmlik şəhadətnaməsinə gəlincə Şeyx Övdət təəssüflə bildirdi ki, əksər şəhadətnamələrdə insafsızlığa yol verilir. Onu da vurğuladı ki, ələmliyi təsdiq edən şəxs ekspertlərdən (əhli-xibrədən) olmalı və təqlid üçün namizəd verilənlərin hamısını yoxlamalıdır. Şeyx Övdət təəccüblə öz-özünə sual verdi: "Məgər İrandakı mərcələrdən birinin ələmliyini təsdiq edən şəxs Nəcəfdəki mərcələri yoxlamışdırmı? Həmçinin əksinə. Yaxud o, Livanda namizədliyi irəli sürülən rəhbərlikdən xəbərdardırmı? Çox təəssüflər olsun ki, cavab mənfidir. Deməli, bu barədəki şahidlik naqisdir və reallığı əks etdirmir. O şahidliyə nə şəri, nə əxlaqi və nə də əqli baxımdan etimad etmək olmaz. …”

 MƏRCƏLİK (RƏHBƏRLİK) MÜƏSSİSƏSİ

Seyidin mərcəlik müəssisəsi ilə əlaqədar rəyi ilə Şeyx Övdət bildirdi: "O, irəli sürülmüş ən mütərəqqi islami nəzəriyyələrdəndir. Seyid onu mərcəlik tarixində bənzəri olmayan müəssisələr müstəvisində az da olsa, tətbiq etmişdir. Bu müəssisənin bərabər fitva verən dini rəhbərlik şurasında həyata keçirilməsinə gəlincə bu arzu çərçivəsindən kənara çıxmır. Hətta hesab edirəm ki, fərdi ağla deyil, Seyid kimi müəssisə ağlına malik yeni nəsil dini rəhbərlər yetişməyincə müasir dövrümüzdə bu qeyri-mümkündür” .

 

ZALIMANƏ HÜCUMLAR

Mərhum rəhbərə əziyyət verib iftira, zülm və düşmənçiliklə onu incitmək məqsədi güdən çoxsaylı hücumlara gəlincə Şeyx Övdət bildirdi ki, bunlar Seyid Fəzlullahın fərqləndiyi açıq hərəkətverici cəhətlə bağlıdır, çünki bu xüsusiyyət insanlar tərəfindən həzm olunmurdu. Müasir yenilikçi bir istiqamət idi, bəzi başqa rəhbərlərə isə maneə yaradırdı. Şeyx Övdət deyir: "İnsanlara İslam əxlaqı ilə yanaşılmalı və onlara ən gözəl şəkildə cavab verilməlidir. Şəxsi fikrimcə, ona hücum edənlərin ən aşağı səviyyədə təqvaları və Allahdan qorxuları yoxdur, çünki onlar yalan danışdılar, təhrif etdilər, fitvalar verdilər və onun əsərlərini şüurlu şəkildə oxumadan, yaxud soruşmadan qiyabi hökm verdilər. Eşitmədən və oxumadan hökm vermək dinə uyğun gəlməyən bir şeydir, çünki haqla batil arasında dörd barmaq fasilə vardır. Haqq odur ki, gördüyünü deyəsən. Görmüşəm iddia edənlərin çoxuna yazını və həqiqəti göstərdikdə onların açıq yalanı üzə çıxmışdır. Batil isə odur ki, eşitdiyini deyəsən. Çox təəssüflər olsun ki, dini rəhbərliklər və alimlər hökm verdikdə eşitməklə kifayətlənirlər. Bir şəxs haqqında onun özündən eşitmədən hökm çıxardıqda Şeytan da o vaxt hazır olur. Ən bəsit hökm vermə qaydası odur ki, hökm çıxarmamışdan əvvəl hər iki tərəfi dinləməlisən. Bunlar hansı təqva ilə hökm verirlər?! Bunu yalnız tarix üçün deyirəm” .

Bu həmlələrin arxasında dayananlar haqqında söhbətinə davam edərək deyir ki, zənnimcə bunlar: "Fəzlullahın mərcəliyinin yayılmamasında marağı olanlardır. Onlar başqalarının mərcəliyində maraqlıdırlar, çünki Seyid Fəzlullah bütün dini rəhbərliklər qarşısında böyük bir maneə idi. Səbəb isə o idi ki, o, öz elmi, siyasi, ictimai, ideoloji və mədəni üstünlüyü ilə insanlara açıq olması ilə onların içərisində yaşaması, qayğıları, problemləri ilə maraqlanması, bütün dairələrdə və mərasimlərdə onlarla görüşməsi, bir çox gündəlik işləri öz öhdəsinə götürməsi, Livandakı məqamından dünyaya açıq olan dinamik dini rəhbərliyi ilə təqlidçi rəhbərliklərdən fərqlənməsindən irəli gələrək bütün müsəlman və qeyri-müsəlmanlara açıq olması ilə fərqlənir və seçilirdi. Onun dinamik rəhbərliyi bütün sahələrdə hərəkət edir və bütün problemləri öz üzərinə götürürdü. Bundan sonra ona yeni həmlələr və hücumlar başlandı, nifrət edənlər, gerilikçilər, dar düşüncə sahibləri, xurafatçılar əks mövqedən çıxış etməyə başladılar. Onlar İslamı və Quranı gerilik, xurafat və yalanlar çərçivəsində bir qutu kimi başa düşürdülər” .

Bu problemə münasibətə gəlincə, Şeyx Övdət İslam əxlaqı ilə əxlaqlanmağı, ən gözəl şəkildə münasibət göstərməyi, xüsusilə dini rəhbərliklərə pislik etməməyi vurğuladı. Əgər birindən incimişiksə, yalnız incidiyimiz işi qeyd etməliyik. Seyid Fəzlullah pislik edənləri təbəssümlə qarşılayar və deyərdi: "Allah onları hidayət etsin!” Yaxud deyərdi: "Onlar haqqımızda çox günaha giriblər”. Şeyx Övdət Seyidin müqəllidlərini onun əxlaqına, yəni İslam əxlaqına çağıraraq deyir: "Allahdan diləyirəm ki, bütün insanları, ona (Seyidə) zülm edənləri hidayət etsin! Allah ona həm sağlığında, həm də dünyasını dəyişdikdən sonra kömək olsun! Hidayətə tabe olanlara salam olsun!” Dialoqda iştirak edənlərdən biri bildirdi ki, Sistaninin köməkçilərindən biri özünün Fəzlullahın kitablarına son dərəcə heyran olduğundan danışmışdır. Hətta o, kitabları oxuyub qurtardıqdan sonra öpərdi. Ələlxüsus, "İslam-xristian dialoqu” kitabı. Bu kitab Seyid Sistanini heyran etmiş və onu üç dəfə təkrar oxumuşdu. Şeyx Övdət mərhum Seyidin övladları içərisində ictihad mərhələsinə çatanlar haqqında deyir: "Mən hesab edirəm ki, onun iki övladı – Seyid Əli və Seyid Cəfər ictihad yolundadırlar və onlar cüzi də olsa, bəzi fitvalar verə bilərlər” . Eyni konteksdə Şeyx Övdət qeyd etmişdir ki, dini rəhbər İshaq Fəyyaz və İbrahim Cənnati Seyid Əli Fəzlullaha mərhumun təsis etdiyi xeyriyyə müəssisələrinə şəri hüquqlar çərçivəsində rəhbərlik etməyə icazə vermişlər. Seyidin şagirdlərindən, yaxud övladlarından hər hansı birinin dini rəhbərliyi öhdəsinə götürməsi barədə suala belə cavab vermişdir: "Bəli! Lakin gələcəkdə. Hesab edirəm ki, Seyid Əli Fəzlullah gələcəkdə dini rəhbərliyi öz üzərinə götürəcəkdir. Burada müctəhidlik yolunda davam edən tələbələrindən də vardır ”. Başqa bir cavabda da demişdir ki, Şeyx Hüseyn Əl-Xəşən də ictihad yolunda hərəkət edir və o, Fəzlullahın ən görkəmli şagirdlərindəndir. Seyid təqlidçi rəhbərliklərdən bütün sahələrdə bütün problemləri öhdəsinə götürən, dünyaya açıq olan dinamik rəhbərliyi ilə fərqlənmişdir.

İslam müqaviməti mövzusunda demişdir: "Bildiyim odur ki, Seyid müqavimət hərəkatı yarandığı gündən ona qayğı göstərmiş, xüsusilə, onun bir çox rəhbərlərinə təlimlər vermişdir” .

 SEYİDİN ƏXLAQİ CƏHƏTLƏRİ

Şeyx Övdətin dini rəhbəri və ustadı Seyid Mühəmmədhüseyn Fəzlullah haqqında ən çox qeyd etdikləri bunlar idi: "İntuisiyalı və hazırcavab idi. Hər hansı bir məsələ haqqında soruşanda qaydalar və dəlillərlə cavab verərdi. Son günə qədər bu hazırcavablığı özünü qoruyub saxlamışdı. O həm də olduqca diqqətli idi. Məsələn, gündüz vaxtı işığın yandırılmamasına və qənaətinə diqqət yetirərdi. Ona pislik edənlərə qarşı danışmağımıza mane olardı. İslam vəhdətini qorumağa çalışardı. Həmişə bizə vəsiyyət edərdi ki, ideoloji və mədəni mübarizə aparaq. Onun bir çox xatirələri vardır ki, onları hal-hazırda qeyd etməyə zaman yoxdur”.

1432/səfər/01

2011/01/05

Tərcümə: Salman Süleymanov

Təshih: Xəyyam Qurbanzadə


[1] Şeyx Yasir Övdət Livanın cənubunda sərhəd bir kənddəndir. Miladi təqvimi ilə 1969-cu ildə anadan olmuş, 1984-cü ildə Ayətullah Mühəmmədhüseyn Fəzlullahın elmi hövzəsində İslam Şəriəti İnstitutuna daxil olmuş, orada müqəddimə elmləri və bir az da səthi dərsləri oxumuş, sonra 1989-cu ildə müqəddəs Qum şəhərinə getmiş və orada Elmi Hövzənin məşhur alimlərindən dərs almışdır. Burada Ayətullah Nur Mühəmmədi, Ayətullah Hərəndi, Ayətullah İrəvani, Seyid Adil Ələvi və başqalarından təhsil almışdır. Ayətullah Dəmavəndidən uzun müddət dərs almış, sonra Livana qayıtmış, doğma hövzəsində Seyid Mühəmmədhüseyn Fəzlullahın dərsi-xaricində iştirak etməyə başlamışdır. Həmin müddətdən 2010-cu ilə – Seyidin vəfatına qədər orada qalmışdır. Onun bir neçə ictimai və dini fəaliyyəti vardır. Camaat namazına pişnamazlıq etmiş, xütbə söyləmiş, mühazirələr oxumuş, seminarlar və konfranslarda iştirak etmişdir. Bəzi komitələrin və mədəni fəaliyyətlərin müəllifi olmuş, habelə Şəriət İnstitutunda tədrislə məşğul olmuşdur.

[2] "Nəhl”, 43

[3] Lüğətdə "yol yoldaşı olmaq” mənasını verən "istishab” sözü üsuli-fiqh termini olaraq "əvvəl var olan şeyin davamiyyətinə hökm etmək” mənasını verir. Başqa bir təbirlə desək, sonra davam etməsi barəsində şübhə hasil olan öncəki yəqini vəziyyətə riayət etmək. Bunun izahı budur ki, əgər bir şeyin əvvəl mövcud olduğuna yəqinliyimiz olsa, lakin onun hal-hazırkı vəziyyəti barəsində tərəddüd hasil olsa, onun davam edilməsinin hökm edilməsinə istishab deyilir. Məsələn, əgər dəstəmazlı olsaq, sonra dəstəmazı batil edən amilin baş verib-vermədiyinə şübhə etsək, bu vəziyyətdə "istishab” prinsipinə əsasən, dəstəmazın pozulmadığına hökm edəcəyik.


  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun