18 Noyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

BAKI SOVETİNİN XƏYANƏTLƏRİ VƏ MÜSƏLMAN XALQININ SOYQIRIMI

XX əsrin əvvəllərində dünyada və Rusiyada vəziyyət həddən artıq gərgin olmuşdu. Birinci Dünya Müharibəsi başladı və milyonlarla qurbanları ilə sona çatdı. Bu isə dünyanın siyasi sahəsində çox böyük dəyişikliklərin meydana gəlməsinə səbəb oldu. Həmin illərdə Böyük Rusiya İmperiyası və onun işğal etdiyi Qafqaz regionunda da çaxnaşmalar, sinfi mübarizələr, millət və din savaşları ən son həddinə çatmaqda idi. Böyük ərazini, çoxlu millətləri, müxtəlif dinlərdə olan xalqları öz əsarətində əsrlərlə saxlamış Çar Rusiyasının sutunları artıq silkələnməkdə idi. Bu həm Rusiyanı öz içində baş qaldıran sinfi mübarizənin və həm də əyalətlərdə milli və dini oyanışın nəticəsində alovlanan milli etirazların sayəsində baş verdi. 1917-ci ilin oktyabrında Leninin rəhbərliyi ilə oktyabr inqilabı qələbə çaldı və Lenin bütün Rusiyada yaşayan millətlərə və müsəlman xalqlarına bir bəyannamə ilə xitab etdi. O bəyannaməyə əsasən, millətlər azad şəkildə öz müqəddəratlarını həll edə bilərlər. Onlar Rusiyadan ayrılıb öz müstəqil dövlətlərin qura bilərdilər. Lakin bu bəyannamə bolşeviklərin əsl gizli və işğalçı niyyətlərinin qarşısından pərdə salmaq məqsədi daşıyırdı. Çox qısa zamandan sonra bu yeni ideologiya ilə peyda olan hökumətin də niyyətləri aşkar oldu. Milli və dini ayrılıqdan istifadə edib bununla öz niyyətlərinə çatmaları Qafqazda gedən proseslərdə özünü göstərdi. Qafqaza sonradan gəlmə element olan erməni xalqı və onların işğalçı rəhbərləri bolşeviklərin bu siyasətindən öz mənafeləri üçün lazımınca istifadə etdilər. Bu vaxtlar Qafqazda müsəlman millətinin vəziyyəti olduqca acınacaqlı idi. Yüzillik Rusiya İmperiyası əsarətində yaşadıqları zaman Qafqaz müsəlmanlarının orduya çağırılmamasına görə xalqın vəziyyəti hərbi cəhətdən çox acınacaqlı olmuşdu. Buna görə də sərhədlərdən geriyə dönən Rus ordusu İslam xalqına qarşı olmazın qırğınlar törədir, əzab və əziyyətlər verirdi. Rusiyada oktyabr inqilabı qələbə çaldıqdan sonra Qafqazda erməni, gürcü və Azərbaycan nümayəndələri birləşərək "Zaqafqaziya Seymi”ni yaratdılar. Zaqafqaziya Seymində milli alaylar təşkil edilməsi və torpaqların qorunması haqqında əmr verilmişdi. Buna görə də ermənilər və gürcülər rus ordusunda iştirak etdikləri üçün tezliklə öz alaylarını yarada bildilər. Lakin müsəlman alayları isə yuxarıda dediyimiz səbəblərə görə təşkil oluna bilmədi, bu da az sonralar çox böyük qırğınların törədilməsinə gətirib çıxardı. Lakin regionda – iri sənaye şəhəri hesab olunan Bakıda isə vəziyyət tamamilə başqa idi. Müsəlmanların, ermənilərin, rusların və gürcülərin də yaşadığı Bakı şəhərində çoxlu partiyalar, şuralar fəaliyyət göstərirdi. Bu partiyalardan ən aparıcı qüvvəyə malik olan, M.Ə.Rəsulzadənin başçılıq etdiyi Müsavat Partiyası idi. Milli təşkilatlardan isə xalq arasında ən böyük nüfuza malik olanı "Bakı Müsəlman Şurası” hesab olunurdu. 1917-ci ilin yayında Musavat partiyası "Türk Federalistlər” partiyası ilə birləşdi və Musavatın nufuzu daha da artdı. Bakıda müsəlman firqə və təşkilatlardan başqa erməni milliyyətçi və şovnist firqəsi olan "Daşnaksutyun” firqəsi fəaliyyət göstərirdi. Daşnakların məram və məqsədləri bolşeviklərin ziddinə olsa da, müsəlmanları məhv etmək, islami və milli şüuru dağıtmaq üçün çox asanlıqla bir araya gələrək birləşdilər. Əvvəldə dediyimiz kimi Bakı sənaye şəhəri olduğu üçün burada çoxlu nümayəndələr və o cümlədən ruslar fəaliyyət göstərirdi. Fəaliyyətdə olan Bolşevik firqəsi də əslində rusların və daşnaklarla əlbir olan ermənilərin firqəsi idi. Müsəlman əhali arasında isə bolşeviklərin heç bir dayağı yox idi. Lakin o zaman Bakının durumu elə olmuşdu ki, bu iki yad və düşmən mövqeyli təşkilat nəinki burada möhkəmləndi, hətta hakimiyyəti belə ələ keçirdilər. Bakı limanında olan əsgərlərin və tacirlərin əksəriyyəti ruslar olduğundan bolşeviklər onlara və ermənilərə arxlanaraq burada güclü "sovet” təşkil etmişdilər. Bütün Zaqafqaziya Tiflisdə təşkil olunmuş "Seym”ə itaət etdiyi halda, "Bakı Soveti” ona tabe olmayıb "Petroqrad” hökumətini tanıyırdı. "Bakı Soveti”ndə bolşeviklərin və daşnakların möhkəmlənməsində Musavat firqəsinin də böyük səhvləri var idi. Musavatçılar Bakı Sovetinə keçirilən seçkilərdə ümumi səslərin 40%-dən çoxunu qazanmalarına baxmayaraq, Sovetin tərkibinə daxil olmaqdan imtina etdilər. Bu da nəticədə daşnakların və onların mənafeyinə xidmət edən bolşeviklərin sovetdə güclü qüvvəyə çevrilmələrinə gətirib çıxartdı. Bolşevik adı altında daşnakların aparıcı rəhbərlərindən olan S. Şaumyan Bakı Sovetində ən yüksək kürsüyə yetişdi.S. Şaumyan Petroqradda rəhbərlikdə olan qüvvələrlə gizli əlaqədə idi. 1917-ci ilin dekabrında İ.Stalinin təklifi ilə Şaumyan Qafqazın fövqəladə komissarı təyin olundu. Bununla da Şaumyan müsəlman xalqına qarşı beynində cızdığı qırğın planlarına rəsmi bir icazə almış olurdu. Əslində o, bir bolşevik deyil, qəddar niyyətli, qaniçən bir daşnak idi. M.Ə.Rəsulzadə "Azərbaycan Cümhuriyyəti” əsərində yazırdı: "Qəribədir ki, Musavat məfkurəsinə qarşı bu sürətlə məhdudkar bir vəziyyət alan bolşevik hökumətinin Mavərayi-Qafqasiya müməssili (nümayəndəsi) Şaumyanın cibində rus işğal ordusunun təxliyyə (boşaldılan) edilən Türkiyə ərazisi üzərində erməni muxtariyyatının elanına aid Lenin imzası ilə imzalanmış bir dekret bulunuyordu. Bu dekret ilə S.Şaumyan "əsrlərdən bəri məzlum erməni milətinin bəklədiyi amali milliyəni qüvvədən felə çıxarmaq” üçün erməni müəssisə və təşkilatına yardım etməklə müvəzzəf (vəzifələnmiş) idi. Şaumyandakı bu vəsiqənin təsiri elə olmaladır ki, bir ay əvvəl Bakı bələdiyyəsindən rus məclisi-müəssisanını dağıdan bolşeviklərə qarşı bombalar, metralyozlar satan "Daşnaksutyun” firqəsi Bakı Soveti ilə sıx bir rabitəyə və əsgəri bir ittifaqa girmiş oldu” .Bu yazılı sənədlər açıq şəkildə təsdiq edir ki, daşnakların Bakıda, Şamaxıda, Qubada, Lənkaranda və digər ərazilərdə törətdikləri qırğınların, müsəlmanların məhv edilməsinin əmri bolşeviklərin Petroqraddakı rəhbəri Lenin tərəfindən verilmişdi. Bu əmrdən sonra Bakı Soveti daşnakların və silahlanmış erməni alaylarının köməyi ilə öz xəyanətkar niyyətlərinə başladı və musavat firqəsi ilə "Milli Müsəlman Şurası”na qarşı hərb elan etdi. Bakının müsəlman əhalisi bolşeviklərin və daşnakların təcavüzlərinə qarşı öz etirazlarını bildirməyə başladılar. Lakin nə Milli Müsəlman Şurasının, nə də Musavatın güclü silahlı qüvvəsi yox idi. Belə vəziyyət də Bakıda daşnakların həddən artıq özbaşınalıqlar etməsinə səbəb oldu və müsəlman əhalisi güclü silahlanmış erməni qarşısında silahsız və əliyalın qaldılar.Belə bir şəraitdə, mart ayının 29-da erməni hərbi hissələrini tərkisilah etmək əvəzinə, Bakı Sovetinin əmri ilə Ə.Əsədullayevin başçılıq etdiyi Lənkərana getməyə hazırlaşan yeganə müsəlman diviziyası olan "Dikaya diviziya”nın atlı polkunun əsgər və zabitlərinin silahları alındı. Bu isə Bakının müsəlman əhalisinin etiraz yürüşlərinə başlamasına səbəb oldu.Ertəsi gün, yəni martın 30-da şəhərdə güclü mitinqlər başladı, xalq əsgərlərin silahlarının qaytarılmasını tələb edirdi. Bu mitinq isə daşnakların lideri S.Şaumyanın çoxdan bəri öz mənfur niyyətini həyata keçirməyə bir başlanğıc oldu. İki bir-birinə zidd ideyalar daşıyan bolşevik və daşnaksutyun firqələri müsəlmanları qırmaqda bir məramın daşıyıcıları kimi görünürdü. Deməli, Şaumyan bolşeviklərdən milliyyətçi niyyətlərini həyata keçirtmək üçün məharətlə istifadə etmişdi. Etiraza qalxmış əhali bolşeviklər və daşnaklar tərəfindən gülləbaran edilməyə başladı. Həmin gün tarixin ən böyük cinayətlərindən biri baş verdi. İslam əqidəsinə qulluq edən on min əhali məhv edildi. Bütün bu qırğınlar bolşevizm adı altında getsə də, erməni alayları öz milli niyyətlərini həyata keçirdilər. S.Şaumyan yazırdı: "Bizim süvari dəstəyə edilən hücumdan biz bir bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Biz artıq 6 min nəfərlik silahlı qüvvəyə malik idik. Daşnakların da 3-4 min nəfərlik milli hissələri var idi ki, o da bizim sərəncamımızda idi. Məhz onların iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi, lakin onun qarşısını almaq mümkün olmadı. Biz bu işə şüurlu surətdə getdik. Əgər müsəlmanlar üstün gəlsəydilər, onda Bakı Azərbaycanın paytaxtı elan edilə bilərdi” . (seçilmiş əsərləri; c. 2, səh. 246)Görürsünüz, müsəlman xalqına qan uddurmuş, uşaqlı, qocalı, qadınlı günahsız 10 min əhalinin bir gündə qətl etdirmiş bir qatili bizim sovet rejiminə qul olan rəhbərlərimiz necə də müqəddəsləşdirmişdir. Bakıda milli qırğın törədən bu qatil və onun havadarlarına paytaxtımızda abidələr ucaldılmış, böyük rayon, təşkilat, müəssisə və xiyabanlar isə onların adını daşımışdır. Bu heç də çox uzaq bir keçmişdə olmamışdır. Xalqımız bu hadisələrin canlı şahidi olub. On səkizzinci il mart qırğınlarında daşnaklar yalnız on minlik müsəlman əhalini qırmaqla kifayətlənmədilər, mənfur düşmən millətimizin dini abidələri və mədəniyyət obyektlərinə qarşı da öz düşmənçilik mövqeyini göstərdilər. Martın 30-da komissar Q.Əmiryanın bir qrup silahlı basqınçısı böyük mədəniyyət abidəsi olan "İsmailiyyə” (indiki EA-nın əsas binası) binasını yandırmağa cəhd etdi. Daşnaklar müsəlmanların ibadət evi olan "Təzə Pir Məscidi”nə də ciddi ziyan vurdular. Toplardan atılan mərmilər "Təzə Pir”in minarələrini deşdi. Hacı Zeynalabdinin tikdirdiyi Şərqdə ilk teatr da ermənilər tərəfindən yandırıldı. Bununla kifayətlənməyən təcavüzkarlar "Açıq söz” və "Kaspi” qəzetlərinin mətbəələrini də dağıtdılar. Bu faktları bildikdən sonra artıq heç bir şübhə qalmır ki, bolşevik ideyası adı altında Bakıda törədilən bu qırğınlar sinfi bir mübarizə deyildi. Burada qanına qəltan edilmiş minlərlə insanlar bolşeviklərin müdafiə etdiyi yoxsul fəhlə sinfinin nümayəndələri idi. Əlavə olaraq mədəniyyət və dini abidələrin də vəhşiliklə dağıdılması bu hadisələrin bolşevik pərdəsi altında, müsəlmanlara qarşı millət və din savaşına çıxmış erməni şovinistlərinin xalqımıza vurduğu həm maddi, həm mənəvi bir zərbə olduğu məlum olur. Bu din savaşının tarixi isə yalnız son yüzilliklə və yalnız da bu bölgə ilə məhdudlaşmır. Milliyyətindən asılı olmayaraq hər bir bölgədə və hər bir zaman müsəlmanlar xristianların təcavüzünə məruz qalmışdır. Lakin bütün dövrlərdə bu təcavüzlər İslamın səsini boğmağa çalışmış, müsəlmanları bir ümmət kimi parçalayıb məhv etmək istəmişdir. Müxtəlif əsrlərdə müsəlmanlar xristianların bu müharibə və basqınlarından zərərlər görmüşdür. Bu təcavüzlərin nəticəsi olmuşdur ki, müsəlmanlar böyük mədəniyyətlərindən uzaq düşmüş, parçalanmalara və münaqişələrə məruz qalmışdır. Düşmənlər də həmişə bundan öz mənafeləri üçün istifadə etmişlər. XX əsrin əvvəllərində soyqırıma məruz qalmağımız, bu gün torpaqlarımızdan məhrum olmağımız, qırğınlara düçar olmağımız həmin əsrlərdən qalmış ümumi siyasətin bir nəticəsidir. Biz ümumi olaraq dünyada müsəlmanların təcavüzə məruz qaldığını müşahidə edirik. Fələstində müsəlmanların qırılması, Kəşmirdə müsəlmanlara edilən zülmlər ümum müsəlman ümmətinə qarşı bir təcavüzkar siyasətin mövcudluğunu göstərir. Erməni-müsəlman münaqişəsinin zahirdə daha çox milli bir münaqişə kimi görünməsinə baxmayaraq, beynəlxalq aləmdə bu təcavüzkarlığa göz yumulması və təcavüzkarlara hər cür maddi-mənəvi dəstəyin verilməsi bu münaqişənin də müsəlman ümmətinə qarşı olan təcavüzlər sırasında görməyə əsas verir. Ümmətin başına gələn bu cür bəla və müsibətlərin kökü yenə ümmətin öz içində axtarılmalıdır, çünki Quran 14 əsr bundan qabaq müsəlmana onun düşməninin kim olduğunu anlatmışdır. Həmin Quran bu düşmənin hiyləsindən, təcavüzündən müsəlmanların qurtuluşunu da anlatmışdır. Bütün bunlar aşkar və açıq şəkildə bəyan edilmişdir. Allah-Taala Quranın "Maidə” surəsində buyurur: "Ey iman gətirənlər, yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz” .Quranın 14 əsr əvvəl müsəlmana anlatdığı bu həqiqət bu gün də öz reallığını qoruyub saxlayır, yəni yəhudilər və xristianlar müsəlmanı aradan götürmək üçün çox asanlıqla bir araya gəlirlər. Bu, qiyamətə qədər qəbul olunmuş bir vəddir. Allah isə vədində aldatmayan yeganə varlıqdır. Bizim bu gün bu ayənin həqiqətinə iman gətirib, onun göstərdiyi istiqamətdə hərəkət etməyimizdən başqa çarəmiz yoxdur. O zaman biz qurtuluşa nail ola bilərik ki, düşmənlərimizi yaxşıca tanıyıb, onlara qarşı mübarizədə öz qüvvələrimizi birləşdirə bilək! O zaman Allahın Quranda müsəlmana vəd etdiyi nüsrət və qələbə bizim hamımıza şamil olacaqdır!
DADAŞ ƏLİBƏYLİ


  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun