16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

TƏBİƏT RİSALƏSİ - 1


MÜQƏDDİMƏ

19-cu yüzilliyin 2-ci yarısında Avropada bir dinsizləşmə rüzgarı əsməyə başladı. Kainatın idarə olunmasını Allahın iradəsi ilə yox, təbiət və səbəblərlə əlaqələndirməyə başladılar. Ogüst Kontun pozitivizmi, Çarlz Darvinin təkamül nəzəriyyəsi, Klod Bernarın fiziolojist axımı, Lüdviq Bühnerin bioloji materializmi, 2-ci Məşrutiyyətlə birlikdə Osmanlı ziyalılarının maraq göstərdiyi mövzular arasına daxil oldu. Osmanlının bu dövründə materializmin, yəni Allahtanımazlığın öndə gələn adları Bəşir Fuad, Abdullah Cövdət, Baha Tofiq və Sübhi Ethəm kimi şəxslər olmuşdur. Azərbaycanda da bu axımın önündə Mirzə Fətəli Axundzadə gedirdi.

Avropadan gələn bu axımın xülasəsi bu idi: "Ən uca və üstün dəyər elmdir. Təbiət və insan yalnız elmi metodlarla başa düşülə bilər. Din və ürf inkişaf etmək istəyən millətlər üçün bir ayaq bağıdır. Allahın qanunları ilə təbiətin qanunları arasındakı ziddiyyət əslində din ilə elm arasındakı ziddiyyətdən qaynaqlanır. Qərb bugünkü modern mədəniyyətin təməlini din və adətlərlə mübarizə apararaq atmışdır” .

Belə bir zamanda yaşayan Bədiüzzaman əsərlərində tez-tez bu "Allahtanımaz” görüşə qarşı mübarizə aparmış, bu günləri o günlərdən baxıb görmüş, İslam dünyasının bir fəlakətə sürüklənməməsi üçün bu inkarçı axıma qarşı əlindən gəldiyi qədər mübarizə aparmışdır. Həmçinin "Təbiət Risaləsi” adlı bir əsər nəşr edərək (1934) "küfrün belini qırmışdır”.

Bu əsərdə müraciət etdiyi küfrün təmsilçisi tərksilah olmağa məcbur qalmış, hətta iman gətirərək bu nemətə görə "Əlhəmdülillah”, – demişdir.

Bu baxımdan "Təbiət Risaləsi” teorik bir əsər deyildir. Dövrün inkarçı zümrəsinin zehinlərdə meydana gətirdiyi təhlükəli suallara aktual və praktiki bir cavabdır. Əsərin əvvəlində özü də bu həqiqətə işarə etmişdir.

Bu Risalənin bir xüsusiyyəti də Quranın münkirlərə qarşı istifadə etdiyi rasional metodun istifadə edilməsidir. Ənənəvi alimlər kimi, "Varlıqları Allah yaratmışdır. Bundan başqa bütün fikirlər batildir!” – deməkdənsə, əvvəl ağıla əsaslandıqlarını zənn edən münkirlərin iddiaları ələ alınaraq əqli dəlillərlə bir-bir çürüdülmüş, geriyə isə haqq olan fikir qalmışdır. Əsərin bu cəhəti Bədiüzzamanı öz dövrünün çox alimindən fərqləndirən bir xüsusiyyətdir.

Bədiüzzaman bu əsərində təbiətin yaradıcı olmayıb yaradılmış bir varlıq olduğunu əqli dəlillərlə açıqlarkən təbiətin də böyük bir Sənətkarın əlindən çıxmış xariqüladə bir sənət əsəri, Sənətkarı göstərən parlaq bir "ayna”, tayı-bərabəri olmayan Xaliqi tanıtdıran qeyri-adi bir kitab olduğu fikrini ortaya qoymuşdur. Bəli, təbiət yaxşı oxunarsa, Allahı göstərən və tanıtdıran böyük dəlillərdən biridir. Yaradılmış bu gözəlliyə baxaraq onun Yaradıcısı, bu möhtəşəm sənət əsərinə baxaraq onun Sənətkarı haqqında bilgi əldə etmək mümkündür.

 TƏBİƏT RİSALƏSİ

İYİRMİ ÜÇÜNCÜ LƏMƏ

On yeddinci ləmənin on altıncı notası[1] olduğu halda, əhəmiyyətinə görə iyirmi üçüncü ləmə olmuşdur. Materializmdən qaynaqlanan küfr fikrini dirilməyəcək şəkildə öldürür və küfrün təməl daşını yerlə yeksan edir.

 XATIRLATMA

Bu notada materialistlərin inkarçı qrupunun getdikləri yolun mahiyyətinin ağıldan nə qədər uzaq, nə qədər çirkin və nə dərəcədə xurafat olduğu ən azı doxsan imkansızlığı ehtiva edən doqquz imkansızlıq ilə açıqlanmışdır. Digər risalələrdə o imkansızlıqlar qismən izah edildiyinə görə burada son dərəcə qısa olma etibarilə bəzi pillələr aşılmışdır. Ona görə də bunu oxuyan hər kəs birdən-birə: "Bu qədər açıq və aşkar bir xurafatı bu məşhur ağıllı filosoflar necə qəbul edib o yolla gedirlər?” – deyə düşünür. Bəli, onlar məsləklərinin mahiyyətini başa düşə bilməmişlər.

Həm yollarının həqiqəti, həm də məsləklərinin lazımi və tələbi odur ki, yazılan hər imkansızın ucunda açıqlanan o çirkin, diksindirici və ağıla zidd olan[2] getdikləri yolun özünün, yollarının lazımi olub məsləklərinin zəruri olaraq bunu tələb etdiyini çox açıq və qəti dəlillərlə buna şübhə ilə yanaşanlara geniş şəkildə açıqlamağa və həqiqəti sübut etməyə hazıram.

 
RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

"Peyğəmbərləri onlara belə cavab vermişdilər: "Məgər göyləri və yeri yaradan Allaha da şübhə etmək olarmı?! ” [3]

Bu kəramətli ayə olmayacaq bir şey haqqında soruşaraq "Cənabı-Haqq haqqında şübhə yoxdur və olmamalıdır da”, – deməklə Allahın varlığının və birliyinin açıq-aşkar bir həqiqət olduğunu göstərir.

BU İNCƏLİYİ AÇIQLAMADAN ƏVVƏL BİR XATIRLATMA

1338-ci ildə Ankaraya getdim[4]. Son dərəcə dəhşətli dinsizlik fikrinin, İslam ordusunun yunanlara qalib gəlməsinə sevinən möminlərin dərin düşüncələrinə təsir edərək onu pozmaq və zəhərləmək üçün xaincəsinə fəaliyyət göstərdiyini gördüm. "Ey vah!” – dedim. "Bu əjdaha imanın əsaslarına ilişəcək!” O vaxt bu kəramətli ayə açıq-aşkar Allahın varlığını və birliyini anlatdığı üçün, ondan (yəni ayədən) yardım istəyib o dinsizlik komitəsinin başını dağıdacaq dərəcədə hikmət dolu Qurandan alınan güclü bir dəlili Nurun ərəbcə risaləsində ("Məsnəviye-Nuriyyə”də) yazdım. Ankarada "Yeni Gün Mətbəəsi”ndə nəşr etdirdim. Lakin üzülərək onu ifadə edim ki, ərəbcə bilənlər az olduğundan, eyni zamanda bu məqaləyə əhəmiyyət verərək oxuyanlar da azlıq təşkil etdiyindən son dərəcə qısa və yığcam bir şəkildə olan o qüvvətli dəlil öz təsirini göstərə bilmədi. Çox təəssüflər olsun ki, o dinsizlik fikri həm inkişaf etdi, həm də gücləndi. Artıq məcburam ki, o sübut və faktları türkcə açıqlayacam. O dəlilin bəzi hissələri bir sıra risalələrdə tam izah edildiyinə görə burada çox qısa və yığcam şəkildə məlumat veriləcəkdir. Bu mövzu ilə əlaqədar digər risalələrə paylanmış müxtəlif dəlil və sübutlar bu dəlildə qismən birləşir, onlardan hər biri bunun bir parçası hökmünə keçir.

 GİRİŞ

Ey insan! Bil ki, insanların ağzından çıxan və dinsizliyi hiss etdirən dəhşətli kəlmələr vardır, möminlər belə bilmədən bu sözlərdən istifadə edirlər. Bunlardan mühüm hesab etdiyimiz üç fikri açıqlamaq və bunlara aydınlıq gətirmək istəyirik:

Birincisi; "Bu şeyi səbəblər meydana gətirir!”

İkincisi: "Öz-özünə meydana gəlir, baş verir və sona çatır!” ("Təşəkkələ binəfsihi”).

Üçüncüsü: "Təbiət meydana gətirir, təbiətin təsiri ilə var olur!”

Bəli, madam varlıqlar var və inkar edilə bilməz. Həm də hər bir varlıq sənətli və hikmətli var olur. Madam başlanğıcı var, qədim deyil və yenidən var olur. Hər halda, ey dinsiz, bu varlıqları, məsələn bu heyvanı: Ya aləmdəki səbəblər var edir, yəni səbəblərin bir araya gəlməsi ilə o mövcud varlıq qazanır;

Yaxud öz-özünə var olur:

Yaxud təbiətin tələbi olaraq, təbiətin təsiri ilə vücuda gəlir;

Yaxud da qüdrəti hər şeyə çatan bir Zatın qüdrəti ilə var edilir, – deyəcəksən.

Madam ki əqli baxımdan bu dörd yoldan başqa bir yol yoxdur, əvvəlki üç yolun, qeyri-mümkün və batil olduğu isbat edilərsə, zəruri olaraq və açıq şəkildə dördüncü yol olan Allahın varlığı və birliyi yolu, tərəddüdsüz və şübhəsiz olaraq sübuta yetmiş olur.

BİRİNCİ YOL

Birinci yola görə əşya və varlıqların var olması, aləmdəki səbəblərin bir araya gəlməsi ilə baş verir. Bu düşüncənin bir çox qeyri-mümkünlüyündən yalnız üçünü qeyd edirik:

BİRİNCİSİ

Bir aptekdə son dərəcə müxtəlif maddələrlə dolu yüzlərlə kolba vardır. O dərmanlardan canlı bir məcun düzəldilməsi istənildi. Həmçinin onlardan həyat sahibi dərman düzəldilməsi lazım gəldi. Gəldik, o aptekdə o canlı məcunun və həyat sahibi dərmanın bir çox növlərini gördük. O məcunlardan birini incələdik. Görürük ki, o kolbadakı maddələrin hər birindən, xüsusi bir ölçü ilə bir-iki milliqram bundan, üç-dörd milliqram digərindən, altı-yeddi milliqram da başqasından və bunun kimi müxtəlif ölçülərdə parçalar alınmışdır. Əgər birindən bir milliqram az və ya artıq alınsa, o məcun canlı ola bilməz, öz xüsusiyyətini göstərə bilməz. Həmçinin o həyat sahibi olan dərmanı da araşdırdıq; hər bir kolbadan xüsusi bir ölçü ilə bir maddə alınmışdır ki, onun da miqdarı az və ya artıq olsa, onda dərman olma xüsusiyyətini itirər. O kolbaların sayı əllidən artıq olduğu bir halda hər birindən ayrı bir ölçü ilə ayrı-ayrı miqdarda hissələr alınmışdır.

Görəsən, heç imkan və ehtimal vardırmı ki, o şüşə qablardan alınan müxtəlif ölçülər şüşələrin qəribə bir təsadüf və ya fırtınalı bir havanın təsiri ilə yıxılması nəticəsində hər birindən alınan ölçü qədər yalnız o ölçüdə alınsın, bərabər şəkildə getsinlər və toplanıb o məcunu meydana gətirsinlər? Yaxşı, bundan daha xurafat, qeyri-mümkün və batil bir şey vardırmı? Eşşək, qat-qat eşşək olsa, sonra təkrarən insan olsa, "Bu fikri qəbul edə bilmərəm”, – deyib qaçacaqdır.

Bax, bu misal kimi hər bir canlı, əlbəttə ki, canlı bir məcundur. Və hər bir bitki müxtəlif elementlərdən, cürbəcür müxtəlif maddələrdən və son dərəcə həssas bir ölçü ilə alınan maddələrdən meydana gətirilmiş canlı bir dərman kimidir. Əgər səbəblərə və ünsürlərə istinad edilsə və "səbəblər meydana gətirdi”, – deyilsə, bu, eyni ilə aptekdəki məcunun şüşələrin devrilməsi nəticəsində meydana gəlməsi kimi yüz dərəcə ağıldan uzaq, qeyri-mümkün və batildir.
>
Nəticə: Dünyanın bu böyük aptekində[5] əzəli Hakimin qəza və qədər ölçüləri ilə götürülən həyati maddələr hədsiz bir elm və hər şeyi əhatə edən bir iradə ilə meydana gələ bilər. "Kor, kar, həddi-hüdudu olmayan və sel kimi axan külli (ümumi) ünsürlər, təbiətin və səbəblərin işidir”, – deyən bədbəxt, "O heyrətləndirici dərman şüşələrin yıxılması ilə öz-özünə meydana gəlmişdir”, – deyən dəli axmaq hərəkətlər edən bir səfehdən, sərxoş bir axmaqdan daha çox axmaqdır. Bəli, o küfr, axmaqcasına, sərxoşcasına və dəlicəsinə bir sayıqlamadır.

 İKİNCİ QEYRİ-MÜMKÜNLÜK

Əgər hər şey Vahid və Əhəd olan calal sahibi qüdrətli varlığa verilməzsə, əksinə səbəblərə isnad edilsə, aləmdəki bir çox ünsürlərin və səbəblərin hər bir canlının vücuduna (varlığına) müdaxilə etməsi lazım gələr. Halbuki milçək kimi bir məxluqun vücudunda mükəmməl bir nizam ilə son dərəcə həssas bir ölçü və tam bir ittifaq ilə müxtəlif və bir-birinə zidd fərqli səbəblərin toplanması o qədər açıq bir mümkünsüzlükdür ki, milçək qanadı qədər şüuru olan, "Bu mümkün deyildir, ola bilməz!” – deyəcəkdir.

Bəli, bir milçəyin kiçicik cismi kainatın çox ünsür və səbəbləri ilə əlaqəlidir; hətta bir xülasəsidir desək, yanılmarıq. Əgər o milçək başlanğıcı olmayan sonsuz qüdrət Sahibinə verilməzsə, o maddi səbəblərin onun vücudunun yanında şəxsən hazır olması lazımdır; hətta onun kiçicik cisminə daxil olması gərəkdir. Hətta cisminin kiçik bir nümunəsi olan gözündəki bir hüceyrəsinə daxil olması lüzumu yaranar, çünki səbəb maddi olduqda nəticənin yanında və daxilində olması lazımdır. Bu halda iki milçəyin iynə ucu kimi barmaqlarının sığmadığı o hüceyrədə aləmin rüknlərinin, (torpaq, su, hava və od kimi) ünsürlərinin maddi olaraq o milçəyin içinə daxil olub bir usta kimi onun içində işləmələrini qəbul etmək lazımdır. Bax, sofistlərin[6] ən ağılsızları da, belə bir yolu müdafiə etməkdən utanır.

 
ÜÇÜNCÜ QEYRİ-MÜMKÜNLÜK

"Vahid yalnız Vahiddən südur edər (çıxar)” qaydasına əsasən "var olan şeydə birlik vardırsa, bu, onun bir olandan və bir əldən çıxdığını göstərir”. Ələlxüsus, o varlıq son dərəcə mükəmməl və həssas bir ölçü içindədirsə, əhatəli (mürəkkəb) bir həyata malikdirsə, ixtilaf və qarışıqlıq səbəbi olan müxtəlif əllərdən çıxmadığını, əksinə son dərəcə qüdrətli, hikmətli olan bir tək əldən çıxdığını açıq-aşkar olaraq göstərdiyi halda;[7] hədsiz, cansız, cahil, mütəcaviz (həddini aşan), şüursuz, qarmaqarışıqlıq içində, kor və kar təbii səbəblərin qarmaqarışıq əllərinə – hədsiz dərəcədə mümkün olan yollar içində[8] bir araya gəlmə və bir-birinə qarışma ilə o səbəblərin korluğu və karlığı artdığı halda – o intizamlı, ölçülü birlik içindəki[9] bir varlığı onlara isnad etmək, yüz imkansızı qəbul etmək kimi ağıldan uzaqdır.

Əlbəttə, bu imkansız olandan vaz keçdik. Maddi səbəblərin təsirləri, sözsüz ki, toxunmaqla və təmasla olur. Halbuki o təbii səbəblərin təmasları canlı varlıqların zahirləridir (xarici yönləri ilədir). Halbuki görürük ki, o maddi səbəblərin əllərinin çata bilmədiyi və toxuna bilmədikləri o canlının iç qismi (daxili), on dəfə çölündən daha intizamlı, daha incə, sənət baxımından daha mükəmməldir.[10] Maddi səbəblərin əl və alətləri ilə heç bir baxımdan yerləşə bilməyəcəkləri, hətta zahiri (xarici) hissəsinə də tam təmas edə bilmədikləri kiçik canlılar və kiçik heyvancığazlar, sənət baxımından ən böyük məxluqlardan daha artıq heyrətləndirici[11], yaradılış baxımından xariqüladə olduqları halda o cansız, cahil, kobud, uzaq, böyük və bir-birinə zidd olan kar, kor səbəblərə isnad etmək yüz dərəcə kor, min dərəcə kar olmaqla olar!

 İKİNCİ MƏSƏLƏ

"Varlıqlar öz-özünə meydana gəlir”, – iddiasına gəlincə bu cümlənin də çox qeyri-mümkünlükləri var. Bu qeyri-mümkünülüklərdən misal olaraq üçünü izah edəcəyik:


BİRİNCİ QEYRİ-MÜMKÜNLÜK

Ey inadkar münkir, sənin qürurun səni o qədər axmaq etmişdir ki, yüz qeyri-mümkün olan şeyi bir anda qəbul edirsən. Bu, qeyri-mümkündür, çünki sən bir varlıqsan. Yalnız bəsit bir maddə, donuq və dəyişməyən sabit bir varlıq deyilsən. Daim yeniləşərək son dərəcə intizamlı bir maşın, xariqüladə və sürəkli dəyişən bir saray kimisən. Sənin bədənində hüceyrələr davamlı olaraq fəaliyyətdədirlər[12]. Sənin bədənin kainatla, ələlxüsus, rizq (ruzi) münasibəti ilə, xüsusən növünü davam etdirmək baxımından əlaqəlidir və alış-verişi vardır. Bədənində fəaliyyət göstərən hüceyrələr o münasibəti pozmamaq və əlaqələri qırmamaq üçün diqqət edirlər. Addımlarını diqqətlə atırlar. Sanki bütün varlıqlara baxırlar, sənin kainatla olan münasibətlərini görüb ona görə vəziyyət alırlar. Sən xarici və daxili duyğularınla, o hüceyrələrin o qeyri-adi vəziyyətlərinə görə istifadə edirsən[13]. Əgər sən bədənindəki hüceyrələrin əzəli olan qüdrət Sahibinin (Qədiri-Əzəlinin) qanunu ilə hərəkət edən kiçicik məmurları, bir ordusu, qədər qələminin ucları (hər bir hüceyrə bir qələm ucudur) və ya qüdrət qələminin nöqtələri (hər bir hüceyrənin bir nöqtə) olduğunu qəbul etməzsən, o zaman sənin gözündə fəaliyyət göstərən hər bir hüceyrəyə elə bir göz lazımdır ki, sənin bütün bədəninin hər tərəfini görməklə yanaşı, əlaqədar olduğu bütün kainatı da görəcək bir gözünün olması; sənin bütün keçmiş, gələcək nəslinin, əslinin və elementlərinin mənbələrini və ruzinin qaynaqlarını biləcək və tanıyacaq yüz bu qədər bir ağlının olması lazımdır[14].

Sənin kimi bu məsələlərdə zərrə qədər ağılı olmayanın bir hüceyrəsinə min Platon qədər bir elm və şüur vermək, min dərəcə dəlicəsinə bir xurafatçılıqdır.


İKİNCİ QEYRİ-MÜMKÜNLÜK

Sənin bədənin hər qübbəsində daşları sütunsuz olaraq baş-başa verib boşluqda saxlanılmış min qübbəli, möcüzəli bir saraya bənzəyir. Hətta sənin bədənin bu saraydan min dəfə daha heyrətləndiricidir, çünki o bədən sarayın mükəmməl bir intizamla davamlı olaraq yenilənməkdədir[15]. Son dərəcə xariqüladə olan ruh, qəlb və digər mənəvi lətifələrdən vaz keçək, sadəcə bədənindəki hər bir əza qübbəli bir ev kimidir. Elementlər, o qübbədəki daşlar kimi bir-biri ilə tam bir ölçü və intizamla baş-başa verib, xariqüladə bir bina, fövqəladə bir sənət əsəri olan göz və dil kimi heyrətləndirici bir qüdrət möcüzəsi göstərirlər. Əgər bu elementlər, bu aləmin Ustasının əmrinə tabe olan məmurlar olmasalar, bu vaxt hər bir element bədəndəki bütün zərrələrin hər birinə hökm etdiyini, həm də hər birinin hökmü altına girdiyini, həm hər birinə bənzər, lakin hakim olma nöqtəsində zidd, həm yalnız Vacibul-Vücuda xas olan çox sifətləri daşıyan, onlara qaynaq olan, həm son dərəcə şərtlənmiş, həm son dərəcə sərbəst olmaqla bərabər; bir əldən çıxmış kimi incəliklə, yalnız bir və tək olan Zatın əsəri ola bilən son dərəcə intizamlı bir tək sənət əsərini o saysız elementlərə isnad etməyin, çox açıq bir qeyri-mümkünlük, hətta yüz qeyri-mümkünlük olduğunu zərrə qədər şüuru olan başa düşə bilər.

 
ÜÇÜNCÜ QEYRİ-MÜMKÜNLÜK

Əgər sənin vücudun bir və tək olan və başlanğıcı olmayan sonsuz qüdrət Sahibinin (Vahidi-Əhəd olan Qədiri-Əzəlinin) qələmi ilə yazılmamışdırsa, təbiətə və səbəblərə aid bir yazıdırsa (yəni çap edilmiş şeydirsə), bu vaxt sənin bədənindəki bir bədən hüceyrəsindən tut, iç-içə dairələr kimi, minlərlə mürəkkəb sayınca bu sənət əsərlərini çap edəcək təbiət qəliblərinin olması lazımdır, çünki, məsələn, bu əlimizdəki kitab yazılmışdırsa, onu bir tək qələm müəllifinin elminə dayanaraq yazar. Əgər onun bir şəxs tərəfindən yazıldığı qəbul edilməyib: "Öz-özünə meydana gəlmişdir”, – deyilərsə və ya təbiətə aid edilərsə, bu vaxt nəşr edilsin deyə mətbəədə çap edilmiş kitab kimi hər bir hərfi üçün bir dəmir qələm lazımdır. Hərflərin sayı qədər dəmir hərflər olduqdan sonra o hərflər meydana çıxdığı kimi, bu vaxt bir tək qələm əvəzinə o hərflərin sayı qədər qələmlərin olması lazımdır. Hətta o hərflər içində bəzən olduğu kimi, böyük bir hərfdə kiçik bir qələmlə incə xətlə bir səhifə yazılmışdırsa, bir tək hərf üçün minlərlə qələm lazımdır. Hətta bir-birinin içinə girib sənin bədənin kimi nizamlı bir vəziyyət alırsa, o zaman hər dairədə, hər bir hissə üçün o mürəkkəblərin sayı qədər qəliblər lazımdır. Haydı, içində yüz qeyri-mümkünlük olan bu vəziyyətə mümkün desək belə, bu işlər bir tək qələmə aid edilməzsə, bu müntəzəm sənətli dəmir hərfləri və mükəmməl qəlibləri və o qələmləri düzəltmək üçün, onların sayı qədər yenə qələmlər, qəliblər və hərflər lazım olacaq, çünki onlar da müntəzəm sənətli olaraq yaradılmışdır. Və bunun kimi zəncirvari şəkildə (mütəsəlsil) getdikcə gedəcəkdir.

Bax, sən də başa düş, bu elə bir fikirdir ki, içində sənin hüceyrələrinin sayı qədər qeyri-mümkünlük və xurafat vardır. Ey inadkar münkir, sən də utan və bu zəlalətdən vaz keç.

Ardı var

MÜTƏRCİM: XƏYYAM QURBANZADƏ

REDAKTOR: ƏFRUZƏ HƏSƏNOVA
-------------------------------------------------------------------------------------------
[1] İşarə

[2] Bu risalənin yazılma səbəbi son dərəcə çirkin bir tərzdə, iman həqiqətlərinə yüngül yanaşıb, pozulmuş ağlının çata bilmədiyi şeyə xurafat deyib dinsizliyi təbiətpərəstliyə (materializmə) bağlayaraq Qurana hücum edilməsidir. O hücum isə qəlbdə şiddətli bir hiddət yaratdığından, o dinsizlərə və haqdan üz çevirən batil məzhəblilərə şiddətli və qaba şillələr yedizdirdi. Yoxsa, Risaleyi-Nurun tərzi təmiz, nazik və yumşaq sözlədir.

[3] "İbrahim”; 10

[4] İngilislər İstanbulu işğal etdikdə Bədiüzzaman onlara qarşı çox güclü bir mübarizə aparmışdı. Nəşr etdirdiyi "Xütuvati-Sittə” ("Altı İz”) adlı əsəri ilə onların bütün hiylələrini boşa çıxararaq təsirsiz hala gətirmişdi. Digər tərəfdən Şeyxülislamlıq məqamının Anadolu hərəkatına qarşı təzyiq altında verdiyi fitvasının keçərsiz olduğunu söyləyərək qurtuluş hərəkatına da dəstək olmuşdu. Onun təhlükəli yerdə bu əzmkar fəaliyyətini təqdir edən Mustafa Kamal və dostları onu Ankaraya çağırdılar. Əvvəl getmək istəmədisə də, dostlarının təkidi ilə bu dəvətə müsbət cavab verərək 1922-ci ildə Ankaraya getdi. Məclisdə alqışlarla qarşılandı. Ona deputatlıq, yüksək maaş müqabilində şərq ümumi vaizliyi kimi rəsmi vəzifələr təklif edildi. Lakin o, bu təkliflərin heç birini qəbul etmədi. Həm də axtardığını burada tapa bilmədi. İslamçılıq adına mübarizə apardığını söyləyənlərin, özünün və özü kimi yüzlərlə fikir əhlinin bu məqsədlə dəstək verdiyi şəxslərin dinə qarşı son dərəcə laqeyd olduğunu gördü. Bir bəyanat nəşr edərək ("Tarixçeyi-Həyat”; c. 125-127) deputatları oyatdı. Onların bir çoxunun namaza başlamasına vasitəçi oldu, lakin bu fəaliyyəti Mustafa Kamal ilə münasibətlərinin pozulmasına yol açdı və aralarında mübahisə yarandı. Kədərli bir şəkildə Ankaranı tərk etdi. Bu iki şəxs bundan sonra bir daha bir-biri ilə razılaşa bilmədi. Siyasi güc qarşı tərəfin əlində olduğu üçün də Bədiüzzamanın həyatı artıq sürgün, həbs, nəzarət altında saxlanma və zəhərlənmə kimi əzablarla keçdi. Lakin sonda qazanan o oldu. Həm özü əbədi xoşbəxt həyatı qazandı, həm də dünya miqyasında milyonlarla şəxs onun əsərləri vasitəsi ilə əbədi həyatlarını xilas edib, dünya xoşbəxtliyi əldə etdilər. İnsanlara qarşı bu xidməti hələ də davam edir. Allah ondan əbədi olaraq razı olsun!

[5] Kainat da eynən bir aptekdir. Hər şey incə ölçülərlə yaradılmışdır. Məsələn, göy üzündə dirəksiz olaraq dayanan, sobamız və lampamız olan, dünyadan 1 300 000 dəfə böyük olan Günəş, çox incə bir ölçü ilə düz yerinə yerləşdirilmişdir. Əgər hal-hazırkı yerindən bir az yaxına və ya bir az uzağa qoyulsaydı, hər iki vəziyyətdə də yer üzündə həyat olmazdı. Bir az uzaqda olsa, donar, bir az yaxında olsa, yanardıq. Tənəffüs etdiyimiz havanın 10, 78, 1 qədəri canlılar üçün vücudun əsasını təşkil edən azotdan ibarətdir. Havada 10, 20, 9% oksigen vardır. Əgər oksigen daha az olsaydı, boğulardıq, daha artıq olsaydı, bir şimşəyin çaxması ilə bütün yer üzü alışıb yanardı. Kainatdakı digər şeylər də bununla müqayisə edilə bilər. Bütün bu həssas ölçüləri səbəblərlə əlaqələndirmək, məsələn, Günəşin bugünkü yerinə canlıları düşündüyü üçün öz-özünə gəldiyini, oksigenin özündən havada 10, 20, 9% olduğunu söyləmək dəlilik və axmaqlıq deyilsə, bəs nədir?

[6] Sofistlər isə bütün məsələlərə şübhə ilə yanaşırlar. Aləmi, varlığı, kainatı, hətta özlərini belə inkar edərlər. Cərbəzə ilə ağı qara, qaranı da ağ olaraq göstərərlər.

[7] Kainata baxdıqda hər bir növdə bir birliyin və vəhdətin olduğunu görürük. Məsələn, insanı götürək. İlk insan olan Həzrət Adəmdən qiyamətə qədər gələcək olan bütün insanlar dünyanın harasında olursa-olsun eyni xüsusiyyətə sahibdir. Hamısının iki gözü, iki qulağı, bir başı, iki ayağı, iki əli, bir ağzı və bir dili vardır. Hamısının orqanları eyni yerdə yerləşdirilmişdir. Gözləri eyni yerdə, qulaqları eyni yerdə, burunları eyni yerdə, qolları eyni yerdə və s. Bütün bu birlik Xaliqin bir olduğunu, bütün insan növünün, hər şeyə gücü çatan və hər şeyi hikmətlə edən bir varlığın əlindən çıxdığını göstərir.

Həmçinin, bədəninə həm öldürücü bir zəhər, həm də şəfa verici bir bal emal edən orqanların yerli-yerində yerləşdirildiyi, son dərəcə qarmaqarışıq vəzifələr üçün lazım olan alət və qabiliyyətlərin ona verildiyi bal arısını götürək. Yer üzündəki bütün bal arıları eyni xüsusiyyətə sahibdir, hamısı da şəfalı balı Allahın izni ilə bizə ikram edir. İstər yaradılışda, istərsə də vəzifədə olan bu birlik (vəhdət), bütün bal arılarının hər şeyə gücü çatan, hər şeyi bilən və hər şeyi hikmətlə edən bir varlığın əlindən çıxdığını göstərir. Belə misalları çoxaltmaq mümkündür.

Əgər varlıqlar bir tək varlığın əlindən yox, bir çox yaradıcının əlindən çıxsaydı, bir birlik və vəhdət təmin edilə bilməzdi. Hər biri ayrı-ayrı, öz iradəsinə görə yaradardı. Elə isə gözümüzün önündə minlərlə misalları olan bu birlikləri, cansız, cahil, şüursuz, kor və kar olan səbəblərin qarmaqarışıq əllərinə vermək və "Bu müntəzəm birliklər səbəblərin əlindən çıxır”, – demək yüzlərlə imkansız şeyi birdən qəbul etmək qədər ağıldan uzaqdır.

[8] Bir varlığın olduğu şəkil və cins növündən yaradılmış olması bir tərcih edəni göstərir. Yoxsa, o varlığın o hal üzərində yaradılması, minlərlə ehtimallardan biridir. İntizamlı bir şəkildə öz cinsinə bənzəmişdirsə, o, qəti olaraq təsadüfün, kor və kar təbiətin əsəri deyil, gücü hər şeyə çatan və istədiyini istədiyi şəkildə yarada bilən bir Varlığın əsəridir.

[9] Eyni cinslərin bir-birinə bənzəməsi nəzərdə tutulur.

[10] Məsələn, insanın daxili orqanları

[11] Diqqət edilərsə, ilk kəşf edilən bir alət daha kobudddur. Üzərində çalışdıqca daha mükəmməlləşir. Məsələn, ilk telefon ilə bu gün istifadə olunan ən son model cib telefonunu müqayisə etdikdə sənət və mükəmməllilik baxımından sonradan yarananın çox-çox daha heyrətləndirici olduğu görünər. Elektron bir şeyin həcmi kiçildikcə ondakı sənət də mükəmməlləşir. Bunun kimi canlılar da belədir. Kiçik bir böcək sənət baxımından bir fildən daha mükəmməldir, çünki nəhəng filin yaşaması üçün hansı orqanlar lazımdırsa, kiçik bir böcəyin yaşaması üçün də həmin orqanlar şərtdir. O kiçik böcəyin qəlbini, mədəsini, damarlarını, başını, gözünü, ağzını o kiçik bədənə yerləşdirmək, əlbəttə, böyük bir sənət istər. Gözümüzün qarşısında rəqəmlərlə ifadə edilə bilməyəcək qədər çox belə tam və kamil sənət əsərləri vardır. Bütün bunlar kor və kar təbiətə və səbəblərə, əlbəttə, verilə bilməz.

[12] Bədənimiz hər biri bədən evinin bir daşı hökmündə olan və ortalama diametri bir millimetrin 50-100-də biri qədər böyüklüyü olan yüz trilyon hüceyrədən meydana gəlir. Bu hüceyrələr davamlı olaraq dəyişirlər. Bir saniyədə milyonlarla hüceyrə ölür, yerinə yeniləri yaradılır. Beləcə, canlılığımız davam edir. İnsan bədənindəki milyardlarla hüceyrə insan vücudunun kainatla olan münasibətini pozmamaq üçün diqqət edir, heç dayanmadan fəaliyyət göstərirlər. İnsan kainatdan görünən və görünməyən orqan və hissləri ilə o hüceyrələrin, o xariqüladə fəaliyyətlərinə görə istifadə edir. Burada insanın vücudunda yer alan və ağıllara durğunluq verən milyardlarla hüceyrələrin fəaliyyətləri haqqında danışmaq istəyirik: Əvvəl bütün hüceyrələrə həyat verən qan haqqında:   

Qan maye (su) və qan hüceyrələri olmaqla iki hissədən meydana gəlir. Maye hissəsində proteinlər, mineral duzlar, qlükoza, aminturşusu və digər maddələr vardır. Qan hüceyrələri hissəsində isə eritrositlər (qırmızı qan hüceyrələri), leykositlər (ağ qan hüceyrələri) və qan lövhəcikləri (trombositlər) vardır.

Qanımız qırmızı rəngini eritrositlərdən alır. Bir millimetr kub içərisində 4-5 milyona qədər eritrosit vardır. Bu hüceyrələr vücudun ərzaq məmurlarıdır. Daşıdıqları oksigen paketlərini ehtiyac sahibi olan toxumalara və hüceyrələrə aparırlar. Tərkiblərindəki dəmir ehtiva edən hemoqlabin maddəsi sayəsində asanlıqla oksigen və karbondioksidlə birləşə bilirlər. Eritrositlər ümumi olaraq sümük hüceyrələrindən yaradılırlar. Eritrositlərin hər biri 100-120 günə qədər vəzifələrini icra etdikdən sonra ölür. Qandakı eritrosit sayını qorumaq üçün bədən hər saniyədə 10 min eritrosit yaratma məcburiyyətindədir.

Qanda olan hüceyrələrin ikincisi leykositlərdir. Leykositlər qırmızı ilikdən, limfa düyünlərindən, vəzi və dalaqdan yaradılır. Müxtəlif yollarla qana keçir, vəzifələrini yerinə yetirməyə başlayırlar. Bir millimetr kub qanda təxminən 4-10 min leykosit vardır. Leykositlər bədənimizin mücahid əsgərləridir, bədənə girən mikrobları zərərsiz hala gətirirlər. Döyüş vaxtı əsgər sayı artırıldığı kimi vücudda mikrob sayı artdığı və bir xəstəlik təhlükəsi göründüyü anda leykositlər sürətlə çoxalır, 10 mini, hətta bəzi vaxtlarda 30 mini keçə bilir. Düşmənlə qarşılaşan leykosit həm öz ətrafında, həm də mikrobun ətrafında sürətlə dönərək ona yaxınlaşır, yalançı ayaqlar buraxaraq mikrobun ətrafını sarıyır və onu udmağa başlayır. Udduqdan sonra həzm edir. Leykositlər həm də mikrobu öldürücü və onun qana buraxdığı zəhəri təsirsiz hala gətirici maddələr ifraz edir və bədənə immunitet qazandırır.

Qanda üçüncü hüceyrə növü qan lövhəcikləri – trombositlərdir. Bir millimetr kub qanda 300 min trombosit vardır. Bu hüceyrələrin vəzifəsi qanın laxtalanmasını təmin edərək qanaxmanı saxlayır. Əgər bu hüceyrələr olmasaydı, bədənimizin hər hansı bir yerində meydana gələn kiçik bir qanaxma dayanmaz və qan itkisindən ölə bilərdik.

Burada qanda fəaliyyət göstərən hüceyrələrə ancaq ana xətləri ilə baxa bildik. Əslində qanın tərkibi daha çox zəngindir və hüceyrələrin fəaliyyətləri daha çox komplekslidir. Bədənimizdəki qanda hər an saysız ölüm-qalım mübarizələri, kimyəvi və həyati fəaliyyətlər cərəyan edir. Bütün bu fəaliyyətlərdən isə bizim heç xəbərimiz yoxdur.

İndi bütün bu incə fəaliyyətlərin öz-özünə olduğunu söyləmək mümkündürmü? Bütün bu fəaliyyətlər gücü hər şeyə çatan və hər şeyi bilən bir Yaradıcını göstərmirmi?

[13] Uca Rəbbimiz insanın bədən üzvləri ilə kainat arasında müəzzəm bir əlaqə yaratmışdır. Gözü yaratmış, Günəşi də yaradaraq onun görməsini təmin etmişdir. Qulağı və burunu yaratmış, havanı da yaradaraq, səsin və iyin qulaq və buruna çatmasını təmin etmişdir. Ağ ciyəri yaratmış onu havaya həssas ölçülərlə yerləşdirdiyi oksigenlə qüvvətləndirmişdir. Mədəni yaratmış meyvə, bitki və heyvanları o mədənin önünə böyük bir süfrə olaraq sərmişdir. Yenə qəlb, ruh və sir (Sir ruh kimi insan bədənində bir lətifədir. Lakin ruh müstəqil bir varlıq ikən sirrin müstəqil bir varlığı yoxdur. Bir mənada sir ruhun ruhudur. Ruhən və qəlbən inkişaf etmiş mənəviyyat böyükləri (ariflər) bu duyğunun mahiyyətini dərk etmişlər, lakin eynən xəyal, ağıl və ruh kimi ona gerçək mənada tərif vermək çətindir. Buna görə də adına sir deyilmişdir. Qəlb mərifət, ruh məhəbbət, sir isə tamaşa yeridir) kimi mənəvi duyğular yaratmış, peyğəmbərləri və kitabları ilə bu duyğuları doyuracaq mənalar bildirmişdir. Belə bir ahəngin öz-özünə və ya səbəblərin bir araya gəlməsi ilə həqiqət tapdığını söyləmək heç mümkündürmü?

[14] İnsan əzalarındakı bəzi kodlar irsi baxımdan atalarından keçər, həmçinin irsi olaraq övladlarına intiqal edər. Gözdəki zərrələrin insanın atalarının gözünün kodunu bilməsi, o şəxsin bir neçə nəsil sonrakı bir nəvəsinə o kodları intiqal etdirməsi mümkün deyildir.

Digər tərəfdən insanın yediyi qidalarda müxtəlif növlü lazımlı maddələr vardır. Hüceyrələr müxtəlif növlü lazımlı maddələri alaraq lazımlı əzalara aparırlar. Məsələn, dırnağa getməsi lazım olan bir zərrə gözə getsə, onu kor edər. Həmin vəziyyət digər bədən üzvləri üçün də əsasdır. Bu vəziyyətdə ya o daşıyıcı hüceyrələrin çox ağıllı olmasına inanılmalıdır. Yəni inanılmalıdır ki, qarmaqarışıq olaraq bədənə daxil olan qidaları ayıraraq aid olan əzalara son dərəcə diqqətli bir şəkildə daşıyırlar. Və ya inanılmalıdır ki, bu möhtəşəm xüsusiyyət onların özlərindən asılı deyil, Xaliqin qüdrətindən və onları vəzifələndirməsindən qaynaqlanır. Əlbəttə ki, birinci fikri qəbul etmək qeyri-mümkündür.

[15] Bədənimiz hər biri bir daş hökmündə olan yüz trilyon hüceyrədən meydana gəlmişdir. Bu hüceyrələr sabit qalmamaqda, daim təzələnməkdədir. Bir saniyədə milyonlarla hüceyrənin ölüb yenə milyonlarla hüceyrənin yenidən yaradıldığını düşünsək, maddi orqanizmin nə qədər dəyişdiyini sezə bilərik. Bax, bu cəhətdən insan, adətən, hər gün başqa bir fərd olmaqdadır.




  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun