16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

TƏBİƏT RİSALƏSİ – 2

 
ÜÇÜNCÜ KƏLMƏ
"Varlıqları təbiət meydana gətirir, təbiətin təsiri ilə var olur”, – fikrinin də çox qeyri-mümkünlükləri var. Nümunə üçün onlardan üçünü qeyd edirik:
 
BİRİNCİSİ;
Əgər varlıqlarda, ələlxüsus, canlılarda görünən bəsirətli və hikmətli olan sənət və var etmə, Şəmsi-Əzəlinin[16] qədər və qüdrət qələminə aid edilməzsə, əksinə kor, kar və düşüncəsiz olan təbiət və qüvvətə isnad edilərsə, meydana gətirmək üçün təbiətin hər şeydə saysız-hesabsız mənəvi makina və mətbəələr yaratması, yaxud hər şeydə kainatı yaradacaq və idarə edəcək bir qüdrət və himmət yerləşdirməsi lazımdır, çünki yer üzündəki kiçicik şüşə parçalarında və su damcılarında görünən günəş parıltıları və əksləri, yəni günəşə bənzəyən və əks edən günəşciklər göy üzündəki tək Günəşə verilməsə, kibrit başının yerləşə bilməyəcəyi kiçik bir şüşə parçasında təbii, fitri və günəşin xüsusiyyətlərinə sahib olan, görünüşdə kiçik, mənən çox böyük bir günəşin varlığını qəbul edərək şüşə zərrələri qədər həqiqi və gerçək günəşləri qəbul etmək lazımdır. Eynən bu misal kimi, varlıqlar və canlılıar doğrudan-doğruya Şəmsi-Əzəlinin adlarının təcəllisinə verilməzsə, hər bir varlığın daxilində, ələlxüsus, hər bir canlının daxilində hədsiz bir qüdrətin və iradənin, sonsuz bir elm və hikmət daşıyacaq bir təbiətin, bir qüvvənin, adətən, bir ilahın olduğunu qəbul etmək lazım olar. Belə bir fikir isə kainatdakı qeyri-mümkünlüklərin ən batili, ən xurafatıdır. Kainatın Xaliqinin sənətini həqiqi varlığı olmayan, əhəmiyyətsiz, şüursuz bir təbiətə verən, əlbəttə, yüz dəfə heyvandan betər heyvan[17] olduğunu və daha şüursuz olduğunu göstərir.
 
İKİNCİ QEYRİ-MÜMKÜNLÜK
Əgər son dərəcə intizamlı, ölçülü, sənətli və hikmətli olan bu varlıqlar sonsuz qüdrət və hikmət sahibi bir Zata isnad edilməzsə, əksinə təbiətə isnad edilərsə, təbiətin hər bir parça torpağında Avropanın bütün mətbəələri və fabriklərinin sayı qədər maşınların olması lazımdır ki, ta o bir parça torpaq mənşə və dəzgah olduğu saysız çiçək və meyvələrin yetişməsinə və təşəkkül tapmasına bir səbəb və vasitə ola bilsin, çünki çiçəklər üçün saxsı işini görən bir kasa torpağın, içinə toxumları növbə ilə atılan bütün çiçəklərin bir-birindən çox ayrı olan forma və xüsusiyyətlərini təşkil və təsvir edə bilmə qabiliyyəti felən görünməkdədir. Əgər bu fəaliyyət gücü hər şeyə çatan calal sahibi Zata isnad edilməzsə, o zaman o saxsılardakı torpaqda hər bir çiçək üçün mənəvi, ayrı və təbii bir maşın olmazsa, bu vəziyyət meydana gələ bilməz, çünki toxumların da nütfələr və yumurtalar kimi maddələri birdir[18]. Yəni oksigen, karbondioksit, karbon və azotun intizamsız, şəkilsiz, xəmir kimi qarışığından ibarət olmaqla bərabər hava, su, rütubət və işığın da hər biri bəsit, şüursuz və hər şeyə qarşı sel kimi axıb getdiyinə görə o saysız çiçəklərin var olmaları, ayrı-ayrı son dərəcə intizamlı və sənətli olaraq o torpaqdan çıxması apaçıq və zəruri olaraq o saxsıda olan torpaqda, mənən Avropa qədər mənəvi və kiçik miqyasda mətbəələrin və fabriklərin olmasını zəruri edir ki, ta bu qədər canlı qumaşları və minlərlə ayrı-ayrı naxışları olan toxumaları toxuya bilsin. Bax, materialistlərin inkarçı fikirlərinin nə dərəcədə ağıl dairəsinin xaricinə daşdığını müqayisə et və təbiəti yaradıcı zənn edən insan şəklindəki axmaq sərxoşlar: "Elm əhliyik və ağıllıyıq”, – deyə iddia etdikləri halda ağıl və elmdən nə qədər uzaq düşdüklərini, imkansız və heç bir şəkildə mümkün olmayan bir xurafatı özlərinə yol seçdiklərini gör, gül və tüpür!
Əgər desən ki, varlıqlar təbiətə isnad edildikdə belə əcaib qeyri-mümkünlüklər olur və qeyri-mümkünlük dərəcəsində problemlər ortaya çıxır. Əcəba, Əhəd və Səməd olan Allaha isnad edildiyi zaman o problemlər necə ortadan qalxır?
Cavab: Birinci qeyri-mümkünlükdə deyildiyi kimi, Günəşin parıltısı tam bir asanlıqla, çətinlik çəkmədən, ən kiçik zərrə qədər bir şüşədən tutmuş, ta ən böyük bir dənizin üzünə qədər feyzini və təsirini misali günəşciklərlə çox asanlıqla göstərdiyi halda, əgər bu əkslərin Günəşdən nisbəti kəsilsə, o zaman hər bir şüşə parçasında və su damcısında həqiqi və əsl Günəşin varlığının olmasını, qeyri-mümkünlük dərəcəsində bir çətinliklə bərabər qəbul etmək lazımdır. Eynən bunun kimi, hər bir varlıq doğrudan-doğruya bir və tək olan Zata isnad edilsə, vaciblik dərəcəsində bir asanlıq və parıltı (cilvə) ilə, hər bir varlıq üçün lazım olan şey ona yetişdirilə bilər.
Əgər o bağ kəsilsə və məmuriyyət başıpozuqluğa çevrilsə, hər bir varlıq özbaşına və təbiətin ixtiyarına buraxılsa, o vaxt qeyri-mümkünlük dərəcəsində yüz min problem və çətinliklə, milçək kimi bir canlının, kainatın kiçik mündəricatı olan çox xariqüladə vücud maşınını var edən, içindəki kor təbiətin, kainatı yaradacaq və idarə edəcək bir qüdrət və hikmət sahibi olduğunu təsəvvür etmək lazımdır. Bu isə bir qeyri-mümkünlük deyil, əksinə minlərlə qeyri-mümkünlüyü ehtiva edir.
Uzun sözün qısası, Vacibul-Vücudun Zatının ortağı və bənzərinin olması qeyri-mümkün olduğu kimi, rübubiyyətində və əşyanı yaratmasında da başqalarının müdaxiləsi zatının şəriki olması kimi qeyri-mümkündür.
İkinci qeyri-mümkünlükdəki müşkülata gəlincə müxtəlif risalələrdə növbənöv və qəti dəlillərlə isbat edildiyi kimi, əgər bütün əşya bir və tək olan Allaha isnad edilsə, bütün əşya bir tək şey kimi asan olar. Yox, əgər səbəblərə və təbiətə isnad edilsə, bir tək şey bütün əşya qədər problemli olar. Bu dəlillərdən birinin xülasəsi budur:
Bir şəxs bir padşaha əsgər və ya məmur olaraq bağlansa, məmur və əsgər olaraq o bağlanma qüvvəti ilə şəxsi gücündən yüz min dəfə artıq işlərə səbəb ola bilər və padşahı adına bəzən bir şahı belə əsir edər, çünki gördüyü işlərin və düzəltdiyi əsərlərin materiallarını və gücü özü daşımır və daşımağa da məcbur olmur. Belə bir bağlılıq olduğuna görə o gücü və materialları padşahın xəzinələri və arxasındakı istinad nöqtəsi olan ordu daşıyır. Deməli, elə olduqda onun gördüyü işlər bir padşahın işi kimi şahanə və göstərdiyi əsərlər bir ordu əsəri kimi xariqüladə ola bilər.
Qarışqa o məmuriyyəti baxımından Fironun sarayını xarab edir. Milçək o bağlılıqla Nəmrudu gəbərdir[19]. Və o bağlılıqla buğda dənəsi qədər bir şam ağacının çəyirdəyi böyük şam ağacının bütün cihazlarını yetişdirir[20]. Əgər o bağlılıq kəsilsə, o məmuriyyətdən tərxis edilsə, görəcəyi işlərin materiallarını və gücünü belində və biləyində daşımağa məcburdur. Belə olduqda, o kiçik biləyindəki qüvvət qədər və belindəki sursat sayı qədər iş görə bilər. Əvvəlki vəziyyətində son dərəcə asanlıqla gördüyü işlər ondan bu vəziyyətində istənilərsə, əlbəttə, biləyinə bir ordu gücünü və belinə bir padşahın sursat fabrikini yükləmək lazımdır ki, insanları güldürmək üçün əcaib və xurafatlar dolu, əfsanələri hekayət edənlər özü belə masqaradan və bu cür xəyallara düşməkdən utanırlar.
Xülasə, hər bir varlığı Vacibul-Vücudla əlaqələndirməyin (yəni Ona nisbət verməyin), vücub (vaciblik) dərəcəsində bir asanlığı vardır. Yaratmaq baxımından təbiətə isnad etmək, qeyri-mümkünlük dərəcəsində müşkül (çətin və problemli) və ağıl dairəsi xaricindədir.
 
ÜÇÜNCÜ QEYRİ-MÜMKÜNLÜK
Bu qeyri-mümkünlüyü açıqlayacaq bəzi risalələrdə bəyan edilən iki misal:
Birinci misal: Vəhşi bir adam boş bir sahədə tikilmiş, bütün mədəniyyət əsərləri ilə doldurulmuş və bəzədilmiş bir saraya girib onun içini gəzir. Bu zaman müəyyən nizamla düzülmüş minlərlə sənət əşyaları görür. Vəhşi və axmaq olduğu üçün "Xaricdən birinin müdaxiləsi olmadan sarayın içərisindəki bu əşyalardan biri içindəki hər şeylə bərabər bu sarayı tikmişdir”, – deyərək bu sarayı tikən əşyaları araşdırmağa başlayır. Hansı əşyaya baxırsa, o vəhşi ağlı belə bu sarayı içindəkilərlə o şeyin tikə biləcəyini qəbul etmir. Sonra o sarayın plan və layihəsi ilə içində olan bütün əşyaların siyahısını, idarə əsaslarının yazıldığı bir dəftər görür. O sarayı tikib içini bəzəsin deyə əlsiz, gözsüz və çəkicsiz olan o dəftər də adları içində yazılmış digər əşyalar kimi heç bir qabiliyyətə sahib olmamasına baxmayaraq, həmin şəxs çarəsiz qalaraq məcburən digər əşyalara nisbətən, elm qanunlarının bir ünvanı olmaq cəhəti ilə bu dəftəri o sarayın hamısı ilə əlaqəli gördüyü üçün: "Bax, bu sarayı tikən, nizamlayan, bəzəyən və içindəki əşyaları yaradan və öz yerində yerləşdirən bu dəftərdir”, – deyərək öz nadanlığını axmaqların və sərxoşların sayıqlamalarına çevirmişdir.
Eyni ilə bunun kimi, misaldakı saraydan saysız dərəcədə daha nizamlı, daha mükəmməl və bütün ətrafı möcüzəli şeylərlə dolu olan bu dünya sarayının içinə Allahı inkar edən materialist fikirli cahil bir insan girir. Mümkün varlıqlar[21] tərəfindən meydana gətirilməsi qeyri-mümkün olan kainatın varlığı məcburi olub yox olması düşünülə bilməyən Zatın sənət əsəri olduğunu düşünməyərək və Ondan üz çevirərək mümkün varlıqlar içərisində, ilahi qədərin yazıb-pozduğu bir lövhə hökmündə və ilahi qüdrətin icra qanunları üçün dəyişən bir layihə ola bilən və çox yanlış və xəta olaraq "təbiət” adı verilən adətullah (ilahi adət) qanunlarının toplandığı rəbbani sənətin bir mündəricatını görər və deyər:
"Madam bu əşyaya bir səbəb lazımdır. Heç bir şeyin bu dəftər qədər əşyalarla əlaqəsi görünmür. Həddi-hüdudu olmayan bir rübubiyyətin işi olan və hədsiz bir qüdrəti iqtiza edən var etməni, gözsüz, şüursuz və qüdrətsiz olan bu dəftərin həyata keçirməsini ağıl heç bir baxımdan qəbul etməməsinə baxmayaraq, başlanğıcı olmayan bir sənətkarı qəbul etmədiyi üçün ən uyğunu "Bu işi (yəni yaratmanı) bu dəftər (yəni təbiət) görmüşdür!” – deməyimdir”.
Biz də deyirik: "Ey axmaqların ən axmağından daha axmaq olan düşüncəsiz məxluq! Başını təbiət bataqlığından çıxart, dön bir geriyə bax. Zərrələrdən göy cisimlərinə qədər bütün varlıqların, ayrı-ayrı dillərlə şəhadət etdikləri və barmaqları ilə işarə etdikləri calal sahibi bir Sənətkarı gör. O sarayı tikən, o dəftərə sarayın proqramını yazan Əzəli Nəqqaşın parıltısını gör, fərmanına bax, Quranını dinlə və o axmaq fikirlərindən xilas ol!”
İkinci misal: Çox avam, savadsız bir adam möhtəşəm bir kazarmanın içinə girir. Son dərəcə nizamlı bir ordunun birlikdə gördüyü təlimi və nizamlı hərəkətlərini müşahidə edir. Bir əsgərin hərəkəti ilə bir batalyon, bir alay, bir diviziya qalxıb-oturur, lazım gələrsə, gedir. Bir "Atəş!” əmri ilə atəş açdıqlarını görür. Onun qaba və vəhşi ağlı bir komandirin və ya dövlətin konstitusiyasına əsasən, yaxud da padşahın qanunu ilə bu hərəkətlərin yerinə yetirildiyini başa düşməyib inkar etdiyinə görə o əsgərlərin iplərlə bir-birinə bağlı olduqlarını xəyal edir. O xəyal etdiyi ipin nə qədər xariqüladə olduğunu düşünür və heyrətlər içində qalır.
Sonra bir cümə günü Ayasofya[22] kimi çox əzəmətli bir cameyə gedir. Müsəlmanların bir adamın (pişnamazın) səsi ilə qalxdığını, əyildiyini, səcdə etdiyini və oturduğunu görür. Mənəvi və səmavi qanunların cəmindən ibarət olan şəriəti və şəriət Sahibinin əmrlərindən gələn mənəvi prinsipləri başa düşmədiyi üçün o camaatın maddi iplərlə bir-birinə bağlandığını və o əcaib iplərin onları əsir edib oynatdığını xəyal edərək, ən vəhşi, insan surətindəki canavar heyvanları belə güldürəcək dərəcədə gülünc bir fikirlə camedən çıxıb gedər.
Bax, eyni ilə bu misal kimi əzəli və əbədi Sultanın saysız əsgərlərinin möhtəşəm bir kazarması olan bu dünyaya və o əzəli Məbudun nizamlı məscidi olan bu kainata başdan-ayağa vəhşi və materializm fikrini daşıyan bir inkarçı girir. O əzəli Sultanın hikmətindən qaynaqlanan kainatdakı nizamın mənəvi qanunlarını bir maddi maddə xəyal edərək, rübubiyyət səltənətinin etibari qanunlarını, əzəli Məbudun böyük yaradılış qanunlarını, mənəvi və sadəcə elmi varlıqları olan hökmlərini və prinsiplərini bir xarici varlıq və maddi bir maddə xəyal edərək, ilahi qüdrətin yerinə o elm və kəlamdan gələn və yalnız elmi varlıqları olan o qanunları qoymaq və onlara yaradıcılıq xüsusiyyəti vermək, sonra da onlara "təbiət” adı vermək, yalnız Rəbbin qüdrətinin bir parıltısı olan gücü, güc sahibi müstəqil bir qüdrət və güc tələqqi etmək, misaldakı vəhşidən min dərəcə daha düşük bir vəhşilikdir.
Nəticə: materialistlərin xəyali və həqiqi mənada var olmayan təbiət və təbiət qanunları olsa-olsa və (zehindən) xaricdə həqiqəti vardırsa, yalnız bir sənət ola bilər, sənətkar ola bilməz. Bir naxışdır, naxışçı ola bilməz. Hökmdür, hakim ola bilməz. Bir yaradılış qanunudur (şəriəti-fitriyyədir), qanunverici ola bilməz. Yaradılmış bir izzət pərdəsidir, yaradıcı ola bilməz. Başqasının təsiri ilə var olmuşdur, yaradıcı bir fail ola bilməz. Qanundur, qüdrət deyildir, qüdrət sahibi ola bilməz. Ölçülmüş bir şeydir, ölçən ola bilməz.
Nəticə: Madam ki varlıqlar var. Madam ki on altıncı qeydin başında deyildiyi kimi, varlıqların var olması üçün əqli bölgü ilə dörd yoldan başqa bir yol xəyal edilə bilməz. O dörd cəhətdən üçünün hər birinin apaçıq qeyri-mümkünlüklərlə batil olduğu qəti olaraq isbat edildi. Əlbəttə, bu vəziyyətdə dördüncü yol olan vəhdət yolu zəruri olaraq və apaçıq bir şəkildə sübuta yetmiş olur. O dördüncü yol isə başdakı "... Məgər göyləri və yeri yaradan Allaha da şübhə etmək olarmı?”[23] – ayəsi şəksiz və şübhəsiz, apaçıq olaraq varlığı məcburi olan və yoxluğu düşünülməyən varlığın ilahlığını və hər şeyin doğrudan-doğruya Onun qüdrət əlindən çıxdığını, göylərin və yerin Onun ixtiyarında olduğunu göstərir.
Ey səbəblərə və təbiətə ibadət edən biçarə adam, madam ki hər şeyin xüsusiyyəti hər şey kimi məxluqdur; çünki sənətlidir və yeni ortaya çıxır. Həm hər nəticə kimi, zahiri səbəb də sənətlidir. Və madam hər şeyin varlığı bir çox cihazlara və alətlərə möhtacdır; elə isə o təbiəti var edən və o səbəbi yaradan hədsiz qüdrət Sahibi bir varlıq var. O hədsiz qüdrət Sahibinin nə ehtiyacı var ki, aciz vasitələri rübubiyyətinə və yaratmasına şərik etsin? Bu mümkün deyil[24]. Əksinə, doğrudan-doğruya nəticəni səbəblə birlikdə yaradaraq, adlarının parıltılarını və hikmətini göstərmək üçün bir tərtib və nizamlama ilə görünüşdə bir səbəbiyyət, bir müqarənət (yaxınlıq) verməklə, əşyadakı zahiri qüsurlara, mərhəmətsizliklərə və naqisliklərə əsas olmaq üçün səbəbləri və təbiəti qüdrət əlinə pərdə etmiş, izzətini o şəkildə qorumuşdur.
Əcəba, saatsazın saatın çarxlarını düzəldib sonra saatı çarxlarla tərtib edib nizamlaması daha asandır, yoxsa o çarxlar içində xariqüladə bir maşın düzəldib onun saatı düzəltməsi üçün saatı o maşının cansız əllərinə tapşırmaq asandır? Əcəba, bu imkan xaricində deyildirmi? Elə isə o insafsız ağlına sən həqiqəti söylə və sözünə hakim ol.
Yaxud da bir katib mürəkkəb, qələm və kağız gətirdi. Onunla o kitabı şəxsən özünün yazması daha asandır? Yoxsa o kağız, mürəkkəb və qələm içində, o kitabdan daha sənətli, daha zəhmətli olaraq sadəcə tək o kitaba məxsus bir yazı maşını icad edib, sonra da o şüursuz maşına "Haydı, sən yaz!” – deyərək özünün qarışmaması daha asandır? Səncə, bu vəziyyət yazmaqdan yüz dəfə artıq çətin deyildirmi? Əgər desən ki, bəli, bir kitabı yazan maşının düzəldilməsi o kitabdan yüz dəfə daha çətindir. Lakin o maşının da həmin kitabın bir çox nüsxələrinin yazılmasına vəsilə olması baxımından, bəlkə, bir asanlıq vardır[25].
Cavab olaraq deyirik ki, başlanğıcı olmayan Naxışçı, hədsiz qüdrəti ilə adlarının sonsuz parıltılarını yeniləndirməklə ayrı-ayrı şəkildə göstərmək üçün, varlıqlardakı görüntüləri və xüsusi simaları elə bir şəkildə yaratmışdır ki, heç bir səmədani (möhtac olmayan) məktub və heç bir Rəbbani kitab digər kitablarla eynilik təşkil etmir. Hər bir halda eyni mənaları ifadə etmək üçün ayrı bir siması olacaq.
Əgər gözün varsa, insanın simasına bax, gör ki, Hz. Adəmin zamanından indiyə qədər bu kiçik simada bədənin əsas üzvlərində[26] ittifaq etməklə bərabər, hər bir simanın bütün insan simalarına nisbətən, hər birinə qarşı bir ayırdedici xüsusiyyətinin varlığı qəti olaraq sübuta yetmişdir. Buna görə də hər bir sima ayrı bir kitabdır. Sadəcə sənətin tənzimi üçün ayrı bir yazı tərzi, ayrı bir tərtib və ayrı bir təlif istər. Və lazımlı maddələrini həm gətirmək, həm yerləşdirmək, həm də vücuda lazım olan hər şeyi yerli-yerində yerləşdirmək üçün tamamilə fərqlənən başqa bir dəzgah istər.
Elədirsə, gəlin təsəvvür edək ki, təbiətə bir mətbəə gözü ilə baxdıq. Lakin bir mətbəə üçün lazım olan tərtibləmə və nəşr etməkdən, yəni nəşr etmə planını qəlibə salmaqdan başqa, var edilməsi o nizamın yaradılmasından yüz dərəcə daha çətin olan bir canlının cismindəki maddələri aləmin hər tərəfindən xüsusi ölçülərlə və xüsusi bir nizamla var etmək, gətirmək və mətbəəyə nəşrə vermək üçün yenə o mətbəəni var edən, hədsiz güc sahibi olan Allahın qüdrət və iradəsinə ehtiyac vardır. Deməli, bu mətbəənin ehtimalı və nəzəriyyəsi tamamilə mənasız bir xürafatdır.
Bax, bu saat və kitab misalları kimi, calal sahibi Sani, hər şeyə gücü çatan Zat, səbəbləri yaratmış, nəticələri də yaradır. Əldə edilən nəticələri hikməti ilə müəyyən səbəblərə bağlayır. Kainatın hərəkətinin nizamlanmasına dair adətullah qanunlarından ibarət olan ilahi böyük yaradılış qanunlarının bir parıltısını və əşyadakı o cilvəsinə yalnız bir ayna və bir əks yeri olan əşyanın forma və xüsusiyyətini iradəsi ilə təyin etmişdir. O təbiətin xarici görüntüsü olan tərəfini qüdrəti ilə yaratmış, varlıqları o görüntü və xüsusiyyət üzərində xəlq etmiş və sanki onları bir-birinə qaynaq etmişdir[27]. Bəlkə, son dərəcə məntiqli və saysız-hesabsız dəlillərin nəticəsi olan bu həqiqəti qəbul etmək daha asandır? Bütün bunlar zərurət dərəcəsində lazım deyildirmi? Yoxsa, camid (cansız), şüursuz məxluq, özü sənət əsəri və bəsit olan o səbəb və təbiət dediyimiz maddələrə hər bir varlıq üçün lazım olan saysız avadanlıq (təchizat) və alətləri verib hikmətli və bəsirətli şəkildə olan işləri öz-özünə gördürmək daha asandır? Bəs bunlar qeyri-mümkünlük dərəcəsində imkan xaricində deyildirmi? Bütün bunları sənin o insafsız ağlının insafına həvalə edirik.
İnkarçı mövqedə duran və materialist fikirli insanlar deyir ki, madam məni insaflı olmağa çağırırsan, mən də deyirəm ki, indiyə qədər yanlış getdiyimiz yolun həm yüz dərəcə imkansız (qeyri-mümkün), həm son dərəcə zərərli və son dərəcə çirkin bir yol olduğunu etiraf edirəm. Keçən elmi açıqlamalarınızdan zərrə qədər şüuru olan insan başa düşəcəkdir ki, səbəblərə, təbiətə yaradıcılıq xüsusiyyəti vermək qeyri-mümkündür. Və hər bir şeyi Vacibul-vücudla (yəni varlığı zəruri olan və yaxud yoxluğu əsla düşünülməyən) əlaqələndirmək zəruridir. "İman nemətinə görə Allaha həmd olsun!” ("Əlhəmdülillahi ələl-iman”) – deyib iman gətirirəm. Yalnız bir şübhəm var. Cənabı-Haqqın Xaliq olduğunu qəbul edirəm. Lakin bəzi kiçik səbəblərin əhəmiyyətsiz şeylərdə yaradılışa (icada) müdaxilələri və bir az mədh edilmələri Onun rübubiyyət səltənətinə nə zərər verə bilər ki? Səltənətinə naqislik gələr?
Cavab olaraq deyirik ki, bəzi risalələrdə son dərəcə qəti şəkildə isbat etdiyimiz kimi, hakimiyyətin şanı müdaxiləni rədd etməkdədir. Hətta ən kiçik bir hakim, bir məmur hakimiyyət dairəsində oğlunun belə müdaxiləsini qəbul etmir. Hətta hakimiyyətinə müdaxilə qorxusu ilə bəzi dindar padşahların xəlifə olduqları halda məsum övladlarını öldürməsi, bu rəddi-müdaxilə qanununun hakimiyyətdə nə qədər əsaslı olaraq hökm sürdüyünü göstərir. Bir nahiyədə iki müdirdən tut, ta bir məmləkətdə iki padşaha qədər hakimiyyətdəki azadlığın tələb etdiyi "məni-iştirak” ("ortaqlığı qəbul etməmək”) qanunu insanlıq tarixində çox əcaib qarışıqlıqlarla öz gücünü göstərmişdir.
Aciz və yardıma möhtac insanlardakı amiriyyət və hakimiyyətin bir kölgəsinin bu dərəcədə müdaxiləni rədd etməsini və başqasının müdaxiləsini qəbul etməməsini, hakimiyyətində ortaq qəbul etməməsini, məqamında istiqlaliyyətini son dərəcə təəssüblə qorumağa çalışdığını gör, mütləq hakimiyyəti rübubiyyət dərəcəsində, mütləq amiriyyəti üluhiyyət dərəcəsində, mütləq istiqlaliyyəti əhədiyyət dərəcəsində və mütləq ehtiyacsızlığı mütləq qüdrət dərəcəsində olan bir Zati-zülcəlalda, rəddi-müdaxilə (müdaxilənin rədd olunması), məni-iştirak (ortaqlığın olmaması) və tərdi-şərikin (şəriki qovmaq və uzaqlaşdırmaq) nə dərəcədə o hakimiyyətin zəruri bir lüzumu və vacib bir tələbi olduğunu müqayisə edə bilirsənsə, et!
İkinci şübhənə gəlincə deyirsən ki, bəzi səbəblər bəzi kiçik şeylərin bəzi qulluqlarına əsas olsa, o Məbudi-Mütləq olan Zati-Vacibul-Vücudla əlaqədar atomlardan planetlərə qədər məxluqların qulluqlarından nə nöqsan meydana gələ bilər?
Cavabında deyirik ki, bu kainatın hikmətli Xaliqi kainatı bir ağac hökmündə yaradıb, ən mükəmməl meyvəsini şüur sahibləri, o şüur sahibləri içində də ən əhatəli meyvəsini insan qərar vermişdir. Və insanın ən əhəmiyyətli, bəlkə, insanın yaradılış nəticəsi, yaradılış qayəsi və həyatının meyvəsi olan şükr və ibadəti o Hakimi-Mütləq və Amiri-Müstəqil, Özünü sevdirmək və tanıtdırmaq üçün kainatı yaradan o Vahidi-Əhəd bütün kainatın meyvəsi olan insanı və insanın ən yüksək meyvəsi olan şükr və ibadətini başqa əllərə verərmi? Bütünlüklə hikmətinə zidd olaraq yaradılışın nəticəsini və kainatın meyvəsini boşa çıxararmı? Əsla bunu etməz! Həmçinin hikmətini və rübubiyyətini inkar etdirəcək bir şəkildə məxluqatın ibadətlərini başqalarına verməyə razılıq verərmi? Buna heç icazə verərmi? Həmçinin hədsiz bir şəkildə özünü sevdirməyi və tanıtdırmağı feilləri ilə göstərdiyi halda, ən mükəmməl məxluqatının – insanın şükr və minnətdarlıqlarını, sevgi və qulluqlarını başqa səbəblərə verməklə Özünü unutdurub, kainatdakı ali məqsədlərini inkar etdirərmi? Ey materializmdən vaz keçən dost, haydı sən söylə!
O deyir: "Allaha həmd olsun ki, bu iki şübhəmin həll olunması ilə yanaşı, Allahın birliyinə dair və ibadətə haqqı ilə layiq olanın O olduğuna, Ondan başqasının ibadətə layiq olmadığına o qədər parlaq və qüvvətli iki dəlil göstərdin ki, onları inkar etmək Günəşi və gündüzü inkar etmək kimi bir mükabərədir[28].
 
Ardı var
MÜTƏRCİM: XƏYYAM QURBANZADƏ
REDAKTOR: ƏFRUZƏ HƏSƏNOVA
 

[16] "Əzəli Günəş” deməkdir. Allahın belə bir adı yoxdur. Ustad bu adı Allah haqqında məcazi olaraq istifadə etmişdir.
[17] "... Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!” ("Əraf”; 179) ayəsinə işarə edilir.
[18] Bitkilərin çoxalmasına vəsilə olan toxumlar, insanın və bəzi heyvanların çoxalmasına səbəb olar spermalar, yenə bəzi heyvanların çoxalmasının xammalı olan yumurtalar, mahiyyət etibarı ilə eynidir. Bir-birinə bənzəyən toxumlardan fərqli-fərqli bitkilər; bir-birinə bənzəyən spermalardan bir-birinə oxşamayan insanlar və fərqli cinslərdə yenə bir-birinə bənzəməyən heyvanlar, həmçinin bir-birinə bənzəyən yumurtalardan başda bir çox quş növü olaraq bir-birinə bənzəməyən bir çox heyvanların meydana çıxması, qüdrəti sonsuz bir Yaradanı göstərir. Digər tərəfdən, biz ən ağıllı varlıqlar olaraq elm və təcrübələrimizə baxmayaraq, əlimizə aldığımız yüzlərlə bir-birinə bənzəyən toxumları ayırd edə bilmədiyimiz halda, bir saxsı torpağın bütün bu fərqli toxumları bir-birinə qarışdırmadan ayırd etməsi, forma, say, iy, dad və rəng baxımından bir-birindən fərqli çiçəklər və bitkilər yetişdirməsi qarşısında ya deyiləcək ki, torpaq insandan daha ağıllı olduğu üçün bu işləri yerinə yetirə bilir; ya torpağın altında dünyada misli olmayan mətbəələr və fabriklər vardır; ya da deyilməlidir ki, nə torpaq ağıllıdır, nə də yerin altında modern fabriklər və mətbəələr vardır. Bir parça torpağa bütün işləri gördürən Allahın qüdrəti, onun "Kun”, yəni "Ol!” – əmridir. İlk iki bəndi ən ağılsız insan belə qəbul etmədiyinə görə, yerdə üçüncü bənd olan bir Xaliqi qəbul etmək qalır.
[19] Nəmrud insanları özünə ibadət etməyə ilk dəfə dəvət edən şəxsdir. Onun qövmü bütə ibadət edirdi. Həzrət İbrahim onu və qövmünü Allaha iman gətirməyə dəvət etdikdə bundan qəzəblənərək o böyük peyğəmbəri böyük atəş kütləsinin içinə atdırır. Lakin atəş onu yandırmır. Allahlıq iddiası edən bu Nəmrud sonda kiçik bir ağcaqanada məğlub olur. Bir ağcaqanad onun bütün müdafiələrinə baxmayaraq, burnundan içəri girib beyninə qədər yeriyir və ölümünə səbəb olur.
[20] Əgər bağlanma olsa, o çəyirdək ilahi qədərdəki (proqramdan) bir əmr alar, o xariqüladə işlərə nail olar. Əgər o bağlantı kəsilsə, o çəyirdəyin yaradılması, böyük şam ağacının yaradılmasından daha çox təchizat, güc və sənətkarlıq tələb edər, çünki dağdakı qüdrət əsəri olan böyük şam ağacının bütün gövdəsi, budaqları və yarpaqları ilə o çəyirdəkdəki ilahi proqram (qədər) əsəri olan mənəvi ağacda mövcüd olması lazımdır, çünki o böyük ağacın fabriki o çəyirdəkdir. İçindəki proqramlaşdırılmış ağac (yəni qədər ağacı), qüdrətlə xaricdə təzahür edər, cismani şam ağacı olar.
[21] Mümkün varlıqlar, var olmaqları ilə yoxluqda qalmaları bir olduğu halda, mövcud olarkən bir mürəccihə (tərcih ediciyə) ehtiyac hiss edərək varlıq səhnəsinə çıxmış varlıqlardır. Kainatdakı canlı-cansız bütün varlıqlar belədir.
[22] İstanbulda Topqapı Sarayının yanında Ayasofya Camesi, 325-ci ildə böyük Konstantin tərəfindən kilsə olaraq tikildi. İki dəfə yandı. İndiki görünüşü Justinyen tərəfindən yenidən tikdirilən formasıdı. Bura İstanbulun fəthinə qədər (1453) xristian dünyasının böyük kilsəsi hesab olunurdu. O tarixdən etibarən 1934-cü ilə qədər İslam dünyasının ən böyük camelərindən biri oldu. 1935-ci ildən sonra isə verilən bir sərəncam ilə muzeyə çevrildi. 1980-cı ilin əvvəlində kiçik bir hissəsi ibadətə açıldı. Azan səsi yenidən yüksəldi. Bədiüzzamanın İstanbul həyatında tez-tez getdiyi, Demokrat Partiyasının səlahiyyətli şəxslərindən ibadətə açmalarını istədiyi kədərli məbəd Ayasofya yenidən came olacağı günü gözləyir.
[23] "İbrahim”, 10
[24] Rəbbimizin bəzi vəzifələrlə vəzifələndirdiyi mələklərin Onun şərikləri olmadığını burada ifadə edək. Bədiüzzaman "Məsnəviye-Nuriyyə”də bu məsələyə belə bir izah gətirir: "Allahın məmurları vardır, lakin icraçıları deyildirlər ki, səltənət və rübubiyyətində şərik olsunlar. O məmurların vəzifəsi yalnız dəllallıqdır. Allahın qüdrəti ilə icra etdiyi xariqüladələri elan edirlər. Və ya o məmurlar nəzarət edən seyrçilərdir ki, Allahın kainata qoyduğu qanunlara qarşı itaət və boyun əyməklə qabiliyyətlərinə görə bir növ ibadət etmiş olurlar. Deməli, səbəblər yalnız və yalnız qüdrətin izzətini, rübubiyyətin həşəmət və ehtişamını açıqlamaq üçün qoyulmuş vasitələrdir. Yoxsa, qüdrətin acizlik və ehtiyacı üçün yardımçılar deyildirlər. Hökmdarların məmurları isə sultanların ehtiyaclarını təmin etmək, acizliklərini yox etmək üçün varlıqları zəruri olan yardımçı və ortaqlardır. Buna əsasən Allahın məmurları ilə insanın məmurları arasında münasibət yoxdur.
[25] Bu etiraz ilk baxışda ağıla uyğun görünür, çünki qələmlə bir kitab yazdığı halda, düzəldiləcək bir mətbəə ilə saysız-hesabsız kitablar nəşr edilə bilər. Lakin mətbəənin eyni adla nəşr etdiyi kitabların hamısı bir-birinə bənzəyir. Halbuki cavabda da ifadə edildiyi kimi, yaradılan şeylər cins olaraq bir-birinə bənzəsə də, şəxs olaraq bir-birindən ayrıdır. Hz. Adəmdən etibarən qiyamətə qədər gələcək olan bütün insanların simaları və barmaq ucları bir-birindən fərqləndiyi kimi, eyni növdən olan bütün heyvanlar, bütün bitki növləri, ağacların yarpaqları, hətta saysız-hesabsız qar dənələri belə bir-birinə bənzəmir. Bu vəziyyətdə hər bir insan, hər bir canlı, hər bir çiçək, hər bir yarpaq və hər bir qar dənəsi üçün ayrı-ayrı fabrik düzəldilməsi lazımdır ki, bunun da nə dərəcədə imkansız olduğu açıq-aydın görünür.
[26] Baş, qol, ayaq, əl və göz kimi
[27] Məsələn, torpağı yaratmış, toxumla, günəşlə, su ilə və hava ilə o torpaq arasında bir yaxınlıq, bir dostluq yaratmışdır. Əgər torpağı yaradan başqa, suyu yaradan başqa, havanı və günəşi yaradan başqa ilahlar olsaydı, bu gözəl həmahənglik və uyğunlaşma meydana gəlməzdi.
[28] Mükabərə öz sözünün haqq olmadığını, qarşı tərəfin isə haqlı olduğunu başa düşdükdən sonra inadkarlıq edərək yanlış fikrində israrlı olmaqdır.



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun